XIX əsrin ikinci yarısından başlayaraq, mədəniyyət və sivilizasiyalar tarixi, mədəni-tarixi tiplər ilə əlaqədar N.Danilevski, O.Şpenqler, A.Toynbi və digərləri tərəfindən irəli sürülmüş konsepsiyalarda türklər yalnız "vəhşi" və "dağıdıcı", ən yaxşı halda neqativ planda verilən "köçəri" mədəniyyət daşıyıcısı kimi göstərilib. Klassik avrasiyaçıların və Turan avrasiyaçılığı, türk-slavyan tədqiqatları ("tyurkoslavika") istisna olmaqla, bəşəri əhəmiyyətə malik Qədim və Orta əsrlər türk sivilizasiyaları haqqında bu cür mübahisəli və qərəzli rəylərə qarşı dünya fəlsəfi fikir tarixində hələ ki ciddi arqumentlər irəli sürülməyib.
Məqalədə Rusiyanın böyük Avrasiya dövlətinə çevrilməsində əhəmiyyətli rol oynamış türk xalqlarının tarixi keçmişinə və mədəniyyətinə obyektiv qiymət vermiş avrasiyaçılıq elmi-nəzəri platformasına, ayrıca olaraq N.Trubeskoyun "Avropa və bəşəriyyət" kitabına, "Rus mədəniyyətində Turan elementləri" məqaləsinə, L.N.Qumilyovun etnogenez və passionarlıq nəzəriyyələrinə, O.Süleymenovun "Az i Ya" kitabı ilə əsası qoyulmuş türk-slavyan (tyurkoslavistika) tədqiqatlarına və digər mənbələrə alternativ mövqe kimi müraciət edirik.
Məqalənin tədqiqat predmeti türk mədəniyyətləri və sivilizasiyalarının, türk tarixi-mədəni tipinin dünya mədəniyyətləri və sivilizasiyaları kontekstində, bu vaxtadək bu istiqamətdə irəli sürülmüş nəzəriyyə və konsepsiyalarda təmsil və təqdimolunma problemidir. Məsələnin aktuallaşdırılması hazırda ciddi geosiyasi, iqtisadi, mədəni və informasiya mübadiləsi platformasına çevrilməkdə olan Türk Dövlətləri Təşkilatının ideoloji bazasının formalaşması ilə də bağlıdır.
Burada dünya sivilizasiyaları tarixinə dair ən yeni tədqiqatlardan birində Amerika siyasətçisi Samuel Hantinqtonun gəldiyi rəyə istinad qaçılmazdır: indi ölkələri siyasi və iqtisadi sistemlərə, iqtisadi inkişaf səviyyəsinə söykənərək yox, mədəni və sivilizasiya meyarlarına görə qruplaşdırmaq daha düzgün olardı... Sivilizasiyaların toqquşması və dünya nizamının modernləşməsi bütün dünyada qeyri-Qərb mədəniyyətlərinin dirçəlməsinə yol açıb (Huntington S. The Clash of Civilizations? // Foreign Affairs. - 1993. - Summer (vol.72, № 3). - P. 20, 50-66).
B.Yerasovun qeydinə görə, Amerika kulturoloqları A.Kryober və K. Klakxon tərəfindən tərtib olunmuş lüğətdə ("A Critical Review of Consepts and Definitions". N.Y. 1952. - P. 291) "mədəniyyət" sözünə verilmiş 164 tərifin böyük hissəsi "sivilizasiya" termini ilə eyniyyət təşkil edir (Sravnitelğnoe izuçenie üivilizaüiy. Xrestomatiə, - M., 2001., s.23). Fikrimizcə, göstərilən müntəxəbatda sivilizasiyaların tədqiqinə kompleks yanaşmadan bəhs edən bölmədə səslənən rəy "vəhşi" və "barbarlar" anlayışlarına müəyyən aydınlıq gətirməklə yanaşı, bu ifadələrin konkret xalqlara aid edilməməsi iddiasını ortaya qoyur: "Sosial antropologiyanın nailiyyətləri ona gətirib çıxardı ki, "barbarlar" və "vəhşilər" anlayışları elmi işlərin səhifələrindən itmiş oldu (söz gəlmişkən, bəzən qeyri-elmi publisistikada hansısa başqa bir xalqın və ya əhali kateqoriyasının mədəni statusunun aşağı salınması üçün bu ifadələrə yol verilir). Bu sözlər "ibtidai" və ya "təbii" tayfalar, "ənənəvi" və ya "tarixəqədərki" cəmiyyətlər ifadələri ilə əvəzləndi, lakin ... bu "reabilitasiya" sözün mənalarını terminoloji müəyyənlikdən məhrum edərək, daha çox aşınmasına səbəb olub". (Sravnitelğnoe izuçenie üivilizaüiy. Xrestomatiə, s.30)
Sivilizasiyaların inkişaf tarixi və xüsusiyyətləri barədə digər mötəbər rəylərə müraciət edək. XIX əsr fransız tarixçisi və filosofu, dil və ədəbiyyat nəzəriyyəçisi, dövlət xadimi Fransua Gizo qəti şəkildə əmin idi ki, "Sivilizasiyanı konkret olaraq hansısa Avropa ölkəsində axtarmaq olmaz. Onun tarixi təkcə bir ölkənin tarixi ilə bağlı öyrənilməməlidir... o, heç vaxt tam olaraq müəyyən bir ölkədə inkişaf etməyib. Sivilizasiya tarixinin elementlərini gah Fransada, gah İngiltərədə, gah Almaniyada, gah da İtaliya və İspaniyada axtarmaq lazım gəlir... Ona tam əminəm ki, bəşəriyyət ümumi bir müqəddərata malikdir: sivilizasiya xəzinəsini nəsillərdən-nəsillərə ötürmək. Bu isə o deməkdir ki, sivilizasiyanın ümumdünya tarixi mövcuddur".
Alman filosofu, ekzistensializmin əsas nümayəndələrindən biri, psixoloq və psixiatr Karl Yaspers yazır ki, "son beş əsrdə avropalılar bütün dünyanı öz orbitalarına çəkdilər. Onlar hər yerdə öz sivilizasiyalarını yayır, digərlərinin sivilizasiyasından onlarda olmayan ən qiymətli xüsusiyyətləri götürürdülər... İlk olaraq avropalılar dünyanı dərk olunan, ünsiyyəti məqsədyönlü, uzunmüddətli və etibarlı etdilər... Mədəniyyətlərin birliyi faktiki olaraq, həyati formaların, institutların, təsəvvürlərin və təriqətlərin ümumi birliyidir - bu, xalqların yaranışının, dil və taleyinin birliyidir; "dünya dinləri" statusu ilə dinlərin vəhdətidir" (Əspers K. Smısl i naznaçenie istorii: Per. s nem. - M.: Politizdat, 1991. - s.260-261)
Bu məsələyə öz münasibətimizə gəlincə, qeyd edək ki, XX əsrin əvvəllərində Türkiyə və Rusiyada türkizm ideyalarını təbliğ edən ideoloqlar da Avropa mədəniyyətinin üstünlüyünü dərk edir, türk mədəniyyətinin ondan geri qaldığını təsdiqləyirdilər. Əhməd Ağaoğlu 1927-ci ildə nəşr olunmuş kitabında yazırdı: "Sel kimi axıb gələn və qarşısında öz türündən əngəllər görməyən Avropa mədəniyyəti hər şeyi sürükləyib götürür. Bu halda tək çarə yenə o mədəniyyətə isinişmək, onu almaqdır." (Ağaoğlu Ə. Üç mədəniyyət. - Bakı: Mütərcim, 2006. - s.30).
Bu ərəfədə İsmayıl Qaspıralı, Yusif Akçura, Əli Bəy Hüseynzadə və b. tərəfindən pantürkist ideyaları fəal şəkildə müzakirə edilirdi. 1923-cü ildə Ziya Göyalpın "Türkçülüyün əsas prinsipləri" kitabı işıq üzü görmüşdü. Yeni yaranmış Mustafa Kamal Atatürk hökuməti Avropa dəyərlərini özünə hədəf seçmişdi. Rusiya, Fransa və Türkiyənin təhsil, ictimai-siyasi və sosial-mədəni həyatının bilicisi kimi Ə.Ağaoğlu türk dünyası mədəniyyətinin Qərb mədəniyyətindən geri düşdüyünü etiraf edərək, bu qalib mədəniyyətə üstün gəlməyin mümkünsüzlüyünü vurğulayırdı (Ağaoğlu Ə. Üç mədəniyyət. - s.35). Təbii ki, bugünkü şəraitdə Avropa mədəniyyətinin mənimsənilməsi, süzgəcdən keçirilməsi, milli zəminə uyğunlaşdırılması ilə bağlı Azərbaycan mütəfəkkirinin fikirləri qəbuledilməzdir.
Sivilizasiya nəzəriyyələrinin meydana gəlməsini rus mənşəli Amerika sosioloqu Pitirim Sorokin müasir sosiologiya və bir-birilə əlaqəli elmlərin möhtəşəm nailiyyəti hesab edir. O, N.Danilevskinin bunu nəhəng "mədəni-tarixi" tiplər, O.Şpenqlerin "yüksək mədəniyyətlər", A. Toynbinin "sivilizasiyalar", A.Kreberin "ali dəyərlərə əsaslanan mədəniyyət modelləri", F.Nortropun "mədəni sistemlər" və ya "dünya mədəniyyətləri", N.Berdyayevin "böyük mədəniyyətlər", özünün isə "nəhəng mədəni sistemlər və supersistemlər" adlandırdıqlarını vurğulayır. P.Sorokin o fikirdədir ki, yarım əsr intervalla irəli sürülmüş N.Danilevski və O.Şpenqler nəzəriyyələri arasında konseptual uyğunluq var. Daha geniş tarixi materiallara söykənən, tarixi və makrososial biliklərin şedevri hesab olunan A.Toynbinin sivilizasiyalar nəzəriyyəsini isə P.Sorokin ilk iki nəzəriyyənin kuliminasiya nöqtəsi kimi dəyərləndirir (Sorokin P. Sociological Theories of Today. N.Y.; L., 1966. - p. 177-204). Son tədqiqatlarda ən yeni dövrün Qərb və islam sivilizasiyalarının toqquşması kimi səciyyələndirilməsi barədə rəylərə rast gəlsək də (Fukuyama F. The End of History and the Last Man. The Free Press, 446 p.; Huntington S. The Clash of Civilizations? // Foreign Affairs. - 1993. - Summer (vol.72, № 3). - p. 22-49), fikrimizcə, bu gün yüksək texnologiyaların (həm də hərbi) və süni intellektin tərəqqisi, tətbiqi, bütün fəaliyyət sahələrində intişarı, bundan irəli gələn fəsadlardan bəşəriyyətin özünüqoruma instinktinin formalaşması mərhələsindəyik.
XIX əsrin ikinci yarısından başlayaraq, mədəniyyət və sivilizasiyalar tarixi ilə əlaqədar N.Danilevski, O.Şpenqler və A.Toynbi tərəfindən irəli sürülmüş konsepsiyalarda məsələyə tam başqa yanaşmalara rast gəlirik. N.Danilevskinin yaratdığı "lokal sivilizasiyalar", "mədəni-tarixi tiplər" nəzəriyyəsinin daha geniş müzakirəsinə ehtiyac var. Çünki mədəniyyət və sivilizasiyalar tarixi barədə ziddiyyətli rəylərin, bu tarixdə türk xalqlarının yeri haqqında qeyri-obyektiv və qeyri-müəyyən fikirlərin formalaşmasında ona məxsus göstərilən nəzəriyyə mühüm rol oynayıb. Rus avrasiyaçı-alimlərin və Rusiya - keçmiş Sovetlər İttifaqında baş qaldıran Turan avrasiyaçılığı ideyaları daşıyıcılarının, xüsusilə, XIX əsrdə rus ictimai-fəlsəfi fikrində formalaşmış antitürk baxışları və nəzəriyyələri təkzib edən elmi axtarışlarını daha çox məsələyə daxili münasibət və etiraz kimi qiymətləndiririk.
1869-cu ildə rus filosofu N.Danilevskinin "Rusiya və Avropa" kitabında irəli sürülmüş lokal sivilizasiyalar konsepsiyasından (bu, həm də mədəni-tarixi tiplər nəzəriyyəsi kimi müəyyən olunur) başlanan müzakirələr bu gün də aktuallığını saxlayır. N.Danilevski öz kitabında dünya tarixində yer almış on özünəməxsus və müstəqil, "mükəmməl" mədəni-tarixi tipin mövcud olduğunu təsdiqləyir: 1) Misir; 2) Çin; 3) Assiriya-Babil-Finikiya; 4) hind; 5) İran; 6) yəhudi; 7) yunan; 8) Roma; 9) yeni semit və ya Ərəbistan; 10) roman-german və ya Avropa. Onuncu bəndə inkişaf dövrünü tamamlamağa macal tapmadan "zorla ölümə məhkum edilmiş" daha iki Amerika tipi: Meksika və Peru mədəni-tarixi tipləri daxil edilir. N.Danilevski həm də gələcəkdə rus-slavyan mədəni-tarixi tipinin formalaşacağı qənaətində idi (Danilevskiy N.Ə. Rossiə i Evropa. - Moskva: İzdatelğstvo AST: OQİZ, 2023. s.121-124). Bu məqsədlə o, kitabın "Ümumslavyan İttifaqı" fəslində Rusiyanın Avropa siyasi sisteminin üzvü ola bilməsini istisna edir və Avropa ilə mübarizənin vacibliyini vurğulayır (Danilevskiy N.Ə. Rossiə i Evropa. - s.481-524). Sonuncu - yekun fəsildə isə Avropa tipindən fərqli slavyan mədəni-tarixi tipini səciyyələndirilir (Danilevskiy N.Ə. Rossiə i Evropa. - s.565-612).
N.Danilevskinin müasiri - F.Dostoyevski də onun konsepsiyasını, "mədəni-tarixi tiplər" nəzəriyyəsi ilə bağlı yazılarını böyük maraqla izləyirdi. Xüsusən, "Şərq məsələsi"ndə onların mövqeləri üst-üstə düşürdü. Fikrimizcə, "Mənim paradoksum", "Paradoksdan çıxan nəticə" və "Şərq məsələsi" başlıqları altında apardığı qeydlərdə (Dostoevskiy F.M. Dnevnik pisatelə: izbrannıe straniüı. - M.: Sovremennik, 1989, 557 s.) F.Dostoyevski rus filosofu N.Danilevskinin türk mədəni-tarixi tipinin mövcudluğunu inkar etməsinin əsl səbəbinə aydınlıq gətirir. Belə çıxır ki, XIV-XVII əsrlərdə Qızıl Orda, sonra isə Osmanlı İmperiyası ilə sıx münasibətləri sayəsində qüdrətli Avrasiya dövlətinə çevrilmiş və böyük yüksəlişə nail olmuş Rusiya özünün hun, avar, Xəzər, peçeneq və tatar keçmişinə görə xəcalət çəkir. Məqsəd isə Avropada, Qərbdə eşidilmək və qəbul olunmaq istəyi idi. Avropaya pəncərə açmış Rusiya təkcə pravoslav yox, həm də türk keçmişindən imtina etməliydi. Bircə "xəstə adamı yataqdan sürüyüb birdəfəlik atmaq" (burada F.Dostoyevski Osmanlı İmperiyasını nəzərdə tuturdu - T.C.) qalırdı. Ancaq slavyan birliyi naminə N.Danilevski və F.Dostoyevski Avropanın konsilium çağırıb, yenidən "onu müalicə etməsi"ni istəmirlər... Çünki Avropa ölkələrinin "heç vaxt həllini tapmayan Şərq məsələsi"nə müdaxiləsi Filofoyin siyasi nəzəriyyəsinə və I Pyotrun vəsiyyətinə uyğun olaraq, Rusiyanın Konstantinopolu azad etməsi və onu Ümumslavyan İttifaqının mərkəzinə çevirmək planlarına mane olacaqdı... Hətta rus alimlərinin ən yeni tədqiqatlarında da Rusiyanın bugünkü bəlalarında türk irsi günahlandırılır, türk izləri axtarılır. Rusiyanın Qərb sivilizasiyası ilə qaynayıb-qarışmamasının səbəblərindən biri kimi bu ölkənin bəzi tarixi, dini, mədəni xüsusiyyətləri göstərilir. Qərb siyasətçilərinin, publisist və mütəfəkkirlərinin fikrincə, bir sıra hadisələr rus təhlükəsi haqqında mif formalaşdırıb, Rusiyanın "çoxəsrlik dayaqları sarsılmış Avropa sivilizasiyasını öz qanında boğmaq mükəlləfiyyətini çiynində daşıdığı" vurğulanır [Baqno V.E. Mif - obraz - motiv. - Sankt-Peterburq: İzdatelğstvo Puşkinskoqo Doma, izdatelğstvo "Vita Nova", 2014. - s.336, 339].
N.Danilevskidən təxminən, yarım əsr sonra alman filosofu O.Şpenqler ümumdünya tarixi ideyasını rədd edərək, çox sayda ayrı-ayrı özünəməxsus, tam sərbəst orqanizmi xatırladan mədəniyyətlərin mövcudluğunu vurğulayır, bu xüsusda səkkiz böyük mədəniyyət üzərində dayanır: Misir, Babil, hind, Çin, yunan-Roma (antik), ərəb-Bizans (mistik), Mayya (Meksika), Qərbi Avropa (Faust). O, yeni - rus-Sibir mədəniyyətinin yaranmasını ehtimal edir... (Şpenqler O. Zakat Evropı: v 2 t. M., 2004. T. 2. - s.39)
İngilis tarixçisi, filosof və nəzəriyyəçisi A.Toynbinin təklif etdiyi təsnifatın kökündə dini və ərazi meyarları durur; o, cəmiyyətlər arasında dini əlaqələrin mövcudluğu və ya yoxluğu, həmçinin konkret cəmiyyətin yarandığı məkandan aralılıq dərəcəsi amilinə istinad edir. Əvvəlcə tarixdə yer almış iyirmi bir sivilizasiyanı xüsusilə vurğulayır: Qərb, əsas pravoslav xristian (Bizans-balkan), Rusiyadakı pravoslav xristian, İran, ərəb, hind, indus, Uzaq Şərqin əsas sivilizasiyası, Koreya və Yaponiyaya aid Uzaq Şərq sivilizasiyası, ellin (yunan-Roma), Suriya, Çin, minoy, Şumer, Xett, Babil, and, Meksika, yukatan, maya və Misir. Sonra isə A.Toynbi müstəqil sivilizasiyaların sayını ona endirir... (Toynbi A. Postijenie istorii. - M.: Akademiçeskiy proekt, 2023. - s.77-79).
N.Danilevskinin irəli sürdüyü məqamlara fikir bildirmək üçün tarixə ekskursa və rəyə ehtiyac duyuruq:
1. Sivilizasiyalar (lokal sivilizasiyalar) və ya mədəni-tarixi tiplər nəzəriyyəsinin təqdim edildiyi XIX əsrin 60-cı illərinin sonu Rusiya və Osmanlı imperiyaları arasında növbəti müharibələr dövrünün başlanğıcı idi. Rusiya Osmanlı İmperiyasını Şərqi Avropa və Balkanlarda asılılığında olan slavyan dövlətlərinin ərazisindən çıxartmaq məqsədini qarşısına qoymuş, rus siyasi və mədəni mühitində slavyanofil ideyaları geniş yayılmışdı. Bir tərəfdən, slavyanofil, digər tərəfdən isə, qərbçilik ideyaları rus ictimai-mədəni-ədəbi mühitinə və təfəkkürünə hakim kəsilmiş, Rusiyada, eyni zamanda bütün Avropada antitürk əhval-ruhiyyəsi güclənmişdi.
2. Filosofun qənaətinə görə, Avropanın (əslində Avrasiyanın) yenidən bölüşdürülməsi prosesində Mərkəzi, Şərqi və Cənubi Avropa bu qitənin yeni tarixinə töhfələr vermiş Rusiyanın təsir dairəsi altına keçməli, Yunanıstan da daxil olmaqla, bütün slavyan xalqları, hətta düşmən mövqeyində duran Polşa, slavyanlara yaxın Rumınya, Macarıstan Ümumslavyan İttifaqına qoşulmaqla rus-slavyan mədəni-tarixi tipini formalaşdırmalıdır. Bu İttifaqın yaranmasında dominant rol mədəni-mənəvi komponentə verilsə də, müəllif siyasi azadlığı əsas fundament kimi dəyərləndirir.
3. Dini-ideoloji, siyasi, sosial-iqtisadi cəhətdən ikiyə bölünmüş Avropada (roman-german və yunan-slavyan dünyası) Rusiya: 1) slavyan xalqlarının siyasi müstəqilliyinin təminatçısı; 2) yunan-slavyan dünyasının müdafiəçisi və havadarı, eyni zamanda Avrasiyada onun təsiri altında olan ərazilərə mədəniyyət və tərəqqi gətirmə missiyasını üzərinə götürür. Hərçənd sonuncu missiyanı N.Danilevski heç də Rusiya üçün gərəkli hesab etmir. Xatırlatmağa dəyər ki, Rusiya İmperiyası "Rusiya və Avropa" kitabı çap olunanadək artıq Polşanı, Finlandiyanı, Qafqazı, Qafqazyanı əraziləri, Orta Asiyanın böyük bir hissəsini, Uzaq Şərqi və sair torpaqları öz ərazilərinə qatmışdı. Gündəlikdə isə nəinki zəifləmiş Osmanlı İmperiyasının Şərqi və Cənubi Avropada, Balkanlarda istilasına son qoymaq, hətta İstanbulu azad edib oranı Ümumslavyan İttifaqının paytaxtına çevirmək planı var idi.
4. N.Danilevski tərəfindən yeni - rus-slavyan tarixi-mədəni tipinin irəli sürülməsi iddiası fonunda tarixdə türk mədəniyyətləri və sivilizasiyalarının izləri və rolunun inkarı faktının kökü çox dərində idi. Bu, hələ 1453-cü ildə II Məhmət (Fateh) tərəfindən Konstantinopolun tutulması zamanından bəri Avrasiyada genişlənməkdə və möhkəmlənməkdə olan Moskva Rusunda, kilsə dairələrində formalaşmış "Moskva - III Romadır" siyasi nəzəriyyəsi platformasında Osmanlı Türkiyəsinə qarşı təşəkkül tapan dini-ideoloji və hərbi-siyasi mübarizənin davamı idi.
5. N.Danilevski tərəfindən Avropada roman-german mədəni-tarixi tipinə alternativ rus-slavyan tipini irəli sürməsi anlaşılan idi. Anlaşılmayan o idi ki, rus filosofu hələ slavyan tayfalarının tarix meydanında ortaya çıxdıqları ilk dövrlərdən bəri təmasda olduqları, xalqların böyük köçləri zamanı tərəfindən hərbi yürüşlərə cəlb edildikləri, çoxəsrlik qonşuluq və birgəyaşayış nəticəsində hərbi-siyasi, iqtisadi və mədəni təsirini daddıqları və sıx interqasiya nəticəsində qarşılıqlı assimiliyasiyada olduqları türk xalqlarını, özünü bariz şəkildə büruzə verən türk xalqlarının mədəniyyət və sivilizasiyalar tarixini görməməzliyə vururdu. O, sərhədləri yenidən formalaşan Avropada rus-slavyan mədəni-tarixi tipinin yaranmaqda olduğunu təsdiq edirsə, hansı səbəbdən Rusiyanın ucsuz-bucaqsız Avrasiya dövləti kimi ucaldığı, iddia olunan slavyan mədəni-tarixi tipinin formalaşdığı tarixi türk torpaqlarındakı dövlətçilik ənənələrinin, hərb sənətinin, mifik və dini təsəvvürlərin, elmi-mədəni irsin, folklor və ədəbiyyatın üzərindən adlayırdı?
6. Təbiyyatçı alim və filosof kimi N.Danilevski həm də tarixin inkişaf qanunauyğunluqlarını, etnos, xalq və cəmiyyətlərə məxsus mədəniyyətlərin formalaşması proseslərini yaxşı dərk edirdi. Lakin hərbi-siyasi konyuktura onu obyektivlikdən uzaq tuturdu. XX əsrin 20-30-cu illərində rus avrasiyaçı alimlər P.Savitskinin və N.Trubeskoyun irəli sürdükləri "Rus tarixinin Avrasiya konsepsiyası", "Rus mədəniyyətində Turan elementləri", əsrin sonlarına doğru L.Qumilyovun passionarlıq, etnogenez və Yerin biosferi nəzəriyyələri, onun "Qədim türklər", "Xəzər ətrafının minillik tarixi", "Rusdan Rusiyayadək", "Avrasiya ritmləri: dövrlər və sivilizasiyalar" və digər kitabları, O.Süleymenovun "Turan avrasiyaçılığı" axtarışları, son illər türk mədəniyyətləri və sivilizasiyaları tarixi ilə bağlı türk ölkələrində, xüsusilə, Azərbaycanda (F.Ağasıoğlu, N.Cəfərov, C.Feyziyev, R.Rəsulov və b.) və Qazaxıstanda (O.Süleymenov, R.Rəhmanəliyev, S.Bulekbayev və b.) nəşr olunan kitab və məqalələr nəinki rus filosofu N.Danilevskinin 1869-cu ilə aid "lokal sivilizasiyalar" nəzəriyyəsini, hətta onun davamçıları kimi görünən O.Şpenqlerin və A.Toynbinin dünya mədəniyyətlərinin və sivilizasiyalarının yaranması, formalaşması, çiçəklənməsi və süqutu kimi anlayışlara düzəlişlər etməyin vacibliyini aktuallaşdırır.
7. Fikrimizcə, "Rusiya və Avropa" kitabının yeni nəşrinə yazılmış geniş və tarixin gedişinə müasir yanaşmada iddialı "Ön söz"də bu gün türk və slavyan dünyasında baş verən hadisələr obyektivcəsinə qiymətləndirilməli idi. "Ön söz"ün müəllifi İ.S.Bajov türk və slavyan dünyasının yeni siyasi və mədəni mənzərəsinə, türk-slavyan münasibətlərinin yeni məzmununa, Rusiya-Ukrayna hərbi-siyasi qarşıdurmasına yuxarıda qeyd etdiyimiz siyasi, mədəni və ideoloji platformalara uyğun N.Danilevskinin lokal sivilizasiyalar nəzəriyyəsini, mədəni-tarixi tipləri və onların mövcudluğunu şərtləndirən qanunauyğunluqları düzgün şərh edə bilərdi.
(Davamı var)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!