Hər il iyulun 1-də sosial şəbəkələrdə, mətbuatda "Beynəlxalq Bakılılar Günü" geniş müzakirəyə səbəb olur. Bu günün tərəfdarları və əleyhdarları müxtəlif arqumentlərlə çıxış edib mövqelərini müdafiə edirlər. Bu il də istisna olmadı. Mübahisələr, müzakirələr səngiyəndən sonra mən də bu "bayram" haqqında düşündüklərimi qələmə almaq qərarına gəldim. Ona görə yox ki, mübahisələrin yenidən qızışmasına rəvac verim. Ona görə ki, bəzi tarixi məqamlara toxunaraq düşündüklərimi cəmiyyətə çatdırım.
Dünyanın bir çox ölkələrində hər hansısa bir qədim, tanınmış şəhərin şərəfinə bayram tədbirləri keçirilir. Uzağa getmədən, qonşu Gürcüstanı misal gətirə bilərik. Hər il Gürcüstanda ümumxalq "Tbilisoba" bayramı keçirilir. Bu həm məhsul yığımına, həm də Tbilisi şəhərinə həsr olunmuş bayramdır. İlk dəfə "Tbilisoba" bayramı 28 oktyabr 1979-cu ildə keçirilib və artıq ənənə halını alıb. Sovet dövründə Moskvanı qıcıqlandırmamaq üçün bayram məhsul yığımına və Tbilisi şəhər gününə həsr edilmişdi. Məhsul yığımı pərdəsi arxasında gürcülər Tbilisi şəhər gününü bayram edirdilər. Bayram günlərində şəhərdə yarmarkalar, yürüşlər, konsertlər və idman yarışları təşkil olunur. Eyni zamanda görkəmli sənət, elm xadimləri, yüksək nailiyyətlər qazanmış idmançılar "Tbilisinin fəxri vətəndaşı" titulu ilə təltif olunurlar. Dünyanın müxtəlif ölkələrində yaşayan və çalışan, Tbilisidə doğulmuş tanınmış insanlar bayrama dəvət olunurlar və onlarla maraqlı görüşlər keçirilir. Yeri gəlmişkən, qeyd edim ki, ölməz sənətkar Rəşid Behbudov da Tbilisidə doğulduğuna görə hər il bu bayrama dəvət olunurdu. Böyük sənətkar iki il ardıcıl olaraq "Tbilisoba" bayramında iştirak etmişdi. 1979-cu ildə Gürcüstanın "Əməkdar incəsənət xadimi", 1980-ci ildə "Tbilisinin fəxri vətəndaşı" adları ilə mükafatlandırılmışdı. Sonrakı illərdə də dəvət olunsa da, vaxt tapıb iştirak edə bilməmişdi.
Dünya ölkələrinin, demək olar ki, bütün paytaxtlarına və tanınmış şəhərlərinə həsr olunmuş "Şəhər Günü" bayramı keçirilir. Bu bayramların bəzilərinə qısaca nəzər salmaq yerinə düşər. Bu "Şəhər Günü" keçirilərkən on minlərlə turist həmin şəhərə axışır.
İtaliyanın Piza şəhəri bütün dünyada Zəng qalası ilə məşhurdur. Əyilmiş Piza qalası haqqında məlumatı olmayan adam çətin tapılar. Piza şəhəri İtaliyanın mədəniyyət paytaxtı sayılır. Hər il burada şəhər günü qeyd olunur. Şəhər əhalisi və qonaqlar üçün müxtəlif tədbirlər hazırlanır. Musiqi festivalları, konsertlər, sərgilər və s. on minlərlə insanı cəlb edir. Eyni zamanda şəhərin "Möcüzələr meydanı"nda kostyumlaşdırılmış nümayişlər keçirilir. Axşam isə maraqlı işıq şousu və atəşfəşanlıqla bayram davam edir.
Latviyanın paytaxtı Riqada "Şəhər Günü" möhtəşəmliyi və rəngarəngliyi ilə seçilir. Həmin gün kolokol zənglərinin səsi şəhərin hər tərəfinə yayılır. Maraqlı zəng sədalarından başqa həmin gün 50 il ailə həyatı yaşamış cütlüklərin "qızıl toy"ları qeyd olunur və bu ailələr təmtəraqlı şəraitdə qiymətli hədiyyələrlə mükafatlandırılır. Axşam isə "OKarte axşam qaçışı" təşkil olunur. Bu qaçışda şəhər əhalisinin əksər hissəsi iştirak edir. Bayramın ikinci günü dəniz kənarında milli mətbəx nümunələrindən ibarət süfrələr açılır. Yemək-içməkdən sonra isə rəqs və musiqi yarışmaları başlayır. Bayram möhtəşəm atəşfəşanlıqla sona çatır.
Çexiyanın paytaxtı Praqada da "Şəhər Günü" hər il iyulun 1 və 2-si çox maraqlı keçir. Bu iki gündə şəhərin bütün muzeyləri, rəsm qalereyaları, tarixi abidələri qapılarını ziyarətçilərin üzünə açır. Bu bayram günlərində bütün mədəniyyət ocaqlarına giriş sərbəst olur, yəni pulsuz olur. Şəhərin Staromest meydanı iki gün musiqiçilərin, müxtəlif ansamblların ixtiyarına verilir. Fasiləsiz olaraq musiqi sədaları bütün şəhəri başına alır. Petrşin qalasında uşaqlar üçün xüsusi aksiyalar təşkil olunur. Stefani observatoriyasında uşaqlara günəş və ay, ulduzlar və kometa haqqında nağıllar danışılır, teatrlaşdırılmış tamaşalar göstərilir.
İyun ayının ortalarında Finlandiyanın paytaxtı Helsinki şəhərinin bayramına dünyanın hər yerindən qonaqlar dəvət olunur. Təmkinli finlər Şəhər gününü bayram marafonu ilə açırlar. Al-əlvan geyimli, şən əhval-ruhiyyəli insanlar musiqi sədaları ilə Helsinkinin mərkəzinə axışırlar. Həmin gün Finlandiyanın paytaxtında xeyli sayda müxtəlif tədbirlər keçirilir. Bu tədbirlər elə maraqlı keçir ki, "Helsinki Günü" artıq beynəlxalq statuslu bayram kimi tanınır. Bayram tədbirlərinə Senat meydanında start verilir. Şəhərin meri tədbirin aparıcısı rolunda çıxış edir. Bayramın ən maraqlı hissəsi "Açıq havada ziyafət" adlanır. Şəhərin tarixi mərkəzində açıq havada ucu-bucağı görünməyən, üzərində dadlı, ləzzətli təamlarla dolu masa açılır. On minlərlə insan burada birlikdə nahar edir. Şəhərin bütün parklarında açıq hava səhnələri quraşdırılır. Ən tanınmış yerli və xarici musiqiçilər, musiqi kollektivləri bu səhnələrdə bayram proqramı ilə çıxış edirlər. Bütün muzeylər qapılarını sərbəst giriş üçün ziyarətçilərin üzünə açır. Şəhərin qonaqları üçün xüsusi pulsuz turlar təşkil olunur.
Belə Şəhər günləri bayramlarından saysız-hesabsız nümunələr göstərmək olar. Bu cür tədbirlər həmin şəhərin təbliğinə, tanınmasına və inkişafına xidmət edir.
Müxtəlif şəhərlərin bayramlarına qısa nəzərdən sonra "1 iyul Beynəlxalq Bakılılar Günü" haqqında mülahizələrə qayıdaq. Son vaxtlar bəziləri iddia edir ki, guya "Bakılılar günü"nün təşəbbüskarları Bakıda doğulmuş, sonra isə İsrailə köçmüş yəhudi əsilli həmyerlilərimizdir. Mən İsraildə yaşayan Bakı doğumluların hisslərinə hörmətlə yanaşıram və onların arasında xeyli sayda dostluq münasibətində olduğum dəyərli insanlar var.
Lakin qətiyyətlə bildirirəm ki, bu təşəbbüs yəhudi əsilli bakılılardan qaynaqlanmır. Hələ 1990-cı illərin əvvəllərində, Azərbaycan müstəqilliyini yenicə elan etdiyi dövrlərdə Bakıda "Bakılılar cəmiyyəti" (Obşestvo Bakinets) yaradıldı. Bu cəmiyyət o illərdə çox aktiv idi; müxtəlif tədbirlər keçirir, mükafatlar təsis edirdi. Ölkəmizin tanınmış ictimai, siyasi, elm, mədəniyyət xadimləri "Bakılılar cəmiyyəti"nin tədbirlərində fəal iştirak edirdilər. Bu haqda bir qədər sonra daha ətraflı məlumat verərəm. İndi isə Bakı, şəhərimizin tarixi haqqında bəzi maraqlı məlumatlara nəzər salaq.
Bakı şəhəri haqqında məlumatlara qədim tarixi mənbələrdən bəri rast gəlinir. Abşeron yarımadasında, Xəzər dənizi sahilində yerləşən Bakının tarixi min illərlə ölçülür. Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən qədim Bakı şəhəri bütün dövrlərdə diqqəti özünə cəlb edib. Olduqca vacib geostrateji coğrafiyası hər zaman xarici dövlətlərin Bakıya maraq göstərməsinə səbəb olub. Yadelli hücumlardan, düşmən işğalından qorunmaq üçün ulu babalarımızın tikdiyi Qala divarlarının əzəməti bu gün də görənləri heyrətə gətirir. Bu Qala divarları Bakının qəhrəmanlıq tarixinin daş şahididir. Çoxəsrlik tarixi boyunca saysız-hesabsız müharibələri, düşmən hücumlarını, qələbələri tarixçilərimiz yetərincə araşdırıb və qiymətli əsərlər yazıblar. Mənsə mövzumuza işıq sala biləcək bəzi tarixi hadisələrə diqqəti cəlb etmək istəyirəm. Ta qədimdən müxtəlif dövlətlərin marağını özünə çəkən Bakı XVIII əsrdə rus imperatoru I Pyotrun da hədəf dairəsinə düşmüşdü.
1700-1721-ci illər ərzində davam edən Şimal müharibəsində (Rusiya-İsveç arasında gedən 21 illik müharibə) qalib gələn I Pyotr Baltik dənizinə çıxış əldə edir. Baltik dənizindən sonra Pyotr Xəzər dənizi regionunu ələ keçirmək planını işə salır. Şərq ölkələri ilə Qərbi Avropa ölkələri arasında ticarət əlaqələrini nəzarətə götürmək üçün Xəzər dənizinin qərb və cənub bölgələrini ələ keçirmək vacib idi.
I Pyotrun ən böyük ambisiyalarından biri Xəzər dənizinin bütün ətrafını ələ keçirmək və onu "Rus dənizi" elan etmək idi. Bunun üçün, ilk növbədə, Xəzər dənizi sahillərində yerləşən ən iri şəhər - Bakını ələ keçirmək lazım idi. Rus imperatoru yaxşı başa düşürdü ki, Bakını nəzarətə götürmək bütün Xəzər boyu əraziləri nəzarətə götürmək deməkdir. Çünki Bakı Xəzər dənizi sahillərində yerləşən ən böyük və ən vacib şəhər idi. Bakı Xəzərin açarı sayılırdı. Pyotrun arzuladığı Hindistandan Qərbi Avropaya, Mərkəzi Asiyadan Rusiyaya və ordan da dünyanın dörd tərəfinə uzanacaq ticarət yolunun qapısı Bakıdan açılırdı. Bakını ələ keçirməklə Pyotr böyük iqtisadi qazanca nail olmaq istəyirdi. Həm rus tacirləri, həm də dövlətin xəzinəsi bu planın nəticəsində külli miqdarda gəlir götürəcəkdilər. Digər tərəfdən, Şərq ölkələri ilə Qərbi Avropa ölkələri arasında ticarət əlaqələrinə nəzarət edən Osmanlı imperiyasını ciddi gəlirlərdən məhrum etmiş olardı.
300 il bundan qabaq I Pyotrun düşündüyü bu plan bu gün də Rusiya dövlətinin əsas strateji planı kimi gündəmdədir. Şimal qonşumuzun "Şimal-Cənub dəhlizi" adlandırdığı müasir layihənin əsası hələ XVIII əsrdə I Pyotr tərəfindən qoyulmuşdu. Bu günə qədər Rusiya I Pyotrun ambisiyalı layihəsi üzərində baş sındırır və onu reallaşdırmağa çalışır.
I Pyotrun Azərbaycan torpaqlarını işğal etmək planları haqqında tarixi mənbələrə diqqət yetirək:
Ruslar Xəzərətrafı regionlara qoşun göndərməyi və sonra İrana yürüş etməyi hələ Şimal müharibəsi (1700-1721-ci illər, Rusiya-İsveç müharibəsi - K.Ş.) dövründə planlaşdırırdılar.
Hərbi planda əvvəl nəzərdə tutulurdu ki, Xəzər sahillərinə əvvəl qoşun yeridiləcək. Sonra İran ərazilərinə yürüş etmək üçün rus qüvvələri erməni və gürcü silahlıları ilə (40 min nəfər) birləşəcək. Erməni və gürcülərə həm də İran və Osmanlı əsarətindən xilas olmaq üçün apardıqları mübarizədə kömək edəcək (İran Kembric tarixi. 7 cilddə. VII cild. The Cambridge History of İran. Vol. 7.).
1714-cü ildə A.Belkoviç-Çerkasskiy Xəzər dənizinin şimal və şərq sahillərinin təsvirini hazırladı. 1718-ci ildə N.Kojin və V.Urusov da Xəzərin şərq sahilinin təsvirini hazırladılar. 1719-1720-ci illərdə Verden və F.Soymonov Xəzərin qərb və cənub sahillərinin təsvirini hazırladılar. Bu ekspedisiyaların nəticəsində Xəzər dənizinin birləşmiş geniş xəritəsi hazırlandı.
Pyotr Həştərxandan Xəzər sahilləri ilə irəliləyərək, Dərbəndi və Bakını zəbt edib, Kür çayına qədər gəlib burada Qala-İstehkam qurmaq, sonra Tiflisə gəlib gürcülərə Osmanlı imperiyası ilə mübarizədə kömək etmək və ordan da Rusiyaya qayıtmağı planlaşdırmışdı. Gözlənilən müharibəyə hazırlıq üçün Kartli çarı VI Vaxtanq və erməni katalikosu I Astvatsaturla əlaqələr qurulmuşdu. Kazan və Həştərxan bu yürüşə hazırlıq üçün mərkəzə çevrilmişdi. Yürüşdə iştirak üçün 80 səhra rotasından 20 əlahiddə batalyon yaradılmışdı; 22 min əsgər və 196 artilleriya qurğusuna malik yürüşə hazır idi. Həştərxana gələrkən, Pyotr yolda Kalmık xanı Ayukinin də dəstəyinə nail oldu. Yürüşdə 7 min atlıdan ibarət Kalmık süvari qoşun dəstəsi də iştirak edirdi.
15 iyun 1722-ci ildə rus imperatoru Həştərxana yetişdi. O, qərara gəldi ki, 22 min nəfərdən ibarət piyada qoşun hissəsini dənizdən yola salsın. 9 min nəfərdən ibarət 7 draqun polku general-mayor Kropotovun komandanlığı ilə Çarisinadan quru yolla irəliləməyə başladı. Bundan başqa Zaporojiya və Don kazak hərbi hissələri də quru yolla gedirdilər. 30 min nəfərdən ibarət tatar dəstələri də bu yürüşə cəlb olunmuşdu (A.L.Qizetti. Qafqaz qoşunlarının xronikası. Tiflis. Qafqaz hərbi dairəsinin qərargahı yanında hərbi tarixi nəşriyyat. 1896.).
15 iyun 1723-ci ildə Pyotr Həştərxana gəlir və elə həmin gün fars, türk və Azərbaycan dillərində "Qafqaz və İran xalqlarına manifest" çap etdirir ( S.Aşurbəyli. Orta əsr Bakı haqqında oçerklər. Bakı. Azərbaycan SSR EA nəşriyyatı. 1964. rus dilində).
Pyotrun manifestinin müəllifliyi knyaz Dmitriy Kantemirə məxsus idi. O, yürüş zamanı səyyar dəftərxana yaratmışdı. Şərq dillərini bilməsi Kantemirə bu yürüşdə görkəmli rol oynamasına imkan yaratdı. O, mətn yığmaq üçün ərəb şriftləri düzəldərək xüsusi mətbəə hazırlamışdı və bu mətbəədə Pyotrun manifestini Azərbaycan ( o vaxtın terminologiyasına görə tatarca), türk və fars dillərində çap etdirir (P.Qusterin. İlk Rusiya şərqşünası. Dmitriy Kantemir. M. 2008. səh. 56-57. rus dilində).
I Pyotr Xəzərətrafı bölgələri zəbt etmək, Xəzər dənizini "Rus dənizi"nə çevirmək, Hindistan ilə Qərbi Avropa ölkələri arasında ticarət əlaqələrinə nəzarət etmək və bu olduqca gəlirli sahəni Osmanlı imperiyasının əlindən almaq, bununla da böyük qazanca sahib olmaq üçün ciddi hazırlıqlar görmüşdü. Hələ 1715-ci ildə Pyotr özünün yaxın adamı olan A.P.Volinskini İsfahana - Səfəvilər dövləti ilə ticarət əlaqələri qurmaq üçün göndərmişdi. Pyotr səfir Volinskiyə ticarət əlaqələri qurmaqdan başqa məxfi tapşırıqlar da vermişdi. Belə ki, səfir Volinski İsfahana mütləq Azərbaycan ərazisindən, daha doğrusu, Şirvandan keçən karvan yolu ilə getməli, keçdiyi Azərbaycan ərazisini, Xəzərətrafı bölgələri ciddi müşahidə etməli və dəqiqliklə öyrənməli idi. 1717-ci ildə səfir A.P.Volinski Rusiyaya qayıdaraq I Pyotra hesabat hazırladı. O, hesabatda Səfəvilər dövlətinin ağır vəziyyətdə olduğunu və ona görə də yubanmadan Xəzər dənizi ətrafı bölgələri ələ keçirmək üçün təcili hərbi əməliyyatlara başlamaq lazım olduğunu bildirdi. (Q.Nəcəfli. "Çar Rusiyasının Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq istəyi". Məqalə. strategiya.az rus dilində).
Səfəvilər dövlətində vəziyyət haqqında məlumat Rusiyaya, bir qayda olaraq, orada məskunlaşmış xristianlardan, əsasən də ermənilərdən daxil olurdu. I Pyotrun Səvəfilər dövlətində xristian əhaliyə münasibəti haqqında rus tarixçisi V.P.Listov yazırdı ki, imperator bu ərazilərdə möhkəmlənmək üçün yerli əhalini - azərbaycanlıları Xəzərətrafı bölgələrdən, xüsusilə, Bakıdan köçürmək, onların torpaqlarına erməniləri, gürcüləri və rusları yerləşdirməklə xristianlardan ibarət özünə dayaq yaratmaq istəyirdi (Etibar Qulusoy. "I Pyotrun Xəzərətrafı bölgələrdə yaşayan əhaliyə 15 iyul 1722-ci il manifesti". Məqalə. avciya.az. 1905.az. rus dilində).
Rus tarixçisi V.P.Listovun yuxarıda qeyd olunan fikirlərinə diqqət yetirsək, Pyotrun Bakını necə "rus şəhəri" etmək planını aydın görərik. Onun əsas məqsədi Bakını zəbt etmək, yerli əhalini köçürmək və şəhərə erməni, gürcü, rus mənşəliləri yerləşdirmək və bununla da Bakını rus şəhərinə çevirmək idi. Çünki Bakını ələ almaqla bütün Xəzərətrafı bölgələri nəzarətdə saxlamağı planlaşdırmışdı rus çarı. Xəzər dənizinə və dənizətrafı bölgələrə sahib olmaq üçün, ilk növbədə, Bakını nəinki zəbt etmək, şəhəri ruslaşdırmaq lazım idi. Bakını almaqla, həm də Xəzər dənizini "Rus dənizi"nə, Rusiyanın daxili dənizinə çevirməyi düşünürdü I Pyotr. Bununla da Hindistandan Qərbi Avropaya qədər böyük, geniş ticarət dəhlizinə nəzarəti ələ almaq istəyirdi. Yuxarıda qeyd etdiyim kimi, Rusiya bu gün də həmin planın - Şimal-Cənub dəhlizinin yaradılmasına ciddi səylər göstərir.
Əslində Rusiyanın bugünkü siyasəti I Pyotrun 300 il bundan qabaq yürütdüyü siyasətin davamıdır. Dünya nə qədər dəyişsə də, Rusiyanın qonşularına münasibətdə siyasəti heç vaxt dəyişmir. 300 ildir ki, eyni siyasət, eyni münasibət davam edir. Hələ 1722-ci ildə Xəzər dənizi ətrafında yaşayan əhaliyə I Pyotrun manifesti sanki bu gün yazılıb. Eyni üsul, eyni yalanlar və eyni bəhanələr. Manifestdə bəzi məqamlara nəzər yetirmək yerinə düşər.
I Pyotrun manifestində Azərbaycan əhalisinə müraciətdə qeyd olunur ki, rus qoşunları müharibə etmək məqsədi ilə yürüşə çıxmayıb. Məqsəd bəzi üsyançı dəstələri zərərsizləşdirmək və onları yerli hakimiyyətə tabe etməkdir.
Daha sonra qeyd olunur ki, bəzi quldur-qaçaq dəstələri karvanlara hücum edir, onları qarət edirlər; rus tacirlərinin əmlaklarını zorla ələ keçirirlər. Bir neçə rus taciri quldurlar tərəfindən qətlə yetirilib. Ona görə də rus qoşunları bu ərazilərdə məskunlaşan rusiyalıların həyatlarını və əmlaklarını qorumaq üçün yürüşə çıxıblar.
Daha sonra manifestdə qeyd olunur ki, rus əsgərlərinə ciddi tapşırılıb ki, yerli əhaliyə qarşı nəzakətlə davranılmalı və onlara heç bir ziyan vurulmamalıdır və s. və i. a.
Bugünkü Rusiya təbliğat maşını ilə eyniliyi hiss edirsinizmi?
Mən bu manifesti oxuyanda elə təəssürat yarandı ki, sanki bugünkü rus mətbuatını oxuyuram. Həqiqətdə isə yerli əhalidə vahimə və panika yaratmaq üçün rus qoşunları qarşılarına çıxan neçə kəndi və yaşayış məntəqəsini yandırıb külə döndərdilər. Dərbəndə yaxınlaşanda qədim şəhərin ətrafında 6 kəndə od vurub yandırdılar ki, əhalini qorxuya salsınlar. 100 minlik qoşunla, xeyli sayda silah-sursatla, 200-ə qədər artilleriya qurğusu ilə guya I Pyotr ticarət karvanlarına hücum edən 20-25 nəfərdən ibarət qaçaq dəstələrini zərərsizləşdirmək üçün hərbi yürüşə çıxmışdı.
Həştərxandan başlayan bu yürüş zamanı rus qoşunları 1722-ci ilin avqustunda Dərbənd şəhəri işğal olundu. Bakının ələ keçirilməsi Dərbənddən başlayırdı. Xəzər dənizinin ən böyük liman şəhəri, Qafqazın ticarət, sənaye, elm, mədəniyyət mərkəzi Bakı bütün bölgənin ən iri şəhəri idi. 1722-ci il noyabrın 4-də I Pyotr Matyuşkini Bakının zəbti ilə bağlı təlimatlandırır. Təlimatda qeyd olunurdu ki, 1723-cü ilin yayında Bakı işğal edilməlidir. 1722-ci ilin qışında və 1723-cü ilin yazında Bakının işğalına ciddi hazırlıq işləri aparılır. 1723-cü ilin mart ayında I Pyotr Matyuşkini Bakını zəbt etməyə tələsdirir. Çünki o qorxurdu ki, Osmanlılar rus dəniz donanmasını qabaqlayaraq Bakını qurudan götürə bilərlər.
1723-cü il iyunun 22-də rus hərbi donanması Xəzər dənizinə çıxdı və iyulun 17-də Bakı buxtasına çatdı. Rus qoşun komandanlığı şəhərə nümayəndə göndərərək darvazaları açmağı tələb edirlər. Onlar gəlişlərini Bakının müdafiəsi ilə əlaqələndirirlər. Bakı sultanı Məhəmməd Hüseyn iki gün sonra ruslara rədd cavabı verir. 21 iyul 1723-cü ildə Matyuşkin desant dəstələrinə şəhəri zəbt etmək əmri verir. Bakının müdafiəçiləri güclü və intensiv atəşlə rus əsgərlərini itki verərək geri çəkilməyə məcbur edir. Matyuşkin gəmilərdən şəhəri güclü top atəşinə tutmağı əmr edir. Saysız-hesabsız top mərmiləri nəticəsində Bakı alova bürünür. Şəhərdə görünməmiş yanğın baş verir. Davamlı top atəşləri nəticəsində Qala divarlarının əhəmiyyətli hissəsi dağılır. İyulun 28-də Bakı güclü həmlələrə, fasiləsiz top atəşlərinə tab gətirməyərək süquta uğrayır.
Rus qoşunları şəhərə soxulub bütün yolları, yüksəklikləri, gözətçi məntəqələrini, qalaları, silah, barıt anbarlarını nəzarətə götürürlər. Beləliklə, ilk dəfə 28 iyul 1723-cü ildə Rusiya Bakını işğal edir. Dərbənd və Bakıdan sonra Salyan, Şirvan, Rəşt, Gilan, Mazandaran, Astarabad işğal edilir. 1723-cü il 12 sentyabr tarixində Rusiya ilə Səfəvi dövləti arasında Peterburq müqaviləsi imzalanır. Bu müqaviləyə əsasən zəbt olunmuş Azərbaycan torpaqları Rusiyanın tərkibinə daxil edilir. Lakin bu müqavilənin hüquqi qüvvəsi şübhə altına alındı. Çünki müqaviləni Səfəvi dövləti adından II Təhmasibin elçisi İsmayıl bəy imzalamışdı. II Təhmasib İsmayıl bəyi geri çağırmış və onun imzaladığı bütün sənədləri qüvvədən düşmüş elan etmişdi. Buna baxmayaraq, ruslar Peterburq müqaviləsinə əsasən Xəzəryanı Azərbaycan torpaqlarını birtərəfli qaydada Rusiya ərazisi hesab etməyə davam edirdi.
Tarixin bu dövrünə aid tanınmış ədəbiyyatşünas alim, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turanın "Qəbulə xanım və I Pyotr" kitabında ilk dəfə olaraq çox qiymətli məlumatlar verilir. Azər Turanın kitabındakı məlumatları şərəf tariximizin ən parlaq səhifələrindən hesab etmək olar:
Bakının rus ordusu tərəfindən işğalından dərhal sonra, 1723-cü ilin payızında Peterburqda general Matyuşkin və noviqator, kapitan-leytenant Saymonovla I Pyotr arasında Salyan barədə söhbət oldu. Bir ay sonra, daha doğrusu, 1723-cü ilin payızında Bakı komendantı knyaz Baryatinskiyə Salyana böyük bir hərbi dəstə göndərilməsi barədə imperator tərəfindən xüsusi göstəriş verildi.
Göstərişə əsasən, podpolkovnik Zambulatovun süvari batalyonu Salyana daxil oldu və rus hərbi qüvvələri Kür çayının sahilində Salyan hakiməsi Qəbulə xanımın malikanəsinin qarşısında qərargah qurdular. Bunu Bakıxanovdan 10 il əvvəl Aleksandr Sergeyeviç Puşkin də yazıb. Puşkinin 1835-ci ildə qələmə aldığı və I Pyotrun hakimiyyəti illərində baş verən hadisələri xronoloji ardıcıllıqla təqdim edən "İstoriə Petra I" (İzd-vo Rodina, 2021) ("I Pyotrun tarixi" Rodina nəşriyyatı, 2021 - K.Ş.) əsərində belə bir fraza vardır: "Matyuşkin və Saymonov Sankt-Peterburqa gəldilər. Pyotr xəstə Matyuşkinə baş çəkdi. Bir neçə gündən sonra knyaz Baryatinskidən xəbər aldı ki, polkovnik Zambulatovun batalyonu bütün Salyan quberniyasını və Kürə yaxın əraziləri işğal edib. Pyotr bu istiqamətdə hərbi qüvvələri gücləndirməyi əmr etdi. Çünki Salyan hakiməsi (knyaginya) məkrli idi. Pyotr haqlıydı, çünki Zambulatov və bütün əsgərləri onun tərəfindən məkrlə öldürüldü" (Azər Turan. Qəbulə xanım və I Pyotr. səh. 10-11. "Elm və təhsil" nəşriyyatı. Bakı-2025).
Azər Turanın"Qəbulə xanım və I Pyotr" kitabında daha sonra oxuyuruq:
Dövrün sənədlərində dönə-dönə qeyd edildiyi kimi, bir gün podpolkovnik Zambulatov hərbi heyətin zabitləriylə Qəbulənin malikanəsində təşkil olunmuş ziyafətə qatıldı. Ziyafət zamanı otağa silahlı adamlar girdi və Zambulatov da daxil olmaqla, bütün rus zabitləri qətlə yetirildi. Və bu qətl rus tarixçilərinin yazdığına görə xüsusi amansızlıqla törədildi.
Unutmayaq ki, Zambulatovun batalyonunda 500 süngüsü olan süvari əsgər var idi. Qaynaqlar isə bildirir ki, Qəbulənin adamları təkcə ziyafətə qatılmış adamları qətlə yetirməklə kifayətlənmədilər. 500 nəfərlik hərbi heyətə hücum etdilər və ələ keçən bütün əsgərləri öldürdülər, qaçmağa müvəffəq olanlar isə gəmilərlə Bakıya qayıtdılar (Azər Turan. "Qəbulə xanım və I Pyotr". səh. 13).
Azər Turan yazdığı kitabda şərəf tariximizin ən parlaq səhifələrindən birinə - tarixi mənbələrə əsaslanaraq işıq tuta bilmişdi. İllərlə bu şanlı tarixi hadisəni unutdurmağa cəhdlər göstərilsə də, Azər Turan həqiqətləri, bir azərbaycanlı xanımın qəhrəmanlığını açıb ictimaiyyətə təqdim etdi. Kitabın Elmi redaktoru və Ön söz müəllifi ədəbiyyatşünas alim, Milli Məclisin deputatı Elnarə Akimova Qəbulə xanımı Azərbaycanda rus istilasına qarşı ilk dirəniş hərəkatının lideri kimi səciyyələndirir. Elnarə xanım kitaba yazdığı Ön sözü bu fikirlə tamamlayır:
"Azər Turanın tədqiqatı sayəsində öz tarixi haqqına qovuşan bu Qadın, bu gün öz ədalətini bərpa edən, qalib və qürurlu Azərbaycana çox yaraşır".
Azər Turanın olduqca qiymətli araşdırmasında ən maraqlı məqamlardan biri də I Pyotrun Salyan ərazisində Yekaterinburq şəhərinin qurulması ideyası ilə bağlıdır. Əminəm ki, Qəbulə xanımın qəhrəmanlıq tarixi kimi bu faktı da çoxumuz ilk dəfədir eşidirik. Kitabın bu hissəsinə nəzər salaq:
Daha doğrusu, nəzərdə tutulan bu şəhər Kürün mənsəbində, indiki Neftçalanın ərazisində yerləşəcəkdi. Bu şəhər Xəzərin bütün qərb sahilləri üçün istehkam, liman və böyük iqtisadi məkan olacaqdı. Bakıxanovun bildirdiyinə görə, hətta general Mixail Afanasyeviç Matyuşkin 300 nəfərlə birgə gəlib yeni salınacaq şəhərin yerinə də baxmışdı.
Şəhərin qurulmasında işləmək üçün bura I Pyotrun göstərişi ilə Kazan vilayətindən beş min tatar, çuvaş, çeremiş köçürüldüyü qeyd edilir. İndi köhnə Salyanla Kürün mənsəbi arasındakı ərazidə yerləşən Tatarməhlə kəndi də həmin tatarların yadigarıdır.
Qəbulə xanımın törətdiyi qanlı hadisədən sonra müvəqqəti olaraq ruslar bölgəni tərk etdilər. Nəzərdə tutulan və Yekaterinburq adlandırılacaq şəhərin qurulması planı təxirə salındı.
Pyotrun yeni şəhər salmaq arzusu bir də 70 il sonra xatırlandı. Professor Bobrovski general Lazarevin Tiflisə gəlişi ilə əlaqədar yazdığı məqaləsində bildirirdi ki, 1796-cı ilin 17-21 noyabrında Salyana gələn general Zubov Salyan mahalında Yekaterinanın şərəfinə böyük bir şəhər - Yekaterina-Serd şəhərini qurmaq niyyətindəymiş. Amma Pyotrdan fərqli olaraq, növbəti imperator bu şəhərin tikintisində çalışacaq qüvvənin tatarlardan deyil, erməni və gürcülərdən ibarət olmasını nəzərdə tuturdu. Hansı səbəbdənsə ruslar bu şəhəri də yarada bilmədilər (Azər Turan. "Qəbulə xanım və I Pyotr". səh. 50-51).
1725-ci ildə I Pyotrun ölümündən sonra onun ikinci arvadı Yekaterina taxta çıxır. Daha doğrusu, taxtı zəbt edir. O dövrün qanunlarına görə çar öz varisini elan etməli idi. I Pyotr öləndə belə bir vəsiyyətin olmamasını əsas gətirərək onun ikinci arvadı hakimiyyəti ələ keçirir. Rusiya tarixində bu hadisə "qansız çevriliş" adlanır.
I Pyotrun ölümündən sonra onun siyasi irsi, o cümlədən, Xəzər dənizinin qərb və cənub sahillərindəki zəbt olunmuş ərazilərin həll olunmamış məsələləri ambisiyasız varislərinin öhdəsinə düşür. Onlar isə onun qazandıqlarını qoruyub saxlaya bilmədi. Rusiyada saray çəkişmələri, taxt-tac uğrunda mübarizə, digər tərəfdən, Nadir şahın ildən-ilə artan nüfuzu, gücü, qüdrəti hadisələrin gedişinə ciddi təsir göstərdi.
Nadir şah Səfəvilər dövlətinin itirdiyi torpaqları hissə-hissə geri qaytarmağa nail olurdu. O, Xəzər dənizi ətrafı torpaqların Rusiyanın işğalından azad edilməsi üçün planlar qururdu. Nadir şah rus imperatrisası Anna İoannovnanın sarayına xəbər göndərərək Səfəvilər dövlətinin ərazisini rus qoşunlarından təmizləməyi tələb edirdi. Qüdrətli sərkərdə və güclü siyasətçi kimi ad çıxaran Nadir şaha qarşı gücsüz olduğunu başa düşən Rusiya onun tələblərinə cavab olaraq bildirmişdi ki, "Rusiya Xəzər dənizi ətrafı əraziləri ona görə zəbt etdi ki, bu ərazilər Osmanlıların əlinə keçməsin" (M.A.Podrezov. Müasir İranda I Pyotrun Persiya yürüşünə baxış. Vestnik MQİMO-Universiteta. 2022, səh. 179-193. Rusiya EA Şərqşünaslıq İnstitutu).
Yerli əhali rus qoşunlarına qarşı ciddi müqavimət göstərməkdə davam edirdi. Qoşun dəstələri rütubətli iqlim şəraitində xəstəlikdən tələf olurdu. Əgər I Pyotr Xəzər dənizinin cənub sahillərinə münasibətdə olduqca ciddi yanaşırdısa, hətta Gilanda yerli əhalini köçürərək ora erməniləri yerləşdirməyi planlaşdırırdısa, onun varisləri bu məsələlərə daha realistik yanaşırdılar (yenə orada).
Nadir Şahın Səfəvilər dövlətinin ərazisini bərpa etmək qətiyyəti nəticəsində 1732-ci ildə Rəşt traktatı imzalandı. Bu traktata əsasən Rusiya Mazandaranı, Astarabadı və Gilanı geri qaytardı. Bakı və Dərbənd Rusiyada qaldı.
1734-cü ildə Rusiya və Türkiyə münasibətləri müharibə həddində idi. Nadir şah təhdid edərək bildirirdi ki, əgər Rusiya Qafqaz ərazilərini qaytarmasa, o, osmanlılarla müqavilə imzalayacaq. Rus imperiyası növbəti güzəştə getməyə məcbur oldu. 1735-ci ildə imzalanan Gəncə traktatına əsasən Rusiya Bakını və Dərbəndi geri qaytarmaqla Nadir şahın parlaq qələbə çalmasını təmin etdi.
Beləliklə, Nadirin uğurları yalnız ölkəsini dağılmaqdan xilas etmədi, onun qüdrətini bərpa etdi. Həmçinin Pyotrun ambisiyasız varislərinin fəaliyyəti nəticəsində Nadir Persiya yürüşünü heçə endirdi (Yenə orada).
Şərqin sonuncu Fatehi Nadir şah 1747-ci ildə dünyasını dəyişdikdən sonra Rusiyada I Pyotrun Xəzər dənizini rus dənizinə çevirmək planları yenidən gündəmə gətirilir. Ruslar Qafqazı zəbt etmək, Hindistanla Avropanın ticarət əlaqələrinə nəzarət etmək ideyasını reallaşdırmaq üçün yeni strategiya qurmağa başlayırlar; I Pyotrun bu cəlbedici planlarından əl çəkmək fikrində deyildilər, məqam gözləyirdilər. Nəhayət, 1796-cı ildə ruslar Bakını yenidən, ikinci dəfə zəbt edirlər. Lakin bir ildən sonra I Pavel rus qoşunlarını Bakıdan geri çağırır. Bakını ələ keçirmək istəyi Rusiya hakimiyyətində nə qədər güclü olsa da, onu Rusiya ərazisinə qatmaq mümkün olmur.
1796-cı il Bakının işğalı ilə bağlı xeyli sayda tarixi mənbələrə baxsam da, hər yerdə bu hadisə bir cümlə ilə qeyd olunub. Əlavə məlumat tapmaq imkanım xaricində olduğu üçün Bakının ruslar tərəfindən üçüncü dəfə işğal etmələrinə nəzər salaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!