(Əvvəli ötən sayımızda)
Bütün Azərbaycan Respublikasında təntənə ilə qeyd olunan Novruz mərasimini xalqla bir yerdə qeyd edən ulu öndər öz bayram təbriklərində bayramla bağlı çox qiymətli fikirlər söyləmişdir. O, 19 mart 2000-ci ildə Novruz bayramı münasibəti ilə Azərbaycan xalqına təbrikində demişdir:
"İnsanları baharın gəlməsi, təbiətin oyanması, həyatın canlanması ilə müjdələyən Novruz bayramı ən qədim dövrlərdən bəri xalqımızın sevinc və şadlıq bayramı olmuş, tariximizin müxtəlif dövrlərində bəzi təzyiqlərə, süni maneələrə məruz qalmasına baxmayaraq, bu günə qədər gəlib çatmışdır".
Hər sözü, hər kəlməsi dövlətçilik fəlsəfəsi ilə bağlı olan ulu öndərin bu fikri, əslində dərin mənalara malikdir. Novruzu xalqı baharın gəlişinin, təbiətin oyanışının, həyatın canlanmasının müjdəçisi hesab edən Heydər Əliyev bununla bayramın ümumhumanitar mahiyyətini vurğulamışdır. Yəni Novruz bayramı, əslində, insanlar arasında milli, dini, irqi, cinsi və s. fərq qoymadan bütün insanlığın bayramıdır: təbiət bütün insanların anası, Novruz da ana təbiətin elçisidir.
Ulu öndər bu obrazlı yanaşma ilə əslində yalnız Azərbaycan xalqına deyil, bütün dünya xalqlarına xitab edir, onlara Azərbaycan və digər Şərq xalqlarının bəşər mənəvi mədəniyyət xəzinəsinə Novruz adlanan nə qədər böyük bir dəyər bəxş etdiyini vurğulayırdı.
Heydər Əliyevin müraciətində Novruzun Azərbaycan xalqının "sevinc və şadlıq bayramı" olmasının xüsusi vurğulanması təsadüfi deyildir. Novruz öz gəlişi ilə insanların həyatına yalnız müsbət emosiyalar bəxş edir. Quran, yaradan insanın ən çox ehtiyacı olduğu "emisiosemlər" (sevinc və şadlıq hisslərini ifadə edən məna vahidləri), başqa sözlə, gələcəyə yönəlik xoş ümidlərdir. Dahi rəhbər bu məqamı vurğulamaqla Azərbaycanı milli dövlət quruculuğu istiqamətində mətin olmağa, yüksək ruhla milli hədəflərə doğru irəliləməyə çağırırdı.
Milli ideoloqun nitqində Novruzun "tariximizin müxtəlif dövrlərində bəzi təzyiqlərə, süni maneələrə məruz qalması"nın vurğulanması xüsusi bir məqamdır.
Novruz bayramının tarixinə nəzər saldıqda onun öz varlığını qoruyub saxlamaq üçün, sözün, bəlkə də, həqiqi mənasında, müxtəlif ideoloji sistemlərlə savaşa çıxdığını görürük. Ulu öndərin vurğuladığı kimi: "Novruz bayramı bir çox başqa bayramlardan fərqlənir və bu, bizim, məhz Azərbaycan xalqının bayramıdır. Qədim zamanlardan bəri və bu gün də bu bayramı ən çox sevən, ən uca tutan Azərbaycan xalqıdır… Ancaq elə vaxtlar, zamanlar olubdur ki, bu bayramı xalqımızın əlindən almaq istəyiblər, bu bayramı keçirməyə mane olmaq istəyiblər. XX əsrdə biz bu dövrü yaşamışıq. Ancaq Novruz bayramının o qədər dərin kökləri var, Azərbaycan xalqının, millətimizin qəlbində o qədər yerləşib ki, heç bir qüvvə, heç bir hakimiyyət, heç bir siyasi sistem bu bayramı Azərbaycan xalqının əlindən ala bilməyibdir".
Yaxın tariximiz ulu öndərin nə qədər haqlı olduğunu açıq şəkildə təsdiqləyir. Faktlara nəzər salaq.
"Keçən əsrin iyirminci illərinin axırlarında sovet Azərbaycanında ifrat solçuluq təsirləri nəticəsində Novruz bayramına dini damğa basılmış və o, demək olar ki, rəsmən qadağan olunmuşdu. Buna baxmayaraq, o vaxtdan bu günə kimi xalq onu evlərdə bayram etmiş, çərşənbələri, bayram günlərini səməni, şəkərbura, paxlava, noğul-badam, bəzəkli xonçalar, rənglənmiş-boyanmış yumurtalarla keçirmişdir" (Mirzə İbrahimov).
"1953-cü ildə sovet qanlı ölüm aparatının başçısı İ.V.Stalinin vəfat etməsi, Sovet İttifaqı Kommunist Partiyasının yeni katibi N.Xruşşovun Stalinin SSRİ-də yaratdığı şəxsiyyətə pərəstiş və qanlı repressiya siyasətini dayandırması ölkənin siyasi həyatında müəyyən yumşalmalara səbəb oldu. Bu proses yasaq olunmuş xalq adət-ənənələrinin müəyyən şəkildə bərpasına, o cümlədən, xalq tərəfindən, əslində, heç bir zaman unudulmayan Novruz bayramının da rəsmi şəkildə bərpasına, müvəqqəti də olsa, öz təsirini göstərdi. Bu işdə görkəmli partiya və dövlət katibi, yazıçı-dramaturq, ictimai xadim Şıxəli Qurbanovun (1925-1967) böyük rolu oldu" (Sevinc Qasımova).
"1967-ci ildə Novruz bayramının "Bahar bayramı" adı altında təntənəli şəkildə qeyd olunması o vaxt SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri işləyən A.Mikoyanın və onun əlaltılarının böyük qəzəbinə səbəb oldu. Erməni separatçılarının liderləri Levon Şaumyan, Mariyetta Şaginyan, Sero Xanzadyan və onlarla başqalarının imzası ilə Kremlə məktublar axını başladı. Bu məktublarda Sovet rəhbərlərinə Azərbaycanda dini bayramın bərpa edilməsi və bu ad altında geniş antisovet kompaniya aparılması barədə böhtanlar başlıca yer tutur, Azərbaycan rəhbərliyinin cəzalandırılması tələb edilirdi. Doğrudur, bayramın qadağası ilə bağlı Moskva rəsmi sənəd imzalamadı. Ancaq Novruzun adının çəkilməsi yenidən yasaqlandı, bu barədə təbliğat və tədqiqat işləri üzərinə yenidən ciddi senzura nəzarəti qoyuldu. Azərbaycanda Novruzun bayram edilməsi yenidən qapandı" (Azad Nəbiyev).
Novruz bayramının milli müstəqilliyin bayramına çevrilməsində Heydər Əliyevin müstəsna xidmətləri oldu. O, qeyd etdiyimiz kimi, Novruz bayramına sıradan bir mərasim kimi deyil, xalqı, milləti birləşdirməyin, dövlət quruculuğu ideyaları ətrafında vahid bir qüvvəyə çevirməyin modeli kimi baxırdı. Dahi rəhbərin nitqlərində bu cəhət daim vurğulanmışdır.
Ulu öndər belə hesab edirdi ki, "milli ideologiyamızın əsas tərkib hissəsi bizim milli-mənəvi dəyərlərimizdir. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında, fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz".
Heydər Əliyev çox gözəl bilirdi ki, milli-mənəvi dəyərlər minilliklər ərzində formalaşır və milli yaddaşın silinməz, pozulmaz arxetiplərinə çevrilir. O, Novruz bayramını bu mənada milli-mənəvi dəyərlərin ən nəhəng abidələrindən biri hesab edirdi.
Novruz bayramının etnopsixoloji mahiyyəti ilə bağlı aparılmış tədqiqatlar ulu öndərin nə qədər böyük bir ideoloq olduğunu təsdiq edir. Cəlal Qasımov sovet epoxasında Novruz bayramının unutdurulması ilə bağlı ideoloji-inzibati tədbirlərdən bəhs edərkən qeyd edir ki, "bolşevik ideoloqları nəyi unudur, yaxud nəyi bilmirdilər:
- Novruz, sadəcə olaraq bir bayram yox, Azərbaycan xalqının ritual-mifoloji yaddaşının funksional formulu, mifik-kosmoloji düşüncə ilə yaşayan türk etnosunun gerçəkliyə münasibətinin etnopsixoloji mexanizmidir...
- Novruz bayramı əski türkün məkan-zaman haqqında bütün görüşlərinin yaddaş modeli və bu modelin funksional sistemidir...
- Yaddaş hərəkətə gəlməklə etnosu yaşadır: etnos yaddaş formulları əsasında funksionallaşır - mövcudluğunu qoruyur və inkişaf etdirir...
- Etnosun fiziki-mənəvi təcrübəsinin bütün aksioloji dəyərləri ilkin kökdən başlayıb, bütün dövrlər (siyasi, ideoloji, dini epoxalar) boyunca Novruza konsentrasiya olunmaqla onu akkumulyasiya mənbəyinə - etnoenergetik sistemə çevirir...
- Vaxtaşırı (ritmik olaraq) Novruz bayramını keçirən etnos qapalı-dövrəvi ritmlə ondan keçməklə hər dəfə özünü etnoenergetik arxetiplərlə təchiz edir".
Beləliklə, Novruz bayramını dövlətin milli-mədəni siyasətinin əsas tezisinə çevirən Heydər Əliyev, Bəkir Nəbiyevin qeyd etdiyi kimi, 1993-cü ildə tarixi Sərəncam verdi və bundan sonra Novruz ölkədə ümummilli bayram kimi dövlət səviyyəsində qeyd edilməyə başladı. Bu isə bayramın nüfuz çevrəsini daha da genişləndirdi, özünəqayıdışı gücləndirdi, xalqımızın milli birliyinin möhkəmlənməsinə, vətən, torpaq, sülh və dostluq uğrunda səfərbər olmasına öz dəyərli töhfəsini verdi. Bütün bunlar isə bayramın beynəlxalq aləmdə şöhrətlənməsinə və dünya xalqları içərisində sürətlə yayılmasına öz müsbət təsirini göstərdi.
Bütün bunlar göstərir ki, bu gün R.T.Ərdoğanın dilindən Novruz bayramı ilə bağlı səslənən milli şüarlar təsadüfi olmayıb, türk xalqlarının dövlətçilik təcrübəsinə, o cümlədən, Heydər Əliyevin milli quruculuq sahəsində təcrübəsinə əsaslanır. Bu cəhətdən, ulu öndərin Novruz bayramını "beynəlmiləlləşdirmək" istiqamətindəki düşüncə və fəaliyyəti bu gün özünün müsbət nəticələrini verməkdədir. Belə ki, bu fakt türk dövlətlərinin vahid siyasi qüvvəyə çevrilməsi baxımından bu gün xüsusi əhəmiyyət kəsb edir.
Novruz bayramının konseptual-fəlsəfi əsasları haqqında tədqiqata görə, bütöv Avropa, Asiya və Şimali Afrikada müxtəlif etnosların nümayəndələri tərəfindən qeyd olunan bu bayram həmin etnosların ana vətəni kimi dünyanın üç qitəsini, miqrasiyaların timsalında isə bütün materik və qitələri bir-birinə birləşdirən, onlar arasında sülh və sevgi yaradan ümumbəşəri harmoniya və sülh bayramıdır. Bu bayram siyasi coğrafiyası baxımından Avrasiya materikində və Şimali Afrikada Sibirdən Ön Asiyaya, Misirə və digər Şimali Afrika ölkələrindəki "Novruz" topluluqlarına, Asiyada Saxa-Yakutiyadan, Avropada Balkanlara, Krıma, Moldovaya, Çindən - Uyğurustandan Şimali Rusiya türk dövlətlərinə, onlardan Cənub-Şərqi Asiya ölkələrinə qədər çox nəhəng siyasi coğrafiyada yayılmışdır.
Bu amilləri ətraflı şəkildə bilən və onların rolunu dərindən anlayan Heydər Əliyev Novruz bayramına türk xalqlarını vahid milli mədəniyyət fenomeni ətrafında birləşdirən vəhdət modeli kimi baxır və öz fəaliyyətini bu istiqamətdə qururdu. Bu cəhətdən, Novruz bayramının 2009-cu ilin 30 sentyabrında YUNESKO-nun dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil edilməsi bilavasitə ulu öndərin milli siyasət perspektivlərinin beynəlxalq miqyasda təntənəsi idi.
Bu siyasətin davamlı inkişafı onda ifadə olundu ki, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 64-cü sessiyasında martın 21-i bütün dünyada "Beynəlxalq Novruz günü" elan edildi. Vurğulamaq istərdik ki, BMT-də qəbul edilmiş qərar Azərbaycan dövlətinin təşəbbüsü ilə reallaşmışdır.
Ə.Paşayevanın yazdığı kimi, 21 martın "Beynəlxalq Novruz günü" elan edilməsi hadisəsi Azərbaycan Respublikasının təşəbbüsü ilə baş vermiş və Azərbaycan dövlətinin bütün xalqlarla həmrəylik, dostluq və anlaşma şəraitində yaşamaq istəyini bir daha nümayiş etdirmişdir. 18 illik üzvlük dövründə Azərbaycan BMT-də böyük nüfuz qazanmış, onu özünün milli-mənəvi dəyərlərini dünyada yaymaq üçün mühüm bir tribunaya çevirmişdir. Bu isə bilavasitə ölkəmizdə mədəni dəyərlərin qorunub saxlanması və bərpasına ardıcıl göstərilən dövlət siyasətinin məntiqi nəticəsidir.
Novruz bayramının siyasi mahiyyəti onun dövlətlərarası mədəni inteqrasiyaya töhfə verməsi ilə əlaqədardır. Heydər Əliyev və İlham Əliyevin bu bayramı milli ideologiyanın əsas elementi kimi qəbul etməsi, onun müstəqil dövlət quruculuğunda rolunu gücləndirmişdir. Türkiyənin Novruzu milli birlik modeli kimi siyasi gündəminə daxil etməsi və Türk Dövlətləri Təşkilatının 2025-ci il sammitində bu bayramın xüsusi vurğulanması, onun türkdilli xalqların birləşməsi üçün strateji əhəmiyyət daşıdığını göstərir. Beləliklə, Novruz bayramı təkcə qədim mərasim deyil, eyni zamanda türkdilli və digər xalqlar arasında mədəni inteqrasiyanın fəlsəfi və konseptual modeli kimi çıxış edir. Onun mifoloji və dini kökləri, etnokulturoloji sintezi, geniş coğrafi yayılması və siyasi əhəmiyyəti onu dünya miqyasında vahid mədəni vəhdət sistemi kimi təsdiqləyir. Azərbaycan və Türkiyənin bu bayrama verdiyi önəm, onun strateji və ideoloji gücünü daha da artıraraq, türkdilli xalqların gələcək birlik modelinə töhfə verir. Novruzun bu universal funksiyası, onun insanlığın harmoniya və qarşılıqlı anlaşma prinsipləri çərçivəsində daha da inkişaf etməsinə zəmin yaradır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!