Azərbaycan ədəbiyyatında keçid ədəbi cərəyanı - modernizm - İsa HƏBİBBƏYLİ

İsa HƏBİBBƏYLİ

 

Sovetlər İttifaqının taleyində xüsusi bir hadisə olan Kommunist Partiyasının 14 fevral 1964-cü ildə keçirilmiş XX qurultayında İosif Stalinin timsalında şəxsiyyətə pərəstişin kəskin tənqid olunması və bu sahədə qəbul edilən sərt qərarlar cəmiyyət həyatının bütün sahələri kimi, ədəbiyyatın da istiqamətinin dəyişməsinə ciddi təkan vermişdir. Cəmiyyətdə baş vermiş "Xruşşov mülayimləşməsi" prosesləri ədəbiyyat və incəsənətdə sosialist realizmi yaradıcılıq metodunun önə çıxardığı partiyalılıq və sinfilik prinsiplərini xeyli dərəcədə zəiflətmişdir. Ədəbiyyatda həyat həqiqətlərinin və insan mənəviyyatının təsvir edilməsinə və tərənnüm olunmasına meyil get-gedə qüvvətlənməyə başlamışdır. Bu proses, öz növbəsində, yeni ədəbi nəsli - əllinciləri meydana çıxarmışdır. Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, İsa Hüseynov, Xəlil Rza, Məmməd Araz, Hüseyn Arif və başqalarının təmsil olunduğu bu ədəbi nəsil özündən əvvəlki ədəbiyyatda ideoloji tələbləri əks etdirməyə məcbur edilmiş yazıçı və şairlərlə az sonra ədəbiyyata gələn "altmışıncılar" ədəbi nəsli arasında körpü yaratmış, bədii düşüncədə ideologiyanın tilsimlərini qıraraq, həyat nəfəsinə meyli qüvvətləndirmişdir. Buna görə də biz Azərbaycan ədəbiyyatının "Əllincilər"ini nəzəri şəkildə "Aralıq ədəbi nəsil" adlandırmağı məqsədəuyğun hesab edirik. "Altmışıncılar" ədəbi nəsli - Anar, Elçin, Fikrət Qoca, Sabir Əhmədli, İsi Məlikzadə, Fikrət Sadıq, Fərman Kərimzadə, Ələkbər Salahzadə, İsa İsmayılzadə və başqaları isə "Aralıq ədəbi nəslin" - əllincilərin başladığı işi daha da dərinləşdirərək, sosializm ideyalarının təsvir və tərənnüm edilməsindən uzaqlaşmış, sovet hakimiyyətini açıq tənqid etmədən mövcud cəmiyyətdəki nöqsanları kəskin şəkildə diqqətə çatdırmış, "kiçik adamı" ədəbiyyatın böyük qəhrəmanı kimi təqdim etmişlər. Bu proses XX əsrin başlanğıc dövrünün, mollanəsrəddinçi epoxanın sənət ideallarının, klassik tənqidi realizmin yenidən təzahür etməsi, üzə çıxması olmaqla yanaşı, həm də müasir mərhələnin də reallıqlarını özündə əks etdirirdi. Keçmiş Sovetlər İttifaqındakı respublikaların hər birinin ədəbiyyatının öz "altmışıncılar"ı meydana çıxdığı üçün bu proses qaçılmaz bir şəkil almışdır. "Altmışıncılar" - bütövlükdə SSRİ miqyasında yeni ədəbi nəsil və müasir ədəbiyyatın yaradıcıları kimi meydana çıxmışdılar. Bu mənada, Çingiz Aytmatovun, ümumiyyətlə "altmışıncılar" haqqında aşağıdakı sözləri eynilə Azərbaycan "altmışıncılar"ının da fəaliyyət və xidmətlərinə aiddir: "Mən qəti əminəm ki, bu nəslin ("altmışıncılar"ın - İ.H.) ədəbiyyatda, teatrda, kinoda ən istedadlı nümayəndələri cəmiyyətin mənəvi, estetik və hətta ideoloji yeniləşməsində müstəsna rol oynadılar. Rusiyada da, keçmiş müttəfiq respublikalarda da azadlıq, demokratiya, müstəqillik ideyaları bu nəslin ən yaxşı nümayəndələrinin qurduğu təməllər üzərində yüksəldi".

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə siyasi hakimiyyətə gəlişi ilə "Xruşşov mülayimləşməsi"ndən başlanan yeni tipli ədəbi proses daha da davam və inkişaf etmək imkanı qazanmışdır. Bu isə, öz növbəsində, "altmışıncılar"a başladıqları gerçəkçi sənət yolunu ardıcıl olaraq davam etdirməyə münbit şərait yaratmışdır. Heydər Əliyev epoxasının ədəbiyyatın və ictimai fikrin aparıcı ideyasına çevirdiyi azərbaycançılıq idealı "yetmişincilər" ədəbi nəslini daha da cəsarətləndirmişdir. "Altmışıncılar"dan gerçəkliyə, "kiçik adam"a, adi həyat həqiqətlərinin təsvirinə üstünlük verilməsi estafetini qəbul etmiş "yetmişincilər" ədəbiyyatda həm də yüksək vətəndaşlıq çağırışları ilə səciyyələnmişlər. Sabir Rüstəmxanlının, Zəlimxan Yaqubun, Hidayətin, Kamal Abdullanın və başqalarının timsalında Azərbaycan ədəbiyyatında gerçəkliyin dərindən və hərtərəfli əks etdirilməsindən tədricən milli istiqlal ideyalarının səsləndirilməsinə doğru ciddi addımların atılmasına başlanılmışdır. Səksəninci illərdə ədəbiyyata gələn Ramiz Rövşən, Rüstəm Behrudi, Vaqif Bəhmənli, Vaqif Cəbrayılzadə və başqaları bədii düşüncədə sovet cəmiyyətinin çöküşü və xalqın azadlıq ideyalarının daha da qabarıqlaşdırılmasına doğru addımlar atmışlar.

Göründüyü kimi, tarix etibarilə qısa və mürəkkəb olan bu mərhələ XX əsrin altmışıncı illərində böyük təməlləri atılmış, yetmiş-səksəninci illərdə inkişaf etmiş milli-mənəvi özünüdərk və istiqlalçılıq ideyaları ilə XXI əsrin astanasında milli ədəbiyyat özünün yaranmaqda olan ən yeni dövrünə - müstəqillik mərhələsinə qədəm qoymuşdur. Ədəbiyyatda yaşanmış milli-mənəvi özünüdərk milli istiqlalın bünövrəsi, təməli və başlanğıcı idi. Belə bir təməl dövrünü yaşamadan birdən-birə istiqlalçılıq mərhələsinə keçmək mümkün ola bilməzdi. Milli-mənəvi özünüdərk milli azadlığın start nöqtəsidir. Milli özünüdərkə qayıdış və istiqlalçılıq mərhələsində ədəbiyyatda başlanan və qüvvətlənən ümummilli ideallar Azərbaycanda dövlət müstəqilliyinin qələbə çalması ilə özünün ali məqsədinə çatmışdır. Beləliklə, XX əsrin əllinci illərində sosialist realizmi yaradıcılıq metodunun tilsimləri sındırılmış, buzları əriməyə başlamışdır. "Altmışıncılar" artıq Cəlil Məmmədquluzadənin və ümumiyyətlə mollanəsrəddinçilərin ədəbiyyata gətirdikləri tənqidi realizmi yenidən fərqli səviyyədə dirçəltməyi bacarmışlar. Tənqidi realizm və Qərbdən gələn ekzistensializm meyilləri Azərbaycan ədəbiyyatında sosialist realizminin yerində elan olunmamış yaradıcılıq metodlarının funksiyalarını ifadə etmişlər. Bunlar Azərbaycan ədəbiyyatında yeni dövrün yaratdığı yeni ədəbi cərəyana - modernizmə keçid funksiyasını yerinə yetirmişlər. Beləliklə, Azərbaycan ədəbiyyatında tək metodla ədəbiyyat dövrü süquta uğramış, çoxmənalı ədəbiyyatın əsası qoyulmuşdur.

Azərbaycan ədəbiyyatında 1960-1980-ci illərdəki milli-mənəvi özünüdərk, həyata və insana dönüş və istiqlalçılıq idealları ilə əlaqədar sənətdə baş vermiş yeniləşmə hərəkatı modernizm mərhələsini yaratmışdır. Lakin ədəbiyyatdakı böyük dəyişmələrə ümumi şəkildə modernizm desək, onda bu axının mənşəyini ədəbiyyat tarixinin daha qədim dövrlərində axtarmalı olarıq. Hətta Azərbaycanda ədəbiyyat nəzəriyyəsi üzrə meydana çıxan son tədqiqatların birində filologiya elmləri doktoru Pərvanə İsayeva "Modernizm Renessans ilə başlanmışdır" - qənaətini də irəli sürmüşdür. Bununla belə, modernləşmə hərəkatı XIX əsrdən etibarən Azərbaycan ədəbiyyatında davamlı olaraq baş vermiş, bütün mərhələlər üzrə ədəbi prosesin inkişafına təkan vermişdir. Fikrimizcə, Azərbaycanda modern ədəbiyyatın ən böyük nümayəndələrindən biri Mirzə Fətəli Axundzadə olub, yaşadığı cəmiyyətdə və ədəbiyyatda islahatlar aparmış, maarifçilik hərəkatının əsas simasına çevrilmişdir. Cəmaləddin Əfqaninin islam mədəniyyətində və müsəlman aləmində apardığı modernləşmə cəmiyyətin müasirləşdirilməsi və inkişaf etdirilməsində mühüm rol oynamışdır. Tanınmış tədqiqatçı Azər Turanın yazdığı kimi, "Müsəlmanların bir mərkəzdən idarə olunmasını, bütün müsəlman ölkələrinin bir konqresdə toplanmasını, ümmət fəlsəfəsini sarsıtmayacaq hər bir islam millətinin dil özgürlüyünə sahib olmasını" istəyən Cəmaləddin Əfqani də modernist idi.

Bizə görə, böyük demokrat Cəlil Məmmədquluzadənin yaradıcılığı və bütövlükdə mollanəsrəddinçilik hərəkatı da çox mühüm modernləşmə hadisəsidir. Cəlil Məmmədquluzadə və mollanəsrəddinçilik həm ədəbiyyatı, həm də ictimai mühiti hərəkətə gətirib yeniləşdirmək və irəli aparmaq yolunda böyük xidmətlər göstərmişdir. "Molla Nəsrəddin" ədəbi məktəbi modern ədəbiyyatın mübariz ədəbi cəbhəsidir. XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında baş vermiş yeniləşmə, modernləşmə tənqidi realizm ədəbi cərəyanını doğurmuşdur. "Molla Nəsrəddin" ədəbi məktəbi və tənqidi realizm ədəbi cərəyanı konkret tarixi şəraitdə - XX əsrin əvvəllərində eyni, vahid ədəbiyyat platformasının modern ifadəsi qismində çıxış etmişdir.

Sosialist realizmi özü də yaradıcılıq metodu kimi klassik realizmdən fərqlənən ədəbi istiqamət idi. Hətta bu dövrdə ədəbiyyatda modernist baxışın böyük yaradıcıları da meydana çıxmışdır. Xalq şairi Rəsul Rzanın və onun davamçılarının yaradıcılığı özündən əvvəlki klassik poeziya ənənələrindən fərqli olan modern ədəbiyyata əsl nümunə idi. Azərbaycan ədəbiyyatında yeni tipli sərbəst şeir məktəbi yaratmış Rəsul Rzanın məşhur "Rənglər" şeirlər silsiləsi nəinki Azərbaycan şeirində, ümumiyyətlə sovet poeziyasında yeni hadisə idi. Lakin sosialist realizmi yaradıcılıq metodunun əsasən siyasi xarakter daşıması və bu metodun irəli sürdüyü partiyalılıq və sinfilik prinsipləri sovet dövründə gerçək ədəbiyyatdan daha çox, ideoloji sxemlərin əsasında yaranan bədii əsərlərin meydana çıxmasına kökləndiyi üçün həmin mərhələnin ədəbiyyatında modernizm geniş mənada ədəbi cərəyan kimi inkişaf tapa bilməzdi.

XX əsrin altmışıncı illərindən başlayaraq sosialist realizminin mövqeyi zəiflədikdən sonra Azərbaycan ədəbiyyatında yenidən modernist hərəkat müşahidə olunmuşdur. Azərbaycan "altmışıncılar"ının ədəbiyyatda vahid cəbhə kimi meydana çıxmaları və ideologiyadankənar bir mövqedən yazıb-yaratmaları ədəbi-ictimai proseslərin konkret bir hərəkat səviyyəsinə qalxmasına şərait yaratmışdır. Nəinki sosialist realizmi yaradıcılıq metodunun hüdudlarına sığmayan, hətta əksər hallarda bu metodun cazibəsindən çıxaraq, öz ideya-estetik prinsiplərini meydana qoyan "altmışıncılar"ın konkret tarixi şəraitdəki fəaliyyətləri, vahid ədəbi mövqe və fərqli üslub yaxınlıqları ədəbi cərəyan formatına daha çox uyğun gəlirdi. Lakin "altmışıncılar" hərəkatı sovet hakimiyyəti illərinə təsadüf etdiyindən, o zaman sosialist realizmindən kənar hər hansı bir fərqli yaradıcılıq metodundan və ya ədəbi cərəyandan söhbət açılması mümkün olmamışdır. Hətta elmi ədəbiyyatda modernizm təzahürləri Qərbdən gələn və sosialist realizminin əleyhinə olan yad meyillər kimi tənqid olunmuşdur: "Modernist incəsənət (o cümlədən, ədəbiyyat - İ.H.) bizim epoxa, onun çətin problemləri haqqında "öz sözü"nü demək üçün nəhayətsiz pessimizm və mistika düşüncəsini təqdim edir... Bu isə tamam mücərrəd olub, şərlə mübarizədə insanın aktiv fəaliyyət səviyyəsinə çatdırılmasına imkan vermir. Bu, "yeni ədəbiyyat"ın "sənət-həyat" prinsipinin üzvi tərkib hissəsi olmasına maneçilik törədir, onun həyat həqiqətləri ilə əlaqəsini qırır" (M.Qus. Modernizm bez maski. - Moskva: Sovetskiy pisatelğ, 1966, s.7).

Buna baxmayaraq, sovet ədəbiyyatşünaslıq elmi XX əsrin altmış-yetmişinci illərində sosialist realizmi yaradıcılıq metodunun "imkanlarının genişlənməsi" pərdəsi altında yeni metod və cərəyanların yaranması ideyasını qəbul etməli olmuşdur. Xüsusən, yetmişinci illərdə sosialist realizminin artıq böyük yol keçmiş və inkişaf etmiş sovet dövrü insanının həyatını və mənəvi aləmini bütün dərinliyi və genişliyi ilə əks etdirməkdə çətinliklə üzləşdiyi elmi şəkildə etiraf olunmuşdur. Yalnız düşünülmüş şəkildə tapılmış sosialist realizminin "imkanlarının genişlənməsi" formatı tədricən elmi ədəbiyyatdakı yeniləşmə və dəyişikliklərdən bəhs etməyə imkan yaratmışdır.

Ədəbiyyat bu imkandan yararlanaraq həyata, insana, xalqa, gerçəkliyə doğru böyük dönüş etmişdir. Xalq yazıçısı Anarın yazdığı kimi, "1956-cı ildə Kommunist Partiyasının XX qurultayında Xruşşov Stalin dövrünün əyintilərini, cinayətlərini, zülmlərini faş edəndən sonra, obrazlı şəkildə desək, "buzların əriməsi", ya da "ilıq havalar" deyilən bir dönəm yarandı... Bir qurtum azadlıq havası bütün sovet ədəbiyyatında, incəsənətində, o cümlədən, Azərbaycanda da canlanma dalğası doğurdu... O günə qədər malalanmış ideoloji cızıqdan çıxmayan ədəbiyyat... bunacan ört-basdır edilən həqiqətləri üzə çıxaran örnəklər qazandı... Ədəbiyyatımızda təzələşmənin əsas yükünü daşımaq "altmışıncılar" nəslinin üstünə düşdü" (Anar. Söz dünyası. - Bakı: Şərq-Qərb, 2018, s.50-51).

XX qurultaydan sonra sovet cəmiyyətinin həyatında baş vermiş dəyişikliyin dalğasında ədəbiyyata gələn yeni nəslin - "altmışıncılar" nəslinin bütün ədəbi cəbhə boyu ardıcıl fəaliyyəti ədəbiyyatda sosialist realizmi yaradıcılıq metodunun "buzları"nı əritmiş və modernizmə doğru geniş yol açmışdır.

Məhz XX əsrin altmışıncı illərindən başlayaraq Azərbaycan ədəbiyyatının xarakteri ciddi şəkildə dəyişmiş və yeniləşmişdir. Qısa müddətdə "altmışıncılar"ın sıraları genişlənərək Azərbaycan ədəbiyyatında xüsusi bir ədəbi cəbhə kimi diqqəti cəlb etmişdir. "Altmışıncılar"ın mövzuları və qəhrəman tipləri də mövcud sovet ədəbiyyatından fərqli idi. Bu ədəbi nəsil adi həyat həqiqətlərini və sadə "kiçik adam"ı böyük ədəbiyyatın əsas meydanına çıxarmışdır. Onların yaratdıqları lirik-psixoloji əsərlər, intellektual poeziya, realist-satirik ədəbiyyat, dram-monoloq, esse və s. ədəbiyyatda fərqli hadisələr idi. Sovet cəmiyyətinin sərt ideoloji prinsipləri modernizmin özünü bəyan edən cərəyan kimi ədəbi prosesə daxil olmasına imkan verə bilməzdi. Ona görə də Sovetlər İttifaqında, o cümlədən, Azərbaycanda modernizm sosializm cəmiyyətinin vahid ədəbi prosesinin içərisində formalaşmışdır. Bu səbəbdən modernizm açıq proqramı, bəyan edilmiş nizamnaməsi ilə deyil, ədəbiyyatdakı keyfiyyət dəyişiklikləri ilə özünü büruzə vermişdir. Yeni nəslin yeni tipli ədəbiyyatı, bir növ, modernizmin ədəbi prosesdəki bəyannaməsi funksiyasını həyata keçirmişdir. Anarın "Bayram həsrətində", Elçinin "Min gecədən biri", Sabir Əhmədlinin "Bir payız axşamı" hekayələr kitabları, Əli Kərimin "İki sevgi", "Həmişə səfərdə", "Qızıl qanad", Fikrət Qocanın "Hamıya borcluyam", "Dənizdə ay çiməndə", İsa İsmayılzadənin "Ulduzların ad günü" şeir topluları Azərbaycanda modern ədəbiyyatın canlı örnəkləri kimi ədəbi mühitə yeni ab-havanın gəldiyini nümayiş etdirmişdir. Anarın "Ağ liman", "Dantenin yubileyi", Elçinin "Açıq pəncərə", "Sos" və "Dolça" povestləri, İsi Məlikzadənin "Özgə anası", Sabir Əhmədlinin "Aran" romanı, "Arabaçı" hekayəsi və s. Azərbaycan ədəbiyyatında modern bədii düşüncənin dərinləşdiyini və möhkəmləndiyini sübut edən əsərlər idi.

XX əsrin altmış-yetmişinci illərində meydana çıxmış elmi əsərlər və ədəbi-tənqidi məqalələrlə adı çəkilmədən yeni bir ədəbi cərəyan - Azərbaycan modernizmi öz konsepsiyasını irəli sürmüşdür. Fikrimizcə, Anarın "Nəsrin fəzası" və "Dədə Qorqud dünyası", elmi-ədəbi esseləri, Elçinin "Hekayə janrı: imkanlarımız və iddiamız", "Müasir tənqidimiz: vəziyyət və vəzifələr", Yaşar Qarayevin "Mirzə Cəlilin Novruzəlisi" məqalələri, Akif Hüseynovun "Nəsr və zaman" silsiləsi bir növ Azərbaycan modernizminin ideya-sənətkarlıq xüsusiyyətlərini meydana qoymuşdur. Bu elmi-ədəbi məqalə və esselərdə yeni ədəbiyyatın əsas prinsipləri və vəzifələri bəyan olunmuşdur. Dəqiq təhlillərə və ümumiləşdirmə imkanlarına malik olan Anarın "Nəsrin fəzası" məqaləsini yeni dövr Azərbaycan ədəbiyyatının, modernizm ədəbi cərəyanının manifesti adlandırmaq olar. "Nəsrin fəzası" məqaləsindən gətirdiyimiz aşağıdakı tezislər modern ədəbiyyatın, modernizm ədəbi cərəyanının bəyanatı kimi səslənir: "60-cı illərdəki Azərbaycan nəsrinin (ədəbiyyatının - İ.H.) ən yaxşı nümunələri öz sələflərinin bir çox estetik və etik meyarlarına münasibətdə müəyyən mənada daxilən polemik ruhda idi. Bu nəsri artıq birmənalı cavablar qane etmirdi; bu nəsr - həqiqəti aydınlığın qurtardığı xəttin o tayında axtarıb tapmağa çalışırdı. Bu nəsr hər şeyi bir rəngdə - çəhrayı və qara rəngdə görmək istəmir, insanları müsbət və mənfi, təqlidə və ya inkara layiq deyə, iki qismə bölmür və ümumiyyətlə, təqlid üçün qəhrəmanlar yaratmağa can atmırdı. Bu sözün - "təqlid" anlayışının arxasında gizlənən mənəvi süstlüyü, əqli ətaləti sevmirdi; öz axtarışlarında təqlidçilərə deyil, düşünən insanlara üz tuturdu; ucdantutma hər şeyi izah etməyə deyil, bu dünyanı dərk edib anlamağa, özü də oxucuları ilə bir yerdə dərk edib anlamağa can atırdı; onların əvəzinə yox, məhz onlarla bir yerdə! Bu nəsr "mənfi qəhrəman"da da insanı görə bilirdi, ona bəraət qazandırmaq üçün deyil, onu dinləmək üçün. Əlbəttə, bu nəsr igidlik, namus, ləyaqət, vicdan kimi yüksək anlayışlardan imtina etmirdi və imtina edə də bilməzdi".

Azərbaycan ədəbiyyatında modernizm cərəyanı konkret tarixi dövrü - XX əsrin altmış-səksəninci illərini əhatə edir. Bu, sovet cəmiyyətində, o cümlədən də, Azərbaycanda "Xruşşov mülayimləşməsi" ilə milli-mənəvi özünüdərk və müstəqillik qurulması uğrunda mübarizə mərhələsini özündə birləşdirir. Bu, Azərbaycan ədəbiyyatında modernizm makro-epoxası kimi səciyyələnən bir mərhələdir. Ümumiyyətlə, modernizm üçün səciyyəvi olan "müasirlik, yenilik və modernləşmə" (Ö.L.Üvetkov. Modern i modernizm v literaturovedenii. Sm.: Vestnik Permskoqo Universiteta. 2010, vıpusk 6/12, s.197) kimi xüsusiyyətlər XX əsrin altmış-səksəninci illərində yazıb-yaratmış bütün ədəbi nəsillərin yaradıcılığında bu və ya digər dərəcədə müşahidə olunmuşdur. Bununla belə, Azərbaycan ədəbiyyatında modernizmin lokomotivi funksiyasını "altmışıncılar" həyata keçirmişlər. Bu ədəbi nəslin XX əsrin altmışıncı illərində yenidən Azərbaycan ədəbiyyatındakı klassik tənqidi realizm ənənələrinə - mollanəsrəddinçiliyə qayıdışı ədəbiyyatda bir daha həyatı və insanı kəşf etməyə yol açmışdır. Lakin "altmışıncılar"ın tənqidi realizmi klassik Azərbaycan tənqidi realizmindən fərqli olub, mövcud siyasi rejimi açıq deyil, örtülü bədii vasitələrlə, dolayı yolla tənqid etmək üsuluna istinad etmişdir. Onların yaradıcılığında sovet cəmiyyətinin tənqidi yox, daxildən çökməsi, çürüməsi, aşınması prosesləri və cəmiyyətin yeniləşməsi, müasirləşməsi zərurəti, habelə insanın daxili-mənəvi təkamülü öz əksini tapmışdır. Bu, yeni keyfiyyətli tənqidi realizm əslində sosialist realizmindən modernizmə keçidin başlanğıcı idi. Cəmiyyət hadisələrinə obyektiv münasibət, hər cür təntənəli, dəbdəbəli təsvir üsulundan uzaq olmaq, vətəndaşlıq ruhu, milli-mənəvi özünüdərk, həyatilik, insana dönüş, istiqlal düşüncəsi və s. bu tarixi mərhələnin əsas səciyyəvi xüsusiyyətləridir. Beləliklə, Azərbaycan ədəbiyyatında sosialist realizmindən modernizmə keçid yeni tipli tənqidi realizmdən keçməklə baş vermişdir. "Xruşşov mülayimləşməsi" dövründən ədəbiyyatda ilk əlamətləri müşahidə edilən tənqidi realizm "altmışıncılar"ın ədəbiyyata gəlişi ilə bir qədər də yetkinləşmişdir. Anarın "Molla Nəsrəddin - 66" satirik hekayələr silsiləsi bu dövrün yeni tipli tənqidi realizminin ən səciyyəvi xüsusiyyətlərini özündə əks etdirir. "Molla Nəsrəddin - 66"da Anarın "Zarafatsız" essesi yeni tarixi dövrün "Sizi deyib gəlmişəm"i idi. Həmçinin Anarın "Gülməşəkər kəndinin hekayəsi" bu tarixi mərhələyə Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povesti kimi gəlmişdi. Altmışıncıların digər nümayəndələrinin yaradıcılığında da ifşa deyil, islah ruhlu tənqid notları və kiçik adama dönüş müşahidə olunmaqda idi. Qərb ölkələrində həmin dövrdə ədəbi hərəkatı istiqamətləndirən ekzistensializm cərəyanının Sovetlər İttifaqına sızması ümumən sovet ədəbiyyatında, o cümlədən də, Azərbaycan ədəbiyyatında gedən yeniləşmə proseslərinə dəstək funksiyasını həyata keçirmişdir. Prosesin sürətlənməsi yeni ədəbi baxışların formalaşmasına ciddi təkan vermişdir. Beləliklə, yeni tipli tənqidi realizm sosialist realizmindən modernizm ədəbi cərəyanına keçid rolunu oynamışdır. Rus ədəbiyyatşünaslığında "sosialist tənqidi realizmi" adlandırılan yeni tipli tənqidi realizmi ədəbi cərəyana çevrilə bilməsə də, modernizm ədəbi cərəyanının formalaşdırılması vəzifəsini yerinə yetirmişdir. Sosialist realizmindən ayrılma prosesi tənqidi realizmdən keçərək modernizmə çevrilmişdir.

Bununla belə, modernizm özü də keçid xarakterli ədəbi cərəyan idi. Buradakı "keçid" anlayışını heç cür Azərbaycan cəmiyyətində 1991-1995-ci illərdə yaşanmış "keçid dövrü" ilə eyniləşdirmək olmaz. XX əsrin 60-80-ci illərində mövcud olan modernizm təkmetodlu sosialist realizmi yaradıcılıq metodu ədəbiyyatın müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatına keçid funksiyasını yerinə yetirmişdir. Bu, mövcud ideoloji baryerlərə görə bəyan edilməsi mümkün olmayan, ədəbiyyatda gedən yeniləşmə proseslərinin təbii axarında meydana çıxan elan olunmamış ədəbi cərəyan idi. Əksinə, Azərbaycan ədəbiyyatında modernizm 1991-1995-ci illərin keçid dövründə fəaliyyətini başa çatdırmışdır. Modernizm keçid dövrünün deyil, keçid ədəbiyyatının ədəbi cərəyanı idi.

Sovet İttifaqı miqyasında Aleksandr Tvardovskinin baş redaktoru olduğu "Novıy mir" və Sergey Barudzinin çap etdiyi "Drujba narodov" jurnalları "altmışıncılar" ədəbi nəslini öz ətrafında birləşdirib, vahid axına çevirən mətbuat orqanları kimi fəaliyyət göstərmişdir. Dövrün tədqiqatçılarının qeyd etdikləri kimi, Valentin Katayevin redaktorluğu ilə nəşr edilən "Oqonyok"un da özünəməxsus siması, üstünlükləri və ideya-üslub istiqaməti var idi. Bu jurnalda azad düşüncəli ziyalıların əsərləri çap olunurdu. Burada təkcə yaxşı yazan yox, həm də asan və müasir dildə yazmağı bacaran ədəbi qüvvələr çap olunurdular (M.Veller. Oqonğ i aqoniə. - Moskva: İzdatelğstvo ASQ, 2018, s.56-57). Azərbaycanda həmin funksiyaları "Qobustan" incəsənət toplusu və qismən də "Ulduz" gənclik jurnalı həyata keçirmişdir. Azərbaycan "altmışıncıları"nın böyük əksəriyyəti nəinki bu jurnallarda əsərlərini çap etdirmiş, hətta bu mətbuat orqanları rəsmi şəkildə onların iş yerinə çevrilmişdir. Mətbuat orqanlarında təmsil olunmaq baxımından ədəbi mühitdə maraqlı bir mənzərə müşahidə edilirdi. XX əsrin altmışıncı illərində Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanları olan "Azərbaycan" jurnalı, "Ədəbiyyat və incəsənət" qəzeti daha çox xalq yazıçılarının, fəxri adları olan ağsaqqal nəslin, təcrübəli yazarların əsərlərini çap edirdi. Anarın redaktorluğu ilə nəşr edilən "Qobustan" incəsənət toplusunda və yeni nəşrə başlayan "Ulduz" jurnalında isə yeni ədəbi nəsil - "altmışıncılar", az sonra yetmişincilər təmsil olunmuşlar. XX əsrin əvvəllərində "Molla Nəsrəddin" və "Füyuzat" jurnallarının ədəbi gedişatda oynadığı rolu yeni tarixi mərhələdə daha çox "Qobustan" və müəyyən dərəcədə "Ulduz" jurnalları həyata keçirmişdir.

Sovet dövrü Azərbaycan ədəbiyyatının sosialist realizmindən modernizmə qədər keçdiyi yol ideoloji təmayüllü ədəbiyyatdan ümummilli mənafelərə xidmət edən, həyatı və insanı əks etdirən ədəbiyyatadək yaşanan böyük yolun reallıqlarını əks etdirir. Modernizm - ədəbiyyatın ideya - məzmunca və bədii forma etibarilə modernləşdirilməsi prosesi müstəqillik dövründə genişlənərək və daha da inkişaf edərək postmodernizm, dekadentizm, magik realizm, akademizm və sair kimi yeni tipli ədəbi cərəyanların meydana çıxmasına zəmin hazırlamışdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!