İsmayıl Qaspıralı Həsən bəy Zərdabi və "Əkinçi" haqqında - Abid TAHİRLİ

 

Azərbaycanı bütün varlığı ilə sevən, onun mədəniyyətinə qırılmaz tellərlə bağlı olan böyük ideoloq, naşir, redaktor, yazıçı-publisist, tənqidçi, tərcüməçi, ideya və əməlləri ilə bütün dünya müsəlmanlarının, xüsusilə, Rusiya imperiyasının zülmü altında inləyən türklərin taleyində, tərəqqisində misilsiz xidmətlər göstərmiş, onların ictimai-siyasi, mədəni, mətbu həyatında yeni mərhələ açmış, öz dildaşları və dindaşlarının təfəkkür tərzində dönüş yaratmış İsmayıl Qaspıralının (1851-1914) uzaqgörənliklə ortaya atdığı "Dildə, fikirdə, işdə birlik" şüarı həmişəyaşarlılıq statusu almış, illər ötdükcə aktuallığını artırmışdır. O, öz qəzetinə "Tərcüman" (1883-1918-ci illərdə Krım, Baxçasaray şəhəri) adını verməklə və yeni tipli "üsuli-cədid" məktəblər şəbəkəsini yaratmaqla səpələnmiş, parçalanmış, hüquqları əlindən alınmış türkdilli xalqları birləşdirmək, onların istəyini, iradəsini ifadə etmək kimi tarixi missiyanı öz üzərinə götürmüş oldu və son nəfəsinədək bu vəzifənin həyata keçirilməsi uğrunda mücadilə apardı.

İsmayıl Qaspıralı dünyadakı türk məskənlərini, türklərin məskunlaşdığı ölkələri - Osmanlı imperiyası, Çar Rusiyası, Şimali Afrika (Misir, Tunis, Sudan) Hindistan, Orta Asiya ərazilərini gəzir, soydaşlarının mədəni irsi ilə maraqlanır, əsərlərində onları işıqlandırırdı. İstedadlı həmkarımız Azər Turanın təbirincə desək, "Həzrəti Musanın sehrli əsasına bənzəyən "Tərcüman"ı ilə küfran dənizini yaran bu böyük kəramət sahibi türk milli varlığının müqəddəs yazılarını Baxçasaraydan Bombeyə, Bakıdan Qahirəyə, Balkanlardan Çin səddinə yaymağı bacardı". Unudulmaz professor Xeyrulla Məmmədov İ.Qaspıralı haqqında yazdığı məqalələrin birində göstərirdi ki, naşir-mühərririn Bakıda S.M.Qənizadə və N.Nərimanov, İrəvanda F.Köçərli, Naxçıvanda M.T.Sidqi, Şuşada H.Vəzirov və H.X.Qaradaği, Qoridə A.O.Çernyayevski və S.Vəlibəyov, Tiflisdə M.H.Qayıbov və Ə.Axundzadə, Teymurxanşurada M.Ə.Talıbov, Peterburqda Ə.Haqverdiyev və başqaları ilə yaradıcılıq əlaqələri diqqəti cəlb edir. O, "Tərcüman"ı və yeni tipli məktəblər açmaq istəyi və ideyası ilə Bakı, Şuşa, Şəki, Şamaxı, Gəncə, Naxçıvan, Ordubad, İrəvan, Tbilisi, Lənkəran, Qəbələ, Quba, Göyçay, Salyan, Bərdə, Ağdam... kimi bölgələri də qarış-qarış gəzmiş, maarifçilik toxumu səpmişdir.

İ.Qaspıralının yaradıcılığında, fəaliyyətində Azərbaycan maarifçiləri ilə əlaqə və əməkdaşlığının misilsiz xidmətləri olmuşdur. Onun M.F.Axundzadə, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Sultan Məcid Qənizadə, Ünsizadə qardaşları, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Məhəmmədağa Şahtaxtlı, Nəriman Nərimanov ... kimi xadimlərin ədəbi-mədəni fəaliyyəti ilə bağlı çoxsaylı qeydləri, Molla Pənah Vaqifin, Seyid Əzim Şirvaninin, Qasım bəy Zakirin şeirləri, Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" komediyası haqqında rəy və resenziyaları, eləcə də "Əkinçi", "Ziyayi Qafqaziyyə", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "İrşad", "İqbal", "Səda", "Həqiqət", "Molla Nəsrəddin", "Məktəb" kimi Azərbaycan mətbuat nümunələri, xüsusilə, onların dil sahəsindəki fəaliyyətləri ilə əlaqədar çoxsaylı mülahizə və mühakimələri fikrimizi təsdiqləyir.

Yuxarıda qeyd etdiyimiz kimi, İ.Qaspıralının ədəbi, mədəni, mətbu, hətta şəxsi tərcümeyi-halında Baxçasaraydan, Krımdan sonra Bakı, Azərbaycan gəlir. Bu baxımdan Azərbaycan mətbuatı ilə də bağlı İ.Qaspıralının fikirləri, qənaətləri çox yerində və təbii görünür. O, "Tərcüman" qəzetində dərc etdirdiyi "Cəlal əfəndinin "Kəşkül" məcmuəsi" (8 may 1883, № 4), "Təəssüf" (5 dekabr 1891, № 42), "Tiflisdə yeni qəzet" (19 aprel 1903, № 15), "Lisan məsələsi" (4 noyabr 1905, № 90; 7 noyabr 1905, № 91), "Açıq məktub" (15 mart 1906, № 26), "Dil haqqında" (18 dekabr 1906, № 142), "Dil ətrafında" (30 iyul 1913, № 169; 31 iyul 1913, № 170), "Yenə dil ətrafında" (4 sentyabr 1913, № 194), "Məsələlər-qəzetlər" (15 oktyabr 1913, № 227), "Xoşbəxt ekizlər" (22 aprel 1914, № 88), "Molla Nəsrəddin" (5 yanvar 1914, № 4) kimi məqalələrində "Əkinçi", "Kəşkül", "Ziya", "Ziyayi-Qafqaziyyə", "Şərqi-Rus", "Həyat", "İqbal", "Molla Nəsrəddin", "Məktəb" kimi mətbu orqanlardan, onların naşir, redaktor və əməkdaşlarından, qəzet və jurnalların toxunduqları problemlərdən, materialların dil-üslub, sənətkarlıq məsələlərindən, bu nəşrlərin Rusiya müsəlmanlarının tarixində və taleyində oynadığı mühüm roldan gen-bol bəhs etmişdir.

Ədibin irsində "Əkinçi" qəzeti və onun naşiri Həsən bəy Zərdabi barədə dəyərli, bu gün də aktuallığını itirməyən maraqlı materiallar var. "Baxçasaraydan Daşkəndə səyahət" oçerkində "təhsil və tərbiyə işləri üzrə tanınmış mütəxəssis Həsən bəylə bir mahalda, bir məclisdə görüşməyi, söhbət etməyi özü üçün böyük ləzzət olduğunu" qeyd edən İsmayıl Qaspıralı "Rusiya müsəlmanlarının mədəniləşməsinin başlanğıcı" məqaləsində milli qəzetçilik tarixinə ilk imzanı atan H.Zərdabinin xidmətini yüksək dəyərləndirərək yazırdı: "Bakı şəhərində Həsən bəy Məlikov cənabları tərəfindən "Əkinçi" adında türkcə qəzet təsis edib az müddət davam etmiş isə də, donmuş və buzlamış fikirlərə ildırım kimi ziya vermiş idi". "Dillərin birləşdirilməsi gəlir" adlı yazısında İ.Qaspıralı Həsən bəyin qəzet açmaqla "Qafqazda ədəbi dilə və ali türk məsləyinə xidmət etdiyinin inkaredilməz" olduğunu vurğulayır. İsmayıl bəy Həsən bəy Zərdabinin tarixi xidmətini qədirbilənliklə qeyd edir və onun qəzet açmaq təşəbbüsünü Rusiya müsəlmanlarının həyatında müstəsna hadisə kimi qiymətləndirirdi: "1875-ci ildə mərhum şeyximiz Həsən bəy Məlikovun şəxsi təşəbbüsü ilə Bakıda "Əkinçi", bir az sonra general Staroselskinin maddi köməyi ilə Tiflisdə mərhum Səid Əfəndi Ünsizadənin "Ziyayi-Qafqaziyyə" qəzeti çıxarılmışdı. Həm bunları, həm də İstanbulun "Təqvim-i vəkəyi" və "Bəsirət"ini gözə aldırıb biz də bu "Tərcüman"ın vücuda gətirilməsinə və davam etdirilməsinə çalışdıq ("Dil ətrafında"). İsmayıl bəy Azərbaycan mətbuatını dərindən izləyir, qəzetlərin cəmiyyət həyatındakı rolu barədə fikirlərini bölüşür, lakin bununla kifayətlənmir, məqalələri mövzu, dil, üslub, sənətkarlıq baxımından təhlil edir, müəyyən qənaətlərə gəlir. O, "Məsələlər-qəzetlər" adlı məqaləsində M.F.Axundovun əsərlərinin, "Əkinçi", "Ziyayi-Qafqaziyyə" qəzetlərinin timsalında həmin dövrün dili ilə "Həyat", "İrşad" və "İqbal"ın timsalında son dövrün dilini müqayisə edir və dilin inkişafını nümunə kimi göstərir. Bir nümunəyə diqqət edin: "Əkinçi" və "Ziyayi-Qafqaziyyə"nin dilinə baxın, bugünkü (1913) "İqbal"ın dilinə də baxın: millətin qəzeti Azəri şivəsi ilə yazılmır. Ümumilik yoluna girmiş sadə türkcə yazılır. "Tərcüman" da elədir, biz də "İqbal"ın dilindən istifadə edirik ("Dil ətrafında").

Həsən bəy Zərdabinin və onun "Əkinçi"sinin Azərbaycan xalqının tarixində və taleyində oynadığı rolu İ.Qaspıralının "Farsimi, türkimi" məqaləsindəki aşağıdakı cümləsindən daha yaxşı necə ifadə etmək olar, bilmirəm: "Mərhum Həsən bəy Məlikovun təşəbbüsündən bu günə qədər Azərbaycanda türk dili çalışıldı; qəzetlər, teatrlar, risalələr türk dilində nəşr edildi... qardaş-qardaşı gördü, tanıdı, təkrar qucaqlaşdı, birləşdi..."

 

Qəbələ, 5 iyul, 2025-ci il

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!