Kəmaləddin Kamudan Əhməd Ağaoğluna - Dilqəm ƏHMƏD

Dilqəm ƏHMƏD

 

Təxminən, 10 il əvvəl Əhməd bəy Ağaoğlunun qızı Tezer Taşkırana aid geniş bir arxivi satın almışdım. Bu arxivdə Tezer xanıma aid müxtəlif sənədlər, məktublar, fotoşəkillər və sair maraqlı materiallar mövcuddu. Əldə etdiyimiz arxivi təsnif edərkən qovluqda atasına aid də bəzi materiallar olduğunu gördük. Xüsusən, Cəmaləddin Əfqaniyə, Çin vaizi dağıstanlı Seyid Tahir əfəndiyə, dövrün önəmli şəxsiyyətlərinə aid fotoşəkillər vardı. Onlar arasında arxasında əski əlifbada şeir yazılmış bir fotoşəkil də mövcuddu. İki nəfər şəxsin təsvirinin olduğu şəkildə sol tərəfdə əski əlifbada bu yazı qeyd olunub: "Muhterem ve muazzez üstadım Ağaoğlu Ahmed Bey efendiye:  29 Temmuz 923. Kemalettin Kamu".

 

Kəmaləddin Kamu kimdir?

 

Türk ictimai-siyasi xadim, şair Kəmaləddin  Kamu 14 sentyabr 1901-ci ildə Bayburt şəhərində doğulub. Ərzurumun tanınmış ailələrindən Kılcızadələrə mənsubdur. Atası Osman Nuri əfəndi Bayburt, Həsənqala, Rifahiyə kimi bölgələrdə maliyyə məmuru kimi çalışıb, təqaüdə çıxdıqdan sonra Rifahiyədə bələdiyyə rəisi seçilib. Anası da Ərzurumun tanınmış simalarından Mustafa əfəndinin qızı Xeyriyyə xanımdır.

Kamunun uşaqlığı Ərzurumda keçib, məsciddə imamlıq edən atasının yaxın dostu Xəlil əfəndidən ərəb və fars dili dərsləri alıb. 1910-cu ildə Ərzurum edadisində ibtidai sinfə başlayıb, 1911-ci ildə atasının təyini çıxdığı üçün Rifahiyə qəzasındakı məktəbdə təhsilini davam etdirib. 1916-cı ildə ilk təhsilini tamamlayan Kamu həmin tarixdən etibarən şeirlər yazmağa başlayıb. Atası bu qəzanın bələdiyyə rəisi olduğu dövrdə Kəmaləddin bəy də qəzadakı təhrirat katibini əvəzləyərək çalışıb.

I Dünya müharibəsində rusların Ərzurumu və qəzalarını işğal etdiyi zaman atası Osman Nuri bəy infarktdan vəfat edib, Kamu anasını da götürərək Sivasa, daha sonra Kayseriyə yerləşib. Həmin ərəfədə qardaşı Hüsnü bəy İstanbul Darülfünunun riyaziyyat bölümünü bitirmişdi, Bursa sultanisinə ixtisası üzrə müəllim təyin edilmişdi. Qardaşı Kamunun da təhsilini tamamlaması üçün onu İstanbulun Kadıköy rayonunda yerləşən İstanbul Oğlan Müəllim Məktəbinə yazdırıb. Bu dövrdə ədəbiyyata böyük marağı yaranan Kamu dövrün tanınmış ədibləri olan Tofiq Fikrət, Əhməd Haşim və Mehmet Akifin təsiri altında formalaşıb, oxuduğu məktəbdə nəşr olunan məcmuədə şeirlərini çap etdirib.

1920-ci ilin martında müttəfiq qoşunları İstanbulu işğal etdiyi zaman Kəmaləddin bəy Bursaya qayıdıb. Düşmən ordularının Bursanı işğal etməsi təhlükəsinə görə qardaşının qayınatası, Ərzurumun sabiq məbuslarından Mehmed Saleh əfəndi ilə birlikdə Ankaraya gedib. Türkiyənin gələcək paytaxtında yaşadığı müddətdə Kamu Ərzurumun millət vəkili Süleyman Necati bəyin rəhbəri olduğu "Mətbuat və İstixbarat Nəşriyyat Müdiri-Ümumiliyi"ndə istixbarat katibi vəzifəsində çalışıb. Mustafa Kamal paşanın öndərliyində başlayan milli mücadilədə yer alan Kəmaləddin bəy hərəkatın mətbu orqanı olan "Hakimiyyəti-milliyyə" qəzetində fəaliyyət göstərib. Bu mətbu orqanın redaktoru isə Əhməd bəy Ağaoğlu idi. Demək ki, Kəmaləddin Kamu ustad olaraq gördüyü Əhməd bəylə məhz bu zamanlarda tanış olub.

Yazılanlara görə K. Kamu o illərdə yaşadığı bir eşq macərası ömrü boyunca ona təsir edib, buna görə də ailə həyatı qurmayıb.

Milli ədəbiyyatın təmsilçisi olan Kamunun "Şam", "Türkün ilahisi", "İrşad", "Qürbət", "Qürbət gecələri", "Piyer Lotiyə", "Tofiq Fikrətin böyük ruhuna", "Ölmüş nişanlıya", "İzmir yollarından", "İstiqlal ordusunun şəhidlərinə", "Hicrət", "İnqilaba doğru", "Bingöl çobanlarına", "Əsir İstanbula", "Qürbətdə rənglər" kimi maraqlı şeirləri var. Qürbət mövzusunda bir neçə şeir qələmə alan Kamunun ən məşhur şeirlərinin birinin bəndi də bu şəkildədir:

 

"Ne arzum, ne emelim,

Yaralanmış bir elim,

Ben gurbette değilim,

Gurbet benim içimde!"

 

Mustafa Kamalın vəfatı münasibətilə yazdığı "Atama ağıt" şeirinin ilk bəndi isə belədir:

 

"Sırma sarısını yay saçlarına,

Gözüne rengini koy denizlerin;

Düşün dudakların en incesini,

Yüzüne tuncunu ver benizlerin".

 

Əhməd bəylə çiyin-çiyinə

 

Qeyd edək ki, Ağaoğlu orijinal adı ilə Matbuat ve İstihbarat Müdüriyet-i Umumiyesi adlanan qurumun 3-cü müdiri olub, 29 noyabr 1921-ci ildən 11 avqust 1923-cü ilədək vəzifədə olub. 7 iyun 1920-ci ildə yaradılan bu qurumun vəzifəsi daxildə və xaricdə Qurtuluş savaşı lehində təbliğat aparmaq olub. Bu məqsədlə də qəzetlərə müdirlik tərəfindən maddi yardım edilib. Müdirlik qurulduqdan sonra Anadolu Agentliyi də onun tərkibinə daxil edilib. Ağaoğlu öz müdirliyi dönəmində rəhbərlik etdiyi quruma bağlı olan Anadolu Agentliyi haqqında bunları yazıb: "İdarənin əlində iki nəşriyyat vasitəsi vardı: Teleqram və kitab nəşriyyatı. Teleqramla İstanbul, Zonquldak, Adana, İzmit və Qarsdakı agentliklərdən və yaxud əcnəbi mətbuat və əcnəbi agentliklərdən alınan məlumatların işə yarayanları nəşr olunurdu. Kitab nəşriyyatı isə çıxarılan risalələrdi. Bu risalələrin mühüm bir qismini əcnəbi mətbuatdan edilən xülasələr təşkil edirdi. Bu risalə və teleqramlar məbuslara, rəsmi dairələrə və qəzetlərə yollanırdı. Bunların xaricində bir də mühüm nəşriyyat vardı, məsələn, Pontus məzaliminə dair sənədlərin toplanıb nəşr edilməsi".

 

 

Ağaoğlunun müdirliyi dönəmində Almaniya, İngiltərə, Fransa, Avstriya, İsveçrə və Amerikada agentliyin fəaliyyəti var idi və Qurtuluş savaşı ilə bağlı həqiqətlər bu ölkənin ictimaiyyətinə və siyasi çevrələrinə çatdırılırdı.

1920-1925-ci illər arasında Anadolu Agentliyi Qurtuluş savaşının və 1923-cü ildə qurulan Türkiyə Cümhuriyyətinin dünyadakı səsi olub. Atatürk inqilablarının sürətlə həyata keçirilməyə başlandığı dövrlərdə Anadolu Agentliyi də inkişaf edib, 1 mart 1925-ci ildə şirkət statusu qazanıb. Həmin gün orijinal adı ilə Anadolu Ajansı Türk Anonim Şirkəti təsis edilib.

Həm "Hakimiyyəti-milliyə"də, həm də "Anadoluda yenigün" qəzetində çalışan, şeirlərini dərc etdirən Kamu İstanbulun qurtuluşundan sonra 1923-cü ildə keçmiş paytaxta gedərək İstanbul Oğlan Məktəbində yarımçıq qalan təhsilini tamamlayıb, diplomunu əldə edib. Təhsilini davam etdirən Kamu İstanbuldakı Orta Müəllim Məktəbinə yazılıb, daha sonra yenidən Ankaraya qayıdıb. 1925-ci ildə Anadolu Agentliyi anonim şirkətə çevrildiyi zaman Kamu 11 sərmayədar arasında yer alıb, eləcə də agentliyin baş mühərriri vəzifəsini yerinə yetirib. Anadolu Agentliyinin qurucuları və ilk çalışanlarının 1925-ci ildə birlikdə çəkdirdikləri fotoşəkildə idarə heyəti sədri kimi Ağaoğlunu mərkəzdə görürük. Həmin fotoşəkildə soldan ikinci şəxs isə baş mühərrir Kəmaləddin Kamudur. O, 1933-cü ilə qədər Anadolu Agentliyində çalışıb, Atatürkün yurd səyahətlərində yer alıb.

Kəmaləddin Kamu 1933-cü ildə agentliyin Paris təmsilçisi olaraq Fransaya göndərilib, eyni zamanda orada ali təhsil almasına dəstək verilib. O, Parisdə Siyasi Elmlər Məktəbində beş il Siyasi Elmlər bölməsində təhsil alıb. Diplomunu aldıqdan sonra 4 noyabr 1938-ci ildə İstanbula qayıdıb. Bir müddət burada qaldıqdan sonra Ankaraya qayıdıb, hərbi iqtisadiyyat mövzuları üzərində elmi araşdırmalar aparıb. Atatürkün vəfatı münasibətilə şeir yazan Kamunun bu illərdən etibarən ədəbiyyatı arxa plana atdığını görürük. 1939-cu ildə o, Rizə şəhərindən millət vəkili seçilərək parlamentdə fəaliyyətə başlayıb. Növbəti dönəmlərdə yenə Rizədən, daha sonra Ərzurumdan millət vəkili olub, parlamentdə iqtisadi mövzular üzrə çalışıb, maliyyə komissiyasının mətbuat təmsilçisi olub. Eyni zamanda Türk Dil Qurumunda çalışıb. Şair 6 mart 1948-ci ildə Ankarada infarkt nəticəsində vəfat edib. İki gün sonra böyük izdihamla Əsri məzarlığında dəfn edilib.

 

Kamunun Ağaoğluna göndərdiyi şeir

 

Arxivimizdəki Kəmaləddin Kamunun Əhməd bəyə göndərdiyi fotoşəklin arxasındakı şeir isə bu şəkildədir:

 

"Sulh Perisine

Bir manzumenin son mısraları

Sen bu ile gelirken

İçin için kanattı kalbimiz bir diken

Sorma, neden bu keder?

Hasret çektiksə eğer

Buludlarda barınan Balkan yıldızlarına!..

 

***

Bize geldiğin akşam

Ne Mekkeyi düşündük ne hatıra geldi Şam

Yüreğimiz yanarak

Benzettik seni ancak:

Siyahlara bürünmüş Antakya kızlarına!

 

25 Temmuz 1923

Ankara

Kemalettin Kamu".

 

 

Kəmaləddin Kamu haqqında yazılmış elmi əsərlərdə və digər nəşrlərdə bu şeirə təsadüf etmədik. Görünür, uzun bir mənzumə olacaq bu şeirin davamı yazılmayıb, ya da ki müəllif əlyazmanı itirib.

Fikrimizcə, şeirin son misrası Mustafa Kamal Atatürkün 15 mart 1923-cü ildə Adana şəhərinə səyahəti zamanı baş verən bir hadisə ilə bağlıdır. Həmin vaxt Atatürk qatardan enərkən qaraya bürünmüş qadınlar arasından qonşu İskəndərun və Antakyadan (indiki Hatay) olan 4 qız əllərində "Qazi ata, bizi də qurtar" yazılan şüarla önə gəliblər. Həmin qadınlardan biri olan antakyalı Affan əfəndinin qızı Ayişə Fitnət xanım çıxış edib və nitqini bu cümlələrlə tamamlayıb: "Ey Ulu Qazi, bizi də xilas et. Bax biz, antakyalılar və isgəndərunlular sevinclə sənin ayaqlarının altında ölmək istəyirik. Əminik ki, ruhumuz səni Antakya bölgəsinə aparacaq və Kamalın günəşi orada da bütün gücü ilə doğacaqdır. Yaşasın Qazi Paşamız, yaşasın millət, yaşasın adanalılar..."

Bu hadisədən duyğulanan Atatürk qadınların çıxışına cavab olaraq "Qırx əsrlik türk yurdu düşmən əlində qala bilməz" deyir. Atatürkün bu fikri gerçəkləşir və 1939-cu ildə Hatay Türkiyəyə birləşdirilir.

Atatürkün ölkədaxili səyahətlərində yanında olan Kamu, görünür, bu hadisənin birbaşa şahidi olub, ona görə də şeirində istifadə edib. Qeyd edək ki, bu hadisəni İsmayıl Həbib Sevük də Atatürklə bağlı xatirələrində qələmə alıb.

Qeyd: Kamunun əski əlifbadakı şeirini transliterasiya edən gənc həmkarım Nihad Nəsirzadəyə təşəkkür edirəm.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!