Dilqəm ƏHMƏD
Bir neçə ay öncə İstanbulda Üsküdar meydanının ətrafındakı bukinistləri gəzərkən Azərbaycanla bağlı nadir bir kitaba təsadüf etdim. Memduh Necati adlı müəllifin kitabının adı qapaqda bu şəkildə yazılmışdı: "Dilek. Milli Hikaye. Azerbaycan İntibalarından". Əsər 1931-1932-ci ildə Amasiya Vilayət Mətbəəsində çap olunmuşdu. Kitabın arxasında müəllifin imzası ilə bu qeyd verilmişdi: "Üstadımız Efendi zade Yusuf beyefendiye. 13-IX-932. Amasya. Mektupçu Memduh".
Azərbaycanlı olduğumu bilən bukinist olduqca yüksək qiyməti olan bu nadir əsəri müəyyən qədər endirimlə satmağa razı oldu və nəticədə ölkəmizlə bağlı unudulmuş bir hekayəni Vətənə gətirə bildim.
Kitabı əldə etdikdən sonra araşdırmağa başladım, lakin müəllif haqqında, təəssüf ki, yetərli bir məlumat tapmadım. Amma kitabın bir il sonra yenidən nəşr edilməsi haqqında azərbaycanlı mühacir alim Əhməd Cəfəroğlunun İstanbulda çap etdiyi "Azərbaycan yurd bilgisi" jurnalından bilgi öyrəndim. Dərginin 1934-cü ildə çıxan 31-32-ci qoşasayının "Təhlil və tənqidlər" bölümündə Əhməd bəy "A.C" imzası ilə qısa bir tanıtım məqaləsi yazıb:
"Memduh Necati. Dilek. Milli Hikaye. Azerbaycan İntibalarından, İsparta, İlkadım mətbəəsi, 1933, s. 76. Qiyməti 50 quruş.
Hissi olduğu qədər də milli bir hekayə olan "Dilək" Azərbaycan həyatına təmas edən ilk Türkiyə əsəridir. Azərbaycanın istiqlal quruluşuna iştirak edənlər bu ölkədəki milli hərəkatı az-çox görmüşlərdir. Fəqət bugünkü vəziyyət dolayısı ilə milli Azərbaycan hərəkatı istər hekayə, istər roman tərzlərində olsun, məttəəssüf, kimsəyə mövzu olmamışdır. Memduh Necati bəy ilk olaraq bu işə atılmış bir Azərbaycan dostudur. Sayğılı müəllifi bu yolun ilk yolçusu olmaları hasəbiylə təbrik və kəndilərinə təşəkkür edəriz. İlk dəfə Amasiyada, ikinci dəfə isə İspartada təb edilmişdir. Oxucularımıza tövsiyə edəriz".
Göründüyü kimi, Cəfəroğlu da nə müəllif haqqında, nə də kitabın mövzusu haqqında məlumat verməyib. Buradan öyrənirik ki, əldə etdiyimiz nüsxə kitabın ilk nəşrindəndir. Kiçik ölçülü ilk nəşr 148 səhifədən ibarətdir.
Rəfiqin dəftəri
Kitabın girişində birinci şəxsin dilindən şirin bir qəsəbədə yaşayan üç dostdan bəhs edilir: Özü, Necdət və Fəxri. Dərd yoldaşı olan bu dostlar mütəmadi toplaşar, bildiklərindən, gördüklərindən danışar, səhərə qədər söhbətə davam edərlərmiş. Bu gecələrin birində zabit Necdət qırmızı qablı, ikiyə qatlanan, tozlu bir dəftəri cibindən çıxararaq deyir: "Əlimdəki bu boynubükük dəftəri bu gecə oxumaq məndən, dinləmək də sizdən olacaq... Nişanlı ikən şəhid olan, fəqət bildiyiniz nişanlılara əsla bənzəməyən bir zabitin yanğılı qeydlərini və bu qeydləri yazdıran idealı və o idealın da müxtəsər tarixçəsini oxuyacağam. Bu tarixçə hüdudumuzdan Azərbaycana girən və ən nəhayət, İnönü təpələrinə gömülən zabit Rəfiqin şəhadətindən sonra cibindən çıxan bir dəftər və məktubdan ibarətdir".
Müəllif əsərdə zabit Rəfiqin məktubunun mətnini verdikdən sonra "Rəfiqin dəftəri" adlanan ikinci əsas bölümə başlayıb.
Osmanlının son illərində - Birinci Dünya müharibəsinin yaratdığı acınacaqlı hadisələrin içərisində yaşayan zabit Rəfiqin dəftəri dövrün təsviri ilə başlayır. İntiqam hissi ilə yaşayan zabitin barmağında Ədirnədə şəhid düşən bacısının yoldaşının nişan üzüyü vardı. Bu anda komandanları döyüşün olmayacağını, Rusiya hüduduna yaxın olan ərazilərdəki insanların köçürüləcəyini bildirir və zabitə bu iş tapşırılır.
Bu işi yerinə yetirdikdən sonra növbəti əmrləri gözləyərkən yaşadığı qəsəbənin yollarında gününü keçirən Rəfiq bir gün qatar stansiyasına düşür. Bu anlarda gələn lokomotivlərdən birini seyr edərkən diqqətini qatardan düşən bir yolçu cəlb edir. Geyimindən, tövründən yolçunun xristian olmadığını anlayan Rəfiq ona nəzər yetirməyə başlayır. Rəfiq də həmin şəxsin diqqətini cəlb edir, nəticədə məchul adam bir az tərəddüd etdikdən sonra ona yaxınlaşır:
"- Əfv edərsiniz, - dedi, - siz müsəlmansınızmı?
- Əvət, əfəndim, türkəm, - dedim, - bu qarşıdakı qəsəbədənəm.
- Ah, nə əla, - dedi, - mən də, zatən, qəsəbənizə gedirəm. Azərbaycan Cəmiyyəti-Xeyriyyə məmurlarındanam".
Əsərin bu yerinə çatdığım zaman məni həyəcan bürüdü. Çünki ötən əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyevin qurduğu bu cəmiyyətin Azərbaycanın sərhədlərindən kənarda da necə güclü fəaliyyət göstərdiyinə dair xeyli xatirə oxumuşdum. Xüsusilə, Osmanlı zabitlərinin xatirələrində cəmiyyətin Batumda ruslara əsir düşən əsgərlərə göstərdikləri xidmətlər barədə məlumatlar vardı. Qars, Oltu, Batum kimi bölgələrdə təmsilçiləri fəaliyyət göstərirdi. Buralarda baş verən fəlakətlərdə cəmiyyətin etdiyi yardımlar tariximizin ən qiymətli səhifələrindəndir. Bu baxımdan bir türk müəllifin romanında cəmiyyət məmurunun obrazının yaradılması olduqca xoş olmuşdu. Daha sonrakı səhifələrdə bu həyəcanım daha da artacaqdı.
Rəfiq cəmiyyətin məmuruna mehmandarlıq edir, yolda onun ülvi məramını öyrənmiş olur: "Mən buraya sizi alovlardan qurtarmaq, sıxıntı çəmbərindən çıxarmaq, bunları edə bilməsəm, uzaq yerlərdəki türk qardaşlarınızın gecə-gündüz sizi düşündüklərini söyləmək üçün gəldim. Bunları bacara bilsəm, məmləkətimə piyada qayıdacağam".
Məmur sərhəd qəsəbəsindəki vəziyyətlə bağlı məlumatları toplayıb geri qayıdarkən Rəfiq ona bir təklif edir: "Məni özünüzlə Azərbaycana getmək səadətinə qovuşdurmağınızı istirham edirəm".
Məmur bunu sevinclə qəbul edir, bir türkün Azərbaycandakı qardaşlarına təqdim edilməsindən sevinc duyacağını bildirir və hazırlaşmasını istəyir. Böyük sevinc və həyəcan içində dostları, çevrəsi ilə vidalaşan Rəfiq tezliklə onların da qurtulacağını bildirərək sonradan adının Məhəmməd olduğunu öyrənəcəyimiz Cəmiyyəti-Xeyriyyə məmuru ilə birlikdə Bakıya doğru gedir.
Beləliklə, Azərbaycana gələn Rəfiq bəy buradakı ictimai yerlərə qatılır, Cəmiyyəti-Xeyriyyənin binasında olur, Məhəmməd bəy vasitəsilə azərbaycanlı Yusif bəy və onun qızı Gülsüm xanımla tanış olur.
Əsərin qəhrəmanının Bakıdakı günləri, İstanbul ilə Bakı şivələri arasındakı müqayisələri olduqca maraqlıdır. Nəhayət, Məhəmməd bəy hazırladığı raporu Cəmiyyəti-Xeyriyyəyə təqdim etdiyi zaman Rəfiq və Yusif bəy də onunla birlikdə olurlar. Cəmiyyətin binasında ikən Yusif bəy "Açıq söz" qəzetində çıxan yazını sevinclə Yusif bəyə göstərir. Əsərdə verilən xəbərdə yazılmışdı:
"Hərbzədələrə kömək. Təzədən əlli min rublə. Təsvirini yuxarıda basdığımız xeyirpərvər zatı hamımız tanıyırıq. Bu alicənab insan yazıqlar babası Zeynəlabdin Tağıyevdir. İndiyə kimi xeyli ianələr veribdir. Cəmiyyətdən bizə bildirirlər ki, bu səfər əlli min rublə daha ianə eyləyiblər. Ondan ötrü ki, məşğul olan türk torpaqlarında ac qalan hərbzədələrin öz yerlərində ehtiyaclarını tədarük eyləyə bilmələri asan olsun. Həmin məqsədlə pul ianəsinə iştirak eyləyən mülkədarların adlarını da "Qardaş köməyi" məcmuəsində oxumaq mümkün olar".
Hərbzədələrə olan bu dəstəyə görə sevinən Rəfiq "Qardaş köməyi" jurnalını axtararaq toplu məcmuələrin arasından tapır və tədqiqatçılara tanış olan jurnalı bu şəkildə təsvir edir:
"Yusif bəyin yardımı ilə bu məcmuənin ötən həftədən qalma bir nüsxəsini tapdım, qaparcasına aldım və gözlərim ilk öncə qapaqdakı rəsmə ilişib qaldı: Yerə yıxılmış yaralı bir maral yavrusu ilə yarayı yalayan mütəhəvvir bir ceyran. Ağlamamaq üçün özümü çətinliklə saxlayırdım.... Xeyli vaxtdır adları, sanları eşidilən tanınmış azərbaycanlı mühərrir və ədiblərindən bir çoxunun bu məcmuədə mənzum və mənsur yazıları, şeirləri, daha doğrusu, milli duyğularını ifadə edən xitabələri, sənihələri və mərsiyyələri vardı".
Rəfiq bəy Bakıda keçirdiyi günlərdə Gülsüm xanıma aşiq olur, aralarında məhəbbət yaranır. Bakıdakı vəzifəsi bitdikdən sonra Türkiyəyə qayıdan Rəfiqin ardınca Gülsüm də yanına yollanır, gənclər nişanlanırlar. Rəfiqin dəftəri xoş anlarla bitir... Ta ki dəftər tapılandan sonra Rəfiqin döyüşlərin birində şəhid olduğunu zabit Necdətin dilindən öyrənirik. Gülsümün isə İstanbula göndərildiyi qeyd olunur.
1917-ci ilin sonlarında baş verən bu hadisələrə, bəlkə də, müəllif özü birbaşa şahidlik edib. Çünki romanda Nargin adasında əsir saxlanılan Osmanlı əsgərlərinin taleyi, insanların onlara yardımı məsələlərinə də toxunulub.
İmzalı nüsxədə müəllif "məktubçu Memduh" ifadəsini qeyd edib. Osmanlıdan qalma bu vəzifə 1864-cü il vilayət nizamnaməsinə əsasən yaradılıb. Məktubçuluq vilayət idarəsində yazışmaları, rəsmi sənədləri və arxiv işlərini idarə edən bir məmurun vəzifəsi idi. Həmçinin, vilayət qəzetinin yayılması, livalara göndəriləcək sənədlər üçün nəqliyyatın təşkili kimi vəzifələri də yerinə yetirirdilər. Eyni zamanda vilayətin mətbəəsini də idarə edirdilər. Türkiyənin rəsmi "Hakimiyeti Milliye" qəzetinin 31 oktyabr 1932-ci il tarixli sayından oxuyuruq ki, Amasiya məktubçusu Memduh Necati bəy İsparta məktubçuluğuna təyin edilib. Demək ki, Amasiyadan bu şəhərə getdikdən sonra Memduh bəy kitabın ikinci nəşrini orada çap edib. Türkiyə mətbuatından əldə etdiyimiz digər məlumatlara görə, Memduh bəy daha sonra Gümüşhane, Maraş, Urfa, Bingöl bölgələrində də bu vəzifəni yerinə yetirib, 1943-cü ilin avqustunda mərkəzə çağırılıb. 1945-ci ildə o, İsmət İnönünün qərarı ilə Siirt məktubçuluğuna təyin edilib, lakin həmin il yenidən nazirliyin əmrinə verilib.
Rəsmi xəbərlərdən anlaşılır ki, 1934-cü il soyad qanunundan sonra Memduh Necati bəy Tosun soyadını qəbul edib.
Kitabın imzalandığı Yusif Əfəndizadə adlı şəxsə gəldikdə isə, bu ad-soyadda bir insana Cənubi Qafqaz Seyminin müsəlman deputatları arasında rast gəlinir. Ola bilsin ki, həmin şəxsdir və ya kitabda bəhsi keçən Yusif bəy də gerçək bir şəxsiyyətdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!