Folklor kimliyi və milli dövlət düşüncəsi - Əfzələddin ƏSGƏR

 

Folklor haqqında elm humanitar elmlər içərisində gəncdir və XVIII əsrdən başlayan maarifçilik ideyaları və uyğun olaraq demokratik dövlət düşüncəsinin ortaya çıxması ilə yaranmağa başladı. Bu düşüncə tipinin mərkəzində xalq dayanırdı. Elə ona görə də maarifçi düşüncənin daşıyıcıları üzünü xalqa çevirdi. Xalq zəkası, xalq düşüncəsi, xalq biliyi, xalq mədəniyyəti bu müstəvidə diqqət mərkəzinə çevrildi və öyrənilməyə başlandı. Xalq iradəsinə söykənən dövlət ideyası xalq mənəviyyatının önə çıxarılmasını tələb edirdi. Bu elmin məqsədi, birinci növbədə, xalq zəkasının yaradıcı gücünü üzə çıxardıb onun əzəmətini və buradan da yaşama haqqını ortaya qoymaq idi.

Folklor bir xalqın düşüncə tipidir, davranış stereotipləridir, bir xalqı başqasından fərqli edən və seçib ayıran dəyərlər sistemidir. Bu dəyərlər sistemi onun iliyinə qədər işləmiş, ruh halına çevrilmişdir. Hər bir xalq bu ənənənin çərçivəsi daxilində yaşayır, düşünür, fəaliyyət göstərir. Ənənə kollektiv düşüncədir. Ona görə də kollektivin üzvləri arasında münasibətlər sistemi məlum ənənə əsasında qurulur. Yaxşı-yaman, doğru-əyri, gözəl-çirkin, nəcib-nanəcib və s. kimi dəyərlər ənənə əsasında qiymətləndirilir. Təqdir edən, rüsxət verən ənənədir, qınayan və yasaq gətirən yenə ənənədir. Ənənə davranış normalarıdır. Kollektivin üzvü olanlar bu normalara görə davranmaq məcburiyyətindədir və bir-birindən bunu tələb edir.

Xalqın varlığı bu ənənənin yaşamasından asılıdır. Tarixdən bizə məlum olan bir çox xalqlar ənənənin itirilməsi hesabına sıradan çıxmışdır. "Bizlər və onlar" qəlibi ilə bir xalqın özünü "onlar"dan ayırıb "bizlər"lə "onlar" arasında sərhəd qoyması onun yaşadığı ənənənin hesabına baş verir. Bu ənənənin daşıyıcıları məlum ənənəni başqa ənənələrdən üstün tutur və yad ənənədən gəlmə ünsürlərə xoş baxmır. Son dövrlərdə ortaya çıxan və tarıxə "mədəniyyətlər savaşı" kimi baxan konsepsiya (S.F.Hundiqton) bu həqiqətə söykənir. Həqiqətən də, xalqın siyasi mövcudiyyəti (və ya buna can atması) bu ənənənin hesabına baş verir. Çünki heç bir ənənə başının üstündə başqa bir ənənənin varlığını istəmir, qəbul etmir. Elə ona görə də imperialist düşüncə folklor ənənəsindən qorxur və ənənəni aşındırmaq üçün çarələr düşünür. Bunun əksinə olaraq, milli azadlıq düşüncəsi ənənəyə söykənir və ondan güc alır. Bu mənada ənənə xalqın azadlıq ruhudur. Xalqa siyasi təsisat haqqı verən ənənədir və ana dili ilə birgə siyasi legitimliyin səbəbidir.

Bütün ənənələr təbiət etibarilə eyni deyil, ibtidai və inkişaf etmiş, sistemə uymayan və sistemə meyilli ənənələr mövcuddur. Qədim və böyük dövlətçilik tarixi olan xalqlar sistemə meyilli ənənələrin daşıyıcılarıdır. Dövlət şüuru, eləcə də dövlət quruculuğu sistemə meyilli olan inkişaf etmiş ənənələrə xasdır. Bu mənada, dövlət quruculuğu etnik ənənənin zirvəsi sayıla bilər. Azərbaycan türkləri və onların əcdadlarının tarixini göz önünə gətirsək, deyə bilərik ki, mənsub olduğumuz xalq onlardan biridir.

Yeni dövrdə Azərbaycanda folklor insanının və bu insanın yaratdığı mənəvi məhsulların dəyər qazanması milli şüurun oyanması ilə birgə başlayır. XVIII əsrdə Fransada başlayan maarifçilik düşüncəsi öncə Avropanı, ardınca bütün dünyanı ağzına aldı. Yeni dünyanın içərisinə qatılan müstəmləkə xalqların nümayəndələri, o cümlədən, Azərbaycan türklərinin içərisindən çıxmış təhsilli adamlar da maarifçilik ideyalarına biganə qalmadılar. Məlum ideyadan hər bir xalq öz ehtiyaclarına uyğun şəkildə istifadə edir.

M.F.Axundovla başlayan maarifçilik ideyaları İslam dünyasını, xüsusilə İranı, maarifçilik müstəvisində nizama gətirmək məqsədi güdürdü. Maarifçilik ideyaları və dolayısı ilə Avropa ilə tanış olan bu vətənpərvər şəxs İslam ölkələrinin məğlubiyyətinin səbəbini anladı. İslam dünyasının rəzil vəziyyətindən dəhşətə gələn bu insanın bütün yaradıcılığı despotizmə, patriarxal idarə üsuluna lənət oxudu. Azərbaycan maarifçiliyi tarixi boyu bu xətti saxladı. Ancaq İslam ölkələrinə ünvanlanan Axundzadə maarifçiliyi müəyyən müddətdən sonra milli maarifçilik rəngi aldı və bu şəkildə ümmətdən millətə keçid hərəkatı başladı. Yəni milli mənsubiyyət düşüncəsi dini mənsubiyyət düşüncəsindən önə keçirildi. Bu isə, hər şeydən öncə, vətən, millət, dil tezisini əsas götürüb onu düşüncə qəlibinə çevirmək demək idi. Bu düşüncə şəklinin əsas hədəfi milli iradəyə söykənən demokratik dövlət arzusu idi. Milli maarifçiliyin qarşıya qoyduğu vəzifə kifayət qədər böyük idi və özü qədər də böyük işlərin görülməsini tələb edirdi. Hər şeyin "tərbiyeyi millət"dən başladığını maarifçilər aydın şəkildə anlayırdılar. Çünki bu şüur tipi tamamilə yeni idi və xalqın bunu mənimsəməsi lazım idi. Bununla yanaşı, dünyanın bütün xalqları milli düşüncə şüuruna yiyələnmək yolu ilə millət olmuşdular və bu məsələdə istisnaya yer yox idi. Hər şeyin anadilli məktəb və milli mətbuatdan başlanmalı olduğunu anlamaq o qədər də çətin deyildi. "Əkinçi" ilə başlayan milli mətbuat yeni-yeni qəzet və jurnallarla zənginləşdi. Yazılan yazılardan maarifçilərin anadilli məktəb məsələsi və onunla bağlı əngəllər barədə düşüncələri açıq şəkildə ifadə olunur. Onlar qarşıya çıxan əngəllər qarşısında aciz qalıb əllərini qoyunlarına qoymadılar. Müxtəlif təhsil ocaqlarında oxumuş və ya sadəcə savad sahibi olan insanlar bu hərəkata qoşuldu. Dərsliklər yazıldı, məktəblər təsis olundu. Azərbaycan cəmiyyətində yeni şəxs - müəllim peyda oldu. İlk müəllimlər, ilk maarifçilər idi. Təhsil bu vaxta qədər mollanın əlində idi və mollaxanalarda ümmət yetişdirilirdi. Bu səbəbdən müəllimlə molla arasında qarşıdurma barışmaz şəkil aldı. Qələm sahibi maarifçi-müəllimin əsas hədəflərindən biri təhsilə sahiblik edən molla oldu. Çünki məktəbin yolu mollanın nüfuzunun sındırılmasından keçirdi. Bu səbəbdən molla və o dövrün dini-fanatizmi əsas tənqid hədəfinə çevrildi. Maarifçilik işığında cəhalət görünən hər şey tənqid olundu. Azərbaycan adlanan böyük vətən, türk adlanan xalq anlayışı bu vaxt milli məzmun qazandı. Orta əsrlər boyu, əsas etibarilə, türki adlanan dil türk dili şəklinə salındı və ona milli anlam verildi. Bölünmüş vətən anlayışı ortaya çıxdı. Millətləşməyə əngəl olan dini-təriqət ayrımı rədd edildi və s.

Ədəbiyyat ilk dəfə olaraq milli maarifçilik düşüncəsi ilə öz işığını sadə xalqın üzərinə saldı və burada yenə də maarifçilik işığında tənqid edilməli olanlardan başqa bir şey görmədi. Bu tənqidlərin hamısı xalqı gələcəyə hazırlamaq üçün maariflənmə və millətləşmə naminə yazılırdı. Novruzəli, Qasım əmi, Məmmədhəsən əmi, Xudayar bəy, Şeyx Nəsrullah, Molla Abbas, Şeyx Şəban, Kefli İsgəndər, Fəxrəddin, Fərhad və s. qəhrəmanlar bu məqsədlə məşhurlaşdı. Ümmətləşmə üçün məscid var idi. Möminlər bura toplaşıb Cümə namazı qılır, pişnamazın xütbələrinə qulaq asırdılar. Millətləşmə üçün teatr zəruriyyəti yarandı. Milli düşüncə sahiblərinin bir yerə cəm olması üçün çoxlu teatr əsərləri yazıldı və teatr fəaliyyətə başladı.

Şərin gücü qarşısında bəzən ümidsizliyə qapılıb "biçarə vətən", "yazıq vətən" desələr də, bu yolda yürüməkdən usanmadılar. Adı bəlli olan şəxsiyyətlər Azərbaycan türklüyünü yaratdılar və bu böyük insanlar doğulmaqda olan millətin əzizlərinə çevrildilər. Onların əməyi sayəsində Azərbaycan türkləri yaşamaq, var olmaq haqqı qazandı. Bu gün getdiyimiz və gedəcəyimiz yol milli maarifçilərin çəkdiyi yoldur. Bəzən haqlı olaraq Qacar sülaləsindən alınan bu torpaqların İran torpağı olduğu iddia olunur. Görəsən, bu İran deyilən ölkə Şimali Azərbaycanın öz dəyərləri ilə bu ölkəyə qatılmasını istərmi? Söhbət S.S.Axundzadəli, A.Bakıxanovlu, N.Vəzirovlu, Ə.Haqverdiyevli, Y.V.Çəmənzəminlili, C.Məmədquluzadəli, M.Ə.Sabirli, Ü.Hacıbəylili, M.Hadili, A.Səhhətli, Ə.Hüseynzadəli, H.Cavidli, F.Köçərlili, M.Rəsulzadəli, Ə.Topçubaşovlu və adını çəkmədiyimiz yüzlərlə əziz insanlarımızdan və ya müstəmləkə olduğumuz vaxtdan bu tərəfə başımıza gələn saysız-hesabsız müsibətlərimizdən gedir.

Azərbaycan türklüyünü yenidən ümmətə qaytarma cəhdləri gözümüzün qarşısında baş verir. Buna nail olmaq üçün öncə şüurlara hopmuş milli maarifçilik düşüncəsini silmək lazımdır.

Azərbaycan maarifçiləri öz xalqını səmimi qəlbdən sevirdi və ondan millət yaradıb mədəni dünyaya qoşmaq üçün böyük əmək sərf etdilər. Azərbaycan Demokratik Cümhuriyyəti onların əməyinin bəhrəsi idi. Buna baxmayaraq, Azərbaycan milli maarifçilik hərəkatı öz hədəfinə çata bilmədi... Bolşevik işğalı hər şeyi yarımçıq qoydu...

Sovet ideologiyasının içərisində millət anlayışına yer yox idi. Ona görə də onlar öncə xalqı milli olan hər şeydən arındırdılar. Onlar özləri ilə bərabər bolşevik ideologiyası da gətirmişdilər. Milli maarifçilik əvəzinə milli simadan məhrum xalq maarifi, milli maarifçiliyi təmsil edən müəllim əvəzinə xalq və ya sovet müəllimi, milli ruhdan doğulan və millətin dərdindən yaranan milli ədəbiyyat əvəzinə sovet ədəbiyyatı, milli mətbuat əvəzinə sovet mətbuatı, milli teatr əvəzinə sovet teatrı... Məlum oldu ki, hər bir xalqın düşməni onun milli düşünən ziyalıları və varlı təbəqəsidir. Bu səbəbdən hər iki təbəqənin mənsublarına divan tutuldu. Milli maarifçilik bu şəkildə ömrünü başa vurdu. Azərbaycan bu dəfə bolşevik ümmətinə çevrildi. Çox keçmədi ki, bolşeviklər "onlara bəraət verdilər". Ancaq bu bəraət onlara ağır başa gəldi: əsərləri sovet ideologiyasına uyğun yozuldu, yozulması mümkün olmayan yerlər kəsilib atıldı, əsərləri yandırıldı və ya gizlədildi. Bu şəkildə hökumətin nəzərində sığortalandı... Müstəqillik illərində isə millətləşmə prosesinin necə getməsi gözlərimizin qarşısında baş verir...

Folklor insanlarının ədəbiyyatın mövzusuna keçirilməsi ilə bərabər, onların yaratdığı folklor əsərləri də toplanıb çap olunmağa başlamışdı. Bu iş çox zəif şəkildə gedirdi. Ancaq H.Zərdabidən başlayaraq onun əhəmiyyətinin dərk edildiyi aydın şəkildə görünür. Yazıya alınmış folklor nümunələri o dövrün mətbuatında çap olunur, uşaqlar üçün yazılmış dərsliklərə salınırdı. Folklorun əhəmiyyəti barədə maarifçi yöndə yazılar da çap olunmuşdu. Bununla yanaşı, görülən işlər yalnız başlanğıc idi. Sovet hakimiyyətinin ilk dövründə folklorun toplanması, nəşri işinə xüsusi əhəmiyyət verildi. Bu dövrə qədər milli düşüncə sahibləri kimi yetişmiş ziyalılar, xalq ruhunun məhsulu kimi, Azərbaycan folklorunu səmimi qəlblə toplayıb çap edir və araşdırırdılar. Ancaq 30-cu illərin sonu və 40-cı illərin əvvəllərində yanan ocaqlara su töküldü. Yetişən və yetişməkdə olan nəsil aradan götürüldü. Bu hadisədən sonra hələ yaranmaqda olan folklorşünaslığın fəaliyyəti iflicləşdirildi.

Hər şeydən öncə, folklorun etnik mahiyyətinin üzərinə kölgə salındı və ona sosialist anlamı ilə xalq ədəbiyyatı, yəni zəhmətkeş kütlələrin ədəbiyyatı adı verildi. Sadə insanların yaradıcılığı sayıldığı üçün bu qəlibə uyğun gəlməyən dini motivlər və faciəvi ünsürlər silinib atıldı. Xalq şeirindən, ümumiyyətlə folklordan kafır/gavır əleyhinə motivlər çıxarıldı. Nəinki dini, hətta xalq bayramları rədd edildi. Aşıq şeirinin ənənəvi düşüncə, təsəvvüf rəmzləri, inanc sisteminə söykənən klassik poetikası qeyb oldu. Onun yerini, sadəcə, sovet şeiri tutdu. Şuranı, Lenini, Stalini, "yeni həyat"ı vəsf edən şeirlər baş alıb getdi. Xalq şeiri toplularında Lenin, partiya, Şura vəsf olundu və s. Yazıya alınmış mətnlər bir çox hallarda sovet ideologiyasına uyğunlaşdırıldı. "Elin igid oğlu" ilə bəy, xan, şah qarşı-qarşıya qoyuldu və bu qəhrəman xalqı onların zülmündən qorudu. Sonu faciə ilə bitən bir çox dastanların ifası qadağan olundu. Təsadüfi deyil ki, nəşrlərdə "Sayad və Sadat", "Tahir və Zöhrə" kimi dastanlarda faciəli sonluq xoşbəxt sonluqla əvəzlənib. "Əsli və Kərəm" dastanından isə ölümdən sonra ayrılığı ifadə edən motiv ("qaratikan kolu") kəsilib atılmışdır. "Arzu və Qəmbər" dastanı isə pərdə arxasında saxlanılmışdır. Ən böyük ziyan isə folklorun ədəbiyyatlaşdırılması ilə vuruldu. Bütün bunlarla yanaşı, Sovet dövlətinin qapalı sistemi Azərbaycan folklorunun konservləşdirərək ömrünü uzatmışdı.

Folklorun ədəbiyyatlaşdırılması, hər şeydən öncə, folklorun şifahi bədii söz yaradıcılığı ilə məhdudlaşdırılması ilə başladı. Onun sözsüz hissəsi bu anlayışdan kənarda qaldı. Bu şəkildə folklor ədəbiyyat sferasına daxil edildi. Ancaq ədəbiyyatlaşdırma bununla tamamlanmır. Folklorşünaslıq Ədəbiyyat İnstitutuna tabe edildi. Çoxşöbəli Ədəbiyyat İnstitutunda bir şöbə və bir neçə əməkdaş şəklində fəaliyyət göstərdi. Azsaylı əməkdaşla çox iş görmək mümkün deyildi və bu belə də oldu. Zəngin Azərbaycan folklorunun cüzi bir hissəsi toplanıb çap olundu. Nəşr olunanlar isə ədəbiyyatlaşdırıldı. Mətnin dili ədəbi dil normalarına salındı, dialekt-şivə xüsusiyyətlərindən arındırıldı, şifahi nitqin sintaksisindən imtina olundu, mətnlər ədəbi dilin sintaksisi ilə verildi, onların variantları əksər hallarda toplanmadı. Toplanan variantlar əsasında isə vahid bir mətn yaradıldı. Əfsanə, rəvayət mətnləri hekayələşdirildi.

Ədəbiyyatlaşdırma aşıq yaradıcılığına münasibətdə daha vulqar şəkildə aparıldı. Aşıq sənətini sənət edən dastan söyləyiciliyidir. Onların repertuarında olan dastanları pis-yaxşı yazıya aldılar, amma dastan söyləyiciliyi sənətini bir yana qoydular. Buna qarşılıq fərdi yaradıcılıqlarını çap edib onları ədəbi şəxsiyyət kimi tanıtdılar. Bu kifayət etmədi. Dastan mətnlərindəki şeirləri dastan qəhrəmanlarının adına caladılar. Qurbani, Aşıq Abbas və s. bu şəkildə ədəbi şəxsiyyətə çevrilib. Əsrlər boyu bu dastanları söyləyən aşıqların dastan şeirini cilalaması və bu dastanlara yeni qoşma və gəraylılar əlavə etməsini nəzərə alsaq, Qurbani və Aşıq Abbasın adına verilən dastan şeirlərinə onların nə dərəcədə haqq etdiklərini anlamaq olar. Ancaq xalq söyləyiciliyi sənəti təkcə aşıqlarla bağlı deyil, ağıçılar, xalq xanəndələri, halayçılar, haylaçılar, nağıl söyləyiciləri (ravilər), dərvişlər, mollalar, seyidlər də bu qəbildəndir. Bu söyləyicilər ordusunun pərdə arxasında qalması da folklorun ədəbiyyatlaşdırılması üsullarındandır. Variantlardan imtina folkloru ədəbiyyat kimi anlamanın bariz ifadəsidir və ədəbi mətnlə folklor mətnini eyniləşdirmədən doğur. Ədəbiyyat qəlibinə sığmayan örnəkləri dövriyyədən kənarda qoymaqdan başqa nə etmək olar? Bu şəkildə mətnlərin minlərlə variantları yazıya alınmadı və nəticədə hafizələrdən silindi. Bir neçə variant əsasında "vahid variant" yaratma və ya müəllifin folklor quraşdırıcılığı fəaliyyəti də ədəbiyyatlaşdırmanın şəkillərindəndir. Nəticədə müəllif qələmi ilə yazılıb xalq adına calanan dastan, nağıl, bayatı, əfsanə, mif mətnləri və s. ilə xalq yaradıcılığına haram qatıldı. Ayrı-ayrı müəlliflərin qələminə məxsus aşıq şeir nümunələri isə bir başqa mövzudur. Sovet şeiri üslubunda klassik aşıqların adına yazılan şeirləri seçib ayırmaq o qədər də çətin deyil. Ancaq bəzi hallarda klassik aşıq şeirinin qəlibləri ilə yazılmış şeirlər də olur. Bu şeirlərdə qəliblər yerində olsa da, onların ifadə etdiyi məna müasirdir və orta əsrlər düşüncəsinə yaddır. Bu tipli əməllər ən yaxşı halda, "bütün folklor əsərlərinin müəllifi var və onlardan biri də mənəm" cahilliyindən, ən pis halda isə nadürüst davranışdan irəli gəlir. Nəşr olunan mətnlər ədəbiyyatlaşdırıldığı üçün araşdırmalar da ədəbi metodla aparılmışdır. Yəni mətn söylənişə görə deyil, yazı halına görə ədəbiyyat nəzəriyyəsi kitablarından öyrənilən bədiiliyə aid biliklər əsasında öyrənilmişdir və bu şəkildə folklor ədəbiyyatlaşdırılmışdır. Milli oyanış folklora da təsirsiz ötüşmədi. 80-ci illərin əvvəllərindən başlayaraq milli düşüncəyə yiyələnmiş gənclərin elmə gəlişi hesabına bu sahədə canlanma hiss olunur. Folklor materiallarının toplanması bu dövrdə yeni vüsət aldı. Ölkənin müxtəlif bölgələrinə folklor səfərləri təşkil olundu və çoxsaylı folklor örnəkləri yazıya alındı. Bu istiqamətdə gərgin əmək sərf edən folklorçulardan R.Xəlilovun, O.Əliyevin, M.Qasımlının, M.İmanovun, V.Nəbioğlunun, A.Pəhimoğlunun, A.Acalovun, F.Bayatın və Ə.Əsgərin adlarını xatırlatmaq istərdik. Bu zaman təkcə sözlü folklor yox, həm də sözsüz folklor örnəkləri toplandı. Toplanan folklor materialları, əsas etibarilə, müstəqillik illərində çap olundu.

Sovet ideologiyasının, ardınca dövlətinin süqutu ilə paralel şəkildə milli-mənəvi dəyərlər məsələsi aktuallaşdı və onun yerini tutdu. Müstəqilliyin özünü folklor sahəsində də göstərməsi tamamilə qanunauyğundur. Öncə, Ədəbiyyat İnstitutunun nəzdində "Folklor Elmi-Mədəni Mərkəzi", ardınca Folklor İnstitutu fəaliyyətə başladı. Azərbaycan folklorunun toplanması və onunla qoşa şəkildə kadr hazırlığına başlandı. Xalq yaradıcılığı sahəsində kadrların yetişməsi folklorun toplanmasına, folklorun toplanması isə kadrların yetişməsinə təsir göstərdi. Görülən işlərin həcmi və keyfiyyətinə təəccüblənməmək mümkün deyil. Hər il bölgələrə ezamiyyətlər təşkil olunur, folklor materialları toplanır və dərhal nəşrə hazırlanaraq çap olunurdu. Görülən işlərin hesabına Azərbaycan folklorunun əsl mənzərəsi üzə çıxdı və əsl ilə saxtanı ayırd etmək imkanı yarandı. Toplanan mətnlər toplaya bilmədiklərimizin də həcmini göstərdi. Bu illər ərzində folklor haqqında təsəvvürlərimiz dəyişdi, folklorun hüdudlarını gördük, nəyin folklor olduğunu dərk etdik. Azərbaycan sovet folklorşünaslığı nə folklorun problemlərini bilirdi, nə problem mövzular qaldıra bilirdi. Azərbaycan folklorunun problemlərindən doğan mövzular müstəqillik illərində ortaya çıxdı. Bu problemlər əsasında dissertasiyalar yazıldı, mütəxəssislər yetişdirildi. Bu mütəxəssislər Azərbaycan folklorşünaslığının müstəqillik illərində yetişən, vətəninə, xalqına cani-dildən bağlı olan, folklorunu toplamaqdan, araşdırmaqdan doymayan yeni nəslidir. Azərbaycan folkloruna ümumtürk folkloru kontekstində baxış, türk xalqları folklorunun müqayisəli şəkildə öyrənilməsi, ümumtürk folkloru ilə bağlı tədqiqatlar, mifologiya, müasir folklor, Cənubi Azərbaycan folkloru ilə bağlı toplama və araşdırmalar və s. bu dövrün məhsuludur.

Folklorşünaslığımızda XX əsrdə ortaya çıxan nəzəri metodların kor-koranə tətbiqi, konkret materialdan kənar olan xəstə nəzəriyyəbazlıq, akademik araşdırma əvəzinə subyektiv yozma və s. kimi neqativ hallar da mövcuddur. Bu hala folkloru ideoloji aspektə araşdıran sovet folklorşünaslığına etiraz ruhunun ifadəsi kimi də baxmaq olar. Düşünürük ki, rasional düşüncə gec-tez qələbə çalacaq və bu tipli hallar tədricən aradan qalxacaq.

Qarşıda dayanan işlər böyükdür. Toplama, nəşr işləri davam edir və etməlidir. Bu günə qədər toplanmamış bölgələrimiz var. Hələ Cənubi Azərbaycan folklorunu demirik. Folklorumuzun böyük bir hissəsi Arazın o tayındadır. O taydan toplanıb nəşr olunanlar dəryadan damladır. Toplanması mümkün olan nə varsa, yazıya alınmalıdır. Folklor İnstitutunun əsas vəzifəsi Azərbaycan xalqının folklorunu toplayıb, sənədləşdirmək və gələcək nəsillərə ötürməkdir. Onun araşdırılması bu materialın toplanmasından asılıdır. Bununla yanaşı, akademik nəşrlər və çap olunmuş mətnlərin kataloqlaşdırılması qarşıda dayanan işlərdəndir. Hər iki istiqamətdə aparılan işlər toplanmış materialın nizamlanmasına xidmət edir və araşdırmalar zamanı ondan istifadəni asanlaşdırır.

Etnik folklor milli folklor səviyyəsinə qalxıb və qalxmaqdadır. Milli folklor deyərkən, biz folklorun milli şüur sferasına daxil olub bu müstəvidə qazandığı yeni dəyəri nəzərdə tuturuq. Burada söhbət, hər şeydən öncə, milli dövlətçilik düşüncəsinin folklordan baş götürməsinin idrakından gedir. Konstitusiyada I fəslin birinci maddəsində deyilir: "Azərbaycan Respublikasında hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır". Bununla yanaşı, xalq mücərrəd anlayış deyil, onu, sözün həqiqi mənasında, xalq edən dəyərlər sistemi folklordur. Folklor anlayışı ilə etnik ənənə anlayışı bərabər tutulur. Beləliklə, milli dövlətçilik düşüncəsi ənənədən baş götürür və "bu ənənənin dövlətiyəm deyib" həmin ənənənin üzərində oturur. Bu o deməkdir ki, birinci, dövlət təşkilatının strukturundan tutmuş, hüquq sisteminə qədər ənənə nəzərə alınır, ikinci, dövlət ənənəvi dəyərlərə keşik çəkir, üçüncü, onları milli ideologiyanın içərisinə salıb milli düşüncə sisteminə çevirir. Etnik folklor bu zaman milli folklora çevrilir. Sovet hakimiyyəti illərində Novruz bayramının dövlət səviyyəsində keçirilməməsinin əsas səbəbi bu idi. Bu hadisə xalqın əziz bayramına milli statusvermə anlamına gəlirdi. Elə ona görə də rədd edildi.

Öncə, müasirləşmə, ardınca qloballaşma adı ilə gedən proses nəticəsində ənənənin aşınmaya doğru getdiyi bu dövrdə qaldırılan problem bütün aktuallığı ilə qarşımızda dayanır. Aşınmada olan ənənənin passiv müşahidəçilərinə çevrilmək olmaz. Bu baxımdan, Azərbaycan folklorşünaslarının görməli olduğu işlərin sahəsi kifayət qədər genişdir. Zamanın çağırışına səs verməmək ən azı günahdır. Ənənəni itirən xalqların yaşama gücünü itirməsi, yaradıcılıq qabiliyyətinin tükənməsi aksiomatik həqiqətdir və ümumdünya tarixində bununla bağlı çoxsaylı örnəklər var.

Gəlin, unutmayaq, itirilən dəyərlərin yeri, ya boş qalır, ya da kənardangəlmə dəyərsiz davranışlar tutur. Onu da deyək ki, ənənədən çıxış var, ancaq geriyə dönüş yoxdur. Geri dönüş bütün hallarda təqliddir, tamaşadır və heç vaxt həyat, eləcə də düşüncə tərzinə çevrilmir.

Başqalarına bənzəmək istəyənlərin və ya özünü başqasına bənzədənlərin sonu yoxdur. Biz ancaq özümüzün bənzərsiz mədəni dəyərlərimizlə və folklor düşüncəmizlə dünya xalqları arasında yerimizi ala bilərik...

Hər şeydən öncə, aşınmanın səbəblərini öyrənmək lazımdır, ardınca maarifləndirici işlər gəlir. Toplayıb çap etdiyimiz materialları gəncliyin şüuruna yeritmənin zamanı çoxdan çatıb. Apardığımız araşdırmalardan alınan nəticələrin həyata keçirilməsi günümüzün ən aktual problemlərindəndir. Müasir texniki tərəqqinin verdiyi imkanları nəzərə alsaq, görüləcək işlərin forma və şəkilləri çoxdur: audio, video materialların hazırlanmasından tutmuş, xalq teatrlarına və hətta xalq mədəniyyətinin güzgüsü ola biləcək xalq universitetlərinə qədər.

Azərbaycan etnik mədəniyyəti dünyanın ən yetkin, ən kübar mədəniyyətlərindən biridir. Əgər onu qoruyub mühafizə edə bilsək, bu mədəniyyətin üzərində oturub dünyaya bütün müstəvilərdə böyük töhfələr verə biləcəyimizə heç bir şübhə ola bilməz.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!