Mikoyana yarınmaq üçün Bağırovun üzünə duranlar - Adıgözəl MƏMMƏDOV

İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun "Mir Cəfər Bağırov - siyasi portret" kitabından müəyyən hissələri təqdim edirik.

Azərbaycan Kommunist Partiyasının 1954-cü il fevral ayının 12-də başlayan qurultayı elə ilk gündən çox gərgin keçirdi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsini ikinci katibi Vitali Səmədov M.C.Bağırova qarşı hücuma keçərək onu aşağıdakı şəkildə ittiham edirdi: "Bağırov bizə tapşırırdı ki, orta məktəb dərsliklərində Anastas Mikoyanın adı çəkilməsin, Partiya İnstitutu Stepan Şaumyanın adı ilə çağırılmasın. O, Serqo Orconikidze barədə qərəz və kinayə ilə danışırdı".

Bu, həmin Serqodur ki, Dağlıq Qarabağın taleyi həll olunanda Qarabağın Ermənistana verilməsinə tərəf çıxıb, buna qarşı duran Nəriman Nərimanovu bir müddət sonra real siyasi hakimiyyətdən uzaqlaşdırmağa nail olub. Kremlin divarları arasında səsi eşidilməyən, heç bir yüksək səlahiyyəti olmayan, koma vəziyyətindəki Leninə Stalindən şikayət məktubları yazan Serqo sonda onun ölümünə səbəb olub.

Yaxud, həmin qurultayda Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Nəzər Heydərov M.C.Bağırovun əlinin çörəyini yemiş Məmməd İskəndərovla baş-başa verərək, erməni mənşəli Astvatsaturovu - "Orconikidzeneft"in keçmiş rəisini, Mravyanı - "Stalinneft" trestinin keçmiş rəisini, Ter-Minasovu - "Buzovnaneft"in keçmiş baş mühəndisini Azərbaycandan qovduğuna görə M.C.Bağırovu ittiham edirdilər. Bu insanlar Mikoyana xoş gəlmək üçün sanki yarışa girmişdilər. Çünki Mikoyanın görən gözü, eşidən qulağı A.Sarkisov Dağlıq Qarabağ Muxtar Vilayətindən qurultayda nümayəndə kimi iştirak edirdi.

Bu adam qurultayda aparılan müzakirələri istiqamətləndirirdi. Misal üçün, A.Sarkisov deyirdi: "1952-ci ildə Bağırovun təklifi ilə Azərbaycan KP MK-nın Bürosu Marksizm-Leninizm İnstitutlarında tədrisin ermənicə aparılmasını ləğv edib, Bakıda, Kirovabadda (Gəncədə), Naxçıvanda, Stepanakertdə (Xankəndidə) tədrisin ancaq rus dilində aparılması qərara alınıb. Bunun nəticəsində biz Stepanakertdə universitetin erməni bölməsini bağlamalı olduq. Bağırov millətçi idi, həm də xüsusi tipə mənsub millətçi idi. O, digər millətlərin təkcə kadrlarını deyil, mədəniyyətini də bəyənmirdi. Bakıda erməni teatrının bağlanması dediklərimə parlaq sübutdur".

Mikoyana yarınmaq üçün

 

O, həmçinin M.C.Bağırovu daşnak mərkəzi olan Stepanakert Müəllimlər İnstitutunu bağlamaqda ittiham edirdi. Təsadüfi deyil ki, bu istiqamətləndirici çıxışdan sonra qurultaydakı bütün çıxışlar Mikoyanın müdafiəsi üzərində qurulmağa başladı. Mərkəzi Komitənin elm və mədəniyyət şöbəsinin müdiri H.Həsənovun çıxışını oxuyanda, onun sağlam azərbaycanlı şüuruna sığmayan fikirlərinə görə xəcalət çəkməli olursan. Görün o, çıxışında nə deyirdi: "Bağırov "Azərbaycan tarixi" dərsliyindən Mikoyanın, Orconikidzenin, 26 Bakı Komissarının adlarını çıxarmaq barədə göstəriş verməklə kifayətlənmirdi. Şəxsən öz əli ilə bu adların üstündən xətt çəkirdi. Yadımdadır, mənim iştirak etdiyim yığıncaqda Bağırov həmin dərsliyi hazırlamış müəlliflərin üstünə çığırdı ki, nə üçün onun göstərişlərinə əməl edilməyib, həmin adlar dərslikdən çıxarılmayıb?"

Yəni, yuxarıdakı misalları çəkməkdə məqsədim odur ki, Mikoyan başda olmaqla erməni siyasi elitası M.C.Bağırovu həm Azərbaycanda, həm də Cənubi Azərbaycanda apardığı milli siyasətinə və Dağıstanı Azərbaycana birləşdirmək istədiyinə görə onu bağışlamayacaqdılar. Bu baxımdan, 1954-cü il fevralın 12-dən 16-na kimi davam edən qurultayda yuxarıda qeyd etdiyim çıxışların ana xətti Mikoyana yarınmaq, Bağırova görə ermənilərdən üzr istətdirmək tələbi üzərində qurulmuşdu. Ona görə də bu qrup, düşən nüfuzlarını bərpa etmək üçün onların milli ruha, milli dəyərlərə bağlı olduqlarını göstərməyə çalışırlar. Azərbaycan dili məsələsini gündəmə gətirirlər. Və yazışmaların Azərbaycan dilində aparılmasını Mərkəzi Komitənin qərarına salırlar.

Bu barədə görkəmli alimimiz Musa Əliyevin xatirələri təqdirəlayiqdir. Musa Əliyev bu qrupu və onun rəhbərini "təsadüfi insanlar, siyasətdən başı çıxmayan dar düşüncəli, kinli və qisasçı" adlandırırdı. Bu insanlar o qədər səhv addımlar atırdılar ki, bunları düzəltmək üçün çox uzun illər lazım gələcəkdi (Öz dəst-xətti ilə Musa Əliyevin gündəliyi. Bakı 2022-ci il (rus dilində, səh. 313).

Mir Cəfər Bağırova ölüm hökmü kəsildikdən sonra, daha doğrusu, güllələnmə qərarından sonra, onun oğlu Cen Bağırov öz müraciətində Mir Cəfərin şəhid atası olduğunu, partiya və dövlət qarşısında xidmətlərini nəzərə alıb, güllələnmə hökmünün dəyişdirilməsini xahiş edir.

Sonra onun vəkili V.Qavrilov (əlbəttə ki, Mir Cəfər Bağırovun özü yox, - A.M.) SSR-in Ali Sovetinin sədrinə müraciət edir.

Baxın:

SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri K.Y.Vororşilova V.N.Qavrilovdan əfv ərizəsi.

26 aprel 1956-cı il.

Vəkil Qavrilov Vladimir Nikolayeviç,

Moskva, Kuybışev küçəsi 4, otaq 69, məsləhətçi. Bağırov Mir Cəfər Abbasoviçin müdafiəçisi.

 

Əfv ərizəsi

 

Bu il aprelin 26-da SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Bakı şəhərində məhkum Bağırovun işinə baxaraq onu müqəssir hesab etmiş və ona ən ağır cəza - güllələnmə hökmünü vermişdir.

SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrindən xahiş edirəm ki, M.C.Bağırovun güllələnmə hökmü yüngül cəza ilə əvəz olunsun.

Möhür: Vəkil Qavrilov

SSRİ Ali Soveti Rəyasət Heyətinin (Rusiya Dövlət İctimai-Siyasi Partiya Arxivi - RDİSA, f. 17, siy. 171, iş. 479, səh. 46 - 48) qərarı

Bağırov Mir Cəfər Abbasoviçin (təvəllüdü 1896-cı il, Azərbaycan SSR, Quba şəhəri), əfv ərizələri rədd edisin!

SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrı - K.Voroşilov, SSRİ Ali Soveti Rəyasət Heyətinin katibi - N.N.Peqob

Moskva, Kreml.

çap. 53 nüsxə.

İş. № LP-2028.

Sonradan isə Mir Cəfər Bağırov özü də məktub yazır, hərçənd, bu məktub bir az şübhəlidir. Çünki mən o arxiv sənədin orijinalını görmüşəm, Bağırovun qolu orada görünmür. Çox güman ki, Bağırov sona qədər inadından əl çəkmir, yəni, heç bir əfv olunması barədə müraciət etmir. Ola bilsin ki, onun adından vəkili V.Qavrilov mətni yazır. Amma belə müraciət olmuşdur və sonrakı mərhələdə isə hətta Sovet İttifaqı Kommunist Partiyası Rəyasət Heyətinin qapalı iclasında bu məsələ müzakirə olunur. Bunu təsdiq edən sənədlər də var.

Bu müzakirədə A.Mikoyan Mir Cəfər Bağırovun güllələnməsinin dayandırılması məsələsini qaldırır. Əlbəttə, burda da Mikoyanın öz oyunu var idi. Yəni, Mir Cəfər Bağırovun güllələnməsində erməni daşnaklarının və məlum xəttin rolunun izlərini itirməyə çalışırdı.

Qeyd etdiyim kimi bu məsələ Sovet İKP MK Rəyasət Heyətinin iclasında qaldırılır, amma bu barədə qərar müsbət olmur və hökm qüvvədə qalır.

O dövrü xatırlayan Mirhəsən Seyidov qeyd edirdi ki: "Azərbaycanda, xüsusən, 1940-cı illərin sonu 1950-ci illərin əvvəllərində MK-yə və rəhbər vəzifələrə intensiv surətdə azərbaycanlı kadrlar irəli çəkilirdi və Onun reportariantların yerləşməsi üçün azərbaycanlıların Ermənistandan köçünə etiraz etməsi və onun xüsusi ilə son illər milliləşdirmə siyasəti artıq Moskvanı çox hiddətləndirirdi. Və həmçinin Bağırovun Cənubi Azərbaycan və Dağıstan məsələsindəki mövqeyi yaddan çıxmamışdı (bu barədə "M.C.Bağırov Siyasi portret" kitabımda geniş bəhs edilib - A.M.)".

Ona görə də bu addımlar şovinistlərlə, daşnak erməni siyasi elitasını həmrəy şəkildə Azərbaycan siyasi rəhbərinə qarşı yönəltmişdi. Nikolay Konstantinoviç Baybakovla 1998-ci ildə görüşüm zamanı o da mənə xatırladırdı ki, "1950-ci ildən başlayaraq Stalində belə bir fikir formalaşdırılmışdı ki, Mir Cəfər Bağırovu Bakıdan Moskvaya işə gətirmək lazımdır. İlk olaraq onu Azərbaycandan uzaqlaşdırmaq istəyirdi. Onu SSRİ neft naziri təyin etmək istəyirdi. M.C.Bağırov isə hər vəchlə Moskvaya getmək istəmirdi".

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!