Azərbaycanın görkəmli dövlət başçısı və siyasi xadimi Heydər Əliyevin adı ölkəmizin şərəf salnaməsində əbədi olaraq yaşayacaqdır. Dahi liderin Azərbaycanın dövlətçilik tarixində yürütdüyü müdrik daxili və xarici siyasətində elmin inkişafı naminə gördüyü işlər, elmə və elm adamlarına verdiyi yüksək qiymət xüsusi yer tutur. Mən hələ çox gənc olarkən, 1975-ci il sentyabrın 23-də Heydər Əliyevin Azərbaycan Elmlər Akademiyasının Xalqlar Dostluğu ordeni ilə təltif edilməsi ilə əlaqədar bu elm ocağına gəlişini, onun inkişaf edən Azərbaycanın elmi potensial gücü ilə necə qürur duyduğunu və elmin bütün sahələrinə şəxsən özünün nəzarət etdiyini müşahidə etmişəm. Bu müdrik dövlət xadiminin həmin yığıncaqdakı çıxışının məzmunu - o zamankı Ümumittifaq miqyasında Azərbaycan elminin yüksək mövqeyini dəyərləndirməsi, elmin əhatə etdiyi problemləri bir-bir sadalayaraq, diqqəti dünyamiqyaslı problemlərə yönəltməsi və onun elmin bütün sahələri üzrə yüksək biliklərə sahib olması heyrət doğururdu. Ulu öndərin şəxsiyyətini dahi şairimiz Nizami Gəncəvinin qələmə aldığı uca sərkərdələrlə müqayisə etmək olar. Bu hadisəni xatırlarkən, Nizaminin "İskəndərnamə" əsərində söylədiyi aşağıdakı sözlər yada düşür:
O böyük, ağıllı, ayıq hökmdar,
Öz uca taxtında tutarkən qərar,
Əmr etdi, verildi belə bir fərman:
"Alimdir gözümdə ən əziz insan!
Elmlə, hünərlə! - Başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz.
Rütbələr içində seçilir biri -
Hamıdan ucadır alimin yeri!
(Nizami Gəncəvi. İskəndərnamə.
İqbalnamə. Tərcümə: Mikayıl Rzaquluzadə)
Heydər Əliyevin siyasi-ictimai fəaliyyətinin möhtəşəm sahələrindən biri də dünya və Azərbaycan nizamişünaslıq elminin inkişafına göstərdiyi əvəzsiz xidmətlərdir. Bu bir həqiqətdir ki, XX əsrin II yarısından başlayaraq Nizami Gəncəvi irsinin tədqiqi, təbliği və dünya xalqlarının dillərinə tərcüməsi işinin genişləndirilməsi Azərbaycanın dahi lideri Heydər Əliyevin adı ilə bağlıdır.
O, hələ 1969-1982-ci illərdə Azərbaycan Respublikasının rəhbəri olduğu dövrdə dahi şairimiz Nizami Gəncəvi irsinin tədqiqi və təbliği işinə xüsusi diqqət və qayğı göstərmişdir. Bu mərhələdə Azərbaycanda, eləcə də postsovet məkanında Nizamişünaslığın inkişafı onun müdrik dövlətçilik siyasətinin tərkib hissələrindən biri olmuşdur.
Hər şeydən əvvəl, Heydər Əliyev Nizami Gəncəvi yaradıcılığına dərindən bələd olan, onun sənətkarlığına heyran olaraq, hətta şeirlərindən nümunələri əzbər söyləyən, dahi şairin sənətinin dünya mədəniyyətində misilsiz bir xəzinə olduğunu bilən yüksək intellektli, fenomen yaddaşa malik bir şəxsiyyət idi.
Hələ 1 noyabr 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyinə həsr edilmiş təntənəli yığıncaqda söylədiyi nitqində o, Azərbaycan xalqının parlaq və orijinal mədəniyyətinin öndə gedən simaları sırasında -"mütəfəkkir şair Nizami Gəncəvi" deyə dahi sənətkarın adını xüsusi məhəbbət və qürurla çəkirdi.
Nizami Gəncəvi yaradıcılığı Heydər Əliyevin hər zaman güvəndiyi zəngin ictimai-fəlsəfi mənbələrdən idi və şairin öz əsərlərində qoyduğu siyasi-ictimai, əxlaqi ideyalar onun dünyagörüşündə və dövlətçilik siyasətində dərin iz buraxmışdır.
O, Nizami Gəncəvinin öz əsərlərində qoyduğu və bəşəriyyətin ali missiyasına çevrilən humanist fəlsəfəni, ictimai ədaləti, insanlar arasında dini-irqi ayrı-seçkilikdən uzaq tolerant dünyagörüşü dərindən izləyir və dahi şairin sənətinə heyranlığını bildirirdi, yeri düşdükcə, Nizami əsərlərindən nümunələr gətirməklə, insanpərvərlik və beynəlmiləlçilik dünyagörüşünün Azərbaycan xalqına xas mühüm bir xüsusiyyət olduğunu göstərirdi.
Təsadüfi deyildir ki, Heydər Əliyev 1972-ci il 16 avqustda Moskvada nəşr olunan "Literaturnaya qazeta"ya verdiyi müsahibəsində jurnalistin "Azərbaycan yazıçılarının yaradıcılığında sovet adamlarının dostluğu və qardaşlığı mövzusu necə işıqlandırılır?" - sualının cavabında Nizami Gəncəvi yaradıcılığına istinad etmiş, onun əsərlərinin əsas qayəsini təşkil edən və çox parlaq cizgilərlə ifadə olunmuş ümumbəşəri məhəbbət ideyasını nümunə gətirərək, yığcam və dəqiq şəkildə belə söyləmişdir: "Digər xalqların bütün əsl humanist mütərəqqi ədəbiyyatları kimi, Azərbaycan ədəbiyyatının da öz şanlı çoxəsrlik beynəlmiləlçilik ənənələri vardır. Müxtəlif xalqların oğul və qızlarını alovlu məhəbbətlə tərənnüm etmiş Nizaminin dahiyanə əsərləri" buna parlaq sübutdur.
Azərbaycan Nizamişünaslığında Heydər Əliyevin müstəsna əməyini qiymətləndirmək üçün bu sahənin inkişaf tarixinə qısaca nəzər salmaq lazım gəlir. Məlumdur ki, Azərbaycan Nizamişünaslığının I möhtəşəm mərhələsi, yəni XX əsrin 40-cı illər dövrü öz monumental töhfələrilə dünya elmi tarixində yeni bir səhifə açmışdı. 40-cı illərə nisbətən, sonrakı 50-60-ci illər, ilk baxışdan durğunluq, sakitlik dövrü kimi nəzərə çarpsa da, əslində Nizamişünaslıq artıq qurulmuş olan sxem əsasında sakit elmi tədqiqlərə keçmişdi və Nizamişünaslığın vacib problemlərinə həsr olunmuş onlarla monoqrafiyalar yazılmışdı. Lakin Nizami əsərlərinin nəşri və onun irsinin dünya miqyasında tərcümə və təbliği işində 40-cı illərə nisbətən, bir durğunluq nəzərə çarpmaqdaydı.
Heydər Əliyevin 70-ci illərdən başlayan təşəbbüsü və fəaliyyəti sayəsində, Azərbaycan Nizamişünaslığı öz tarixində 2-ci çox möhtəşəm bir mərhələyə qədəm qoydu. Onun "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" 1979-cu il 6 yanvar tarixli qərarı ilə Azərbaycan Nizamişünaslıq elminin tarixində yeni bir dövr başladı. Bu qərarla Nizami Gəncəvi irsinin nəşri, tədqiqi və təbliği işi böyük vüsət aldı, Nizamişünaslığın aktual problemlərinin çağdaş dünya elmi səviyyəsində həlli istiqamətində geniş imkanlar açıldı. Şairin həyatı və yaradıcılığının müxtəlif elmi aspektlərdən tədqiqata cəlb olunması, sənətinin dünya fəlsəfəsi və poeziya tarixinə təsirinin öyrənilməsi, həmçinin dünya şərqşünaslıq elmi tərəfindən qiymətləndirilməsi və sair məsələlərin tədqiqi qlobal xarakter aldı.
Bu dövrdə, bütövlükdə Nizami mövzusu ədəbi prosesin ən aktual problemlərindən birinə çevrildi. Şairin lirikası və poemalarının Azərbaycan və rus dillərinə filoloji tərcümələri yarandı, əsərləri yenidən işıq üzü gördü.
H.Əliyevin 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərarı isə Nizamişünaslıq problemlərinin həllini Ümumittifaq miqyasında misli görünməmiş məcraya yönəltdi. Məhz onun təşəbbüsü və himayədarlığı ilə 1981-ci ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda ilk dəfə olaraq, ayrıca Nizamişünaslıq şöbəsi yaradıldı. Şöbəyə rəhbərlik dünya şöhrətli şərqşünas-alim, professor, əməkdar elm xadimi Rüstəm Əliyevə həvalə olundu. Heydər Əliyevin xüsusi tapşırığı, qayğısı və nəzarəti ilə respublikada, o cümlədən, Nizamişünaslıq şöbəsində Nizami Gəncəvi "Xəmsə"sinin yenidən nəşri, şairin əsərlərinin Azərbaycan və rus dillərində filoloji tərcümələri və həyatının, ədəbi mühitinin və yaradıcılığının tədqiqi sahəsində qızğın iş gedirdi. O zaman ayda bir dəfə şöbə rəhbəri Rüstəm Əliyev o dövr Mərkəzi Komitənin İdeoloji məsələlər üzrə katibi və siyasi xadimi Həsən Həsənova hesabat verir və o da Nizamişünaslıq sahəsindəki işlərin gedişi haqqında ölkənin rəhbəri Heydər Əliyevə məruzə edirdi.
Bu dövrdə görülən monumental işlər haqqında təsəvvür yaratmaq üçün onların bəzilərini qeyd etmək kifayətdir.
Nizami "Xəmsə"si üzrə ayrı-ayrı poemaların Azərbaycan və rus dillərinə filoloji tərcümələri: (tərcüməçilər: Rüstəm Əliyev, Mübariz Əlizadə, Həmid Məmmədzadə, Qəzənfər Əliyev, Vaqif Aslanov); tədqiqatlar: Azadə Rüstəmova. "Nizami Gəncəvi. Həyatı və sənəti" (Bakı,1979;1980), Nüşabə Araslı."Nizami və türk ədəbiyyatı" (Bakı,1979), Arif Hacıyev. "Renassans və Nizami Gəncəvi poeziyası" (Bakı,1980), Məmməd Cəfər. "Nizaminin fikir dünyası" (Bakı,1982), Xəlil Yusifov. "Şərqdə intibah və Nizami Gəncəvi" (Bakı, 1982), Rüstəm Əliyev. "Nizami. Azərbaycan, rus və ingilis dillərində biblioqrafik məlumat" (Bakı,1983) və "Ölməz məhəbbət dastanı" (Bakı,1984), Xəlil Hüseynov. "Nizaminin "Sirlər xəzinəsi" (Bakı,1983), Çingiz Sasani. "Nizaminin "Leyli və Məcnun"poeması" (Bakı,1985), Mehdi Kazımov. "Nizaminin "Yeddi gözəl" poeması və XIV-XVI əsrlər farsdilli ədəbiyyatda nəzirə ənənəsi" (Bakı,1987), Zümrüd Quluzadə. "Şərq mədəniyyəti tarixinin nəzəri problemləri və nizamişünaslıq" (Bakı,1987), Cahangir Qəhrəmanov və Kamil Allahyarov. "Nizami Gəncəvi əsərlərinin əlyazmaları dünya kitab xəzinələrində" (Bakı,1987) və başqa onlarla monoqrafiyalar yazılmışdır.
Nizami əsərlərinin Ümumittifaq miqyaslı nəşrləri işıq üzü görmüşdür: Nizami. Şeirlər və poemalar. (Leninqrad,1981), Nizami Gəncəvi. Seçilmiş əsərləri. 5 cilddə (Moskva, "Xudojestvennaya literatura", 1985) və Nizami Gəncəvi. "Həft peykər" elmi-tənqidi mətn: T.Məhərrəmov (Moskva, 1987) və başqa nəşrlər Heydər Əliyevin xüsusi tapşırığı və nəzarəti sayəsində ərsəyə gəlmişdir.
Həmçinin bu illərdə Nizaminin dünya şərqşünaslığında öyrənilməsi problemi üzrə neçə-neçə tədqiqat işləri yazıldı.
Əslində bu görülən işlərin hamısı sadə yolla həll olunmurdu. Bu işlərin arxasında böyük məsuliyyət dayanırdı. O zaman respublikamız sovetlər birliyinin tərkibində idi. Hər bir irimiqyaslı nəşrlər və tədbirlər müxtəlif instansiyalardan keçməli olurdu. Bu iş Respublika rəhbərliyindən böyük iradə, ağır zəhmət və güclü vətənpərvərlik tələb edirdi. Heydər Əliyev özü bu hadisələri 1993-cü il 21 sentyabrda Azərbaycan Milli Elmlər Akademiyasında ziyalılarla görüşündə xatırlayaraq söyləyirdi: "1981-ci ildə biz Nizaminin ədəbi irsinin öyrənilməsi haqqında böyük bir qərar qəbul etdik. Nizami Gəncəvinin 840 illiyini böyük bir yubiley kimi qeyd edəndə bizə çox yerdə irad tuturdular ki, 840 il yuvarlaq tarix deyildir. Ancaq biz sübut etdik ki, Nizami Gəncəvi elə bir şəxsiyyətdir, tarixdə, dünya mədəniyyətində elə bir iz qoyub getmişdir ki, onun yubileyi hər il keçirilə bilər".
Nizami əsərlərinin dünya miqyasında nəşrinin keyfiyyəti məsələsi də həmişə onu düşündürürdü. Ziyalılarla görüşündə Heydər Əliyev bu haqda söyləyirdi: "Təsəvvür edin, əgər biz Nizami Gəncəvini yaxşı tanıyırıqsa, yaxud da Qərb ölkələrinin, o cümlədən, İngiltərənin kitabxanalarında, muzeylərində vaxtilə onun yaradıcılığını təhlil edən alimlər müəyyən əsərlər yazmışlarsa, Azərbaycanda 1948-ci ildən sonra dahi şairimizin əsərləri lazımi səviyyədə çap olunmamışdı. Nizami Gəncəvinin əsərlərinin Moskvada rus dilində nəşr olunması barədə qərar qəbul edilmişdir. Lakin sonra öyrəndik ki, "Xudojestvennaya literatura" nəşriyyatında bu əsərlər çap olunmamışdır. Böyük bir nailiyyət kimi yox, sadəcə olaraq xalqıma xidmət kimi deyə bilərəm ki, Moskvada işlədiyim dövrdə Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan əsərlərin rus dilində ayrı-ayrılıqda nəşr olunmasına nəzarət etdim. Lakin Moskvada mənə dedilər ki, Nizaminin əsərlərinin rus dilinə tərcüməsi istənilən səviyyədə deyildir. O zaman Mirzə İbrahimovdan və başqalarından xahiş etdim ki, mən artıq Azərbaycanda deyiləm, görün nə etmək olar ki, Nizami Gəncəvinin əsərləri rus dilinə yenidən tərcümə edilsin. Bəzi adamlar isə buna etiraz edirdilər... Nizaminin əsərlərini böyük çətinliklə Moskvada nəşr etdirdik. Sonra mən Bakıya gələrkən Nizami muzeyinə getdim və gördüm ki, şairin beş əsərinin hamısı orada nümayiş etdirilir".
Heydər Əliyev müstəqillik dövründə Nizaminin 850 illik yubileyinin keçirilməsini qiymətləndirərkən, XX əsrin 40-cı illərindən sonra görülən işləri hələ də kifayət hesab etmir, Nizami irsinin təbliğ və tədqiqini mütəmadi şəkildə aparmağı vacib bilərək söyləyirdi: "Nizami Gəncəvinin 850 illiyi qeyd edilmişdir. Hansı səviyyədə qeyd edildiyini deyə bilmərəm. Ona görə yox ki, bu yubiley böyük bayram kimi keçirilməlidir. Bu, Azərbaycanı, onun tarixini bir daha dünyaya tanıtmaq üçün imkandır. Nizami Gəncəvinin əsərləri təkcə ədəbi cəhətdən deyil, fəlsəfi baxımdan da əvəzsizdir. Lakin 1948-ci ildən ötən 50 ilə yaxın bir vaxtda biz onların istənilən səviyyədə tətbiq edilib yayılmasına nail ola bilməmişik".
Respublikada keçirilən bütün mədəniyyət tədbirlərində Nizamişünaslığın problemləri onu düşündürür və yeri düşdükcə, bu barədə danışırdı. Onun sərəncamı və rəhbərliyi ilə 1999-cu ildə türkdilli abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi üzrə təşkil olunmuş Dövlət Komissiyasının iclasında yenə də Nizamini yad edib söyləyirdi:
"Biz keçmiş zamanlarda böyük minnətdarlıq hissi ilə qeyd edirdik ki, İkinci Dünya müharibəsi, Vətən müharibəsi gedən zaman, Leninqrad blokadada olduğu dövrdə orada Nizaminin 800 illik yubileyi keçirilmişdir... Bu, tarixdir, həqiqətdir. Biz indi müstəqil dövlətik. Müstəqil dövlət kimi xalqımızın milli köklərini, tarixini, qədim mədəniyyətini, böyüklüyünü öz vətəndaşlarımıza da, bütün dünyaya da göstərməliyik, təbliğ etməliyik".
O, təkcə Nizamişünaslıqda deyil, ümumiyyətlə, bütün sahələrdə elmi qüvvələr potensialının vacibliyini vurğulayır, tədqiqatçı alimlərin zəhmətini yüksək qiymətləndirirdi: "Əgər bizim millətimizin keçmişini, tarixini, mədəniyyətini, onun mənbəyini bizim alimlərimiz, ziyalılarımız tədqiq etməsələr, xalqımıza, dünyaya göstərməsələr, sübut etməsələr, bəs bunu kim edəcəkdir?" - deyə həmişə elmi mütəxəssislərə arxalanırdı.
Bir məsələni də qeyd etmək vacibdir ki, Gəncədə Nizami Gəncəvi məqbərəsinin bərpa olunaraq yenidən qurulması Heydər Əliyevin və onun varislərinin adı ilə bağlıdır. Hal-hazırda Gəncədəki möhtəşəm "Xəmsə" abidə kompleksi, zənnimcə, hər bir azərbaycanlının qürur mənbəyidir.
Dünya siyasətinin bənzərsiz lideri olan Heydər Əliyev həm Azərbaycanın, həm də bütün türk dünyasının böyük siyasi xadimi idi. O, yürütdüyü hər bir siyasətdə düşünüb-daşınaraq hərəkət edirdi. O, Azərbaycanın geosiyasi vəziyyətini, zaman-zaman düşmənlərin bu əraziyə qarşı etdiyi basqıları, Azərbaycan adını dəyişməyə cəhd edən qüvvələrin məkrli siyasətinin nədən qaynaqlandığını və bu siyasətin yerli türk əhaliyə qarşı yönəldiyini çox gözəl bilirdi. Odur ki, elə zamanında Azərbaycançılıq ideyasını irəli atdı və bu, birlik və güc demək idi. Azərbaycanda yaşayan bütün xalqların birgə inkişafı demək idi. Türk dünyasının görkəmli şəxsiyyətlərindən biri olan İhsan Doğramacının 2003-cü ildə söylədiyi çox qiymətli fikrini xatırlamaq yerinə düşür: "Heydər Əliyev fırtınalı həyatının hər dövründə Azərbaycanı, türklüyünü unutmayan böyük şəxsiyyətdir".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!