Özbəklər Birinci Türkoloji Qurultayda - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

Türk xalqları tarixinin hər cəhətdən mübahisəli olub, çox hallarda yeni dövrün hadisələrinə işıq salmayan, çoxdan unudulmuş (yalnız son onillərin eksperimental təxəyyülləri ilə ara-sıra gündəmə gətirilən!) "tarixəqədərki" epoxalarını bir tərəfə qoyub eramızın I minilliyinin sonu, II minilliyinin əvvəllərindən başlasaq, görərik ki, Türküstan (karluq - uyğurlar) Şimal-Qərb və Cənub-Qərb türkləri üçün həmişə etnokulturoloji mənbə - istinad olmuşlar. Rusiya imperiyasının Türküstana doğru işğalçı "hərəkat"ında da bu mənbə - istinad özünün tarixi müqavimətini ən müxtəlif üsullarla göstərmişdir. İmperiya çökdükdən sonra Türküstanda gedən mürəkkəb siyasi proseslər zahirən regionun türk xalqları arasında hər nə qədər etnoloji "layihə"lərə meydan açsa da, orta əsrlərin sonu, yeni dövrün əvvəllərindən sürət almış təbii diferensiasiyanın nəticələrilə üz-üzə gəldikdə geri çəkilməyə məcbur oldu. Bir sıra Orta Asiya türk xalqları ilə birlikdə əvvəl Türküstan MSSR-də, 1924-cü ildən isə Özbəkistan SSR- də siyasi müqəddəratını müəyyən edən özbək xalqı daim Qərbə "axan" türklərin Şərqdə ən möhtəşəm siyasi, iqtisadi və mədəni dayağı idi. Odur ki, Birinci Türkoloji Qurultaya hazırlıq başlayanda Yeni Əlifba Komitəsinin diqqət mərkəzində dayanan əsas coğrafiyalardan biri Türküstan, əsas türk xalqlarından biri isə özbəklər olmuşdur.

 

Həm Qurultaya hazırlıq, həm də Qurultay günlərində onun işində o zaman hələ gənc olan özbək alim-müəllimi (türkoloqu) Xalid Səid Xocayev böyük fəallıq göstərmişdi. O, 1888-ci ildə Daşkənd yaxınlığındakı bir kənddə dünyaya gəlmiş, mədrəsə bitirdikdən sonra İstanbula gedib ali təhsil almışdı. Qafqaz İslam ordusu ilə Bakıya, sonra isə vətəni Daşkəndə qayıdan Xalid Səid yenidən Azərbaycana dönməli olmuşdu. Onun Qurultaydan az sonra qələmə aldığı "Yeni əlifba yollarında əski xatirə və duyğularım" (Bakı, 1929) kitabı ümumən türk dünyasında, xüsusilə Özbəkistanda yeni əlifbaya keçidin mötəbər salnaməsidir. Belə məlum olur ki, Yeni Əlifba Komitəsinin sədri Səmədağa Ağamalıoğlu bu işin xüsusilə özbəklərlə bağlı hissəsinin məsuliyyətini, tamamilə haqlı olaraq, Xalid Səidin üzərinə qoymuş imiş.

 

Qurultaya Özbəkistan səkkiz nəfərdən ibarət kifayət qədər nüfuzlu bir nümayəndə heyətilə gəlmişdi: Səmərqənddən Rəhim Axundcan oğlu İnoqamov, Abdurrəşid Abducabbarov və Qazi Alim Yunusov; Daşkənddən Məşriq Yunus oğlu İlbək və Şakircan Rəhimi; Fərqanədən Aşıralı Zahiri, Xarəzmdən Bikcan Rəhmanov və Buxaradan İsmayıl Sədri.

"Yeni əlifba yollarında" müəllifi Qurultayın açılışı ərəfəsində yeni əlifbaya münasibətdəki ümumi vəziyyəti səciyyələndirərək yazır:

"Qazaxlar və kazanlıların fikri məlum idi (onlar yeni əlifbanın əleyhinə olub, əski əlifbanın islahatını istəyirdilər - N.C.), krımlılara ümid bəsləyirdik, ancaq hələ tamamilə şübhədən çıxa bilməmişdik. Osmanlı mərxəslərinin fikrini bilmək mümkün olmurdu. Bizi ən çox maraqlandıran özbəklərin fikri idi. Çünki onları qazansaq, türkmənlərlə bərabər bütün Türküstan bizim tərəfimizdə olacaqdı. Qırğızların yeni əlifba tərəfində olduqlarına dair qəti məlumat almışdıq. Səmədağa başda olmaq üzrə Azərbaycan Yeni Əlifba Komitəsinin bütün fikri, bütün diqqəti Anadolu türklərilə özbəklər üzərinə dikilib qalmışdı".

 

S.Ağamalıoğlu Xalid Səidə tapşırır ki, "özbəklərinlə danış, hər halda onların müəyyən bir fikirləri olacaq. Fikirlərini açıq-aydın söyləsinlər. Biz də ona görə iş görək". Xalid Səid xatırlayır ki, həmyerliləri Əski Avropa otelində onu çox hörmətlə qarşılayıb hal-əhval tutduqdan sonra nümayəndə heyətinin başçısı, Özbəkistan Maarif komissarı Rahim Axundcan İnoqamov (Ənamov) heyətin mövqeyini belə ifadə edir: "Bu iş üçün gəldik, qurultay nə qərar versə, biz də o qərardayıq". Cavabın qeyri-müəyyənliyi müəyyən rahatsızlıq doğurur. Və heyətin üzvü Qazi Alim - Xalid Səidlə ayrıca görüşüb bildirir ki, hökumət tərəfindən qurultaya göndərilənlərə "ərəb əlifbasını müdafiə etmələri xüsusunda qəti təlimat verilmişdir". Onu da əlavə edir ki, "ertəsi gün yeni nümayəndələrin xüsusi iclasları olacaq, ondan sonra qəti fikir və qərarlarını söyləyə biləcəklər"... Doğrudan da, çox çəkmir, xəbər gəlir ki, "bu sabah öz aramızda iclas oldu, artıq yeni əlifbanı müdafiə etmək, onun lehinə səs verməyə qərar verdik".

 

Xalid Səid ona həvalə edilən ikinci missiyanı da kifayət qədər uğurla yerinə yetirir. Türkiyə türklərinin yeni əlifbaya keçmək barədəki fikirlərini öyrənmək üçün Yeni Avropa otelinə gedib Fuad bəy Köprülüzadə və Əli bəy Hüseynzadə ilə görüşür.

Əlbəttə, istər özbəklər, istərsə də Türkiyə türkləri ilə apardığı söhbətlər yeni əlifbaya keçmək məsələsində onlara həlledici təsir göstərə bilməzdi. Bu cür cəhdlər daha çox Xalid Səidin özünün tutduğu mövqeyinin nə qədər ardıcıl olduğunu əks etdirmək baxımından əhəmiyyətlidir.

 

Əlifba ilə bağlı Qurultaydakı çıxışı özbəkcə olduğundan stenoqrafik hesabata düşməsə də, bu mövqe tamamilə aydındır. Və Yeni Əlifba Komitəsinin üzvü kimi Krım səfərindəki çıxışında dedikləri bunun bilavasitə ifadəsi ola bilər... Həmin çıxışında Xalid Səid göstərir ki, yeni tarixin başlanğıcında əlifba məsələsi ilə bağlı qarşıda üç yol var: 1) köhnə ərəb əlifbasını olduğu kimi saxlamaq, 2) onu islah etmək və 3) yeni bir əlifba qəbul etmək. "Birinci yolun mümkün olmadığını hər kəs söyləyir... İkinci yola gəlincə, indiyə qədər edilən təcrübələr bunun mümkün olmadığını göstərir. Çünki hər ölkə başqa yolda islah edir... Bu halda yalnız üçüncü yol qalır ki, bu da yeni əlifba qəbul etməkdir".

Azərbaycanda hazırlanmış layihəni cəsarətlə müzakirəyə verən Xalid Səid krımlı həmkarlarını əməkdaşlığa, əgər layihədə qüsurlar varsa, onların birgə aradan qaldırılmasına çağırır. Və qəbul olunacaq yeni əlifbada türk xalqlarının, onların mətbuatının bir-birindən ayrı düşməsini dözülməz hal sayaraq deyir:

"Bizi Krıma qədər gətirən, sizinlə məsələni müzakirəyə məcbur edən də budur. Bunun yalnız Azərbaycanda tətbiqinə başlasaq, buraya qədər gəlməyimizin mənası nədir?.. Bizim bu səyahətimiz yalnız Krıma deyil; Türküstana, Qazaxıstana, Başqırdıstana, Tatarıstana qədər getmək istəyirik".

Yeni əlifbanın qəbulunu şərtləndirən texniki amillər üzərində dayanan Xalid Səid göstərir ki, "biz zatən, ərəb əlifbasını yalnız ərəb əlifbası olduğu üçün atmadığımız kimi, latın hürufatını da yalnız latın hürufatı olduğu üçün qəbul etmirik. Biz ancaq çətinliklərdən, uyğunsuzluqlardan qurtulmağa çalışırıq. Bizim sözümüz sistemdədir, şəkildə deyil. Biz ona görə latın sistemini əsas tutduq, çünki bundan daha uyğun, daha əlverişli bir sistem tapa bilmədik, çünki latın sistemi təcrübədən keçmiş, həyat üçün haqq qazanmış əlifba sistemidir".

 

Həm peşəkar dilçi-türkoloq, həm müasir dünyagörüşlü vətənpərvər, həm də yeni əlifba üzrə bilavasitə mütəxəssis olaraq Xalid Səidin mövzu ilə bağlı çıxışları, əlbəttə, hər hansı halda geniş ictimai rəğbət doğurmaya bilməzdi.

Özbəkistan nümayəndə heyətinə xüsusi münasibətin nəticəsi idi ki, qısa giriş sözü ilə Qurultayı açandan sonra Təşkilat Komitəsinin sədri Səmədağa Ağamalıoğlu ilk sözü Özbəkistan Akademiya Mərkəzinin sədri Abdurrəşid Abducabbarova verdi ki, Qurultayı aparacaq təşkilat komissiyaları - rəyasət heyəti, fəxri rəyasət heyəti, mandat komissiyası, redaksiya heyəti və katibliyin tərkibi barədə nümayəndə heyətləri adından əvvəlcədən razılaşdırılmış təklifləri özbəkcə elan etsin. Və yekdilliklə qəbul olunmuş həmin təkliflərə əsasən özbəklərdən R.A. İnqamov rəyasət heyətinə, A.Abducabbarovun özü mandat komissiyasına, S.Rəhimi isə redaksiya heyətinə daxil edilmişlər.

Qurultayın əhval-ruhiyyəsinə təsir göstərən hadisələrdən biri, heç şübhəsiz, dahi özbək şairi Əlişir Nəvainin 500 illik yubileyinin keçirilməsi üçün xüsusi komissiya yaradılması, həmin yubileyin təntənə ilə qeyd olunması idi. Demək olar, bütün Qurultay iştirakçıları bilirdilər ki, iclaslarda adı tez-tez çəkilən bu böyük şair-mütəfəkkir təkcə özbəklərin yox, bütün türklərin ən böyük tarixi şəxsiyyətlərindən biridir.

Ümumiyyətlə, Birinci Türkoloji Qurultayda edilən məruzə və çıxışlarda özbək xalqına - onun tarixinə, dilinə, ədəbiyyatına, mədəniyyətinə böyük ehtiramla yanaşılmış, V.V.Bartold, M.F.Köprülüzadə, A.N.Samoyloviç, B.Çobanzadə kimi məşhur elm adamları bu xalq haqqında ətraflı söhbət açmışlar.

 

Və xüsusi olaraq qeyd etmək lazımdır ki, Özbəkistan nümayəndə heyətinin Qurultaydakı iştirakı da öz mütəşəkkilliyi, məhsuldarlığı və məqsədyönlülüyü ilə fərqlənir. Nümayəndə heyətinin üzvləri, əsasən, nə qədər gənc olsalar da, onların təmkinli, müdrik çıxışları Qurultayın ideya istiqamətinə (və türk xalqlarının müasir ideallarına!) xidmət etmişdir.

 

Yeni əlifba məsələsinin müzakirəsinin ən qızğın dövründə söz alan nümayəndə heyəti rəhbəri R.A.İnoqamov sözünə belə başlamışdı:

"Dünən yoldaş İbrahimova (söhbət Kazan tatarı Qalimcan İbrahimovdan gedir - N.C.) qulaq asarkən beynimdə bir qarışıqlıq yarandı. Mənə elə gəldi ki, Tatarıstanın adından çıxış edən tatar nümayəndə heyətinin latın qrafikasına qarşı prinsipial etirazı yoxdur. Bu nə deməkdir? Bu, o deməkdir ki, onlar latın əlifbasını, əsasən, qəbul edirlər və prinsipial etirazları yoxdur. Lakin başqa məruzəçilər, məsələn, yoldaş Alparov (söhbət Kazan tatarı İbad Alparovdan gedir - N.C.) çıxış etməyə və sınaq səciyyəli statistik hesablamaları sadalamağa başladıqda məlum olur ki, latın əlifbası ərəb əlifbasından geridədir. Bu səbəbdən də mənə elə gəlir ki, burada prinsipial etirazlar yoxdur deyə bilmərik".

Kazan tatarlarının xeyli dərəcədə ziddiyyətli (və tamamilə yanlış!) dəlillərlə latın əlifbasının əleyhinə olmalarını açıq söyləyən natiq onu da əlavə edir ki, "ərəbpərəstlər - mən, əsasən, tatar nümayəndə heyətinin üzvlərini nəzərdə tuturam - köhnə yox, islahat üçün nəzərdə tutulmuş ərəb əlifbasının üç əsas layihəsini təqdim ediblər. Mən əminəm ki, onların sayı üç yox, daha çox olacaq. İslah olunmuş ərəb əlifbaları ilə latın əlifbası arasında fərq var? Fərq yoxdur. Özbəkistanın təcrübəsi əsasında deyə bilərəm, bizdə məktəbdə oğlanlar yeni əlifba ilə oxuyurlar. Onlar köhnə əlifbanı bilmirlər, lakin islah olunmuş bu yeni əlifbanı da çətinliklə oxuyurlar və latın əlifbasını qəbul edəcəyimiz halda məsələnin "bu, kütlədən təcrid olunma olacaq" şəklində qoyulması əsassız bir dəlildir".

 

R.A.İnoqamovun sonrakı sözlərinə gəldikdə isə, cəsarətlə demək olar ki, ərəb əlifbası islahatçılarının ünvanına bütün Qurultay boyu söylənmiş ən əsaslı (və sərt) ittihamlardan biridir:

"Deyirsiniz ki, 500 il bu əlifba ilə ədəbiyyat yaratmısınız. Məgər o, islah olunmuş yeni əlifba ilə yaradılıb? Axı, əhali islah olunmuş əlifbanı yox, köhnəsini oxuyur. Bəs yeni əlifbanı kim oxuyacaq? İslah olunmuş əlifbanı yeni nəslin adamları bilir, bəs 500 illik ədəbiyyat necə oldu? Həmin əlifbanın qəbulu üçün bu qəbildən olan dəlillər tamamilə yanlışdır".

 

Lövhədə həm islah olunmuş əlifba, həm də latın əlifbasında bir neçə sözü yazıb müqayisə edən natiq sözünü belə yekunlaşdırır:

"Mənə elə gəlir ki, Tatarıstandan olan nümayəndələr və bir sıra digər yoldaşlar bu məsələyə aydınlıq gətirməli və onlar haqqında millətçi və dinçi olmaları barədə rəy yaranmaması üçün prinsipial etirazları olmadığını deməməlidirlər. Əsla! Sübut edə bilsəydiniz, bunu işdə sübut edərdiniz".

Qazi Alim Yunusovu Qurultay nümayəndələri yaxşı tanıyırdılar.

"Türk-tatar xalqlarında tarixi ədəbiyyatın inkişafı" adlı məruzəsində Kazan tatar tarixçisi Qaziz Qubaydullin məlumat verdi ki, "Başqa türk xalqlarının təcrübəsindən bəhrələnən özbək ziyalıları öz xalqının tarixini tələm-tələsik yazmağa can atmır, tarixi materialların toplanması ilə qənaətlənirlər. Məsələn, Qazi Alim Yunusov və başqaları tərəfindən toplanıb çap olunan və olunmayan tarixi xarakterli xalq dastanları bu xalqın tarixinə dair qiymətli mənbələrdir... Özbəklərdə qəbilə quruluşu, soyların adları və onların tamğaları haqqında Yunusov tərəfindən toplanan materialı xüsusi qeyd etmək lazımdır. Bu materiallar həmin xalqın təkcə etnoqrafiyasını yox, sosial tarixini də tədqiq etmək imkanı verəcək".

Qurultayda etnoqrafiya məsələləri müzakirə olunarkən Özbəkistan Akademiya Mərkəzinin sədr müavini, Səmərqənd Pedaqoji Akademiyası Özbək dili kafedrasının professoru Qazi Alim Yunusov (Qazi Yunus) çıxışına kəskin tənqidi qeydlərlə başlamışdır:

"...Məruzələrdə türk xalqlarının etnoqrafiyası sahəsindəki nailiyyətlərdən danışıldı. Lakin məruzələr o qədər kasad idi ki, jurnallardakı elmi məqalələri xatırladırdı. Bu məruzələr türk xalqlarının maddi mədəniyyətinə dair faktlarla kifayət qədər açıqlanmırdı; türk xalqlarının incəsənətindən danışan məruzəçilər türk sənətinin fərqləri, əsas motivləri və inkişafının müxtəlif mərhələlərini göstərmirdilər".

Tanınmış dilçi-dialektoloq, folklorçu, geniş türkoloji (və ümumən şərqşünaslıq) hazırlığı olan özbək nümayəndəsi məruzələrdəki a) sxematiklik, b) metafizika və c) qeyri-diferensiallığa etiraz etməkdə tamamilə haqlı idi. Çıxışçı bu ümumi mülahizələrdən sonra konkret olaraq mənsub olduğu xalq barədəki ənənəvi "elmi" təsəvvürlərə keçərək demişdi:

"Özbəklərdən danışılarkən hamıda dumanlı bir təsəvvür yaranır... Özbəklər kimdir? Özbəklər uzunsaqqallı, yekəçalma və uzun xələt geyən adamlardır... Vəssalam. Həqiqətən, özbəklərin tiplərinin təsvir olunduğu alboma nəzər salaq. Bu albom bizə nə deyir? Heç bir şey. Məsələn, özbəyin yerinə fars, İran mənşəli tacik çəkilib, onların cizgilərində türklərə məxsus element qətiyyən yoxdur.

Yəqin ki, bu cür albomları Özbəkistanın etnik tərkibindən qətiyyən xəbəri olmayan adam tərtib edib".

 

Əlbəttə, bu cür kobud səhvlərə yol verilməsi o zamana qədər aparılan etnoqrafik (və ümumən etnoloji) tədqiqatın doğruluğuna ciddi şübhələr yaratmaya bilməzdi.

Çıxışda regionun etnik-etnoqrafik mənzərəsi geniş (və müqayisəli şəkildə) təhlil olunmuşdur:

"Özbəkistanda, demək olar ki, hər bir şəxs qışlaqda yaşayır, qəbilə məişəti indiyədək unudulmayıb, köçəri həyat üstünlük təşkil edir. Özbəklərdə də qırğızlardakı yurtaları görərsiniz. Qırğızıstan və Qazaxıstanın müxtəlif vilayətlərində, hətta bəlkə uzaq Sibirdə də gördüyünüz eyni tipləri müşahidə edərsiniz. Burada monqol elementlərinə çox yaxın ola bilən unqut elementi ilə rastlaşarsınız. Məsələn, özbək ittifaqına bu yaxınlarda qoşulan qədim türk barqut tayfasının tipini görərsiniz ki, unqut tipindən tamamilə fərqlidir. Saraya və nayman tiplərini görərsiniz. Nayman tipi saraya tipindən tamamilə fərqlənir, bir çox şeydə fərqlənir. Məsələn, konrat və ya manqut tipini götürün. Konratlar və manqutlar arasında olarkən orada fərqləri açıq müşahidə edirsiniz".

 

Və 1924-cü ildə (Türküstan MSSR-dən sonra) yaradılan Özbəkistan SSR-in etnik tərkibinin yekcins olmadığını göstərən tədqiqatçı belə bir qənaətə gəlmişdir ki, "deməli, hələlik özbəklərin geneoloji tədqiqi yoxdur. Əldə olan məlumatlar o qədər cüzi, o qədər qaranlıqdır ki, bizə qətiyyən heç bir şey vermir".

Keçdiyi türkoloji məktəbin, apardığı dialektoloji, folklorşünaslıq (və etnoqrafik) araşdırmaların perspektivlərinə əmin olan alim son dərəcə böyük milli təəssübkeşlik (və təcrübi gerçəkliklə!) əlavə etmişdir ki, "bir sözlə, mən burada öz tədqiqatlarımı göstərə və yerli türkologiya həvəskarları ilə qarşılıqlı material mübadiləsi edə bilərəm. Bu mümkün olsaydı, biz - türk xalqlarının nümayəndələri həm nüfuzlu alimlərimiz, həm də elə özümüz üçün daha çox material əldə edə bilərdik".

Burada diqqəti cəlb edən (və bir-birinə qarşı duran) iki mühüm məqam var: birincisi - ironik, ikincisi - ciddidir... Rusiyanın (və rus elminin) "zat"ına yaxşı bələd olan türk-özbək alimi, birincisi, "mərkəz"dən gələn məruzəçilərə başa salır ki, siz kifayət qədər materiala əsaslanmadan danışırsız; ikincisi, türk qardaşlarına deyir ki, "özümüz" də hələ elə bir zəngin materiala əsaslanmırıq.

 

Amu-Dəryanın köhnə yatağı ilə səyahət etdiyini, bu yerləri dolaşaraq nəhəng şəhərlərin xarabalarını gördüyünü deyən Q.A.Yunusov Qurultaydan bütün türk xalqları kimi özbəklərin də tədqiqinə ciddi diqqət yetirməsini xahiş edərək demişdir ki, sonuncuların nə etnoqrafiyası, nə ləhcələri barədə düzgün məlumat yoxdur... "Üstəlik, hansısa bir sart dili uydurublar və deyirlər ki, bu onların xüsusi dilidir, halbuki farsların hamısı fars dilində danışır... Onlar özbək dilində mənim rus dilində danışdığım kimi danışırlar, o dəqiqə bilinir ki, mən rus olmadığım kimi (!!! - N.C.) onlar da türk deyil. Bizim bəzi alimlərimiz tədqiqatlarında yazırdılar ki, guya sartlar İran irqindən törəyiblər, öz dillərini unudaraq türk dilini qəbul ediblər və Özbəkistanda sart ləhcəsi var. Əlbəttə, bu, düzgün deyil və böyük səhvdir".

 

Böyük türkoloq, əslində daha zərif olmaqla özünü ikinci bir ironiyadan da çəkindirə bilmir; deyir ki, bu möhtəşəm Qurultayda rusca danışmağım mənim rus olmağıma nə qədər dəlalət edirsə, kimlərinsə özbəkcə danışmaları da onlara o qədər özbək sayılmaq səlahiyyəti verir.

Qazi Alim Yunusov çıxışını belə yekunlaşdırmışdır:

"Mən Orta Asiyanın nəhəng önəmini, bir çox başqa xalqlara təsir göstərən bütün Orta Asiya türklərinin tarix və etnoqrafiyasının araşdırılmasının əhəmiyyətinin açıqlanmasını zəruri sayıram. Nə Moskva, nə də Leninqrad bu məsələ ilə ciddi məşğul olmamışdır".

Orta Asiyanın - Türküstanın adının Birinci Türkoloji Qurultayda bu cür cəsarətlə çəkilməsi və onun bütün Türk Dünyasına tarixi-mədəni təsirinin qiymətləndirilməsi təəssübündə bulunması (eləcə də bu təşəbbüsün nə Moskva, nə də Leninqrada ümid olunmaması!) o demək idi ki, Qurultayı hər nə qədər Sovetlər Birliyi təşkil etsə də, heç də tamamilə onun iradəsi (və hökmü) altında keçmirdi.

Q.A.Yunusovun sadəcə səmimi bir vətənpərvərə deyil, eyni zamanda böyük bir peşəkara mənsub qətiyyətli çıxışı və ümumən çıxışların hamısında məruzəçilərə qarşı özünü bu və ya digər dərəcədə göstərən etirazlar o demək idi ki, türk xalqlarının ziyalıları artıq tarix-etnoqrafiya sahəsindəki araşdırmaları heç kimə - heç bir imperialist-müstəmləkəçi təsisatlara güzəştə getmək fikrində deyillər, bu həssas məsələnin həllini öz üzərlərinə almaq, milli kimliklərini məhz özləri tədqiq edib öyrənmək iddiasındadırlar.

 

Şakircan Rəhimi orfoqrafiya məsələsi üzrə özbəkcə əlavə məruzə etmiş, onun məruzəsinin tezislərini səmərqəndli Kazan tatarı Məcid Usmanov ruscaya tərcümədə Qurultayın nəzərinə çatdırmışdır:

"Yoldaş Rəhiminin əsas fikri bundan ibarətdir ki, türk dillərində, o cümlədən, özbək dilində sinharmonizm var; şəhər sakinlərinə tacik dilinin nüfuzunun təsiri altında bu sinharmoniya pozulsa da, qışlaq əhalisinin dilində qalmaqdadır. O deyir ki, sait səslərin göstərilməsi üçün işarələrin çatışmamasının birinci qüsuru ondan ibarətdir ki, bəzi xalqlarda, bəzi tayfalarda sait səslərin sayı 6-8, hətta 13-dür, halbuki Özbəkistan qurultayı cəmi altısını göstərib, biz isə həyatda xeyli çoxunu görürük: lakin sait səslərin göstərilməsi üçün hərflər çatışmır". 

Məruzədə orfoqrafiya ilə bağlı daha bir səciyyəvi problemə toxunulmuşdur:

"Ərəb dilində istifadə və məsələn, tatarların imtina etdikləri həmzə işarəsi hələ də özbəklərin yazısını ağırlaşdırmaqdadır". 

Və məruzəçi əminliyini bildirmişdir ki, "əlbəttə, onlarda da bu həmzə işarəsi ləğv olunacaq". 

M.Usmanov davam etmişdir:

"Yoldaş Rəhimi deyir ki, orfoqrafiyanın islahatı məsələsi əlifba məsələsi ilə sıx əlaqədardır, çünki ərəb əlifbasını uyğunlaşdırmaq çox çətin olacaq və orfoqrafiya məsələsini ikinci məsələ - əlifba məsələsilə əlaqələndirmək lazımdır ki, onun da həlli Qurultaydan asılı olacaq; bu halda orfoqrafiyanın özünün də məsələsi aydınlaşacaq".

Göründüyü kimi, məruzəçi bir sıra çox ciddi (və olduqca konkret) problemlərə toxunmuşdur... Birincisi odur ki, "sinharmonizm pozulmuşdur" adı altında sait səslərin azaldılması özbək dilinin orfoqrafiyası, ümumən fonetik quruluşu üçün ciddi təhlükə olub. Bu dili, prinsip etibarilə, türk dilləri ailəsindən uzaqlaşdırır. Yeri gəlmişkən, deyək ki, həmin problem bugünəcən qalır. Və türkoloji müzakirələrdə bəzi özbək alimləri, ziyalıları bu barədə bəhs etməkdən çəkinmirlər... İkincisi, orfoqrafiya məsələsinin müzakirəsinin əlifba məsələsindən əvvələ salınması, bu və bəzi digər məruzə və ya çıxışlarda qeyd olunduğu kimi, ardıcıllğın pozulması idi; ancaq, görünür, belə düşünülmüşdür ki, Qurultayın əsas məsələsinin - ərəb əlifbasının latınla əvəz olunmasının müzakirəsinə latın əlifbasının xeyrinə "tədricən" keçilsin. 

Bütövlükdə isə, Ş.Rəhiminin bilavasitə özbək dilinə aid bir problemi ümumtürkoloji kontekstə çıxarmaq təşəbbüsü Qurultayın məramı baxımından çox düzgün addım olmuşdur. Asiya türklərinin ərəb əlifbasından latına keçmək barədəki təşəbbüslərini qətiyyətlə müdafiə etməsi də bunun təzahürü idi. 

 

Əlifba məsələsi müzakirə olunarkən Özbəkistan nümayəndələrindən dilçi, müəllim, dövlət xadimi Bikcan Rəhmanov da çıxış etmişdir. Lakin çıxış özbəkcə olduğundan Qurultayın stenoqramına düşməmişdir. Və bu da düşündürücüdür ki, böyük bir türkoloji forum keçirilir, müxtəlif türk dillərində - Türkiyə türkcəsində, Azərbaycan türkcəsində, özbəkcə, qazaxca, türkməncə, qırğızca, tatarca, başqırdca... məruzələrə, çıxışlara icazə verilir, ancaq yalnız rusca olanlar yazıya alınır. Yaxud ən zəruri hallarda, ya natiqin özü, ya da bir başqası hansısa nitqin tezislərini ruscaya çevirib səsləndirir. Ayrı-ayrı türk dillərində məruzə və çıxışlara imkan yaradılmasında məqsəd, heç şübhəsiz, Qurultayın məhz türk xalqlarının qurultayı olması missiyasını qabartmaqdan ibarət deyildi, burada Sovet hakimiyyətinin ilk illərinə xas müəyyən bir demokratiya aydın görünür. 

Birinci Türkoloji Qurultayda özbəklər (və Özbəkistan) ilə bağlı maraq doğuran bir mühüm məsələ də növbəti II Qurultayın Özbəkistanda - Səmərqənddə keçirilməsi barədə qərarın qəbul edilməsi idi. Lakin həmin Qurultayın baş tutmaması bugünə qədər sirr olaraq qalır.   

 

X.S.Xocayev Birinci Türkoloji Qurultaydan sonra yeni əlifbaya keçidin sürətləndirilməsi üçün S.Ağamalıoğlunun təkidi ilə bir daha Özbəkistana getməli olur. Hakimiyyətdəkilər sübut etməyə çalışırlar ki, yeni əlifbanı qısa bir müddətdə müəllimlərə öyrədəcək qədər kadrlarımız yoxdur. Xalid Səid bununla razılaşmayıb deyir ki, Azərbaycanda təhsil almış özbək gəncləri yeni əlifbanı yaxşı bilirlər... Məsələnin həlli Elmi Şuraya həvalə edilir. Sədr Qazi Alimin də köməyi ilə Özbəkistanda yeni əlifbaya keçməkdə ilk ciddi addımlar atılmış olur. 

Çox keçmir ki, latın əsaslı yeni əlifba bütün türk respublikalarında əski əlifbanı, demək olar ki, tamamilə sıxışdırıb geniş yayılır, lakin 30-cu illərin ortalarından sonra meydan sulayan repressiya - "qırmızı terror"- həm Qurultayın sağ qalmış türkoloq iştirakçılarını, həm də onların əksəriyyətinin uğrunda gərgin mübarizə apardıqları yeni əlifbanı məhv edir. Bununla belə, Birinci Türkoloji Qurultayın ideyaları (və idealları) keçən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliklərinə qovuşmuş türk xalqlarının mənəvi dirçəliş (və inkişaf) yollarına gur işıq yaymaqdadır ki, burada özbəklər (və Özbəkistan) xüsusi olaraq seçilir.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!