Ulu öndər Heydər Əliyevin dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında müdrik elmi-fəlsəfi görüşləri - Əlimuxtar MUXTAROV

"Hələ Sovet İttifaqının varlığı dövründə, mən Azərbaycanın rəhbəri olarkən SSRİ-nin Lüksemburqdakı səfiri səfirliyin ərazisində yaradılan, bütün müttəfiq respublikalardan eksponatlar qoyulacaq qalereya üçün elə bir şey göndərməyi xahiş etdi ki, Azərbaycan tarixi və 

mədəniyyətini əks etdirsin. O vaxt biz bu qalereya üçün Nizami Gəncəvinin heykəlini təqdim etməyi lazım bildik. Bunun böyük mənası var. Axı Nizami Gəncəvi bütün bəşər sivilizasiyasına məxsusdur. Onun dünya sivilizasiyasına, dünya mədəniyyətinə, dünya 

ədəbiyyatına verdiyi töhfə hamıya 

məlumdur. Lakin bununla bərabər o azərbaycanlıdır. Azərbaycan şairidir". 

 

Azərbaycan xalqının 

Ümummilli lideri Heydər Əliyev

 

 

 

Tarixə işıq tutan bu fikirlərin, düşüncələrin arxasında milli ideallara əsaslanan dəmir siyasi iradə, böyük bir zəhmət, fədakarlıq və qədirşünaslıq dayanır. Ulu öndər Heydər Əliyev Azərbaycan tarixində bu mövqedə dayanan tək şəxsiyyətdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan klassik ədəbiyyatına, tarixi şəxsiyyətlərimizə, ədiblərimizə olan münasibəti, diqqət və qayğısı olduqca strateji əhəmiyyət daşımaqla bütün dövrlər üçün, xüsusilə, sovet dövrü üçün mühüm əhəmiyyət daşıyırdı. Sovetlər Birliyi dövründə milli-mənəvi dəyərlərimizlə yoğrulmuş bu yanaşmanı ancaq yüksək nüfuza sahib azərbaycanlı həyata keçirə bilərdi ki, o da ulu öndər Heydər Əliyev oldu. 

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının 30 illik yubileyində ulu öndər haqqında danışarkən söylədiyi "Ulu öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi. O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Hər birimiz, o cümlədən, mən onun sağlığında da və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır" müdrik fikirləri də illər sonra tarixin ən güclü Azərbaycanının dünyaya səslənişidir. 

Ümummilli lider Heydər Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi şəxsiyyətinə, irsinə olan sonsuz məhəbbəti də məhz bu məfkurə üzərinə köklənmişdir. Sovet imperiyasının milli ideoloji mətləbləri olduqca həssaslıqla idarə etdiyi, hətta boğduğu bir dövrdə Nizami Gəncəvinin yuvarlaq olmayan yubileyinin keçirilməsi ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının qarşısında ən böyük xidmətlərindən biri oldu. Bu barədə akademik İsa Həbibbəyli yazır: "Sovetlər İttifaqında görkəmli Dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş Nizami Gəncəvinin 840 illik yubileyi yuvarlaq olmayan rəqəmlərlə ifadə olunan birinci və axırıncı rəsmi yubiley tədbiri olmuşdur. O zaman Sovetlər İttifaqı miqyasında və onun hüdudlarından kənarda da görkəmli dövlət xadimi kimi qəbul olunan Heydər Əliyev özünün xüsusi nüfuzundan və dəmir məntiqindən istifadə edərək, Nizami Gəncəvinin 840 illik yubileyini keçirməyə nail ola bilmişdir. Sonralar məlum olmuşdur ki, Heydər Əliyev sovet dövlətinin yubiley keçirmək ənənəsini qıran bu addımın qarşısını almaq istəyən yuxarı rəsmi təbəqələrin yaratdıqları baryerləri də ağıllı yanaşmalar ilə aşıb keçmişdir".

Ümummilli lider Heydər Əliyevin Nizami Gəncəvinin irsinin öyrənilməsi, təbliği və bu sahədə Nizamişünas alimlərin yetişdirilməsi məqsədilə 1975-ci il sentyabrın 22-də və 1978-ci il yanvarın 4-də "Nizami məqbərəsinin qorunması", 1979-cu il yanvarın 1-də "Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq" tədbirləri haqqında, 1981-ci il iyulun 28-də isə dahi mütəfəkkirin 840 illik yubileyi barədə Azərbaycan KP MK-nın xüsusi qərarlarının qəbul edilməsi Azərbaycan Nizamişünaslığının intibahını əsaslandırmaqla bu istiqamətdə yeni çağırışları meydana gətirdi.

"Ümummilli lider Heydər Əliyev Azərbaycanın mütəfəkkir şairi Nizami Gəncəvinin 840 illik yubileyi ərəfəsində söylədiyi "Nizami Gəncəvi elə bir sənətkar, elə bir dahidir ki, onun yubileyini hər il keçirmək lazımdır" kimi müdrik kəlamları, fikirləri illər keçdikcə qədirbilən xalqımızın qəlbində, dilində el sözünə, aforizmə çevrildiyi kimi, bu sahənin tədqiqatçılarına da yeni elmi baxışlar, üfüqlər müəyyənləşdirmişdir. 

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dönəmində dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı səsləndirdiyi elmi-fəlsəfi, müdrik fikirləri ardıcıllıqla təqdim edirik.

"Məşhur filosof Ə.Bəhmənyar və mütəfəkkir şair Nizami bir çox başqalarının adları bu mədəniyyətin çoxəsrlik tarixinin bəzəyidir".

Azərbaycan Dövlət Universitetinin (indiki BDU) 50 illiyində. 2 noyabr1969-cu il.

"Azərbaycan xalqı öz böyük övladlarının - Nizaminin, Xəqaninin, Füzulinin və başqalarının adlarını iftixarla çəkir". 

İmadəddin Nəsiminin 600 illik yubileyi münasibətilə Azərbaycan SSR Nazirlər Sovetinin təşkil etdiyi tədbirdəki nitqindən. 14 sentyabr 1973-cü il. 

"Tarixin bir-birinə qovuşdurduğu əsrlər bir çox xalqların oğul və qızlarını qızğın məhəbbətlə tərənnüm edən Nizami dünyasının ölməz əsərlərini bizə gətirib çatdırmışdır". 

Azərbaycanda Sovet ədəbiyyatı günlərinin açılış mərasimində. 2 oktyabr 1975-ci il.

"Azərbaycan mədəniyyətinin çoxəsrlik tarixi "Kitabi-Dədə Qorqud" kimi ədəbi abidələrlə, Nizaminin nəhəng yaradıcılığı ilə Xəqaninin, Füzulinin və Vaqifin, söz sənəti bahadırlarının dahiyanə əsərləri ilə, aşıq poeziyasının həmişə canlı nümunələri ilə zəngindir".

 

 

Azərbaycan yazıçılarının VI qurultayı. 26 may 1976-cı il. 

 

"Azərbaycanın zəngin tarixi vardır. Biz Nizami, Nəsimi, Xaqani, Vaqif kimi təfəkkür nəhənglərinin, ədəbiyyat korifeylərinin adlarını iftixarla çəkirik. Onlar bəşər mədəniyyətinin inkişafina çox böyük töhfə vermişlər". 

VIII Ümumittifaq Televiziya filmləri festivalı iştirakçılarını qəbul edərkən. 20 noyabr 1979-cu il. 

"Dahi şairimiz Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini və təbliğini yaxşılaşdırmaq haqqında Azərbaycan KP MK qərarının yerinə yetirilməsində siz çox xeyirli təşəbbüs göstərmisiniz. Bu, Nizami yaradıcılığının, xüsusilə, şairin fəlsəfi fikirlərinin xalq arasında səmərəli təbliği üçün çox faydalıdır... Zənnimcə, belə teatr heç yerdə yoxdur. Nizaminin poetik irsini xalqa çatdırmağın yaxşı forması tapılmışdır". 

Nizami poeziya teatrında olarkən.14 iyul 1980-ci il.

"Azərbaycan xalqının XII əsrdə intibah dövrünü keçirən ədəbiyyatı Xaqaninin və Nizaminin timsalında, sonrakı əsrlərdə Nəsiminin, Füzulinin, Vaqifin, M.F.Axundovun, Sabirin timsalında dünya şöhrəti qazanmış, Yaxın Şərq və Qərb ölkələrində ədəbi prosesin estetik fikrinin inkişafina nəcib təsir göstərmiş, məsələn, Avropa ədəbiyyatını yeni ideyalar, mövzular və süjetlərlə zənginləşdirmişdir".

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 840 illik yubileyi ərəfəsində yazıçıların Ümumittifaq yaradıcılıq konfransında iştirak edərkən. 28 oktyabr 1980-ci il.

"Azərbaycan adları dünya ədəbiyyatı xəzinəsinə daxil olan Nizami, Xaqani, Tusi, Füzuli... bir çox başqa yazıçıların, şairlərin, bəstəkarların, alimlərin vətənidir. Gənclərimiz də bu korifeylərin yaradıcılığına, Azərbaycan xalqının çoxəsrlik tarixi ərzində yaradılan bütün mənəvi sərvətlərə yaxşı bələd olmalıdırlar".

Respublika Komsomolunun XXXI qurultayında çıxış edərkən. 3 aprel 1982-ci il.

"Elə Nizaminin əsərlərini götürək. Axı həmin əsərlər coşqun ehtirasların və hisslərin bütöv bir dünyasıdır, müdriklik xəzinəsidir. Onun ölməz poeziyasının süjetləri əsasında neçə-neçə rəngarəng tablolar yaratmaq olar". 

Azərbaycan KP MK-da rəssamlarla görüşündəki nitqindən. 13 oktyabr 1982-ci il.

"O zaman tarixçilər bir şəxsin fəlsəfi görüşlərini araşdırarkən, bir əsər yazarkən çalışırdılar ki, bunu marksizm, leninizm ideologiyasına uyğunlaşdırsınlar. Çalışırdılar elə bir sənəd tapsınlar ki, guya Nizami Gəncəvi də marksist-leninçi olmaq istəyirmiş. Axı bu belə deyildir. Düzdür, məsələn, əgər axtarıb tapsaydılar, layiqincə göstərə bilsəydilər ki, dünyanın böyük filosofu Höte özünün bəzi fəlsəfi müddəalarını Nizami Gəncəvinin fikirləri əsasında izah - etmişdir, bu isə tarixi həqiqətdir - əgər bunu sübut etsəydilər, əlbəttə ki, obyektivlik olardı".

Elmlər Akademiyasında ziyalılarla görüşərkən söylədiyi nitqdən. 21 sentyabr 1993-cü il.

"Eyni zamanda milli məhdudluq çərçivəsində yaşamaq olmaz. Azərbaycanın həmin o dahi şəxsiyyətləri də bu zirvəyə qalxmaq üçün bəşəri dəyərlərdən istifadə etmişlər. Əgər belə olmasaydı, Nizami Gəncəvi "İsgəndərnamə" kimi böyuk bir poema yazmazdı. Bu poema Homerin "İliada" poemasından heç də geri qalmır. "İsgəndərnamə" bir tərəfdən, tarixi əsərdirsə, digər tərəfdən, dərin fəlsəfi fikirlərlə zəngindir".

Elmlər Akademiyasında ziyalılarla görüşərkən söylədiyi nitqdən. 21 sentyabr 1993-cü il. 

"Nizami fəlsəfəsinin mərkəzində varlığın ən böyük sərvəti, mənəvi zənginlik və müdrikliyin tükənməz mənbəyi olan insan dayanır... Nizaminin ürəkləri vəcdə gətirən təkrarlanmaz lirikası və qəhrəmanlıq eposunda onun həqiqi humanizm ideyalarını ehtiva edən fəlsəfi konsepsiyası öz əksini tapmışdır". 

Elmlər Akademiyasında ziyalılarla görüşərkən söylədiyi nitqdən. 21 sentyabr 1993-cü il. 

"Nizami də, Füzuli də, Mirzə Fətəli Axundov da, Vaqif də, Yunus İmrə də... digər mədəniyyət xadimləri də bizim zəngin mədəni sərvətlərimizdir. Xalqımız bu sərvətlərlə fəxr edir və fəxr etməyə də haqqı var". 

Bilkənd Universiteti idarə Heyətinin sədri İhsan Doğramacı ilə görüşərkən söylədiyi nitqdən. 9 fevral 1994-cü il.

"Hələ Sovet İttifaqının varlığı dövründə, mən Azərbaycanın rəhbəri olarkən SSRİ-nin Lüksemburqdakı səfiri səfirliyin ərazisində yaradılan, bütun müttəfiq respublikalardan eksponatlar qoyulacaq qalereya üçün elə bir şey göndərməyi xahiş etdi ki, Azərbaycan tarixi və mədəniyyətini əks etdirsin. O vaxt biz bu qalereya üçün Nizami Gəncəvinin heykəlini təqdim etməyi lazım bildik. Bunun böyük mənası var. Axı Nizami Gəncəvi bütün bəşər sivilizasiyasına məxsusdur. Onun dünya sivilizasiyasına, dünya mədəniyyətinə, dünya ədəbiyyatına verdiyi töhfə hamıya məlumdur. Lakin bununla bərabər o azərbaycanlıdır. Azərbaycan şairidir". 

Nizami Gəncəvinin abidəsi önündəki çıxış nitqindən.  Lüksemburq. 22 aprel 1996-cı il.

 

"Bu gün böyuk iftixar hissi ilə demək istəyirəm ki, Azərbaycan xalqının dahi şairi Nizami Gəncəvi ilk dəfə qədim Şərqin məşhur əfsanəsi əsasında özünün ölməz "Leyli və Məcnun" poemasını yaratmışdır".  

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyində söylədiyi nitqindən. 8 noyabr 1996-cı il.

"...Türk dünyasına mənsub olan dahi şairlərimiz, yazıçılarımız - Nizami, Yunus İmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Məhtimqulu, Abay və digərləri xalqlarımızın tarixini, mənəvi dəyərlərini əks etdirən, xalqlarımızı dünyada tanıdan ölməz əsərlər yaratmışlar və bunlar nəsillərdən-nəsillərə xalqlarımızı özünəməxsus milli-mənəvi dəyərlər, o cümlədən, ümumbəşəri dəyərlər əsasında tərbiyə etmiş, hazırlamış, vətənpərvərlik, Vətənə sədaqət hisslərini daim gücləndirmişdir". 

Türk dünyası yazıçılarının III qurultayındakı çıxışından. 6 noyabr 1996-cı il. 

"Əgər 1947-ci ildə bu yubiley keçirilməsəydi, Nizaminin əsərləri o vaxt Azərbaycan dilinə tərcümə olunmasaydı, Nizaminin adı əbədiləşdirilməsəydi və 1947-ci ildən sonra Nizaminin adı dünyaya geniş yayılmasaydı, Azərbaycan tarix, mədəniyyət və elm cəhətdən bu qədər zəngin olacaqdımı? Yox!"

"Kitabi-Dədə Qorqud dastanı"nın 1300 illik yubileyi zamanı yaradılan Dövlət Komissiyasının iclasındakı nitqindən. 8 aprel 1998-ci il.

"Azərbaycanın qədim şəhəri Gəncədə olmağımdan və bu gün sizinlə - gəncəlilərlə görüşməyimdən çox şadam və həddən ziyadə sevinirəm. Gəncə Azərbaycanın, Azərbaycan xalqının qədim, zəngin tarixini özundə əks etdirən bir diyardır, gözəl şəhərdir. Biz hamımız harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Gəncə ilə, onun qədim və zəngin tarixi ilə fəxr edirik və Gəncənin tarixinə, Gəncənin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərə minnətdarlığımızı bildiririk... Azərbaycana, Azərbaycan xalqına təkcə Nizami Gəncəvi kimi dahi bir şəxsiyyət bağışladığına görə Gəncə torpağı, Gəncə xalqı, gəncəlilər əbədi minnətdarlığa layiqdirlər. 

Mən Gəncəni hələ uşaq ikən sevmişəm. Düzdür, mən Gəncədə doğulmamışam, ancaq uşaqlıq illərimin bir dövrünü Gəncədə keçirmişəm... Mən bir il Gəncədə, Şah Abbas Məscidinin həyətində olan məktəbdə oxumuşam. O vaxt mənim on bir yaşım var idi, beşinci sinfi burada bitirmişəm". 

Gəncə şəhərində Prezident seçkiləri öncəsi seçicilərlə görüşərkən söylədiyi nitqdən. 7 oktyabr 1998-ci il.

"Azərbaycanın islam mədəniyyəti, islam dini ilə bağlı olan dahi insanları - Nizami, Füzuli, Nəsimi, Tusi, Qətran Təbrizi və bir çox digər böyuk şəxsiyyətləri dünya sivilizasiyasına böyük töhfələr vermiş və islam mədəniyyətini zənginləşdirmişlər. Biz onlarla fəxr edirik". 

"İslam sivilizasiyası Qafqazda" Beynəlxalq Simpoziumundakı nitqindən. 9 dekabr 1998-ci il.  

"...Mən Nizami Gəncəvinin əsərlərinin rus dilinə tərcüməsinin hansı səviyyədə olduğunu deyə bilmərəm... Amma Azərbaycan dilinə tərcümədə də qüsurlar çoxdur. "Leyli və Məcnun", "Xosrov və Şirin" əsərlərinin tərcüməsi nisbətən yaxşıdır. Amma biz Cavad Heyətlə birlikdə oturmuşuq, onları tutuşdurmuşuq, Nizami Gəncəvinin əsərlərinin Azərbaycan dilinə belə tərcüməsi kafi deyildir. Nizami kimi dahinin əsərlərinin öz ana dilinə tərcüməsinin kafi səviyyədə olmaması böyük qüsurdur".

"Kitabi-Dədə Qorqud dastanı"nın 1300 illik yubileyi zamanı yaradılan Dövlət Komissiyasının yekun iclasındakı nitqindən. 14 aprel 2000-ci il.

"Onun yazdığı əsərlər bütün dünyada məşhurdur, təsəvvür edin, 850 il bundan öncə bu qədər böyük əsərlər yaratmaq!.. Bu əsərlər təkcə şeirdən ibarət deyildir, onların hər birində böyük elm var, böyük fəlsəfə, dahi fikirlər var. Buna görə də onun əsərləri də yaşayır, özu də yaşayır". 

Gəncə. Nizami Gəncəvi Məqbərəsi. 24 may 2000-ci il.

"Nizaminin xatirəsinə mənim bir xidmətim də olubdur. İndi burada fürsətdən istifadə edib onu da demək istəyirəm. Nizami Gəncəvinin əsərlərinin bir qismini 1948-ci ildə onun 800 illik yubileyi keçiriləndə rus dilinə tərcümə etmişdilər. Biz onun 840 illik yubileyini keçirəndə əsərlərinin tamamilə rus dilinə tərcümə olunması və Moskvada - əgər burada ədəbiyyatçılardan varsa, bilirlər, Moskvada "Xudojestvennaya literatura" nəşriyyatı var idi. O, ən yüksək səviyyəli, tarixi şəxsiyyətlərin kitablarını nəşr edirdi - böyük tirajla nəşr olunması barədə qərar qəbul etdik. Bu, asan bir iş deyildi. Mən buna da nail oldum, bu qərar da qəbul edildi. Ancaq elə oldu ki, bu qərar həyata keçirilənə qədər mən Bakıdan Moskvaya işə keçdim. Təbiidir ki, orada da mənim səlahiyyətlərim böyük idi. Bu işə nəzarət etdim və Moskvada "Xudojestvennaya literatura" nəşriyyatında Nizami Gəncəvinin beş cilddən ibarət poemalarının çox nəfis şəkildə nəşr edilməsinə nail oldum. Bunun böyük əhəmiyyəti var. Çünki Nizamini biz tanıyırıq, Şərq ölkələri tanıyır. Amma lazımdır ki, Avropa da yaxşı tanısın. Avropada da tədqiqatçılar tanıyırlar, bir çox kitabxanalarda onun kitabları var. Ancaq rus dili böyük dil, Rusiya böyük ölkə olduğuna görə - o vaxtlar biz Sovet İttifaqının tərkibində idik - bu əsərlərin rus dilində yaxşı, yəni yüksək səviyyədə nəşr olunması o vaxt bizim üçün böyük bir nailiyyət, böyük bir hadisə idi. Mən qürur hissi keçirirəm ki, Nizaminin yolunda az iş görməmişəm. Onun xatirəsini əbədiləşdirmək, irsinin daha da təbliğ olunması, yayılması üçün, kitablarının nəşri üçün çox iş görmüşəm. Buna görə də mən Nizami Gəncəvinin qarşısında öz borcumu yerinə yetirmişəm. Ancaq mən hesab edirəm ki, bütün borclarımı qaytarmamışam. Mən hələ çox illər yaşayacağam və bütün borclarımı da yerinə yetirəcəyəm". 

 

Gəncə. Nizami Gəncəvi Məqbərəsi. 24 may 2000-ci il.  

 

"Mən bu səfəri çox əhəmiyyətli hesab edirəm. Birinci ona görə ki, Azərbaycanın dahi şairi, filosofu, mütəfəkkiri Nizami Gəncəvinin Sankt-Peterburqda heykəlinin ucaldılması bizim xalqımız, millətimiz, ölkəmiz üçün çox böyük qiymətə layiq hadisədir. Sankt-Peterburq adi şəhər deyil,... bütün mənalarda, o cümlədən, memarlığına, monumental heykəltəraşlıq əsərlərinə, dünyada çox məşhur muzeylərinə, bir də tarixinə görə zəngin ənənələri olan şəhərdir. Ona görə belə bir şəhərdə bizim şairimiz Nizami Gəncəvinin heykəlinin ucaldılması, təbiidir ki, qürur hissi doğurur".

Rusiya Federasiyasına səfər ərəfəsində hava limanında jurnalistlərin suallarını cavablandırarkən. 8 iyun 2002-ci il.

"Sankt-Peterburqda Nizaminin heykəlini qoyduq. Bu kiçk məsələ deyildir... indi Sankt-Peterburq kimi böyük şəhərdə Nizaminin heykəli var... Sadəcə, o bağa, bağçaya gələn hər bir adam, orada istirahət edən adam deyəcək, bu kimdir? Nizamidir? Kimdir Nizami? Öyrənməyə başlayacaqdır. Elə bunun özü bizim milləti tanıdacaqdır". 

 

Milli Mətbuat günü münasibətilə Bakı Mətbuat Klubunun təsisçiləri ilə görüşərkən söylədiyi nitqdən. 22 İyul 2022-ci il. 

"Nizamini biz tanıyırıq, Şərq ölkələri tanıyır. Amma lazımdır ki, Avropa da yaxşı tanısın". Ulu öndər Heydər Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi şəxsiyyəti, irsi ilə bağlı müəyyənləşdirdiyi bu strateji yanaşma bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan tarixinin, ədəbiyyatının, mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin qorunması, yaşadılması və təbliği əhatəsində dəmir siyasi iradəsi ilə müqəddəs Ata Vəsiyyəti kimi həyata keçirilməkdədir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 dekabr 2011-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı. Bu Sərəncam və bu yubiley özünəqədərki yubileylərdən ehtiva etdiyi bir çox mətləblərə görə çox fərqlənirdi. Ən başlıca mətləb isə budur ki, ilk dəfə dahi şairimizin təntənəli yubileyi müstəqil Azərbaycan dövlətinin və müstəqil vətəndaşlarının birgə fəaliyyətinin nəticəsində baş tuturdu. Əgər nəzərə alsaq ki, dahi mütəfəkkirimizə bu vaxta qədər həsr edilən yubileylər silsiləsi dövrlərində Azərbaycan dövlət olaraq müstəqil deyildi, bu baxımdan 870 illik yubileyin ideoloji məna tutumu, əlbəttə ki, daha çox milli məfkurəyə söykənirdi. Bununla da Azərbaycan tarixində ilk dəfə olaraq xalqımız bütün yaradıcılığı boyu ümumbəşəri ideyaların carçısı olan dahi şairimiz Nizami Gəncəvinin 870 illik  yubileyini dahi mütəfəkkirin öz yurdunda, müstəqil dövlətimizlə, Azərbaycan və dünya nizamişünasları ilə birgə qeyd etdi.

 

Azərbaycan Prezidentinin 23 dekabr 2011-ci il Sərəncamına əsasən, dahi Azərbaycan şairinin 870 illik yubiley tədbirlərinin keçirilməsi çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Nizamişünaslığının ən mühüm tarixi nailiyyətidir ki, bu da, öz növbəsində, dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Azərbaycandan başqa ikinci bir ölkədə əsası qoyulub fəaliyyətə başlaya bilməzdi. Çünki Nizami Gəncəvinin bəşəri ideyalarını ən doğru yalnız mənsub olduğu Azərbaycan xalqı dünyaya bəyan, təqdim edə bilər, xalq car edə bilər. Möhtərəm Prezidentimizin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 2013-cü ildən təşkil etdiyi Qlobal Bakı Forumları da məhz dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin mənsub olduğu Azərbaycan xalqının milli və bəşəri dəyərlərinin, tolerantlığının, multikultural düşüncəsinin, yaşayışının bütün dünya xalqlarına ərməğanı, səslənişidir. Xüsusilə Azərbaycan Respublikasının vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin dünyanın müxtəlif dillərinə tərcümə edilib nəşr olunması, abidələrinin ucaldılması bu siyasətin qoşa qanadının birini təşkil edir. 

 

2021-ci il Azərbaycan Respublikasının müasir tarixinin qədim tariximizə baxışı kontekstində ən əlamətdar il kimi yadda qalacaq. Bu tarixi xalqımızın qəhrəmanlıq salnaməsində uca edən 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi parlaq qələbə və bu zəfərdən başlanan doğma Qarabağımıza qayıdış mərhələsi oldu. 2021-ci il Milli Qayıdış sevincimizə sevinc qatan isə ölkə başçısının imzaladığı sərəncamla bu ilin "Nizami Gəncəvi İli" elan edilməsi oldu. Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir: "Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin Nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi uğurla fəaliyyət göstərir".

 

Bu gün qətiyyətlə deyə bilərik ki, müasir Azərbaycan nizamişünaslığının yükü ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə yetişən müdrik, ağsaqqal Azərbaycan alimlərinin və möhtərəm Prezidentimiz İlham Əliyevin hakimiyyəti dövründə yetişən gənc nəsil alimlərin çiyinləri üzərindədir. Bütün bunlar da, öz növbəsində, biz gənclər üçün bir əmanət, böyük məsuliyyət olduğu kimi, eyni zamanda yüksək bir etimaddır. 

Qeyd: Məqalə hazırlanarkən daha çox "Müstəqilliyimiz əbədidir" çoxcildliyinə istinad edilmişdir.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!