Birinci Türkoloji Qurultayda etnoqrafiya məsələləri - Nizami CƏFƏROV, Mahirə HÜSEYNOVA, Aysel QƏRİBLİ

Türk xalqlarının etnoqrafiyası məsələləri, əslində, Birinci Türkoloji Qurultayın diqqətindən ona görə kənarda qala bilməzdi ki, türklərin dillərində müşahidə olunan diferensiasiya etnik xüsusiyyətlərində - antropologiyalarında, adət-ənənələrində, ailə-məişətlərində və s. eynilə aydın görünürdü. Və buna hər hansı şəkildə - həm elmi, həm də kütləvi baxımlardan müəyyən münasibət bildirmək lazım gəlirdi.

Qurultayın ikinci iclasında türk tarixşünaslığından sonra etnoqrafiyasına həsr olunmuş bir neçə məruzə dinlənilmişdir. Leninqradlı professor Sergey İvanoviç Rudenkonun "Türk tayfalarının etnoqrafik tədqiqinin müasir vəziyyəti və ən yaxın vəzifələri" adlı məruzəsində göstərilmişdir ki, "türklərin yaşadıqları ərazilərin nəhəngliyinə, onların qonşu etnik qruplarla rəngarəng və kifayət qədər mürəkkəb qarşılıqlı münasibətlərinə baxmayaraq, məncə, hamımız türklər üçün səciyyəvi olan fiziki tip haqqında danışa bilərik.

Boy orta, yaxud ortadan bir qədər alçaq, orta səviyyəli braxiskeliya (başın qısalığı - tərc.), almacıq sümükləri əhəmiyyətli dərəcədə fərqlənən orta enlikli sifət, burun sümüklərinin kəskin irəli çıxdığı düz burun, bütün bədəndə, o cümlədən, kişilərin yanaqlarında tük örtüyünün zəif inkişaf etməsi - bunlar türklərin fiziki tipi üçün ən səciyyəvi olan əlamətlərdir".

 

Lakin məruzəçi həmin fiziki tipin müxtəlif coğrafiyalar (və türk xalqları) üzrə, ayrı-ayrı sistemli təsirlər nəticəsində dəyişdiyini də göstərmişdir. Etnosun köçəri həyat tərzindən irəli gələn etnoqrafik xüsusiyyətləri barədə məlumat verərək demişdir:

"Türk geyiminin bütün yerli variasiyalara baxmayaraq son dərəcə sadə və səciyyəvi olan biçimi bizim üçün böyük maraq doğurur.

Süvari köçərilər olan türklər qədim dövrlərdən düyməsiz, qabaqdan kəsiyi olan çiyinli paltarlar, gen şalvar, yumşaq qısa ayaqqabılar və yanları dərin qatlanan, yaxud hündür papaqlar geyirdilər".

S.İ.Rudenko türklərin kulinariyası barədə danışarkən söyləmişdir ki, "qidalanma, yeməklərin hazırlanma üsulları türk tayfaları arasında özünü bir sıra özünəməxsus təzahürlərdə göstərir. Kumus, yaxud qıcqırmış at südü səciyyəvi türk içkisidir. Burada özünəməxsus şəkildə hazırlanan bir sıra süd məhsulları və ətlə qidalanma rejimi diqqəti cəlb edir".

Türklərin ailə-məişət tərzinə, sosial münasibətlərində stabilləşmiş adət-ənənələrə gəldikdə isə o demişdir:

"Türk dünyası üçün səciyyəvi olan xüsusiyyətləri ictimai məişətdə də qeyd etmək mümkündür. Aqnatik (kişi tərəfindən - tərc.) qohumluq sistemi və buradan irəli gələn ailə-toy münasibətləri və adi hüquq normaları olan möhkəm qəbilə quruluşu türk xalqlarının ictimai həyatında möhkəm bərqərar olur. Ailə və nəsildə böyüklərlə kiçiklərin münasibətinə, ailədə yad qadınların vəziyyətinə, başlıq və leviratla (əri ölən qadının mütləq öz qayınına getməsi - tərc.) bağlı toy adətlərinə, toyu mütləq müşayiət edən güləş və at yarışlarına ötəri bir baxış türklərin sosial quruluşunun ümumiliyi haqqında tam əminliklə danışmaq üçün tamamilə kifayətdir".

Bununla yanaşı, türk tayfalarının, xalqlarının etnoqrafiyasının elmi əsaslar üzərində öyrənilməsi işinin hələ başlanğıc vəziyyətində olduğunu göstərən məruzəçi əlavə etmişdir ki, "türk mədəni dünyasının tədqiqi metodologiyasında irəliləmək üçün onun vəziyyətini əyani təsəvvür etməliyik. Bunun üçün ayrı-ayrı məişət elementlərinin coğrafi baxımdan yayılmasını və onların etnik qruplar adlandırdığımız qapalı bioloji vahidlərdə uzlaşmasını aydınlaşdırmaq çox zəruridir. Yalnız bu iş yerinə yetirildikdən sonra biz araşdırılmalı olan məsələləri ciddi elmi şəkildə qoya, müxtəlif mədəni elementlərin genezisini, yəni ayrı-ayrı elementlərin mədəni məişətdə hansı qanunlar əsasında uzlaşdığını aydınlaşdıra bilərik".

S.İ.Rudenkonun məruzəsində diqqəti çəkən cəhətlərdən biri türk etnoqrafiyası problemlərinin geniş etnoloji-xalqşünaslıq kontekstində həllinə çalışılmasıdır ki, bu, hadisələrin daha çox ümumi-universal mövqedən dərkinə böyük maraq yarandığı (və Qurultayın da xarakterindən irəli gələn!) həmin illərdə xüsusi əhəmiyyət kəsb edirdi. Məruzəçi göstərmişdi ki, "biz türk xalqlarının tayfa və ya soy bölgüsü ilə üst-üstə düşən vilayət və rayon qruplaşmalarını, bəlkə də, hətta fiziki tip və dialektologiya xüsusiyyətləri eyniyyətlərini də müəyyənləşdirəcəyik. Eyniyyət olmaya da bilər, çünki təkrar edirəm, fiziki tip, dil və məişətin inkişaf qanunları eyni deyil".

 

"Anadolu və Balkan türklərinin etnoqrafiyasının tədqiqinin müasir vəziyyəti və ən yaxın vəzifələri" mövzusunda məruzə edən, Türkiyədən gəlmiş macar professor Yulius Messaroş nitqinə başlarkən etnoqrafik araşdırmaların miqyasının (və keyfiyyətinin!) son dərəcə genişləndirilməsində Türkiyənin indiki hökumətinin xidmətlərini qeyd etmişdir ki, bu, Qurultayın alqışları ilə qarşılanmışdır. Məruzəçi sözünə davam edərək demişdir:

"...Anadolunun türk tayfasının mənşəyi, bu xalqın etnoqrafiyası haqqında aydın təsəvvür əldə etmək istəsək, bu sahədə tədqiqatımızı, şübhəsiz, qədim yerli adamın həyatının tarixdən əvvəlki qatından başlamalı olacağıq. İndiyədək bu sahədə aparılan tədqiqatların göstərdiyi kimi, Anadolunun müasir xalqının həm antropoloji inkişafı, həm də maddi və mənəvi mədəniyyəti bu torpaqdakı ən qədim əhali və həyatla sıx əlaqədardır".

 

Kiçik Asiyanın etnik-siyasi tarixinə qısa bir nəzər saldıqdan sonra Y.Messaroş göstərmişdir ki, "beləliklə, həmin ərazilərdə artıq ən qədim dövrlərdə... şərq alarodi və qərb hind-german elementlərindən ilkin etnik bünövrə yarandı. Sonrakı tarixi hadisələr - assuriyalılar, farslar, yunanlar, ərəblər və nəhayət, monqolların yürüşləri məskunlaşma qaydasını pozsa, əhalinin sıxlığını azaltsa da, aborigenlərin etnik tərkibini əhəmiyyətli dərəcədə dəyişmədi". 

Türk mənşəli olduqları get-gedə daha az mübahisə doğuran kimmeri tayfalarından çox-çox sonralar, artıq orta əsrlərdə türklərin Anadoluya axınlarının xronologiyasını isə məruzəçi belə təqdim etmişdir:

"XI əsrdə ilk türk istilaçıları olan səlcuqlar da ilkin etnik əsas mövcud ikən məskunlaşmağa başladılar... Onların hakimiyyəti bu və ya digər dərəcədə, demək olar ki, bütün Anadolunu əhatə etsə də, əsas yaşayış yerləri orta və şərq vilayətləri idi. Hazırda hakim olan elementin əcdadları - Süleyman şahın türkləri özlərinin indiki vətənlərində XIII əsrin əvvəllərində meydana çıxdılar. Səlcuqlar kimi onlar da Orta Asiyanı özləri tərk edir və Fərat çayı vadilərinə üz tuturlar. Türk salnamələrinə görə, sayları 50.000-150.000 arasında idi. Konya soltanı Əlaəddin onları qəbul edir və Vifiniyada yerləşdirir. Ərtoğrul və Osmanın cəngavər xalqı məhz bu ərazilərdə - Sakarya çayı hövzəsində çoxalmağa başladı. Bir qədər aralıda - Brussada ilk paytaxt qurulur, ilk türk dövləti yaradılır, İslam dininin yaradılması ilə bərabər, bütün Anadolunun türkləşməsi də bu mərkəzdən davam etdirilir".

 

Əlbəttə, bir neçə əsri əhatə edən bu proses etnoqrafiyadan çox, bir etnogenez problemidir... Bununla belə türklərin Anadoluya axınlarını vahid bir proses kimi deyil, bir neçə mərhələdə gedən (və bir-biri ilə əlaqəsi olmayan!) proses-epizodlar kimi təqdim etməsi, istər-istəməz, ona gətirib çıxarır ki, məruzəçi, nəticə etibarilə, heç bir qərara gəlmədən məlum stereotipləri təkrarlayıb məsuliyyəti Türkiyə hökuməti tərəfindən yeni yaranmış tədqiqat müəssisələrinin üzərinə qoyur:

"Bu yaxınlarda İstanbul Universitetinin tibb fakültəsi nəzdində təsis edilən Antropoloji Cəmiyyətin məqsədi bu məsələnin sistemli şəkildə tədqiqidir.

Əgər həmin tədqiqatlar nəticəsində Kiçik Asiya sakininin etnik mənsubiyyəti və ayrı-ayrı tiplərin coğrafi məskunlaşması müəyyənləşərsə, bunun sayəsində etnoqrafik tədqiqatlar da bir çox baxımdan asanlaşar".

Anadolunun etnoqrafik mənzərəsinin tədqiqində Y.Messaroş dil-dialekt materialının, xüsusilə türkləşmiş aborigenlərin türkcəsində "aradan çıxmış" dillərin fonetik qalıqlarının araşdırılmasının əhəmiyyətinə diqqəti çəkərək demişdir:

"Yeri gəlmişkən, məskunlaşma tarixi, antropologiya və linqvistika bir xalqın dəqiq etnoqrafik tədqiqi üçün köməkçi, yardımçı elmlərdən başqa bir şey deyil, haqqında danışdığımız halda onlara müraciət edilməsi xüsusilə zəruridir, çünki söhbət bir qədər mürəkkəbləşmiş mədəniyyətdən gedir və başqa ibtidai xalqların tədqiqindən fərqli olaraq, burada məsələ bir qədər başqa cürdür".

 

Mövzunun (və etnoqrafiya elminin!) fövqünə qalxmağı kifayət qədər mübahisəli ola biləcək konkret məsələlərin müzakirəyə çıxarılmasından daha üstün tutan (qeyd edək ki, bu, Qurultaya xüsusi dəvət edilmiş bütün qeyri-türk mənşəli akademik heyət üçün səciyyəvidir!) məruzəçi bildirmişdir ki, "ümumiyyətlə, etnoqrafiya, daha geniş götürdükdə isə, etnologiya özünün xəlqi-psixoloji sisteminə malik müqayisəli elm kimi, qarşısına ümumbəşəri mədəniyyətin mənşəyi sirrini açmaq vəzifəsini qoyur. Anadolu türklərinin də aid olduqları nisbətən inkişaf etmiş xalqlarla bağlı belə beynəlxalq genetik məsələlər tədqiqatçını heç də birinci növbədə maraqlandırmır".

Macar aliminin fikrincə, "burada ilkin vəzifə bu xalqın (Anadolu türklərinin - N.C., M.H., A.Q.) etnoqrafik növünün  müəyyənləşdirilməsidir. Həmçinin təsərrüfat formalarını, sosial həyatın təzahürlərini və kollektiv düşüncə üsulunu göstərə bilən maddi materialı toplamaq və təsnif etmək zəruridir".

 

Kiçik Asiyanın etnoqrafik baxımdan zəngin olduğunu bir daha qeyd edən Y.Messaroş sonda SSRİ ilə Türkiyə Cümhuriyyətinin bu sahədə elmi əməkdaşlığının çox böyük əhəmiyyəti ola biləcəyini söyləmişdir.

Qurultay nümayəndəsi olmayan Q.F.Çursin "Qafqaz türklərinin etnoqrafik tədqiqinin ən yaxın vəzifələri" mövzusundakı məruzəsində Qafqazın etnik mənzərəsi, burada türklərin tutduğu geniş yer barədə məlumat verdikdən sonra demişdir ki, indiyə qədər burada tədqiqatçıların əsas diqqəti "Yafəs adlandırılan ailə"yə məxsus xalqlara yönəldiyinə görə türklər, demək olar ki, unudulmuşdur. Halbuki "Qafqazın müxtəlif türk xalqlarının məişət formalarına ötəri nəzər salsaq, görərik ki, burada ən primitiv formalardan başlayaraq, bir mədəniyyətdən digərinə keçidləri izləyə bilərik, həm də bu zaman məişət, adət və dünyagörüşlərinə görə bəzi qruplar başqalarına nisbətən yafəsi qrupa daha çox qovuşur, başqaları isə onları yafəsi xalqlarla yaxınlaşdıran elementlərdən, ya tamamilə məhrumdur, ya da belə elementlərin sayı həddən artıq azdır".

 

Qafqaz türklərinin təsərrüfat məişətinin müxtəlif inkişaf mərhələlərində olduğunu göstərən məruzəçi məlumat vermişdir ki, "məsələn, noqaylar və qaraçaylar Orta Asiya türk xalqlarının ilkin köçəri və maldarlıq məişətini qoruyub saxlamışlar, lakin Zaqafqaziyada Azərbaycan türklərinin də köçəri qrupları olmuşdur. Digərləri artıq çoxdan oturaq məişətə keçsələr də, daha çox, məsələn, qaraçaylar və balkarlar kimi, maldarlıqla məşğul olurlar. Bu xalqların üçüncü qrupu da artıq çoxdan oturaq həyata keçib və demək olar ki, müstəsna olaraq əkinçilik, taxılçılıq və maldarlıqla məşğul olur ki, bunlara da kumıklar nümunə ola bilər".

Q.F.Çursin maddi mədəniyyətin daha bir mühüm sahəsinə keçərək demişdir:

"Türk xalqlarında səciyyəvi olan alaçıqdan ardıcıl olaraq yarımzirzəmi və zirzəmiyə keçən bir sıra mənzil formalarını izləyə bilərik. Yarıoturaq məişətə keçən əhali və balkarların daş tikililəri, qaraçaylarda nəhəng ağac tirlərdən, kumıklar və azərbaycanlılarda isə kərpicdən inşa olunan tikililər və i.a. Bir sözlə, Qafqaz ərazisində türk xalqlarında mənzilin ardıcıl inkişafının tam sırasını izləmək mümkündür".

Məruzəçi Qafqaz türklərinin digər Qafqaz xalqları (abxaz, svan, osetin, çeçen və b.) ilə mifoloji düşüncə, inanc, epik təfəkkür əlaqələrindən bəhs etdikdən sonra çox mühüm bir məsələyə toxunmuşdur:

"Burada - Qafqaz ərazisində, Şimali və Cənubi Qafqaz türkləri arasında mədəniyyətin müxtəlif mərhələ və formaları ilə rastlaşırıq ki, bu da, bir tərəfdən, ətrafdakı müxtəlif mədəni dünyaların təsiri ilə izah olunur".

Qurultayın diqqətini "Qafqazın bütün xalqlarının ardıcıl və planlı etnoqrafik tədqiqi məsələsinə cəlb etmək məqsədi" izləyən Q.F.Çursin xüsusilə regionun türk xalqlarının öyrənilməsi işini irəlilətmək üçün bir sıra təkliflər də vermişdir.

Leninqradlı professor Aleksandr Aleksandroviç Miller Qurultayda "Türk xalqlarının təsviri sənəti haqqında" mövzusunda məruzə etmişdir. Məruzəçi diqqətini "istənilən təsviri fəaliyyətin əsasını təşkil edən təməl daşı - təsviri sənətin ornamental xarakteri" üzərində cəmləyərək demişdir:

"Bu materiala ciddi sınaqdan çıxarılmış elmi üsul tətbiq olunarsa, ornamentlər türklərin qarşılıqlı mədəni münasibətlərinin anlaşılması üçün müəyyən material verən, bu qarşılıqlı münasibət və təsirlərin əldə olunan ümumi mənzərəsi isə elə həmin münasibətlərin başqa material üzərində qurulan mənzərəsi ilə üst-üstə düşər. Ornamental baxımdan türk dünyasının təsviri sənəti bizi zənginliyi və rəngarəngliyi ilə heyran edir".

Göründüyü kimi, Leninqrad və Moskva alimləri türk xalqlarının etnoqrafiyasına dair, bir qayda olaraq, ümummetodoloji, daha doğrusu, elmi-sxematik mülahizələrlə çıxış edirlər ki, bunun bir səbəbi "zəngin və rəngarəng material"ın hələ az-çox dərindən öyrənilməməsidirsə, ikinci səbəbi kifayət qədər görkəmli mütəxəssislərin konkret bir fikir söyləməkdən, nəzəriyyə və ya müddəa irəli sürməkdən çəkinməsidir. Və Qurultayın ictimai-siyasi əhval-ruhiyyəsi də elə idi ki, Şərqdə (o cümlədən, Türk dünyasında) baş verən inqilabın, oyanmanın, təbəddülatın təsiri altında hələlik genişmiqyaslı planlar qurulur, gələcək inkişaf üçün nəzəri zəmin hazırlanırdı. Bununla belə bəzi ilkin ümumiləşdirmələr də özünü göstərmişdir:

"Ornament baxımından ən zəngin olan türk xalqları yüksək inkişafa malik mədəniyyətlərlə çoxdan təmasda olan və onların güclü təsirinə məruz qalanlardır (beləliklə, türk tayfalarının, xalqlarının mədəni inkişafı, demək olar ki, bütün hallarda daxili "enerji"nin təzahürü kimi yox, xarici təsir olaraq izah edilir ki, bu, əslində nə Qurultayın, nə də türklərin "inqilabi" əhval-ruhiyyəsinə uyğun gəlməməli idi - N.C., M.H., A.Q.).

Mən bu qrupa özbəklər, türkmənlər və Azərbaycan türklərini daxil edirəm. Əlbəttə, türk dünyasının periferiyasında yerləşən bu bölgələr yüksək mədəniyyətə malik mərkəzlərin təsirinə məruz qalmış, köçəri türklərə və onların köçəri şəraitinə xas olan ilkin motivləri demək olar ki, itirmişlər".

 

Başqırdlar, mişarlar və Qazan tatarlarını da mədəni təsir altında öz "ilkinliy"ini itirən türk xalqlarına aid etdikdən sonra A.A.Miller demişdir:

"...Qarşımızda həm məişət formalarında, həm də başqa cəhətlərində türk dünyasına məxsus və qədim saya bildiyimiz ən çox əlamət qoruyub saxlayan əsl türk dünyası durur. Qırğızlar, qazaxlar, Altay türklərinə nəzər salsaq, bütün bu qruplarda kifayət qədər yekcins olan təsviri fəaliyyətin son dərəcə səciyyəvi əsasını aşkar edərik".

İstər V.V.Bartoldun, istər A.A.Millerin, istərsə də bir sıra digər rus tədqiqatçılarının məruzələrində türkləri hər cür inkişafdan uzaq metafizik bir hadisə kimi (köçəri həyat tərzi, maldarlıq, şifahi ədəbiyyat və s.) təsəvvür etmək meyli çox güclüdür. Qafqaza gəldikdə isə, A.A.Millerin müəyyən istisnaya yol verməsi qeyri-adi sayıla bilər:

"Əgər burada Şimali Qafqaz türklərinin mədəniyyətinə Yafəs xalqlarının artıq dəqiq müəyyənləşdirilmiş təsirindən danışılsa, icazə verin, digər tərəfdən də, iddia edim ki, türk mədəniyyətinin də Qafqazın Yafəs əhalisinə təsiri kifayət qədər önəmli olmuş və bu diyarın ən ucqar nöqtələrinədək nüfuz etmişdir... Qərbdəki çərkəzlər, kabardinlərdən çeçenlərə qədər bütünYafəs xalqları, dağ türkləri də daxil olmaqla, öz təsviri sənətlərində əsl türk köçəri ornamentinin formalarını nümayiş etdirir".

Məruzəçi xalqların etnoqrafik əlaqələrində mədəniyyətin müxtəlif sahələrinin (dil, incəsənət, o cümlədən, ornament və s.) paralel olaraq işləndiyinin müşahidə edildiyini göstərmişdir:

"İranın Azərbaycan türklərinin mədəniyyətinə təsir göstərməsi şübhə doğurmur, lakin o da şübhəsizdir ki, Azərbaycanda bu yabançı elementlərin mənimsənilməsi yaradıcılıq prosesində, onların fars incəsənəti ilə heç bir ortaqlığı olmayan formalar şəklində işlənməsi prosesində baş verirdi. Buradan biz Anadolunun türk dialektlərində müşahidə olunan və ölkənin qədim sakinlərinin indi artıq yox olmuş dillərinin xüsusiyyətlərini səciyyələndirən ümumi normalardan sapınmanın prof. Messaroş tərəfindən göstərilən mənzərəsinə eyni olan mənzərə ilə rastlaşırıq. Lakin bundan da maraqlısı odur ki, mənşəcə farslara mənsub olan və sonradan dəyişdirilən ornamentlər kütləsində Azərbaycanda da köçərilər üçün son dərəcə səciyyəvi olan və qalıq şəklində mühafizə olunan qədim türk ornamental motivlərini tapırıq".

 

A.A.Miller sonda ümidvar olduğunu bildirir ki, "bu Qurultay tezliklə keçiriləcək növbəti qurultaya qədər zəruri materialların toplanması və tədqiqi üzrə planlı işin əsasını qoyacaq".

Türk xalqlarının bilavasitə tarixi ilə etnoqrafiyası üzrə məruzələr birlikdə müzakirə edilsə də, ən çox maraq doğuran məhz etnoqrafiya məsələləri olmuşdur.

İlk söz alan Kazan tatarı, Pedaqoji İnstitutun müəllimi Qalimcan Şərəfoviç Şərəf bildirmişdir ki, "şərqşünaslarımız, türkoloqlarımız, əsasən də, etnoqraflarımız arxeoloji məqamların, keçmişin qəbirüstü abidələrinin, dini etiqadların və tarixi keçmişin digər məqamlarının tədqiqi ilə məşğuldurlar. Statistik etnoqrafik tədqiqat üsulu, demək olar ki, tətbiq edilmir. Ayrı-ayrı türk xalqlarının iqtisadi vəziyyəti tədqiq olunmur. Lakin belə bir tədqiqat tamamilə mümkündür və olmalıdır. Məsələn, nə üçün tatarlar, azərbaycanlılar və digər xalqlarda kəndli təsərrüfatının iqtisadiyyatının tədqiqi aparılmasın?"

Türkologiyanı, onun ayrılmaz sahəsi olan türk xalqları etnoqrafiyasını bu cür marksist-leninçi düşüncə platformasına qaldıran tatar aliminin bir təklifi də olmuşdur ki, "fundamental tədqiqatlar xırda və ya ölməkdə olan xalqlara həsr olunur ki, bunlar da əldə edilən materialdan əməli məqsədlər üçün istifadə etmək imkanından məhrumdur. Prof. Katanovun ayrı-ayrı türk xalqları sahəsində ən böyük əsər olan tədqiqatı bu (göstərir) qalınlıqda, 20 funt ağırlığındadır. Əlbəttə, o yalnız uryanxay dilinin tədqiqi baxımından yox, digər sahələrdə də çox dəyərlidir. Lakin elə bir xalqa həsr olunub ki, əhalisinin sayı cəmi on beş mindir və bu xalq həmin materialdan əməli məqsədlər üçün heç vaxt istifadə etməyəcək. Bu baxımdan, türkologiyaya zoologiya, kiçik məsələlərin tədqiqinə yanaşma kimi yanaşmaq olmaz, işlərə daha tətbiqi səciyyə verilməlidir".

Q.Ş.Şərəf prof. N.F.Katanovun 1903-cü ildə Kazanda nəşr olunmuş "Uryanxay dilinin tədqiqi təcrübəsi" kitabını nəzərdə tuturdu ki, bu əsər Şərqi Sibirdə yaşayan Tuva, Soyon, Soyot adları ilə də tanınan azsaylı türk xalqının dilinə həsr edilmişdi. Əlbəttə, çıxışçı əsəri ümumiyyətlə, daha doğrusu, elm-nəzəriyyə naminə yüksək qiymətləndirir, ancaq sosialist inqilabının doğurduğu realist-praktiki (ulitar!) maraq baxımından etnoqrafiyadan proletar hərəkatının vəd etdiyi fundamentallıq, iqtisadi əsaslılıq tələb edir.

 

Kazan tatarı, jurnalist Heymat Eynulla oğlu Xakimov da çıxışına tənqidi notlarla başlamış, etnoqrafiyada "elmi metod yalnız marksist, sosioloji metoddur" demiş və belə bir misal çəkmişdir ki, "özbəklər almanı və başqa şeyləri zənbilə qoyub başlarında daşıyırlar. Onlarda "qafa tasının quruluşu bundan asılıdır". Əlbəttə, məsələyə bu cür vulqar sosioloji münasibətin səbəbi də, bir növ, prolet-kultçuluq düşüncəsi idi. Çıxışçı görkəmli etnoqraflara öyrədirdi ki, "əgər avropalılarda hər hansı bir xəstəliyə hər 100 və ya 1000 nəfərdən beşi tutulursa, türk xalqlarında belələrinin sayı 3 nəfər ola bilər. Bu, qanın tərkibindən asılıdır. Millətin dinini tədqiq edərkən biz bunu insanın xasiyyətinin onun quruluşu ilə müəyyənləşdirildiyi faktı ilə əlaqələndirməliyik, quruluşun ən mühüm hissəsi isə insanın daxili sekresiyasıdır. Nə üçün bütün çinlilər, yaponlar, hindlər buddistdir? Güman ki, onları buna daxili sekresiyalarının hər hansı bir xüsusiyyəti meyilləndirir".

N.E.Xakimov əlavə etmişdi:

"...İnsan və milləti yalnız belə tədqiq etmək lazımdır, yalnız biososioloji metoda əsasən".

Müzakirələr üçüncü iclasda davam etdirilmir, Oyrot (Altay) diyarından - Ulaladan gəlmiş oyrotlu (altaylı) jurnalist Aleksey Makaroviç Sabaşkin söz alaraq demişdir:

"Bu qurultayda iştirak edən yoldaşlardan çoxu öz millətini tanımır. Bunların arasında oyrotların nümayəndəsi olan mən də varam. Keçmişdə bizi müxtəlif millətlərə aid edirdilər: kalmık, "özgə xalqdan olan" ("inorodes"), Altay, Teleut adlandırırdılar. Milliyyətimizin bu qədər müxtəlif şəkildə müəyyənləşdirilməsi nəticəsində biz öz milliyyətimizi itirdik. Yalnız bu yaxınlarda ali təhsil müəssisəsində təhsil alan və türkologiyanın bəzi elmi qüvvələrilə təmasda olarkən öyrəndim ki, mən türkəm".

Oyrotların "türkləşmiş monqollar" olmasını deyənlərə qarşı ciddi etiraz edən çıxışçı mənsub olduğu xalqın tarixindən bir sıra faktlar gətirdikdən sonra israrla əlavə etmişdir:

"Buradan da aydındır ki, biz türk tayfasına mənsub xalqıq. İkincisi isə odur ki, bizim monqollara aid edilməyimizin səbəbi son 200-300 ildə məişətimizdə türklərlə ümumi olan heç bir tarixi əlamətin olmamasıdır. Doğrudur, bizdə çinlilər və monqollarla ümumi əlamətlər var, çünki rus imperiyası ilə birləşməzdən əvvəlki 160 il ərzində monqollarla ümumi tarixə malik olmuşuq və tamamilə aydındır ki, biz məişətdə bəzi cəhətləri monqollardan əxz etmişik. Burhanizm (lamaizm) meydana çıxdıqdan sonra bizim monqol olmadığımızın öz-özünə aydınlaşması da buna dəlalət edir".

Moskvadan gəlmiş professor Nikolay Feofanoviç Yakovlev bəzi çıxışçıların "elmin əməli işdən uzaq olması haqqında məzəmmətləri"ni haqsız sayaraq demişdir:

"Mən sırf etnoloji faktların öz izahını iqtisadi faktlardan aldığı bir sıra faktları göstərəcəyəm... Məlum olduğu kimi, türk dilləri bir-birindən nisbətən az uzaqlaşmışlar, halbuki başqa ailələrin dillərində daha böyük təbəqələşmə var. Qafqazda, xüsusən də, Dağıstanda rastlaşdığım bu hadisələrə əsaslanaraq tamamilə müəyyən şəkildə göstərmək olar ki, dillərin daha çox parçalanmasının təsərrüfatın bir tipi, dil və ləhcələrin nisbətən daha az parçalanmasının isə digər təsərrüfat tipi ilə bağlılığı şübhə doğurmur".

 

Səmərqənddən gəlmiş özbək alimi Qazi Alim Yunusov çıxışına kəskin tənqidi qeydlərlə başlamışdır:

"...Məruzələrdə türk xalqlarının etnoqrafiyası sahəsindəki nailiyyətlərdən danışıldı. Lakin məruzələr o qədər kasad idi ki, jurnallardakı elmi məqalələri xatırladırdı. Bu məruzələr türk xalqlarının maddi mədəniyyətinə dair faktlarla kifayət qədər açıqlanmırdı; türk xalqlarının incəsənətindən danışan məruzəçilər türk sənətinin fərqləri, əsas motivləri və inkişafının müxtəlif mərhələlərini göstərmirdilər".

Çıxışçı bu ümumi mülahizələrdən sonra konkret olaraq mənsub olduğu xalq barədəki ənənəvi "elmi" təsəvvürlərə keçərək demişdir:

"Özbəklərdən danışılarkən hamıda dumanlı bir təsəvvür yaranır. Özbəklər kimdir? Özbəklər uzunsaqqallı, yekə çalma və uzun xələt geyən adamlardır. Vəssalam. Həqiqətən, özbəklərin tiplərinin təsvir olunduğu alboma nəzər salaq. Bu albom bizə nə deyir? Heç bir şey. Məsələn, özbəyin yerinə fars, İran mənşəli tacik çəkilib, onların cizgilərində türklərə məxsus element qətiyyən yoxdur.

Yəqin ki, bu cür albomları Özbəkistanın etnik tərkibindən qətiyyən xəbəri olmayan adam tərtib edib".

 

Əlbəttə, bu cür kobud səhvlərə yol verilməsi aparılan etnoqrafik (və ümumən etnoloji) tədqiqatın doğruluğuna ciddi şübhələr yaratmaya bilməzdi. Və Özbəkistanın etnik tərkibinin yekcins olmadığını göstərən tədqiqatçı belə bir qənaətə gəlmişdir ki, "deməli, hələlik özbəklərin geneoloji tədqiqi yoxdur. Əldə olan məlumatlar o qədər cüzi, o qədər qaranlıqdır ki, bizə qətiyyən heç bir şey vermir... Bir sözlə, mən burada öz tədqiqatlarımı göstərə və yerli türkologiya həvəskarları  ilə qarşılıqlı material mübadiləsi edə  bilərəm. Bu mümkün olsaydı, biz - türk xalqlarının nümayəndələri həm nüfuzlu alimlərimiz, həm də elə özümüz üçün daha çox material əldə edə bilərdik".

Amu-Dəryanın köhnə yatağı ilə səyahət etdiyini, bu yerləri dolaşaraq nəhəng şəhərlərin xarabalarını gördüyünü deyən Q.A.Yunusov Qurultaydan bütün türk xalqları kimi, özbəklərin də tədqiqinə ciddi diqqət yetirməsini xahiş edərək demişdir ki, sonuncuların nə etnoqrafiyası, nə ləhcələri barədə düzgün məlumat yoxdur..." Üstəlik, hansısa bir sart dili uydurublar və deyirlər ki, bu onların xüsusi dilidir, halbuki farsların hamısı fars dilində danışır... Onlar özbək dilində mənim rus dilində danışdığım kimi danışırlar; o dəqiqə bilinir ki, mən rus olmadığım kimi, onlar da türk deyil. Bizim bəzi alimlərimiz tədqiqatlarında yazırdılar ki, guya sartlar İran irqindən törəyiblər, öz dillərini unudaraq türk dilini qəbul ediblər və Özbəkistanda sart ləhcəsi var. Əlbəttə, bu, düzgün deyil və böyük səhvdir".

O, fikrini belə yekunlaşdırmışdır:

"Mən Orta Asiyanın nəhəng önəminin, bir çoxları başqa xalqlara təsir göstərən bütün Orta Asiya türklərinin tarix və etnoqrafiyasının araşdırılmasının əhəmiyyətinin açıqlanmasını zəruri sayıram. Nə Moskva, nə də Leninqrad bu məsələ ilə ciddi məşğul olmamışdır".

 

Q.A.Yunusovun belə qətiyyətli çıxışı, eləcə də ümumən çıxışların hamısında məruzəçilərə qarşı özünü bu və ya digər dərəcədə göstərən etirazlar o demək idi ki, türk xalqlarının ziyalıları artıq tarix-etnoqrafiya sahəsindəki araşdırmaları heç kimə güzəştə getmək fikrində deyillər, bu həssas məsələnin həllini öz üzərlərinə almaq, milli kimliklərini məhz özləri tədqiq edib öyrənmək iddiasındadırlar.

Simferopoldan gəlmiş Krım tatarı, Krım Dövlət Universitetinin müəllimi Xabibulla Abduraşid oğlu Odabaş da, prinsip etibarilə, həmin mövqeyi müdafiə edərək demişdir:

"Türk xalqlarının iqtisadi həyatının hər il dəyişdiyi və onun maddi mədəniyyətinin simasının tamamilə yeni bir görkəm aldığı məqamda məsələnin (burada söhbət maddi mədəniyyət abidələrinin toplanması və sistemləşdirilməsindən gedir - N.C., M.H., A.Q.) öhdəsindən gəlmək üçün mütləq müəllimlərin köməyinə müraciət etmək lazımdır, çünki türk ölkələrində yeganə mədəni qüvvə onlardır. İkinci məqam. Mütləq türklərin özlərindən elmi işçilər hazırlamaq lazımdır və bunun üçün türk respublikaları tərəfindən universitetlərin etnoqrafiya şöbələrinə bir neçə belə nümayəndə göndərilməlidir. Üçüncü məqam. Mütləq türk xalqlarının etnoqrafiyası məsələlərinə dair konfrans düzənlənməlidir. Türk xalqlarının maddi mədəniyyəti üzrə işlərin sintezinin reallaşdırılması üçün daha bir məqam. Türk respublikalarından birinin mərkəzində ümumi etnoqrafiya muzeyi yaratmaq lazımdır".

Həm ayrı-ayrı türk respublikaları, yaxud xalqları, həm də bütövlükdə türk dünyası miqyasında etnoqrafik araşdırmalar qarşısında dayanan vəzifələri qeyd etmiş krımlı N.A.Odabaşdan sonra Mahaçqaladan gəlmiş meşeryak, Dağıstan XMK-nın əməkdaşı Qalimcan Süleymanoviç Ayyupov türk xalqlarının tarix və etnoqrafiyasının tədqiqinin kortəbii, qeyri-mütəşəkkil aparıldığını, hər respublikanın öz təşkilat formasını yaratdığını göstərmiş, gələcək araşdırmaların uğurlarının məhz onun tövsiyələrindən asılı olacağını deməklə Qurultaya böyük ümidlər bəslənildiyini söyləmişdir:

 

 "Dağıstanın nümayəndəsi kimi mən də Dağıstan türkləri haqqında heç nə deyilmədiyinə təəssüflənə bilərəm... I Türkoloji Qurultay bütün türk xalqlarının tarixi, etnoqrafik və mədəni-məişət baxımdan, sistemli şəkildə dərin tədqiqinin əsasını qoymağımız baxımdan möhtəşəm əhəmiyyətə malikdir. İndi çox danışmağın əhəmiyyəti yoxdur. Deyilməyənləri bizə heç kim deməyəcək. Bundan sonra nə etməli olduğumuzu konkret müəyyənləşdirməliyik".

Akademiya Mərkəzinin üzvü, Türkmənistan XMK-nın əməkdaşı, Poltaroskidən gəlmiş türkmən Bekki E.Berdiyev hər hansı elmi-tədqiqat məsələsini hal-hazırda gedən mədəni-məişət quruculuğu prosesindən kənarda həll etməyin mümkün olmayacağı barədəki mülahizələrlə başlayaraq demişdir:

 

"Soruşula bilər ki, etnoqrafiyanın, məsələn, sanitariya işinə nə dəxli ola bilər? Lakin bu və ya digər xalqın məişət xüsusiyyətlərinin, qidalanma üsullarının və həyati üsullarının öyrənilməsi göstərir ki, gigiyena-sanitariya məsələlərinin həlli üçün ən etibarlı yol məhz elə buradadır. Hətta folklor materialının toplanması da milli mədəniyyətin qurulması üçün çoxlu material verir".

Məsələnin formal, təşkilati tərəfinə xüsusi diqqət yetirilməsinin zəruriliyini xatırladan çıxışçı əlavə etmişdir ki, "məruzəçi professorlar məsələnin elə bu tərəfini işıqlandırmalıdırlar, daha doğrusu, onlar etnoqrafiya ilə məşğul olan ümumittifaq əhəmiyyətli təşkilatın işini işıqlandırmadılar. Bu, çox böyük çatışmamazlıqdır... Tədqiq olunan hər bir xalq qəfildən soruşa bilər: məni nə üçün tədqiq edirsiniz? Sizin mənim zəruri ehtiyaclarıma nə aidiyyatınız var? Mənə münasibətdə hansı vəzifələri və hansı təması qurursunuz? Odur ki, Qurultayımız hər hansı bir nəticə qoyub getmək istəyirsə, bu təşkilatların qarşılıqlı münasibətlərini müəyyənləşdirməlidir".

Q.Qubaydullin Tatarıstan, M.P.Petrov Çuvaşıstan respublikalarında etnoqrafik araşdırmaların gedişi barədə məlumat vermişlər. Əsas məruzəçi, professor S.İ.Rudenka çıxışlarda səslənən mülahizələrə münasibətini bildirərək demişdir:

"Mən yoldaş Sabaşkin tərəfindən düzgün başa düşülmədiyimə çox təəccüblənirəm. Məruzəmdə demirdim ki, oyrotlar, daha dəqiq desək, teleutlar, altaykijlər və telengetlər türkləşdirilimiş monqollardır; onlar təkcə türk yox, güman ki, qədim türk məişətini qoruyub saxlayan ən qədim türklərdir. Hələ mərhum akademik Radlov bunu qeyd etmiş və bu dillərə əsaslanaraq Altayın türk dillərinin vətəni olması mülahizəsini söyləmişdir".

Q.Ş.Şərəfin "dilçiləri kiçik tayfalara və ölməkdə olan xalqlara diqqət yetirməkdə" qınamasını "tamamilə haqsız" sayan məruzəçi göstərmişdir ki, "əgər hazırda bizi bu və ya digər türk tayfa və xalqlarının tarixi, mənşəyi məsələləri maraqlandırırsa, geridə qalmış və yaxud müstəsna şəraitdə yaşayan kiçik türk tayfalarının öyrənilməsi türk dünyasının tədqiqi qarşısında qoyulan problemlərin həlli üçün açar verə bilər".

S.İ.Rudenko opponentin başqa bir iradını da müfəssəl cavablandırmışdır:

 

"...Guya biz arxeologiyaya, qəbirüstü abidələrə, hazırda bizi xüsusilə maraqlandırmalı olan tayfa və xalqların təsərrüfat həyatından çox uzaq olan bir sıra başqa mədəniyyət əşyalarına çox vaxt sərf edirik. Burada onu qeyd etmək lazımdır ki, bu və ya digər xalqın gələcək inkişaf yollarını yalnız onun keçmişini kifayət qədər bildiyimiz halda tamamilə dəqiq və aydın nəzərdə tutmaq olar". Bununla belə məruzəçi etiraf etmişdir ki, "ola bilər, yoldaş Şərəf təsərrüfat məişətinə çox az diqqət yetirildiyini tamamilə haqlı qeyd edib. O bizim diqqətimizi ona cəlb etdi ki, indi iqtisadi tədqiqatlarda türk xalqlarının maddi mədəniyyətlərinin tədqiqi üçün qiymətli material əldə edə bilərik".

S.İ.Rudenko bəzi suallara hazırda dəqiq elmi cavabların verilə bilməyəcəyini, bunun üçün müəyyən tədqiqatlara ehtiyac olduğunu söyləmiş və əlavə etmişdir:

"Krım nümayəndəsi yoldaş Odabaş arzu etdi ki, yaxın zamanlarda İttifaqın bütün türk tayfa və xalqlarının təmsil olunduğu Ümumittifaq türkoloji muzey yaradılsın. Mən belə bir təşəbbüsdən çəkinməyə çağırardım. Yerlərdə hələ həddən artıq az iş görülüb, ayrı-ayrı respublikalarda bir sıra xalqlar həddən artıq az tədqiq edilib... Odur ki, yaxın zamanlar üçün belə bir məsələ qoyardım ki, Qurultayda təmsil olunan bütün respublikalar yerli muzeylərdə respublikanın xalqlarının etnoqrafiyasını tam dolğunluğu ilə əks etdirən müvafiq şöbələr yaradılması üçün bütün lazımi tədbirlər görsünlər, ümumtürk muzeyi məsələsi isə gələcəyin məsələsidir".

Türk xalqları nümayəndələrinin onlara verilən azadlıqdan həddindən artıq çox istifadə etmək maraqlarını məhdudlaşdırmaq məqsədi güdən moskvalı məruzəçi opponentlərinə məsləhət görmüşdür ki, bu cür məsələləri "gələcək qurultayların birində qaldırmaq olar".

 

Sonda S.İ.Rudenko müzakirələrə həm mərkəzin əyalətlərə keçmiş imperialist təzyiq təcrübəsinin davamı, həm də yeni dövrün demokratikləşmə eksperimentlərinin nümunəsi olan belə bir yekun vurmuşdur:

"...Yerlərdən gələn yoldaşlarımızın bəzi məruzələrini dinlədikdən sonra biz - mərkəzin nümayəndələri əmin olduq ki, onlar diyarlarına aid olan bir sıra böyük işlərdən xəbərsizdirlər, digər tərəfdən isə məlum oldu ki, biz də yerlərdə görülən bütün işlərdən xəbərdar deyilik. Güman edirəm ki, bu əlaqə, birgə fəaliyyət yalnız müştərək qüvvələrimizlə birgə iş qurduqdan sonra bərqərar olacaq".

Qurultay professor S.İ.Rudenkonun sədrliyi ilə Etnoqrafiya məsələsi üzrə Komissiya yaratmış, bununla yanaşı, bildirilmişdir ki, bütün iştirakçılar onun işində iştirak edə bilərlər.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!