III məqalə
Təbiətsevərlik və ekoloji siyasət
Dünya sivilizasiyasının vahid, mürəkkəb və açıq sistem kimi təkamülünün müxtəlif mərhələlərində cəmiyyət-təbiət münasibətləri fərqli olmuşdur. İnsanın təbiətə münasibəti fərdi səviyyədə çox müsbət ola bilər. Həqiqətən də, fərd kimi təbiətsevərlər kifayət qədərdir. Lakin insanlar qədimdən kollektiv halında birgəyaşam formasında mövcud ola bilirlər. Bu, hər bir etnosa aid olan aksiomdur. Kimsə şübhə etmir ki, insan kollektiv, yəni birgəyaşam formasında mövcud ola bilir. Bunun alternativi hələlik yoxdur.
Buradan özlüyündə sual meydana gəlir: milyonlarla insanın birgəyaşam formasında təbiətə münasibəti ilə yüz minlər və ya on minlərlə insanın birgəyaşam formasında təbiətə olan münasibəti arasında keyfiyyət fərqləri vardırmı? Bir qədər də elmiləşdirsək, sualı daha ümumi ifadə edə bilərik: yüz minlərlə insanın birgəyaşam məkanı olan dövlətin təbiətə münasibəti daha az sayda insanın yaratdığı dövlətlər və cəmiyyətlərin münasibətindən hansı özəllikləri ilə seçilməlidir?
Sualın bu cür qoyuluşunun tam nəzəri əsası vardır. Çünki müasir elmi təlimlərdə insanın yaratdığı cəmiyyətlərdə yaşayanların sayının həm cəmiyyətə, həm də dövlətə keyfiyyətcə təsir etdiyi birmənalı vurğulanır. Məntiqcə bu, aydındır: yüz minlərin qarşılıqlı münasibətlər sistemi on milyonların və yüz milyonların qarşılıqlı münasibətlər sistemindən mütləq fərqlənəcək.
Bu kimi sualların elmi cavablarını axtarmaq zərurətini Qərbdə keçən əsrin 60-cı illərində anladılar. O mərhələdən "ekoloji siyasət" və "ekopolitologiya" kimi elmi anlayışlar meydana gəldi. Bu, sadəcə, elmin cəmiyyətlə təbiətin münasibətlərində yaranmış böhrandan çıxış cəhdimi idi? Yaxud onun daha dərin dünyagörüşü səbəbləri mövcuddur?
İstənilən müasir müstəqil dövlət üçün böyük əhəmiyyəti olan "ekoloji siyasət" və "ekopolitologiya"nın təhlilinə keçmədən öncə etnosun təbiətə münasibəti kontekstində dünyagörüşü xarakterli bir məqamı vurğulayaq.
Etnosun "təbiət duyumu" və tarix
Martin Haydegger yazırdı ki, əgər fəlsəfədə "varlıq" kateqoriyası latın mənşəli deyil, yunan mənşəli olsaydı, indi fəlsəfə tamamilə başqa məzmunda olardı. Bu fikrin etnos-təbiət münasibətlərinə reduksiyası qəribə görünə bilər. Lakin şübhə etmirik ki, əgər dünya sivilizasiyası türk etnosunun təbiətə münasibəti üzərində bərqərar olsaydı, indi bəşəriyyətin qarşılaşdığı bir çox problemlər olmazdı. Ancaq tarixin reallaşma potensialı həmişə alternativlidir. Lakin o həmişə ancaq bir ssenari üzrə reallaşır. İndi dünya əsasən, Qərbdə formalaşmış təbiətə "texno yanaşma" üzərində bərqərar olmaqdadır. "Texno" insana yeni texnoloji mühit yaratmağa geniş imkanlar açaraq, dünyanın hər hansı məkanında yüksək inkişafa təkan versə də, bütövlükdə onun təbiətlə harmoniyada yaşamaq imkanlarını xeyli məhdudlaşdırır. Bu münasibəti "təbiəti zəbt etmək" adlandırmaq olar.
Türklərdə isə tamamilə fərqli yanaşmanın ruhu vardır. Türklərin passionarlıq kimliyində işğal və ya zəbt etmək yoxdur - fəth etmək vardır! Fəth etmək isə, hər şeydən öncə, nüfuz edilən məkanı qurmaq, yaratmaq istəyini ifadə edir. Türk dağıtmaq üçün fəth etmir - ilahi nizamı Yer üzündə yaşamaq üçün fəth edir. Bu baxımdan o, təbiətin də fatehidir! Yəni özü ilə təbiəti bütöv hesab edərək, ilahi ədalət və nizamı ona da sirayət etmək niyyətindədir. Ancaq məsələ ondan ibarətdir ki, əgər söhbət İlahi ədalət və düzəndən gedirsə, təbiətin də İlahi ədalət və düzəndən meydana gəldiyini qəbul etmək gərəkdir.
Bu məqamda ön sıraya etnosun bu həqiqətə münasibəti məsələsi çıxır. Yəni etnos bu həqiqəti dərk edirmi? Dərk edirsə, ona necə qiymət verir və reaksiya göstərir? Bu da avtomatik olaraq istənilən etnos üçün şüur və siyasət məsələsini aktuallaşdırır. Biz məhz bu səviyyədə və kontekstdə "türk etnosu təbiətsevərdir" deyirik. Məhz bu anlamda "türklər özünü təbiətin ayrılmaz hissəsi kimi dərk edirlər" tezisinə dayanırıq! Daha da ümumiləşdirib, müasir reallıqlar kontekstinə gətirdikdə isə, məsələ həm nəzəri olaraq böyük fəlsəfəyə, həm də praktiki olaraq dövlətin təbiətə siyasətinə transfer olur!
Təbiətə türk yanaşmasının müasir dövlətçilik aspektində humanitarlığını vurğuladığımız yanaşmanın prizmasında dərk edə bilərik. Məsələ onunla bağlıdır ki, türk etnosunun təbiətə İlahi sevgi və ədalətlə yanaşması bir ənənədir. Bu ənənənin türk dövlətçilik tarixində təzahürləri də şübhəsizdir. Lakin müxtəlif səbəblərdən bir neçə əsr dünyanın aparıcı kəsimindən kənarda qalan türk xalqlarının müasir dövlətçilik modelləri fonunda təbiət siyasətləri təhlil edilməlidir. Bu təhlillər təbiətə "türk münasibəti"nin humanitarlığını, şəfqətliyini və mərhəmətliyini anlamağa yardım edər. Həmin prizmada türk dövlətlərinin XXI əsrdə ekoloji siyasəti və onun ekopolitologiyada araşdırılması məsələsinin aktuallığı şübhə doğurmur.
Müasir dövlətlərin ekoloji siyasəti
Ekoloji siyasətin standart anlamı vardır. Ekoloji siyasət dövlətin həyata keçirdiyi tədbirlər sistemidir. Yəni hər hansı dövlətin (və ya dövlətlər qrupunun, regional və beynəlxalq miqyaslı təşkilatın) dağınıq deyil, konkret məqsədli, davamlı, dayanıqlı və tədricən reallaşdırılan dövlət münasibətindən söhbət gedir. Həmin sistem bütövlükdə cəmiyyətin təbiətə təsiri ilə əlaqəlidir. Ekoloji siyasət elə niyyət və prinsipləri özündə birləşdirir ki, onların əsasında konkret məqsədlər və vəzifələr müəyyən edilir. Daha ümumi səviyyədə ekoloji siyasət məqsəd və vəzifələrin ekoloji strategiyasını müəyyən edir və onu reallaşdırır.
Buradan alınır ki, ekoloji siyasət dövlət səviyyəsində cəmiyyətin maraqlarını nəzərə alaraq elə fəaliyyətdir ki, sadəcə, təbiətin qorunması ilə məhdudlaşmır. O, həm də cəmiyyət-təbiət münasibətlərində mənəvi, mədəni (kültürəl), psixoloji, siyasi və geosiyasi faktorların diqqətə alınmasını tələb edir. Vurğulanan məqam etnosun, ümumiyyətlə, təbiətə münasibəti ənənəsi ilə dövlətin ekoloji siyasəti arasında daxili bağlantının olması zərurətini ifadə edir.
Belə görünür ki, əslində dövlətin ekoloji siyasəti dərindən müxtəlif elmi aspektlərdə öyrənilməlidir. Burada fəlsəfi yanaşma ilə politoloji və ya kulturoloji yanaşmalar sintez halında iştirak edə bilərlər. Daha çox elmin ortaq tədqiqat sahəsində ekoloji siyasət araşdırıla bilər. Bizcə, daha adekvatı və müasir elmin tələblərinə cavab verəni ekoloji siyasətin fənlərarası yanaşma çərçivəsində araşdırılmasıdır. Bu əsasda problemin fəlsəfi, sırf ekoloji, kulturoloji, etnik-mədəni, psixoloji, sosioloji, geosiyasi və digər aspektlərini vahid məntiqi çərçivədə tədqiq etmək imkanı yaranar. Həmin prizmada ekopolitoloji yanaşma ayrıca aktuallıq kəsb edir.
Ekopolitologiya
Bu, ekoloji-siyasi qərarların qəbulunu öyrənən fənndir; keçən əsrin 60-70-ci illərində Qərdə yaranmışdır. Həmin dönəmdə Avropada ekoloji problemlərin siyasi gündəmə gətirilməsi uğrunda ictimai fəalların ciddi mübarizəsi gedirdi. Bununla da Avropada XX əsrin 70-ci illərindən "ekologiya və siyasət" yox, "ekologiya-siyasət", yəni cəmiyyətin (daha geniş anlamda dünyanın) ekoloji durumu üzvi surətdə dövlətin siyasi kursunun (həm də siyasi sistemin) tərkib hissələrindən biri olmağa başladı. Görünür, həm də müasir dövrün bu xüsusiyyətinə görə, ekopolitologiyanı bəzən "gənc plüralistik siyasi fənn" də adlandırırlar. Qısaca mənası üzərində dayanaq, çünki əsas məqsədimiz ekopolitologiyanı təhlil etməkdən ibarət deyildir.
Ekopolitologiya bizim baxdığımız mövzu kontekstində ona görə vacibdir ki, bəşər tarixində faktiki olaraq ilk dəfə cəmiyyətin ekoloji məsələləri sistemli, ümumnəzəri xarakterli və həm də konkret faktlara əsaslanan müasir elmi istiqamət çərçivəsində tədqiq olunurdu. Bu o deməkdir ki, həmin məqamdan ekologiya sadəcə dövlətin siyasətinin mühüm aspekti deyildir - onu daim elmi dərk edərək siyasi xəttin seçilməsində ondan yararlanmaq lazımdır. Metaforik desək, türk toplumlarının qədimdən "toplum-təbiət" münasibətləri gerçəkliyinə dixotomik deyil holistik, sinxronik, həmahəng, harmonik yanaşması daha doğru imiş. Qərb rasional düşüncəsi bu qənaətə XX əsrin ikinci yarısında gəldi, lakin türklər qədimdən onun ümumi fəlsəfəsinə malik etnos olmuşdur. Ancaq...
Türk etnosunun bu yanaşmasını ilk olaraq elmə türklər özləri çevirə bilmədilər. Doğrudur, tarixin müəyyən dönəmlərində türk etnosu qiymətli əsərlər, o cümlədən, siyasi idarəetmə ilə bağlı sanballı kitablar yaratdılar. Həmin bağlılıqda "Kutadğu-Bilik" əsərini xatırlamaq kifayətdir. Filosoflardan N.Tusi, İbn-Sina, Ə.Bəhmənyar, Ş.Y.Sührəvərdi və digərləri insan-təbiət, cəmiyyət-təbiət münasibətlərinin harmoniyası ilə əlaqədar çox dəyərli fikirlər irəli sürmüşlər. Əslində, indi ekopolitologiyada istifadə edilən ekoloji ziddiyyətsiz inkişafa dair konsepsiyaların bir kökü gedib həmin araşdırmalara çıxır.
Lakin məsələ ondan ibarətdir ki, ekoloji məsələləri və ümumilikdə cəmiyyət-təbiət münasibətlərini vahid elmi istiqamət çərçivəsində və elmi tədqiqatın rasional kriteriyalarına cavab verən formada ilk dəfə Qərbdə öyrənməyə başlamışlar. Biz də bu gerçəkliyi nəzərə alaraq, müasir müstəqil Azərbaycanın dövlət quruculuğu kursu kontekstində ekoloji siyasətin bir sıra məqamlarına nəzər salacağıq.
İqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında balans
Qlobal ekoloji böhran fonunda bu, hər bir müstəqil dövlət üçün prinsipial əhəmiyyət daşıyan məsələ kimi görünür. Əslində həmin problem strateji xarakterlidir və ciddi əsaslandırılmış yanaşma tələb edir. Ölkədə iqtisadiyyat-cəmiyyət-ətraf mühit "üçbucağı"nda uyğunluq yaratmaq kifayət qədər mürəkkəb vəzifədir. Bunlar Azərbaycan Respublikasının ekoloji konsepsiyasında geniş nəzərə alınmışdır. Bundan başqa, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişaf sənədində məsələnin bu tərəfi əsaslı şəkildə qoyulmuşdur.
1993-cü il iyun ayından başlayaraq həyata keçirilən dövlət quruculuğu siyasətində ətraf mühitin sağlamlığının təmini mühüm faktorlardan biri kimi qəbul edilmişdir. Enerji strategiyası bu bağlılıqda çox vacib yer tutur. Çünki məsələnin bir tərəfi milli maraqlara dayanırsa, digər tərəfi regional və qlobal miqyaslarda cəmiyyət-ətraf mühit münasibətləri ilə bağlıdır. Azərbaycanın enerji strategiyası bunlara görə yalnız neft və qazın ixracı ilə məhdudlaşmır, o, geniş anlamda ekoloji, sosial, hüquqi, təhlükəsizlik və geosiyasi faktorları özündə birləşdirir. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında 39-cu maddə hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ ilə bağlıdır. Konstitusiyanın 78-ci maddəsində isə ətraf mühitin qorunmasının hər bir vətəndaşın borcu olduğu vurğulanır. Yəni ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yazılmış Azərbaycan Konstitusiyasında ekoloji mühitin sağlamlığı bir hüquqi dəyər kimi ifadəsini tapmışdır.
Ümummilli lider tam şəkildə ekoloji qanunvericiliyin formalaşdırılmasını təmin etmişdir. Bu çərçivədə "Ətraf mühitin mühafızəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında", "Xüsusi mühafızə olunan təbiət əraziləri və obyektləri haqqında", "Ekoloji təhlükəsizlik haqqında" və "İcbari ekoloji sığorta haqqında" qanunlar imzalanmışdır. Bununla ulu öndər müstəqil Azərbaycan Respublikasının ekoloji siyasətinin hüquqi bazasını yaratmışdır.
Ümummilli lider Heydər Əliyevin strateji dövlət quruculuğu kursu çərçivəsində ətraf mühitin qorunması və ekoloji mühitin sağlamlaşdırılması ilə bağlı beynəlxalq müqavilələrə qoşulmağa ayrıca diqqət yetirilmişdir. Nümunə kimi, bir sıra sənədləri göstərə bilərik: "Biomüxtəliflik haqqında", "Nəsli kəsilmək təhlükəsi altında olan təbii flora və fauna növlərinin beynəlxalq ticarəti haqqında", "Səhralaşmaya qarşı mübarizə haqqında", "Bitkilərin mühafızəsi haqqında" və digər beynəlxalq konvensiyalar.
1998-ci ildə isə "Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planı" hazırlanmışdır. Bu vacib sənəddə Azərbaycanın ekoloji prioritetləri müəyyən edilmişdir.
Bütün bunlar müstəqil Azərbaycanın ekoloji məsələyə yüksək diqqətini ifadə edir. Onun nəticəsidir ki, regional və qlobal miqyaslarda da Azərbaycan ekologiyanın müxtəlif layihələrində ekoloji faktora ciddi əhəmiyyət vermişdir. Eyni zamanda bu məsələdən süni istifadə etməyə çalışanların yolunu bağlamışdır. Bir maraqlı faktı xatırlayaq.
Bakı-Tbilisi-Ceyhan neft ixrac marşrutunun Gürcüstan ərazisində ekoloji mühiti korlaması ilə bağlı süni hay-küy qaldırmışdılar. Bir sıra qeyri-hökumət təşkilatları Qərbdən olan təhriklər əsasında bu layihənin reallaşmasına əngəl olmağa çalışırdılar. Ancaq ulu öndər Heyər Əliyevin müdrikliyi sayəsində problemi müsbət həll etmək mümkün oldu. Deməli, öncədən, Azərbaycanın enerji siyasətində bütün incəliklər nəzərə alınmışdı və onları ardıcıl olaraq ölkə rəhbərliyi həll edirdi.
Sonrakı proseslər də Azərbaycan rəhbərliyinin ekoloji məsələlərə çox ciddi diqqət yetirdiyini göstərdi. Prezident İlham Əliyev 2022-ci il sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumunda nitqində ifadə etmişdi: "Bizim enerji strategiyamız mərhələlərə bölünüb. 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçmişkən ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq. Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Lakin açıq dənizə çıxışı olmayan ölkə olaraq bizim ixrac boru kəmərlərinə ehtiyacımız var idi. Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Beləliklə, biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq". Sözlərinə davam edərək dövlət başçısı ikinci mərhələni "nəhəng qaz yataqlarının istismarı ilə bağlı" xarakterizə etmişdir. Nəhayət, üçüncü mərhələ bərpaolunan enerji ilə əlaqəlidir.
Beləliklə, Azərbaycanın enerji strategiyasının mərkəzi prinsiplərindən biri ekoloji təmiz mühit şəraitində müxtəlif istiqamətlərdə enerji sahəsində əməkdaşlığı inkişaf etdirməkdən ibarətdir. Hazırda Azərbaycan Avropa İttifaqı, Çin və digər böyük güclərlə enerji və nəqliyyat-loqistika sahələrində əməkdaşlığı əsas olaraq "yaşıl iqtisadiyyat", "yaşıl ölkə" və "yaşıl enerji" kontekstində inkişaf etdirir.
Onu vurğulayaq ki, Azərbaycanın bu istiqamətdə siyasəti ilə BMT-nin 2030-cu ilə qədər davamlı inkişaf strategiyası uyğunluq təşkil edir. Aİ-nin də strateji inkişafla bağlı sənədlərinin məzmunu ilə BMT-nin həmin inkişaf strategiyasının ziddiyyət təşkil etmədiyi haqqında məlumatlar vardır. Bunlardan başqa, Azərbaycan BMT-nin COP tədbirlərində aktiv iştirak etməklə qlobal miqyasda ekoloji təmizliyə birbaşa praktiki töhfəsini verir. Bütün bu məqamları bir sistem halında birəşdirdikdə müasir mərhələdə Azərbaycanın ekoloji siyasətinin başlıca özəlliklərini ümumiləşdirə bilərik.
Ekoloji siyasətin regional və
qlobal proyeksiyaları
Ümumi səviyyədə baxanda Azərbaycanın "yaşıl ölkə" olmaq məqsədi, onun regional və qlobal miqyaslarda ekoloji siyasətinin proyeksiyası ilə sıx bağlı görünür. Bu, maraqlı fəlsəfi məqamdır. Hətta geniş bir geosiyasi məkanda ilk nümunədir. Çünki Azərbaycan ekoloji siyasətində üç vacib miqyası sintez edə bilmişdir. Milli, regional və qlobal səviyyələrdə eyni uğurla ekoloji xətti aparmaq mürəkkəb işdir. Və bütün bunlar 2030-cu ildə Azərbaycanın "yaşıl ölkə" olmaq hədəfinə çatmasını təmin etməlidir.
Problemin bir tərəfi ölkə daxilində ekoloji mühiti daha da sağlamlaşdırmağa, digər tərəfi isə bu proseslə regional və qlobal səviyyədə gedən və ekologiyaya birbaşa aidiyyatı olan yeniləşmə prosesləri ilə uyğunluq təşkil etməyə bağlıdır. Ölkə daxilində ekoloji mühiti daha da sağlamlaşdırmaq, öz növbəsində, infrastrukturu yeni "yaşıl texnologiyalar"la təmin etməkə əlaqəlidir. Azərbaycan hazırda daxili mühitin bütün sferalarında həmin istiqamətdə proqramlar həyata keçirir.
Hələ 2010-cu ildə Prezident İlham Əliyev bəyan etmişdi: "Mən şübhə etmirəm ki, görülən və görüləcək tədbirlər nəticəsində yaxın zamanlarda Bakı və Abşeron yarımadasında və ölkəmizin digər yerlərində ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaq. Azərbaycan vətəndaşları təmiz ekoloji şəraitdə yaşayacaqlar". İndi külək və günəş enerjisindən, bərpa olunan enerjinin başqa növlərindən geniş istifadə edilir. Ərzaq sağlamlığı istiqamətində ən yeni texnologiyalardan yararlanılır.
Azərbaycan rəhbərliyinin Qarabağ və Şərqi Zəngəzurun yenidən bərpası proqramlarında ekoloji faktora xüsusi diqqət yetirdiyi hər kəsə məlumdur. Bu aspektdə həyata keçirilən proqramlarda ekologiya ən yüksək səviyyədə nəzərə alınır.
Ölkə daxilində aparılan bu prosesin fonunda Azərbaycanın regional miqyasda ekologiyanın sağlamlaşması yönündə atdığı addımları da vurğulamaq lazımdır. Nümunə kimi, rəsmi Bakının Ermənistanın çay və gölləri çirkləndirməsi məsələsini qaldırmasını göstərmək olar. Bundan əvvəl ölkə rəhbərliyi Qarabağda Ermənistanın təbii resursları qanunsuz istismar etməsi və bu zaman ətraf mühiti çox çirkləndirməsi ilə bağlı konkret addımlar atmışdı.
Azərbaycanın ekoloji siyasətinin qlobal miqyasda proyeksiyasının ən bariz nümunəsi COP tədbirləri ilə bağlıdır. COP29-un Bakıda böyük uğurla təşkil edilməsi müstəqil dövlətçilik tarixində mühüm hadisədir.
Biz bu məsələlərin üzərində detallı dayanmırıq. Çünki onlarla bağlı KİV-də geniş informasiyalar mövcuddur. Ancaq bir nəzəri ümumiləşdirməni aparmağı zəruri hesab edirik.
Məsələ onunla bağlıdır ki, Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi milli, regional və qlobal miqyaslarda səmərəli ola bilən ekoloji siyasət hazırlamışdır. Onun praktiki nəticələri artıq özünü göstərir. Azərbaycanın bir tərəfdən qlobal ekoloji problemlərin həllində iştirakı getdikcə daha da genişlənir, digər tərəfdən, ölkənin daxili inkişaf kursunda ekoloji təmiz ən yeni texnologiyaların tətbiqi vüsət alır. Bununla Azərbaycanın yaxın perspektivdə ekoloji mühitin təmizliyi sferasında da regionun aparıcı dövləti olacağına şübhə yoxdur. Ən əsası isə, Azərbaycan müstəqil dövlət olaraq "yaşıl ölkə" nümunəsinə doğru inamla addımlayır. Bu prosesdə xalqın qədimdən gələn təbiətə münasibəti ilə məharətli siyasi inkişaf kursu bir-birini tamamlayır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!