(Əvvəli ötən sayımızda)
Nadir MƏMMƏDLİ
Onun fikrincə, qoşa sözlər, xüsusilə, Azərbaycan, qırğız və udin danışıq dillərində geniş yayılıb. Sıravi rus rəiyyət nümayəndəsi tatarlara, azərbaycanlılara, qırğızlara və başqa türk xalqlarına tatar-matar deyir. Qoşalaşan sözün əvvəlinə m səssizinin artırılması türk dilləri üçün xarakterikdir: osmanlıcada gəzmək-məzmək, qırğızca, qazaxca kisı-misı (insanlar), jilkı-milkı (at və başqa minik heyvanı), tyüyə-myüyə (dəvə), koy-moy (qoyun) və s. Yer kürəsinin qərbindən ta şərq ucqarınadək yayılan türk xalqlarının dilində müşahidə olunan bu qrammatik hadisə alınma deyil - m samiti ilə qoşa sözlər türk dillərinə məxsus olan orijinal linqvistik-fonetik hadisədir. Belə bir fikir irəli sürür ki, başqa dillərdə də m ilə qoşa sözlərin yaranmasında türk dillərinin təsiri olmuşdur. Məsələn, A.E.Krımskinin fikirlərinə əsaslanan Mirzə Cəfər qeyd edir ki, müasir ərəb dilində m səsi ilə işlənən qoşa söz yoxdur. Belə sözlərin yaranışı hələ klassik ərəb dilində də başqa dillərin təsiri ilə olmuşdur. Canlı ərəb danışıq dilinə, xüsusilə, folkloruna türk dilləri güclü təsir göstərmişdir. Məsələn, ərəb aləmində məşhur olan belə bir lətifə var: toya hazırlıq görən bir nəfər qonşusuna çox böyük bir tədarükü barədə şikayətlənir, hələ şəkkər-məkkər, tahin-mahin (un), ləhm u-məhm (ət) və s. alacağını söyləyir. Bir varianta görə, qonşusu zarafatyana ona cavab verir ki, əgər sən təkcə şəkər, tahin, ləhm alsan, məsrəfini iki dəfə azalda bilərsən; məkkərsiz, mahinsiz, məhmsiz də keçinə bilərsən. Elə buradaca Mirzə Cəfər mötərizədə belə qeyd edir: "Belə məqamda bizim (və ya bizdə) Qafqazda denqa-menqa deyərdilər".
1914-cü ildə general-mayor M.D.Qutorun Tiflisdə çap olunan "Fars dili qrammatikası" dərsliyinin titul səhifəsində qeyd olunur ki, kitab Mirzə Cəfərin qrammatikaları əsasında yazılmışdır.
1914-cü ildə LŞDİ Xüsusi Siniflərinin Elmi Şurası institutun tələbəsi olmuş, Rusiya şərqşünaslıq elminin tanınmış nümayəndəsi, akademik A.N.Veselovskinin anadan olmasının 70 illiyini tarixləşdirmək üçün yubiley toplusu hazırlamağı qərara almışdır. Xüsusi Siniflərin pedaqoji kollektivi və tələbələr bu təklifi ürəkdən bəyənmişlər, kitab 1914-cü ilin 10 noyabrında çapdan çıxmışdır. Topluya ərəb, fars, yəhudi, Azərbaycan, qazax, qırğız, osmanlı ədəbiyyatından görkəmli şərqşünaslar: A.E.Krımski, M.O.Attaya, S.İ.Sokolov, L.İ.Jirkov, Vl.A.Qordlevski, N.İ.Aşmarin, F.Y.Korş, X.İ.Kuçuk-İonasev, İ.O.Nadiradze, Mirzə Cəfər, M.A.Qafarov, G.A.Murkos və başqalarının məqalələri, tərcümələri daxil edilmişdir.
Mirzə Cəfərin topludakı məqaləsi "Sənainin lirik "Divanı" adlanır. Qeyd edir ki, Şərq ədəbiyyatında sufiliklə köklənən bu dərviş-şairin poetik yaradıcılığı mistik ruhdadır. Sənai didaktik poema janrının banisidir. Onun şeirlərindəki gözəlliyi, məhəbbət xiffətini, kədəri müstəqim yox, məhz insan qəlbinin Allaha, ilahi qüvvəyə can atması kimi başa düşmək lazımdır. Mirzə Cəfər Sənai və Hafiz yaradıcılıqlarını qarşılaşdırır: "Avropalıları heyran edən Hafizin zərif, incə obrazlarını ondan 3 əsr əvvəl yaşamış Sənainin əsərlərində "tapmaq olar". Mirzə Cəfər Şeyx Sənainin iki məşhur əsərinin adını çəkir: dəfələrlə litoqrafik üsulla İranda və son dəfə ingilis mayoru Y.Stepensonun tərcüməsində "Biblioteka İndiə" seriyası ilə Hindistanda - Kəlküttədə çap olunan "Hədiqət ül-həqiqət və şəriət üt-təriqət" (Həqiqət bağçası və şəriət yolu) fəlsəfi-didaktik məsnəvisi və lirik-mistik "Divan"ı. A.Krımskinin bir-iki beyt sətri tərcümələrini hesaba almasaq, Avropa mütəxəssisləri "Divan"a müraciət etməmişlər, o zaman "Divan"ın Avropa dillərində tərcüməsi yox idi. Avropa, eləcə də Rusiya şərqşünaslığı tarixində ilk dəfə Mirzə Cəfər Şeyx Sənainin lirik "Divan"ından 14 qəzəli rus dilinə çevirmiş və həmin topluya daxil etmişdir.
Akademik F.Y.Korş Mirzə Cəfərin şəxsiyyətinə, nüfuzuna, elmi qabiliyyətinə həmişə hörmətlə yanaşmışdır. Yaxın dostu, LŞDİ Şərq tarixi kafedrasının professoru V.İ.Keryeyə 1891-ci il dekabrın 10-da yazdığı məktubdan məlum olur ki, onu LŞDİ-nin fars filologiyası kafedrasına işləməyə dəvət etmişdilər, hətta bu barədə institutun direktoru Q.Y.Kananovun icazəsi də alınmışdır. Özünü bu sahədə səriştəli mütəxəssis hesab etməyən böyük alim təvazökarlıqla yazırdı: "Hamıya.., həmçinin... Kananova mənim hərtərəfli bilikli alimliyim və dərin elmi qabiliyyətim olması barədə tərifli sözlərinə görə təşəkkür edirəm; kaş heç olmasa, deyilənlərin yarısı həqiqət olaydı. Bu, iki səbəbdən irəli gələ bilər: ya mən öz elmi baqajımı şişirdirəm, ya da mənimlə olan səmimi dostluq əlaqələri onların gözlərini tutub. Əsl həqiqətdə, məgər, mən farsam? Bu sualın cavabını heç olmasa, nəcib, alicənab şahid Mirzə Cəfərdən soruşardınız..." (Boqdanov A.İ. Fedor Evqenğeviç Korş. Aşxabad, 1982, s.78).
Mirzə Cəfərin sevimli tələbəsi, sonralar görkəmli ukraynaşünas, ərəbşünas, türkoloq kimi tanınan akademik A.E.Krımski xatirələrində yazırdı ki, bəzən iclas zamanı Korş gizlincə mənə məktublar, bədahətən yazdığı farsca epiqramlar ötürürdü. Belə məktubların birində məndən Mirzə Cəfərin "Fars dilinin qrammatikası"na əlavələr etməyi xahiş etmişdi. Buna səbəb "Qrammatika"nın əvvəlki nəşrinin korrekturasını oxuyarkən Korşun özünün bəzi sözlərin arxaik, yoxsa, ədəbi dil sözü olduğunu müəyyənləşdirməkdə çətinlik qarşısında qaldığı və mənim onun qənaətlərini doğruldan cavablarım, yaxından köməyim olmuşdu.
Professor N.K.Dmitriyevin yazdığına görə, Mirzə Cəfər "saxar-maxar" tipli qoşa sözlərə həsr etdiyi məqaləsini necə adlandırması barədə yumoru, hazırcavablığı ilə haqqında LŞDİ-də lətifələr dolaşan F.Y.Korşdan məsləhət almaq istəmişdir. F.Y.Korş fikirləşmədən cavab vermişdir: "Necə adlandırasan? Çox sadə: statya -mstatya".
"Drevnosti vostoçnıə" toplusunun akademik F.Y.Korşa həsr olunmuş yubiley buraxılışından məlum olur ki, hörmətli alimin 70 illiyi münasibəti ilə Praqa restoranında keçirilən və Moskva elminin S.O.Dolqov, A.S.Orlov, D.N.Uşakov, E.A.Yefimovski, L.M.Lopatin kimi nüfuzlu simalarının iştirak etdiyi banketdə yubilyar haqqında söz demək şərəfi birinci olaraq Mirzə Cəfərə həvalə olunmuşdur. Mirzə Cəfər çıxışında F.Y.Korşun fars dilinə sonsuz məhəbbətini bildirmiş və onun çox sevdiyi Firdovsinin "Şahnamə"sindən farsca əzbərdən parçalar söyləmişdir.
"Lazarevskiy institut v istorii oteçestvennoqo vostokovedeniə" kitabında "İzvestiə" qəzetinin 1925-ci ildə çıxan nömrələrinin birində dərc edilmiş xəbər haqqında məlumat verilir: "N.Nərimanov adına Moskva Şərq Dilləri İnstitutunda proletar tələbələr və professorlarla institutun qocaman, ömrünün 40 ilini elmi-pedaqoji fəaliyyətə həsr etmiş fars dili kafedrasının müəllimi Mirzə Cəfərlə görüş keçirilib. İnstitutun tələbə təşkilatı və idarə heyəti Mirzə Cəfərin pedaqoji fəaliyyətini - xidmətlərini nəzərə alaraq ona professor adı verilməsi ilə bağlı irəli sürdüyü vəsatəti müdafiə edir". (Baziənü A.P. Lazarevskiy institut v istorii oteçestvennoqo vostokovedeniə. M., 1973, s.121-122.).
Moskva şərqşünaslıq elmində elə bir mütərəqqi ictimai təşkilat olmamışdır ki, Mirzə Cəfər ora üzv olmasın, tədbirlərində fəal iştirak etməsin. O, 1892-ci il 25 yanvar tarixində əsası 1864-cü ildə qoyulmuş İmperator Moskva Arxeologiya Cəmiyyəti nəzdində Şərq Komissiyasına üzv seçilmişdir. Həmin tarixdə iclasın sədri V.F.Miller Mirzə Cəfərin üzv seçilməsi təklifini irəli sürmüş və onu Komissiyanın işinə layiqli, "fars arxeologiyasına yaxından bələd olan, səriştəli mütəxəssis" kimi təqdim etmişdir.
Mirzə Cəfər Rzayevin təvəllüd və vəfat tarixini dəqiqləşdirə bilmədik. Mənbələrdən məlum olur ki, o, XX əsrin 20-ci illərinin sonlarına kimi Moskvanın ən mənzərəli yerlərindən biri olan Preçistensk bulvarda yaşamışdır. Ev ünvanı və mənzilinin nömrəsi də məlumdur: Preçistensk bulvar, ev 31, mənzil 3 (bax: Moskovskiy institut vostokedeniə im. N.Narimanova. Spravoçnik. M., 1926). Yəqin ki, Preçistensk bulvarda LŞDİ-nin müəllimlərinə ayrılmış xüsusi binası olmuşdur. Azərbaycanın şanlı oğlu M.Ə.Rəsulzadə LŞDİ-yə İ.Stalin tərəfindən fars və rus dilləri müəllimi təyin olunanda ona da Preçistensk bulvarda ikiotaqlı mənzil verilmişdi. M.Ə.Rəsulzadənin "Stalinlə ixtilal xatirələr" adlı kitabında haqqında söhbət açdığı, lakin adını çəkmədiyi, ona "yardım etmiş" professor, bəlkə də Mirzə Cəfər idi... (bax: Rəsulzadə M.Ə. "Stalinlə ixtilal xatirələri". Bakı. 1991, s.55). Fəxrlə deyə bilərik ki, Mirzə Cəfər Rzayev akademiklər A.A.Semyonovun, Vl.A.Qordlevskinin, A.E.Krımskinin, eləcə də məşhur türkoloqlar N.K.Dmitriyevin, V.M.Nasilovun, ərəbşünas X.Baranovun, iranşünas V.F.Minorskinin, B.Millerin, A.A.Starikovun, leksikoqraf N.İ.Aşmarinin müəllimi olmuşdur.
Dövrün ictimai-siyasi vəziyyətindən asılı olaraq Mirzə Cəfər Rzayev də Mirzə Kazımbəy kimi xristianlığı qəbul etmişdir. Ona görə də bəzi mənbələrdə onun adı Artyom Ter-Zaxarov kimi çəkilir, mötərizədə həqiqi adı da göstərilmişdir (bax: Tridüatiletie speüialğnıx klassov Lazarevskoqo İnstituta vostoçnıx əzıkov. M., 1903, c.18; Vostoçnıy sbornik v çestğ A.N. Veselovskoqo. Trudı po vostokovedeniö, izdavaemıe Lazarevskim institutom vostoçnıx əzıkov., vıp XII. M., 1914). Ümumrusiya Moskva Mərkəzi kitabxanasının kataloqunda onun adı müxtəlif cür yazılır: Mirzə Cəfər, Mirzə Cəfər Rzayev, Mirzə Cəfər Rizayev, Mirzə Cəfər Rzazadə, Mirzə Cəfərxan Rzayev, Mirzə Abdulla Cəfərov və s. Təəssüf ki, indiyədək Azərbaycan dilçiliyində adı bəlli olmayan, tanınmayan Mirzə Cəfər Rzayevin gördüyü işlər, fars dilinin qrammatikasına aid yazdığı dərsliklər səhvən görkəmli Azərbaycan şərqşünası, şairi Mirzə Cəfər Topçubaşova aid edilib. F.Qasımzadənin "Abbasqulu ağa Bakıxanov Qüdsi" adlı monoqrafiyasında, ali məktəblər üçün "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyində, eləcə də məşhur filosof Heydər Hüseynovun "İz istorii obşestvennoy i filosofskoy mısli v Azerbaydjane XIX veka" kitabında, "Azərbaycan Sovet Ensiklopediyası"nda Mirzə Cəfər Topçubaşov haqqında verilən məlumatlara diqqət edək: "Peterburqda A.Bakıxanovun görüşdüyü əhəmiyyətli simalardan biri də Azərbaycan alimi və şairi Mirzə Cəfər Topçubaşov idi. O, Peterburqda görkəmli dilçi, şərqşünas, alim və istedadlı şair kimi tanınmışdı. Onun fars dilinin sərf və nəhvinə aid elmi əsəri və şeirləri vardır" (Qasımzadə F. Abbasqulu ağa Bakıxanov Qüdsi. Bakı, 1956, s.44). "Bu zaman yeni alim və yazıçılar meydana çıxdı. Həmin illərdə Peterburqda Mirzə Cəfər Topçubaşov görkəmli bir dilçi, şərqşünas, alim və istedadlı şair kimi tanınırdı. Onun fars dilinin qrammatikasına və ümumiyyətlə dilçiliyə aid bir neçə qiymətli əsəri meydana çıxdı" (Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı 1966, s.100). "Rusiyada şərqşünaslıq elmi və təhsilinin təşəkkülündə M.C.Topçubaşovun rolu böyükdür. Topçubaşov fars dilinin qrammatikasına dair bir sıra əsərin müəllifidir" (Azərbaycan sovet ensiklopediyası. IX c. Bakı, 1986, səh. 317). Bu mənbələrin hamısında Mirzə Cəfər Topçubaşovun fars dilinin qrammatikasına dair bir neçə dərsliyinin olması qeyd edilir. Heydər Hüseynov, hətta onun dərsliklərinin (? - N.M.) adını çəkməklə yanaşı, əsərində həmin qrammatikalardan birinin - yuxarıda haqqında danışdığımız Mirzə Cəfər Rzayevin "Fars dilinin qrammatikası" adlı kitabının titul səhifəsinin şəklini də vermişdir (bax: Quseynov Q. İz istorii obhestvennoy i filosofskoy mısli v Azerbaydjane XIX veka. Baku, 1958, s.63).
Titul səhifəsindən isə açıq-aydın kitabın Peterburqda deyil, məhz 1901-ci ildə (bu tarix də dəyişdirilib, əslində 1900-cü il olmalıdır - N.M.) akademik F.Y.Korşun iştirakı ilə Moskvada nəşr edilməsi, müəllifinin LŞDİ-nin Xüsusi Siniflərinin fars dili müəllimi Mirzə Cəfər olması göstərilir. O, haqqında məlumat verdiyimiz Mirzə Cəfər Rzayevdir. Hətta M.C.Rzayevin akademik Vs.Millerin yubiley toplusundakı məqaləsinin adı H.Hüseynovun əsərində yanlış olaraq "Süni şəkildə yaranan tam sözlər" verilmişdir.
Mirzə Cəfər Topçubaşovun ən layiqli tədqiqatçıları C.Sadıqova, T.Ələskərovanın, A.Rzayev, N.A.Tahirzadə, V.Quliyev və C.Həsənlinin araşdırmalarına əsasən, görkəmli şərqşünas alim yalnız Peterburqda yaşayıb-yaratmışdır. LŞDİ-nin Xüsusi Sinifləri 1872-ci ildə açılmış, M.C.Rzayev həmin institutda 1876-cı ildən pedaqoji fəaliyyətə başlamışdır. Mirzə Cəfər Topçubaşov isə 1869-cu ildə vəfat etmişdir. Kitabın əsl müəllifi Mirzə Cəfər Rzayev hələ o vaxt professor adı almamışdı. Ona bu ad 1925-ci ildə verilmişdi.
Mirzə Cəfər Topçubaşov da Rusiya şərqşünaslıq elminin inkişafında, nüfuz qazanmasında tarixi xidmətləri olmuş azərbaycanlı alimlərdəndir. O, 1790-cı ildə Gəncədə anadan olmuş, Tiflisdə ruhani təhsili almışdı. Ərəb, fars, eləcə də gürcü dillərinə mükəmməl bələd idi. Sonralar Tiflisdə İran səfirliyində işləmiş, 1811-ci ildə, A.Rzayevin gürcü mənbələrindən və Sankt-Peterburq arxivlərindən verdiyi məlumatlara əsasən, gürcü şahzadəsi, məşhur "İtalyanca-farsca-türkcə (azərbaycanca - N.M.) lüğət"in tərtibçisi T.Q.Baqrationi ilə birlikdə Peterburqa köçmüşdür. Bir müddət Asiya departamenti Xarici işlər Nazirliyində tərcüməçi və 1819-cu ildən Baş Pedaqoji İnstitutunda Şərq dilləri üzrə müəllim işləmişdir. Baş Pedaqoji İnstitut Peterburq Universiteti ilə əvəz olunanda M.C.Topçubaşov burada mühazirə oxumağa razılıq vermişdir. Professor F.Şarmua və İ.Demanjın universiteti tərk etməsi ilə 7 mart 1823-cü ildən fars filologiyası kafedrasına adyunqt-professor təyin olunmuşdur. 1825-ci ildən həm də Asiya Departamenti Xarici İşlər Nazirliyi Şərq Dilləri Tədris Şöbəsində çalışmış, 31 dekabr 1835-ci ildən fars filologiyası üzrə ekstraordinar professor, 21 may 1843-cü ildən isə ordinar professor seçilmişdir. Professor Fransua Bernar Şarmua təqaüdə çıxdıqdan sonra, 1835-ci ilin yeni tədris ilindən - sentyabrdan Fars dili və ədəbiyyatı kafedrasına Mirzə Cəfər Topçubaşov rəhbərlik etmişdir. Azərbaycanlı şərqşünas Peterburq Universitetində təkcə fars dilindən yox, həmçinin ərəb və türk dillərindən mühazirələr oxumuşdur. V.V.Qriqoryev yazırdı ki, fars dilindən başqa Mirzə Cəfər Topçubaşov Zaqafqaziyada geniş istifadə olunan türk dilinin Azərbaycan ləhcəsini yaxşı bilir, gürcü və erməni dillərində sərbəst danışırdı (bax: V.V.Qriqorğev. İmperatorskiy S.Peterburqskiy universitet v teçenie pervıx pətidesəti let eqo suhestvovaniə. İstoriçeskaə zapiska. S.Peterburq, 1870, s.256). O, təsəvvüf ədəbiyyatının gözəl bilicisi olmuşdur, Sədi, Hafiz, Ruminin şeirlərini şərhlərlə izahı tələbələrinə zövq verirdi. Uzun illər Xarici İşlər Nazirliyinin Asiya departamentinin rəhbəri olmuş M.Qamazov da Avropa təhsili görməmiş M.C.Topçubaşovun təhsil metoduna çox yüksək qiymət vermişdir: "Həm bizim institutda (Şərq Dilləri İnstitutu - N.M.), həm də universitetdə fars dilini Avropa təhsilinin kəndarına belə ayağı dəyməmiş bir şəxs öyrədirdi... O müəllim Mirzə Cəfər Topçubaşov idi. Onun tədrisi olduqca parlaq nəticələr vermiş və dinləyicilərinin yaddaşında silinməz izlər qoymuşdur. Vaxtilə Mirzə Cəfərin tələbəsi olmuş, hazırda isə universitetin professoru kimi mən və fakültə yoldaşlarım bunu etiraf etməkdən çəkinmirik. Avropa təhsili görməmiş bu şəxsin təkbaşına səpmiş olduğu toxumlar ən yüksək təhsil metodunun belə fəxr edə biləcəyi nəticələr vermişdir" (bax: V.Quliev. "Azerbaydjanskaə şkola" v Rossiyskoy orientalistike. Baku, 2002, s.59). Müəllimlikdən savayı, o, Peterburqun kütləvi kitabxanasındakı qiymətli Şərq əlyazmalarını komplektləşdirmiş, müxtəsər-izahlı biblioqrafiyalarını hazırlamışdır.
1849-cu il martın 24-də Peterburq Universitetini öz xahişi ilə tərk edən M.C.Topçubaşovu Kazan Universitetinin professoru, XIX əsr Rusiya şərqşünaslıq elminin ən nəhəng simalarından olan Mirzə Kazımbəy əvəz etmişdir.
Asiya Departamentində elmi fəaliyyətini davam etdirən M.C.Topçubaşov fars dilinin qrammatikasına aid dərslik yazmamışdır. Poeziya vurğunu olan M.C.Topçubaşovun "Xalq Maarif Nazirliyi jurnalı"nda çapdan çıxmış şeirlərini vaxtilə məşhur rus tənqidçisi V.Q.Belinski yüksək qiymətləndirmişdi. M.C.Topçubaşov 1935-ci ildə I Aleksandrın vəfatının onuncu ildönümünə həsr etdiyi "İki şeir" adlı kitabçanın və Əttarın "Pəndnamə", Sədinin "Bustan", "Gülüstan", Hafizin seçilmiş qəzəlləri, Ruminin məsnəviləri, Firdovsinin "Şahnamə"si, "Təzkireyi-Muki xan", "Tarixi Vəssaf əfəndi", "Məxzənül-İnşa" əsərlərindən nümunələrin tərcüməçisidir. London Kral Akademiyasına üzv seçilməsinin səbəbi məhz "İncil"i fars dilinə tərcümə etməsi olmuşdur. Cəmil Həsənli qeyd edir ki, xristianlığın təməl kitablarından birini tərcümə etməsinə baxmayaraq, XIX əsrdə Rusiya dövlət idarələrində və universitetlərdə çalışan bir çox dindaşlardan fərqli olaraq, Mirzə Cəfər Topçubaşov öz dinini dəyişməmişdi. O, həmin əsrdə dünyanın ən güclü pravoslav paytaxtı kimi formalaşan Peterburqda müsəlman olaraq qalırdı; hətta ətrafında olan qabaqcıl rusların bəzisini Şərqin cazibəsinə sala bilmişdi (Cəmil Həsənli. Tarixi şəxsiyyətin tarixi. Əlimərdan Bəy Topçubaşov. Bakı, Azərbaycan Diplomatik Akademiyası, 2013, s.29).
Professor Mirzə Cəfər Topçubaşov Peterburq Universitetində, Rusiya Arxeologiya Komissiyasında, Xarici İşlər Nazirliyinin Asiya Departamentində səmərəli fəaliyyətinə görə I və II dərəcəli Müqəddəs Anna, III dərəcəli Müqəddəs Vladimir, I dərəcəli Müqəddəs Stanislav və İranın Şiri-Xurşid ordenləri ilə təltif olunmuş, İngiltərə və İrlandiya Asiya Kral Cəmiyyətlərinə həqiqi üzv seçilmişdir. Bəlkə də LŞDİ-nin fəxri üzvü, Statsk Müşaviri olması Mirzə Cəfər Rzayevlə şəxsiyyəti səhv salınmışdır.
Son söz əvəzi
Mirzə Cəfər Rzayev - zaman ötdükcə bu azərbaycanlı alimin şərəfli ömrü, şərqşünaslığa bəxş etdiyi elmi töhfələri, zəngin irsi bəşəriyyəti heyran qoyacaq, təvazökarlıqla qeyd etdiyi epiqraf onun humanist həyat amalının, elmi-pedaqoji fəaliyyətinin vaxtın, zamanın fövqündə duracaq rəmzi kimi səslənəcək: "Allah insanlardan bacardıqlarından artıq tələb etmir! Dərvişin hədiyyəsi bircə yaşıl yarpaqdır. Nə etsin? Onun imkanı təkcə buna çatır!"
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!