Dilqəm ƏHMƏD
Böyük xilaskar haqqında bir yazı
TBMM-in açılışının 105 illiyinə ithaf
1928-ci ildə İstanbulda "Cumhuriyet" mətbəəsində "Türk Nəşriyyat Yurdu"nun layihəsi əsasında ikihissəli önəmli bir kitab çap olunub. "Türkün Altın Kitabı: Gazi'nin Hayatı ve Büyük Halaskarımız Hakkında Münevverlerimizin ve Meşahirimizin İntibaat ve Mülahazatı" adlı kitabın birinci hissəsi Mustafa Kamal Atatürkün həyat hekayəti və mücadiləsi ilə bağlıdır. İkinci hissədə isə tanınmış şəxsiyyətlərin Türkiyənin qurucusu haqqında olan düşüncələri yer alıb. Bu bölümdə Əbdülhaq Həmid bəy, Sami Paşazadə Sezai bəy, Yunis Nadi bəy, Fatma Aliyə xanım, Cəlal Sahir bəy, Fuad Köprülüzadə bəy, Əhməd Rəfiq bəy, Həsən Əli bəy, Abdullah Cövdət bəy, Cənab Şəhabəddin bəy və dövrün bir sıra tanınmış elm və ictimai xadimlərinin məqalələri bir araya gətirilib.
Kitab hazırlandığı zaman İstanbulda mühacir olaraq yaşayan Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadədən də məqalə istənilib. Türkiyə hökuməti ilə yaxın münasibətləri olan, Rusiya əleyhindəki fəaliyyətinə icazə verilən Rəsulzadə bu təklifi böyük məmnunluq hissi ilə qarşılayıb və Atatürkün həyata keçirdiyi inqilabı Avropa və Amerikadakı ixtilalarla müqayisə edib.
Rəsulzadənin Mustafa Kamal paşa ilə görüşməsinə və ya məktublaşmalarına dair əlimizdə hələ ki hər hansı bir fakt yoxdur. Anıtqəbirdə qorunan Atatürkün kitabxanasında Rəsulzadənin İstanbulda çıxan əsərləri mövcuddur. Şübhəsiz ki, Rəsulzadə kimi Osmanlı ricalının da tanıdığı bir şəxsiyyətin Türkiyə Cümhuriyyətində yaşaması, təşkilat qurması, dərgilər çıxarması Atatürkün icazəsi daxilində mümkün olub. Buna görədir ki, 14 iyun 1926-cı ildə İzmirdə Atatürkə qarşı sui-qəsd planı həyata keçirildiyi zaman ona teleqram göndərənlər arasında Rəsulzadə də yer alıb. Teleqramında Məhəmməd Əmin bəy Atatürkü "Türklüyün qəhrəmanı" adlandırıb, azərbaycanlılar adından baş verən hadisəyə münasibət ifadə edib. Eləcə də "Yeni Kafkasya", "Odlu Yurt" kimi məcmuələrdə Atatürklə bağlı önəmli məqalələr dərc etdirib.
Atatürk vəfat etdiyi zaman Rəsulzadə prezident İsmət İnönüyə və Türkiyə Böyük Millət Məclisinin sədri Əbdülxalıq Rendaya başsağlığı teleqramı göndərib, eləcə də "Kurtuluş" məcmuəsində "Kardeş Türkiye, Başın Sağolsun!" adlı məqalə qələmə alıb. Genişhəcmli bu yazı "Şimali Kafkasya" dərgisində rus dilində, "Wschod Orient" jurnalında isə polyakca işıq üzü görüb. Həm sağlığında, həm də vəfatından sonra yazdığı hər iki məqalə M.Ə.Rəsulzadənin Mustafa Kamal Atatürkə olan hörmət və sevgisini ifadə etməkdədir. Türkiyəyə qayıtdıqdan sonra da Rəsulzadə 15 yanvar 1950-ci ildə Azərbaycan Kültür Dərnəyinin ikinci qurultayından öncə bir qrup silahdaşı ilə birgə Atatürkün Etnoqrafiya muzeyindəki müvəqqəti məzarını ziyarət edib.
...Bu yaxınlarda Türkiyədəki auksionların birindən Rəsulzadənin də məqaləsinin yer aldığı, yuxarıda bəhsini etdiyimiz kitabın orijinal bir nüsxəsini əldə etdik. Kitabdakı məqalənin gənc həmkarım Tural Əlizadənin dəstəyi ilə hazırladığımız transfoneliterasiyasını təqdim edirik.
Qurtulan Şərqin sembolu
""Altunkitab" heyəti-təhririyyəsi tərəfindən vüqu bulan təklifə veriləcək cavabımı düşünürkən Qazi paşanın yüksək şəxsiyyətindən duyduğum həyəcanları kəndi-kəndimə tədqiq etdim, baqdım ki, hürriyyət və istiqlalı üçün qanlı, fəqət şanlı mücadiləyə girişdə Şərqin kəndisində müzmər bulunan böyük məfhumların kaffəsi Mustafa Kamalın şəxsində kamal dərəcəsini bulmuş, aydın və mütəbəllir bir ümdə halına girmişdir.
Orta zaman zehniyyətindən müasir zehniyyətə çıqan Şərq, başda mübariz Türkiyə Cümhuriyyəti olduğu halda, hər tərəfdə göstərdiyi təzahürləri ilə vəqtilə feodalite zehniyyətindən demokrasi zehniyyətinə keçən Avropanın bilxassə XIX əsrdə yapdığını təkrarlamaqdadır.
XIX əsr Avropa demokrasisi başlıca daxili düşmənlər, yəni aristokrasi zümrələri ilə çarpışmış, hürriyyət, müsavat və ədalət prinsipləri başladığı böyük davanın ilk payəsini təşkil etmişdir. Fəqət sonra Amerika demokrasisinin Avropa istila və istismarına qarşı açdığı istiqlal hərbi ilə müasir demokrasinin dördüncü rüknünü təşkil edən milliyyət məbdəi də eyni qüdsiyyət və ülviyyətlə təqdir olunmuş, hürriyyət, müsavat, ədalət prinsipləri milliyyət prinsipi ilə təkmil edilmişdir.
İyirminci əsr Şərq demokrasisinin əsridir. Bu əsrin şüuru, on doqquzuncu əsr Avropa demokrasisində gördüyümüz kibi, milli hakimiyyət fikirlərinin ümumi vicdanlarda hüsula gətirdiyi təhavüllər nəticəsində doğmuşdur. Şu qədər ki, Avropa demokrasisi ibtida hürriyyət və sonra hakimiyyət üçün mücadilə etmişkən Şərq demokrasisi ibtida hakimiyyət, sonra da hürriyyət ümdələrinə sarılmaq məcburiyyətində qalmışdır.
Avropa ilə Amerikada milli istiqlal davasını dəröhdə edən siyasi firqələr hüquqi-bəşər davasında bulunan mütəqəddim təəzzüvlərin mütəəxxir bir şəklini təşkil etmişkən Şərqdə, Türkiyə misalında görüldüyü vəchlə, hürriyyət və demokrasi şüarı milliyyət şüarının bir istitaləsi şəklində zühur ediyor. Orada hürriyyət məfhumu milliyyət məfkurəsini, burada milliyyət məfkurəsi hürriyyət qayəsini doğuruyor. Qərblə Şərq tarixlərinin xüsusiyyətindən doğan bu fərq belə, "hürriyyət"lə "milliyyət" məfhumlarının biri digərindən ayrılmaz bir küll olduğunu isbat etməzmi?!
On doqquzuncu əsr demokrasi tarixinin qeyd etdiyi iki tipik hadisə vardır: Böyük Fransa inqilabı ilə Amerika İstiqlal müharibəsi.
Fransa inqilabı müstəqil bir dövlət halında ikən bəşəri haqqını qazanmaqla hürr bir cəmiyyət halını almaq istəyən bir millətin hərəkətidir. Amerika ixtilalı isə hürr bir cəmiyyət halında ikən müstəqil bir dövlət həyatı ilə yaşamaq əzmini göstərən bir millətin həmləsidir.
Mənhus Sevr müahidəsi ilə inqiraz və izmehlal uçurumuna yuvarlanan Türkiyəni bugünkü şanlı mövqeyinə çıqaran hərəkət Türkiyə istiqlalını qazanmaya mütəvəcceh bir hərəkətdi. Şərqdəki böyük hərəkətin şərəfli rəhbərliyini təmsil edən bu şanlı qəzanın qazi rəhbərini Amerika İstiqlal hərbinin böyük qəhrəmanı Vaşinqtonla qiyas edənlər, əlbəttə, aldanmıyorlar.
Fəqət Qazi paşa yalnız Vaşinqton deyildir. O, Türkiyənin əcnəbilərə qarşı istiqlal və hakimiyyətini müdafiə etməklə qalmadı, eyni zamanda Böyük Fransız inqilabının təmin etdiyi hürriyyəti də təsis etdi ki bu misalı ilə o, durğun Şərq mühitinin hürriyyət və hərəkət sahəsinə atılmasını da təşviq etmiş oldu.
Bəzi münəqqidlər Qazi paşayı böyük amerikalı ilə müqayisə edərkən onun daxili və firqəvi bir məsələ ədd etdikləri cümhuriyyət və demokrasi mücadilələrində bitərəf qalmasını arzu etmişlərdi. Bu arzu, bizcə, ozamankı Amerika hərəkəti ilə şimdiki Şərq hərəkəti arasında mövcud böyük fərqi görəməməkdən iləri gəliyordu.
İyirminci əsrin Şərqi on doqquzuncu əsr Qərb tarixinin qeyd etdiyi Amerika ixtilalı ilə Fransız inqilabını bir həmlədə yapmaq zərurətindədir. Mustafa Kamalın böyüklüyü, iştə, tarixin bu zərurətini qavrayışındadır. Bu şümullu dühası ilə türk milliyyətçiliyinin şanlı başbuğu, eyni zamanda qurtulan Şərqin də semboludur!
RƏsulzadƏ Məhəmməd Əmin".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!