Mətbuat tarixi və publisistika şöbəsinin yaranması, keçdiyi yol və nəşrləri - Vüqar ƏHMƏD, Gülbəniz BABAYEVA

Azərbaycan milli mətbuatı-150, AMEA-80

80 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Elmlər Akademiyasının və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun inkişaf yolunun müəyyənləşməsi, mühüm elmi nailiyyətlərin əldə edilməsi, böyük uğurlara imza atılması akademik İsa Həbibbəylinin düzgün, prinsipial mövqeyi və uğurlu fəaliyyəti ilə həyata keçirilir. Son illərdə institutun bir çox uğurlara imza atması da akademik İsa Həbibbəylinin yüksək təşkilatçılığı və böyük yaradıcı potensiala malik olması ilə bilavasitə bağlıdır.

İnstitutun Mətbuat tarixi və publisistika şöbəsi əvvəllər "Dövri mətbuat və biblioqrafiya" adlandırılmışdır. Şöbə Nizami adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademik Məmmədağa Şirəliyevin 1 iyul 1961-ci il tarixli əmri ilə yaradılmış və 1971-ci ilə qədər fəaliyyət göstərmişdir. Şöbənin ilk müdiri filologiya elmləri doktoru, professor Nazim Axundov olmuşdur. 15 il sonra - 1986-cı ildə professor Yaşar Qarayevin təşəbbüsü və əmri ilə "İnformasiya və biblioqrafiya" şöbəsi yaradılmış, müdir filologiya elmləri doktoru, professor İslam Ağayev təyin edilmişdir. Təəssüf ki, bu şöbə də 6 ildən sonra, 1992-ci ildə fəaliyyətini dayandırmışdır. AMEA-nın vitse-prezidenti, hal-hazırda (AMEA-nın prezidenti - V.Ə.) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin 24 iyun 2014-cü il tarixli əmri ilə Mətbuat tarixi və publisistika şöbəsi yaradılmış və müdiri filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli (iyul-oktyabr 2014) təyin olunmuşdur.   

 

Mətbuat tarixi və publisistika şöbəsində vaxtilə AMEA-nın müxbir üzvü, professor Əziz Mirəhmədov, Nazim Axundov, Ağarəfi Zeynalov, Rasim Tağıyev, İslam Ağayev, Nadir Məmmədov, Ofeliya Bayramova, Mirəli Mənafi, Müxlisə Əbilova, Turan Həsənzadə, Alxan Məmmədov, Asif Rüstəmli kimi alim və tədqiqatçılar çalışıblar.

Mətbuat tarixi və publisistika şöbəsinin uğurlarından biri də akademik İsa Həbibbəylinin ideya müəllifi olduğu, satirik mətbuatımızın zirvəsi hesab edilən "Molla Nəsrəddin" ensiklopediyasının ilk dəfə nəşrə hazırlanaraq çap olunmasıdır. Milli və bəşəri dəyərləri özündə yaşadan "Molla Nəsrəddin" jurnalının yürütdüyü ideoloji xətt çağdaş dövrümüzdə də olduqca aktual görünür. Əbədiyaşarlıq qazanan "Molla Nəsrəddin" jurnalı xalqımızın zəngin söz xəzinəsidir. Elə bir xəzinə ki, biz bütün dövrlərdə ondan yaradıcılıqla bəhrələnə bilirik. Məhz elə bu yüksək məziyyətlərinə görə də "Molla Nəsrəddin" jurnalı həmişə çoxsaylı oxucuların və ziyalıların diqqət mərkəzində qərar tutur. Xüsusilə də, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və onun rəhbərliyi "Molla Nəsrəddin" ədəbi abidəsinə həmişə diqqət və qayğı ilə yanaşır. 2020-ci ildə akademik İsa Həbibbəylinin redaktorluğu ilə işıq üzü görən "Molla Nəsrəddin" ensiklopediyası da bu ölməz, zəngin irsimizə böyük məhəbbətin bariz nümunəsidir. İnstitutun Mətbuat tarixi və publisistika şöbəsində hazırlanan ensiklopediya şərəfli və məsuliyyətli bir işin nəticəsi kimi olduqca qiymətli və dəyərlidir. Ensiklopediyanın ideya rəhbəri və baş redaktoru AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Tərtib edən və çapa hazırlayan filologiya elmləri doktoru, professor Vüqar Əhməd, məsul redaktoru filologiya elmləri doktoru, dosent Gülbəniz Babayeva, koordinatoru filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlidir. Ensiklopediyanın korrektorları Təhminə Vəliyeva və Zərin Vəliyeva, operatoru isə Şəbnəm Şəfizadədir.

 

Ensiklopediya akademik İsa Həbibbəylinin "Molla Nəsrəddin" ədəbi məktəbinin ensiklopediyası" adlı Ön sözü ilə başlanır. Görkəmli tədqiqatçı Azərbaycan satirik mətbuatının əsasını qoyan, 25 illik fəaliyyəti boyunca milli mətbuatımızın və ədəbiyyatımızın salnaməsini yaradan "Molla Nəsrəddin" jurnalının cahanşümul rolundan bəhs edərək yazır: "Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı XX əsrin əvvəllərinin ədəbiyyat və mətbuat cəbhəsinin liderliyi missiyasını uğurla həyata keçirmişdir... "Molla Nəsrəddin" jurnalı məktəb hazırlayıb meydana çıxaran nadir mətbuat orqanıdır... "Molla Nəsrəddin" jurnalı dövrün ən tanınmış, istedadlı, milli düşüncəyə malik ziyalılarını öz ətrafında birləşdirməyi bacarmışdır. C.Məmmədquluzadə, M.Ə.Sabir, Ö.F.Nemanzadə, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Qəmküsar, M.Möcüz (Şəbüstəri), B.Abbaszadə, Ə.R.Şamçızadə, M.Sidqi, Ə.Məhzun və başqa görkəmli yazıçı, şair və publisistlər "Molla Nəsrəddin" ordusunun mübariz əsgərləri kimi həm milli istiqlal uğrunda, həm də realist-demokratik ədəbiyyat yollarında dönmədən mübarizə aparmaqda davam etmişlər".

 

Filologiya elmləri doktoru, dosent Gülbəniz Babayevanın 2020-ci ildə çapdan çıxan "Molla Nəsrəddin və milli ədəbi dəyərlər" adlı monoqrafiyası da böyük realist sənətkarın - Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr edilmişdir. Şöbədə "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Bəhlul" kimi mətbuat orqanları latın qrafikalı əlifbaya transfoneliterasiya edilmişdir. "İstiqlal" qəzeti və gizli istiqlalçılar", "Ədəbiyyat qəzeti" və ədəbi-mədəni mühit", "Azərbaycan" jurnalında publisistika məsələləri", "Hacı İbrahim Qasımov və "Bəsirət" qəzeti", "Əhməd bəy Ağaoğlu və Türkiyə mətbuatı", "Gənclik" jurnalında publisistika məsələləri" mövzularında tədqiqat işləri aparılmışdır. "Mətbuat tarixi və publisistika məsələləri" (I, 2016; II, 2020) toplusu tərtib edilmişdir. Həmçinin Vüqar Əhmədin "Azərbaycan uşaq mətbuatında (1906-1920) rus ədəbiyyatı məsələləri", Rauf Sadıxovun "Sənətin izi ilə", Elçin Mehrəliyevin "Multikultural mühit və ədəbiyyat", Dilbər Rzayeva ilə Vüqar Əhmədin birgə hazırladıqları "Arı", "Mirat", "Məşəl", "Kəlniyyət" jurnallarının transfoneliterasiyası, zəngin məlumat bazası olan biblioqrafiyası tərtib edilərək ilk dəfə nəşr olunmuşdur. "Arı" və "Mirat" satirik jurnallarının komplektləri Ədəbiyyat İnstitutunun Elmi Şurasının 13 sentyabr 2021-ci il tarixli 6 saylı iclasının qərarı ilə işıq üzü görüb. Toplunun elmi redaktoru AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, jurnalları transfoneliterasiya edən, lüğət, qeydlər, izahların müəllifləri, çapa hazırlayanlar həmin şöbənin böyük elmi işçisi Dilbər Rzayevadır. Həmçinin "XX əsrin əvvəllərində ictimai-siyasi şərait və satirik mətbuat" adlı Ön sözün müəllifi Vüqar Əhməd, "Arı" və "Mirat" satirik jurnallarının nəşri tarixi və ədəbi-ictimai mənzərə" adlı araşdırmanın müəllifi Dilbər Rzayevadır. Azərbaycan mətbuatının 145 illiyi münasibətilə "Bəhlul" satirik jurnalı kitab halında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin böyük elmi işçisi Dilbər Rzayeva tərəfindən transfonelitersiya edilərək nəşr olunmuşdur.

 

Şöbə əməkdaşları tərəfindən "Azərbaycan mətbuatının salnaməsi" üzərində iş aparılmış, "Həqiqəti-əfkar" qəzetinin tam dəsti Sankt-Peterburq arxivindən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna gətirilmiş və tədqiqata cəlb edilmişdir. Bütün bunlardan əlavə, "Yaşıl yapraklar" dərgisi nəşrə hazırlanmış, "Ədəbiyyat qəzeti" və ədəbi-mədəni mühit", "İstiqlal" qəzeti və gizli istiqlalçılar", "Hacı İbrahim Qasımovun publisistikası", "Multikultural mühitin sınaq dövrü həqiqətləri publisistikada", "Azərbaycan" jurnalında publisistika məsələləri" və s. monoqrafiyalar nəşr edilmişdir. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində hazırlanan "Ziyayi-Qafqaziyyə" (1880-1884) qəzeti transliterasiya edilərək ilk dəfə kitab halında çap olunub. "Ziyayi-Qafqaziyyə"nin bütün nömrələri şöbənin mərhum əməkdaşı Müştəba Əliyev tərəfindən transfoneliterasiya edilərək lüğət, izah və şərhlərlə kitab halına salınıb. Kitab Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilib. Akademik İsa Həbibbəyli "Ziyayi-Qafqaziyyə" qəzetinin Ədəbiyyat İnstitutunun nəşri adlı məqaləsində yazır: "Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 11 iyun 2014-cü il tarixində yaradılmış "Mətbuat tarixi və publisistika" şöbəsinin çoxcəhətli və ardıcıl fəaliyyəti ilə nəinki mövcud boşluq aradan qaldırılmış, hətta mətbuatşünaslıq sahəsi mühüm addımlarla daha da irəliləmişdir. 

 

Mətbuat tarixi və publisistika şöbəsinin təşkilatçılığı ilə "Ziya" qəzetinin müasir əlifbaya transfoneliterasiyasının və nəşrinin təqdimat mərasimi (mart, 2015), "Mirzə Cəlal Yusifzadə" və "Həqiqəti-əfkar" qəzeti" (iyul, 2015), "Molla Nəsrəddin" jurnalının 110 illiyi münasibətilə "Sizi deyib gəlmişəm..." (aprel, 2016), "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" (may, 2016), "Qulam Məmmədli - 125" (2022), "Məhəmməd Əmin Rəsulzadə - 140" (2024), Mətbuat Şurasının sədri Rəşad Məcidin təşkilatçılığı ilə "Ziyayi-Qafqaziyyə" (2024) və başqa mövzularda elmi konfranslar keçirilmişdir (Məruzəçi: tədqiqatçı-jurnalist Ülkər Hüseynova). Şöbənin fəaliyyəti dövründə filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin "Zirədən başlanan yol", "Mirzə Bala Məmmədzadənin həyatı, yaradıcılığı və mühiti" (2018), "Cəfər Cabbarlı və milli istiqlal hərəkatı" (2018), "Ədəbiyyatşünaslıq elminin məbədi" (akad. İsa Həbibbəyli ilə müştərək) (2018), Gülnar Səmanın "Müstəqillik dövrü Azərbaycan poemaları" (rus dilində) (2018), "Sözümüz sözdür" (2019), Təhminə Vəliyevanın "Nitq etiketləri Azərbaycan dilində və Azərbaycan dili tədrisində" (ingilis dilində) (2018), Dilbər Rzayevanın "Gəncəli Səbahi" (biblioqrafik göstərici-2020) kitabları çap olunmuşdur. 

Şöbənin əməkdaşı Gülbəniz Babayeva 2017-2021-ci illərdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı olmuş, 2024-cü ildə akademik İsa Həbibbəylinin rəhbərliyi ilə "Molla Nəsrəddin" və türk satirik mətbuatı" adlı doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru adı almışdır. O, elmi fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın 13.05.2022-ci il tarixli qərarı ilə dosent adına layiq görülmüşdür. Gülbəniz Babayevanın respublikada 100-dən artıq, Türkiyə, Ukrayna, Özbəkistan, Qazaxıstan, Polşa, İsveçrə, Kuba və digər xarici ölkələrin nüfuzlu jurnallarında 10-dan çox elmi məqaləsi (Web of sciences və copernicus indeksi ilə) dərc edilmişdir. Eləcə də respublikada və xaricdə 20-dən artıq elmi konfransda iştirak etmiş, məruzələri konfrans materiallarında çap olunmuşdur. 2020-ci ildə akademik İsa Həbibbəylinin təşəbbüsü, redaktorluğu və Ön sözü ilə nəşr edilən "Molla Nəsrəddin" ensiklopediyası"nın məsul redaktoru və orada əksini tapan 73 məqalənin müəllifidir.

 

2020-ci ildə Gülbəniz Babayevanın "Molla Nəsrəddin" jurnalı və milli ədəbi dəyərlər"(Bakı, "Elm və təhsil" nəşriyyatı, 2020, 416 s.) adlı monoqrafiyası çapdan çıxıb. O, 2023-cü ildə işıq üzü görən, Mətbuat tarixi və publisistika şöbəsi əməkdaşlarının ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr etdikləri "Heydər Əliyev və Azərbaycan milli mətbuatı" adlı monoqrafiyanın "Heydər Əliyev və "Molla Nəsrəddin" ədəbi məktəbi" adlı 3-cü fəslinin (85 s.) müəllifidir. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dərc etdiyi on cildlik ədəbiyyat tarixi üçün 20-30-cu illər, 40-50-ci illər, 60-80-ci illər və müstəqillik dövrü publisistikasının (250 s.), eləcə də Şirməmməd Hüseynov, Kamran Məmmədov, Fərman Kərimzadə, Tofiq Abdin, Mahirə Nağıqızı, Bahar Bərdəli və başqaları haqqında oçerklər də Gülbəniz Babayevaya məxsusdur.

 

Şöbə əməkdaşlarının yüzlərlə elmi məqalələri həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda nəşr edilmiş və bu gün də bu proses davam etməkdədir. Mətbuat tarixi və publisistika şöbəsi tərəfindən "Mətbuat tarixi və publisistika məsələləri" kitabının ikinci cildi nəşr edilib. 

 

Filologiya üzrə fəlsəfə doktoru, dosent Rauf Sadıxov Cəfər Bünyadzadənin seçilmiş əsərlərini çapa hazırlayıb. Kitab 2025-ci ildə işıq üzü görəcək. Eyni zamanda tədqiqatçı Cəfər Bünyadzadənin həyat və yaradıcılığı haqqında monoqrafiya hazırlayıb çapa təqdim edib. Kitabın redaktoru: professor Vüqar Əhməd, rəyçiləri: filologiya elmləri doktoru Gülbəniz Babayeva və filologiya üzrə fəlsəfə doktoru Səadət Vahabova, korrektoru: Kəminə Dadaşovadır. 

 

2023-cü ildən şöbənin elmi işçisi kimi fəaliyyətə başlayan Şahanə Məmmədova "Zənbur" jurnalının transfoneliterasiyası ilə məşğuldur və bu ilin birinci yarımilində işini başa çatdırıb kitab halında çap etdirəcək. Bununla yanaşı, Şahanə Məmmədova "Zənbur" jurnalının tənqid hədəfləri və üslub xüsusiyyətləri", "XX əsrin əvvəllərində satirik mətbuatda qadın azadlığı problemi", "Zənbur" jurnalının problematikası", "Satirik mətbuatda cəhalətin tənqidi", "Arı" jurnalında cəhalətin tənqidi və fanatizmin ifşası", "Bəhlul" satirik jurnalının tənqid hədəfləri", "Məşəl" satirik jurnalında ictimai-siyasi və sosial məsələlərin bədii inikası" və s. məqalələrin müəllifidir.

 

2024-cü ildən şöbəmizdə kiçik elmi işçi kimi çalışan Leyla Məmmədova "İkinci Qarabağ savaşı bədii publisistikada" adlı plan işi üzərində işləyir. Onun "Müasir Azərbaycanda nəşriyyat işi" adlı monoqrafiyası bu yaxınlarda işıq üzü görəcəkdir. Leyla Məmmədovanın "44 günlük Vətən savaşına publisistik nəzər" ("Ədəbiyyat qəzeti"nin materialları əsasında", "44 günlük İkinci Qarabağ savaşını tərənnüm edən poeziya nümunələri" ("525-ci qəzet"in materialları əsasında) adlı məqalələri çap olunmuşdur.

Şöbənin elmi işçisi Samirə Kərimovanın "XX əsrin əvvəllərində Azərbaycan bədii ədəbiyyatı və publisistikasında soyqırım problemi" mövzusunda tədqiqat işinin elmi müzakirəsi keçirilmişdir. Samirə Kərimovanın "XX əsrin əvvəllərində azərbaycanlıların soyqırımının poeziyada bədii əksi", "Azərbaycan elmi tədqiqatlarında 1918-ci il 31 Mart soyqırımı", "31 Mart soyqırımı milli mətbuatın gözü ilə", "XX əsrin əvvəllərində Cənubi Qafqazda azərbaycanlılara qarşı törədilmiş soyqırımı mövzusu ədəbi şəxsiyyətlərin yaradıcılığında" və başqa məqalələri çap olunmuşdur.

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Mətbuat tarixi və publisistika" şöbəsinin hazırladığı "Heydər Əliyev və milli mətbuat" adlı kitabı 2023-cü ildə işıq üzü görüb. Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitab AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin "Heydər Əliyevin dövlətçilik siyasətində mətbuat" başlıqlı Ön söz ilə açılır. Kitabda Heydər Əliyev şəxsiyyətinin üstün keyfiyyətlərinə və onun uzaqgörən siyasəti sayəsində əldə olunan inkişafa nəzər salınır. Akademik görkəmli dövlət xadimi Heydər Əliyevin milli mətbuatın inkişafına verdiyi böyük diqqət və qayğını, milli mətbuatın inkişafındakı rolunu yüksək dəyərləndirir, eyni zamanda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin hazırladığı məqalələr toplusunu "Heydər Əliyev ili"nə elmi töhfə adlandırır. Kitabda Mətbuat tarixi və publisistika şöbəsinin əməkdaşları Elçin Mehrəliyev, Gülbəniz Babayeva və Gülnar Səmanın (Qasımlı) ulu öndər Heydər Əliyevin çoxcəhətli fəaliyyətindən, onun Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edən elmi məqalələri toplanıb. Məqalələrdə dünya şöhrətli siyasətçi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin mətbuatla dövlətçilik siyasətinin qarşılıqlı əlaqələrindən bəhs olunur. Heydər Əliyev siyasi kursunun ölkəyə qazandırdığı nailiyyətlər diqqət mərkəzinə çəkilir. Ulu öndərin mətbuatın cəmiyyətin inkişafındakı əvəzsiz gücündən məharətlə istifadə etməsi, fəaliyyətinin Azərbaycançılıq ideologiyasının təbliğinə yönəldilməsində cəsarətli mövqe tutması maraqlı faktlarla açıqlanır. Ulu öndərin uzaqgörən siyasəti, Azərbaycan xalqı və milli mətbuatımızın qarşısındakı əvəzsiz xidmətləri, gərgin ictimai-siyasi fəaliyyəti haqqında zəngin təsəvvür yaradılır. Məqalələrdə Heydər Əliyevin milli mətbuatımızın müstəqil dövlətçiliyimizlə bağlılığı, mətbuatın dövlət idarəetmə sistemindəki yeri və rolu haqqında dəyərli fikirlərinin şərhinə geniş yer verilir. Akademik İsa Həbibbəylinin şöbə haqqında söylədiyi bu xoş sözlərlə fikrimizi tamamlamaq istəyirik: "Əminliklə vurğulamaq olar ki, Mətbuat tarixi və publisistika şöbəsini yaratmaqla yanlışlığa yol verilməyib, yeni qurum zərurət baxımından artıq özünütəsdiq mərhələsinə qədəm qoyub. Şöbənin əməkdaşlarının fəaliyyətini təqdir edir, gələcəyinə böyük ümidlər bəsləyir və onlara elmi araşdırmalarında uğurlar arzulayıram!"

Şöbə əməkdaşları bundan sonrakı fəaliyyətlərində də bizə verilən dəyər və qiymətdən ruhlanaraq Azərbaycan milli mətbuatının və publisistikanın açılmamış səhifələrinin öyrənilməsində, nəşrində əvvəlki əzmkarlıqla çalışacaqlar.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!