II məqalə
Təbiətə münasibətdə
ənənə və müasirlik
Burada ənənə ilə müasirliyin müqayisəli şəkildə münasibətdə qoyulması ənənəvi məntiq çərçivəsinə sığmır. Yəni hazırda sağlam düşüncə üçün müasirliyə daha çox üstünlük verilir. Lakin təbiətə münasibətdə ənənə həlledici rol oynayır. Səbəbini ekoloji kontekstdə izah etməyə çalışaq.
Məsələ ondan ibarətdir ki, müəyyən sənədlər, qadağalar, qanun icad etməklə müasir dövrdə insanın və toplumun təbiətə münasibətini keyfiyyətli dəyişməyin mümkünlüyü şübhə doğurur. İnsan kökdən təbiətin qoynunda mövcuddur. Onun var olmasının fərdi və kollektiv səviyyələri bir-birindən fərqlənir. Lakin bəşər tarixində kollektiv (ailə, qəbilə, tayfa, xalq, millət, cəmiyyət) mövcudolmanın təbiət kontekstində kodlaşmış normaları vardır ki, onların dəyişməsi uzun müddət tələb edir.
Adi məişət situasiyalarında bunu görmək olar. Hər hansı bir etnosun üzvlərinin evdə isinmələrinin öz üsulları vardır. Hətta ocaq qalamağın qaydaları mövcuddur. Evi isitmək kültürü vardır. Geniş toplum masştabında meşələrə münasibətdə bu üsullar həlledici rol oynayırlar. Bəzən burada qadağalar və xüsusi tabular da kömək etmir.
Daha sivil formada təbii resurslardan istifadə kültüründən danışmaq olar. Məsələn, Çində və Latın Amerikası ölkələrində enerjidən istifadə nəticəsində havaya daha çox zəhərli maddə atıla bilər, nəinki Kanada və ya ABŞ-da. Təcrübə göstərir ki, bu istifadə etmək kültürünü dəyişmək çox çətindir. Görünür, insan övladı təbiətlə elə vəhdətdədir ki, onu dəyişmək olduqca çətindir.
Vurğuladığımız anlam kontekstində azərbaycanlıların təbiətə münasibətində xüsusi məqamlar mövcuddur.
Türklərin "həyat və ya dünya ağacı"
Çox maraqlıdır ki, türk xalqlarının təbiətsevərliyinin ontolojiləşməsi əlamətləri çox güclüdür və hazırda da onların həyat tərzlərində bu, qabarıq ifadə olunur. Buna görə biz yuxarıda vurğuladığımız "yaşıllıq və ağac türk kimliyinin, varolmanın fundamental faktorudur" tezisinin tam olaraq mənasını anlamaq üçün tarixə baş vurmalıyıq.
Mənbələr göstərir ki, türk qövmü üçün ağac "həyat" və geniş anlamda "dünya" anlayışları ilə bağlı olmuşdur. Yəni ağac totemi türk üçün bu dünyada yaşamağın təməl simvoludur. Türk dünyanı nəinki ağacsız təsəvvür etmir, hətta onun mövcudluğunu ağacla əlaqələndirir. Özünün bu dünyada var olmasının kökünü də ağac obrazında görür. Bu aspektdə bir maraqlı mifik təsəvvürümüzə baxaq.
Araşdırmaçılar yazırlar ki, Ağac toteminin azərbaycanlılar üçün böyük əhəmiyyət kəsb etdiyini sübut edən yüzlərlə fakt vardır. Oğuz mifoloji sistemində türklərin kollektiv varlıq kimi formalaşmasında soy-kökdə "Oğuzun gölün ortasındakı ağac koğuşunda rastlaşdığı gözəldən doğulan oğlanların adı" (Göy, Dağ və Dəniz) xüsusi yer tutur.
Ağac toteminin Azərbaycan mifoloji sistemində böyük əhəmiyyət kəsb etməsini əsaslandırmaq üçün çoxlu sayda nümunələr gətirmək olar. Vurğuladığımız kimi, Oğuz mifoloji sistemində toplum, tayfa yaranmasına həsr olunan üç ox, boz ox (eposda "iç oğuz", "dış oğuz" şəklində verilir) motivlərində Azərbaycan türklərinin soy-kökündə duran qurumların əksəriyyəti Oğuzun gölün ortasındakı ağac koğuşunda rastlaşdığı gözəldən doğulan oğlanların adı ilə (Göy, Dağ və Dəniz) bağlanır. Yəni ana xətti ağacla əlaqələndirilir. "Salur Qazanın evi yağmalandığı boy"da çətin günündə oğuz igidi ağaca üz tutur: "Məni sana asarlar götürməgil, ağac!" "Baybörə oğlı Bamsı Beyrək boyu"ndakı ifadəyə baxaq: "Kölgəlicə qaba ağacım kəsilübdir, Ozan, sənin xəbərin yoq", yəni Beyrəyin yoxa çıxması nəslin kökünün yerdən kəsilməsi deməkdir.
Ağac obrazının türklərin həyatında oynadığı rol haqqında türkiyəli tədqiqatçı B.Öcelin maraqlı fikirləri vardır. Alim "Dünya və Göy Ağacı"nın təsvirini belə verir: "Göy üzünə doğru böyük bir çam ağacı yüksəlirdi. Kökləri dəlib çıxan bu ağacın təpəsində isə Tanrı Bay-Ülgen otururdu. Şaman davullarındakı bu ağacların kökləri dünyada deyil; daha ziyadə göyün başladığı yerdən etibarən başlayırdı".
Bu qısa təsvirdə türkün mifik dünyasının əsas əlamətləri gözəl təqdim edilmişdir. Görünür ki, türk üçün dünya Göydən İlahi varlıqla Yerdən ucalan və həyat anlamını verən Ağacın qarşılaşmasında yaranır. Türk Göydən İlahi ədaləti gətirir və onu yerdə yaymaq üçün ağac kimi bütün dünyada kök salmağı hədəfləyir. Bundan başqa, dünyanın ən hündür yerinin başında ağac göyə yüksəlir ki, bu da türk dünyasının təməlində iki başlanğıcın - İlahi ədalət, qayda, qanun, nizam və Yer həyatı ("yaşıl dünya") durması deməkdir. Maraqlıdır ki, qədim türklərdə ağac 9 və bəzən də 7 köklüdür. Mütəxəssislər yazırlar ki, "9" bütöv dünyanı, "7" isə planetləri rəmzləşdirir.
Burada bir haşiyəyə ehtiyac görürük. Qədim yunan fəlsəfəsində rəqəmlər həm də yaddaş kimi dərk edilirdi. Məsələn, Platon rəqəmləri yaddaş adlandırırdı. Deməli, hər hansı etnosun təhtəlşüurunun fundamentində 9 və 7 rəqəmləri əbədi mövcuddursa, bu, həmin qövmün, ümumiyyətlə, varolma düşüncəsində dünyəvilik və planetlər daimi yer tutur. Həmin qövm (və ya etnos) bütün həyatını bu yaddaş üzərində bərqərar edir.
Obrazlı desək, türklər öz həyatlarını bütöv dünya və onun yeddi planetləri vəhdətində qururlar. Buradan "türkün açıq mavi dünyası" ifadəsinin sirri də məlum olur. "Açıq mavi" rəngdə türklər İlahiliklə yer üzündə "yaşıllığın" yığcam ifadəsini görmüşlər. Türklərin açıq mavi rəngli "dünyası" indi qərblilərin ortaya atdıqları "yaşıl dünya" obrazını özündə ehtiva edir! Yəni türklər dünyanı ekoloji təmizlik baxımından daha geniş düşünürlər!
Qədimdən gələn deyimlər:
XXI əsrdən baxış
Belə alınır ki, Azərbaycan türkləri üçün ağac anlamı həyati baxımdan fundamental sakral mənalar kəsb edir. Azərbaycanlıların kollektiv birgəyaşam formalarını yaratmalarının məntiqi və məzmununda bu məqam öz yerini tutmuşdur. Qədimdən azərbaycanlıların əksər hissəsi meşə ətəyində məskunlaşır və orada təbiətlə sıx harmoniyada yaşayırlar. Onlar çobanların müdrikliyi ilə insan-təbiət uzlaşmasını konkret formaya salırlar. Bu, azərbaycanlıların heyvan saxlamaq, yetişdirmək və onu təbiətin qoynunda bəsləmək kültüründə ifadə olunur. Avropalı bir qrup tədqiqatçının (tarixşünasların Vyana Klubu) araşdırmasına görə qədim dövrlərdə türklərin "savaşçı çobanlar" çöl mədəniyyəti bütövlükdə dünya mədəniyyətinin formalaşmasında əsaslı rol oynamışdır. Türklər bu mədəniyyətlə dünyanı kültür aspektində passionarlaşdırmış və yeni mədəniyyət növlərinin meydana gəlməsini stimullaşdırmışlar. Buna görə də türklərdə qədimdən "ağac həyatdır" deyimi mövcud olmuşdur.
Bunun əyani təzahürlərindən biri də ağacların yetişdirilməsi və qorunması ilə bağlı deyimdir. Türklər bir ağacın kəsilməsini həyata vurulan zərbə, özünün qolunun kəsilməsi kimi qəbul etmişlər. Bu yanaşma Oğuzdan başlamış və bu günə qədər azərbaycanlı təsəvvüründə davam edir.
Ulu öndər Heydər Əliyevin məşhur "bir ağacı kəsən sanki mənim bir qolumu kəsir" deyimi çox əlamətdardır. Çünki ulu öndər həyat fəaliyyətində yaşıllıqların yaradılması və qorunması məsələlərinə çox ciddi diqqət yetirmişdir. Azərbaycana rəhbərliyi dönəmlərində Heydər Əliyev çoxlu sayda parklar salmış, qoruqlar yaratmış, ağacların qırılmasına qarşı güzəştsiz mübarizə aparmışdır. Məhz ulu öndərin ciddi səyləri nəticəsində Bakı, demək olar ki, səhralıqdan "yaşıl şəhər"ə çevrilmişdir. Heydər Əliyev real fəaliyyəti ilə azərbaycanlıların təbiətsevərliyinin yüksək səviyyəsini dünyaya nümayiş etdirmişdir.
Onu da vurğulayaq ki, ümummilli lider təbiətə münasibətdə həmişə Azərbaycan elminin faktlarından nümunələr gətirirdi. Hələ XVII əsrdə Əbdülqazi yazdığı kitabı "Türklərin soy ağacı" adlandırmışdı.
XIII əsrdə isə Rəşidəddinin Təbrizdə yaratdığı Akademiyada botanika xüsusi yer tutmuşdur. Həmin akademiyanın yaxınlığında "Fəxrabad" adlı yerdə böyük botanika bağı var imiş. Bu ənənə, ümumiyyətlə, Azərbaycan akademiyalarının fəaliyyətində ciddi yer tutmuşdur.
XX əsrdə Azərbaycan Elmlər Akademiyasının yaradılması ilə Nəbatat Bağı kültürü formalaşmağa başlamışdır. 1932-ci ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsinin botanika bölməsində yaşıllaşdırma bölməsi yaradılmışdır. 1936-2000-ci illər ərzində Botanika bağı Botanika İnstitutunun şöbəsi olmuşdur. 2022-ci ildə isə "Mərkəzi Nəbatat Bağı" publik hüquqi şəxsi statusu almışdır.
Faktlar onu göstərir ki, qədimdən xalqın mentalitetində təbiətlə bütöv olmaq kodu formalaşmışdır. Müasir mərhələdə isə təbiətsevərlik Azərbaycanda institusional səviyyədə təsbit edilmişdir. Onun iki istiqamətdə reallaşdığını görürük. Bir istiqamət elmi tədqiqatlarda yaşıllaşdırmanın müxtəlif aspektlərdə tədqiqi ilə bağlıdır. Onun ümumi ifadəsi ekoloji problemlərin araşdırılmasıdır.
Ekologiya Azərbaycanda konkret elmi və ümumfəlsəfi aspektlərdə aktiv araşdırılır. Digər istiqamət isə dövlətin ekoloji siyasətinin daim inkişaf etdirilməsi ilə bağlıdır. Onun əyani təzahürlərindən biri ölkənin strateji inkişaf kursunda prioritet istiqamətlərdən birinin "yaşıl iqtisadiyyat" və "yaşıl ölkə" yaradılmasından ibarətdir.
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" (02 fevral 2021) adlı sənəddə əsas hədəfin qüdrətli dövlət və yüksək rifah cəmiyyətinin formalaşdırılması müəyyən edilmişdir. Buna nail olmaq üçün beş Milli Prioritet müəyyən edilmişdir. 5-ci Prioritet aşağıdakı kimidir: "təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi".
Çox maraqlı məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan rəhbərliyi qüdrətli dövlət və yüksək rifaha malik cəmiyyətin formalaşdırılması prosesinə dinamik, açıq və daim yeniləşən sistem kimi yanaşır. Onun əsas əlamətləri dayanıqlı, rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı olmaq, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışa nail olmaq, təmiz ətraf mühit formalaşdırmaq əsasında elə ölkə yaratmaqdır ki, əsas xarakteristikalarından biri "yaşıl artım" ölkəsi olsun.
Belə çıxır ki, müasir Azərbaycanda güclü demokratik və milli dövlətin inkişafında ənənədə mövcud olan təbiətsevərlik öncül yerlərdən birini tutur. Bunun anlamlarından biri Azərbaycanda müstəqil dövlət quruculuğunda mədəniyyət ənənəsinin ciddi olaraq diqqətə alınması ilə bağlıdır. Bu tezisdən biz dövlət siyasətində "yaşıl ölkə", "yaşıl dünya" və aktual ekoloji problemlərlə bağlı proqramların reallaşması məsələlərinin təhlilinə keçə bilərik.
"Yaşıl dünya"nın yaradılması:
COP29-dan baxış
Azərbaycanın dövlət və cəmiyyət olaraq COP29 kimi dünya miqyasında əhəmiyyəti olan bir tədbiri yüksək səviyyədə təşkil etməsinin izahı dövlətin yeritdiyi ekoloji siyasətin mahiyyəti ilə əlaqəlidir. Bunun əsas əlaməti "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədinin 5-ci Milli Prioritetinin məzmununun açılışında özünü göstərir. Orada yazılmışdır ki, "Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaqdır".
Xatırladaq ki, bu tezislər 2021-ci ildə yazılmışdır, COP29 isə 2024-cü ildə keçirilmişdir. Bu iki tarixi müqayisə edəndə aydın olur ki, Azərbaycan dövlət olaraq ciddi və əsaslı ekoloji siyasəti ilə ardıcıl olaraq "yaşıl ölkə"dən "yaşıl dünya"ya doğru məntiqi ilə hərəkət etməkdədir.
Burada əsas məqsədlər: 1) yüksək keyfiyyətli ekoloji mühit; 2) yaşıl enerji məkanı yaradılmasına nail olunmalıdır. Bunun üçün isə "ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir".
COP29-un yekunlarında vurğulanan bütün məqamlar əksini tapmışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev həmin tədbirin yekunları ilə etdiyi paylaşımda vurğulamışdır ki, Azərbaycan "Yaşıl dünya naminə həmrəylik" şüarı ilə fəaliyyət göstərmişdir. Məsələnin bu cür qoyuluşu olduqca əhəmiyyətlidir. Burada əsas olaraq hər bir ölkənin "yaşıl" olmaq məqsədinin mövcudluğu mühüm şərt kimi qəbul edilir. Eyni zamanda həmin ölkələr qarşılıqlı əlaqələri gücləndirmək əsasında (yaşıl dünya naminə həmrəylik) sonucda "yaşıl dünya"nın yaradılmasına nail olmalıdırlar.
Bu yol, ümumiyyətlə, türklərin təbiətsevərlik ənənəsinin inkişaf etdirilməsi zərurətini də ortaya qoyur. Beləliklə, COP29-un ruhu, vəzifələri və fəaliyyət mexanizmləri Azərbaycan üçün yad olmamışdır. Azərbaycan qədimdən bu aspektdə kifayət qədər təcrübəyə malikdir.
Yekun
Əlbəttə, hər bir etnosun təbiətsevərlik fəlsəfəsi mövcuddur. Tədqiqatçılar vurğulayırlar ki, dünyanın hər bir etnosunun mifində ağac rəmzi vardır. Bu, insanın, ümumiyyətlə, təbiətlə birliyi əlamətidir. Real həyatda da hər bir etnosun kollektiv formada təbiətə münasibəti, onunla qarşılıqlı əlaqədə yaşamaq fəlsəfəsi vardır. Tarix boyu bu, konkret təcrübəyə çevrilir. Türklərin həyatında bu məsələnin ümumi halda necə yer aldığı ilə bağlı bir sıra məqamları vurğulamışıq. Onu deyək ki, türklərə aid edilən bir sıra qədim kitablarda təbiət məsələsi türk etnosunun yaşam tərzində fundamental və konkret ifadəsini tapmışdır.
"Avesta"da insan iki qoşa ağacın törəmələri kimi göstərilir. "Oğuz kağan"da qadın başlanğıc Dünya Ağacının budağı ilə əlaqələndirilir. Maraqlı bir tərzdə insan-ağac birliyi təsəvvürü yaradılır. Hətta üçoxların yaranması bu rəmzlə ifadə edilir. "Kitabi-Dədə Qorqud"da da "Qaba ağac"ı qadın başlanğıc kimi verilir.
Bu cür müxtəlif versiyalar onu göstərir ki, türklərin mifoloji və fəlsəfi təfəkküründə təbiətlə vəhdət aparıcı və müəyyənedici yer tutur. Əsrlərlə davam edən bu özəllik türk etnosunun daxili mənəvi aləmində dünyanın tam və bütöv obrazını yaratmışdır. Bu obrazın başlıca özəlliyi türkün fərdi və kollektiv halda təbiətlə "iç-içə", onunla tam halında, bütöv formada mövcud ola bilməyə olan inamla bağlıdır.
Buradan ümumi bir qənaət əldə edilir: təbiətlə harmoniya türk həyat tərzinin məğzindədir, o, hər hansı direktivlə və ya sonradan yazılmış sənədlə bağlı deyildir.
Türk üçün təbiət hüquqdur, qanundur, yaşamağın formasıdır. Türk təbiətsevərliyi onun tarixidir, iç dünyasının məzmunu, mənası və məqsədidir.
Buna görə də BMT-nin ən mühüm proqramlarından biri olan COP ilə əlaqəli tədbirin türk dövləti olan Azərbaycanda keçirilməsi təbii, əsaslı, nəticəverici faktdır! Bu kimi proqramlar dünyaya əsrlərlə təhrif olunmuş türk kimliyinin əsl bəşəri simasını anladacaqdır! Bununla Heydər Əliyev-İlham Əliyev xəttinin daha bir müdriklik qüdrətini bəşər duyacaqdır - Azərbaycan həm də "təmiz ekologiya ruhu"nun daşıyıcısıdır!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!