Nadir MƏMMƏDLİ
Min il əvvəl Mahmud Kaşğarinin doğumu türk dünyasının əzəmətli əsərinin müjdəsi idi, "Divanü lüğat-it-türk" 1914-cü ilədək adı bilinən, lakin özü məlum olmayan bir əsər idi. Bütün dünya haqqında məqalələr yazılan və müzakirələr aparılan bu əsərin tapılmasında kitab aşiqi, elm və mədəniyyət sevdalısı Əli Əmiri Əfəndiyə borcludur. Əli Əmiri, Ziya Göyalp və Tələt Paşanın kitabın nəşrinə etdikləri töhfə haqqında danışmaq hamımıza kitab sevgisinə nümunə olacaq bir minnətdarlıq borcudur.
Əli Əmiri 1857-ci ildə Diyarbəkirdə doğulmuş, uşaqlıqdan oxumaq və yazmağa çox həvəsli olmuşdur. Şeir, tarix, Şərq ədəbiyyatına aid kitabları mütaliə etməyi çox sevirdi. Bu sevgi o qədər böyük idi ki, bəzən yatdığı zaman yanındakıların yuxusunu pozar - yatmazdan əvvəl oxuduğu kitabları yuxusunda yüksək səslə təkrarlayardı. Kitaboxuma marağı hər şeydən üstün idi, durmadan və böyük bir həvəslə mütaliə edirdi. Bu illərini özü belə təsvir edir: "Əylənməyə marağım yox idi. Ustamızla gəzintiyə getdiyimdə, uşaqlar oyun oynayarkən, mən bir tərəfə çəkilib kitab oxuyardım." Oxumaları o həddə çatmışdı ki, bədəni zəifləmiş, xəstəhal olmuşdu. Həkimlərin kitab oxumağı dayandırıb, gəzintiyə çıxma tövsiyələrinə də əməl etmirdi. Güclü yaddaş sahibi olan Əli doqquz yaşında olanda beş yüzdən çox şairin şeirlərinin toplandığı "Nevadir-ul Asar" adlı əsərdəki dörd min beyti əzbərləmişdi. Gəncliyində mahir xəttat kimi tanınır, yazdığı lövhələr Diyarbəkir camelərini bəzəyirdi. O, təkcə kitab oxumur, həm yazır, həm də cünglər hazırlayırdı. Qədim əlyazmalar və məzar kitabələrindən faydalanaraq ilk tərtib etdiyi "Diyarbəkirli şairlər təzkirəsi" olmuşdur.
Atası onu dükanına gətirib öz peşəsinə yiyələnməyə, tacirliyə məcbur etsə də, valideynlərini məyus etmiş, fikri yalnız kitaba, yazıb-oxumağa meyilli olduğundan dükanı ziyana uğradır, ticarət işlərini ziyana salmışdı. Atası onu on beş yaşında ikən ticarətə hazırlamaq üçün çarşıda bir dükan açmağa göndərir, lakin Əlinin fikri pulda yox, kitabların yanında idi. Dükanda da oxumağa davam edər, içəri müştəri girdikdə belə gözünü kitabdan ayırmadan səslənərdi: "Mallar oradadır, fiyatı da yazılıb, alacaqsınızsa, endirim edim, yoxsa, məni boş yerə narahat etməyin", - deyə səslənirdi. Nəticədə müştəri mal almadan gedərdi. Atası ticarətə faydadan çox, zərər vurduğunu görüb, oğlunu dükandan uzaqlaşdırmaq məcburiyyətində qalır.
Əli Əmiri həyatını kargüzarlıqda keçirmiş, katib və dəftərdar olaraq Diyarbəkır, Selanik, Adana, Kırşəhir, Trablusşam, Elazığ, Ərzurum, Yanya, İşkodra, Hələb, Yəmən və başqa şəhərlərdə otuz ilə qədər dövlət xidmətində məmur olaraq çalışmışdır.
Kitab toplamağa aşırı dərəcədə bağlı idi. Tarix, ədəbiyyat, bioqrafiya və biblioqrafiya sahələrindəki qiymətli kitab və sənədləri satın almış, araşdırma həyəcanı ilə kitabə, əlyazma axtarmaqdan böyük zövq alırdı. Hətta bəzi kitabları əldə etmək üçün uzaq diyarlara səfər edir, tapdığı qiymətli əsərləri qənaət edib yığdığı pulla satın almışdır.
Əli Əmiri kitablara daha çox vaxt ayıra bilmək üçün 1908-ci ildə, vaxtından qabaq - 51 yaşında təqaüdə çıxır, həyatını İstanbulda kitablar arasında keçirir. Axşamlar Divanyolundakı Diyarbəkir qiraətxanasına gedir, dostları ilə söhbət edir. Dostlarının hər biri öz sahəsində tanınmış elm və fikir adamları, əsər sahibləri, qələm əhli idilər. "Divanü lüğat-it-türk" haqqında ilk sorağı da elə buradan alır.
Əli Əmiri həftədə iki-üç dəfə Sahaflar çarşısında köhnə kitab ticarəti ilə məşğul olan Bürhan bəyi ziyarət etməyə adət etmişdi. Bu dəfə də gəlib, yeni bir kitabın olub-olmadığını soruşur. Bukinist Bürhan bəy meşin cildli bir kitab haqqında daimi müştərisi Əli Əmiriyə xəbər verir və bildirir ki, kitab ötən əsrin əvvəllərində sabiq maliyyə naziri, Vani Oğulları sülaləsinin nümayəndəsi Nazif Paşanın kitabxanasında saxlanılıb. Qohumu olan bir xanıma (bəzi mənbələrdə həyat yoldaşına - N.M.) bağışlayıb və satası olsa, 30 qızıl lirədən əskik verməməsini tapşırıb. (Bu fikir 20 il sonra, təxminən, eyni məzmunda kitabın latın qrafikalı əlifba ilə ilk tərcüməçisi Xalid Səid Xocayev tərəfindən təkrarlanır, həyat yoldaşı Sitarə xanıma dönə-dönə tapşırır: "Əgər sizə pul lazım olsa və qovluqları vermək məcburiyyətində qalsanız, bu qovluqları tərəzidə çəkdirərsiz, nə qədər gəlsə, qovluqların müqabilində o ağırlıqda da qızıl tələb edərsiz.").
Kitabın qiymətini bilməyənlər üçün bu məbləğ çox yüksək idi. Bürhan bəy əlyazmanı Maarif naziri Əmrullah Əfəndiyə təqdim etmişdi. Elmiyyə əncüməni əsərə on lirədən artıq dəyər vermir və kitabı geri qaytarır, deyir ki, otuz qızıl lirəyə böyük bir kitabxananı satın alarıq. Lakin nə bukinist sahibinin, nə də satanın bu əsərin "Divanü lüğat-it türk" olduğundan xəbəri var idi. Bilsə idilər, çox daha böyük məbləğ təklif edər, dərhal xarici ölkəyə qaçırardılar. Əsərin əhəmiyyətini bilməyən Bürhan bəy yalnız ona veriləcək bəxşişi düşünürdü, Əli Əmiriyə kitabın sahibi ilə sözləşmələrinin vaxtının sabah bitəcəyini bildirir, ona "işinizə yarasa, almağı" təklif edir.
Əli Əmiri kitabın sahibinin kim olduğunu soruşur. Cavabında Bürhan bəy söyləyir:
- Yaşlı bir qadındır, alacaqsınızsa, ehtiyac içində olan bir qadına yaxşılıq etmiş olarsınız.
Əli Əmiri kitabı əlinə alanda sevincindən özünü itirir, onun "Divanü lüğat-it-türk" - dünyada bənzəri olmayan bir türk dil qamusu və qrammatikası, qiymətinin otuz qızıl lirə yox, ölçüyəgəlməz olduğunu anlayır. Amma kitabın qiymətini artırmamaq üçün təmkinlə deyir: "Kitabçını həddindən artıq sevindirməmək və qiyməti artırmamasına səbəb olmamaq üçün özümü nazlı apardım. Dedim ki, kitab dağınıq haldadır, görəsən, tamdırmı, ya yox? Vərəqləri əzik, pərakəndədir, bəzi səhifələri güclə oxunur. Həm də müəllifi Kaşğari imiş, kimdir, nəçidir, bilinmir. Amma nə də olsa, bir əsərdir. Maarif nazirliyi ona on lirə təklif etmişsə, mən on beş lirə verərəm". Bürhan bəy isə belə cavab verir: "Dediyim kimi, bu kitab mənim deyil. Mənim olsaydı, verərdim. Amma sahibəsi otuz lirədən az qəbul etmir". Allahın mərhəməti və möcüzəsi Əli Əmirini bu çətin vəziyyətdən çıxarır: "Allaha yalvarmağa başladım, Allahım, bir dost göndər, mənə yardım et! Məni bu kitabdan ayırma!" İki dəqiqə sonra baxdım ki, dostlarımdan, keçmiş Darülfünunun ədəbiyyat müəllimi Faiq Rəşad oradan keçir. Dərhal onu çağırdım. Gizlicə: "Varsa, mənə iyirmi lirə ver, aman!" - dedim. Çantasını açdı, cəmi on lirəsi varmış, onu verdi. "Qalanını tez evdən gətirərəm," - dedi. Mən də kitabçının dükanında sakit oturdum. Bir neçə dəqiqə sonra Faiq Rəşad bəy gəldi, pulu gətirdi. Otuz lirəni kitabçı Bürhan bəyə verdim. Bürhan bəy bəxşiş istədikdə, üç qızıl lirə də ərməğan etdim. Rəşad bəylə danışaraq çarşıdan çıxdıq". Deyirlər ki, Əli Əmiri dükandan aralananda fikirlərinin dəyişəcəyindən qorxaraq əlyazmanı bağrına bərk-bərk basıb, gəldiyi yolla yox, dolanbac küçələrlə qayıdır, həyəcanla fikirləşir: "Ay aman, birdən ardımca gələrlər, bunu geri istəyərlər! Arxama boylandım ki, görüm, Bürhan bəy peşman olub dalımca qaçmır? Baxdım ki, heç kim gəlmir. Oh, əlhəmdülillah!" - dedim. Belə bir əsərə sahib olduğu üçün dünyaya sığmayan bir sevinc içində Əli Əmiri səhərdən axşamadək gözlərini əlyazmadan çəkə bilmir - dünyada bu kitabın başqa bir nüsxəsi yoxdur. H.Həsənov Əli Əmirinin sevinci haqqında belə yazır: "Bir kitab aldım, evə gəldim və yeməyi unutdum."
Əli Əmiri dostlarına və yaxınlarına kitabın dəyərini belə izah edir: "Kitabı incələdikdən sonra haqqında ilk düşündüyüm bu oldu: "Bu kitab deyil, Türküstandır! Türküstan da deyil, bütün cahandır! Türklük, türk dili bu kitab sayəsində başqa bir nur qazanacaq. Ərəblər üçün Sibaveyhin kitabı nədirsə, bu kitab da türk dili üçün odur. Türk dilində indiyə qədər belə bir kitab yazılmayıb. Bu kitaba həqiqi qiymət verilsə, dünyanın xəzinələri kifayət etməz. Bu kitabla Hz. Yusif arasında bir bənzərlik var. Yusifi dostları bir neçə qəpiyə satdılar. Lakin sonra Misirdə onun çəkisi qədər qiymətli daşlara satıldı. Bu kitabı da Bürhan mənə otuz üç lirəyə satdı, lakin mən bunu bir neçə qat ağır olan almazlara, zümrüdlərə vermərəm..."
Əli Əmiri evinə çəkilib "Divan"ı oxuyur, axşamlar isə Diyarbəkir qiraətxanasına gedib, günboyu oxuduğu kitabdan məlumatları dostlarına həvəslə danışır. Əli Əmirinin "Divanü lüğat-it-türk"ü tapdığı və satın aldığı xəbəri əvvəlcə İstanbulda, sonra ölkə daxilində və daha sonra türk aləmində, nəhayət, bəşər elmində dalğa-dalğa yayılmağa başlayır. Kitabın tapılma hekayəsi qəzetlərdə baş xəbər mövzusu olur, hər kəs "Divan"ın üzə çıxmasını maraqla gözləyir. Orxon yazılarının oxunmasından bir neçə il sonra türkcənin ilk lüğətinin tapılması ölkədə böyük bir sevinc yaratmış, bu dilin köklü və güclü olduğu düşüncəsi cəmiyyətin özünə inamını artırmışdı. İllərcə türkcənin məişət, küçə və bazar dili olduğu, lakin elm, sənət, ədəbiyyat və təhsil dili ola bilmədiyi haqqında düşüncələr iflasa uğrayır, Mahmud Kaşğarinin "Divan"ından sonra türkcəyə olan baxış sürətlə dəyişir. Türklərə türk adını Allahın verdiyi, bu dilin öyrənilməsinin zəruri olduğu və ərəb dili ilə bərabər dəyərli olduğu anlayışları sürətlə yayılırdı.
Əli Əmirinin bu kitabı əldə etməsi barədə xəbər yayıldıqda, onu ilk görməyə gələn Ziya Göyalp olur, ancaq: "İndi göstərmərəm, bəlkə iki ay sonra mümkün olar" - cavabından dostu çox inciyir. Ziya Göyalp Diyarbəkirin iki millət vəkilini xahişə göndərsə də, məqsədinə çata bilmir. Kilisli Rifat isə Əli Əmirinin xasiyyətinə bələd olduğu üçün əsəri görməkdə təkid etmir, bir həftə sonra Əli Əmiri özü yaxın dostu Kilisli Rifatdan dağınıq səhifələri, qarışıqlıq içində olan kitabı düzəltmək üçün yardım istəyir. Kilisli Rifat əsəri əlinə alan kimi: "Cənab Allah nəşrini nəsib etsin", deyir. Əli Əmirinin çox xoşuna gəlir və cavabında deyir: "İnşallah, nəşr edərik, düzəlişini də siz edərsiniz". Amma içində bir narahatlıq vardı, böyük bir coşqu içində olan Əli Əmiri kitabı heç kimə göstərmək istəmir, onun itirilməsindən, oğurlanmasından qorxurdu. Kitabı satın aldığında köhnəlmiş və yıpranmış bir vəziyyətdə idi. Sirazələri çözülmüş, formalari dağılmış, səhifələri bir-birinə qarışmış və nömrələri yox idi. Bu səbəbdən kitabın əskik, yoxsa, tamm olduğu bilinmirdi. "Bir narahatlığım var, Rifat, - deyir, əsər tamdırmı, yoxsa, deyilmi, bəlli deyil. Bu kitab nə qədər dəyərlidir desək, o qədər dəyərlidir, amma bir qüsuru var, kitabın cildi dağılmış, səhifələri qarışmış, başı-sonu məlum deyil, bunu bilmək məni çox narahat edir. Əgər tamamdırsa, nə xoşbəxtlik. Əgər deyilsə, vay mənim halıma. O zaman bu kitabın qarşısında ölümümdən əvvəl ağlamalıyam. Rica edirəm, hər gün gəl, bir-iki saat bu kitabla məşğul ol. Gör bu kitab tamdırmı, ya yox?" Kilisli Rifat əlyazma üzərində çalışaraq, onun tam olduğunu təsdiqləyir. Bununla kifayətlənməyərək səhifələrə nömrələr əlavə edir. Müjdəni alan Əli Əmiri sevincindən göz yaşı tökür, hətta evinin bir hissəsini Kilisli Rifata bağışlamaq istədiyini bildirir. Rifat isə cavabında: "Evinizdə hər zaman qalın, mənim üçün yalnız bu əsərin nəşrinə icazə verməyiniz kifayətdir, mükafatım bu olsun", - deyir.
Kitabın nəşrini ən çox arzulayan Ziya Göyalp üzünü Kilisli Rifata tutur: "Rifat, mən sevda bilməzdim, amma bu kitaba vuruldum. Görmək üçün nə etdimsə, alınmadı. Bu xəzinənin açarları sənin əlindədir. Gəl, mənə kömək et, bu kitabı nəşr edək, bütün türklərə hədiyyəmiz olsun. Mənə çarəsini söylə!" "Çarə sədrəzəm Tələt Paşanın Əli Əmiridən kitabın nəşr etməsində vasitəçilik etməsidir", - Kilisli Rifat cavabında deyir. Amma necə olsun,Tələt Paşa onu əmrlə çağırsa və ya evinə getsə, düzgün olmaz. Bir yol qalır: çox yaxın dostu və sıx-sıx görüşdüyü Ədliyyə naziri İbrahim bəyin evinə iftara dəvət etmək, orada Əli Əmiriyə iltifatlar edərək, kitabın nəşrinə razı salmaq. Bunu sədrəzəm qəbul edərmi? Ziya Göyalp Kilisli Rifatı inandıra bildi.
Kitabı əldə etməyin çarəsi ramazan ayında keçirilən iftar zamanı Tələt Paşa vasitəsilə mümkün oldu. Əli Əmirinin adını eşidəndə əvvəlcə Tələt Paşa, sonra qonaqlar bir anda ayağa qalxdılar. Tələt Paşa ona yaxın gəlib deyir: "Hə, ustadım, mübarək əlinizi öpməklə kəsbi-şərəf etmək istəyirəm. Müsaidə buyurunuz". Əlini təkrar-təkrar öpdükdən sonra digərləri də sıra ilə yaxınlaşıb öpdülər. Əli Əmiri bu səhnəni sonralar dostlarına belə söyləyir: "İftar süfrəsində mən o gecə, bəlkə də otuz üç dəfə "əstəğfürullah" dedim. Mən istiğfar etdikcə onların sevgisi artır, əlimi buraxıb, məhəbbətləri artıb, ətəyimi öpmək istəyirlər. Bu mərasimdən sonra, heç biri oturmadı, ayaq üstə duraraq əl çaldılar. Özümü Qanuni Sultan Süleyman kimi hiss edirdim, həm də onların bu ədəbi vəziyyətlərindən sıxılır, rica edirəm, istirahət buyurun, deyirdim. Nəhayət, oturdular. Məndən müsaidə alaraq, tarixə, ədəbiyyata dair nələrsə soruşdular. Mən də izah etdim. Təşəkkürlərin biri bir para... Bu istiğfar mərasimi bitdikdən sonra Tələt Paşa ayağa qalxdı və "Divanü lüğat-it-türk" haqqında məndən bəzi məlumatlar verməyimi xahiş etdi. Mən də dilim döndüyü qədər izah etdim, məlumat verdikcə onlar heyran olurdular. Sonra hamısı birgə, belə bir kitaba sahib olduğum üçün məni təbrik etdilər. Tələt Paşa bir daha ayağa qalxdı və dedi: - Hüzurunuzda danışmaqdan utanıram, əziz müəllim. Lakin icazənizlə demək istəyirəm ki, kitabların da insanlar kimi təbii bir ömrü var. Bir kitab minlərlə il yaşamaz, çürüyər, məhv olar. Onları yaşatmaq üçün əvvəlki dövrlərdə istinsah üsulu varmış. Lakin bunun faydası məhduddur. Mədəniyyət bunun üçün yeganə bir həll yolu tapıb, o da çap üsuludur. Çap sayəsində bir kitab min olur, on min olur, yüz min olur. Maadam ki, "Divanü lüğat-it-türk" çox böyük bir əhəmiyyətə, dəyərə malikdir, o halda icazə verin, bu kitabı çap edək. Başına da sizin adınızı yazaq. Bütün dünyaya yayılsın, cahan sizə minnətdar olsun. Bu lütfü bizdən əsirgəməyin..."
Bu sözlərdən çox məmnun olan Əli Əmiri ilə Tələt Paşa arasında belə bir söhbət olur:
- Böyük ustad, bu gün hansı vəzifədəsiniz?
- Dəftərdarlıqdan təqaüdə çıxdım...
- Xeyr, sizin kimi fəzilətli, təcrübəli bir şəxsin təqaüdə çıxmasına ürəyim razı olmaz. Əlhəmdülillah, hələ tamamilə sağlamsınız, illərlə işləyə bilərsiniz. Ustad, dəftərdarlıqmı, vali olmaqmı, sıravi dövlət üzvü olmaqmı, nazirmi - nə arzu edirsiniz? Xahiş edirəm, indi burada təyin etmək üçün əmrinizə amadəyəm.
Əli Əmiri bu sözlər qarşısında duyğulanır və belə cavab verir:
- Mən millətimə edəcək xidmətimi artıq etdim... Bu gün mənim üçün heç bir dövlət vəzifəsinin əhəmiyyəti yoxdur. Təşəkkür edirəm.
Tələt Paşa ilə tanış olan Əli Əmiri nəşrə yalnız iki şərtlə razılıq verir: kitabın çapı Kilisli Rifata tapşırılmalı, əsli isə heç kəsə verilməməli və göstərilməməlidir. Tələt Paşa razılaşır, təklifinin qəbul olunduğu üçün qarşılığında Əli Əmiriyə üç yüz qızıl lirə göndərir, lakin o, pulu qəbul etmir, hörmət əlaməti olaraq cavabında ona məktub ünvanlayır. Məktubda yazılır: "Lütfünüz və qədirbilənliyinizə görə təşəkkür edirəm, lakin pulu qəbul edə bilmərəm. Çünki vətənə kiçik bir milli xidmət qarşılığında pul almış olacağam. Bu mənim vicdanıma ağır gəlir. Təşəkkür edərək, pulu geri göndərirəm. Siz bu pulu yardıma ehtiyacı olan bir neçə namuslu ailəyə versəniz, mənim sizə təşəkkür edəcəyim kimi, Cənab Haqq da məmnun olar. Bu yardımı "Divanü lügat-it-türk" adına verin".
Kilisli Rifata kitabı nəşr etmək üçün veriləndə bir çətinliklə üzləşdi: kitabı harada saxlamalı? İtirməkdən böyük narahatlıq duyur, təhlükəsiz bir yer axtarır. Əvvəlcə ümumi kitabxanaya müraciət edir, lakin müdir etiraz edir: "Yüzlərlə oxucu gəlib-gedir, biri aparsa, mən nə edərəm, geriyə necə ala bilərəm?" Vəfa məktəbində müdiriyyətdən metal seyfində saxlamasını xahiş etsə də, Akif bəy "Aman! Aman!" - deyərək məsuliyyəti üzərinə götürmür. Maarif mühasibi Sıtkı bəy də seyfində saxlamağa razılıq vermir. Mətbəənin müdiri Hamit bəy heç cür razılaşmır, deyir: "Nə söyləyirsən? Bizim matbaa odunludur. Bir yanğın olsa və kitab yansa, məni asarlar. Qəbul etmirəm, nə edirsən, et!"
Sonda Kilisli Rifat kitabı bir çanta içində evdə saxlamaq məcburiyyətində qalır. Divara böyük bir mıx çalaraq oradan asır və uşaqlarını daim növbəyə qoyur. Yanğın olarsa, ilk olaraq bu çantanı xilas etməsini tapşırır. Kitab nəşr olunanadək gecələr yatanda çantanı yastığının altına qoyur.
"Divan"ın Kilisli Rifat tərəfindən çapı I Dünya müharibəsi dövrünə təsadüf edir. Kağız və mürəkkəb tapmaq çətin.., mətbəədə litoqrafik üsul köhnəlmiş, şriftlər sınıq.., çap maşını ləng, diyircəkləri köhnə... Belə bir mühitdə Kilisli Rifat bu böyük əsərin çapına başlayır, başına bir iş gəlməsin deyə, bu müddətdə kitabı möhkəm, davamlı, meşin çantada özü ilə daşıyır. Əslində Kilislinin yayımı tıpkıbasımıdır, dağılmış səhifələr düzəldilmiş, əsər bir araya gətirilmiş, başlıqlar fərqləndirilmiş, hərəkəsiz olan ərəb sözləri hərəkələndirilmişdir. Beləliklə, "Divanü lüğat-it-türk" yazılmasından təxminən, səkkiz yüz əlli il sonra çap maşını ilə nəşr olunaraq çoxaldılır və yox olmaqdan xilas olunur.
Çap prosesi davam edərkən Milli Tətəbbölər Əncüməni Kilisli Rifata "Divanü lüğat-it-türk"ün ərəbcədən türkcəyə tərcüməsini təklif edir. Əli Əmiri şəxsi səbəblərdən buna razılıq vermir. Bir mülahizəyə görə, Kilisli Rifata verilən qonorarın az olması idi.
Daha sonrası Əli Əmiri Əfəndinin ölümündən sonralar baş verir...
Razılıq əsasında Kilisli Rifat dəfələrlə oxuduğu əsəri çap işini bitirdikdən sonra tərcümə etməyə söz verir və əsərin yüz iyirmi lirə qarşılığında iyirmi iki dəftər olaraq türkcəyə tərcüməsi Maarif Nazirliyinin Təlif və Tərcümə heyətinə göndərilir. Amma... I Dünya müharibəsi gedişində zaman keçdikcə ölkə çətin günlər yaşayır, tərcümənin çapı dayandırılır. Mustafa Kamal Paşanın rəhbərliyi ilə Milli Mücadilə başlayır. Türkiyə Böyük Millət Məclisi həmin dövrdə "Divan"ın türkcəyə tərcümə olunmasını sonralar Türk Dil Qurumunun başqanı olacaq Samih Rifat və İstiqlal marşının müəllifi Mehmet Akif Ərsoya tapşırır. Kilisli Rifat bu xəbəri eşidəndə çox pərişan olur, Samih Rifata bir məktub ünvanlayır və tərcüməçilər arasında öz adının da yer almasını arzulayır. Samih Rifat əsəri Ankaraya gətirərək Mehmet Akiflə Kilislinin tərcüməsini araşdırır və nəticədə əsərin yenidən tərcümə olunmasına ehtiyac olmadığına qərar verir. Qazi Mustafa Kamal şəxsən Kilisli Rifatın tərcüməsini Çankaya Köşkündə böyük həvəslə oxumuşdur. Bu barədə Samih Rifatın Kilisli Rifata yazdığı məktublarda da qeyd olunur. Atatürkün oxuduğu bu dəftərlərdən beşi hazırda Türk Dil Qurumu Kitabxanasındadır. Həmin ərəfədə konyalı Abdullah Atif Tüzünər və Abdullah Səbri Karter də "Divanü lüğat-it-türk"ü ayrı-ayrılıqda türkcəyə tərcümə etmişdilər. Van millət vəkili Tevfik Demiroğlu əsərin indeksini hazırlamışdı.
Atatürkün rəhbərliyi ilə 26 sentyabr 1932-ci ildə Dolmabaxça sarayında təşkil olunan Birinci Türk Dili Qurultayı, Türk Dili Tədqiq Cəmiyyəti "Divanü lüğat-it-türk"ün söz varlığını (indeks) toplamaq və əsəri yenidən tərcümə etməyi Kilisli Rifata tapşırır. Birinci tərcüməsi nəşr olunmayan Kilisli Rifat "Divanü lüğat-it-türk"ü ikinci dəfə tərcümə etməyə və göstərici hazırlamağa başlayır, Ankaraya göndərdiyi yeni tərcümədə Qurumun düzəlişlər etməsini xahiş edir. Bu məsələdə cavab almayan Kilisli Rifat Türk Dil Qurumunun Ümumi Katibi İbrahim Nəcmi Dilmən və Besim Atalayla Dolmabaxça sarayında görüşür, lakin razılığa gələ bilmirlər.
Bu sükutda sanki elmi dairələr "Divanü lüğat-it-türk"ün daha yaxşı və yeni tərcüməsinin ortaya çıxmasını səbirsizliklə gözləyirlər. Qurum rəhbərliyi, xüsusilə, İbrahim Nəcmi Dilmən tərcüməni Besim Atalayın etməsini çox istəyir. Uzun yazışmalar və çətinliklərdən sonra kitab yenidən nəşrə hazırlanır. Kilisli Rifat tələbəsi Besim Atalaydan incisə də, əsərin tərcüməsini o həyata keçirir və 1939-1943-cü illərdə Türk Dil Qurumu "Divan"ı dörd cilddə nəşr edir. Əsər türk mədəniyyətinin böyük xəzinəsi kimi elmi ictimaiyyətə təqdim olunur. Besim Atalay 1937-ci ilin sonlarında "Divan"ın tərcüməsini üzərinə götürür. Əvvəlki tərcümələri qiymətləndirir, lakin tənqid etdiyi tərəflərdən dolayı, ara-sıra şübhələndiyi məqamları nəzərə almaqla, etibar etmədiyi üçün onların heç birindən istifadə etmir. Besim Atalayın tərcüməsi 1939-1942-ci illərdə üç cild, göstərici isə 1943-cü ildə nəşr olunur. Dəhri Dilçinin ərəb əlifbasına uyğun hazırladığı "Divanü lüğat-it-türk"ün göstəricisi Türk Dil Qurumu tərəfindən 1957-ci ildə, başqa bir göstərici isə "Divan"ın yazılışının 900 illiyi münasibətilə 1974-cü ildə yenə Türk Dil Qurumu tərəfindən çap edilir. Əslində bu nəşrlər 1943-cü ildə Besim Atalayın hazırladığı indeksin yenidən tərtib olunmuş formasıdır.
Türk Dil Qurumu tərəfindən yayımlanan Besim Atalayın "Divanü lüğat-it- türk"ün tərcüməsi türkologiyada uzun müddət mənbə kimi istifadə edilmiş, başqa ölkələrdəki tərcümələrdə də əsas olmuşdur. Məsələn, Daşkənddə Özbəkistan SSR Elmlər Akademiyasının nəşriyyatında Qani Abdurrahmanov və Salih Mutallibovun özbək dilində "Türkiy Sözlər Devani", professor Ramiz Əskərin Azərbaycan dilinə, Çində Yeni Uyğur türkcəsinə tərcüməsi məhz Besim Atalay nəşrinə əsaslanmışdır.
***
Diyarbəkirli Əli Əmiri kitaba sonsuz sevgisini həyatına qurban vermiş, evlənməkdən belə imtina etmişdir. "Divanü lüğat-it türk"ün tapılması da məhz onun tükənməz kitab aludəçisi və marağı sayəsində mümkün olmuşdur. Əsərin tapılma hekayəsini onun yaxın çevrəsində olmuş, etibarını qazanmış, "Divan"ı ərəbcə tərtib edib, ilk dəfə nəşr edən yaxın dostu Kilisli Rifat 1945-ci il 30 sentyabr, 4, 7, 11, 14, 18 oktyabr tarixlərində "Yeni sabah" qəzetində "Bildiklərim" başlığı ilə xatirələrini yayımlamışdır. Bir vaxtlar Kilisli Rifat Əli Əmiriyə, özü görməsə də, Bədrəddin Mahmudun "İkdül-Cuman fi Tarih-i Ehliz-Zaman" və Katib Çələbinin "Kəşfüzzünun" əsərində, eləcə də bir çox ərəb tarixi mənbələrində "Divan"ının adına rast gəldiyini bildirmişdi. Marağı Əli Əmirini uzun illər narahat etmiş, taparkən də ilk söylədiyi bu olmuşdur: "Allahın inayəti ilə o kitaba sahib oldum!"
Əli Əmiri həyatı boyunca böyük fədakarlıqlarla topladığı çox qiymətli əlyazma, kitabları və sənədləri qarşılıqsız olaraq millətinə hədiyyə etmişdir. Bunun üçün Fatihdəki Feyzullah Efəndi Mədrəsəsini kitabxanaya çevirmiş və 4500 əlyazma, 12000 çap əsəri olmaqla, ümumilikdə 16.500 kitabını bura bağışlamışdır. İsrarlara baxmayaraq, kitabxanaya adının verilməsinə razı olmamış, Millət Kitabxanası olmasını istəmişdir - bu onun xalqına xidmət həsrətinin göstəricisidir.
Hər gün yüzlərlə insan bu kitabxananı ziyarət edir. Onların arasında çox qiymətli əsərlər və sənədlər vardır. Türk dili, tarixinin, ədəbiyyatı və etnoqrafiyasının zəngin bir mədəniyyət xəzinəsi "Divanü lüğat-it-türk" də onların arasındadır. Zamanında Macarıstan Elmlər Akademiyası bu kitabı almaq üçün 10.000 qızıl təklif edəndə Əli Əmiri heç bir tərəddüd etmədən bunu rədd etmiş və belə cavab vermişdi: "Mən kitablarımı millətim üçün topladım. Dünyanın bütün qızıllarını mənim qarşıma qoysalar, bu kimi bir kitabı, heç bir kitabımın bir səhifəsini belə satmaram." Bunabənzər daha cəlbedici başqa bir satınalma təklifi də Fransadan gəlmişdi. Fransızlar Əli Əmiriyə bütün kitabları üçün 30.000 qızıl və əlavə olaraq onun adına Parisdə bir kitabxana təklif etmişdilər. Bunu da qətiyyətlə rədd etmişdi.
Əli Əmiri millətinin mədəniyyət mirasının qorunmasında böyük şücaət, həssaslıq göstərmiş, hər cür maddi mənfəəti kənara qoyaraq, həyatını və fəaliyyətini xalqına həsr etmişdi. Bu yüksək fədakarlığı zamanla türk dünyasına ən böyük xidmətlərindən biri olaraq qalacaq. Kitab sevdalısı Əli Əmiri təkbaşına axtarışa çıxaraq XI əsr abidəsi "Divanü lüğat-it-türk"ü türk dünyasına və bəşəriyyətə tanıtdı. Biliyi, diqqəti və zəhməti olmasa idi, bu nadir əsər məhv olar və türk mədəniyyəti bu böyük xəzinədən məhrum qalardı.
23 yanvar 1924-cü ildə fransız xəstəxanasında vəfat edən Əli Əmiri Fatih türbəsinin xiyabanında dəfn edilmişdir. Bu günlərdə tamam olan 101 yaşını anaraq, "Divanü lüğat-it-türk"ün yazılmasının 950-ci ilində ona rəhmət diləyirik. Məkanı cənnət olsun! Millətinə əvəzsiz xidmət göstərən Əli Əmiri Əfəndi heç vaxt unudulmayacaq bir şəxsiyyət kimi türk dünyasının yaddaşında qalacaq!
Son söz əvəzi
Bu kitab deyil - Türküstandır! Türküstan yox - cahandır!
Bukinist Bürhan bəy "Divanü lüğat-it-türk"ü Əli Əmiriyə 33 qızıl lirəyə satdı. Tələt Paşa Əli Əmiriyə 300 qızıl lirə göndərsə də, qəbul etmədi, cavabında yazdı: "Lütfünüz və qədirbilənliyinizə təşəkkür edirəm, lakin pulu qəbul edə bilmərəm. Çünki vətənə kiçik bir milli xidmət qarşılığında pul almış olacağam. Bu mənim vicdanıma ağır gəlir. Təşəkkür edərək, pulu geri göndərirəm. Siz bu pulu yardıma ehtiyacı olan bir neçə namuslu ailəyə versəniz, mənim sizə təşəkkür edəcəyim kimi, Cənab Haqq da məmnun olar. Bu yardımı "Divanü lügat-it türk" adına verin". Macarıstan Elmlər Akademiyası "Divan"ı almaq üçün Əli Əmiriyə 10 min, Fransa 30 min qızıl pul təklif etsə də - razılaşmır. Əli Əmirinin ləyaqəti bu kitabı almazlara, zümrüdlərə dəyişmədi. İllərcə adı bəlli olsa da, itmiş hesab olunan "Divanü lüğat-it-türk"ü elm aləminə ərməğan etdi.
"Qurani-Kərim"də deyilir: "Kimin gözü tox olarsa, Allah onu zəngin edər!"
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!