Bu yazını yazmaq ilhamı mənə professor "Kamran İmanovun Qafqaz Albaniyası və Kiçik Asiya Hattiləri" kitabını oxuduqdan sonra gəldi. Kamran müəllimin bu əsərində mənim düşüncələrim və araşdırmalarımla uzlaşan tarixi faktların varlığı artıq bitirməkdə olduğum "Romanın Turan tarixi" kitabıma hatti mövzusunda bir fəsil də əlavə eləmək zərurəti yaratdı və mən elmi-bədii üslubda daha bir yazı yazdım.
Hattilər (e.ə. III-II minilliyin əvvəli) Kiçik Asiyanın, Anadolunun şimal-şərqində, Qızıl İrmaq çayı hövzəsində dövlət qurmuş qədim xalqdır. Müəyyən zamanlarda, hattilər Anadolunun böyük hissəsinə və Mesapotamiyanın müəyyən ərazilərinə də nəzarət etmişlər. Qədim dünyanın sakinləri hattilər və hettitlər XX əsrin əvvəllərində (1906-12) Boğazköydə (Ankaradan 150 km aralı) arxeoloq Hüqo Vinklerin apardığı qazıntılar zamanı heroqlifik və mixi yazılardan ibarət, e.ə. XVII-XII əsrlərə aid edilən çoxlu sayda gil lövhələrin tapılmasından sonra elmi dairələrin gündəminə gəldilər. Hettit dövlətinin paytaxtı Xattuşdakı kral sarayının xarabalıqlarından tapılan 13000-ə yaxın sınıq və sağlam gil tablet, deşifrə edildikdən sonra bilinən qədim mədəniyyətlər sırasına daha bir mədəniyyət də əlavə edildi (İ.Fridrix. Kratkaə qrammatika xettskoqo əzıka. M.1952. s.5). Gil lövhələrdəki yazıları ilk dəfə deşifrələyən, hettit dilinin ilk qrammatikasını yazan çex assuriyaşünası Friedrich Hrozny buradakı yazıların hettit, luvi, palay, hatti, hurri, kaska kimi adlandırdığı dillərdə olduğunu bildirdi və elm aləmi bunu belə də qəbul etdi. F.Hrozny və ondan sonra digər alimlər hettit, luvi, palay adlandırdıqları xalqların dillərinin hind-ari qrupuna, hatti\kaski və hurriləri isə Qafqaz dilləri qrupuna aid etdilər (İvanov V.V. Xettskiy əzık. M. 2001. s.9). Araşdırmalar davam etdikcə məlum oldu ki, bu xalqlar arasında ən qədim Anadolu sakinləri, özlərini hatti, dillərini "hattili" adlandıran və şimaldan gələn ari tayfaları tərəfindən fəth olunaraq mədəniyyəti mənimsənən xalqdır. Onların dilində ayrıca olaraq yazılı abidələrə hələ rast gəlinməsə də, hettit yazılarında olan hatti dilinə aid toponimlər, şəxsi adlar, tanrı adları, kiçik dini mətnlər dilçi-alimlərə bu xalq və onun dili barədə mülahizə yürütməyə imkan verdi. Hettit dilində olan mətnlərdə "hattili"yə (hattilərin dili) aid nümunələr əsasən dini mətnlərdən ibarətdir, bu da işğalçıların fəth olunan xalqın dinini qəbul etməsindən xəbər verir (İ.Fridrix. Kratkaə qrammatika xettskoqo əzıka. M. 1952; Qiorqadze Q.Q. K voprosu o lokalizaüii v əzıkovoy strukture kaskskix gtniçeskix i qeoqrafiçeskix nazvaniy. - Peredneaziatskiy sbornik. M., 1961). Hesab olunur ki, hittit dilində işlənən dövlət idarəetməsinə, dini ayinlərə, kənd təsərrüfatı və istehsala aid çoxlu sayda söz və termin hattilidən götürülüb (Goedegebuure P.M. Hattic language. 2008. 146).
Mən öncə də V.Brandenşteynin (1937) hatti dili ilə etrusk dili arasında paralellər apardığını, onlarda türkizmlərin olması barədə mülahizə irəli sürdüyünü qeyd eləmişəm. Yəqin ki, V.Brandenşteyndə bu fikri yaradan Fridrix Hroznynın 1917-ci ildə Leypsikdə nəşr etdirdiyi "Hetit dili" (Die Spracher der Hethither) kitabı olub. V.Brandenşteynin kimi təcrübəli şərqşünasın Hroznynın kitabının dərin qatlarında gizlənən türkizmləri və etruskarla hattilər arasında olan ilişkiləri görməsi heç də təəccüblü deyildi. Bu əsərində B.Hrozny ilk dəfə olaraq hatti və hettit dillərini bir-birindən ayırır, hatti tanrısı Kulseslə etrusk tanrısı Kulsans arasında əlaqə barədə mülahizə yürüdür və etruskların Apenninə Kiçik Asiyadan köçmələri ehtimalını bir daha təsdiqləyir (Qroznıy B. Xettskie narodı i əzıki. /VDİ, №2, 1938.). Amma bu iki böyük alimin, türkoloq Brandenşteynin və assiroloq Qroznının fikirləri başqa alimlər, o cümlədən, Türkiyə alimləri tərəfindən dəstəklənmədi, bütün diqqətlər Hatti dövlətini süquta uğratmış və onların dövlətindən başqa adına, dininə və mədəniyyətinə sahiblənmiş köçəri ariya tayfalarına yönəldi. Hroznynın dillərini nişilili, luuili, palamnili adlandırdığı bu ari tayfalarını, tamam ayrı xalq olduğu təsbit edilən hattilərdən fərqləndirilmək üçün onlar xettlər (hittitlər) adlandırıldılar, burada yəqin ki, "Bibliya"da bir neçə yerdə xett (Hittim) adının keçməsi (Varlıq. XV. 19-21, XXIII, XXVI. 34) öz rolunu oynayıb. Tapılan mətnlərin aridilli olduqları güman edilən xettlərə aid olması, Avropa və Türkiyə alimləri arasında hattilərə olan marağı tamamilə olmasa da, xeyli azaltdı. Adilə Ayda bu barədə ürək ağrısı ilə yazırdı: "Bilindiği gibi M.Ö. 2000 yılında Anadoluya gelmiş olan Hittitler Hint-Avrupalı bir millettir. Onlardan önce, Orta Anadoluda Hattiler vardı. HittitIer Hattilerin medeniyetine konmuşlardır. Georgiev Hittit Hattı ayırımını yapmıyor, bizim hittitologlarımız da varsa yoksa, Hithitlerle ilgileniyor ve uğraşıyorlar, Hattilerle uğraşmağa gerek görmüyorlar. Hattiler hanki soydandı? Dilleri ne idi? Bu problemler onlar için önemli değildir. (A.Ayda. Türklerin ilk ataları. An. 1986). Gerçəkdə nişilili, luuili, palamnili dillərinin hind-avropa dillərinə aid edilməsinin özü də şərti idi, onlar qrammatik cəhətdən hind-iran-avropa dillərinə bənzəsələr də, leksikalarına görə hattiliyə və hurrit dillərinə daha yaxın idilər. (Carl Darling Buck. The Language Situation in and about Greece in the Second Millennium, B.C., CP 21 1926)
Amma hattilərin, hurrilərin və kaskaların Qafqaz dilləri qrupuna aid edilməsi Sovet elminin diqqətini çəkdi və bu yöndə çoxsaylı araşdırmalar aparıldı. Bu teoriyanın yaranmasında əsas səbəblərdən biri, agglünativ dillər qrupuna aid edilməsinə baxmayaraq, Hatti və hurrit dillərində bir çox Şimali Qafqaz dillərində olduğu kimi söz önləri - prefikslərin önəmli rol oynamasıydı.
İ.Dyakonov, V.Q.Arzimba, Melikişvili, Q.Q.Qiorqadze, V.V.İvanov, Dunayevskaya və s. kimi alimlər dövrün ideologiyasına uyğun olaraq maraqlı tədqiqat işləri ortaya qoydular, amma bu araşdırmalarda da əsas məqsəd hettit dövlətinə daxil olan tayfaların Hind-Avropa dillərində danışdıqlarını isbat etmək idi. Hind-Avropa kriteriyasına uyğun gəlməyən xalqların (hattilər, hurrilər, kaskalar - ga-as-ga) mənşələri isə ən yaxşı halda Şimali Qafqaz xalqları arasında axtarılırdı.
Məsələn, müəlliflərdən biri dissertasiyasına yekun olaraq yazırdı: "Qafqaz dilləri qrupundan olan protohurrilərin ən yaxın qohumları pelasklar, lulubeyler, qədim elamlılar, qədim babillilər, hattilər, həmçinin kutilər və şumerlər idi" (Djamirzaev S.M. Problemı drevney gtniçeskoy istorii Qruzii i Kavkaza: K drevney istorii naxskix plemen III-I tısəçeletiə do naşey grı. 1998).
Bu yazıda mən daha çox hatti\kaska, etrusk, iskitlər və türklər arasında olan mümkün ilişkilərdən qısa da olsa bəhs etmək istəyirəm. Bu ilişkilərdən birincisini etruskoloqlara ipucu olaraq hettit heroqliflərini və mixi yazılarını ilk dəfə oxumuş F.Hrozny özü verib - o etruskşünaslara hatti tanrısı Kulseslə etrusk tanrısı Kulsans arasında əlaqənin araşdırılmasını tövsiyə edir və bu əlaqə şübhəsiz ki, var. Bu tanrıların ad oxşarlığını bir təsadüf də saymaq olardı, amma bu mövzuda yazılmış elmi kitablara nəzər yetirəndə anlamaq çətin deyil ki, bu məsələdə təsadüf ehtimalı çox azdır, çünki hörmətli alimlərin görməzdən gəldiyi belə təsadüflər lazım olduğundan da çoxdur. Bununla bağlı mən gil lövhələrə cızılmış müxtəlif mətnlərdə rast gəlinən bəzi oxşar məqamları oxucuların nəzərinə çatdırmaq istəyirəm, çünki bu hələ də elmdə qaranlıq labirintin koridorlarını xatırladan bir mövzunun gələcək tədqiqatçıları üçün də "Ariadna ipi" ola bilər.
Başlayaq etrusklarda müqəddəs sayılan, az qala totem rolunu oynayan "12" rəqəmindən. Bildiyimiz kimi, etrusklarda bir "12" rəqəmi heyranlığı var, etrusk birliyi 12 şəhərdən ibarət olur, başçı likumonların 12 müşaviri olur, tanrılar şurası 12 nəfərdən ibarətdir və s. 12 rəqəminə eyni heyranlığı biz hattilərdə və onların mədəniyyətini qəbul etmiş hettilərdə də müşahidə edirik. V.Q.Arzimba "Qədim Anadolunun ritualları və mifləri" əsərində H.Güterbocka istinad edərək (Güterbock. H.G. An initiation Rife for a Hittite Prince...1969. P. 99-103) hettitlərin "Hassumas" adlı dini bayramını təsvir edir, bu bayramda tanrılara xidmət göstərən əsas sima hettit krallığının vəliəhdidir. O bu bayrama 12 kahinin müşayiəti ilə gəlir və məclisdə onlar vəliəhdin qarşısında otururlar (s. 40), vəliəhd tanrıları yedizdirən zaman onu 12 saban (xış) adamı müşayiət edir (s. 40), o 12 dəfə 12 tanrı ilə kasadan şərab içir (s. 41), məbəd kahinləri ona 12 cariyə gətirirlər (s. 42), mərasim boyu vəliəhdin yanında 12 qoruyucu olur (Ardzimba V.Q. Ritualı i mifı drevney Anatolii. M. 1982). Hatti mədəniyyətinin məşhur araşdırmaçısı A.Kammenhuber bu bayramın hatti bayramı olduğunu göstərir, yəni bu bayram gəlmə hittitlər tərəfindən mənimsənmişdir (Kammenhuber A. Hattisch. 1969, s.435). Bu bayramda tanrıların yedizdirilməsi mərasimi zamanı, ritualda vəliəhdlə bir yerdə 12 saban adamın iştirakı diqqət cəlb edir, demək, xışla işləyən adamlar Hatti, ondan sonra isə Hettit cəmiyyətinin elitasına daxil idilər. Bunların sadə əkinçilər olması heç də ağlabatan deyil, çünki quldar bir cəmiyyətdə əkinçilərin vəliəhdi dövlət törənində müşayiət etməsi sadəcə absurddur. Biz Etrusk cəmiyyətində xışla əkmənin oynadığı rol barədə başqa fəsillərdə danışmışıq, orada da xışla əkməni cəmiyyətin ən yüksək təbəqəsi - likumonlar həyata keçirirlər və bu mərasimlə sərhədləri sakrallaşdırırlar. Eyni qayda ilə, iskitlərdə də xış dörd hakimiyyət atributundan biri kimi hakim ailə üçün səmadan endirilir, yəni hattilərdə də, etrusklarda da, iskitlərdə də xış bir hakimiyyət atributu olaraq ciddi sakral məna daşıyır. Bu bayramda həmçinin 12 qurd adam da iştirak edir. Ümumən hittit mətnlərində qurd və qurd sürüsü terminlərinə bir çox yerlərdə rast gəlinir və onlar əsasən, tayfalar və tayfa strukturları təsvir olunarkən işlədilir. Hettit hökmdarı I Xattusilisin vəsiyyətində pankusa - nəsillər şurasına müraciət edən hökmdar "nəsliniz qurd nəsli kimi bütov olsun" ifadəsini işlədir, yəni qurd bu cəmiyyətdə bütövlük rəmzi simvolu kimi xatırlanır. Digər mətnlərdə də xalq birliyindən söhbət düşəndə "qurd", "qurd sürüsü" ifadələri geniş işlədilir (A.E.Naqoviüin, "Maqiə xettov" M. 2004. s.287). Gördüyümüz kimi, qurd obrazı ilə bağlı mifik düşüncə etrusk və göytürk cəmiyyətlərində olduğu kimi, hattilərdə, onlardan sonra hittitlərdə də böyük önəm kəsb edib.
Hittit mətnlərini araşdırarkən belə bir nəticəyə gəlmək olar ki, hatti-hittit təsəvvürlərinə görə dünya qadın tanrı tərəfindən yaradılıb, bu cür mifologiya qədim pelask təsəvvürləri ilə üst-üstə düşür (Robert Qreyvs. Mifı Drevney Qreüii. - M.: Proqress Tradiüiə. - s.37-38. A.E.Naqoviüin, "Maqiə xettov" M. 2004. s.35). Hattilərin ali tanrıları, ildırım tanrısı Tarkunta və "Ha-an-na-ha-an-na" - analar anası, Günəş ilahəsi Vurusema hesab olunur (KUB XXXIII, 59, 111). Tarkunta hattilərin və hettitlərin paytaxtı Hattişanın, Vurusema isə hattilərin qədim paytaxtı Arinnanın baş tanrısı idi. İstər hatti dövləti, istərsə də hittit dövləti etrusklarda olduğu kimi bir ali hökmdara tabe olan şəhər - dövlətlərdən ibarət idi, hər şəhərin isə öz hökmdarı, tanrı panteonu və əsas hami tanrısı olurdu, buna görə onların tanrı panteonunu müəyyən etmək böyük çətinliklərlə bağlıdır. Məsələn, bir hittit tabletində oxuyuruq: "Günəş tanrısı Sipparda qərar tutub, Ay tanrısı Kusunda, Şimşək tanrısı Kummidə, İştar Nineviyada, Nanaya Kiesində, Marduk isə Babildə" (A.E.Naqoviüin, "Maqiə xettov" M. 2004. s.9).
Tapılan sənədlərin böyük hissəsi Babil mixi yazıları ilə yazılıb, hittit dili isə kar və cingiltili samitləri bir-birindən ayırmağa imkan vermir, buna görə tanrı adlarının oxunuşu böyük çətinliklər törədir. Bundan əlavə, mətnləri yazan xəttatlar eyni zamanda hatti\kaska, hittit, luvi və palay dillərindən istifadə etmişlər, burada adların və müxtəlif terminlərin yazılışında çoxlu səhvlərin buraxılması da istisna deyil (A.E. Naqoviüin, "Maqiə xettov" M. 2004.). Boğazköy mətnlərinin yazıldığı dövrdə dini mərasimlərdə istifadə olunan hatti dili artıq ölü dilə çevrilmişdi, buna görə xəttatların adların yazılışında səhv etmələri təbii idi. Bunlarla yanaşı hittit mətnlərində şumer - babil terminləri, tanrı və tanrıçalarının adları da geniş təmsil olunur, burada hansı tanrının hansı xalqa aid edilməsi böyük çətinliklər törədir, buna görə də mixi yazıların müxtəlif alimlər tərəfindən bir-birindən fərqlənən oxunuşları mövcuddur. Yuxarıda qeyd etdiyimiz məqamları nəzərə alaraq, qarışıqlıq yaranmasın deyə, biz yalnız elmi camiyə tərəfindən hatti tanrıları kimi təsbit edilmiş tanrıları nəzərdən keçiririk.
"Hassumas" törənlərindən bildiyimiz kimi etrusklarda olduğu kimi, hattilərin panteonunda da 12 əsas tanrı olub. Panteonun başında Tar\Tarkunta adlanan Şimşək tanrısı və Vurusenna adlı Günəş və Səma tanrısı dayanır, ümumən bu iki tanrı müxtəlif adlar və ya epitetlər altında bütün şəhərlərin baş tanrılarıdır. Onlar ölkənin və hökmdarların hamiləridir, hökmdarlar onların hökmü ilə taxtda oturur, başqa dövlətlərlə sazişlər bağlayırlar. Tabletlərdə deyilir: "Mənə dövləti və əraziləri Günəş və Şimşək tanrıları verdi" (KUB XXIX,1,I,17-19; A.E.Naqoviüin, "Maqiə xettov" M. 2004 s.426).
Etruskların ali tanrıları Tin və Uni adlanır, sonralar onların sırasına Menerva da əlavə olunub, amma hattilərdə hələ belə triumfirat yoxdur, amma Hattilərin Şimşək tanrısı Tarkuntanın adı etruskların əcdadı hesab olunan Tarkona çox bənzəyir. Hatti\kaska mətnləri hələlik tam öyrənilməyib, ola bilsin ki, Tarkların Tarkunta ilə bağlılığı barədə hər hansı bir mif də var və gil lövhələr labirintində öz tədqiqatçısını gözləyir.
Hatti mifik təfəkküründə Şimşək tanrısı ilə yanaşı Günəş tanrısı Vurusenna da mühüm yer tutur, mətnlərdə o həm də "Haannahaanna" ("Ha-an-na-ha-an-na") adlandırılır. "Haannahaanna"nın tərcüməsi elmdə "analar anası", "böyük ana" kimi qəbul edilib. Hatti dilində "anna" məfhumu türk dilində - ana, "atta" - ata mənasını verir, bəzən attaş, annaş ifadələrinə də rast gəlinir (İvanov V.V. Xettskiy əzık. M. 2001. s.48). Etrusk mətnlərində bu terminlər "api" və "ati" kimi qeyd olunub. Hatti panteonunda olan ilahə Vurusennanı pelask Aylitiyası\İlifiyası, iskit Tabitisi, etrusk Unisi ilə müqayisə etmək olar. Uninin daha qədimdə etrusk dilində ana mənasını verdiyini, onun mənşəyinin hatti "anna"sından gəldiyini də güman etməyə ciddi əsaslar var.
Hattilərdə, etrusklarda və türklərdə olduğu kimi, hökmdarlar həm də kahin funksiyası daşıyırdı. Mətnlərdə tabarni-lugalli ifadəsinə rast gəlinir, şumer-akkad mənşəli luqal kəlməsi etruskların lukumon kəlməsi ilə eyni prinsip üzrə qurulub. Hatti dilində hökmdar tabarna, onun qadını (katun) tabananna adlanırdı, şumerdə isə hökmdar kahinlərə en-luqal deyilirdi (A.S.Kasğən. LEKSİÇESKİE KONTAKTI XATTSKOQO ƏZIKA. S-Peterburq. Nauka. 2010).
Hittit mətnlərində Apuluna adlı tanrı adı da keçir (KUB XXIX 1), onu etrusk Aplusu, ellin Apollonu ilə müqayisə etmək olar. Hattilər, etrusk və göytürklərdə olduğu kimi, kainatı üç şaquli dünya kimi təsəvvür edirdilər. Tabletlərin birində deyilir: "Yuxarıdakı tanrılar özlərinə səmanı götürdülər, aşağıdakı tanrılar Yeri və alt ölkəni götürdülər" (Otten H. \ Siegelova J, "Die hethitischen Gul-Gottheit ... 1970, c. 32). Hettit mətnlərində verilən ovsunların birində isə Üçpilləli dünya ağacı təsvir olunur. Onun yuxarısında qartal, ortasında arı, aşağısında ilan qərar tutur (Arzinba 1977, s.119-120).
Hattilər Orta dünyanı "arılarla" ilişkiləndirirdilər, ilahə Vurusennanın epitetlərindən biri də Kamrusepa (Kam ru se pa) idi və bunu "arı pətəyinin ruhu" kimi tərcümə edirlər, yəni burada "kam" - ruh, "ru"\"uru"- arı mənasını bildirir (A.E.Naqoviüin, "Maqiə xettov" M. 2004. s.35). Bu İlahənin digər bir epiteti də "Katah sipuri"dir, bu da quş kraliça, uçan kraliça, yəni ilahə kraliça kimi tərcümə olunur. Hattilərdə tabarna, tabannana məfhumları ilə yanaşı, kral mənasını verən "kat" məfhumunun işləndiyini də görürük. Bildiyimiz kimi, prototürklərdə kat\kay həm də hökmdar mənasını verirdi, kraliça isə katun adlanırdı. Hattilərdə Vurunkati\Vuruskati adlı savaş tanrısı da olub, bunu da "vuruş kralı", savaş kralı kimi anlamaq olar. Mətnlərdə Papa aya, İstusta aya, (KUB XXIX 1) kimi Aşağı dünya tanrılarının adları da keçir. Tanrı Papa ayanı etrusk "papayoy"u ilə müqayisə etmək olar. E.ə. VII-IV əsrlərdə Anadoluda insanların Aya adlanan Ay tanrısına tapındıqları ilə bağlı məlumatlar var (Stepanyan A.O. 2005). AY\AYS məfhumu etrusklarda tanrı mənasında işlənir, hittit yazılarında şumer və akkadda olduğu kimi tanrı mənasında dingir işarəsindən istifadə olunur.
Pelasklar baş ilahələrini Ayilitiya adlandırırdılar, uzmanların rəyinə görə etrusk tanrısı Ayta da, yunan tanrısı Aid də pelask mənşəlidir. Paul Kreçmer pelaskların yunanlardan öncə Balkanlara Anadoludan getdiklərini və linqvistik izlər qoyduqlarını bildirir [Kretschmer P. Enleiting in die Geschihte der griechichen Sprache. Gottingen, 1896]. Jeyms Mellartın və Frits Şahenmayerin Çatal-Huyukda apardığı arxeoloji tədqiqatlar Kreçmerin mülahizəsini təsdiqlədi və onlar pelaskların e.ə. IV minillikdə Kiçik Asiyadan Egey dənizi hövzəsi vasitəsilə adalara və Balkanlara köçdüklərini bildirdilər [Schachermeyr 1976; Mellaart 1965-1966; Mellaart 1975. "Southeastern Europe: The Aegean and the Southern Balkans]. Buradan çıxış edərək hattilərin və pelaskların etnik yaxınlığı barədə də mülahizə yürütmək olar, çünki bir sıra tədqiqatçılar tərəfindən pelaskların bir müddət Anadolunun şimalında yaşadıqları, Kulses, Aplu, Yanus kimi tanrılar barədə təsəvvürləri Etruriyaya apardıqları güman olunur. Həmçinin etruskların İtaliyaya köç etdikləri qədim Lidiya əraziləri də pelaskların yaşadıqları ərazi ilə bağlı ola bilərdi və onların hər ikisini etruskların əcdadı saymaq olar (A.E.Naqoviüin, "Maqiə xettov" M. 2004. s.128).
Pelasklardan başqa kaşka adlanan xalq da hattilərə yaxın hesab olunur. V.Melikişvilinin, Q.Qiorqadzenin və İ.Dyakonovun tədqiqatları hattların və kaşkaların\kaşqayların dillərinin yaxın olduğunu göstərir. E.fon Şuler kaşkayların Kiçik Asiyaya m.ö. II minilin ortasında gəldiyini qeyd edir. Q.Qiorqadze isə kaşkaları Kiçik Asiyanın ən qədim yerli sakinləri hesab edir və onları həmin ərazidə m.ö. III minillikdə yaşamış hattilərlə qohum xalq sayır. Bu gün İranın cənubunda yaşayan türkdilli kaşqay xalqını kaşkaların varisləri hesab edənlər də az deyil. Həmçinin qədim kaspiy xalqını da hatti və kaşkalarla bağlayanlar var.
Mənim bu yazımda hattilərin dil xüsusiyyətlərini, mifologiyasını və inanc sistemini geniş şərh etməyə imkan yoxdur, bunun üçün geniş tədqiqat işləri aparılmalıdır. Bu məqalə də daha çox informativ xarakter daşıyır, düşünürəm, burada verilən məlumatlar tariximizlə məşğul olan tədqiqatçılar üçün faydalı olacaq və onlar tariximizin bir səhifəsi olan hatti mədəniyyəti ilə daha dərindən maraqlanacaqlar. Ümumtürk və qədim Azərbaycan tarixi ilə bağlı daha elmi dəlillərə söykənən araşdırmalar aparacaqlar, Hatti, Hurrit, Urartu kimi dövlətlərin xalqımızın tarixində və etnogenezində oynadıqları rolu gələcək nəsillərə çatdıracaqlar. Türk və Azərbaycan tarixi o qədər qədim və zəngindir ki, başqalarının onu mənimsəməyə çalışmalarına həmişə barmaqarası baxmışıq. Azərbaycan alimi Kamran İmanov hattilərin Qafqaz Albaniyasının etnogenezində ciddi rol oynamaları barədə çox maraqlı mülahizələr irəli sürür və Azərbaycan və Türkiyənin elmi dairələri nəhayət, bu məsələyə daha məsuliyyətli yanaşacaqlar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!