Türk xalqlarının tarixşünaslığı məsələsi, əlbəttə, Birinci Türkoloji Qurultayın birbaşa maraq dairəsinə daxil deyildi, bununla belə onun ikinci iclası akademik Vasili Vladimiroviç Bartoldun "Müasir vəziyyət və türk xalqları tarixinin araşdırılmasının ən yaxın vəzifələri" məruzəsilə açılmış, məruzəçinin ilk mülahizələri bunlardan ibarət olmuşdur ki, "türkologiya sahəsinə aid edilə bilən elmi fənlər arasında türk tayfa və xalqlarının tarixi xüsusi yer tutur. Tarixi həyatı boyu, bəzi istisnalar olmaqla, türklər öz dillərində tarixi ədəbiyyat yarada bilməyiblər. Köçəri türk tayfalarının tarixi bizə, əlbəttə, daha çox onların mədəni qonşularının məlumatlarından bəllidir, lakin hətta türklərin istila etdikləri ölkələrdə oturaq həyata keçdikləri və türk sülalələrinin hakimiyyəti altında mədəni dövlətlər yarandığı yerlərdə də məğlub edilənlərin mədəniyyətinin təsiri o qədər güclü idi ki, ədəbiyyatın, xüsusilə də nəsrin dili türk dili yox, onların dili olurdu".
Türkologiyanın nəinki bugünkü, hətta həmin mülahizələrin söyləndiyi günlərdəki səviyyəsindən yanaşsaq, akademiklə razılaşmaq elə də asan deyil. Hər şeydən əvvəl ona görə ki, qədimliyi heç bir şübhə doğurmayan türk dili (və onun müxtəlif diferensial təzahürləri) əvvəl şifahi (epos), sonra isə yazılı formada türklərin tarixini həmişə müşayiət etmişdir; ikincisi, ərəbcə və ya farsca mövcud olan türk tarixşünaslıq mənbələrinin əksəriyyəti, ya türklər tərəfindən qələmə alınmış, ya da türkdilli şifahi qaynaqlara əsaslanmışdır; üçüncüsü isə, I minilliyin sonu, II minilliyin əvvəllərindən etibarən türklərin İslam dünyasında qazandığı siyasi hakimiyyət onların hər üç dildən ? ərəbcə, farsca və türkcədən eyni zamanda istifadə ənənəsini yaratmışdır ki, bu üçdilliliyin özü də türk tarixşünaslığı üçün bir mədəniyyət hadisəsidir.
V.V.Bartoldun işlətdiyi "köçəri türk tayfaları" ifadəsi türklərin tarixinə münasibətdə doğru olmayan (və artıq özünün, əgər belə demək mümkünsə, mürtəceliyini sübut etmiş) konsepsiya"dan irəli gəlir. Akademik Tofiq Hacıyev tamamilə haqlı olaraq, hələ orta əsrlər bir yana, qədim türk tarixində "imperiya" anlayışını, prinsip etibarı ilə, "köçərilik" anlayışını istisna etdiyini göstərir.
Məruzənin "türk xalqlarının tarixini öyrənmək üçün türkoloq olmaq kifayət deyil. Hansı dövrlə maraqlandığndan asılı olaraq, çinşünas, ərəbşünas və ya iranşünas da olmaq lazımdır" fikrinə gəldikdə isə, əlbəttə, kökündən yanlışdır. Çünki türklərin tarixini öyrənmək üçün məhz türkoloq olmaq lazımdır, ancaq təbii ki, müvafiq dillərdəki məlumatlara bələdliklə... Yeri gəlmişkən, elə bu cür yanlış münasibətin nəticəsidir ki, ərəbşünaslar, iranşünaslar müəyyən dövrlərdə türk tarixşünaslığında meydan sulamış, çox ciddi elmi-metodoloji qüsurlara yol vermişlər.
V.V.Bartoldun qədim türk (run) yazılı abidələrinin tarixi əhəmiyyətinə münasibəti də "maraqlıdır": gah deyir ki, həmin abidələr tapılana qədər də onları yazan xalqın türk mənşəli olmasına heç bir şübhə yox idi; gah onların dəyərini "çin mənbələrinin məlumatlarını tamamlamaq"la məhdudlaşdırır; gah da hələ tam tədqiq edilib öyrənilmədiyini deməklə abidələrin istifadəyə yaramadığı barədə təsəvvür formalaşdırır. Və bütün bunlar ona görədir ki, türkdilli mənbələrin türk tarixini (əslində tarixşünaslığını!) yaratmağa kifayət etmədiyi, bunun üçün onların "mədəni qonşuları"nın dilində yazılmış əsərlərə müraciət eləməyin lazım gəldiyi barədəki "ideya" təsdiq olunsun.
Akademikin məruzəsinin metodoloji baxımdan ən qüsurlu cəhəti, fikrimizcə, türk tarixinin bütövlüyünə məhəl qoymaması, etnosun etnik-mədəni diferensiasiya qanunauyğunluqlarına deyil, epizodik faktlara istinad etməyə meyil göstərməsidir. O, açıq-açığına demişdir ki, "hazırda əlimizdə olan mənbələr hələ Orta Asiyanın qərbində türklərin mədəni tarixinin əsas faktlarının - onların İslam və fars-müsəlman mədəniyyəti təsirinə tədricən tabe olmasının aydınlaşdırılması üçün imkan vermir". Bununla yanaşı, deyir ki, türklər "bəlkə də, elə Orxon əlifbası üçün də Suriya xristianlarına yox, soqdilərə minnətdardılar". Beləliklə, "əsas fakt" yoxdur, qədim türk əlifbasının isə türklərə aid olmadığı güman olunur. "Ən maraqlısı" isə odur ki, türk tarixinin türkdilli mənbələrini "axtaran" nüfuzlu tədqiqatçı Mahmud Kaşğarinin "Divan"ından danışarkən türk təəssübkeşliyinin bu möhtəşəm abidəsi barədəki mülahizələri son dərəcə sönük, əsərin ideya-məzmunundan tamamilə uzaq təsirini bağışlayır:
V.V.Bartold demişdir:
"Əlamətdardır ki, türklər İslamı könüllü şəkildə, müsəlman silahı tərəfindən heç bir təzyiq olmadan qəbul etmişdilər. Türklərin İslama tabe olmaları bu dinin mədəni qüvvə kimi əhəmiyyətinin lehinə olan daha bir sübutdur"... Ancaq onu deməyi unutmuşdur ki, türklər İslamı zəngin dini-mifoloji, mənəvi-əxlaqi və sosial-ideoloji dünyagörüşü zəminində qəbul etmişlər. İslam türk cəmiyyətinə heç də bəzilərinin düşündükləri kimi inam boşluğunu dolduran bir axın olaraq gəlməmişdir. Əgər belə olsaydı, türklər islamın qəbuluna ciddi müqavimət göstərərdilər. Ona görə belə bir müqavimət özünü göstərmədi ki, türk tanrıçılığı, mənbələrin də şəhadət verdiyi üzrə, təkallahlı bir dinə çevrilməyin astanasına gəlib çıxmışdı.
Müsəlman dünyasında ərəblər və farslardan sonra "üçüncü ən böyük etnoqrafik element" sayıldığını etiraf etməklə yanaşı, V.V.Bartold çalışır ki, türkləri daim ərəb, xüsusilə, İran təsiri altında təqdim etsin. Ancaq yada salmaq istəmir ki, XI-XII əsrlərdən etibarən ərəb xəlifələri türk hökmdarlarının dedikləri ilə oturub-durduqları kimi, İran şairləri də həmin hökmdarlarının himayəsində idilər.
Görkəmli tarixçi bir sıra hallarda bilavasitə cəmiyyət tarixi məsələlərindən kənara çıxıb türklərin mədəniyyət, mənəviyyat tarixinə nüfuz etməyə çalışarkən birtərəfli, əsassız mülahizələr irəli sürmüş, məsələn, demişdir:
"İslamı qəbul edəndən sonra türklər müsəlman dindarlığının sadiq müdafiəçilərinə çevrildilər. Qərbdə bərbərlər kimi, Şərqdə də türklər çox vaxt dinin ehkamlarının müdafiəçisi və onların pozulmasına görə qisasçılar rolunda çıxış edirdilər. Müsəlman türklərin müsəlman ölkələrinə qarşı istilaçı yürüşlərinə bu ideya ilə bəraət qazandırıldı. Mahmud Kaşğari belə bir rəvayət danışır: guya Allah peyğəmbərə deyib ki, "Mənim Şərqdə türklər adlanan qoşunum var, hər hansı bir xalqa qəzəblənəndə türkləri onların üstünə göndərirəm". İslama olan səmimi sədaqətləri üzündən, bərbərlər kimi, türklər də bəzən maddi, mənəvi və mədəni nailiyyət əleyhinə yönəlmiş dini irticanın alətinə çevrilirdilər".
Birincisi, türklərin bərbərlərlə müqayisəsi heç yerinə düşmür... İkincisi, İslamı qəbul etməzdən min il əvvəldən də türklərdə hərb sənəti inkişaf etmişdi. Odur ki, onların (türklərin) İslam bayrağı altında "kafirlər"ə qarşı yürüşlərini dinə sədaqətin təzahürü kimi qiymətləndirmək özünü doğrultmur... Üçüncüsü, V.V.Bartold ziddiyyətə yol verir: əgər türklər "müsəlman ölkələrinə qarşı istilaçı yürüşlər" edirdilərsə (və buna məşhur "hədis" haqq qazandırmaqla onların "qisasçılığ"ına dini don geyindirirdisə), onda "dindarlığın sadiq müdafiəçisi" nə deməkdir? İslamın qəbulundan sonra da türklər öz epik həyatlarını müəyyən sosial-etnoqrafik fərqlərlə (məsələn, şəhərləşmənin güclənməsi) davam etdirmiş, heç zaman "dini irticanın aləti"nə çevrilməmişlər... Dördüncüsü, orta əsrlər türk cəmiyyətində heç də bütün təbəqələrin müsəlman dindarı olub, gecə-gündüz İslama sədaqətlə ibadət etdiyini düşünmək illüziyadır. Və V.V.Bartold türklərə münasibətdə daha bir yanlışlığa da burada yol verir. O deyir ki, "türklərin son zamanlaradək köçərilər arasında İslam ehkamlarından daha artıq nüfuza malik və Orta Asiyada müsəlman dindarlığı tələblərilə tam uzlaşan müsəlman mistikasına aludə olmaları da elə bununla (söhbət "dini irticanın alətinə çevrilmək"dən gedir - N.C., M.H., A.Q.) bağlıdır. Türklərin mədəni tarixinin bu cəhətinə son zamanlar Türkiyədə diqqət yetirilir". Professor M.F.Köprülüzadənin Türküstan mistikləri ilə Kiçik Asiya mistikləri arasındakı əlaqələri öyrənməsini təqdir edən məruzəçi həmin müsəlman mistiklərinin (M.F.Köprülüzadənin termini ilə desək, "ilk türk mütəsəvvüflər"inin) dünyagörüşünü düzgün qiymətləndirmir. Hər şeydən əvvəl, təsəvvüf islam dininin əleyhinə olan bir ideya-estetik hərəkatdır, eyni zamanda "dini irtica" ilə nəinki əlaqədardır, əksinə, müxtəlif dinlərə kifayət qədər tolerant münasibətdədir.
V.V.Bartold məruzəsində ərəblərdən, farslardan sonra türklərə monqol təsirindən bəhs edərək demişdir:
"Rəşidəddin əsərini monqol xanları üçün yazmış olsa da, həm təsvirini verdiyi köçəri həyat lövhələrindən, həm də monqolların hərbi müvəffəqiyyətlərinin təsiri altında köçəri ənənələrinin canlanmasından onların özləri yox, türklər faydalandılar. Orta Asiyanın qərb hissəsinə köçən azsaylı monqol elementləri isə tədricən onların içində əridi. Milliyyətlərini itirənədək monqollar yerli həyat tərzini xeyli dəyişməyə nail oldular... Xalqının dili türk dili olan dövlətlərdə monqol imperiyasının ənənələri yaşamaqda idi və taxt-taca varislik hüququ Çingiz xanın xələflərinə məxsus idi. Xalqların adları da dəyişdi: monqollara qədərki dövrdə adları Orta Asiyanın qərbində və Rusiyanın cənubunda çöllərə verilən qıpçaqlar indi artıq bir xalq kimi öz adlarını itirdilər. Əvvəllər monqolların xalq arasındakı adı olan "tatar" sözü indi artıq Volqaboyu və Krımın türk dilində danışan əhalisini bildirirdi".
Monqol hərbi-inzibati aristokratiyası içərisindən çıxan Çingiz xan, məlum olduğu kimi, çox tezliklə genetik baxımdan qohum türklər içərisində bir türk kimi qəbul edilməyə başladı ki, həmin aqibət onun xələflərini də gözləməyə bilməzdi. Sayca az olan monqolların bütöv kütləsinin yox, yalnız onların sözügedən aristokratiyasının türklərə müəyyən təsirindən danışmaq, əslində daha doğru olardı. O ki qaldı "tatar" etnoniminin türkləri də zaman-zaman əhatə etməsinə, bu, rusların, ilk növbədə, Rusiya imperiyası məmurlarının almanları "nemes" adlandırmağa ancaq çatan "fantaziya"larının məhsuludur.
Məruzəsinin sonunda "türk xalqlarının tarixini dünya tarixinin ayrılmaz tərkib hissəsi kimi öyrənən tədqiqatçı qarşısında nə qədər çoxsaylı məsələlər durduğunu göstərməyə çalışan" V.V.Bartold ümid edir ki, "hazırda Kiçik Asiyadan Tobolsk və Turfanadək ərazidə qarşısında öz milli mənliyini itirmədən Qərb mədəniyyətinə yiyələnmək kimi mürəkkəb vəzifə duran həmin xalqların nümayəndələri də bu işin yerinə yetirilməsində iştirak edəcəklər".
"Tatar mədəniyyəti sahəsində ən yeni kəşflər" mövzusunda məruzə edən moskvalı professor İlya Nikolayeviç Borozdin sözünə türk xalqlarının maddi mədəniyyət tarixinin araşdırılması sahəsində az iş görüldüyünü deməklə başlamışdır. Onun aşağıdakı mülahizələri yalnız o dövr üçün yox, bu gün də aktualdır:
"Çingiz xanın yürüşləri Çinin dərinliklərindən başlayıb Orta Asiyadan, Rusiya düzənliklərindən (xatırladaq ki, həmin əsrdə Rusiya hələ yox idi, Qıpçaq çölləri vardı - N.C., M.H., A.Q.) keçərək Qərbi Avropa hüdudlarınadək möhtəşəm bir vüsət aldı. Bir sıra zəngin mədəni ənənələri özündə ehtiva edən maraqlı, özünəməxsus bir mədəniyyət yarandı. Yəqin ki, monqol istilalarının yalnız "hər yerin və hər şeyin" od və qılıncla məhv edildiyi sırf dağıdıcılıqdan ibarət olmadığından danışmağa ehtiyac yoxdur. Bu nöqteyi-nəzər Qərbdə indi də öz müdafiəçilərini tapsa da, onlar bir o qədər də inandırıcı dəlillər gətirə bilmirlər və həmin baxışı arxivə verməyin vaxtı çoxdan çatmışdır".
İ.N.Borozdinin monqol-tatar hərəkatı dövrü barədəki bu qənaətləri yalnız elmi həqiqəti əks etdirməsi baxımından deyil, Qurultayın əhval-ruhiyyəsini yüksəltmək etibarı ilə də diqqəti çəkən idi. Və hətta V.V.Bartoldun bu məsələyə münasibətinə dair gətirdiyi sitat da akademikin birmənalı olmayan məruzəsinə müəyyən rəğbət yaratmaya bilməzdi:
"Sonuncu xarici səfəri haqqında hesabatında akademik Bartold göstərir ki, Londonda oxuduğu mühazirələrində tarixçi Peyskerin "Kembric orta əsrlər Tarixi"ndə çap etdirdiyi köçərilər və köçəri həyatı haqqında ümumiləşdirici məqaləsində açıqladığı bu cür baxışların əleyhinə çıxış etməli olmuşdur. Peysker və onun həmfikirlərinin müqabilində akademik Bartold haqlı olaraq qeyd edir ki, monqollardan sonrakı dövrdə Çindən Rusiyaya qədər böyük ərazidə monqol istilasından əvvəlkinə nisbətən daha yüksək siyasi sabitliyin şahidiyik".
Birinci Türkoloji Qurultayda türk tarixinin, əgər belə demək mümkünsə, monqol-tatar dövrünə xüsusi diqqət yetirilməsi ona görə xüsusi əhəmiyyət kəsb edirdi ki, Çingiz xanın başladığı hərəkat, demək olar, bütün türk xalqlarının taleyinə təsir göstərməklə yanaşı, onların başqa xalqlarla əlaqələrinin sosial, siyasi və mədəni istiqamətlərdə son dərəcə dərinləşməsinə də səbəb olmuşdu... Və məsələnin obyektiv həllini ciddi şəkildə ləngidən bir amil də keçmiş Rusiyada monqol-tatar istilası barədə artıq "kristallaşmış" mövqe idi. Təqdirəlayiq haldır ki, İ.N.Borozdin bu barədə açıq danışmağa üstünlük verərək demişdir:
"...Təəssüf ki, əksər hallarda tatarların və onların yaratdıqları mədəniyyətin təsviri birtərəfli və bayağı şəkildədir. İstilaçı tatarların vəhşiliyi və mədəniyyətsizliyi qırmızı xətt kimi fərqlənir, yalnız tək-tək təsadüfi hallarda səhvən sözün düzü deyilir. İşdə isə tatar abidələrinin diqqətlə və dərindən araşdırılması tamamilə bunun əksinə dəlalət edir".
Oktyabr inqilabından sonra aparılmış arxeoloji qazıntıların Qızıl Ordada kifayət qədər inkişaf etmiş şəhər mədəniyyətinin mövcudluğunu təsdiq etdiyini bildirən məruzəçi belə bir qərara gəlmişdir ki, "hər halda hər hansı bir vəhşilik və primitivlikdən danışmağa dəyməz. Rus mədəniyyətinə böyük təsir göstərən tatar mədəniyyəti də, öz növbəsində, bir sıra yadelli mədəni təsirləri mənimsəmişdir. Onun Asiyanın dərinliklərindən Uzaq Şərq (Çin) təsirinin heç bir şübhə doğurmayan əlamətlərini gətirdiyini görürük".
İ.N.Borozdin məruzəsini elmi-metodoloji baxımdan az dəyərli olmayan cəsarətli təkliflərlə yekunlaşdırmışdır:
"Əgər ruslaşdırma meyilli çarizm milli keçmişimizi öyrənməyə imkan vermirdisə, indi oraq və çəkicin himayəsi altında Şərqin azad edilmiş yeni həyata səslənən xalqları arasında elmi tədqiqat işini sərbəst şəkildə aparmaq mümkündür.
Təbii ki, bu işlər müəyyən planlar və tapşırıqlar əsasında aparılmalıdır və əgər söhbət arxeoloji qazıntıların "dövlət planlaşdırılması"ndan gedirsə, mən ticarət yollarının sistemli şəkildə tədqiqinə tərəfdar olardım. İlk növbədə, Orta Asiyadan (Xarəzm) Volqaboyu və Krıma gedən yollar öyrənilməlidir".
Türk xalqlarının tarixşünaslığına aid üçüncü məruzəni Bakıda çalışan Kazan tatarı, dosent Qaziz Qubaydullin etmişdir. Məruzəçi "türk-tatar xalqları tarixinin türk-tatar alimlərinin özlərinin əsərlərində müəyyənləşdirilən gedişini" izləməyə çalışmış, Mərcani, Qayım Nəsiri, Əbdülbari Battalov, Zəki Vəlidi kimi inqilabaqədərki tarixçilərin əsas əsərlərini təhlil etdikdən sonra sovet dövründə aparılmış tarix araşdırmalarının qısa icmalını vermişdir.
Q.Qubaydullinin gəldiyi nəticələr bundan ibarətdir ki, "birincisi, demək olar ki, bütün türk tarixçilərində metod çatışmır və onlarda səriştəsizlik müşahidə edilir ki, bu da, bəziləri istisna olmaqla, onların əksəriyyətinin xüsusi hazırlıq keçməmiş adamlar olmalarından irəli gəlir. İkincisi, türk-tatar dilində yazılan əsərlərin əksəriyyəti populyar xarakter daşıyırdı. Üçüncüsü, bu əsərlərdə tarixi mənbələr və xüsusi ədəbiyyatlar, xüsusən də, Qərbi Avropa ədəbiyyatı ilə tanışlığın çox az olduğu nəzərə çarpır".
Məruzəçinin təkliflərinə gəldikdə, demək lazımdır ki, onların hamısı əsaslıdır:
"...Müasir türk xalqlarının həyatını bilən, Şərq dillərində danışan, tarixi hadisələrin baş verdiyi ərazidə yaşayan türklərin özləri elmə böyük fayda verə bilərlər ki, indiyədək mövcud olan təcrübə də buna dəlalət edir. İkincisi, tarix elminin populyarlaşdırılması və türk kütlələrinə yaxınlaşdırılması məqsədilə türk xalqlarının tarixinə dair rus və Avropa tarixçilərinin ən mühüm əsərlərinin tərcüməsinə başlamaq lazımdır. Üçüncüsü, elə həmin məqsədlərlə tarixə dair mənbələri türk dilinə tərcümədə çap etdirmək gərəkdir". Q.Qubaydullin də İ.N.Borozdin kimi arxeoloji qazıntıların genişləndirilməsi, türklərin maddi mədəniyyət tarixinə dair materialların artırılması zərurətini göstərmişdir.
Türk xalqları tarixşünaslığına aid məruzələrdən sonra türk xalqlarının etnoqrafiyasının öyrənilməsi məsələsinə dair məruzələr dinlənilmiş, müzakirə isə birlikdə aparılmışdır.
Tarixşünaslıq məruzələri ilə bağlı olaraq daha çox arxeoloji qazıntıların artırılması, bu qazıntıların gedişinə yerli əhalinin də bu və ya digər şəkildə cəlb olunması diqqət mərkəzinə çəkilmişdir. Çıxış edənlər V.V.Bartoldun türk xalqları tarixinin öyrənilməsindəki xidmətini qeyd etsələr də, həmin xidmətin nədən ibarət olduğu barədə, demək olar, heç nə deməməklə, əslində nümayiş etdirmişlər ki, akademikin məruzəsi ideya-məzmun mücərrədliyinə görə gözlənilən effekti verməmişdir.
Müzakirədə çıxış edən iki qurultay nümayəndəsinin - oyrot (Altay) jurnalist Aleksey Makaroviç Sabaşkin ilə çuvaş ədəbiyyatçı - müəllim Mixail Petroviç Petrovun təklifləri bilavasitə mənsub olduqları xalqların tarixinə, daha dəqiq desək, bu tarixin öyrənilməsi vəziyyətinə aiddir.
A.M.Sabaşkin tarixçi-türkoloqları "sırf sosioloji baxımdan əsaslandırılmış tarixi üzə çıxarmamaqda ittiham edən"lərin tələblərinin "vaxtından əvvəl irəli sürüldüyü"nü qeyd etdikdən sonra göstərmişdir ki, "sələflərimizi, türkologiya elminin parlaq ulduzlarını tarixin - xronologiyanın, tarixlərin və i.a. bütövlüyünü təmin etməməkdə ittiham eləmək daha məqsədəuyğun olardı. Lakin tariximiz, yoldaşlardan birinin ifadəsinə görə, "yer altında" olduğundan, yəni onu bel və balta ilə əldə etmək lazım gəldiyindən burada təkcə əqli yox, fiziki qüvvə də tətbiq edilməlidir".
A.M.Sabaşkin əlavə etmişdir ki, "bizim xalqımızın, bizim tayfanın tarixi torpaq altındadır. Qazıntılar vaxtaşırı aparılır, lakin mən burada həmin işi aparan yoldaşlardan xahiş etmək istərdim ki, onların işində yerlərdəki işçilər də iştirak etsinlər. Biz oyrotlar bilirik ki, sovet hakimiyyəti dövründə bizə üç ekspedisiya gəlib. Onların nəticələrini bilmirik, planlarından, vəzifələrindən də xəbərimiz yoxdur. Məsələdə marağı olan və keçmişini aşkar etmək arzusunda olan bizlər üçün bu, tamamilə əlverişsizdir".
Mənsub olduğu xalqın öz tarixini bilmək istədiyini Qurultayın nəzərinə çatdıran nümayəndənin eyni zamanda bu tarixin epizodikliyindən yox, xronoloji bütövlüyündən bəhs etməsi Rusiya imperiyası dağıldıqdan sonra böyük ümidlər (və bilavasitə vədlər!) verən inqilabın işığında, hətta ən ucqarlarda yerləşən türk xalqlarının belə, tarixi şüurunda müəyyən irəliləyişlərin meydana çıxdığını göstərirdi.
Çuvaş M.P.Petrov müzakirədəki çıxışında bu baxımdan müəyyən qədər təfərrüata vararaq demişdir:
"XIII əsrə qədər çuvaşlar özəl müstəqil həyatlarını yaşayırdılar. Monqol istilasından sonra onlar tatar dünyası ilə birlikdə Qızıl Ordanın hakimiyyəti altına düşdülər. Tatar hakimiyyətindən azad olan rus xalqı Şərqə doğru yürüşə başladıqda isə bu ağır mübarizədə rus silahının ilk zərbələri çuvaşların üzərinə endi. Onu da demək lazımdır ki, bu zərbələr bir neçə əsr boyu davam etmişdir".
Tatarlarla ruslar arasında qalaraq əzilib zəiflədiklərini qeyd edən ədəbiyyatçı - müəllim Qurultayda xalqının "epik tarix"inin ağrılı səhifələrini açmaqdan çəkinməmişdir:
"...Çuvaşlar nəhayət... 1551-ci ildə ilk dəfə könüllü şəkildə rus təbəəliyini qəbul etdilər. Lakin yeni rus hökuməti elə dəhşətli bir rejim yaratdı ki, çuvaşların səbri cəmi üç aya tükəndi. Onlar hamılıqla üsyan qaldırdılar, amma üsyan amansızlıqla yatırıldı".
Öz taleyinə xalqının tarixinin üzvi tərkib hissəsi olaraq baxan M.P.Petrov rus salnamələrinə əsaslanaraq əlavə etmişdir ki, "bütün "ən yaxşı" adamlar ucdantutma məhv edildilər, orta səviyyəlilər isə Novqorod və Pskov quberniyalarına sürgün olundular. Beləliklə, təkcə "qara kütlə" adlandırılanlar - qara camaat qaldı. Mən elə həmin qara camaatın nümayəndəsiyəm".
Bu çıxışda, eləcə də bu və ya digər dərəcədə "təcrid olunmuş" digər türk xalqlarına mənsub nümayəndələrin çıxışlarında özlərinin xeyli qədim zamanlardan müstəqil bir xalq olduqlarını iddia etmək təşəbbüsləri aydın görünür. Və heç bir şübhə yoxdur ki, Qurultaya gələn hər bir nümayəndə türklüyünü yaxşı bilməklə yanaşı, özbək, tatar, başqırd, çuvaş, oyrot (Altay)... olduğunu da kifayət qədər dərindən anlayırdı... Bütün bunlar isə Qurultaydan tarixşünaslıq məsələsinə münasibətdə iki istiqaməti qarşılıqlı əlaqədə nəzərdən keçirməyi tələb etmiş olurdu ki, onlardan birincisi, ümumi (bütöv) türk tarixi, ikincisi isə, ayrı-ayrı türk xalqlarının tarixləridir. Mürəkkəblik isə o zaman meydana çıxırdı ki, ayrı-ayrı türk xalqlarının tarixləri ümumi türk tarixinin "ərazi"sinə müdaxilə etməyə, ortaq tarix üzərində hakim olmağa, yaxud ondan daha qədim görünməyə cəhd göstərir.
Çuvaşıstandan gəlmiş nümayəndə inqilabdan sonra türk xalqlarının ziyalıları arasındakı ruh yüksəkliyinin ifadəsi olaraq demişdir:
"Mən tam əminəm ki, xalqın, kütlənin öyrənilməsi kütlədən təcrid olmuş bir şəxsin imkanı xaricindədir (bu mülahizə, əslində məruzəçilərin nitqindəki mücərrəd, sxematik və eklektik mühakimələrə qarşı yönəlmişdi - N.C., M.H., A.Q.). Bu işdə kütlə özü iştirak etməlidir (bu mülahizə isə 20-ci illərin verdiyi məsuliyyəti hələ sonacan dərk olunmamış azadlığın, aşırı kollektivçilik ruhunun məhsulu idi - N.C.)... Mən burada arzu etmək istərdim ki, bu işdə yaxından, bilavasitə iştirak etmək üçün dəvət alacağıq. Mənə elə gəlir ki, bu sahədə çuvaşlar xüsusi diqqətə layiqdir".
Ancaq bu ruh yüksəkliyinin, kollektivçilik düşüncələrinin mahiyyətində nə isə "elmdən uzaq bir xəyalpərəstliy"in də gizləndiyi özünü göstərir ki, bu, adətən nüfuzlu alimlərin "nəzəriyyə"lərinə istinad edir:
"...Keçən ilin yayında bizdə çuvaşların tədqiqinə müəyyən qədər vaxt sərf edən prof. Marrın, həmçinin başqa alimlərin (Nikolay Nikolayeviç Poppe) tədqiqatları bu xalqın çox qədim olması barədə ciddi material təqdim edir. Çuvaşların dili, məişəti və həyatının digər hadisələrində elə qədimlik elementləri var ki, türk dillərinin müxtəlif hadisələrini yalnız onlara əsaslanaraq izah etmək mümkündür. Odur ki, bu halda çuvaşlar kənarda qala bilməzlər".
Əlbəttə, M.P.Petrovun ümumtürkoloji tədqiqatlarda yaxından iştirak etmək cəhdləri nə qədər təqdirəlayiq olsa da, onun məhz "kütlədən təcridolunma"nın unikal hadisəsi olan akademik N.Y.Marrın sərsəm nəzəriyyəsinə istinadı birgə iştirakın elmi perspektivlərini şübhə altına alırdı.
Qurultayın akademik V.V.Bartoldun sədrliyi ilə yaratdığı komissiyanın "Türk xalqları tarixinin araşdırılmasının müasir vəziyyəti və ən yaxın vəzifələri" məruzəsi üzrə hazırladığı qətnamə layihəsi oxunduqdan sonra iclasın sədri bildirir ki, V.V.Bartoldun ayrıca rəyi var... Həmin rəy də Qurultay nümayəndələrinin diqqətinə çatdırılır. Söz alan leninqradlı akademik Sergey Fyodoroviç Oldenburq təklif edir ki, Qurultay çox da böyük öhdəliklərə imza atmasın.
Leninqradlı akademiklərin "janqlyorluq"ları bəzi nümayəndələrin etirazına səbəb olur. Və "Stenoqram"da əksini tapmış "yerdən səs" qətnaməyə hər hansı bir əlavənin olunmasına etiraz edir... İşə professor Bəkir Çobanzadə qarışmalı olur:
"Mən bütün dəlillərlə, əsasən, razıyam. Lakin belə fikirdəyəm ki, həm Oldenburqun, həm də akademik Bartoldun rəylərinin həddən artıq böyük əhəmiyyəti var. Odur ki, Komissiyanın qətnaməsini əsas kimi qəbul etmək və Rəyasət Heyətinə onu dəqiqləşdirmək barədə tapşırıq vermək lazımdır ki, Bartoldun və Oldenburqun düzəlişləri də ora daxil edilsin".
Professor B.Çobanzadənin təklifi yekdilliklə qəbul olunur.
Nəticə etibarilə, Birinci Türkoloji Qurultay göstərir ki,
a) türk xalqlarının nümayəndələri (ziyalıları) öz tarixlərini özləri yazmaq iddiasındadırlar;
b) mərkəzdən gələn kifayət qədər təcrübəli rus tarixçiləri həm akademik, həm də inzibati imkanlarından istifadə edərək, həmin "səlahiyyət"i bu tezliklə onlara güzəştə getmək marağında deyillər;
c) Oktyabr inqilabının doğurduğu öz tarixinə yiyə durmaq eyforiyası türk xalqlarında Qurultaydakı nümayəndələrinin şəxsində nə qədər açıq görünürsə, mərkəzdən gəlmiş akademik heyət o qədər təmkinli, diplomatik, hətta ehtiyatlı davranır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!