Azər TURAN
Abdullah Cövdəti, milliyyətcə kürd bilənlər də var, onu türkçülük hərəkatının aparıcı simalarından biri hesab edənlər də çoxdur. Hər şeyə rəğmən, o, həyatının bütün qaynar, enerjili dönəmlərini türk millətinin fikri yüksəlişinə həsr etmişdir. Türkləşmənin və türkləşdirmənin mümkün olan və olmayan bütün aspektlərinə müdaxilə etməsi də elə bu səbəbdən idi. Cövdətə görə, türkləşdirmə heç də türkün türkləşməsiylə məhdudlaşmamalıydı: "Fransa, yüksək kültürünün yayılmasıyla millətləri fransızlaşdırır" demək daha doğrudur. Şərqdə də, Qərbdə də aydınların və seçkinlərin hamısı az-çox fransızlaşmışdır... Lamartin "Fransanın aydınlatdığı hər yer Vətənimdir, fransız kültürünün aydınlatdığı və fəth etdiyi hər yer Fransadır" - deyir. Fransız, Fransada "Vətəndaş, fransızca danış!" deməyə möhtac deyildir. Danışmaq bir yana dursun, Parisdə fransız şairi olmuş ingilis, alman, yunan... şairi də görmüşük... Bizim qüvvətli, səs salan və parlaq bir kültürümüz, bir dilimiz, bir ədəbiyyatımız, bir mütəfəkkir zümrəmiz olsun, o zaman türkləşdirməklə məşğul olmağa qətiyyən hacət qalmadan, türkləşmə sürətli bir şəkildə genişlənər və dərinləşər... Tanıdıqlarımızdan Stüart Mill bir ingilis olduğunu heç xatırlamazdı və mükəmməl bir fransız şairiydi. Con Morias bir yunanlı olduğu halda, guzidə bir simvolist fransız şairi olaraq öldü. De Musset yəhudi çocuğu ikən... fransızca tərənnüm və fransız ədəbiyyatını ehya etdi. Yəhudi Heyne alman şairlərinin ən ünlülərindəndir"...
Abdullah Cövdət kimdir? Jon Türklərdəndir. Namiq Kamaldan, Əli Suavidən... sonra çağdaş Türkiyədə istiqlalın, demokratizmin ideya təməlini qoyanlar sırasında Əli bəy Hüseynzadə, İshaq Sükuti, Bahəddin Şakirlə, eyni sırada, birincilərdən olub. Ancaq buna rəğmən, Abdullah Cövdətə münasibət heç vaxt birmənalı olmayıb. Elə indi də.
Cövdət Əli bəy Hüseynzadənin yaxın dostlarından biriydi. İstanbul Darülfünununda bir yerdə təhsil almışdılar. Əsgəri-tibbiyəni biri dəri-zöhrəvi həkimi, digəri isə göz həkimi olaraq tamamlamışdı. "İttihad və tərəqqi"ni bir yerdə yaratmışdılar. Atatürkün düşüncələrinə təsir göstərən fikir adamlarından biriydi. Ziya Gökalpa Qərb mədəniyyətinə yönəlməsini təlqin edən Abdullah Cövdət olmuşdu. Abdullah Cövdət barədə ilk yazını 1906-cı ildə Bakıda Əli bəy Hüseynzadə, Hüseynzadə barədə ilk yazını - "İhyayi layəmut. Həkim, ədib Əli bəy Hüseynzadə" sərlövhəli məqaləni 1908-ci ildə o zaman Qahirədə çıxan "İctihad" dərgisində Abdullah Cövdət qələmə almış, məqalədə "Rəsuli-həqq" adlandırdığı Hüseynzadəni Prometeylə müqayisə etmişdi. Hüseynzadənin imzası ilk dəfə 1891-ci ildə Abdullah Cövdətin "Ramazan baxçası"nda görünmüş, Əli bəy burada Bodenşdetin Xəyyamla bağlı məqaləsini təqdim etmişdi...
"Çox yaxın dost idilər" deyərkən, Tarık Zafer Tunayanın Abdullah Cövdətin cənazə törəni barədə yazdıqlarını xatırlamalı oluram: "Günlərdən 29 qasim 1932 salı. Ayasofiya camesinin arxa qapısında bir cənazə törəni. Seçkin bir qalabalıq dr. Abdullah Cövdət bəyin tabutu başında. Cənazə namazına başlanacağı sırada gənc bir müəllim, İlhan Şövkət bəy doktorun dinsiz olduğunu, dini törən yapılarsa, məzarında rahatsız olacağını söyləyir. Abdullah Cövdət bəy kimi, 1889-cu ildə "İttihad və Tərəqqi"nin İstanbuldakı ilk qurucularından dr. Hüseynzadə Əli, onun dinsiz olmadığını bəlirtir... Qısa bir sürə sonra mübahisə kəsilir. Zamanın bəzi qəzetləri, özəlliklə 1 aralıq 1932-ci il tarixli Cümhuriyyət belə yazırlar. Yaşamında olduğu kimi, tabutu başında belə dartışma yaradan doktorun cənazə arabası, iki yüzdən çox avtomobilin müşayiətilə Mərkəzəfəndiyə hərəkət edir..."
Əli bəy Hüseynzadə Abdullah Cövdətin axirət evinə namazsız yola salınmasına imkan verməmişdi. Bu başqa bir söhbətin mövzusudur. Əli bəy Hüseynzadənin təkcə Cövdətin dünyasını dəyişdiyi 1932-ci ildə deyil, hətta 1906-cı ildən başlayaraq, Abdullah Cövdətlə yaxınlığını xoş görməyən müasirlərinin xəbərdarlıqlarına da təmkinli bir sükutla cavab verirdi. Hələ "Füyuzat"ın ilk saylarında Abdullah Cövdətin türk fikir həyatındakı məqamını yüksək dəyərləndirən Hüseynzadə bunu da bilirdi ki, Cövdəti nəinki sevməyən, hətta ondan ikrah edənlər də yox deyil. Hətta əziz dostu Bahəddin Şakir Əli bəyə yazdığı bir məktubda Abdullah Cövdət məsələsində diqqətli olmağı, ifrata varmamağı tövsiyə edirdi: "Vətənin və millətin səlaməti naminə bu adam ortadan qalxmalıdır... Rica edərim, sizə ciddən söyləyim ki, Doktor A.C. namıyla qəzetənizi kirlətməyiniz. Onun haqqında qəzetənizdə bir kəlimə yazmaq, onun bir sətrini qəzetənizdə nəşr etmək sizin üçün silinməz bir ləkədir. Bana inanmıyorsanız iyicə sorunuz, öyrəniniz".
Əli bəy isə kimin kim olduğunu başqalarından soruşub öyrənənlərdən deyildi.
Cövdətin dinsizliyini Hz. İsa üçün qeysərlər ölkəsinə yol açan Lukretsinin, ateist deyil, deist olan Volterin və Xəyyamın dindarlığı ilə qiyaslandıran Hüseynzadə yazırdı: "Şairliyə qırx il əvvəl "Nəti-şərif" ilə başlayan bu arkadaşıma vəfatından üç-dörd ay əvvəl Darülfünün professoru Ədhəm Akif bəyin hüquq fakültəsindəki odasında rast gəldim; orada... Hötedən bəhs açıldı, bir az şaka tərzində dedim ki: Cövdət, Höte şairliyə Məhəmməd əleyhdarı bir gavur olaraq başlamışkən, nəhayət, Onun peyğəmbərliyinə inanaraq öldü; qorxuram ki, şairliyə müsəlman imanıyla başlayan sən, aqibət gavur olaraq öləcəksən!..
Həqiqət şu ki... onun şəxsiyyəti ruh ilə cismin, mənəviyyat ilə maddiyyatın, ideal ilə ehtirasın daimi çarpışmasına səhnə olmaqdan ibarət qalmışdır..."
Hüseynzadəyə görə təzadlar toplusu olan Cövdət "dindar bir dinsiz və ya dinsiz bir dindar" idi. Cövdət isə etiraf edirdi ki, onu bu hala qoyan, dinsiz edən "amil içində yaşamış olduğu təzadlar toplusundan ibarət olan ictimai mühitimizdir!.."
Abdullah Cövdət 1908-ci ildə niderland tarixçisi Reynxart Dozinin "İslam tarixi" əsərini tərcümə etdiyinə görə Osmanlı Məclisi-Məbusanı tərəfindən sərt tənqid olundu. Tərcümə etdiyi əsər yasaqlandı. Müasirləri onu, hətta "İslamın quduz düşməni" adlandırırdılar. Abdullah Cövdət məfkurəsinin ən dərin qatlarında, fikrinin, düşüncəsinin alt yapısında dinsiz deyildi, yuxarıda da bildirdiyim kimi, Peyğəmbəri vəsf edən "Nəti-şərif" yazmışdı. Dozinin kitabını çevirdiyi illərdə qələmə aldığı "Türk-İslam və müasir mədəniyyət" məqaləsində ümid edirdi ki, "İslamın cəzb edə bilmədiyini türklük, türklüyün cəzb edə bilmədiyini islam cəzb edəcək".
Bu fikirləri söyləyən bir adam, necə dinsiz, özü də "islamın quduz düşməni" ola bilərdi? Abdullah Cövdətin davası başqaydı...
Tutaq ki, bəhailər barədə yazdığı bir məqaləsinə görə Abdullah Cövdəti həbs etmişdilər və Əli bəy də Peyğəmbəri vəsf edən "İncizablarım" şeirini dostunun həbsdən qurtulmasına vəsilə olmaq üçün onun "İctihad" dərgisində dərc etdirmişdi.
Əslində, Abdullah Cövdətin bəhailiyə münasibəti barədə danışarkən, o dönəmdəki Osmanlı camiasının mənəvi-siyasi durumunun nəzərə alınması şərtdir. Mənəviyyatla maddiyyat, idealla ehtiras təkcə Cövdətin ruhunda toqquşmurdu, bütün Osmanlının mənəvi varlığı belə ziddiyyətlərin məngənəsində sıxılırdı və Abdullah Cövdət bəhailiyi ümmətçilikdən milliyyətçiliyə yönələn Osmanlıda keçid mərhələsi olaraq tətbiq etmək istəyirdi. Abdullah Cövdət "ruhban sinfi və ayinləri olmayan bu məzhəbi (bəhailiyi) toplumun dinin yerinə bioloji materializmi qəbul etməsi sürəcində...basamaq olaraq qəbul edirdi" (Hanioğlu).
Abdullah Cövdətə görə, Bəhaullahın təsis etdiyi bəhailik "məhəbbət və mərhəmət dini idi. Məhəbbət dini isə Abdulla Cövdətə elə dərindən nüfuz etmişdi ki, hətta: "Deyil dini hüsumət, dinimiz dini-məhəbbətdir" - deyə təkcə özünün deyil, ümumilikdə, Osmanlı camiasının etiqad üfüqlərini bu istiqamətə yönəltmək istəyirdi. Cavid də belə düşünürdü: "Məhəbbətdir ən böyük din".
Ancaq Abdullah Cövdət bəhai deyildi. İpə-sapa yatmayan fikirləri ilə əxlaqda bir təbəddülat yaradan Cövdətin düşüncələri, xüsusən, tərcümə etdiyi əsərlər onu nə qədər yeretik müstəvidə göstərsə də, o, mahiyyət etibarilə osmanlının qərbləşməsini istəyən səmimi bir müsəlman pozitivisti idi. Yaradıcılığında bəhailik təliminin izləri kimi görünən məqamlar, əslində ənənəvi təsəvvüf zehniyyətinin pozitivizmlə qaynayıb-qarışaraq doğurduğu bir hal idi. Bu təmayül Tefik Fikrətin də, Hüseyn Cavidin də yaradıcılığında qabarıq şəkildə görünür... Abdullah Cövdəti türk pozitivistləri sırasında görmək gərəkdir. İstanbul kimi müəzzəm dini ənənələrə malik olan bir şəhərdə Qafqazlardan gəlmiş Əli bəy Hüseynzadəni rəsul deyə təqdim etməsi əslində, Kontun "elm adamı bir rəsuldur" düşüncəsinə söykənirdi.
Abdullah Cövdətin 1906-cı ildə "Füyuzat"da yazdıqlarından da, Paris yaxınlığındakı Annamasse qəsəbəsindən Bakıya - Əli bəy Hüseynzadəyə ünvanladığı məktublarda da bizim məzhəbimizdə, həqiqi müsəlman məzhəbində ibadətlərin ən vacibi insanlara xidmət etməkdir, ən gözəl ibadət elm öyrənməkdir.
Cövdətin başyazarı olduğu "İctihad" məcmuəsi o dönəmdəki Türkiyədə qərbçiliyi təbliğ edən, bəlkə də yeganə kürsü olub. Cövdət Şillerin "Vilhelm Tell" pyesini, Bayronun "Şilyon məhbusunu tərcümə edir. Tərcümə etdiyi mətnə yazdığı müqəddimədə Bayronun sözlərini xatırladırdı: "türklər nə aldadıcıdırlar, nə alçaqdırlar, nə də qatildirlər, etiqadsızları atəşə atıb yandırmazlar. Daima inkviziyonsuz olaraq öz bir olan Allahlarına sadiqdirlər". Abdullah Cövdətin Bayrondan gətirdiyi bu fikirlərə Əli bəy Hüseynzadə tamamilə başqa bir aspektdən dəyər verirdi: "Bir əsr əvvəl Bayron kimi haqpərəst, bir böyük dahi tərəfindən söylənən bu sözlər, bu gün türkləri vəhşilikdə ittiham etmək istəyən qərəzkəranə mətbuata gözəl bir cavab olduğuna diqqət etməlidir". Nəinki XX yüzilin əvvəllərində, hətta indi, XXI yüzilin 20-ci illərində də diqqət etməyə dəyər.
"Cövdət Şekspiri qətlə yetirdi", - deyən Süleyman Nazifdən fərqli olaraq, Əli bəy Hüseynzadə Abdullah Cövdətin tərcüməçilik istedadını "Abdullah Cövdət Avropa şairlərini bəzən nəzmən, bəzən də nəsrən tərcümə ediyor. Fəqət, hansı surətlə olursa-olsun, bu tərcümələr fövqəladə gözəl düşüyor. Adətən əslindən heç vəchlə geri qalmıyor!" - deyə çox yüksək dəyərləndirirdi.
Abdullah Cövdət "Hamlet"i, "Maqbet"i, "Kral Lir"i, "Yuli Sezar"ı, "Romeo və Cülyetta"nı, ümumiyyətlə Şekspiri türkcəyə tərcümə edirdi. Onun fikrincə, "Şekspir başlı-başına bir cahandır; başlı-başına bir kainatdır; başlı-başına bir kövnü-məkandır... Məşhur Volter ilə Rusiya imperatriçəsi böyük Katerina arasında təati olunmuş məktubları vaxtilə oxumuşdum. Bunlardan birində Volter diyor ki, Türkiyəyi təqsim etməli, türkləri məhv etməli, çünki onlarda zövqi-şeir və ədəb yoxdur". Bu bir iftiradır, o başqa bəhs, fəqət bən şimdi az qalıyor ki, "Şekspiri sevməyən, Şekspiri təqdir etməyən millətləri yer yüzindən qaldırmalı" deyəyim". Elə A. Cövdətin yazısının bu əsəbi yerində Əli bəy Hüseynzadə özünü saxlaya bimir, mətnə müdaxilə edib Tolstoyun Şekspiri rüsvay etməsini xatırladır: "Tolstoy Şekspiri öylə kəlmələrlə söydü ki, o kəlmələri qələm bir ədəbi cəridə sütunlarına zikrdən utanır. Məmafih "Füyuzat" Şekspirin əhəmiyyətini nə Cövdət qədər mübaliğələndirmək, nə də Tolstoy qədər tənqis etmək (azaltmaq) istər".
Hər halda, Abdullah Cövdət heç bir tərcüməsində "Şekspiri qətlə yetir"məyib.
A.Cövdət 1895-ci ildə İstanbuldan çıxarıldı, sürgün olundu. Trablisdə, Qahirədə, Tunisdə, Parisdə, İngiltərədə, Almaniyada, İsveçrədə, Avstriyada yaşadı.
Fransız dilini fransızca mükəmməl şeirlər yazmaq dərəcəsində öyrəndi. "Pafale de parfums" kitabındakı orijinal şeirlərini Qərb ədəbiyyatçıları yüksək dəyərləndirdi. "Lyre Turque" adlı şeir kitabının yayınlanmasını Paris şairləri 1901-ci ildə böyük şövqlə qutladılar.
Şekspirlə yanaşı, Mövlana Cəlaləddin Rumini, Heyne ilə eyni sırada Ömər Xəyyamın rübailərini də türk dilinə o çevirirdi. Qustav Le Bonu türk aləminə o tanıtdırdı...
Abdullah Cövdətin çarpıcı və türk cəmiyyətini bəzən diksindirən, qəzəbləndirən, hövsələdən çıxaran, bəzən də mağmın edən fikirləri çoxdur. O, heç kəsin demədiyini, heç də hamının inanmayacağını, qəbul etməyəcəyini dilə gətirirdi: "Digər vacib bir tədbir qanımıza qan əlavə etməkdir. Türkiyə içinə bir köç sistemi axımı gerçəkləşdirilməlidir. Mən bu sistemi incələyirəm. Bunun ana cizgiləri, İtaliya, Almaniya kimi müdhiş bir dərəcədə artan və daşan millətlər vardır... Sosial durumları layiq olan bu ölkələrin adamları Türkiyədə evlənərək əqrabalıq qurub türk irqi içində qaynarlar. Türkləşirlər".
"Tevhidi Əfkar"da yazdığı bu sözlərdən sonra İstanbulda, xüsusən, dinçi kəsimlərdə aləm bir-birinə dəymişdi. Abdullah Cövdəti qınamışdılar.
Cövdət isə fikirlərində israrlıydı. Cavab verirdi ki, "müsəlman və türk olmaq istəyi ilə qanı aşıb-daşan köçmən selləri vardır ki, bunlardan yararlana bilərik deməklə (damazlıq insan) və qan (artımı)nın nə əlaqəsi vardır".
Hilmi Ziya Ülkenin də bildirdiyi kimi, "Cövdətə işıq kimi görünən nöqtə Qustav Le Bonun "mələzləşdirmə" nəzəriyyəsidir".
Əlbəttə, bu nöqtədə o, ifrata varırdı.
Abdullah Cövdətin Azərbaycanla əlaqəsi geniş olub. Dostları sırasında Əlimərdan bəy Topçubaşov, Əhməd Ağaoğlu da var. İlk dəfə Azərbaycan cəmiyyətinə tanıtdırılması isə Əli bəy Hüseynzadənin əvvəlcə "Həyat"ı, sonra da "Füyuzat"ı vasitəsi ilə gerçəkləşir. "Həyat"da da, "Füyuzat"da da Əli bəy dönə-dönə Abdullah Cövdət barədə yazmışdı, onu "insanlıq yolunda yorulmaq, usanmaq bilməyərək çalışan... zati aliqədr, vücudi-nadirüləmsal" adlandırmışdı. O isə Əli bəyi "nuri-didəm", - deyə əzizləyirdi. Hüseynzadə yazırdı ki, Abdullah Cövdətin "vətən və millət xeyrinə etdiyi dad və fəğandan naşi görmədiyi bəla, çəkmədiyi əziyyət, uğramadığı möhnət qalmamışdır. Hürriyyət, haqq və həqiqət üzündən məhbəslərdə, mənfalarda, qürbətlərdə sürünməklə, vücud çürütməklə Dantelər, Tassolar kimi şərəfyab olanların da biri bu zatdır". O isə darülfünunda birlikdə təhsil aldıqları illəri xatırlayıb: "Əli bəy, sakit, mütəfəkkir haliylə, əsrarəngiz vəzi-uzlətpərvəranəsiylə (rahatlıq və sükun dolu öyudləriylə) üzərimizdə bir rəsul təsiri icra edərdi. Əvət o rəsul-Allah deyildi, fəqət bir rəsulül-həqq idi. Haqqa, həqiqətə pərəstiş və mərbutiyət hissi-büləndi (uca, ali duyğuları) onu Türkiyəyə mürsəl qılmışdı", - deyə Əli bəyin böyüklüyünü iqrar edirdi.
Abdullah Cövdət əvvəlcə "Füyuzat"ın həm ardıcıl oxucusu, həm də ardıcıl müəlliflərindən biri olmuşdu. Hətta həmin illərdə gah Parisdə, gah da Misirdə yaşamasına baxmayaraq, Bakıda dərc olunan yazılara da dərhal münasibət bildirirdi. Cövdət Misirdə "Füyuzat"ı, Hüseynzadə isə Bakıda "İctihad"ı diqqətlə izləyir... Bir-birləri haqqında xoş sözlər deməklə yetinmirdilər, barışmadıqları nöqtələrdə də bir-birlərinə qarşı açıq və səmimi davranırdılar. Tutalım, Cövdət Əli bəy Hüseynzadənin "Qırmızı qaranlıqda yaşıl işıqlar" məqaləsindəki bir məqama etiraz edərək "Simvolizm ilə dekadanlığı bir qiyas etdiyində yanılıyorsan: bunlar, bana qalırsa başqa-başqa şeylərdir. Bodler dekadanların ünmüzəcidir. Fəqət, simvolist deməkdə mütərəddidəm...",- deyə yazır və Cövdətin bu qeydləri böyük məhəbbətlə "Füyuzat"ın növbəti saylarından birində dərc edilirdi.
Yaxud, "İctihad" məcmuəsində görünən, İsgəndəriyyə kitabxanası xəlifə Ömərin əmrilə Əmr bin As tərəfindən yandırılıb - kimi əsli, kökü olmayan məlumatları Əli bəy jurnalında təshih edir və bildirirdi ki, belə məsələlərdə İran mənbələrinə əsaslanma. Həqiqəti öyrənmək istəyirsənsə, Şibli Nemaninin bu münasibətlə yazdığı əsərini oxu...
8 yaşında özünü güllələyən Ziya Gökalpı o zaman ölümün pəncəsindən doktor Abdullah Cövdət xilas etdi. Ardıyca ona qərbçiliyi təlqin etdi. Gökalpın Qərb mədəniyyətinə türk qanlı, islam imanlı bir fədai olaraq daxil olmasını Hüseynzadə təmin etdi: "Ailəsinin doktor Abdullah Cövdətlə görüşməsini yasaqlamasına rəğmən, onunla yaxınlığını artıran Ziya Gökalp, fransız sosioloq və pozitivistlərini onun tövsiyə etdiyi əsərlərdən öyrənmişdir... Ziya Gökalpın Abdullah Cövdət cizgisindən uzaqlaşması Hüseynzadə Əli bəylə tanışlıqdan sonra olmuşdur... Ziya Gökalpın üzərində ən böyük təsiri isə "İttihat və Tərəqqi"nin qurucularından olan Hüseynzadə Əli bəy yapmış və onun iyi bir türkçü olmasını təmin etmişdir" (Abdurrahman Dodurğalı).
Abdullah Cövdət tibbə dair kitablar da yazıb. "Dimağ"" (Beyin), "Fiziyologiyai-Təfəkkür"... əsərləri dövrünün istinad edilən tibbi kitablarından olub. İstanbulda göz həkimi işləyib. Və Əli bəyin təbirincə, sadəcə, cismani gözlərin deyil, mənəvi gözlərin də təbibinə çevrilib...
Abdullah Cövdət fikirlərində, davranışlarında Əli bəy Hüseynzadənin təbirincə, ziqzaqlı bir ömür yaşasa da, özünü bəzən qarışıq, dolaşıq düşüncə labirintlərinə salsa da, hər halda, XX yüzil türk fikir həyatının ən maraqlı simalarından biri olub. Atatürkün rəğbətini qazanıb.
...Əli bəy Hüseynzadə Abdullah Cövdətin nəzərində təkcə rəsuli-həqq deyil. Sanki "ölümsüz, əbədilik doğulmuş bir şairdir, fəqət zincirlənmiş Prometey kimi bir şairdir... Prometey bir Titan idi ki, bəşəri ərzin palçığından yaratdıqdan sonra, ona həyat vermək üçün səmadan nuru oğurladı, bəşərə yolladı... Səmadan oğurlanan nur elm və irfandır, maarif nurudur. Nuru çalıb insanlara verən Prometey ədiblər və alimlərin rəmzidir... Hüseynzadə bir Prometeydir ki, taleyi onu yenə Prometeyin əzəmətli və uca qərargahı olan Qafqaza" çidarlayıb.
"Sən zülm gördün, ya Əli!" - deyə Parisdən Hüseynzadəyə səslənən Abdullah Cövdət bir təzadlar toplusu olaraq yaşadı, yazdı, yaratdı və ziddiyyətlər qoynunda öldü. Və məncə, dünyada Abdullah Cövdəti Əli bəy Hüseynzadə qədər yaxından tanıyan, Cövdətə sona qədər vəfalı olan ikinci bir adam da heç olmadı və yoxdur. Bundan sonra da olmayacaq. Cünki Əli bəy Hüseynzadə onu bütöv görməyi bacarmışdı. Çünki bu günəcən çoxlarının həzm edə bilmədiyi Abdullah Cövdət dərdlərini yalnız Əli bəyə açmışdı: "Mən məşəqqət gördüm, ya Əli!"
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!