Qardaşlığın adı (Azərbaycan-Quzey Kıbrıs Türk Cümhuriyyəti) - Turan UĞUR

Turan UĞUR

Quzey Kıbrıs Türk Cümhuriyyətinin sakinləri bizim öz qardaşlarımızdır. Bu mövzuda bir neçə dəfə film və veriliş ssenarilərinin, həmçinin "Yaşıl ada dastanı" kimi araşdırma məqalənin müəllifi olduğumdan xeyli bəxtiyarlıq duyuram. Azərbaycan dövlətinin Quzey Kıbrıs Türk Cümhuriyyətinə bütün müstəvilərdə göstərdiyi dəstək mənə öz sahəmdə yaradıcılığımı artırmağa rəvac verir. Bir ağacın budaqları, bir kökdən gələn xalqların gələcək birgəliyi naminə folklora baş vurmağımız, sanki ilkinliyə, kökə qayıdışdır. Bu səbəbdən, ortaq folklorumuzun köklərini araşdırıb "Yaşıl ada dastanı" adlı məqaləmə əlavə eləmişdim.

 

- Folklor nədir?

- Bilirəm, deyəcəksiz ki, "xalq müdrikliyi", "şifahi xalq yaradıcılığı" və.s.

Hər şeydən öncə isə folklor bir millətin libasıdır, geyimidir, biçimidir, qılıncıdır, qalxanıdır.Tarixini, soykökünü qılınclayanlar üçün əlindəki qalxanımızdır, bəzən icab edərsə, qılıncımız da olur, zaman-zaman yağı başına endirmək üçün.

Bir ulusla eyniliyimizi göstərən ən ümdə anlayışın ta özüdür folklor, zira, hər şeyi dəyişmək, təhrif etmək mümkündür, təkcə folklordan başqa. Xalqın təfəkkürünü, daxili intonasiyasını, düşüncə şəklini, özünü ifadə etməyi - yəni bayatılarını, atalar sözlərini, nağıllarını, rəvayətlərini, mərasim nəğmələrini necə dəyişə bilərsən?! Çağırdığımız bayatılar, Kərkük türkmanları, xoyratları ilə, Kıbrıs türklərinin maniləri ilə eynidirsə, deməli, bizim bir parçamızdır o məskənlərdə var olan türklər. "Mani" deyirlər bayatıya kıbrıslılar. Anadolu türkləri də eyni cür "mani" söyləyirlər.

Necə ki, türki - türk-i, varsağı-varsaq-ı, ovşarı-əfşar-ı, gəraylı - gəray-lı, bayatı - bayat-ıdır,  mani də mahan-i-dir.Bu şeir növləri hər oğuz tayfasının, hər oğuz elinin öz adıyla yaranıb.

Kıbrıs Türk toplumunda mani - yəni bayatı söyləmək adəti çox yayğındır. "Anonim xalq ədəbiyyatı" adlanan manilər sevilən bir şeir növüdür. Lefkoşa, Limasol, Baf yörələrində isə "beyit", ya da sadəcə, Lefkoşaya xas olaraq "mane" adlanır. Əsasən, toy-düyündə, əyləncəli məclislərdə mani yarışmaları da keçirilir. Bu yarışmalara "mani çatışması" da deyilir. Eynən bayatıda olduğu kimi, mani 4 misradan ibarətdir ki, 1-ci, 2-ci və 4-cü misraları həmqafiyə, 3-cü misrası isə sərbəst olur.

Ovalarda labsana,

Qız, üzümə baxsana.

Ağzımda diş qalmadı,

Məzləkidən yapsana.

 

Ay gidiyor batmağa,

Salam söylə Fatmaya.

Gargolayı onarsın,

Gəliyorum yatmağa.

 

Təyyarələr qırmızı,

Gəzərlər həp Gıbrızı.

Gıbrızın qızları da

Sanki sabah ulduzu.

 

Diqqətimi bir məqam cəlb etdi. Kıbrısda da bizim kimi uçaq yox, təyyarə deyilirmiş. Bir də əski Kıbrıs türkcəsində Gıbrız deyilir, lap bizim ahıl insanlarımızın təbiri ilə.

 

Gadifə yorğanım var,

Mənim bir əfkarım var.

Lefkoşanın içində

Bir ufacık yarım var.

 

Necə ki, Azərbaycan folklorunda alqışlar, qarğışlar var, eynən Kıbrısda da dualar və bəddualar ən əski çağlardan bizə sarı yol gəlir.

- Nədir dua?

- Bir istəyin gerçəkləşməsi və ya başqa insanın yaxşılığı naminə söylənilənlər "dua etmə" adlanır. Kıbrısda duanı edən insan yaşca böyükdürsə, buna "xeyir-dua" deyilir, Kıbrıs xalq mədəniyyətində insanın özünə etdiyi dualar da mövcuddur, ancaq bunların sayı azdır.

Ən yayğın dualar bunlardır:

 

Kıbrıs türkcəsində:

 

Allah duttuğunu altın etsin         

Allah uzun ömürler versin   

Allah bin berikat versin        

Diline sağlıq, beyine paşalık. 

Allah ne muradın varsa versin 

Allah seni  egsik etmesin      

Allah eylik sağlık versin          

İkisi bir yastıgda gocasın         

 

Azərbaycan türkcəsində:

 

Allah tutduğunu altın etsin

Allah uzun ömürlər versin

Allah min bərəkət versin

Dilinə sağlıq, bəyinə paşalıq

Allah nə muradın varsa, versin

Allah səni əskik etməsin

Allah yaxşılıq, sağlıq versin

İkisi bir yastıqda qocalsın

Gördüyünüz kimi, kıbrıslıların işlətdiyi hər bir dua eynən bizim Azərbaycan folklorunda da var.

Birisinə haqsızlıq yapılması, zərər verilməsi durumunda buna məruz qalan insanların mənfi diləkləri isə bəddua adlanır. Kıbrıs türkcəsində olanları müqayisəli şəkildə verirəm, hərçənd bilmirəm, müqayisə etmək nə dərəcədə doğrudur?!

 

Kıbrıs türkcəsində:         

 

Boyun posun devrilsin                                                                

Adın batsın inşallah                 

İkigözü  bir delikdən çıksın 

Hayır yüzü görmesin              

Kökü gurusun

Gözü görsün da dili söylemesin 

Gara  haberin gelsin             

Başına benim kadar daşsün                                         

 

Azərbaycan türkcəsində:

 

Boyun-buxunun batsın

Adın batsın, inşallah.

İki gözü bir deşikdən çıxsın

Xeyir üzü görməsin

Kökü qurusun

Gözü görsün, dili danışmasın

Qara xəbərin gəlsin

Başına mənim qədər daş düşsün

 

Atalarımızdan bizə ərməğandır ortaq folklorumuz.

Ata, dedim, atalar sözlərimizi xatırladım.Uzun illər boyunca yığılmış, toplanmış təcrübələrin qəlibləşmiş formada verilən sözlərdir - ata sözlərimiz. Kıbrıs türkləri üçün atalar sözləri populyar bir folklor nümunəsidir.

"Anasına bag gızını al, kenarına bag bezini al"

Eynən bizdəki kimi işlənir -"Anasına bax, qızını al, kənarına bax, bezini al"

Yaxud: "Böyük lokma ye, böyük laf söyleme"

Eynən Azərbaycanda olduğu kimi - "Böyük loxma ye, böyük söz danışma"

"Allah gardaşı gardaş yarattı, kesesini ayrı yarattı"

"Allah qardaşı qardaş yaratdı, kisəsini ayrı yaratdı"

"Sağlam ata çürük arpa zarar vermez"

"Sağlam ata xarab arpa zərər verməz"

Göründüyü kimi, Kıbrıs folkloru ümumtürk folklorunun eynisidir, xüsusən, Azərbaycan folkloru ilə ət-dırnaq olduğunu danmaq göydəki günəşi danmaq kimi abdallıqdır. "Abdaldan paşa olmaz, taxtadan maşa" - deyən atalarımız, yəqin bu günləri uzaqgörən gözləri ilə görürlərmiş.

O zaman ortaq atalar sözlərimiz toppuza, əmuda çevrilib, maşa rolunu oynayan yağıların başında oynasın.

 

(Araşdırma-yazıda Quzey Kıbrıs 

Türk Cümhuriyyətindən olan dostum, 

tədqiqatçı Həvva Hayırsevərin faktlarına, habelə müəllifi olduğum "Yaşıl ada 

dastanı" adlı məqaləmə söykənmişəm)

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!