"Türk" etnonimi və törələri - Yunus OĞUZ

(Əvvəli ötən sayımızda)

 

Sonralar Tar / tur termini müxtəlif toponim, etnonim, hidronim, həmçinin adlarda öz əksini tapmışdır. Turan, Turova, Tural, Tarkan, Trek, Taran, Tar. Qəribədir ki, Troyadan İtaliyaya məlum səbəbdən köç etmiş etruskların ulu babasının adı Tarkan olmuşdur. Çinin qərbində yaşayan uyğurlara, həm də "tarançı" deyirlər. Tatar sözü "tarlıq tatarları" sözünə bərabərdir.

Qeyd etmək yerinə düşərdi ki, tarixin atası Herodot iskitlərin (skiflərin) soy-kökü haqqında yazarkən aşağıdakı önəmli sözləri qeyd edir: "...Bir vaxtlar hələ məskunlaşmamış bu ölkənin ilk sakini TARQITAY (kursiv - Y.O.) adlı bir adam olmuşdur. İskitlərin (skiflərin) dediyinə görə, Tarqıtayın atası Zevsdir, anası isə Borisfen çayının qızıdır (iskitlər buna israr etsə də, mən buna inanmıram). Belə bir əsil-nəsəbi olan Tarqıtayın da üç oğlu varmış".

Yeri gəlmişkən, eyni dilə və inanca malik olan bütün tayfaların birləşmiş adı türk olsa da, siyasi baxımdan bunu "el" adlandırırdılar. Maraqlıdır ki, "el" sözü həm siyasi ittifaq, həm ordu, həm də tayfaların birliyi kimi nəzərdə tutulurdu.

"El" termini tarixi semantika baxımından indiki ənənəvi çalarlarla ("Oğuz elləri", "Kafir elləri", "El-oba") yanaşı, siyasi səpkidə - dövlət mənasında işlədilir. Bu sözə "Kitabi-Dədə Qorqud"da tez-tez rast gəlirik. Burada "el" sözü həm də siyasi məna daşıyır. Məsələn, "Eldə yağı yox ikən, sənin babanın üstünə yağı gəldi" cümləsində "el" siyasi termin kimi verilmişdir.

Mahmud Kaşğarinin lüğətində də "el" termini öz mahiyyətini itirmir:

El = el, vilayət

El = açıqlıq, boşluq

Elbaşı = atabaxan, mehtər, vilayətin başçısı

El = iki bəy arasında barışıq

Elboy = sülh, barışıq etmək

L.N.Qumilyova görə isə qədim türklər böyük bir ərazini "el" adlandırırlar.

F.Ağasıoğlu "el" sözünə başqa bir nöqteyi-nəzərdən yanaşır. Biz onun fikirlərinə diqqət yetirməyə və bölüşməyə borcluyuq. O yazır: "Ulu soydaşlarımızın qurduğu Quti elinin tarixi həm də demokratiya tarixi kimi qiymətlidir, çünki əsl xalq hakimiyyəti olan demokratik seçki ilə formalaşmış iqtidar institutu olan Quti eli hakimiyyətin atadan oğula keçdiyi qonşu Akkad, Şumer, Elam dövlətlərindən fərqlənirdi. Qədim dilimizdə xalq və dövlət anlamlarının bir sözlə - "el" sözü ilə ifadə olunması da türk etnosunun demokratik ruhundan yaranmışdır".

"Qədim türk sözlüyü"ndə də "el" sözü müxtəlif mənalarda işlənir:

1. El - tayfa ittifaqı; (men elig etmiş men - mən tayfaların ittifaqını yaratdım)

2. El - xalq

3. El - dövlət

4. El begi - vəzifədə olan

5. El kün - xalq

6. Elçi - səfir, qasid, elçi

A.N.Baskakov "türk" termininin qohum tayfaların münasibətlərindən və ittifaqından yaranan bir söz olduğunu iddia edir.

A.N.Kononov isə hesab edir ki, müasir xüsusi ədəbiyyatda rast gəlinən "türk, turuk, türkü, türküt" sözlərindən ən düzgün olan variantı və düzgün oxunası "türk" terminidir.

L.N.Qumilyov isə qeyd edir ki, istənilən xalqın tarixi kök etibarı ilə qədimə çıxıb gedir və konkret tarixdən başlanır.

Qədim türk lüğətində, əgər semantika nöqteyi-nəzərindən yanaşsaq, "türk" sözünü "tör" ilə də başlatmaq olar. Bu zaman bunun mənası "layiqli yer" kimi də başa düşülə bilər.

E.M.Murzayeva, M.N.Pavlova kimi alimlər qeyd edirlər ki, qazax, qırğız, pamir, ispan, katalon və başqa dillərdə "tör", "tor" sözləri "yuxarı", "yüksək", "zirvə", "dağ", "qüllə", "bürc", "dağın ən yüksək zirvəsi", "yüksək dağlıq yer", "layiqli yer" mənalarını verir.

Bu açmalar bir daha göstərir ki, "tör", "tor" sözləri müxtəlif mənalarda işlənsə də, hamısı "yuxarı", "yüksəklik" anlamları ilə üst-üstə gəlir, yəni bu sözlərdən yaranan "türk" sözü də yüksəkdə duran bir xalq, yaxud tayfa kimi nəzərdə tutulur və bu yüksəklik "güc" və "qüvvə" olaraq cəmiyyətin iyerarxiyasına tətbiq olunur. XIII əsrdə Qaraqorumda olan səyyah Marko Polo xaqanın ziyafətində iştirak edərkən bu iyerarxiyanı belə təsvir edir: "Ziyafətdə böyük xaqan (Xubilay xan) masa arxasında belə oturur; onun masası digər masalardan çox yuxarıda durur. Xan zalın dərinliyində arxası şimala, üzü cənuba əyləşir. Sol tərəfində böyük və sevimli xatunu, bir az aşağı masada oğulları və yaxın qohum-əqrəbası otururlar. Özü də onlar masalarına əyləşərkən başları xaqanın ayaqları bərabərliyində olmalıdır. Bir az aşağıda isə adlı-sanlı əyanlar və onların xanımları yerləşirlər... Burada hər kəs öz yerini bilir və hər kəs böyük xaqanın müəyyən etdiyi qaydada əyləşməlidir".

Göründüyü kimi, "türk" sözünün anlamına XIX-XX əsrlərdə müxtəlif cür yanaşsalar da, iqtibas gətirdiyimiz alimlər, yanaşmaları müxtəlif olsa da, eyni fikirdə olurlar ki, bu söz "güc", "qüvvət" mənasını verir. Təbiidir ki, "güc", "qüvvət" olan bir yerdə millətin "layiqli", "yüksək"də yer tutması heç kimi təəccübləndirməməlidir.

Biz də belə fikirləşirik ki, birinci element "türk" termini "TÜR" sözünün fonetik variantıdır. Bu söz bizi qəbilələrin, tayfaların, xalqların çox qədim vəziyyətinə gətirib çıxarır. TÜR (TİR-TÖR-TÖS) elementi bizi türk elementilə ibtidai totem baxışlarına aparır. TİR-TÖR-TÖS-ün semantikası imkan verir ki, bu söz "məbəd yeri", "seçilmiş yer", "obada ən yaxşı yer", "ocaq başında ən başlıca yer" mənasında "hakim", "ağa", "qanun", "adət"ə qədər uzun bir yol keçsin. Elə M.Kaşğaridə də TÖR-TÖRƏ evin yuxarı başı, divanı, kürsüsü, TÖRÜ sözü adət-ənənə və törədilmək, yaradılmaq kimi başa düşülür. "El kalır, törü kalmas, yəni eldən vaz keçmək olar, törədən vaz keçmək olmaz".

Törələr haqqında yazmamışdan öncə bizi daha bir sual maraqlandırır. "Türk" hansı coğrafiyadan yayılıb? Mərkəzi Asiya tarixinə nəzər yetirsək, görərik ki, türklərin adı "hun" etnonim olaraq e.ə. IV əsrdən dövlət olaraq çəkilir. Doğrudanmı, Ön Asiyada, Anadoluda, Azərbaycanda eramızdan əvvəlki minilliklərdə yaşamayıblar? Əlahəzrət fakt bunun əksini deyir. Başlayaq şumerlərdən. Məlumdur ki, qədim şumerlərdən bizə gələn dastanın baş qəhrəmanı Bilqamısdır. F.Ağasıoğlu bu barədə yazır: "Bilqamıs adında "Bilikli" anlamı olduğu üçün şumerlər də bu qəhrəmanı "hər şeyi bilən" el (dövlət) başçısı kimi öygüləmişlər. Akkadlarda bu dastanın ilk misrasını "Dünyagörmüş barədə" sözlərilə vermişlər. Bilqamısın adı  türk dövlət başçılarına verilən "Bilgə" titulu ilə izah oluna bilər, məsələn, 581-ci ildə göytürklərin batı qolunda xaqan elan edilən Tardu Xaqan "Bilgə" titulu almışdı, məşhur Toyukuk da bu titulu daşımışdır.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!