Birinci Türkoloji Qurultayın tarixi missiyası - Nizami Cəfərov, Mahirə Hüseynova, Aysel Qəribli

Birinci Türkoloji Qurultay (26 fevral - 5 mart 1926-cı il), heç şübhəsiz, "xalqlar həbsxanası" olan Rusiyada sosialist inqilabının qələbəsi, məzlum millətlərin öz müqəddəratını təyin etmək hüququnun elanı, demokratik islahatlara başlanılması ehtiyacının nəticəsi idi. Və onun arxasında SSRİ - sovet hakimiyyəti kimi hər cəhətdən yeni (eksperimental), iddialı, eyforik bir ictimai, siyasi və ideoloji qüvvə dayanırdı.

Qurultayın ilk təntənəli iclasını açan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlu giriş sözünə belə başlamışdı:

"Yoldaşlar, birbaşa məsələyə keçməzdən əvvəl sizə məlumat verməliyəm ki, əvvəlcə xan istibdadı və məsuliyyətsiz feodallar sistemi, daha sonra isə rus mütləqiyyəti tərəfindən incidilən Azərbaycan ilk dəfədir ki, tarixi fəaliyyət səhnəsinə taleyini öz arzularına uyğun şəkildə qurub-yaradan azad xalq kimi qədəm qoyur. Və əgər azərbaycanlılar, türkmənlər, özbəklər, keçmiş Romanov imperiyasının bütün kiçik xalqları mövcud olmağa, düşünməyə, asudə nəfəs almağa başlamışlarsa, bu, Böyük Oktyabr inqilabının iradəsilə baş verib. Bu inqilabın başçılarının, ilk növbədə, onun dahi təşkilatçısı olan Ulyanov Lenin yoldaşın xatirəsini yad etmədən biz tarixi əhəmiyyəti olan heç bir işə başlaya bilmərik".

Qurultay nümayəndələri ayağa qalxıb V.İ.Leninin xatirəsini yad etdikdən sonra S.Ağamalıoğlu nümayəndələrə Azərbaycan fəhlə və kəndlilərinin, bütün Azərbaycan xalqının salamlarını çatdırmış, əsrlərlə mürgüləmiş qoca Şərqin artıq oyandığını, Şərq xalqlarının öz müqəddəratlarını təyin etmək uğrunda mübarizəyə qalxdıqlarını qeyd edərək demişdir:

"Əvvəllər "qeyri-tarixi", əsarətdə olan, indi isə qüdrətli inqilabın həyata qaytardığı, canlandırdığı çoxmilyonluq xalqların tərəqqisi, həqiqətən də, bəşəriyyətin gələcək azadlıq hərəkatının möhtəşəm qüvvəsidir. Sovet ölkələrinin həyatlarını sovet qanunları, sovet iqtisadiyyatı, elmin işıqlandırdığı sovet mədəniyyəti əsasında, düzgün quran türk-tatar xalqlarının bununla Şərqin hələ də oyanmaqda olan əsarət altındakı xalqlarının oyanışı üçün stimul yaratdıqlarını söyləsəm, heç də mübaliğə olmaz. Lakin Qurultayın önəmi təkcə bunda deyil; o, türkoloji elmin ədəbiyyatına qiymətli töhfə verəcək ki, bu da bəşəriyyətin inkişaf tarixində öz izini qoymalıdır".

Türkoloji Qurultaya rəhbərlik missiyasını üzərinə almış görkəmli dövlət xadimi, təcrübəli siyasətçi-ideoloq Oktyabr İnqilabının doğurduğu eyforiyaya çox böyük inamla istinad edərək, bir tərəfdən, düşüncələrinə romantik meydan verirsə, digər tərəfdən, gerçəklik hissini itirmir:

"...Biz bu Qurultaydan maksimum səmərə əldə etməliyik. Mənə elə gəlir ki, indiyədək heç bir elmi Qurultay geniş zəhmətkeş kütlələrinin diqqətini bu qədər cəlb etməyib, desəm, səhv etmərəm... Lakin Qurultayın xalq kütlələrinin təbii olan bu əhval-ruhiyyəsinə düzgün reaksiya verməsi üçün mümkün qədər məhsuldar işləmək lazımdır".

S.Ağamalıoğlu Qurultayın qarşısında dayanan əsas məsələ - yeni əlifbaya (latın əlifbasına) keçid məsələsi barədə artıq, prinsip etibarilə, qərarlaşdırılmış fikri birbaşa bəyan etməsə də, nümayəndələri məsələnin obyektiv (elmi!) həllinə çağırmaqla, əslində, latına keçməyin tarixi zəruriliyini "mətnaltı" olaraq ifadə etməkdən çəkinməmişdir:

"Sizə məlumdur ki, bu məsələdə bir-birini qarşılıqlı şəkildə istisna edən iki mövqe, iki fikir mövcuddur: bir fikir ərəb əlifbasının islahının, o biri isə latın sistemli yeni əlifbaya birdəfəlik keçidin tərəfdarıdır... Əlbəttə, mən nə etmək lazım gəldiyini iddia etmək fikrində deyiləm. Yalnız onu qeyd etmək istəyirəm ki, vəziyyətin ağırlığı məsələyə xüsusi, obyektiv yanaşma tələb edir. Və fikrimizcə, bu məsələdə əldə edə biləcəyimiz yeganə nailiyyət onun düzgün işıqlandırılması ola bilər. Elmi faktlardan yararlanmanı isə tərəflərdən hər birinin elmi müdrikliyinə, onların tarix qarşısında məsuliyyətinin öhdəsinə buraxmaq lazımdır".

S.Ağamalıoğlu giriş nitqinin sonunda əmin olduğunu bildirir ki, "Qurultayın hər bir iştirakçısı öz fikir və hisslərini müdrikcəsinə uzlaşdıracaq, bütövlükdə Qurultay, qarşısında duran çətinliklərin öhdəsindən gələcək və kortəbiiliklə mübarizədə parlaq qələbə qazanaraq əməkçi kütlənin xeyrinə, savad və biliklərin kütləviliyinə, zəhmətkeşlərin hamı ilə bir mədəni səviyyəyə malik olmasına yönəlmiş davranış nümunəsi göstərəcək".

Beləliklə, natiq Qurultaydan sovet sosialist həyat tərzinin yenicə formalaşmaqda olan iki prinsipini - birincisi, elmiliyi, hər cür kortəbiilikdən, xürafatdan uzaq gerçəkçi, rassional mühakiməni; ikincisi isə, kütləviliyi, bu və ya digər əlahiddə, "aristokratik" mövqeyi deyil, fəhlə-kəndli hakimiyyətinin istədiyi demokratizmi tələb edir. Və Birinci Türkoloji Qurultayın stenoqrafik hesabatı göstərir ki, həmin tələblərə kifayət qədər əməl olunmuşdur.

Açılışdan sonra Qurultayı SSRİ MİK və Azərbaycan SSR XKŞ adından təbrik edən Qəzənfər Musabəyov göstərmişdir ki, "millətlərin öz müqəddəratını müəyyənləşdirmək şüarını irəli sürən Oktyabr İnqilabı geridə qalmış türk-tatar xalqlarına dünya mədəniyyətinə, tərəqqiyə qoşulmaq imkanı vermişdir. Həqiqətən də, biz bu xalqların mədəniyyət sahəsində qüdrətli irəliləyişinin şahidiyik. Türkoloji Qurultay həmin elmi irəliləyişin möhkəm bünövrəsini qoymalıdır".

Türk xalqlarının inkişafdan geri qaldıqlarını deyən, bu geriliyin aradan qaldırılması üçün Oktyabr İnqilabının geniş imkanlar açdığını xüsusi vurğulayan natiq çox mühüm (əslində qlobal!) bir intellektual-mədəni hadisəyə də məhz marksist-leninçi ideoloji mövqedən münasibət bildirərək demişdir ki, zəngin Qərb "sirli Şərqlə maraqlanır: vəsaitini əsirgəməyən kapitalist Qərbi xüsusi elmi ekspedisiyalar göndərir, ədəbiyyat, jurnallar, qəzetlər buraxır və s. Lakin biz bilirik ki, kapitalist Qərbi başqa məqsədlər güdür, çox vaxt kapitalist dünyasında elm alimlərin iradəsinin ziddinə olaraq, meydan sulayan imperializmə xidmət edir. Bizdə isə bundan tamamilə fərqli şeylər baş verir, bizim bu cür iddialarımız yoxdur. Bizim yeganə məqsədimiz yeni sosialist cəmiyyəti yaratmaqdır ki, həmin cəmiyyət, şübhəsiz, geniş inkişaf etmiş mədəniyyət nəzərdə tutur".

Q.Musabəyov "Qurultay qarşısında bilavasitə duran və həyatın özünün irəli sürdüyü" bəzi vəzifələri ayrıca qeyd etmişdir ki, onlar aşağıdakılardan ibarətdir:

"...Birincisi - sovet ərazisindən kənarda olan elmi-mədəni aləmlə səciyyəvi, sıx və bilavasitə əlaqələr; ikinci - yerli Diyarşünaslıq Cəmiyyətinə onun elmi fəaliyyət axarına yönəldilməsi sahəsində yardım göstərilməsi; üçüncüsü - türk-tatar xalqlarının sosial-siyasi həyatının və onların inqilabi hərəkat tarixinin son dərəcə diqqətlə araşdırılması".

Göründüyü kimi, bu vəzifələrin üçü də elmi-türkoloji enerjinin siyasi-ideoloji məqsədlərə sərf olunmasına xidmət etməli idi. Birinci halda, "sovet ərazisindən kənarda olan elmi-mədəni aləm"in sovetləşdirilməsi, sosialistləşdirilməsi nəzərdə tutulur; ikinci halda yerli Diyarşünaslıq Cəmiyyətlərində birləşən geniş xalq kütlələrinin (fəhlə və kəndlilərin!) elmi biliklərə yiyələnmələri nəticəsində elmin "proletarlaşması" marağı izlənilir; üçüncü halda isə, türk xalqlarının bilavasitə siyasi-ideoloji (inqilabi!) həyata cəlb edilməsi məqsədilə tarixlərinin yenidən "yazılması" təklif edilirdi. 

Natiqin "peşəkar inqilabçı", "hökumət adamı" olması özünü onda da göstərir ki, Birinci Türkoloji Qurultayın Yaxın Şərqin ən mühüm mədəni məsələlərinin həllində sovet hakimiyyətinə kömək göstərməli olduğunu deməklə ona (Qurultaya) öz "yer"ini başa salır. Və əlavə edir ki, belə olsa, "geridə qalmış türk-tatar xalqları elm çırağının işığında yeni, işıqlı həyat quruculuğunu daha yaxşı reallaşdıraraq, müstəmləkəçilər və kapitalistlərin əsrlər boyu onlara aşıladıqları cəhalət və savadsızlığın öhdəsindən gələrlər".

Beləliklə, Q.Musabəyov "Sovet hakimiyyətinin doğma övladı olan Birinci Türkoloji Qurultay"dan S.Ağamalıoğlu ilə müqayisədə daha çox şey gözləyir, türkoloqları (və türkologiya elmini!) sinfi mübarizənin ön sıralarında görmək istəyirdi.

Qurultayın ictimai, siyasi və ideoloji missiyasını daha dərindən anlamaq üçün SSRİ MİK nəzdindəki Ümumittifaq Şərqşünaslıq Elmi Assosiasiyasının sədri Mixail Pavloviçin çıxışı maraqlıdır. Onun fikrincə, "təkcə Bakı və Azərbaycan deyil, Sovetlər İttifaqının da hüdudlarından uzaqlara yayılacaq qüdrətli həyəcan sədası kimi Türkoloji Qurultay təkcə ziyalıların yox, aşağıdan yuxarıya qədər, geniş xalq kütlələrinin də diqqətini türk-tatar xalq kütlələrinin indiyədək yalnız Avropa xalqlarının nəsibi olan mədəniyyət və sivilizasiyaya qoşulmalarına mane olan qeyri-adi mükəmməl əlifba, orfoqrafiya, terminologiya və i.a. məsələlərə yönəltməlidir. Bu Qurultay türk-tatar xalqlarının inqilabi batalyonlarının savadsızlığın aradan götürülməsinə, xalq kütlələri arasında maarifin yayılmasına mane olan cəhalət və savadsızlıq hibraltar və port-arturlarına qarşı möhtəşəm hücumunun, qüdrətli həmləsinin başlanğıcıdır".

Elmlə ideologiyanı nitqində (və ümumi fəaliyyətində) məharətlə birləşdirən bu şəxs akademik funksionerlərə məxsus bir peşəkarlıqla Qurultayın Azərbaycanda keçirilməsinin əhəmiyyətini dövrün siyasi ovqatına xas, bir romantik üslubda qiymətləndirmişdir:

"Bu qurultayın böyük Sovet İttifaqının tərkibinə daxil olan Azərbaycan Respublikasında çağırılması da Sovet hakimiyyətinin, fəhlə-kəndli hakimiyyətinin milli siyasətinin prinsiplərinin böyüklüyünə sübutdur, yoxsa, belə bir qurultay hər hansı başqa bir ölkədə ola bilərdimi? Məgər siz Sovet İttifaqından kənarda akademik Bartold, Elmlər Akademiyasının nümayəndələri Oldenburq, Krımski və b. elm nəhənglərinin savadsızlığı aradan götürməyə kömək edə biləcək bütün yolları müzakirə etmək üçün zəhmətkeş kütlələrinin nümayəndələri ilə birlikdə toplaşdığı başqa bir qurultay görmüsünüzmü?"

Bu cür ritorik suallar ilə qurultayı ideoloji baxımdan rövnəqləndirən natiq onu da nəzərə çatdırmışdır ki, Sovet hakimiyyətinin milli siyasəti çox möhkəm iqtisadi əsaslara dayanır. Və əgər xalqlar arasında bu sahədə - iqtisadiyyatda bərabərlik təmin edilməmişsə, onların hüquq bərabərliyindən danışmaq mənasızdır.

"Ətraf dövlətlər tərəfindən hər hansı bir maliyyə yardımından məhrum edilən, blokadaya alınan Sovet İttifaqının, hər şeyə rəğmən, iqtisadi quruculuq sahəsində möhtəşəm nailiyyətlər əldə etməsini necə izah etmək olar?" sualına M.P.Pavloviçin verdiyi cavab da dövrün siyasi-ideoloji konyukturunun birbaşa təzahürüdür:

"Bu, yoldaşlar, çox sadə izah olunur. Çarizm dövründə rus xalqının nəhəng qüvvəsi "geridə qalmış" adlandırılan xalqların fəthinə və istismarına sərf olunurdu. Həmin xalqların möhtəşəm enerji ehtiyatları isə, əksinə, bu istismar və sıxışdırma əleyhinə mübarizəyə yönəldilirdi. Beləliklə, nəhəng qüvvə ehtiyatları bir-birini iflic edirdi: bir qismi əsarət altına almağa, digəri isə bu əsarətlə mübarizəyə sərf olunurdu. İndi isə həmin nəhəng mənbələrdən yalnız iqtisadi-mədəni quruculuğa yönəldilən qüvvə axıb gəlir".

Sovetlər  Birliyindəki iqtisadi inkişafı Azərbaycanın, xüsusilə, uzun on illər çarizmə qarşı mübarizə aparan Dağıstanın timsalında (və sadə olduğu qədər də maraqlı məntiqlə!) izah edən natiq mədəni geriliyin aradan qaldırılmasına da həmin vulqar sosioloji mövqedən yanaşır:

"Əgər biz traktordan istifadə etməyə başlayırıqsa, köhnə kotanları bu traktorlarla əvəz etmək istəyiriksə, əgər, hətta geridə qalmış Dağıstanda Daqoqni (Dağıstan işıqları) zavodunda Furkonun təkmilləşdirilmiş maşınlarını tətbiq ediriksə, mədəniyyət sahəsində də qeyri-mükəmməl əlifbaların, orfoqrafiyanın, heç nəyə yaramayan terminologiyanın və i. tədrisinin köhnə üsullarını saxlamamalıyıq, çünki bir xalqın iki-üç gün ərzində mənimsənilə bilən əlifbaya malik olduğu, digərinin isə öyrənilməsi aylar tələb edən əlifbadan istifadə etmək məcburiyyətində qaldığı indiki vəziyyət olduğu kimi qalarsa, mədəni bərabərlik ağılasığmazdır".

M.P.Pavloviç nitqinin sonunda belə bir əminlik ifadə etmişdir ki, Şərqin "cahil milyonlar"ı asan mənimsənilən əlifbaya keçsə, elm yalnız imtiyazlıların nəsibi olmayıb,  xalq kütlələrinin "ən aşağı təbəqələri"nə qədər yetişəcəkdir.

Əlbəttə, Qurultayın açılış iclasında natiqlərin, demək olar ki, hamısının bu və ya digər şəkildə səsləndirdiyi yeni əlifbaya keçmək fikri, mahiyyət etibarilə,  mütərəqqi idi. Və çox keçmədi ki, Sovet İttifaqında savadlanma qarşısıalınmaz bir hərəkata çevrildi.

Zaqafqaziya hökuməti adından Qurultayı təbrik edən Mirzə Davud Hüseynov (o, hökumətin üzvü idi) çıxışını Sovetlər İttifaqında türk xalqlarının (yeri gəlmişkən, ona qədərki natiqlər "türk xalqları" yox, "türk-tatar xalqları" demişdilər) sayca çoxluğunu vurğulamaqla başlayıb, yayıldıqları coğrafiyanın miqyasına keçir:

"Əgər diqqətlə baxsaq, aydın olar ki, onlar Altay dağlarından, böyük Volqadan, Türküstanın tənha qumluqlarından, Qafqazın qarlı zirvələrindən başlayan və gözəl Krımda qurtaran nəhəng bir ərazini tuturlar".

Çarizmin türk xalqlarına elədiyi zülmü qatı boyalarla təsvir etməkdən çəkinməyən natiq demişdir:

"...Çar hökuməti  nə az, nə çox - bütün özgə millətlərdən olanları məhv etmək, onları ruslara çevirmək istəyirdi. Yoldaşlar, çar hökumətinin Özbəkistan, Azərbaycan və Qazaxıstanın torpaqlarını tədricən tutması, "türk" sözünün, hətta dilə gətirilməsini qadağan etməsini başqa heç bir şeylə izah etmək mümkün deyil".

M.D.Hüseynovun aşağıdakı fikirləri isə yalnız rus çarizminin müstəmləkəçi, istismarçı siyasətinin kəskin ifşası olmayıb, həm də Oktyabr İnqilabının, onun rəhbəri Leninin o illər üçün səciyyəvi olan mədhi idi:

"Yoldaşlar, heç bir şübhə yoxdur ki, Oktyabr İnqilabı on il də geciksəydi, biz tam cırlaşmaya məhkum idik. Yalnız əziz müəllimimiz Leninin dahi ustad əllərilə həyata keçirilən Oktyabr İnqilabı bizi xilas etdi. Çarizmin əsirlik zülmündən təkcə rus proletariatı və kəndliləri yox, biz - türk xalqları da azad olduq".

Əgər natiq sovet beynəlmiləlçiliyinin parlaq nümunəsi olan müəyyən sözlər söyləməsəydi, onu çox tez-tez (yenə də özündən əvvəlki natiqlərdən fərqli olaraq) müraciət elədiyi "biz - türk xalqları" ifadəsinə görə millətçilikdə ittiham etmək çətin deyildi:

"Siz bilirsiniz ki, elə Azərbaycanın paytaxtında, hazırda iclas keçirdiyimiz həmin bu Bakıda çar siyasəti xüsusi incəliklə həyata keçirilirdi. Burada həmin siyasət çarizmin əsarətdə olan bir xalqı digərinin üstünə qaldırmaqda, bu xalqların bir-birini məhv etmələrinə can atmasında öz əksini tapırdı".

Sovet xalqları ailəsində türk xalqlarının iqtisadi-təsərrüfat sisteminin inkişafında "bir neçə pilləni birdən arxada qoymaq imkanına malik" olduqlarını diqqətə çatdırdıqdan sonra M.D.Hüseynov mədəniyyət sahəsindəki geriliklə barışmağın heç cür mümkün olmayacağını göstərmiş, işə əlifbadan başlama ideyasını müdafiə edərək demişdir:

"...Bizə hər şeydən artıq zəruri olan da elə savaddır. Bilirsiniz ki, bu yolda biz çox böyük bir maneə ilə üzləşirik. Söhbət əlifbamızdan, ərəb əlifbasından gedir və hamı dərk edir ki, o, mövcud olduğu şəkildə bizim üçün böyük tormozdur. Bu məsələ sizin qarşınızda durur. Siz bu məsələni o baxımdan həll etməlisiniz ki, savadlılıq türk kütlələrinin geniş təbəqələrinin, əhalimizin geniş kütlələrinin nəsibi olsun".

M.D.Hüseynov bir sovet dövlət məmuru mövqeyində nə qədər səmimi idisə, mənsub olduğu xalqın (və xalqların!) övladı səviyyəsində də o qədər məsuliyyətli idi. Ona görə də demişdi:

"Məncə, parlaq alim-türkoloqların və böyük İttifaqımızın bütün türk xalqları nümayəndələrinin iştirak etdiyi Türkoloji Qurultayımız bu məsələyə (yeni əlifbanın qəbulu məsələsinə - N.C., M.H., A.Q.) məhz tam bitərəflik, tam obyektivliklə yanaşacaq və kütlələrimizin, xalqımızın mənafeləri tələb edən şəkildə həll ediləcək".

Azərbaycanın ərəb əlifbasından latın əlifbasına keçmək sahəsində bütün türk dilləri üçün örnək olacaq təcrübəsini təqdir etməkdə də o, tamamilə haqlı idi. Və bu onun sadəcə azərbaycanlı olmağından irəli gəlməmişdi:

"Yoldaşlar, nəzərdə tutmaq lazımdır ki, Azərbaycan - türk respublikalarından biri latın əlifbasını təsdiq edib və bu sahədə təcrübəyə malikdir. Hamının şəhadətinə görə, Azərbaycanda bu təcrübə parlaq şəkildə alınıb. Türkoloji Qurultay bu məsələ ilə də məşğul olmalı, onu aydınlaşdırmalı, araşdırmalı, bütün baxımlardan aşkarlamalı və bu məsələ ilə əlaqədar sanballı qərarını verməlidir". Və M.D.Hüseynov sonda əminliyini ifadə etmişdi ki, "bütün türk xalqlarının və alimlərin, dünyada məşhur alim-türkoloqların iştirakı sayəsində Türkoloji Qurultay,  qarşısında duran bütün məsələləri müvəffəqiyyətlə həll edəcək".

RSFSR XMK Millətlər İttifaqının sədri, millətcə polyak olan İosif Alekseyeviç Naqovitsin qısa nitqinə bu sözlərlə başlamışdır ki, "Oktyabr İnqilabı Şərqin çoxmilyonluq zəhmətkeş kütlələrini əsarətdən xilas etdi və çoxmilyonluq kütlələr arasında türk xalqları nəhəng əksəriyyət təşkil edir... İndi siz görürsünüz ki, hər bir xalq, hər bir ayrıca millət çarizmin qoyub getdiyi biabırçı mirasdan zorla xilas olur... Hakim hökumətin hakim millətin dilini zorla aşıladığı keçmiş dövr arxada qalıb. Hər bir xalq mədəniyyətə öz doğma dilində qoşulur".

Keçmiş Rusiya, hazırki Sovetlər İttifaqı ərazisində baş vermiş, get-gedə daha da dərinləşən, genişlənən mədəni inqilabın çox keçmədən İttifaqın hüdudlarını aşacağını söyləyən natiq sözünü belə bir mülahizə ilə bitirmişdir:

"Yoldaşlar, bizim xalqlar ittifaqında gedən bu nəhəng quruculuğa Şərqin əsarətdə olan xalqları da diqqət yetirir. Bu xalqlar hələ də kapitalın əsarəti altındadır, lakin həmin xalqlar öz gələcəklərinə böyük ümidlə baxırlar, çünki onların zəhmətkeş qardaşları Sovet İttifaqında yeni həyatlarını qururlar".

Göründüyü kimi, açılışda çıxış edən kifayət qədər nüfuzlu ictimai-siyasi xadimlər əmin idilər ki, sovet türkləri arasındakı mədəni canlanma bütün məzlum xalqlara təsir edəcəyindən Birinci Türkoloji Qurultayın qərarları böyük beynəlxalq nüfuza malik olacaqdır.

Hər nə qədər coşqun (inqilabi!) ictimai, siyasi və ideoloji şəraitdə keçirilsə də, Birinci Türkoloji Qurultay özünün elmi-akademik, maarifçi-mədəni xarakterini nəinki qoruyub saxlamış, birinci iclasdan sonrakı iclaslardakı istər məruzə, istərsə də müzakirələrdə bəzi epizodik məqamlar istisna edilməklə siyasi-ideoloji mülahizələr önə çıxmamışdır. Həmin istisnalardan biri odur ki, ərəb əlifbasının atılmasının deyil, islahatının tərəfdarı Kazan tatarı Qalimcan Şərəf məruzəsində Qurultaya ağsaqqallıq edən S.Ağamalıoğlunu, faktiki olaraq, proletariatın dahi rəhbəri Lenini aldatmaqda ittiham edərək demişdir:

"Ərəb sisteminin yararsız orfoqrafiyası və qüsurları, latın şrift sisteminin qəbulu haqqında Ağamalıoğlunun söhbətini dinlədikdən sonra Lenin ona sual verib: "Bəs kəndlilərin bu məsələyə münasibəti necədir?" Ağamalıoğlunun "kəndlilərin buna münasibəti müsbətdir" cavabından sonra isə o, qısaca bir söz deyib: "Bu - Şərqdə inqilabdır". Burada yoldaş Leninin bu məsələyə dair siyasi təhlili və qənaəti sonuncu qısa ifadədə yox, verdiyi sualdadır: "İcazə verin, soruşum: bəs kəndlilərin bu məsələyə münasibəti necədir?" Yoldaş Leninə kəndlilərin müsbət münasibət bəslədiklərini deyən yoldaş Ağamalıoğlu həm yenilikdən gözlənilən fayda, həm də kəndlilərin bu məsələyə münasibəti barədə onu yanlış məlumatlandırmayıb ki?"

Q.Şərəf məsələni həm elmi, həm də ideoloji baxımdan daha da kəskinləşdirərək əlavə etmişdir:

"Fikrimizcə, kəndlilərin mövcud şriftin latın şrifti ilə əvəz olunmasını qətiyyətlə iddia etmələri ən azı vaxtsız və kifayət qədər yoxlanılmamış bəyanatdır... Mənim mədəniyyətşünas-dilçi və statist-iqtisadçı kimi apardığım bütün hesablamalara görə, ərəb şriftinin latın şriftinə dəyişdirilməsi nəinki mədəni və iqtisadi yüksəlişə xidmət etməyəcək, əksinə, mədəni və iqtisadi irəliləyişimizi bir neçə il yubadacaq. Beləliklə, gəlin bizi türk-tatar xalqlarının dini və iqtisadi tərəqqisinə aparan düz yoldan sapınmayaq".

Q.Şərəfin, eləcə də qazax Əhməd Baytursunun "islahatçı" mövqeyinə etiraz edən  S.Ağamalıoğlu "Şərqdə inqilab" mövzusuna, daha dəqiq desək, Lenini aldadıb-aldatmaması məsələsinə qayıtmamış, ancaq "islahatçılar"ın hücumunu xalq yaradıcılığı üslubunda bir ironiya ilə dəf etmişdir:

"Fikrimizcə, qazanlılar və qazaxlar artistlərimizin qadınsız teatr yaratmağa çalışdığımız zaman yaşadıqları hissləri yaşayırlar. Kişilər paltarlarını dəyişməli, ənlik-kirşan çəkməli olurdular və i.a., amma yenə də qadın rollarını kişilərin oynadıqları nəzərə çarpırdı.

Bu, cəfəngiyyatdır. Məsələn, "Otello"dakı Dezdemonanı bu şəkildə necə təsəvvür edə bilərik (hündür və kök adam təsvir edir)? Belə bir adam Dezdemona, yaxud Leylini oynayırsa, əlbəttə, cəfəngiyyat alınar".

S.Ağamalıoğlunun yerində edilmiş ironiyası, əlbəttə, "islahatçılar"ın təkidindən daha təsirli olmuşdur. Əlifba məsələsinin teatra, ərəb əlifbasının islahatının isə oyunbazlığa bənzədilməsi o illərin əlifba mübahisələri gedişində, doğrudan da, düşündürücüdür.

Q.Şərəf öz mövqeyindən nəinki geri çəkilmək istəməmiş, hətta məsələyə bir qədər "provokasiya" çaları da verərək demişdir ki, latın əlifbasına keçmək yeni təklif deyil, müsavatçılar da ona maraq göstərirdilər. Və Türkiyədəki mühacirlərin ərəb əlifbasının "əleyhinə yazılarla çıxış etməklərinə gəldikdə isə, demək lazımdır ki, onlar SSRİ-yə böhtan atmaq üçün istənilən bəhanədən istifadə etməyə hazırdırlar".

Əlbəttə, 20-ci illərdə ərəb əlifbasının əleyhinə çıxmaq sovet sosialist ideologiyasına elə hakim olmuşdu ki, bu cür "provokasiyalar" onun qarşısını ala bilməzdi. Ərəbdən birbaşa kirilə keçmək hələ müəyyən səs-küy, etiraz doğurardı, latın isə "yeni əlifba" hərəkatına ümumbəşəri məzmun verməklə ərəb əlifbasının nüfuzunu ictimai-mədəni baxımdan üstələyirdi.

Vəziyyətin "çıxılmaz" olduğunu görən Q.Şərəf, əgər belə demək mümkünsə, "qiyam etmək" fikrinə düşmüşdür:

"Burada sanki köhnə ərəb əlifbası üzərində ictimai məhkəmə baş verir. Bilirik ki, ictimai məhkəmələr həmişə bu və ya digər qərarı mühakimə edənlərin tərkibindən asılı olaraq çıxarır. Fikrimizcə, burada gələcəkdə həyata tətbiq oluna bilən səciyyəli qətnamə, məsələn, şriftin dəyişdirilməsi kimi qətnamə qəbul etmək, təkrar edirəm, qəbul etmək olmaz... Gəlin mübahisəli məsələmizin həllini həyatın özünə həvalə edək".

Əlbəttə, Q.Şərəfin, eləcə də bir sıra digər "islahatçılar"ın bu cür cəhdləri Qurultayın nə elmi, nə də ictimai, siyasi və ideoloji ovqatına təsir etmək iqtidarında deyildi.

Son iclasda M.P.Pavloviç yenidən tribunaya çıxıb "Oktyabr inqilabından sonra türk-tatar xalqlarının mədəni nailiyyətləri" mövzusunda məruzə etmişdir. Ümumittifaq Şərqşünaslıq Elmi Assosiasiyasının sədri bildirmişdir ki, "türk kütlələrinə rəhbərlik edən burjua-demokratik ziyalıları Fevral inqilabından Oktyabr inqilabınadək olan qısa dövrdən geniş mədəni maarif üçün deyil, daha çox, kütlələri özünün təsiri altında formalaşdırmaq və onlardan mərkəzə qarşı mübarizədə istifadə etmək üçün faydalandığı halda, Oktyabr inqilabının sonrakı inkişafı hər bir millətin daxilində yaradıcı və mənəvi qüvvələri üzrə çıxardı, onlarda tükənmək bilməyən maariflənmə həvəsi oyatdı".

İnqilabın tarixi rolunu yüksək qiymətləndirərək, "o vaxtdan biz çoxmillətli və müxtəlif dilli tərkibə malik Sovet Federasiyasını başdan-başa bürüyən qeyri-adi və möhtəşəm mədəni prosesin şahidləriyik" deyən natiq yeni hakimiyyətin milli siyasətinin şərhinə keçmişdir:

"Sosializmin yetişməyə can atdığı ümumbəşəri mədəniyyət, yoldaş Stalinin dediyi kimi, məzmunca proletar, formaca millidir. Proletar mədəniyyəti millini ləğv etmir, ona məzmun bəxş edir!.. Hakimiyyətdə burjuaziya olduğu zaman milli siyasət burjua səciyyəsi daşıyırdı, yəni onda zor və əsarət əlamətləri vardı. Lakin proletar dövlətində milli siyasət - millətlərin əsarətin bütün növlərindən azad edilməsi deməkdir".

M.P.Pavloviç Sovet hakimiyyətinin milli siyasətinin üzvi tərkib hissəsi olan milli dil siyasətinə də toxunaraq demişdir:

"Yoldaş Stalin tamamilə doğru göstərir ki,.. proletar mədəniyyəti, proletar maarifinin inkişafı ayrı-ayrı xalqların milli dillərinin inkişafına yardımçı olacaq. Hətta ən kiçik xalqların da".

Və rus dilinin böyüklüyünü etiraf edən V.İ.Lenindən də belə bir sitat gətirmişdir ki, "millətlər arasında mədəniyyət və sivilizasiyanın bu dil vasitəsilə zorla yayılması tamamilə yolverilməzdir. Geridə qalmış xalqlar arasında mədəniyyət və sivilizasiyanın yayılması üçün ən yaxşı vasitə onların doğma dilləridir. Doğma dil - inqilabi təbliğat və inqilabi maarifin qüdrətli silahıdır".

Bu, ilk növbədə, o demək idi ki, türk xalqları, hətta onların ən azsaylıları belə dillərini itirəcəklərindən qorxmasınlar, əksinə, onun inkişafı qayğısına qalsınlar. İkincisi isə, bu dil inqilaba xidmət edəcəkdir.

Həmin illərdə N.Y.Marrın geniş yayılmış nəzəriyyəsinə əsaslanaraq dili mədəniyyətin digər sahələri kimi iqtisadi bazisə münasibətdə üstqurum hesab edən natiq sosializm quran ölkənin ucqarlarında fabrik və zavodlar fəaliyyətə başladıqca, iqtisadi həyat canlandıqca geri qalmış xalqların dillərinin də zənginləşəcəyinə əminlik ifadə edərək göstərmişdir ki, "milli dilin ən qüdrətli maarif, mədəniyyət, beynəlxalq qardaşlıq ideyası təbliği vasitəsi kimi möhtəşəm rolu ilə hesablaşan Sovet hakimiyyəti hər hansı bir assimilyasiyaçılıq layihəsindən imtina etdi və qeyri-rus millətlər arasında maarifçilik siyasətinin əsası kimi doğma dildə savadlandırma məsələsini götürdü".

Qurultayın ideoloqu olaraq çıxış edən M.P.Pavloviç onun əsas problemi - əlifba mübahisələri barədə də fikir bildirib kifayət qədər açıq şəkildə söyləmişdir:

"Bu Qurultayda bir o qədər də çoxsaylı olmayan bizlər - rus alimləri, kommunist və bitərəf rus professorları sizinlə birlikdə latın əlifbasına səs veririk. Biz bunu ruslaşdırmanın qatı düşməni olduğumuz üçün, ən kiçik xalqların da doğma dillərinin inkişafını arzuladığımız üçün edirik... Biz əminik ki, doğma dil və mədəniyyətlərinin inkişafı maraqlarını hər şeydən üstün tutan əziz dostlarımız İbrahimov, Maqsudov, Sabirov Tatarıstandakı konkret obyektiv şəraitlə əlaqədar hazırda latın əlifbasının qəbulu əleyhinə çıxış etsələr də, bir neçə ildən sonra onlar da bizim sıralarımıza qoşulacaqlar".

Müşahidələr göstərir ki, Qurultayda, əlifba başda olmaqla, bu və ya digər məsələyə a) çox hallarda elmi, b) bəzən mədəni-kütləvi, c) bəzən də siyasi-ideoloji baxışlar vüsət aldığından onun tarixi xarakteri (və missiyası) həmin üç baxışın qarşılıqlı əlaqə, münasibət və təsirində müəyyən olunur.

Sovet hakimiyyətinin ilk illərində türk xalqları ziyalılarının on illər boyu formulə etdikləri milli reformasiya təşəbbüslərinin dəstəklənməsi, əlbəttə, təkzibolunmaz bir reallıq idi. Və odur ki, Birinci Türkoloji Qurultayın guya Sovet İttifaqında "pantürkizm"in miqyasını təyin etmək üçün keçirilməsi (və 37-ci ildə Qurultay iştirakçılarının repressiyasının on il əvvəldən planlaşdırılmış bir aksiya olması!) barədəki təsəvvürlər, əlbəttə, tamamilə əsassızdır.

Əsas məqsəd (bunu qarşısıalınmaz bir stixiya da hesab etmək mümkündür) türk xalqlarının bir araya gələrək yalnız birlikdə həll olunmalı problemləri müzakirə edib ümumi qənaətlər formalaşdırmaları idi. Və bu cür məqsədlər (stixiyalar!) heç nə ilə hesablaşmır... Hər şeydən əvvəl ona görə ki, məhz Tarixin özü XVII-XVIII əsrlərdən etibarən, XIX əsrdən isə israrla (bu da həmin stixiyanın üzvi tərkib hissəsi idi) türklərin ən azı öz aralarındakı mədəni, sosial, siyasi münasibətləri aydınlaşdırmağı tələb edirdi: aydınlaşdırılmalı idi ki, türk birliyi bir xalqın (millətin) birliyidir, yoxsa, artıq müxtəlif (diferensial) inkişaf yollarına çıxmış ayrı-ayrı müstəqil xalqların?

Qurultayın keçirilməsi üçün münasib şərait də vardı.

S.Ağamalıoğlu bağlanış nitqində Şərqin türk-tatar aləmində iki inqilabın baş verməsindən bəhs etmişdir ki, onlardan biri Türkiyədə xilafətin ləğvi, ikincisi isə, Azərbaycanda əlifba dəyişikliyidir. Və əlavə etmişdir:

"Lakin bu inqilablara qədər daha bir inqilab - möhtəşəm proletar inqilabı, rus inqilabı bütün dünyanı lərzəyə gətirdi, bütün yatmışları oyatdı, bizim Şərqə də qarşısıalınmaz təsir göstərdi, haqqında danışdığım iki inqilaba təkan verdi".

Azərbaycan türklərinin (və Qurultayın) ağsaqqalının aşağıdakı sözləri isə bu nəhəng forumun ictimai, siyasi və ideoloji missiyasını müəyyənləşdirəcək ən səmimi izahdır:

"...Qurultay (mən bunu mütləq deməliyəm və zənnimcə, yanılmıram) indiyədək təkcə kapitalist, mütləqiyyət xarici zəncirləri ilə deyil, həm də öz daxili zəncirlərilə ümumbəşəri hərəkatdan uzaqlaşdırılan türk-tatar xalqlarının həmin zəncirləri qıraraq digər qabaqcıl xalqlarla bir cərgədə durmaları üçün mədəni təməl yaratdı".

Vəziyyətin bu cür inqilabi (nə qədər eyforik olsa da) dəyərləndirildiyi bir halda, hər hansı repressiya təhlükəsi gözlənilmirdi - hətta "arxada" gizlənib prosesləri izləyən sovet təhlükəsizlik orqanlarının da ağlına gələ bilməzdi ki, həmin günlərdə Qurultayın tribunasına çıxaraq mövqelərini müxtəlif elmi arqumentlərlə sübut edən elm adamlarını on ildən sonra "vətən xaini" kimi güllələyəcək, daha iyirmi il keçdikdən sonra isə özləri ittiham olunacaqlar.

Hadisələr etnik-mədəni və siyasi-ideoloji olmaqla müxtəlif kontekstlərdə baş vermiş, bununla belə, təəssüf ki, səbəb-nəticə əlaqələrindən kənarda kəsişmişdi.

Əgər Sovetlər Birliyi yeni yarandığı illərin səmimiyyətini (və demokratizmini!) axıracan qoruyub saxlamaq iqtidarında olsaydı, S.Ağamalıoğlunun aşağıdakı sözləri də həqiqət ola bilərdi:

"Biz artıq həmin xalqları (söhbət türk xalqlarından gedir - N.C., M.H., A.Q.) qabaqcıl bəşəriyyətin ən mədəni xalqları sırasına aid edə bilərik. Bu Qurultay məhz belə bir əhəmiyyətə malikdir".

Ancaq təəssüf ki, çox keçmədən Sovetlər İttifaqı get-gedə daha aydın şəkildə göstərməyə başladı ki, o, təkcə Oktyabr inqilabının deyil, həm də rus çarizminin varisidir.

Bununla belə S.Ağamalıoğlu tamamilə haqlı idi ki, "Türkoloji Qurultay ideyası bizim həyatımız, məhz türk-tatar xalqlarının həyatı tərəfindən irəli sürülüb. Türk-tatar həyatı proletar inqilabından nəhəng təkan aldı və qarşısıalınmaz axın kimi yeni həyata tərəf üz tutdu. Bir neçə il ərzində eyni məsələlər türk-tatar ölkələrinin İstanbuldan başlamış, Qazan, Daşkənd və daha uzaqlara qədər müxtəlif nöqtələrində qaldırıldı. Budur inqilabın qüdrəti!..

Lakin əgər indiyədək xalqlarımız bu böyük inqilabda dolğun şəkildə iştirak edə bilmirdilərsə, fikrimizcə, panislamçılıqla mənəvi əlaqələri tamamilə qırdıqdan sonra onlar bütün xalqlarla əl-ələ verəcək, dünyanın, bəşəriyyətin bütün məzlumlarının azad edilməsi uğrunda mübarizlərə çevriləcəklər".

Əlbəttə, bu sözlərdə gerçəkliklə "inqilabi romantika" arasındakı əlaqənin harada başlayıb harada qurtardığını müəyyən etmək çətindir. Və bu mülahizələrin söyləndiyi dövrün özü o qədər açıq və ya üstüörtülü ictimai, siyasi və ideoloji ziddiyyətlərlə doludur ki, S.Ağamalıoğlunun səmimiyyətini də şübhə altına ala bilər... Ancaq stenoqrafik hesabatla dərindən tanışlıq göstərir ki, hər nə qədər Oktyabr inqilabının (və sosializm quruculuğunun) təsiri altında keçirilsə də, Birinci Türkoloji Qurultay türk xalqlarının əsrlərlə yığılıb qalmış, həllini gözləyən problemlərini kifayət qədər obyektiv (və dərindən!) müzakirə edərək dövrün elmi-metodoloji imkanları səviyyəsində müəyyən nəticələrə gələ bilmişdir. Həmin problemlərin miqyası son dərəcə geniş olsa da, Qurultay 1) tarix, 2) etnoqrafiya, 3) dil tarixi, 4) orfoqrafiya, 5) terminologiya, 6) əlifba, 7) ədəbi dil, 8) dilin tədrisi metodikası, 9) diyarşünaslıq, 10) ədəbiyyat məsələlərinin müzakirəsini önə çıxarmaqla türk xalqlarının, ilk növbədə, praktik tələblərini qarşılamaq məqsədini izləmiş, bununla belə müzakirələrdə a) elmi, b) sosial (kütləvi) və c) siyasi (ideoloji) maraqlar üz-üzə gəlmişdir. Müzakirələrdə türklük ideyası türk xalqlarını eyni etnik mənşədən gəlib ortaq dəyərlərə mənsub olduqlarının dərki səviyyəsinə yüksəlsə də, heç bir "pantürkist" xüsusiyyət kəsb etməmiş, əksinə, ümumbəşəri prinsiplərə dayanan inkişaf imkanlarının axtarılması yoluna çıxmışdır.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!