"Koroğlu" eposunun mənşəyi, tarixi-milli səciyyəsi və coğrafi arealı - Yusif SƏFƏR

Dünya xalqlarının dastanları sırasında və ümumtürk dastançılığı tarixində "Gilqameş", "Odisseya", "İliada", "Alp Ər Tonqa", "Şu", "Oğuz xaqan", "Kitabi-Dədə Qorqud", "Alpamış", "Manas" dastanları kimi, "Koroğlu" eposu da çox mükəmməl ədəbi-mədəni, bədii-fəlsəfi əsərlərdən biridir. Keçmiş sovet rejiminin qanlı repressiya illəri və bundan sonrakı ideoloji yasaqları şəraitində "Koroğlu" eposunun da nəşri, tədqiqi sahəsində müəyyən uğurlar qazanılsa da, xalq romanı ilə bağlı bir çox məsələlərin lazımi səviyyədə öyrənilib ortaya çıxarılması mümkün olmamışdır. Buna görə də, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra belə məsələlərin dərindən öyrənilməsi dövrümüzün aktual məsələlərindən biri olaraq qalmaqdadır. Bunlardan biri də eposun mənşəyi, tarixi-milli səciyyəsi və coğrafi arealıdır.   

"Koroğlu" dastanının mənşəyinin çox qədim olduğunu ilk baxışda göstərən faktlardan biri "Alı kişi" qoludur. Adıçəkilən mifoloji qolda "iki dərya ayğırının sudan çıxıb ilxıda iki madyana yanaşıb, dəryaya qayıtması", Qırat və Düratın "40 gün gecə-gündüz qaranlıq tövlədə bəslənməsi", Qıratın qaranlıqda saxlanarkən "oddan iki qanadının olması", Misri qılıncın "göydən düşmüş ildırım parçası olması", dağda qoca bir ağacın altında çıxan "Qoşabulağın yeddi ildən bir iki ulduzun toqquşması nəticəsində köpüklənən suyundan içən Rövşənin qeyri-adi keyfiyyətlər qazanması" kimi motiv və epizodlar qədim türk inam və etiqadları ilə sıx bağlıdır. Vaxtilə prof. M.Təhmasib bu barədə "Azərbaycan xalq dastanları" monoqrafiyasında yazırdı: "Qədim türk eposunun bütün ünsürləri, yəni dağ kultu da, su kultu da, ağac kultu da, nəhayət və ən əsaslısı nur, işıq kultu da Qoşabulaqda birləşdirilir, adi kəndli balası olan Rövşən də məhz bu ünsürlərin sayəsində qəhrəman Koroğlu dərəcəsinə yüksəlir". Görkəmli eposşünas "Koroğlu" dastanının qədimliyinə diqqət çəkərək yenə göstərilən əsərində yazır. Araşdırıcılardan İ.Şopen dastanı Qaraqoyunlu, Ağqoyunlu aləmi ilə bağlamağa çalışmış, prof. İ.P.Petruşevskinin fikrinə görə, Cəlairi hərəkatı başçılarından biri daha qədim əfsanələrdə şöhrətlənmiş Koroğlu adını öz üstünə götürmüş, prof. P.Əfəndiyev dastanın son qolundakı "tüfəng məsələsinə" görə, onu odlu silahdan daha əvvəlki əsrlərlə bağlamış, eposu X əsrlə əlaqələndirib, Koroğlunu Sultan Mahmud Qəznəviyə, Eyvazı isə Ayaza oxşadanlar da olmuşdur. Prof. M.Təhmasibin diqqətə çatdırdığı bu mülahizələr eposun qədimliyini göstərən tutarlı faktlardır.

Bunlarla yanaşı, qeyd etmək olar ki, eposun mənşəyinin daha qədim dövrlərlə bağlı olduğunu göstərən dəlillərdən biri də dastan süjetinin "övladsızlıq" və "yenilməzlik" motivləri üzərində qurulmasıdır. Bu mənada, bəzi araşdırıcıların dediyi kimi, "Koroğlunun Dərbənd səfəri" qolunun dastanın süjet xətti ilə heç bir əlaqəsi yoxdur. Bizim də fikrimizcə, bu qolu aşıqlar sonralar uydurublar. Bunu da sübut edən dəlillər var. Belə ki, dastanda övlad həsrəti ilə yaşayan Nigar xanım Koroğludan soruşur: 

 

Çənlibeli güllər bəzər,

Güllər saralsa, kim üzər?

Hər quş balasınan gəzər,

Niyə sənin balan yoxdu? 

 

Dastanın Anadolu variantında da Koroğlu bu məsələ ilə bağlı ömür-gün yoldaşı Səlma xanıma deyir: 

 

Koroğludur Çamlıbelin aslanı,

Şəkər ilə, qaymaqla bəslər səni,

Səndən istər bir pəhləvan oğlanı,

Aman Səlma, insaf eylə, de mənə.

 

Səlma xanım cavab verir:

 

Türk qızıyam, soyum, sopum bəllidi,

Gözüm ala, saçım siyah tellidi.

Türk qızının dili Tuti dilidi,

Bunu sən bil, mənə inan, Koroğlu!

 

Bizim eldə əhdə vəfa edilir,

Kəm söylənməz, doğru yolla gedilir.

Fəzilətdə namus yolu güdülür,

Maraq etmə, mənə inan, Koroğlu!

 

Bu şeirləşmə də aydın göstərir ki, eposdakı "övladsızlıq" Səlma xanımla deyil, Koroğlunun özü ilə bağlıdır. Buna görə, Koroğlu Eyvazı Təkə-Türkməndən Çənlibelə gətirdir, Nigar xanımın köynəyindən keçirdərək övladı kimi qəbul edir.         

Akad. A.N.Samolyoviç vaxtı ilə nəşr etdirdiyi "Dədə Qorqud və Koroğlu" haqqında əfsanə" adlı məqaləsində çox maraqlı bir fikir irəli sürüb. Alim göstərir ki, "Koroğlu" ad-titulu eposun Şərq variantındakı "Goroğlu" - (qəbiroğlu) adından daha qədimdir. Bu fikir o vaxt prof. P.Əfəndiyevin də diqqətini cəlb etmişdi. Ümumiyyətlə, məqalənin imkanları daxilində eposun qədimliyini, tarixi-milli səciyyəsini, yaranma və keçdiyi inkişaf yollarını əsaslandıran faktlara istinadlar olunaraq yeni elmi fikirlərin söylənməsinə çalışılacaqdır. 

Dastan araşdırıcılığı sahəsində səmərəli fəaliyyət göstərmiş akad. H.Araslı dastanların üç yolla yaradıldığını göstərmişdir. Bunlardan birinciyə görə, bəzi dastanlar tarixdə yaşamış şəxsiyyətlərin adı ilə bağlı müasirlərinin yaratdığı şeirlər əsasında yaradılmışdır. O, buna misal olaraq "Koroğlu" eposunu göstərir. Aydın olur ki, bəzi mütəxəssislərin araşdırmalarına görə, bu dastanın əsası Koroğlu adlı bir şəxsiyyətin özü tərəfindən qoyulmuşdu. Şübhəsiz ki, eposun formalaşma dövründə Koroğluxan aşıqların və aşıq məktəblərinin rolu az olmamışdır. Amma bu da məlumdur ki, Koroğlunun özü də şair-aşıq olmuşdur. Xalq şairi S.Vurğun da Koroğlunun Şərq xalqları arasında təkcə böyük bir qəhrəman kimi deyil, həm də bir xalq şairi kimi şöhrət qazandığını söyləmişdir. Prof. İ.Abbaslı və akad. N.Cəfərov da dastanın Şərq-Qərb versiya və variantları, bu sahədə araşdırma aparmış türk, Azərbaycan, özbək, rus alimləri haqqında məlumat verərkən Koroğludan həm qəhrəman, həm də şair-aşıq kimi bəhs edildiyini diqqətə çatdırmışlar. Hər iki alim bu qənaətə də gəlmişlər ki, "Koroğlu" eposu əvvəl Azərbaycan və Kiçik Asiyada meydana gəlmiş, Orta Asiyada yaranmış dastan silsiləsindən asılı olmayaraq müstəqil dastan kimi yaranıb formalaşmışdır. O da göstərilmişdir ki, Qərb versiyasının əsasını təşkil edən Azərbaycan "Koroğlu"sunun formalaşma və yayılıb-yaşamasının ərazisi baxımından əsasən, üç qaynar nöqtəsi olmuşdur: Güney Azərbaycanda formalaşıb yaranan variant eposun Paris və Tiflis əlyazmaları vasitəsilə qorunmuşdur. 

İ.Abbaslı və N.Cəfərov nəşr etdirdikləri "Koroğlu" eposu" adlı elmi oşerkdə belə qənaətə gəlmişlər ki, etnik-mədəni cəhətdən "Kitabi-Dədə Qorqud" eposu Azərbaycan oğuz türklərinin bir xalq, "Koroğlu" isə Azərbaycan millətinin formalaşdığı dövrlərin məhsuludur. Xalqın ictimai-siyasi problemlərini əksetdirmə imkanına, estetik-poetik səviyyəsinə görə nə Anadolu "Koroğlu"su, nə gürcü, kürd və s. "Koroğlu"su Azərbaycan "Koroğlu"su ilə müqayisə oluna bilməz. Çünki, belə demək olar ki, Qafqazda yaşayan bəzi qeyri-türk xalqlarının "Koroğlu"su əsasən, Azərbaycan "Koroğlu"sunun ayrı-ayrı süjetlərinin versiyası, bir çox hallarda isə bilavasitə tərcüməsidir. Vaxtilə bəzi qeyri-türk xalqların ifaçı aşıqları məclislərdə "Koroğlu"nun süjetini Azərbaycan türkcəsindən çevirərək öz dillərində (ermənicə, gürcücə) danışmış, dastandakı qoşmaları isə məhz Azərbaycan türkcəsində oxumuşlar. XVII-XIX əsrlərə aid bir sıra əlyazmalar da bunu aydın şəkildə göstərir. Bu son fikrə onu da əlavə etmək lazımdır ki, göstərilən əsrlərdə türk-müsəlman aşıqları bu sənətə maraq göstərmiş erməni və gürcü aşıqlarına da saz-söz sənətini öyrətmişlər. Erməni aşıqlar öz şənliklərində bəzi dastanlarımızın nəsr hissəsini ermənicəyə çevirib danışmış, şeir hissələrini isə çevirə bilmədiklərinə görə, Azərbaycan dilində oxumuşlar. "Koroğlu" eposunun erməni variantı da olmayıb. Azərbaycan "Koroğlu"sunun coğrafi məkanının qərbində Anadolu "Koroğlu"su, şərqində isə Türkistan "Goroğlu"su yaranmışdır.

Anadolu "Koroğlu"sunda dastanın 24 qolu məlumdur. Azərbaycan "Koroğlu"sunda qolların sayı 25-dən artıqdır. Mükəmməl çap isə prof. M.Təhmasibin nəşridir. Türkiyə dastanında Koroğlunun adı Rövşən Əlidir. Rövşən Əlinin atası Yusif Bolu bəyin mehtəridi. Onun seçdiyi dayçanı Bolu bəy bəyənmir. Ona görə də ilxıçının gözlərinə mil çəkdirir. Rövşən Əlinin atası dayçanı da, oğlunu da götürüb Boludan gedir. Rövşən Əli atasının vəsiyyətilə dayçanı qaranlıq tövlədə bəsləyir. Dayça sonradan qanad gətirir, böyüyərək tayı-bərabəri olmayan bir cins at olur.

Ata və oğul Anadolu dağlarından başlayan Araz çayının kənarına gəlirlər. Rövşən Əli Bingöldən enib gələn suyun üç köpüyünü içib əbədi həyat, igidlik qazanır. Rövşən Əli atası öldükdən sonra Qıratla dağlara çəkilir. Bolu bəydən atasının intiqamını alır və bundan sonra Koroğlu adı ilə şöhrəti hər yerə yayılır. Qeyd edək ki, Türkiyə folklorunda bir də aşıq Koroğlu var.

Prof. A.Abıyevin ali məktəblər üçün Bakıda nəşr etdirdiyi "Türkiyə ədəbiyyatı tarixi" dərsliyində yazdığına görə, Anadolu "Koroğlu"sunu bəzi folklorşünaslar, o sıradan prof. F.Timurtaş və Əli Öztürk islam dini yaranmamışdan əvvəlki dövrə aid edirlər. Bunu da ümumtürk dastanları "Ərgənəkon", "Şu", "Oğuz xaqan", "Alp Ər Tonqa", "Yaradılış", "Bozqurd" və başqalarının sırasında sayırlar.  

Folklorşünas E.İsmayılova dastanın Azərbaycan və Anadolu variantları əsasında nəşr etdirdiyi məqalədə Koroğlunun məkanı - Çənlibelin yerləşdiyi ərazi ilə bağlı özündən əvvəl söylənmiş bəzi fikirlər üzərində dayanır və toponimin yerini müəyyənləşdirməyə çalışır. Şair-folklorşünas İ.Sadığın, M.Təhmasibin, o sıradan Ə.Qaracadaği, V.Xuluflu, Z.Həsənov, H.Zeynallı, M.Seyidov, Q.Paşayev, Dəniz Karakurd, A.Xozdko, Metin Ekici, H.İsmayılov, S.Cəfərov, E.Müşeq, A.Bakıxanov, P.N.Boratav, F.Sumer, P.Əfəndiyev, Ü.Kaftançıoğlu, C.Anadol, Ə.Tanrıverdi və digərlərinin fikirlərindən nümunələr verir. E.İsmayılovanın fikrinə görə, tədqiqatçıların bir qismi Koroğlunun Çənlibel qalasını özlərinin mənsub olduqları bölgələrlə bağlamağa çalışırlar. O, Koroğlunun məskəni haqqında tarixi qaynaqlara, tədqiqatlara əsaslanmayan mülahizələr irəli sürənlərin də olduğunu göstərir. Tədqiqatçı xanım Çənlibelin real toponim deyil, rəmzi bir ad olduğunu söyləyir.

 

(Davamı olacaq)

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!