Tarix üçün "etnonim" anlayışının öyrənilməsinin vacibliyini bu sahədə çalışan çoxsaylı alimlər həmişə qeyd etmişlər.
"Etnonimin yaranması, coğrafi inkişafı, məhv olunması, olması və ya başqa keyfiyyətlərə keçməsi, başqa sözlə, etnonimin bütün tarixi bu və ya digər şəkildə etnosun tarixi ilə bağlıdır. Tarixin dərin əsrlərinə endikdə etnonim və etnos anlayışları daha dolğunlaşır" və bunları tədqiq etmək daha da asanlaşır. R.Q.Kuzev yazır ki, etnonimin öyrənilməsi mürəkkəb və çoxpilləli etnik tarixin dərin qatlarının tədqiq edilməsinə imkan verir. M.B.Kryukov "Eramızdan əvvəl II-I minilliklərdə Qədim Çin yazılı abidələrində dünyanın etnik xəritəsi" adlı əsərində yazır: "Etnonimin nəzəri problemlərinin tədqiqatı (ən əsası, onların yaranması və funksiya daşıyıcıları) etnik insanların tarixi tipologiyası üzrə mürəkkəb xüsusiyyət yaratmaqla bərabər, həm də mürəkkəb komplekslərin çözülməsinə imkan verir".
Etnonimlərin həqiqi etimologiyasını öyrənmədən və bilmədən tarixçilər ictimaiyyəti çaşdırıcı yola apara bilərlər. Bu barədə rus tarixçisi D.İlovayski xəbərdarlıq edir: "Xalqların əsrlər tarixində, daim adların dəyişməsini görürük, bu da bizi mənbələrdən uzaqlaşdırır və rus, bulqar, xəzər xalqlarının tarixinin öyrənilməsində çox güclü təsirini göstərir; ancaq tarixşünaslıq elmi dediklərimdən kənarda qalır və yeni xalqlarla rastlaşdıqda, onları yeni xalq kimi qeydə alır". D.E.Yeremeyev isə özünün "Türk etnonimlərinin semantikası" adlı əsərində qeyd edir ki, türk etnonimləri həm məzmun, həm də formaca müxtəlif və çoxşaxəlidir. Çox zaman isə bu sosiumun etnik tarixinin yaranmasını əks etdirir və etnogenetikanın tədqiqatında əlavə mənbə rolunu oynayır.
Etnonimlərin etimologiyası türkşünaslıqda ən çətin məsələ olaraq qalır və bunun həlli üçün yeni mənbələr axtarmaq və araşdırmanı davam etdirmək lazımdır.
Avropada eramızın VII əsrində ilk dəfə olaraq Troya (Truva) haqqında əfsanələr gəzəndə, əvvəlcə "türk" sözünə ciddi diqqət yetirməyə başladılar, çünki Troya çarının adı TORQURUS "türk" etimologiyası ilə çox uyğun gəlirdi.
Qeyd etmək lazımdır ki, "Avesta"nın qəhrəmanlarından biri Tur olub.
Firdovsinin "Şahnamə" əsərində də "Turan" sözünün "tur", daha sonra isə "türk" termini ilə bağlılığı göz qabağındadır.
"Divanü luğat-it-Türk" əsərində Mahmud Kaşğari "türk" sözünü üç mənada verib:
1. Türk kudaş edi - günəş göyün ortasında
2. Türk üzüm edi - üzümün dəymiş vaxtı
3. Türk yigit - ər türk, döyüşkən cavan
"Qədim türk sözlüyü"ndə isə "türk" termini aşağıdakı mənaları verir:
1. Türk - güclü, qüdrətli
2. Türk - tayfalar ittifaqı
Azərbaycan tarixçisi Altay Məmmədov Türkiyə alimi Adilə Aydana istinadən qeyd edir ki, ərəb əlifbası ilə iki şəkildə yazılan "türk" sözü dörd cür oxuna bilər: "TÜRK, TÜRÜK, TÖRK, TÖRƏK". Daha sonra o yazır: "Türk qrammatikası formalaşma mərhələsində ikən bir qisim türklər verimli - məhsuldar bir torpağa yerləşib köçərilikdən əl çəkəndə, bunlara başqa türklər - "TUR"lar, "TURUK"lar, DURALLAR demişlər".
Göründüyü kimi, yuxarıda qeyd etdiyimiz "türk" sözünün dörd cür oxunuşuna təəssüflər olsun ki, uzun illər diqqət yetirilməmiş, eyni məna daşıyan bu sözlərə müxtəlif interpretasiya verilmişdir.
Professor F.Ağasıoğlu "Azər xalqı" kitabında sözlərimizin təsdiqi kimi yazır: "Qədim Azərbaycanda türk adlı boylar m.ö. III minillikdə qurulan Aratta, Quti, Lullu dövlətləri zamanında üzdə olmasalar da, həmin dövlətlərin qurulmasında digər türk boyları ilə birgə iştirak etmişlər"
Assurları (aşşurlar - Y.O.) ən çox narahat edən məlumat türk dəstələrinin kiçik və ya böyük qüvvə ilə basqın edəcəyi xəbəri idi. Bu baxımdan, 21 №-li tabletdə verilən məlumat xarakterikdir.
"Turuk düşmanı çıxdı və (...)yə getdi.
O, Kakkulatimi işğal etdi...bu hücumdan bəzi tutukların sayı çox görünmür.
Ancaq arta bilər. Onlar gəlməyə davam edəcək".
Ümumiyyətlə, "türk" termininin mənasını dünya alimləri müxtəlif cür yozmuşlar. Məsələn, Vamberi və L.Munkaçi "türk" sözünə "yaradıcı", "insan", V.Tomson və Y.Nemət "güc", "qüvvət" mənasının verilməsini daha məqsədəuyğun hesab edirlər.
Bununla yanaşı, "türk" termininə yanaşmada iki nəzəriyyə mövcuddur. Birinci nəzəriyyə tərəfdarları hesab edirlər ki, "türk" etnoqrafik termindir. İkincilər isə belə düşünürlər ki, bu sözə yalnız siyasi anlamda yanaşmaq düzgün olardı. Akademik V.V.Bartold ikinci nəzəriyyənin tərəfdarıdır və "türk" sözünü etnoqrafik termin hesab etmir. O iddia edir ki, "türk" sözü "qanun", "adət" deməkdir və "türk" f"türü"g xalqların qanun əsasında birləşməsi" mənasını verir. Lakin akademiklər A.N.Kanonov və N.Y.Marr V.V.Bartoldun bu fikri ilə razılaşmır və belə hesab edirlər ki, V.V.Bartoldun yazdıqları mülahizələrdən başqa bir şey deyil və bunun inkişafı bu sahədə özünə yer tapa bilmədi.
Qeyd etməliyik ki, A.N.Kononov N.Y.Marrın "türk" sözünün "tar-xan"dan yaranması fikri ilə razılaşır və bu termin altında Tanrı tərəfindən seçilmiş təbəqə və tayfa birləşmələrinin eyni kökdən olan ittifaqı kimi qəbul edir.
A.N.Kononov yazır: "Burada mən diqqəti N.Y.Marrın dediyi yerlərə yönəltmək istəyirəm. Belə ki, "türk" termini Allaha bərabər olan seçilmiş təbəqə ilə bağlıdır".
Qeyd etməliyik ki, "tar" sözünün "türk" termininə sinonim olması bir çox müasir alimlərimiz tərəfindən təsdiq olunur. Məsələn, professor F.Ağasıoğlu yazır: "Proto-azərilərin (həmçinin prototürklərin) mənşəyinə işıq salan teonimlərdən biri də tar / tur allamorfu ilə işlənən Tar sözüdür ki, bu da sonralar türk (tur-uk) etnoniminin yaranmasına səbəb olmuşdur. Azər dialektində bu gün də Tarı sözü "Allah" anlamında işlənir".
(Davamı olacaq)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!