"Arşın mal alan" Türkiyədə (1923-1948-ci illər) - Dilqəm ƏHMƏD

Dilqəm ƏHMƏD

Azərbaycan tarixində əsərləri özündən məşhur şəxsiyyətlər arasında bu il 140 illik yubileyini qeyd edəcəyimiz Üzeyir bəy Hacıbəyli də var. Xüsusən də, "Arşın mal alan" musiqili komediyası bəstəkarın öz şöhrətinin fövqündə dayanıb, hələ sağlığında ikən Türkiyədən Fransaya, Fransadan Amerikaya qədər geniş bir nüfuz qazanıb. Qardaş Türkiyədə bu əsər dəfələrlə səhnəyə qoyulub, həm azərbaycanlı, həm də yerli aktyorlar müxtəlif teatrlarda səhnələşdiriblər. Fərqli nəşriyyatlarda əsərin notları çap olunub, haqqında məlumatlar verilib.

Hacıbəyli bu əsərini 1913-cü ildə yazıb, ilk tamaşası da həmin ilin oktyabrın 25-də Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilib. Əsgər rolunu Hüseynqulu Sarabski, Gülçöhrə rolunu Əhməd Ağdamski oynayıblar. 1917-ci ildə rejissor Boris Svetlov "Filma" səhmdar cəmiyyətində əsərin ilk ekran işini yaradıb. Dövrün texnoloji imkanlarına görə olduqca zəif olduğu üçün bu film uğur qazana bilməyib. Sonrakı dövrlərdə də filmlə bağlı çəkilişlərə cəhdlər edilib. Nəhayət, 1945-ci ildə rejissorlar Rza Təhmasib və Nikolay Leşşenko tərəfindən film peşəkar şəkildə ərsəyə gətirilib. Rəşid Behbudov və Leyla Bədirbəylinin baş rollarda oynadıqları bu film 16 milyondan çox insanın sevgisini qazanıb. 1965-ci ildə rejissor Tofiq Tağızadə əsərə yenidən müraciət edib, bu dəfə baş rolları Həsən Məmmədov və Leyla Şıxlinskaya ifa ediblər.

Onu da yada salaq ki, 1925-ci il iyulun 4-də Parisin "Femina" teatrının səhnəsində "Arşın mal alan" komediyası bəstəkarın qardaşı Ceyhun bəyin tərcüməsində ilk dəfə fransız dilində oynanılıb. Rolları fransız artistlər Derval (Sultan bəy), Monte (Əsgər), Passani (Gülçöhrə), Maqalı (Asiyə) və başqaları ifa ediblər.

 

"Arşın mal alan"

İstanbul teatrlarında

 

Bu yaxınlarda şəxsi arxivimizə udçu Şamlı İskəndərin 1923-cü ildə çap etdiyi "Arşın mal alan" əsərinin notları daxil oldu. Əski əlifbada qeydlərin verildiyi bu nəşr onu göstərir ki, 1923-cü ilə qədər də bu əsər Türkiyədə məşhur idi. Çünki hələ 1919-cu ildə Tiflis Azərbaycan Teatrının Türkiyəyə qastrol səfəri zamanı İstanbulda "Leyli və Məcnun", "Əsli və Kərəm" operaları, "Ər və arvad", "Arşın mal alan", "O olmasın, bu olsun" operettaları nümayiş etdirilib. Tamaşalar 17 mart və 7 may 1919-cu il tarixlərində İstanbulda Şahzadebaşındakı "Millet" teatrında göstərilib. Qastrol "Millet" teatrında "Arşın mal alan" ilə açılıb, əsas rollarda Möhsün Sənani, Mustafa Mərdanov, İbrahim İsfahanlı, M.Kirmanşahlı və b. oynayıblar. "Millet" teatrı ilə yanaşı, əsər İstanbulda Kadıköydə "Kuşdili", Beyoğlunda "Tepebaşı" teatrlarında da oynanılıb. Məşhur tarzən Hüseynbala Qasımovla yanaşı, "Ertuğrul" orkestri də tamaşalarda ifa edib. Ümumilikdə "Arşın mal alan" Türkiyədə 50 dəfədən çox oynanılıb.

Yəni bu baxımdan "Arşın mal alan"ın Türkiyədəki nüfuzu olduqca böyük idi.

Türkiyənin "Akşam", "Vakit", "Ulus", "Kurun", "Tanin", "Hakimiyeti-milliye", "Cumhuriyet" kimi qəzetlərinin arxivlərindən "Arşın mal alan"ın Türkiyədəki səhnə həyatı ilə bağlı olduqca maraqlı faktlar əldə etmişik.

"Akşam" qəzetinin 21 aprel 1929-cu il tarixli nüsxəsində İstanbulda "Pangaltı" kino-teatrında 20 aprel tarixində komik aktyor Şevki bəyin "Arşın mal alan"ı səhnələşdirdiyi xəbəri verilib. "Vakit" qəzetinin 1 may 1929-cu il tarixli sayında Şahzadəbaşı "Millet" teatrında Naşit bəyin rəhbərliyində Hafiz Burhan bəy və yoldaşlarının müşayiəti ilə musiqi ziyafətinin verildiyi,  dördpərdəli "Arşın mal alan" adlı Qafqaz operettasının oynanıldığı qeyd edilib. Yenə "Vakit" qəzeti 18 avqust 1929-cu il tarixli sayında "İnkilap" teatrının və Ankara operetta heyətinin Şahzadebaşındakı "Millet" teatrında "Arşın mal alanı" oynayacaqları bildirilib. "Akşam" qəzeti 19 avqust 1929-cu il tarixli sayında bu bilgini daha da dəqiqləşdirib, əsərin tarzən Hüseyn Qasımovun idarəçiliyində səhnəyə qoyulacağını yazıb. "Vakit" eyni heyətin 20 avqustda "Arşın mal alan"ı Üsküdarda Beyleroğlu bağçasında oynayacağını qeyd edib.

"Hakimiyeti-milliye" qəzeti 29 oktyabr 1929-cu il tarixli sayında "Cumhuriyet" teatrının "Asri" səhnəsində komik aktyor Sezai bəy ilə sənətkarlar Rıfkı və Edib bəylərin "Arşın mal alan"ı səhnələşdirəcəyini yazıb. "Vakit" 10 noyabr 1929-cu il tarixli sayında həmin gün İstanbulun Kadıköy bölgəsindəki "Kuşdili" teatrında Cövdət bəyin təmsil heyətinin "Arşın mal alan"ı səhnəyə qoyacağını bildirib.

"Akşam" 28 mart 1930-cu il tarixli sayında 29 martda İstanbulda Beyoğludakı "Mulen Ruj" salonunda sənətkar Naşit bəyin "Arşın mal alan"ı səhnələşdirəcəyini qeyd edib. "Vakit" 5 aprel 1930-cu il tarixli sayında komik Şevki bəyin "Pangaltı" teatrında "Arşın mal alan"ı oynayacağını yazıb. Yenə "Vakit"in xəbərinə görə, 29 avqust 1930-cu ildə Mısırlıoğlu bağçasında tarzən Hüseyn Qasımovun rəhbərliyində operetta yenidən oynanılıb.

"Cumhuriyet" qəzetindəki elandan məlum olur ki, 1930-cu il iyulun 7-də İstanbulda Beşiktaşda "Park" teatrında "Arşın mal alan" Qafqaz operettası kimi oynanılıb. Yenə bu qəzetin 12 mart 1931-ci il tarixli sayında İstanbulda "Ferah" səhnəsində "Arşın mal alan"ın oynanılacağı, tamaşanın türk dilində, Qafqaz şivəsində olacağı bildirilib. Vəli rolunu məşhur komediya aktyoru Naşit bəyin oynayacağı qeyd edilib. Qəzetin 29 oktyabr 1931-ci il sayında "Ferah" səhnəsində yenidən "Arşın mal alan"ın oynanılacağı bildirilib.

18 fevral 1932-ci ildə "Mulen Ruj" teatrında tarzən Hüseyn Qasımovun orkestrinin müşayiətində Muhlis Səbahəddin bəyin heyəti tərəfindən "Arşın mal alan" səhnələşdirilib. Burada məşhur muğam ustadı Məşədi Məhəmməd Fərzəliyev də iştirak edib. "İstiqlal" qəzeti bu barədə yazıb: "Milli Azərbaycan musiqisini tanıtmaq yolunda çox dəyərli xidmət göstərən tarzən Hüseyn Qasım bəylə xanəndə Məhəmməd Fərzəli bəyin idarə etdikləri "Azərbaycan Musiqi Heyəti" Üzeyir bəyin ölməz əsəri olan "Arşın mal alan" operettasını ifa ediblər. Baş rol olan Əsgəri heyətin güclü üzvlərindən Məhəmməd Hüseyn bəy müvəffəqiyyətlə ifa etdi. Gülçöhrə rolunda Bakının zəngin bir ailəsinə mənsub, mühacirətdə isə həyatını milli havalarımızı oxumaq və milli rəqslərimizi oynamaqla qazanan Quluzadə Sara xanım ona bəslənən ümidlərin fövqündə bir uğur göstərdi. Vəli rolunda Sadıq bəy çox orijinal bir tip yaratmağa müvəffəq oldu. İstanbulda Darülbədayi tamaşalarında, "Axın" və "Yalova türküsü" kimi əsərlərdə də iştirak edən bu gənc artistimizə daha çox uğurlar arzulayırıq. Süleyman rolunda M.İbrahim, Sultan bəy rolunda Həsən Rza bəy yaxşı idilər. Asya rolunu Lüsü, Xala rolunu Qaraqaş xanımlar ifa etdilər. Hər ikisi yerli olduqlarından əsərin ümumi ahənginə bir başqalıq əlavə etməklə yanaşı, rollarını ifa edə bildilər. "Azərbaycan Musiqi Heyəti"nin gənc artisti Asya xanım Telli rolunu ifa edirdi. Milli Azərbaycan rəqslərinin canlı timsalı olan bu utancaq qızcığaz çox təbii hərəkətləri ilə "utancaq bir Telli" yaradırdı və çox da müvəffəq oldu. Musiqi hissəsini isə Hüseyn bəy idarə edirdi".

 

"Vakit" qəzeti 10 mart 1932-ci il tarixli sayındakı mədəniyyət xəbərləri bölümündə "Azərbaycan operettası" başlıqlı xəbər dərc edib. 1907-ci ildən etibarən Azərbaycanda milli operanın yaradıldığını qeyd edən qəzet türk oxucu üçün bəzi bilgilər verib: "Azərbaycanın böyük sənətkarı Üzeyir bəy böyük və ölməz şair Füzulinin şah əsəri olan "Leyli və Məcnun"u bəstələyərək opera şəklində səhnəyə çıxarmış, XIX əsrin ortalarında Mirzə Fətəli ilə təsis olunan teatrçılıq həyatına musiqimizi də əlavə etmişdi. 25 il əvvəl başlayan Üzeyir bəyin bu ilk təcrübəsi çox böyük uğurlara səbəb olmuş, xalq və mətbuat təqdir və təşviq etmişdir. Bu müvəffəqiyyətlərdən ruhlanan və ümidlənən Üzeyir bəy ilk əsərindən sonra "O olmasın, bu olsun", "Arşın mal alan", "Əsli və Kərəm" və s. mühüm qiymətli əsərlərini yaratmışdır. Üzeyir bəyi təqlid edən digər bəstəkarlar da xalq motivləri üzərinə qiymətli və dəyərli əsərlər meydana gətirmişlər".

"Arşın mal alan"ın İstanbulda mütəmadi olaraq səhnəyə qoyulması jurnalistlərin də diqqətini çəkib. "Akşam" qəzetinin əməkdaşlarından Hikmət Feridun 4 oktyabr 1932-ci ildə yazdığı bir məqaləsində bələdiyyənin İstanbul satıcılarının bağırtılarından narahat olduğuna ironik şəkildə belə cavab verib: "Bütün İstanbul satıcılarını konservatoriyaya salıb necə bağıracaqlarını operetta üsulu ilə öyrətməli və satıcılar "Arşın mal alan" operettasındakı əsnaf kimi not ilə bağırmalıdırlar".

"Vakit" qəzeti 23 avqust 1934-cü il tarixli sayında "Azərbaycanda hazırlanan yeni operalar" başlıqlı məqalə dərc edib. Yazıda yenə Üzeyir bəyin yaratdığı əsərlər barədə məlumat verilib, hazırda "Koroğlu" operası üzərində çalışdığı bildirilib.

"Akşam"ın yazdığına görə, 14 may 1936-cı ildə "Arşın mal alan" Şahzadebaşındakı "Turan" teatrında oynanılıb. Baş rolları Naşit və Xalidə oynayıb, yerli musiqiçilər müşayiət ediblər.

"Ulus" qəzetinin xəbərinə görə, 22 may 1937-ci ildə sənətkar Naşit əsəri yenidən səhnələşdirib, özü Vəli rolu ilə çıxış edib.

23 noyabr 1937-ci ildə Naşit bəy "Turan" teatrında əsəri növbəti dəfə ifa edib. "Akşam"ın 16 aprel 1938-ci il tarixli sayındakı elanda "Sümer" kino-teatrında "Arşın mal alan" filminin tezliklə göstəriləcəyi bildirilib. Elanda "Hacıbəyzadə Üzeyir bəyin məşhur Şərq operettası" kimi təqdim olunan filmin rejissorunun Setrak Vartyan olduğunu görürük. Filmin "Marmara" studiyasında türk dilinə çevrildiyi də qeyd olunub. Görünür, bu, ermənilərin çəkdiyi film olub. Film 23 aprel tarixində göstərilib, sonrakı günlərdə də davam etdirilib. 4 may 1938-ci ildə film Gedikpaşa bölgəsindəki "Azak" kino-teatrında, 16 iyun 1938-də isə Karagümrükdəki "Aysu" kino-teatrında təqdim olunub.

"Akşam"ın xəbərinə görə, 19 aprel 1938-ci ildə İstanbulun Pangaltı bölgəsindəki "Kurtuluş" kino-teatrında "Arşın mal alan" İsmayıl Dümbüllü, Şevki və Karakaş qrupu ilə birlikdə səhnəyə qoyulub. Yenə bu qəzetdəki məlumata görə, 4 avqust 1943-cü ildə Üsküdardakı "Ay Park"da "Arşın mal alan" ifa edilib.

"Akşam" qəzeti 27 yanvar 1944-cü il tarixli sayında çox önəmli bir məlumat təqdim edib: "1925-ci ildə İstanbulun hər tərəfində dillərdə dastan olan və böyük müvəffəqiyyət qazanan Azərbaycan operettası gəlir. Tarzən Hüseyn Qasımov və yoldaşları, primadonna Jerfin, tenor Aram Baltazar, böyük Lüsi tərəfindən "Arşın mal alan"dan bir pərdə göstərilib".

"Tanin" qəzetinin xəbərinə görə, 17 may 1945-ci ildə şəhər teatrında azərbaycanlı sənətkarlar "Arşın mal alan"ı oynayıblar. 31 iyul 1945-ci ildə isə Kadıköydə Süreyya bağçasında "Halide Pişkin və İhsan Balkır" teatrında "Arşın mal alan" ifa edilib.

16 oktyabr 1946-cı ildə "Akşam" qəzetində verilən elan olduqca maraqlıdır. Bir gün sonra "Saray" kino-teatrında göstəriləcək "Arşın mal alan" filmi haqqındakı elanda "bütün dünya kino-teatrlarında oynanılmış nəşəli və qəhqəhəli məşhur operetta", "bu günə qədər vücuda gətirilən Şərq filmlərinin ən böyüyü və ən möhtəşəmi" ifadələrindən istifadə olunub. Təqdimatda, həmçinin "böyük filmin ilk göstərişi" cümləsinə verilib. Ola bilsin ki, "Saray"da 1945-ci ildə Bakıda çəkilən film göstərilib. Çünki "Akşam"ın 27 noyabr 1946-cı il tarixli sayında "Turan" kino-teatrında yeni "Arşın mal alan" filminin göstəriləcəyi bildirilib və belə bir qeyd verilib: "Əski "Arşın mal alan" filmi bu filmlə müqayisə edilə bilməz. Milyonların sərfi və olduqca lüks dekorlarla çevrilən, şərqiləri, oyunları ilə bu günə qədər vücuda gətirilən Şərq filmlərinin ən gözəli". Bu film "Park" və "Sus" kino-teatrlarında da göstərilib.

"Ulus" qəzetinin 14 mart 1949-cu il tarixli sayında 14-15 martda Ankarada "Arşın mal alan", 16 martda isə "Məşədi İbad" əsərinin oynanılacağı qeyd edilib. 18 avqust 1949-cu ildə Ankarada Cebeci Doğan bağçasında "Arşın mal alan" səhnəyə qoyulub.

Şübhəsiz ki, "Arşın mal alan"ın Türkiyə həyatı sonrakı dövrlərdə də davam edib. Biz sadəcə, Üzeyir bəyin sağlığında olan səhnə həyatını təqdim etməyə çalışdıq.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!