Qasım bəy Zakirin şair nəvələri - İslam QƏRİBLİ

XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Qasım bəy Zakirdən (1784-1857) bizə zəngin ədəbi irs miras qaldığı kimi, onun yolunu davam etdirən şair nəvələri də yadigar qalmışdır ki, bu yazıda onlardan bəhs olunacaqdır.

İbrahim bəy Azər - Qasım bəy Zakirin qızından olan nəvəsidir. İbrahim bəyin atası Əli bəy Fuladov əvvəlcə həllac - pambıq ticarəti ilə məşğul olan adam olmuşdur. Mehdiqulu xan 1827-ci ildə İrandan Qarabağa qayıtdıqdan sonra Əli bəyin halal, dürüst, sədaqətli bir adam olduğunu nəzərə alaraq onu saraya gətirmiş, bacısı nəvəsi, Q.Zakirin böyük qızı Nənəş xanımla evləndirmişdir. Bu izdivacdan onların İbrahim, Abdulla və Xudadat adlı oğlanları dünyaya gəlmişdir. Oğul övladı olmayan Mehdiqulu xan İbrahimi oğulluğa götürərək ona öz atasının adını vermiş, təlim-tərbiyəsini sarayın alim və müəllimlərinə tapşırmışdır. Mehdiqulu xanın ölümündən (15 may 1845) bir müddət sonra Əli bəy Fuladov vəfat etmiş və uşaqlar babaları Q.Zakirin himayəsi altında yaşamağa başlamışlar.

F.Köçərli İbrahim bəy Azər haqqında yazır: "İbrahim bəy Əli bəy oğlu Fuladov "Azər" təxəllüs çox zərif, bakəmal və xoşxülq bir adam idi. Sinnidə qardaşı Abdulla bəydən böyük idi. Rusca dəxi yaxşı savadı var idi, vəkillik edərdi. Təbi-şeiriyyəsi dəxi var idi, amma bu o qədər rəvan deyildi, necə ki, Abdulla bəyin təbi səri idi. Vəfatı ittifaq düşübdür tarixi-hicriyyənin indiki on dördüncü əsrinin ibtidalarında - min üç yüz birdə və ya ikidə. Yaxşı və mövzun qəzəlləri var, türk və fars dilində" (Firidun bəy Köçərli. Azərbaycan ədəbiyyatı. İkinci cild. Bakı: "Elm" nəşriyyatı, 1981, s.124). F.Köçərlinin göstərdiyi tarixdən məlum olur ki, İbrahim bəy Azər Hicri-qəməri tarixi ilə 1301-02-ci ildə, Miladi tarixi ilə 1883-84-cü illərdə vəfat etmişdir. F.Köçərli yuxarıdakı məlumatlardan sonra İ.Azərin hər biri beş beytdən ibarət iki qəzəlini də kitabına daxil etmişdir. Qəzəllərdən birincisi rədifli ("Gözlərin"), ikincisi isə rədifsizdir. Hər ikisinin məqtə beytində müəllifin təxəllüsü "Azər" kimi göstərilmişdir (F.Köçərli. Göstərilən kitabı, s.124).

İbrahim bəy Azərin fars dilində yazdığı iki qəzəlini və üç rübaisini "Riyazü-aşiqin" təzkirəsinə salıb, haqqında qısa məlumat verən Məhəmməd ağa Müctəhidzadə onun təvəllüd və ölüm tarixi barədə yazır: "Min iki yüz əlli birdə ketmi-ədəmdən vücuda gəlib və sənəyi min üç yüz ikidə aləmi-fanidən dari-bəqayə rehlət edib" (M.Müctəhidzadə. Riyazül-aşiqin. Bakı: "Azərbaycan" nəşriyyatı, 1996, s.159-160).

M.Müctəhidzadənin göstərdiyi Hicri-qəməri tarixlərini Miladiyə çevirəndə 1835-1884-cü illər alınır.

Mir Möhsün Nəvvab "Təzkireyi-Nəvvad"da İ.Azər haqqında aşağıdakı məlumatları verir: "İbrahim bəy Azər (cəmadiyəl-əvvəl, 1309-cu il - yanvar, 1992) Həllac Əli bəyin oğludur. Qarabağın Şuşa əhalisindəndir. Abdulla bəy Asinin böyük qardaşıdır. Qasım bəy Zakirin nəvəsidir. Yuxarıdakı tarixdən altı il əvvəl vəfat edib" (Mir Möhsün Nəvvab. Təzkireyi-Nəvvab. Bakı: "Elm", 2018, s.144). M.Nəvvab yuxarıdakı tarix deyəndə, 1892-ci ili nəzərdə tutur. Bu tarix F.Köçərlinin göstərdiyi tarixlə üst-üstə düşmür. M.Nəvvabın göstərdiyi tarixə inansaq, onda İbrahim bəy Azər 1885-1886-cı illərdə vəfat etmiş olmalıdır.

Fikrinə davam edən müəllif yazır ki, "əlli beş yaşı var idi. Xoşəhval bir kişi idi. Rus dilini yaxşı bilirdi və rus məhkəmələrində vəkillik edirdi. Uşaqlığının ilk çağlarında Mehdiqulu xan Cavanşir tərəfindən tərbiyə olunub. Təxəllüsü Azərdir" (M.Nəvvab. Göstərilən əsəri, s.144). Bu məlumatdan sonra müəllif təzkirəsinə İ.Azərin fars dilində səkkiz beytlik bir qəzəlini və Azərbaycan dilində yazdığı beş beytlik "Gözlərin" qəzəlini daxil etmişdir (Yenə orda, s.144-145).

Burada maraqlı məqam İbrahim bəy Azərin yaşı ilə bağlı "Əlli beş yaşı var idi" cümləsidir. Əgər İbrahim bəy Azərin ölüm tarixini 1884-85-ci illər kimi qəbul etsək, onda onun təxminən, 1830-cu ildə anadan olması qənaətinə gəlmək olar.

İbrahim bəy Azərin "Gözlərin" rədifli qəzəlini burada verməyi münasib bilirik:

 

Ahu kimi baxanda o məstanə gözlərin,

Baxdıqca eyləyir məni divanə gözlərin.

Fərhad kimi mən kimiyə dağ çapdırır,

Şirin baxışlı xosrovi-xubanə gözlərin.

Hər dəm ki, istəsə baxa bir kəc nigah ilə,

Yüz min könül yıxar yenə cananə gözlərin.

Zənciri-eşqini salıban boynuma mənim,

Bak etməyib çəkər məni hər yanə gözlərin.

Eşqin edibdir Azəri-dilxəstəni cünun,

Məcnun sifət salıbdı biyabanə gözlərin.

 

(F.Köçərli. Göstərilən kitabı, s.124)

Abdulla bəy Asi - Qasım bəy Zakirin nəvəsidir. Anası Nənəş xanım X.Natəvanın qohumudur. 1841-ci ildə Şuşa şəhərində anadan olmuş, mükəmməl mədrəsə təhsili almış, doğma dilindən başqa fars, ərəb, rus və cığatay dillərini də bilmiş, həm təhsildə, həm də şair kimi yetişməsində ana babası Qasım bəy Zakirin xüsusi rolu olmuşdur.

Abdulla bəy Asinin həyatı haqqında müxtəlif mənbələrdə verilən məlumatlar, demək olar ki, üst-üstə düşür. "Şairin anadan olma tarixi Mir Möhsün Nəvvabın "Təzkireyi-Nəvvab" əsərində, Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı" kitabında, Salman Mümtazın verdiyi qısa məlumatda 1256-cı il (1841) kimi, vəfatı isə M.Müctəhidzadənin "Riyazül-aşiqin" təzkirəsi də daxil olmaqla, əksər qaynaqlarda 1291-ci ilin şəban ayı (13 sentyabr 1874) kimi qeyd olunmuş, Salman Mümtaz isə şairin ölüm tarixini 1290-cı il kimi (1873) göstərmişdir" (AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu, S.Mümtazın arxivi).

Digər müəlliflərdən fərqli olaraq, Salman Mümtaz A.Asinin naçalnik dəftərxanasında qeydiyyatçı və tərcüməçi işlədiyini də qeyd etmişdir (Yenə orada). A.Asi haqqında məlumat verən bütün müəlliflər istisnasız olaraq onun şəxsiyyətinə ehtiramla yanaşmış, yüksək şairlik istedadına malik olduğunu qeyd etmişlər.

Abdulla bəyin "Asi" təxəllüsü seçməsi tədqiqatçılar arasında müxtəlif mənalarda yozulsa da, ən doğru olanı F.Köçərlinin söylədikləridir. Doğrudur, A.Asinin şəraba meyil etməsi, meyə, şəraba aid şeirlər yazması bir fakt olaraq qalır. F.Köçərli bunları da qeyd edir və yazır: "Asi əleyhirrəhmə özü dəxi öz əməlindən razı deyildi. O, həmişə əhibbalar arasında özünün günahkar, xar və zəlil olmağını kəmali-nədamət və peşimançılıq ilə bəyan edirdi və tövbə, inabə yoluna üz çöndərməyə amadə idi və məsiyət dəryasına qərq olmağından naşi "Asi" təxəllüsünü hali-şəninə ən münasib bilib, onu intixab etmişdi" (F.Köçərli. Göstərilən kitabı, s.109).

M.M.Nəvvabın "şux və incə zövqlü bir cavan" (M.M.Nəvvab. Göstərilən əsəri, s.100), M.Müctəhidzadənin "Mərifət dəryasının qəvvası, Şuşa şəhərinin əhli-zövq və ərbabi-şövqündən əvvəlincisi"(M.Müctəhidzadə. Göstərilən əsəri. s.161) adlandırdığı A.Asi çox az yaşamış, yaradıcılığının çiçəkləndiyi bir vaxtda dünyadan köçmüşdür. F.Köçərli yazır: "1291-ci tarixdə şəbanın qürrəsində (13 sentyabr 1874-cü il) Abdulla bəy ömrünün hənuz cavan sinnində Şuşa şəhərində Allah rəhmətinə vasil olubdur və müasiri olan şüəravü üdəbavü zürəfaları böyük bir yasa mübtəla edibdir" (F.Köçərli. Göstərilən kitabı, s.120).

A.Asinin vəfatı münasibəti ilə bacısı oğlu Məşədi Səməd bəy fars dilində beş beytlik maddeyi-tarix yazmış və həmin şeiri bu misralarla tamamlamışdır:

 

Qeybdən vəfat tarixi üçün nida gəldi,

Ruhu behişt (1291) qəsrlərini cayqah etdi.

 

(M.Nəvvab. Göstərilən əsəri, s.100)

 

Abdulla bəy Asi Şuşa şəhərində, babası Q.Zakirin dəfn olunduğu Mirzə Həsən qəbiristanlığında torpağa tapşırılmışdır.

A.Asi əsərlərini Azərbaycan və fars dillərində qələmə almış, Əlişir Nəvaini dönə-dönə oxuyub cığatay dilini də mükəmməl şəkildə öyrəndiyindən bu dildə də bir neçə qəzəl yazmışdır.

"Məclisi-fəramuşan"ın ən fəal üzvlərindən biri olan, X.Natəvanın "Xudahafiz" və "Ey dust" rədifli qəzəllərinə:

 

Əla ey şuxi-şirin kari-bihəmta, xudahafiz,

Qəmi-eşqində bəsdir olduğum rüsva, xudahafiz!

Və:

 

Edibdir qəmzən oxu sinəmi fikar, ey dust,

Vurarmı bir bu qədər yara yara yar, ey dust!

 

- mətləli qəzəllərini nəzirə yazan, onunla çox yaxın münasibətdə olan A.Asi sonralar hansı səbəbdənsə X.Natəvanı həcv etmişdir.

Abdulla bəy Asinin Azərbaycan və cığatay dillərində yazdığı qəzəllərdən iki nümunə verməklə kifayətlənirik:

 

Zahida, guşeyi-məsciddə nəyim var mənim,

Bərbətü cəngü dəfü nayü neyim var mənim.

Kövsəri vədə edirsən mənə gərçi nisyə,

Nəqd dəstimdə bu gün cami-meyim var mənim.

Hurü qılmanını çox vəsf eləmə minbərdə,

Gör necə saqiyi-fərxundəpeyim var mənim.

Nə üçün Kəbə üçün kuhü biyabanı gəzim?

Meykədə mənzili-Leyladı, heyim var mənim.

Yığılıb müğbeçələr piri-muğan dövrünə,

Duxtəri-nəş arasında Cüdeyim var mənim.

Asiya, meykədə küncün özünə məskən edib,

Nüsrəti-mülki-Kəyavusi-Keyim var mənim.

 

(Poetik məclislər. Bakı:

"Yazıçı", 1987, s.249-250)

***

Səbağə itsam əhvalimni şərh imdad qılğaymu?

Pəyamım giltürüb biçarə dilni şad qılğaymu?

Sifariş eyləsəm çahimğə viran mülk dil şərhin,

Sipahi-dərdü qəmni göndərib abad qılğaymu?

Məni içgan rəqibi-rusiyəh birlə il şol bimehr,

Fərağından bənüm qan yutmağımnı qılğaymu?

Fərağiğə belə xygər edibdir xəstə könlümni,

Vüsaliğə genə bilməm oni mötad qılğaymu?

İki şeşmin neçin seyd eyləğay avarə könlümni,

Zəif olğay keyik qəsdin iki səyyad qılğaymu?

Oşol kafirğə köp yalparma, ey dil, mürğini səyyad,

Tuzağdin nalə qılmağlıq bilə azad qılğaymu?

Quyaş rüxsarlardın zərrəcə mehr ummağay Asi,

Ədalət görmağan kəs şahlarğə dad qılğaymu?

 

(F.Köçərli. Göstərilən əsəri, s.115)

 

Xudadat bəy Əli bəy oğlu - İbrahim bəy Azər və Abdulla bəy Asinin qardaşıdır. M.M.Nəvvab onun haqqında yazır: "Xudadat bəy Əli bəy oğlu Asinin qardaşıdır. 28 yaşında rəhmətə gedib. Söyləyirdilər ki, şeir deyir, amma bu iki beytdən başqa mənim nəzərimə bir şey çatmadı:

 

Xoş o könülə ki, səndən ötrü rüsvay ola,

Xoş o başa ki, söhbətindən məst ola.

Əgər mənə Müştəri desələr Misirdə,

Çox Yusiflər sənin Züleyxan olar.

 

(M.Nəvvab. Göstərilən əsəri, s.178)

 

M.Müctəhidzadə onun İbrahim bəy Azərin vaxtsız vəfat edən qardaşı olduğunu bildirərək yazır: "Dəhrin bimürüvvət bağbanı otuz sinninə yetməmiş gülşəni-ömrünü söndürdü... Qarabağın qəzəlxan olan bülbülləri hər birisi bir dil ilə müəzzəməleyhi növhə edərmişlər" (M.Müctəhidzadə. Göstərilən əsəri, s.178).

Xudadat bəyin anadan olma və vəfatı barədə tarix göstərilməsə də, M.Nəvvabın "28 yaşında rəhmətə gedib" cümləsindən və Seyid Əzim Şirvaninin "Abdulla bəy Asi və Xudadat bəyin vəfatı münasibəti ilə" şeirindən təxmin etmək olar ki, Xudadat bəy 1846-cı ildə anadan olmuş, A.Asi ilə eyni ildə və ondan bir qədər əvvəl, 1874-cü ildə vəfat etmişdir. S.Ə.Şirvaninin şeirindən gətirdiyimiz aşağıdakı misralar dediklərimizi sübut üçün yetərlidir:

 

Gah atıb tiri-bəla oxladın Abdullahı,

Gah çəkib tiği-cəfa qəsdi-Xudadad etdin.

...Bəs deyildiymi bizə daği-Xudadad, ey çərx,

Eylədin sən yenə amadə bir özgə matəm.

...Saldı torpağa fələk zülm ilə mehrü mahı,

Ya həlak etdi Xudadad ilə Abdullahı.

 

(S.Ə.Şirvani. Əsərləri. II cild. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, 1969, s.75-77)

 

***

Qasım bəy Zakirin şair nəvələri haqqında qeydlərimiz deməyə əsas verir ki, babalarından irsən, qan yaddaşı ilə keçən şairlik istedadı onlara söz, düşüncə adamı olaraq XIX əsr Qarabağ ədəbi mühitində yetərincə tanınmağa imkan vermiş və qardaşlardan biri, yəni Abdulla bəy Asi babası və yaxın qohumu Xurşidbanu Natəvan kimi Azərbaycan ədəbiyyatının həmişəyaşar, unudulmaz sənətkarları sırasına daxil ola bilmişdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!