"Naz sənəti"nin sorağıyla təsdisi təzmin etdik - Təhminə BƏDƏLOVA

Bizim eldə yaşlı adamların dilində bir məsəl var: soraqlaşa-soraqlaşa gedib Moskvaya da çıxmaq olar. Demək ki, xalqın nəzərində Moskva belə əlçatmaz uzaqlıqdaymış... 

Biz də divan şeirindəki "naz sənəti"nin sorağıyla gedib çıxdığımız bir yanlışı düzəltmək istədik. Yeri gəlmişkən, divan şeirindəki naz sənəti anlayışı nədir? Dr. Ömər Dəmirbağ bunu obrazlı şəkildə tərif edir: "Naz - əsla ümid kəsməmək, əsla ələ keçməmək sənətidir". Məşuqənin əlində "öldürücü" silah olan nazı - ovçu ceyranı qovaraq onu yaxalayacağından ümidini kəsib geri dönmək istədiyi an ceyranın dayanıb sürahi boynunu çevirərək ovçuya baxması və onu yenidən ovunu yaxalamaq üçün şövqə gətirməsi ilə də müqayisə edirlər. Ona görə də Füzuli deyirdi ki:

 

Sənin nazın görəndə əql qalmaz həsbətən lillah, 

Aman ver talibi-didarə, bir dəm tərki-naz eylə! 

 

Yəqin ki, ədəbiyyatda eşqlə ilgili mövzularda nə qədər Füzuliyə üz tutsaq da, naz sənətindən danışanda ağla gələn ilk misranın Əliağa Vahiddən oxuyub bildiyimiz "Naz et mənə, ey sevgili canan, mənə naz et" misrasının olması fikrinə heç kim etiraz etməz. Lakin o da yəqindir ki, bəlkə də çox az adam, o cümlədən, filoloqların da çox az hissəsi bu misranın əslində Səməd Mənsura məxsus olduğunu bilir. Ancaq yazının məqsədi heç də bu deyildir.

Klassik ədəbiyyatın ən problemli, el dilində desək, yaralı məsələlərindən biri və bəlkə də birincisi, poetika və sənətkarlıq, poetik fiqurların təsnifatı və səciyyəvi cəhətlərinin müəyyənləşdirilməsi, janr və şəkil məsələləridir. Bu sahədəki əsas çətinlik isə uzun illər ədəbiyyatşünaslıq və nəzəriyyə elmimizin rus və Avropa terminologiyası ilə şərh və təhlil edilməsi, eyni zamanda da Şərq poetika sənətinin fiqurlarının və divan şeiri janrlarının bəzən hədsiz oxşarlığı, birinin digərindən ayrıca, təcrid olunmuş şəkildə izah edilməsinin mümkünsüzlüyü, bir beyt, hətta bir misra daxilində bir neçə poetik fiqurun iç-içə, üzvi sintez halında işlədilməsidir. 

Uzun zamandır üzərində işlədiyim, "Şərq kültürü və bədii düşüncəsində əql və eşq; aqil və divanə" mövzusu ilə əlaqədar Əliağa Vahidin yuxarıda bir misrasını örnək gətirdiyimiz şeirinə də müraciət edərkən məlum oldu ki, şairin "Seçilmiş əsərləri"ndə (Tərtib edənlər: Qulam Məmmədli, Rəşid Quliyev, Ataxan Məmmədov. Ön sözün müəllifi: Safurə Quliyeva. Bakı: Lider nəşriyyat, 2015, səh. 360) həmin əsər "Təsdis" başlığı altında verilmişdir. "Şübhə etmək üçün heç vaxt şübhə etməyən" filosofların yolunu təqdir edərək və daha çox da hər şeyin ilkin qaynağına ulaşmağın elmi araşdırmalarda vacibliyini əsas araşdırma prinsipi kimi qəbul etdiyimizdən bu dəfə Səməd Mənsurun şeirlərinin toplandığı kitaba müraciət etməli olduq. Ədibin hər biri altı misradan ibarət olan altı bəndli, hər bəndinin sonunda "Naz et mənə, ey sevgili yarım, mənə naz et" misrası təkrarlanan şeiri "Naz et" sərlövhəsi ilə kitaba daxil edilmişdir (Seçilmiş əsərləri. Tərtib edənlər: Əliheydər Hüseynov, Təranə Hüseynova, Abbas Abdullayev. Bakı: Şərq-Qərb, 2006, səh. 40). Qeyd edək ki, şeirin hər bəndinin sonunda eynilə təkrarlanan belə nəqərat misralar, adətən tərcibəndlərdə olur, lakin tərcibənddə təkrar olunan misraların sayı ən azı iki olur, yəni beyt təkrarlanır və bəndlərdəki misraların sayı da daha çox olur. Səməd Mənsurun şeiri isə bütün qafiyə və quruluş sisteminə görə müsəddəsdir. 

Lakin məqalədən məqsədimiz bu olmadığı üçün burda çox da ləngiməyib, keçirik Əliağa Vahidin şeirinin təsdis adlandırılmasına. Bu məqamda isə bir neçə suala cavab vermək lazımdır: təsdis əslində nədir, necə yazılır, hansı şeirlərə təsdis deyilir və Əliağa Vahidin həmin şeiri təsdisdirmi? Təsdis deyilsə, bəs nədir?

Söhbət bu yerə çatanda qeyd edim ki, təxmis, təşdir, təsdis kimi şeir şəkilləri iki müəllifin bir şeiri kimi dünya ədəbiyyatında maraq doğuran nadir formalardandır. Bir-birlərinə bənzəsələr də, fərqli cəhətləri olan bu şeir şəkillərini qısaca səciyyələndirmək daha sonrakı izahlarımız üçün vacibdir: bir qəzəlin hər beytinin əvvəlinə eyni vəzn və qafiyədə məna bütövlüyünü saxlamaqla üç misranın artırılması ilə yaranan şeir şəkli təxmis, eyni şərtləri gözləməklə, lakin bu dəfə artırılan üç misranı beytlərin misralarının aralarına əlavə etməklə yaranan şeir şəklinə isə təşdir deyilir. Təsdis isə altılama və ya altıya çatdırılma deməkdir və bir qəzəlin hər beytinin əvvəlinə eyni vəzn və qafiyədə məna bütövlüyünü saxlamaqla dörd misranın artırılması ilə yaranan şeir şəklidir. 

Əliağa Vahid isə öz sələfinin hər beytini altıya çatdırmamışdır. Zatən, Səməd Mənsurun şeirinin hər bəndi altı misradan ibarətdir. Əliağa Vahid, sadəcə, onun şeirinin hər bəndinin sonunda təkrarlanan misrasını, yəni nəqərat misrasını götürərək öz şeirində nəqərat misra kimi işlətmişdir. Həm də doğru olaraq dırnaq işarəsi arasında işlətmişdir (hər halda göstərilən nəşrdə həmin misra, doğru olaraq, dırnaq işarəsi içərisində verilmişdir). Bu isə, yəni başqa bir şairdən, əsərdən və s. hər hansı bir misranı götürüb öz şeirinin misraları daxilində işlətmək, daha sadə şəkildə desək, "sitat gətirmək" klassik poetikada təzmin sənəti (təzmin - bir şeyi içinə almaq, ehtiva etmək anlamında) adlanır. Azərbaycan poeziyasında təzminin ən gözəl örnəkləri isə XVII əsr Azərbaycan şairi Qövsi Təbrizinin Məhəmməd Füzulidən etdiyi təzminlərdir.  

Fikrimiz daha aydın olsun deyə, həm Səməd Mənsurun, həm də Əliağa Vahidin şeirlərinin hər birindən birinci bəndlərə diqqət edək:

Səməd Mənsur:

Ey rəhmli canan, eləmə ülfətə adət,

Nazınla vüqarın verər ətvarına zinət.

Bihudə gülümsünmə, vüsalında nə ləzzət,

Sıx qəlbimi, yansın cigərim, qanımı qəynət,

Cövründə dəri-sirri-nihanı mənə baz et,

Naz et mənə, ey sevgili yarım, mənə naz et.

 

Əliağa Vahid:

Əvvəl baxışında məni heyran elədin sən,

Bir incə gülüşlə ürəyim qan elədin sən,

Sonra məni bir lütf ilə xəndan elədin sən,

Kafər qızı, axır məni Sənan elədin sən,

Yansın dilim ağzımda desəm, nazını az et,

"Naz et mənə, ey sevgili canan, mənə naz et".

 

Əliağa Vahid bütün etik qaydaları gözləyərək son bənddə "Mənsuri də yad etməliyik dari-fənadə" sözləri ilə sələfini ehtiramla yad etmişdir.

Klassik irsimizin nəşri gərəkli olduğu qədər də məsuliyyətli bir işdir. Təəssüf ki, bu zaman mətnlərin düzgün oxunmaması, məna təhrifinə gətirib çıxaran yanlış durğu işarələri, bəzən bir şeirin bir neçə fərqli janrlar altında təqdim edilməsi tez-tez rast gəldiyimiz hallardır. Düşünürəm ki, bu xətalardan yan keçilməyib lazımi qeydlərin edilməsi, bunun ətrafında müzakirələrin aparılması daha əvvəlki nəşrlərdə buraxılan səhvlərin gələcəkdə düzəldilməsinə və beləliklə də, ədəbi irsimizin daha nəfis şəkildə gələcək nəsillərə çatdırılması işində əhəmiyyətli ola bilər.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!