22 yaşında şəhid edilmiş Səid Səlmasi - abidəsi yoxdur, məzarı varmı?.. - Azər TURAN

Azər TURAN

Akademik Mirzə İbrahimovun redaktorluğu ilə 1983-cü ildə nəşr olunmuş "Cənubi Azərbaycan ədəbiyyatı" antologiyasının ikinci cildində Səid Səlmasinin təqdim olunan dörd şeirindən biri "Amali-Vətən" adlanır. Əslində bu şeirin müəllifi Namiq Kamaldır. Sadəcə, Namik Kamalın şeirindəki "Osmanlılarız" sözü Səid Səlmasidə "iranlılarıq"la, "Bayrağımız" isə "baydağımız"la əvəz olunub. Fərq bu qədərdir. Bəs necə olub, Namiq Kamalın dillər əzbəri olan "Vətən şərqisi" şeirinin iki bəndi antologiyada Səid Səlmasinin şeiri kimi təqdim olunub? Və proses kitabdan-kitaba beləcə davam edib? 

"Ulduz" jurnalının 2006-cı il, 9-cu sayında "Cavidin İstanbul dövrü: bilinən və bilinməyən məqamlar" məqaləmdə, ardıyca "Hüseyn Cavid" monoqrafiyamda (2007), daha sonra "Cavidnamə" kitabımın (2010) "Səid Səlmasi" bölümündə "Amali-Vətən"lə bağlı yazmışdım ki, dördcildlik "Cənubi Azərbaycan ədəbiyyatı" antologiyasının yaradıcıları Namiq Kamalın "Vətən" mənzuməsini bilmək olmur, nə üçün Səid Səlmasinin şeiri olaraq təqdim ediblər və sonralar da bu ənənə davam etdirilib?"

Məsələyə aydınlıq gətirmək üçün əvvəlcə hər iki şeirə nəzər yetirək.

Bu, Namiq Kamalın "Vətən şərqisi" şeirinin ilk iki bəndidir:

 

Amalımız, əfkarımız iqbali-vətəndir,

Sərhədimizə qələ bizim xaki-bədəndir.

Osmanlılarız, ziynətimiz qanlı kəfəndir,

Qavğaada şəhadətlə bütün kam alırız biz.

Osmanlılarız, can veririz, nam alırız biz.

 

Qan ilə qılıcdır görünən bayrağımızda,

Can qorxusu gəzməz ovamızda, dağımızda.

Hər guşədə bir şir yatar torpağımızda,

Qavğaada şəhadətlə bütün kam alırız biz,

Osmanlılarız, can veririz, nam alırız biz... 

 

Bu isə Səid Səlmasinin "Amali-Vətən" şeiridir: 

 

Amalımız, əfkarımız üqbali-vətəndir,

Sərhəd bizə, qələ bizə xaki-bədəndir.

Dəva günü yeksər görünən qanlı kəfəndir,

İranlılarıq, can veribən nam alarıq biz,

Dəvada şəhadətlə hamı kam alarıq biz.

 

Qanilə qılıncdır görünən baydağımızda,

Can qorxusu yoxdur dilimizdə, canımızda.

Hər guşədə bir şir yatıb torpağımızda,

İranlılarıq, can veribən nam alarıq biz,

Dəvada şəhadətlə hamı kam alarıq biz... 

 

Bu necə baş verib? Namiq Kamalın məşhur şeiri necə olub ki, Azərbaycanda Səid Səlmasinin müəllifliyi ilə çap olunub? Necə olub ki, dördcildlik "Cənubi Azərbaycan ədəbiyyatı" antologiyasının yaradıcıları Namiq Kamalın 1872-ci ildə yazdığı "Vətən, yaxud Silistrə" pyesində əsgərlərin oxuduğu "Vətən şərqisi"ni 1887-ci ildə doğulmuş Səid Səlmasinin şeri olaraq təqdim ediblər və dediyim kimi, sonralar da bu ənənə kitabdan-kitaba adlayıb, müxtəlif antologiyalarda, elmi araşdırmalarda, məqalələrdə davam etdirilib?

Yuxarıda xatırlatdığım kimi, 2006 və 2010-cu illərdə məsələyə aydınlıq gətirməyə çalışmışdım. Doğrudur, sonralar, "Səid Səlmasi" kitabında Hüseyn Həşimli də bu məsələyə münasibət bildirdi. Lakin, aradan keçən dövr ərzində, hətta bəzi akademik tədqiqatlarda "Vətən" yenə də Səid Səlmasinin şeiri olaraq təhlil predmetinə çevrildi. Professor Şamil Vəliyev Səid Səlmasinin "Amali-Vətən" şeiri barədə yazırdı ki, "Vətənin və xalqın əsarətdə qalmasından fayda güdən əsarət və zülm, aclıq və yoxsulluq törədiciləri - amansızcasına tənqid olunurdu. Onların islah yolu ilə deyil, ictimai inqilab yolu ilə həyat səhnəsindən atılmasını söyləyən şair özünün ədəbi siyasi platformasından çıxış edərək yazırdı:

 

Amalımız, əfkarımız üqbali-vətəndir,

Sərhəd bizə, qələ bizə xaki vətəndir.

Dava günü yeksər görünən qanlı kəfəndir,

İranlılarıq, can veribən nam alırıq biz

Dəvada şəhadətlə hamı kam alırıq biz. 

 

Səid Səlmasidən bəhs edən son araşdırmaların birində də yuxarıda xatırlatdığım "Cənubi Azərbaycan ədəbiyyatı antologiyası"na istinadən həmin şeirlə bağlı bunları oxuyuruq: "Zülm və istibdada qarşı açıq protest, azadlıq uğrunda mübarizəyə çağırış kimi səslənən və yazıldığı zamanlarda Təbriz inqilabçılarının dilinin əzbəri olan "Amali-vətən" şeiri yuxarıda dediklərimizi əyani şəkildə təsdiq edir. Bir fərdin deyil, ümumiyyətlə Məşrutə inqilabının iştirakçılarının arzu və məramını əks etdirən əsərdə şair yazır:

 

Amalımız, əfkarımız iqbali-vətəndir,

Sərhəd bizə, qələ bizə xaki-vətəndir,

Dava günü yeksər görünən qanlı kəfəndir,

İranlılarıq, can veribən nam alırıq biz,

Davada şəhadətlə hamı kam alırıq biz.

 

XIX əsrin böyük türk-osmanlı şairi Namiq Kamalın "Osmanlılarıq, can veribən nam alırız biz" şeirinin təsiri ilə yazılmış bu iki bəndlik şeirdə şair elan edir ki, məqsədimiz şəxsi səadət deyil. Mübarizə meydanına atılmağımızın səbəbi "hər guşəsində şir yatan torpağımız"ın ağlar gündə olmasıdır" (İslam Qəribli). 

Düşünürəm ki, Azərbaycan ədəbiyyatşünaslığı yenidən və son dəfə bu mövzuya qayıtmalıdır. Hətta Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu Avropa tipli ədəbiyyatımızın, modern şeirimizin ilk nümunələrini yaradanların ən görkəmlilərindən olan Səid Səlmasinin kitabının nəşrini reallaşdırmalıdır. Çünki bu, olduqca mühüm məsələdir.

"Cavidin İstanbul dövrü: bilinən və bilinməyən məqamlar" məqaləmdə 1907-ci ilin martında "Füyuzat" məcmuəsinin 11-ci sayında Təbrizin "Əncümən" qəzetindən iqtibas edilərək dərc olunan "İrandakı hərəkati-hürriyyətpərvəranənin təfsili" məqaləsini xatırlatmışdım. Həmin yazıda Namiq Kamalın "Vətən" şeri belə bir təqdimatda verilmişdi ki: "Səadət", "Ədəbiyyə", "Növbər" məktəblərinin şagirdləri müəllimləri ilə bərabər teleqrafxana səhnəsinə cəm olub osmanlı şairlərinin ustadi-əzəmi (böyük ustadı) Namiq Kamal həzrətlərinin aşağıdakı vətən nəğməsini oxumuşlar. İştə nəğmə", - deyə təqdim etdiyi həmin şeirdəki "İranlılarıq" sözünə "Füyuzat"ın belə bir qeydi də var: "Kamal bəy osmanlılarız demişdir". 

"Füyuzat"ın həmin sayının üz qabığında Namiq Kamalın fotosu verilmiş, şəkil "Osmanlıların dövri-əxir (son dövr) mücahidlərindən ədibi-əzim Namiq Kamal bəyin təsviridir" - deyə təqdim olunmuşdu.

"Vətən şərqisi" şeirinin "Cənubi Azərbaycan ədəbiyyatı antologiyası"nda Səlmasinin adına verilməsi, Türkiyə ədəbiyyatşünaslığında da bəzən, tutaq ki, belə fikirlərin dövriyyəyə qatılmasına səbəb olur: "Tanınmış hürriyyətçi şair, mücahid Səid Səlmasi də Namiq Kamalın Azərbaycanda, bəlkə də ən çox bilinən şeirinə laqeyd qalmamışdır". Doğrudur, laqeyd qalmamışdır. Amma müəllif bu sözlərin ardıyca məlum antologiyaya istinadən Səlmasinin "Amali-Vətən" şeirini (əslində, Namiq Kamalın "Vətən şərqisi" şeirinin ilk iki bəndini) bütövlükdə təqdim edir...

Səlmasinin şeirini Namiq Kamalın "Vətən şərqisi" şeirinə nəzirə adlandıranlar da var. Amma göründüyü kimi, "Amali-Vətən" nəzirə deyil, şeirin sətirbəsətir təkrarından ibarətdir.

Mühüm olan başqa məqamdır, yəni XX yüzilin əvvəllərində Namiq Kamalın "Vətən şərqisi" şeirinin həm Osmanlı, həm İran, həm də Azərbaycan hürriyyətpərvərlərinin ortaq manifesti olmasıdır. Bir şeirin həm Anadoluda, həm Azərbaycanda, həm də İranda eyni vüsətlə "Amalımız, əfkarımız iqbali-vətəndir" deyə bilməsi, milyonlarla kütləni öz çətiri altına toplaya bilməsidir.

"İrandakı-hürriyyətpərvəranənin təfsili" yazısında qeyd olunanlar Mustafa Nizamədin Təbrizlinin 1946-cı ildə İstanbulda nəşr olunmuş "Bugünkü Azərbaycan davası əsas və səbəbləri" kitabında da təkrarlanır. "Bütün xalqın iştirakı ilə postahanə önünə toplaşan tələbələr Namiq Kamalın bu şeirini oxuyurlardı".

O zaman İran indiki İran deyildi, Azərbaycanın bir parçasıydı. Ordakı hürriyyətpərvər də, despot da - Səttar xan da, Məhəmmədəli şah da azərbaycanlıydı. Amma əfsus ki, Məhəmmədəli Şah Təbriz fədailərinin vətənpərvər səmimiyyətini qanla, qırğınla boğmaq üçün Tehran polisinə erməni Yefremi başçı təyin etmişdi. Səttar xanı da, Səid Səlmasini də qanına qəltan edən həmin bu erməni Yefrem Davityan olmuşdu...

 

***

Əli bəy Hüseynzadə "Siyasəti-fürusət" əsərinin böyük bir hissəsini "Şəhidi-azadi Səid Səlmasi namına ithafən" qələmə alıb. Hüseynzadənin təfsirində azadlıq şəhidi Səid Səlmasi qırmızı fəryad ilə qaranlığı aydınladan qıpqırmızı qan rəngində bir səs, bir fəryad, müşk rayihəli yaşıl bir şüa, köksünə ox saplanmış şəhid ürəyi, yaxud feniks, ənqa, simurq quşu ilə simvolizə edilirdi.

Qəribədir ki, Hüseynzadə türk aləminin problemlərini, İranda (dediyim kimi, o zaman İran Azərbaycanın bir parçasıydı) məşrutiyyət məsələsi, dünya yəhudilərinin türk düşüncəsindəki yeri və s. problemləri Avropadakı tarixi-siyasi proseslərə aşina olan, zamanında Avropa ölkələrinə səfərlər etmiş Səid Səlmasinin dilindən verirdi. Çünki ötən əsrin əvvəllərində Səlmasinin mübarizəsi və şəxsiyyəti türk milliyyətçi düşüncəsinin, xüsusən, qurucularından biri Əli bəy Hüseynzadənin olduğu "İttihad və tərəqqi" cəmiyyətinin ciddi maraq dairəsindəydi.

Amma Hüseynzadənin Səlmasiyə həssas münasibəti daha əvvəllərdən - "Füyuzat"dan başlanırdı. Məhəmməd Hadi kimi, Səlmasinin də imzası ilk dəfə "Füyuzat"da görünmüşdü. İlk mətbu şeiri "Təhəssür" də İranda Məclisi-milliyə deputat seçilmiş təbrizli nümayəndələrin Tehrana səfər edərkən Bakıda iqamət etdikləri günlərdə - 1907-ci ilin martında "Füyuzat"da dərc olunmuşdu. "Təhəssür" şeirində Səlmasi Təbrizdən İran Məclisi-Millisinə vəkil seçilmiş aydınları, o cümlədən, Əbdürrəhim Talıbovu salamlayırdı... Və dərginin həmin sayında Əli bəy Hüseynzadənin İranın millət vəkilləri barədə, xüsusən, Əbdürrəhim Talıbov barədə, Rusiyadakı yəhudi qətlləri və s. haqqında "Məsailül-həyat" adlı ayrıca məqaləsi və hətta İran Məclisi-Millisində təmsil olunacaq azərbaycanlı deputatların şəkilləri də dərc olunmuşdu. 

Səid Səlmasinin Səlmasda ittihadçı Ömər Naci ilə, Bakıda Əli bəy Hüseynzadə ilə bir yerdə olması onun siyasi baxımdan İttihad və Tərəqqi Cəmiyyətinə yaxınlığının göstəricisidr.  

Naci ilə bir yerdə Ərzuruma səfər ediblər, həmin səfərdə "İttihad və Tərəqqi Cəmiyyəti"nin toplantı salonlarından birində çıxış ediblər (və qəribədir ki, həmin toplantıda Ömər Naci Namiq Kamal haqqında, Səid Səlmasi isə İran məşrutiyyəti barədə fikir bölüşüblər) və s. 

İttihadçı Ömər Naci İranda - Səlmasda onun yanındadır. Səlmasi Bakıda İttihadçı Əli bəy Hüseynzadənin yanındadır. Səlmasda mətbəə açır. İttihad və Tərəqqinin Paris Mərkəzi adından Bahəddin Şakir ona bu hərəkətini təqdir edən məktub yazır. Sözdə 1915-ci il "erməni soyqırımı"nın səbəbkarlarından hesab olunan və bir neçə il sonra ermənilər tərəfindən qətlə yetirilmiş Bahəddin Şakir isə Əli bəy Hüseynzadənin yaxın dostlarındandır. 1907-ci ildə Parisdən Əli bəy Hüseynzadəyə məktublar yazır, Hüseynzadə isə cavabında ona "Füyuzat"ın yeni saylarını, o cümlədən, yuxarıda haqqında söhbət gedən "İran usul-ü məşvərətinin müəssisi gibi zəvatın rəsmləriylə müzəyyən" sayını göndərir. Parisdən yazdığı məktubda Bahəddinin təqdir etdiyi adamları, Bakıda Səid Səlmasi salamlayır. Bahəddin Şakir də, Əli bəy Hüseynzadə də Turançılıqda macar amilinə həssas yanaşırdılar. Qəmküsarın yazdığına görə, Səid Səlmasi də Macarıstana səfər etmişdi... Bu mənada deyirəm ki, Səid Səlmasinin Səlmasda Ömər Nacinin, Bakıda Əli bəy Hüseynzadənin çevrəsində olması onun siyasi baxımdan "İttihad və tərəqqi"yə mənsubluğu ilə əlaqələndirilə bilər. 

 

***

Səlmasinin "Füyuzat"ın 1907-ci il 20-ci sayında dərc olunmuş "Xəyali-mənfur" şeiri sonralar Azərbaycan poeziyasında ilk sonet nümunəsi olaraq qəbul edildi. Dərginin 22-ci sayında onun "Farsca ilk sone" başlıqlı başqa bir şeiri də dərc olunub. Belə çıxır ki, 20 yaşlı Səid həm Azərbaycan, həm də fars dilində yazılmış ilk sonetin yaradıcısıdır. Səid Səlmasinin bir misrasını türkcə, digər misrasını farsca yazdığı şeirləri də var. Məsələn, belə:

 

Əyyami-dey güzəşt səbahi-bahari-mast 

Uğrunda hazırız ki edək bəzmi-can vətən.

 

Səid Səlmasinin milliyyətpərvər şeirləri Namiq Kamal məktəbinin ciddi təsiri altındadır, o da eyni milliyyətçi düşüncənin cazibəsindədir. Səlmasda doğulsa da, şeirlərini osmanlı lisanında yazır: 

 

Xatirati-şəbabi söyləyəməm!

Dilşikəstə bahari-ömrümü sən.

Görmə!.. Zira o ömri-möhnətdən

Tökülür qəlbinə səmumi-ələm!

İstəməm bən, açılmasın, qalsın

O siyah pərdə ta əbəd məstur.

 

Tündbadi-qəzayə uğradı həp,

Növguşadə şükufəzari-həyat!

Uuf! Bin sədmeyi-sitəm, heyhat,

Bu xərabiyi-ömrə oldu səbəb!..

Ah mazi!.. O səhneyi-mulim

Sana məchul qalsın, ey gözəlim!

 

Etmə israr, ey mələksima!

Şimdi yoxdur dilində hüznü ələm!

Degiləm haqlı etiraz etsəm,

Çünki məchuldur həyat sana!..

Yəs... ümmid... naleyi-qahir,

Bir cidali-töhi... həyat denir 

 

- misraları ilə başlayan "Etmə israr" şeiri "Füyuzat"ın 19-cu sayında dərc olunub. XX yüzilin əvvələri üçün bu şeir, modernləşmə yolunu tutmuş milli poeziyamızda ən nadir poetik nümunələrdən biridir - estetik mahiyyətinə, ifadə tərzinin yeniliyinə, biçiminə, ritminə görə... 

"Amali-Vətən" deyil, bax, bu şeir nəzirədir. Əhməd Kamalın "Gözəlim, açma maziyi" şeirinə nəzirədir. Əhməd Kamal isə öz şeirini "Şekspirin "Sone" təbir olunan nəğmələrinə nəzirədir" epiqrafı ilə təqdim etmişdi. 

Səid Səlmasinin "Etmə israr" şeiriylə bağlı Əhməd Kamal yazırdı ki, "Şairlərimizin bu şeirdəki hüsn-ədaya və lətafətə diqqət etmələrini rica edəriz. Hər gün bezdirici və mənasız şeylərlə mətbuat səhifələrini qaralamaqdan isə ara-sıra böylə kiçik, fəqət məziyyət etibarilə böyük şeirlər yazmağa qeyrət etsələr, ədəbiyyata daha çox xidmət edərlər".

Səlmasinin "Füyuzat"da dərc olunan digər şeirləri də belədir. Bir-birindən daha estet.

 

***

XX yüzil ədəbiyyat tariximizin sirli bir nöqtəsi var. Bunu heç 1937-ci ildə sovet NKVD-si də aça bilmədi. Rza Tofiqin 1927-ci ildə Ammandan dostu Rza Turquta yazdığı məktub bu bilinməz, gizli məqamları bütün təfərrüatına qədər aydınlaşdırır. Bu barədə çox yazmışam. Cavidin Təbriz məşrutəçiləri ilə əlaqələri barədə də müxtəlif vaxtlarda geniş bəhs etmişəm. Yenidən o məsələyə - məşrutəçilər məsələsinə qayıtmağa ehtiyac duyuram. Hüseyn Cavidin İstanbuldan Naxçıvana - Qurbanəli Şərifzadəyə yazdığı 4 yanvar 1909-cu il tarixli məktubda belə bir məlumat var: "Sonra bir evə getdim ki, orada İran əhrarından Naci bəy ismində bir zatı ziyarət edəcəkdim. İçəri girdim, məgərsə Hacı Rəsuldan maəda bildiyim gənc İran əhrarının ən həmiyyətpərvərlərindən yeddi-səkkizini orada buldum. Eyicə söhbət etdik, yemək yedik, sonra Boğaz içi vaporlar ilə həpimiz bir yerdə Kadıköyü ismində bir köyə getdik ki, Mirzə Məhəmmədəli xan (Seyid Həsənin yoldaşı) orada iqamət ediyor. Müşarileyhlə bir qiraətxanədə buluşduq, kəmali-məhəbbət və səmimiyyətlə iki-üç saətə qədər söhbətə məşğul olduq. Bən də Mirzə Məhəmmədəli xanın yanında oturmuşdum... Səid Səlmasi isə bir qaç gün bundan irəli o tərəflərə əzimət etmişdir".

Məktubda adı çəkilən adamlar kimlərdi? 

Naci bəy ünlü türk xətibi Ömər Nacidir. Yuxarıda haqqında bəhs etmişdik. Əlavə edək ki, Ömər Naci polkovnik rütbəsindən imtina edən hərbçidir. Ədəbiyyatçıdır, İttihad və Tərəqqinin üzvüdür. Jon Türklərin Səlmasdakı nümayəndəsidir. Səttar xanın silahdaşıdır. Atatürkün örnək aldığı insanlardan biridir. Səid Səlmasinin səngər yoldaşıdır. Səlmasda Səid Səlmasinin açdığı yeni tipli Səidiyyə məktəbinin müdiridir. 

Seyid Həsənin yoldaşı Mirzə Məhəmmədəli xan "Danişməndani-Azərbaycan" kitabının müəllifi məşhur Məhəmmədəli Tərbiyətdir. 

Seyid Həsən İran Demokrat partiyasının lideri Seyid Həsən Tağızadədir. 

Bir də Səid Səlmasi. Parisdə təhsil almış. Zəngin bir ailənin övladı. Sərvətini məktəb və mətbuat yolunda sərf edən mücahid. 

Əliqulu Qəmküsar yazırdı ki, Səid Səlmasda öz vəsaiti ilə məktəb tikdirmiş, burada dərslərin üsuli-cədid proqramı ilə keçirilməsini təmin etmişdi. Səlmasda "Şəfəq" adında qəzet təsis edib, mətbəə qurmuşdu. 

Cavid tələbəykən nə üçün İran əhrarı ilə - Ömər Naci, Məhəmmədəli Tərbiyət, Seyid Həsən Tağızadə ilə görüşürdü? Bəlli bir missiya ilə Türkiyəyə təhsil almağa getdikləri məlumdur. Rza Tofiq onları vətənə bir mürşid olaraq yola salacaqdı. Bunu, dediyim kimi, 1927-ci ildə Rza Tofiqin özü yazıb. 

Açılmayan sirr də elə budur. İranda məşrutə hərəkatı vüsət alıb, İstanbul Universitetinin tələbəsi Hüseyn Cavid İran məşrutəçilərinin nümayəndələri ilə görüşür. Məsələ burasındadır ki, Səid Səlmasi də, Məhəmmədəli Tərbiyət də, Hüseyn Cavid də Rza Tofiqin çevrəsində olan, ondan xüsusi dərs alan gənclərin sırasındaydılar.

Cavidin məktubundan belə çıxır ki, Səid Səlmasi 4 yanvarda İstanbuldan Azərbaycana gəlib. 1909-cu ilin ilk günlərində yaxın dostu Əliqulu Qəmküsara bağışladığı fotoşəklin arxasına belə yadigar sözlər yazıb: "Məsləkdaşım Ə. Nəcəfov cənablarına yadigari-bəradəranəmdir. Səid Xəlilzadə". Şəklin arxasında göstərilən tarix də Cavidin Naxçıvana yazdığı məktubla eyni günə təsadüf edir: 4 yanvar. 

Qəmküsar Cavidin məktubunu doğrulayır. Həmin günlərdə Səid Səlmasi Bakıya gəlmiş, təkrar İstanbula qayıtmış və otuz nəfər Osmanlı əhrarı (azad düşüncəli gəncləri) ilə birgə Təbrizə yola düşmüşdür. Sonra Xoyun müdafiəsinə yollanmış, az sonra, fevralın 22-də Xoy civarında da şəhid edilmişdi. Ömər Naci də həmin gün, Xoy döyüşlərində yaralanıb. 

Səlmasinin vəfatı ilə bağlı nekroloq ölümündən 16 gün sonra 1909-cu il martın 6-da "Tərəqqi" qəzetində dərc olunub. Martın 6-da qəzetin birinci səhifəsində verilmiş "Səid Səlmasi" məqaləsində "Culfalı" imzalı müəllif başsağlığı təsliyələrindən sonra geniş məqaləsini bu sözlərlə davam etdirir: Bu cavan kimdir? Hansı gözəl sifətlərə sahibdir? "Bu novcəvan ədibi-yeganə, natiqi-fərzanə, alimi-sahibi-qələm, hissi-qovmiyyəti-şəhid rahi-hürriyyədir". Vətən şəhidlərinin tacıdır...

Bu cavan kim idi? "Tərəqqi" qəzeti özünün verdiyi sualı elə özü də cavablandıraraq Səidin dörd məziyyətini xatırladır. Odlu silaha bənzəyən natiqliyi vardı. Qüvvətli qələm sahibi idi. "Füyuzat"ın yazarıydı. Güclü milliyyət duyğusuna sahib idi. O qədər ki, Culfalının bildirdiyinə görə, elə iki il əvvəl Səid Səlmasi "Füyuzat" səhifələrində "Fədayi-məsləkim olmuş həyati-istiqbal, / Nisari-can edən olmazsa etməz istikmal. / Fəzayi-ərşüllahə üruc edən fəryad!" - deyə bir şeirində şəhadətini öncədən özü soraq vermiş və "Füyuzat" səhifələrində verdiyi əhdinə canı bahasına - şəhadətiylə "vəfa etmişdi". Xeyriyyəçiydi. "Şəxsi sərvətini, var-dövlətini öz millətinin atiyəsinə (gələcəyinə), səadət və rifah halına fəda edirdi".

Səid barədə başqa heç nə bilmirdilər. Anasına, məsləkdaşlarına səbr diləyirdilər. Və "o məzlumun əhvali-həyatına ittilasi olan şəxslərdən rica olunur ki, onun yadigarlığı naminə məşruhən bu xüsusda bəyanat versünlər".

Səid necə ölmüşdü? "Bu cavanın şəhadəti bu münval ilən olmuşdur. Çəharşəmbə gecəsi səfər ayının 26-da Maku həşəratı Səidabad kəndini işğal etmişlər və həman məhlədə olduqları vəqt Xoy şəhərindən iki dəstə mücahid firqəsi gecə vəqti Səidabad qəryəsinə hücumavər olub, üç tərəfdən məhəli-məzkuri mühasirə etmişlər. Səid Səlmasi həm mücahidlər cərgəsində bir səngərdə durub sübhə kimi müharibəyə məşğul imiş... Vəli mücahidlər tərəfindən yeddi nəfər şəhid olunmuşlar. O cümlədən birisi də şəhid Səlmasi cənablarıdır ki, hər iki dünyanın səadətini dərk və şəhadət camını nuş etmişdir".

Məhəmməd Əmin Rəsulzadə isə 1909-cu ilin 12 iyununda "Qəhrəman Təbriz də bir il tamam mübarizə edib, axırda rus qoşunlarının cövlangahı olub..." sətirləri ilə başlayan "İran məktubları"nda Səid Səlmasi barədə kədərli məqamlara toxunurdu: "O yeganə cavan vətəni yolunda bir mətbəəsini deyil, öz canını da fəda etdi!.. Qələmini sındırıb, mətbəəsini dağıtdılar. Amma qeyrət və hümmətini əlindən almaq mümkün deyil idi. Qələmini sındıranları qələm etmək üzrə qılınc aldı, tüfəng götürdü. Gördü ki, azad qələm yürütmək üçün qabaqca bir çox qılınc vurmaq, güllə atmaq lazımdır!.. İştə hümmət əhlini heç bir mülahizə öz iqdamından saxlamadığı üçün meydani-hürriyyətdə şəhid olmaq dərəcəsinə nail oldu. Səid öldü!.."

 

***

"Heykəl diləməm, heykəli qəbrimdir o əflak" deyən Məhəmməd Hadi şəhid Səlmasini yad edərkən: "Çeşmi-xakaludun ilə bax məzarından, Səid... / Namını ehya üçün millət tikər bir abidə" deyirdi.

Abidəsi yoxdur. Məzarı varmı? 

 

5 fevral 2025

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!