Ötən 2024-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dilinin tarixi qaynaqları ilə bağlı iki fundamental nəşr həyata keçirilmişdir. Bunlardan biri Mahmud Kaşğarinin ana dilimizə 1937-ci il qanlı repressiyalarının qurbanı olmuş Xalid Səid Xocayev tərəfindən tərcümə edilmiş "Divanü lüğat-it-türk" əsəridir. "Xalq düşməni" adı ilə damğalanmış X.S.Xocayevin tərcümə mətninin əlyazması uzun illər ərzində it-bata düşmüş, stalinizm epoxasından sonra günümüzədək müxtəlif alimlər tərəfindən bir neçə dəfə axtarılsa da, heç bir nəticə əldə edilməmişdir. Əlyazma, nəhayət, AMEA Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlinin gərgin və inadlı axtarışlarından sonra "makulatura" kimi ayrılmış kağız topasının içərisindən tapılmış və üç cilddə nəfis şəkildə çap olunaraq oxucuların istifadəsinə verilmişdir. X.S.Xocayevin fərqli tərtibatda tərcümə etdiyi bu əsərin çapı təkcə Azərbaycan humanitar elmində deyil, ümumən, dünya türkologiyası və kaşğarişünaslığında fundamental hadisə kimi qarşılanmışdır.
Dilçilik İnstitutunun 2024-cü ildəki ikinci töhfəsi XVIII əsrdə Azərbaycan türkcəsinin farsdillilərə öyrədilməsi məqsədilə yazılmış "Məzhər üt-türki" abidəsinin nəşridir. Əsas kütləsi leksik vahidlərdən təşkil olunan bu dərslik qrammatik material baxımından son dərəcə maraqlı və aktual olmaqla yanaşı, onun müəllifi Əbdürrəhim Ərdəbili Şirvaninin Azərbaycan türkcəsinin linqvistik mahiyyəti, yayılma arealları, funksional cəhətləri, xüsusilə, milli mahiyyəti və linqvoetnik əyarı haqqındakı fikirləri baxımından qiymətlidir.
"Məzhər üt-türki" XVIII əsrdə (təqribən, 270 il əvvəl) yazılmışdır. Müəllifin əsəri yazmaqda əsas məqsədi, özünün adlandırdığı kimi, "qızılbaş türkcəsini türk olmayanlara öyrətmək" olmuşdur. Əbdürrəhim bəyin türk dilinin məziyyətləri haqqında bu gün bizim üçün son dərəcə böyük əhəmiyyət kəsb edən fikirləri də elə türkcənin bir dil kimi ləyaqət və dəyəri haqqında bilikləri qeyri-türklərə aşılamaq məqsədilə deyilmişdir.
Əbdürrəhim Ərdəbili Şirvaninin fars dilində yazdığı bu əsər İran İslam Respublikasında 2011 və 2012-ci illərdə iki dəfə nəşr olunsa da, indiyədək ana dilimizdə nəşri həyata keçirilməmişdi. Azərbaycan türkcəsinə dosent doktor İxtiyar Bəxşi və filologiya üzrə fəlsəfə doktoru Günel Orucova tərəfindən tərcümə olunmuş abidə akademik Möhsün Nağısoylunun redaktorluğu və professor Nadir Məmmədlinin tərtibatı, Ön sözü və şərhləri ilə Bakıda nəşr olunmuşdur. Əsərin yayılma arealının hüdudlarını beynəlxalq coğrafiyalarda genişləndirməkdən ötrü prof. N.Məmmədli onun müəllifi, əsərin ümumi məzmunu, quruluşu və tərcümə prinsipləri haqqındakı yazdığı giriş hissəsinin Azərbaycan dili ilə yanaşı, türk, ingilis və fransız dillərində də verilməsini məqsədəuyğun hesab etmişdir.
Əbdürrəhim Ərdəbili Şirvani əsərə həcm baxımından qısa, lakin verdiyi biliklərin milli mahiyyəti baxımından son dərəcə qiymətli Ön söz yazmış, daha sonra "Müqəddimə" hissəsində dərsliyin quruluşunu şərh etmiş, ardı ilə feillərə, məsdərlərə və isimlərə aid ümumişlək leksik vahidləri ərəb dilçilik elminin qrammatik normaları əsasında təqdim etmişdir. XVIII əsr qızılbaş türkcəsinə aid hər bir leksik vahidin izahının verildiyi "Məzhər üt-türki" əsəri, yazdığı geniş Ön sözdə professor N.Məmmədlinin müəyyənləşdirdiyi kimi, əcnəbilərə türk dilinin qrammatikasını və leksik tərkibini öyrətmək üçün çox qiymətli dərslikdir.
XVIII əsrdə yaşamış, ölkənin siyasi, ictimai, mədəni həyatı ilə bu və ya digər şəkildə bağlı olmuş Əbdürrəhim Ərdəbili Şirvani milli-mədəni kimliyi baxımından vətənpərvər və milliyyətçi şəxsiyyət olmuş, "türkinin" taleyinə biganə qalmamış, inkişaf edib bütün sferalarda funksionallaşmasını vacib hesab etmiş və "Məzhər üt-türki" əsərini də elə bu məqsədlə yazmışdır.
Əbdürrəhim bəyin vətənə, yurda, elə dövlətə, dövlətçiliyə, milli-mədəni kimlik dəyərlərinə, o cümlədən, bu dəyərlərin ən mühümü kimi qiymətləndirdiyi milli dilə bağlılığı onun öz adına əlavə etdiyi "Ərdəbili" və "Şirvani" nisbələrindən aşıq-aydın görünür. "Ərdəbili" nisbəsini daşıması müəllifin anadan olduğu yer baxımından təbii idisə, artıq "Şirvani" nisbəsi Əbdürrəhim bəyin milli-siyasi görüşlərindən soraq verir. Bir müddət Şirvanda yaşayıb, bu məkanın təbiətini, insanlarını, o cümlədən, saf türkcə danışmalarını sevən müəllifin "Şirvani" adını nisbə, yəni özünün məkan kimliyinin işarəsi kimi qəbul etməsi, bizcə, təkcə burada bir müddət yaşaması ilə bağlı deyildi. Ona qalsa, müəllif müxtəlif yerlərdə, hətta bundan uzun müddət də yaşamışdır. Burada məsələnin bütün mahiyyəti Əbdürrəhim bəyin Azərbaycan-türk dünyasını şimal-cənub, şərq-qərb fərqləri qoymadan, bütöv şəkildə sevməsi, "türki"nin yayıldığı dünyanı vahid siyasi-milli, linqvoetnik sistem şəklində təsəvvür etməsi ilə bağlı idi. Yəni şəxsiyyətinə, Vətən tarixi və dili üçün gördüyü böyük işlərə hələ yaxından bələd olmadığımız Əbdürrəhim bəy "Ərdəbili" adı ilə yanaşı, "Şirvani" adını da özünə nisbə götürməsi ilə Azərbaycan adlanan dünyanı öz varlığında bütövləşdirmişdir. Bu da bizə bu gün adına "azərbaycançılıq" dediyimiz ideologiyanın tarixin dərinliklərindən baş alıb gəldiyini, milli kimliyimizin ideoloji əsaslarının mifik düşüncə nüvəsindən ("Oğuz kağan" mifindən) bu günə qədər sağlam köklər və əsaslar üzərində inkişaf etdiyini göstərməkdədir.
Əbdürrəhim Ərdəbili Şirvani türk olmayanlara türk dilini öyrətmək məqsədilə yazdığı əsəri "Məzhər üt-türki" adlandırmışdır. Əsərin adı bu mənada "türkinin", yəni "türk dilinin təzahürləri" mənasındadır. Bunu, ən azı, iki mənada qəbul etmək olar:
Birinci, XVIII əsr Azərbaycan-türk dilinin leksik və qrammatik xüsusiyyətləri;
İkinci, türk dilinin, ümumiyyətlə, dövrün hakim siyasi dili və ümumişlək ünsiyyət vasitəsi olmaq baxımından xüsusiyyətləri.
Bu cəhətdən, əsərin adında hər iki məna öz əksini tapmış, müəllif əsərdə XVIII əsr Azərbaycanında qızılbaş türkcəsinin "türki" statusunda "linqvopoetika"sı ilə yanaşı, "linqvokimlik" ləyaqəti və qüdrətini də təcəssüm etdirməyə çalışmışdır. Bunu Əbdürrəhim Ərdəbili Şirvaninin fikirlərindən aydın şəkildə görmək olur. O, əsərin giriş hissəsində bu kitab vasitəsilə "türki"ni öyrənmək istəyənlərə və o cümlədən, türk olub, "türki"yə etina etməyənlərə müraciətlə yazır:
"Bil ki, türkcə danışmaq çox yaxşı və bəyəniləndir və bu dil əmr-fərman sahiblərinin istiqlalının mühüm bir hissəsidir və zəmanə və dövrün əmr sahibi olan sultanlar və hakimlərin dilidir. Bu dilin onların işlərinin həyata keçməsində hədsiz və sonsuz faydaları var və bəlkə də, bu dil onların dünyəvi işlərində ən üstün və ən kamildir. Əgər onlar bu məna libasını əyinlərinə geyinməyiblərsə, şübhəsiz, bu, zəmanənin insanlarının nəzərində danlaq və məzəmmətə layiqdir və dövrün camaatının gözündə onlar üçün heç bir təmkin, vüqar, cəlal və etibar qalmaz".
İlk baxışda bir dilçinin öz ana dilinə vurğunluğunun emosional ifadəsi təsirini bağışlayan bu fikir, əslində son dərəcə qiymətli olub, "dil-fərdi kimlik", "dil-siyasi kimlik", "dil-milli kimlik" və bütövlükdə "dil-milli şüur" probleminin, konkret olaraq, XVIII əsr milli-ictimai şüuru səviyyəsində öyrənilməsi istiqamətində misilsiz və əvəzsiz fikirdir. Bu cəhətdən, Əbdürrəhim Ərdəbili Şirvaninin Türkiyəyə münasibətini ifadə edən bu fikrin milli əyarını dil tarixi kontekstində Mahmud Kaşğarinin yanaşmaları ilə də müqayisə etmək mümkündür.
Yuxarıdakı fikirdən aydın olur ki, XVIII əsr Azərbaycan-qızılbaş siyasi-etnik məkanında "türkcə danışmaq çox yaxşı və bəyənilən", yəni mədəni, mənəvi və ən başlıcası, siyasi kimliyin ifadəsi hesab olunmuşdur. Əbdürrəhim bəy bunu o amillə əsaslandırır ki, Azərbaycan-qızılbaş türkcəsi siyasi elitanın dilidir. Dövlətin dil kimliyi bu dillə öz ifadəsini tapır. Sultanlar və hakimlər bu dildə danışırlar. Bu cəhətdən, müəllif belə hesab edir ki, bir qeyri-türkün bu dili bilməsi ilə onun dövlətin siyasi-inzibati strukturunda özünə rahat şəkildə yer tutması mümkündür. Çünki "bu dil əmr-fərman sahiblərinin istiqlalının mühüm bir hissəsidir".
Əbdürrəhim Ərdəbili Şirvaninin yanaşmasında "istiqlal" nöqtəsi xüsusilə diqqəti çəkir. Müəllifə görə, hər hansı qeyri-türkün qızılbaş türkcəsini özünün mədəni kimliyinin ifadə vasitəsinə çevirməsi ona Azərbaycan-qızılbaş siyasi-etnik məkanında "istiqlal", yəni öz şəxsiyyətini türklərlə bərabər azad və müstəqil şəkildə ifadə etmək imkanı verir. Bu da qızılbaş-səfəvilərin milli kimlik ideologiyasının dərinliklərinə baş vurmağa, tarixi Azərbaycanın memarı olan səfəvilərin milli düşüncə sisteminin əsas konseptlərini öyrənməyə imkan verir.
Səfəvilər üçün "türki" ana dili kimi əlahiddə hadisə idi. Onlar dilə, sadəcə, içərisində doğulduqları, "ağuşunda" mənəvi-poetik kimliklərinin formalaşdığı, vasitəsilə özlərini rahat şəkildə ifadə etdikləri linqvosistem kimi baxmırdılar. Səfəvilər üçün türk dili onların milli kimliklərinin simvolu, ictimai şüurlarının əsası idi. Bu cəhət Əbdürrəhim bəyin bir başqa fikrində aydın şəkildə ifadə olunmuşdur.
Yazır: "...Bir-birinizi tanıyasınız deyə, sizi millətlər və qəbilələr şəklində etdi." Kərimə ayəsinə görə, Allahı hikmətinə əsasən, hər tayfa və toplum yerləşdikləri yerin ətraf və əhatəsində məskundur və onlardan hər biri tayfalar arasındakı sözlərdəki fərqlərlə Allahın adının çəkilməsi və xatırlanması ilə məşğuldur. Amma o dillərin ən aşkar və məşhur olanı ərəbcə, farsca və türkcədi, çünki böyüklər və elm sahibləri ərəbcəni fəsahətdə, farscanı məlahətdə və türkcəni şücaətdə tapmış və bunu belə hesab etmişlər".
Beləliklə, səfəvilərin milli ideologiyasına görə, insanların millətlər və qəbilələr şəklində xəlq olunması Allahın iradəsidir. Bütün dillər ilahi mahiyyətin tərənnümünə xidmət edir. Lakin bu dillər içərisində ərəb, fars və türk dillərinin xüsusi imtiyazı və funksiyası vardır. İlahi mahiyyətin "fəsahət" konsepti yalnız ərəb dilinin, "məlahət" konsepti yalnız fars dilinin, "şücaət" konsepti isə yalnız türk dilinin vasitəsilə özünün dolğun ifadəsini tapa bilir. Bu cəhətdən Əbdürrəhim belə hesab edir ki, varlıq aləminin "şücaət" kodunun məhz türk dili vasitəsilə öz dolğun şəkildə ifadə olunması Allahın öz təqdiridir.
Beləliklə, səfəvi-qızılbaşlar öz dillərini müqəddəs hesab edir, onda danışmağa Allahın təqdirinin gerçəkləşməsi kimi yanaşırdılar. Burada diqqət çəkən ən əsas etnopsixoloji məqam Əbdürrəhim Ərdəbili Şirvaninin qeyri-türklər üçün yazdığı kitabda onlara türkcənin öyrənilməsini "vacibat"dan olduğunu ilahi dəyərlər vasitəsilə "sanksiyalaşdırmasıdır". Bu nöqtə isə bizə müəllifin yuxarıda istinad etdiyimiz "istiqlal" konseptini daha dərindən anlamağa imkan verir.
Əbdürrəhim Ərdəbili Şirvani qeyd edirdi ki, "bu dil əmr-fərman sahiblərinin istiqlalının mühüm bir hissəsidir". Kitabın məhz qeyri-türklərə ünvanlandığını nəzərə alsaq, müəllif digər xalqları türkcənin öyrənilməsinə təbliğ və təşviq etməklə onların ilahi dəyərlərlə müəyyənləşən "istiqlal", yəni mədəni-siyasi azadlıq əldə edəcəyini bildirirdi. Başqa sözlə, XVIII əsr Azərbaycan-qızılbaş siyasi-etnik məkanında dövlət dilini cani-dildən qəbul etmək millətindən və qəbiləsindən asılı olmayaraq, şəxsin həmin məkanda sərbəst şəkildə inkişafına təminat verirdi. Bu da, öz növbəsində, göstərir ki, səfəvi-qızılbaş türkləri üçün ana dili - "türki" onların təkcə etnik-milli kimliyinin göstəricisi olmaqla qalmayıb, eyni zamanda siyasi kimliklərinin əsas ifadə vasitəsi və ictimai şüur sistemlərinin ideoloji nüvəsi idi.
Müəllifin türk dilinin dövlət məmurlarının "işlərinin həyata keçməsində hədsiz və sonsuz faydaları" olması haqqındakı fikri də yenə onun mənsub olduğu etnik-mədəni sistemin dövlətçilik ənənələrindən irəli gəlirdi. Türklər tarixi boyu dövlət və dövlətçilik sistemləri yaratmış xalq idilər. Bu cəhətdən, türk dilinin leksik sisteminin mühüm bir layını dövlət idarəçiliyi, dövlətin siyasi-ictimai strukturu ilə bağlı sözlər təşkil edir. Bu sözlər, sadəcə, ünsiyyətə xidmət edən dil vahidləri olmayıb, eyni zamanda dövlət idarəçilik sisteminin funksional modellərini özündə inikas edən terminlər idi. Yəni qeyri-türk bu sözlərin mənasını öyrənməklə artıq türklərin idarəçilik sisteminin müxtəlif mexanizmlərinə vaqif olurdular. Çünki həmin sözlərin hər biri idarəçilik sisteminin müxtəlif məqamlarının vəzifələrini aydın şəkildə inikas edirdi. Əbdürrəhim Ərdəbili Şirvani ona görə belə hesab edirdi ki, türkini öyrənən, ona dərindən vaqif olan bir qeyri-türk məmur öz işində "hədsiz və sonsuz faydalar" əldə edəcəkdir.
Müəllif qeyri-türkləri həm də xəbərdar edir ki, türklərin dövlətində onların dilinə biganə münasibət bəsləmək şəxsə uğur gətirməz. Heç bir türk onun dilinə biganə olan şəxsə rəğbət bəsləməz. Ona görə də vətəndaşı olduğu cəmiyyətdə uğur, etibar və etimad qazanmaq istəyən qeyri-türklər "türkini" dərindən mənimsəməlidirlər. Bu, onları "üstün və kamil" bir məqama çatdıracaqdır. Əks təqdirdə, qınanacaq, etibar və etimadı itirəcəklər.
Əbdürrəhim Ərdəbili Şirvaninin əsərə yazdığı girişdən aydın olur ki, XVIII əsr Azərbaycan-qızılbaş siyasi-etnik məkanında dövlətin xüsusi dil siyasəti olmuş, türk dilinin yayılmasına, bütün sahələrdə funksionallaşmasına xüsusi fikir verilmişdir. Bu, müəllifin qeyri-türklərin türkini öyrənməyə göstərdikləri xüsusi maraq haqqında söylədiklərində aydın şəkildə ifadə olunmuşdur. O yazır:
"Böyükləri və zadəganları, dövlət və iqtidar sahiblərinin çoxunu, fars və İraq camaatının əksəriyyətini bu siyasətə dönük ("yönəlik" - S.R, Q.S.) dili başa düşmək və həqiqəti bilməyə meyilli gördüm. Tanışlarımdan və dostlarımdan bir çoxu da eyni mövzunu və iddianı dəfələrlə bu aciz bəndədən xahiş və tələb edirdilər. Buna əsasən, bu bəndeyi-həqirin səy göstərməsi qarşılığında verilən xidmətin əsasında işə başlamaq və bu məsuliyyətin nəticəsinin ortaya çıxmasını yerinə yetirmək vacib və lazım oldu. Bunun üçün Uca Yaradandan... kömək və uğur dilədim və türkcə sözlərdə bir neçə qayda-qanun hazırlayıb tərtib etdim, kitaba bir müqəddimə və dörd bölüm və bir sonluq yerləşdirdim və onun adını "Məzhər üt-türki" qoydum".
Müəllifin fikrindən iki məqam aydın şəkildə boy verir:
Birinci, XVIII əsrin nəhəng Azərbaycan-qızılbaş siyasi-etnik məkanında farsdilli və ərəbdillilərin türk dilini öyrənmək zərurəti qarşısında qalmaları.
İkinci, "Məzhər üt-türki" əsərinin zamanın ictimai-siyasi sifarişi şəklində meydana çıxması.
Əlbəttə, "Məzhər üt-türki" əsəri öz əsas kütləsində leksikoqrafik abidədir və bu mənada belə hesab edirik ki, abidənin bu tərəfinin elmi əyarını müəyyənləşdirmək daha çox dilçilərin işidir. Lakin əsərin müəllifi Əbdürrəhim Ərdəbili Şirvaninin Azərbaycan türkcəsi haqqında söylədiyi fikirlər, elə hesab edirik ki, dil tariximizlə bağlı "dil və siyasi-ictimai şüur", "dil və milli kimlik" aspektlərində öyrənilməsi istiqamətində son dərəcə qiymətli düşüncə və təhlil materialları verir.
Müəllifin burada istinad etdiyimiz bəzi fikirləri göstərir ki, Əbdürrəhim Ərdəbili Şirvani millətsevər və vətənpərvər ziyalı olmuş və bu əsəri də özünün türklük qarşısında vətəndaşlıq borcunun, mədəni kimlik vəzifəsinin ifadəsi kimi ortaya qoymuşdur. Bu mənada, biz də AMEA Dilçilik İnstitutunun "Məzhər üt-türki" abidəsini onun Azərbaycan dilinə tərcüməsi ilə yanaşı, əsərin faksimilesi ilə bərabər nəşr etməsini millət qarşısında vətəndaşlıq borcunun yerinə yetirilməsi kimi qiymətləndirir və Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədliyə və onun kollektivinə bu istiqamətdə görəcəyi digər işlərdə uğurlar arzulayırıq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!