Nizami CƏFƏROV
Milli mədəni irsin qorunması, hər nə qədər bu və ya digər xalqın öz tarixinə mental marağı ilə bağlı özünəməxsus ehtiyac, yaxud birbaşa məsuliyyət daşıdığı ümummilli vəzifə olaraq meydana çıxsa da, bu gün dünyanın hansı guşəsində olursa-olsun, istənilən mədəni irs abidəsi bütövlükdə bəşəriyyətin diqqət mərkəzində dayanmaqla, müəyyən mənada, beynəlxalq qurumların nəzarəti altına keçmiş, ümumbəşəri miqyaslı elmi araşdırmaların predmetinə çevrilmişdir. Düşünürəm ki, Batıxan Mumçunun "Türkiyədə mədəni irsin qorunması" (Türkiye?de Kültürel Mirasın korunması. Alan Başkanlığı Uygulaması, 4.Baskı, Ankara, 2024) kitabının elmi-metodoloji dəyərlərinin biri məhz milli "material"ı ehtiva etməsindədirsə, ikincisi - ümumbəşəri mülahizələrdən yerli-yerində yararlanmasında, başlıcası isə, ilk dəfə sistemli şəkildə öyrəndiyi sahə başqanlığı tətbiqi istiqamətində milliliyə ümumbəşəri, ümumbəşəriliyə isə milli nəzər nöqtəsindən baxmağın təqdirəlayiq örnəklərini verməsindədir.
Kitaba Ön söz yazmış Prof. Dr. Nazlı Yücel Batmaz qeyd edir ki, kürəsəlləşmə ilə birlikdə qoruma anlayışı da hər keçən gün daha universal bir məzmun qazanmaqdadır. Qoruma müzakirələrində isə yeni miqyas "nəyin qorunacağı, nədən qorunacağı və necə qorunacağı" olmaqdadır. Bu suallar isə qoruma ilə əlaqədar "sahə idarəsi", "mədəni irs idarəsi", "yerində qoruma" kimi yeni anlayışları gündəmə gətirməkdədir.
Ön sözdə bildirilir ki, onun elmi rəhbəri olduğu (hazırda kitab şəklində nəşr edilən) bu tədqiqat mədəni irsin qorunması sahəsində uğurlu addım olub, "çalışmasının ədəbiyyatındakı boşluqlardan birini doldurmaqdadır".
Prof. Dr. N.Y.Batmazın öz tələbəsinə "bu çalışmanın uzun vədə davam edəcək yeni çalışmalara işıq tutmasını" arzulaması da həm mövzunun perspektivliliyi, həm də araşdırıcıya göstərilən etimad etibarilə maraq doğurmaya bilməz.
Kitabın "Giriş"ində tədqiqatın məqsədini "Türkiyədə mədəni irsin qorunmasına yönəlik siyasətlərin dövlət idarəçiliyinə təsirini sahə başqanlığı tətbiqi üzərindən incələnməsi" kimi aydın müəyyən edən müəllif onu da xatırladır ki, "sahə idarəçiliyi anlayışı mədəni irs sahələrində beynəlxalq qoruma siyasətini ifadə etməkdədir. Dünyanın müxtəlif ölkələrində sahə idarəçiliyinə aid nümunələr mövcuddur... Tədqiqatda beynəlxalq miqyas daşıyan bir idarəçilik anlayışının milli dinamikalarla birləşəndə necə bir tətbiq siyasətinə dönüşdüyü anlaşılmağa çalışılmışdır".
Həm ictimai praktikada son dərəcə aktual olan, həm də müvafiq elm sahələrinin hüdudunda ciddi nəzəri ümumiləşdirmələr tələb edən mövzunun doğru-düzgün bir metodla araşdırılması üçün Batıxan Mumçu, görünür, çox anlamlı, harmonik və çevik bir struktur düşünüb tapmağa nail olmuşdur. Kitabın "Kavramsal Çerçeve" ("Anlayışlar çərçivəsi", yaxud "Konseptual çərçivə") adlandırılan ilk bölməsində üç strateji anlayış - "mədəniyyət", "mədəni irs" və "sahə idarəçiliyi" konsept-anlayışları barədə kifayət qədər dəqiq təsəvvür yaradılır. Və bu elmi-nəzəri tutumlu bölümdən sonra daha çox statistik məlumat xarakterli bölümlər gəlir... "Dünyada Kültürel Miras ve Alan Yönetimi" ("Dünyada mədəni irs və sahə idarəçiliyi") adlı ikinci bölüm 1) mədəni irslə bağlı beynəlxalq tənzimləmələr; 2) mədəni irsin qorunması üçün fəaliyyət göstərən beynəlxalq təşkilatlar və 3) dünyada sahə idarəçiliyi nümunələrindən ətraflı bəhs açır. "Türkiyədə Kültürel Miras ve Alan Yönetimi" ("Türkiyədə mədəni irs və sahə idarəçiliyi") adlı üçüncü bölüm isə 1) Türkiyədə tarixi prosesdə mədəni irs və sahə idarəçiliyi; 2) Türkiyədə Mədəni irsin qorunmasında təsiredici/səlahiyyətli paydaşlar; 3) Türkiyədə mədəni irsi qoruma ilə bağlı qanunlar və qaydalar və 4) Türkiyədə sahə idarəçiliyi nümunələri məsələlərinə həsr olunur... Dördüncü bölüm "Alan Başkanlığı Uyğulamasının Kamu Yönetimine Yansıması: Kapadokya - Çanakkale Savaşları ve Gelibolu Tarihi Alan Başkanlıkları Uygulamaları" ("Sahə başqanlığı tətbiqinin dövlət idarəçiliyinə təsiri: Kapadokiya - Çanaqqala döyüşləri və Gəlibolu Tarixi Sahə başqanlıqları tətbiqləri") adlanır ki, burada 1) sahə araşdırmasının ümumi çərçivəsi və 2) araşdırma nəticələrinin dəyərləndirilməsi nəzərdən keçirilir.
Anlayışlar çərçivəsi, yaxud konseptual çərçivədən danışarkən Batıxan Mumçu tamamilə haqlı olaraq yazır ki, "fəlsəfə başda olmaq üzərə çox sosial elmlərin mədəniyyət mövzusuna göstərdiyi müxtəlif münasibətlər nəticəsində ona (mədəniyyətə) aid təriflər həm artmaqda, həm də fərqlənməkdədir. Ortaya çıxan bu hal mədəniyyət anlayışını, bir yandan, zənginləşdirirkən, digər yandan, bir anlayış qarışıqlığına yol açmaqdadır". Və məsələnin paradoksallığı da burasındadır ki, həmin anlayışın "daxili struktur"undakı həmin zənginləşmə və qarışıqlaşma insan idrakının inkişafı ilə bağlı çox təbii bir hadisədir.
Məlum olduğu kimi, Ziya Göyalp "Kültür" və "mədəniyyət" anlayışlarını bir-birindən ayırmış, kültürün milli, mədəniyyətin isə ümumbəşəri olduğunu söyləmişdir. Ancaq eyni anlayışı bildirmək üçün bu günə qədər, məsələn, Türkiyə türkcəsində, əsasən, "kültür", Azərbaycan türkcəsində isə "mədəniyyət" kəlmələrinin işlənməsi göstərir ki, bu sahədə lazımi anlayış diferensiasiyası getməmişdir. Kitabda Türk Dil Qurumunun "kültür" kəlməsinə verdiyi izah da, prinsip etibarilə böyük Türkiyə filosof-sosioloqunun mövqeyini ifadə edir: kültür -"tarixi ictimai inkişaf prosesi içində yaradılan bütün maddi və mənəvi dəyərlər ilə bunları yaratmaqda, sonrakı nəsillərə ötürməkdə istifadə olunan, insanın təbii və ictimai mühitinə müstəqil münasibətinin miqyasını göstərən vasitələrin hamısı, hars, əkin".
Azərbaycan türkcəsində yalnız "mədəniyyət" kəlməsi işlənsə də, burada "milli mədəniyyət"lə "ümumbəşəri mədəniyyət" anlayışları fərqləndirilir. Qeyd edək ki, digər türk dillərində (və ictimai-fəlsəfi fikrində) də belədir. Batıxan Mumçunun "kültür" anlayışına verdiyi açıqlamadan görünür ki, Ziya Göyalpın "kültür-mədəniyyət" ayırımı Türkiyə mühitində də inkişaf tapa bilməmiş, "kültür" kəlməsi ümumən, mədəniyyət anlamında işlənmiş, "hars" və "əkin" isə tezliklə aradan çıxmış, sadəcə, lüğətlərdə və ya üslubi-ekzotik mətnlərdə qalmışdır.
Əlbəttə, "Türkiyədə mədəni irsin qorunması" kitabının müəllifi üçün strateji konsept "kültür" və ya "mədəniyyət" yox, "mədəni irs"dir. Araşdırmanın stilistik məntiqi, yaxud metodikası üçün səciyyəvidir ki, müəllif anlayışları təyin edərkən, bir tərəfdən, elmi mülahizələrə, digər tərəfdən, hüquqi sənədlərə dayanır. Və bu, mövzunun elmi-nəzəri siqləti ilə yanaşı, sosial-siyasi əhəmiyyətindən irəli gəlir. Məsələn, "Mədəni və təbiət varlıqlarını qoruma qanunu"na istinadən "mədəni irs" anlayışı belə təyin edilir: "tarix öncəsi və tarixi dövrlərə aid elm, mədəniyyət, din və incəsənətlə bağlı tapılan və ya tarix öncəsi, ya da tarixi dövrlərdə sosial həyatı mövzu olmuş, elmi və mədəni baxımdan orijinal dəyər daşıyan, yer üstündə, yer altında və ya su altındakı bütün daşınır və daşınmaz varlıqlar".
Beləliklə, burada "mədəni irs" anlayışı və ya konsepti "mədəniyyət" anlayışı və ya konseptindən o mənada daha həcmlidir ki, buraya bilavasitə mədəniyyətlə yanaşı, elm, din və incəsənət də daxildir. Kitabda mətn boyu "kültür" ("mədəniyyət") terminindən eyni və ya fərqli anlamlarda istifadə olunması, ilk növbədə, ona görə dolaşıqlıq yaratmır ki, müəllif konseptual situasiyaları məharətlə ayırd etməklə sözün elmi, hüquqi, publisistik çalarlarını yerli-yerində nəzərə çatdırır. Və anlayışa verilən aşağıdakı, əgər belə demək mümkünsə, təfərrüatlı tərif isə sözügedən "çalarlar"ın hamısını özündə ehtiva etmək təşəbbüsünün, bir növ, eksperimental məhsuludur:
"...Mədəni irs insan oğlunun bir baxışda qeydə alına bilən tarixi dönəmlərdə, yaşanılan bütün hadisələrdə üst-üstə qoyaraq bir araya gətirdiyi, yenə irəliləyən dönəmlərdə yaşanılan zaman kəsiyi içərisində mənimsənilən yeni təcrübələr və əldə edilən yeni bilgilər ilə inkişaf etdirib zənginləşdirdiyi, ardıcıllığını təhlükəsizlik təmin eləyəcək şəkildə qoruyub daha sonra yaşayacaq insanlara çatdıra bildiyi sərvətlərin bir bütünü olaraq dəyərləndirilə bilər".
Mədəni irsin Türkiyə türkcəsində "1) somut; 2) somut olmayan və 3) doğal kültürel miras" deyə üç yerə ayrılması qəbul edilmiş olub, yəqin ki, heç bir ciddi mübahisə törətmir. Ancaq Azərbaycan türkcəsində "maddi mədəni irs" ilə "qeyri- maddi mədəni irs"in qarşılaşdırılması ona görə mübahisəlidir ki, "qeyri-maddi mədəni irs" adlandırdığımız fenomendə də çox aydın olaraq özünü göstərən maddilik vardır. Ona görə də bu antonimlikdə "maddi"yə qarşı duran "mənəvi" sözündən imtina olunmuş, ancaq uğurlu qarşılıq tapılmamışdır. Yeri gəlmişkən, deyək ki, Türkiyə türkcəsində "somut olmayan (soyut) kültürel miras", Azərbaycan türkcəsində "qeyri-maddi mədəni irs" adlandırılan anlayışın ingiliscəsi "intangible cultural heritage"dir ki, buradakı "intangible" sözü "hiss edilməyən", "ələ keçməyən", "tutulmayan", "qarışıq", "tutqun", "dumanlı", "qeyri-müəyyən", "anlaşılmaz", "ağlasığmaz" və s. mənalarını bildirir. Göründüyü kimi, heç bir halda "qeyri-maddi"dən bəhs olunmur.
"Türkiyədə mədəni irsin qorunması" müəllifi bu sahənin "beynəlxalq patriarxı" missiyasını öz üzərinə almış UNESCO- nun sözügedən anlayışa verdiyi tərifi "topluluqların, qrupların və bəzi hallarda fərdlərin mədəni irslərinin bir parçası olaraq müəyyən etdikləri tətbiqlər, performanslar, ifadələr, məlumatlar, qabiliyyətlər və bunlara bağlı vasitələr, reallıqlar və mədəni məkanlar" olaraq təqdim edir. Və xatırladılır ki, mövləvi səma mərasimləri, aşıq sənəti, Novruz bayramı, türk qəhvəsi və ənənəsi, əbru, çini və s. Türkiyənin "somut olmayan mədəni irsi sayılır"... Göründüyü kimi, burada da söhbət, hər nə qədər xalqın mənəvi aləminə işarə olunsa da, məhz maddi hadisələrdən gedir. Ona görə Azərbaycan türkcəsində işlənən "qeyri-maddi mədəni irs" ifadəsinə yenidən baxılmalı, buradakı "qeyri-maddi" kəlməsi dilin leksik-terminoloji sisteminə o mənada uyğunlaşdırılmalıdır ki, "maddilik - qeyri-maddilik" antinomiyası bu qədər qabardılmasın. O zamanadək isə ənənəvi "maddi" və "mənəvi" anlayışlarından istifadə etmək, fikrimcə, daha münasib olardı... Və bir də xatırlatmaq istərdim ki, sözügedən məsələ yalnız Azərbaycan türkcəsinə aiddir, nə Türkiyə türkcəsinin, nə də haqqında bəhs etdiyimiz kitabın belə bir problemi yoxdur.
Batıxan Mumçu mədəni irs anlayışının meydana gəlməsi, gələ-gələ müxtəlif dövrlərin, zamanların həyat tərzini, dünyagörüşünü, düşüncələrini, hiss və duyğularını bir kompleks halında, eyni zamanda özünəməxsus qaydalar, qanunlar və modellərlə ehtiva etməsi barədə bəhs açarkən yazır:
"Mədəni irs obyektləri simvolikdir. Mədəni və təbii mühit baxımından şəxsiyyətləri təmsil etməkdədirlər. Bu obyektlərlə bağlılıq və ənənəvi fəaliyyətlər bir topluluq duyğusu yaratmaqdadır. Eyni zamanda hansı obyektlərin, abidələrin və ya təbii mühitlərin qorunacağının seçimi, həm keçmiş, həm də bu gün haqqında ictimai fikir birliyi üçün gələcəkdəki orbiti müəyyən etməkdədir".
Əlbəttə, mədəni irsin qorunması anlayışı istənilən cəmiyyətdə, onun bir- birindən fərqli ictimai-intellektual missiyalar daşıyan fərdləri arasında müxtəlif cür dərk oluna bilər. Məhz ona görə də istər ümummilli, istərsə də ümumbəşəri səviyyədə mədəni irsin qorunması uğrunda mübarizə aparmaq, qanun-qaydalar yaradıb onlara əməl olunmasını tələb etmək lazım gəlir. Və heç də təsadüfi deyil ki, istənilən cəmiyyətdə mədəni irsi (beləliklə, ümumən Mədəniyyəti!) qorumaq mədəniyyətinin özünü də formalaşdırmaq, elm-təhsil, ictimai-siyasi, iqtisadi- təsərrüfat və s. sferalarında bunun daim canlı, təsirli əsaslarını inşa etmək lazım gəlir.
Araşdırmasının özülündə dayanan bu məsələyə - mədəni irsin qorunması probleminə müəllif, demək olar ki, heç bir məqamı diqqətdən kənarda qoymamaqla bərabər, hər bir mətləbə anlamlı, dərindən və yüksək professionallıqla yanaşmış, araşdırıcının elmi rəhbərinin (və eyni zamanda kitabın Ön sözünün müəllifinin) də lütf edib bildirdiyi kimi, həsr edildiyi mövzu sahəsində "xüsusi bir yeri olan" əsər yaratmışdır.
Mədəni irsin qorunması barədəki görüşlərin ifadəsinə Batıxan Mumçu bu mühakimələrlə başlayır:
"Mədəni irs olaraq görülən əsərlərin hamısının qorunması və gələcəyə çatdırılması üçün istər Türkiyə, istərsə də digər dünya ölkələri öz güclərinə və birgə səylərinə görə cəhd göstərməkdədirlər. Mədəni irs əhatəsindəki bütün əsərlərdə qorumanın təmin edilməsinin ən təməl və başlıca prinsipi tarixi əhəmiyyəti olan strukturların və tarixi sahələrin qorunması və qorunarkən istifadə olunması nöqtəsində dəngə yaradılmasının gərəkliyini gözdən qaçırmadan bu əsərlərin və sahələrin yaşamasını təmin edərək daha sonra gələcək yeni nəsillərə mümkün ola biləcək ən orijinal halı ilə çatdırılmasıdır".
Mədəni irsin qorunması, heç bir şübhə yoxdur ki, intellektual, sosiopsixoloji, texniki və s. amillərlə şərtlənən xeyli dərəcədə mürəkkəb prosesdir. Və yuxarıdakı mühakimələrin müəllifi əlavə edir ki, "gərək təbii fəlakətlər, gərəksə müharibə, şəhərləşmə və bu kimi insan faktorları göz önünə alındıqda, mədəni irs olaraq müəyyənləşdirilən aktivlərin heç pozulmadan, heç yox olmadan yaşaması, bir dəyişikliyə məruz qalmadan orijinal halı ilə saxlanması real görünməməkdədir. Buna görə də qoruma dedikdə, hədəflənən məqsəd köhnəlməni dayandırmaq üçün lazımlı tədbirlər görmək, ardıcıl nəzarət nöqtəsində edilməsi lazım olanı etmək və bütün bu çalışmalar ilə mədəni irs ünsürlərinin qorunması mentaliteti içində yaşanılan icma tərəfdən mənimsənilməsini təmin etməyə çalışmaq olaraq dəyərləndirilməkdədir".
Bu da bugünkü mədəni irs qoruyucusunun qarşısında dayanan çox ciddi (və aradan qaldırılması olduqca çətin) bir problemdir ki, əgər keçmiş dövrlərdə mədəni irsi, hər nə qədər fiziki aşınmaya məruz qalsa da, təbiətin özü qoruyur, insan müdaxiləsi ona elə də dağıdıcı təsir göstərə bilmirdisə, hazırda (və get-gedə daha miqyaslı olacağı şübhə doğurmadan!) insan, hətta yüz illərlə torpaq altında, su altında, hansısa uzaq kəndlərdə bir ailənin nəzarəti altında olan abidələri əldə edərək bu və ya digər mənada bazarın, ticarətin, nəticə etibarilə, hər cür müdaxilənin ixtiyarına verir. Doğrudur, mədəni irs özünün ən müxtəlif keyfiyyətdəki məmulatları ilə icmanın, ölkənin, dünyanın diqqət mərkəzinə çəkilir, elmi, ictimai, estetik və s. maraqların geniş miqyasda predmetinə çevrilir, ancaq məsələnin mahiyyəti ondan ibarətdir ki, keçmiş mədəni irsin daha çox yaradıcısı, istehsalçısı olduğu halda, bu gün daha çox (əslində ümumiyyətlə!) dağıdıcısı, istehlakçısı roluna iddialıdır.
Batıxan Mumçu beynəlxalq qurumların, xüsusilə, UNESCO-nun mədəni irsin, ilk növbədə, onun aşınmaya meyilli olan sahələrinin qorunmasına göstərdiyi diqqət barədə bəhs edərək yazır:
"...Tarixi strukturlardan sənət əsərlərinə və təbii irs sahələrinə varıncaya qədər geniş bir yelpazəsi olan maddi-mədəni irs ünsürləri ilə birlikdə, cəmiyyəti ortaya çıxarıb varlığını davam etdirməsini təmin eləyən dəyərlərin ifadəsi olan dil, inam, nümayiş və s. mənəvi mədəni irs ünsürlərini də qorumaq və gələcək nəsillərə çatdırmaq məcburiyyətindədir".
Türkiyədə mədəni irsin qorunması vəziyyətini müşahidə edərək müəllif belə bir nəticəyə gəlir ki, "bu iş çox böyük nisbətdə dövlətin cəhdləri ilə görülməyə çalışmaqdadır. Hər şeyin dövlət tərəfindən edilməsi və ucu-bucağı olmayan bu cəhdlərə bir də özəl sektorun qatılmasının azlığı əlavə edilincə, mədəni irs şüuru ilə mədəni irs ünsürlərinin qorunması mövzusundakı fərqə varılmaq yetərincə geniş yayılmamışdır". Onun dərin inamına görə, "bir nazirlik tərəfindən idarə olunan maddi irs və bu irsin qorunması işi iqtisadi dəyər olaraq görülməkdə və turizmə töhfə məqsədi ilə markalaşma cəhdləri göstərilməkdədir. Bu cəhdlər mədəni irsin sahib olduğu şəxsiyyəti itirmə təhlükəsini də özü ilə gətirə bilir".
Kitabda ən maraqlı məqamlardan biri ətraflı müşahidələrə, təhlillərə əsaslanaraq ortaya çıxarılan problemlərlə yanaşı, onların həlli yollarının təklif edilməsidir. Məsələn: "Türkiyə torpaqlarında yaşamış olan mədəniyyətlər göz önünə gətirildikdə Qərb tərzində hər cür mədəniyyətin bir yerdə təqdim edildiyi daşınan əsərlərlə dolu qarışıq muzeylər əvəzinə, hər mədəniyyət və kültür üçün müstəqil muzeylərin qurulması yerində olacaqdır". Doğrudan da, Qara dənizin cənub, Ağ dənizin şimal sahilləri boyu, yaxud ümumən Anadolunun şərqindən qərbinə (Rumelinə) doğru dəyişən arxeoloji relyefi bu zənginlikdə (və tarixi-təbii obyektivlik) hansı muzeydə yerləşdirmək olar?..
Yaxud digər bir təklif: "Bərpa işi dövlətin büdcəsinə olduqca vacib bir yük gətirməkdədir. "Bu yük çəkilə bilir bir vəziyyətdəmidir?" sualı mühümdür. Bu sahədə özəl sektor və sponsor dəstəyi əldə olunmalı və bu dəstəyin davamlılığı təmin edilməlidir".
Mövzunun iqtisadi, siyasi, sosial, psixoloji, estetik və s. tərəfləri ilə kompleks bir şəkildə əhatə edilməsinin əlamətdar nəticəsidir ki, müəllifin çözüm və ya təklifləri problemin yalnız görünən tərəflərini nəzərdə tutmur, dialektik məntiqə dayanaraq onun adi gözlə görünməyən "gizlinlər"inə sirayət etməklə gözlənilə bilən gələcək problemlərin də önünə çıxır:
"Türkiyədə mədəni irsin əhəmiyyəti və qorunması sahəsində gərəkli və yetərli şüura və səlahiyyətə sadəcə, elitar bir hissə ilə ekspert-mütəxəssislər sahibdirlər, xalqın, yəni cəmiyyətin çox geniş kütləsinin bu sahədə ən adi bir məlumat və söz haqqı yoxdur. Mədəni irs ilə bağlı proseslərdə dövlət qurumları və bu qurumlarda çalışan mütəxəssislərin yanında qeyri-hökumət təşkilatları, özəl və müstəqil təşkilatlar ilə universitetlərin də iştirakı gərəklidir... Mədəni irs ünsürləri sadəcə, binalar, ya da musiqi əsərləri deyildir. Bunları istehsal, istehlak və istifadə edən insanlar, bu əsərlərin günümüzə gələnə qədər keçirdiyi bütün proses və o dövrlərdə yaşayan bu insanların həyat tərzinin bilavasitə özü də mədəni irsin önəmli bir hissəsidir. Bütün bunları anlamlı və dəyərli edən xüsusi olaraq insan ünsürüdür".
Bu cür mühakimələrdə kitabın (və kitab müəllifinin) statusu konkret bir ixtisas, deyək ki, sahə idarəçiliyi, yaxud mədəni irsin qorunması istiqamətində milli və beynəlmiləl sosiokulturologiyanın fövqünə yüksələrək ciddi fəlsəfi məzmun-mündəricə və ya keyfiyyət qazanmış olur. Həmin cəhət bir də ona görə əhəmiyyətlidir ki, müəllifin (və kitabın) elmi, publisistik və rəsmi-işgüzar təhkiyəsindəki pafos, məşhur qədim yunan mütəfəkkirinin terminologiyasından faydalansaq, heç bir halda onun loqosunu üstələmir:
"İrs, sadəcə, keçmişdən gələn və keçmişə aid bir anlayış deyil. Günümüzdə yaşadığımız həyatda da davam etdirdiyimiz, şüurlu, ya da şüursuz bir şəkildə gələcəyə daşıdığımız dəyərlərin hamısıdır... Bu nöqtədə ən başlıca təhlükələrdən birisi də yerli mədəniyyətin qlobal mədəniyyətə təslim olması, yəni degenerasiona uğramasıdır. Türkiyə açısından bu təhlükə olduqca intensiv yaşanmaqdadır".
Nəticə etibarilə, "sahə idarəçiliyi" məsələsi üzərinə gələn müəllif onun anlayışı, yaxud mahiyyəti, hədəfləri, kateqoriyaları, idarəçilik sahəsinin müəyyənləşdirilməsi, idarəçilik planları, tətbiq əhatəsi, sahə idarəçiliyinin tətbiq vasitəsi olaraq sahə başqanlığı barədə məlumat verərək, əslində peşəkar mətləbə keçir... Həm milli, həm də beynəlxalq hüquqi, təşkilati, texnoloji və s. mövzuların ələ alınaraq incədən-incəyə təhlil olunduğu (hər bir halda tarixə istinad edilərək gələcəyə baxıldığı!) son dərəcə konkret, statistik detallarla əsaslandırılmış bölümlər barədə mən yalnız onu deyə bilərəm ki, həmin bölümlərdə riyazi, mühəndislik və mədəni irsin qorunması məsuliyyətini öz üzərinə almış personalın idarəsi işinə L.Zadənin qeyri-səlis məntiqinə bənzər üsulların tətbiqi texnologiyaları bütün sxematikliyi ilə yanaşı, çox canlı, inandırıcı və ümidvericidir.
Araşdırmada istifadə edilmiş (və haqqında bəhs etdiyimiz kitabın da onların içərisində ən mötəbər yerlərdən birini tutduğuna əmin olduğumuz) qaynaq- ədəbiyyatları ən azı üç baxımdan təqdirəlayiqdir: birincisi, həm beynəlxalq, həm də milli mənbələr kifayət qədər geniş həcmdə ehtiva olunmuşdur; ikincisi, nəzəri mənbələrlə yanaşı, praktik məzmun daşıyan mənbələrə də istinad edilmişdir; üçüncüsü isə, mövzunun yeni nəsil araşdırıcılarının əsərlərinə daha çox diqqət yetirilmişdir. Çox işlənmiş, bu və ya digər miqyasda özünün, ya birbaşa, ya da dolayısı ilə şərhini tapmaqla kitabın ideya-məzmun zənginliyini bir daha nümayiş etdirən anlayış-konseptlər - sahə başqanlığı, sahə idarəçiliyi, abidələr, dövlət idarəçiliyi, qoruma, kültür (mədəniyyət), kültürel miras (mədəni irs), mədəni irs idarəçiliyi, kültür varlıkları (mədəni sərvətlər), milli park, memarlıq irsi, irs, muzey, nitel araştırma (keyfiyyət araşdırması) xarabalıqlar, planlama, restorasiyon (bərpa), sit alanı (qorunan ərazi), somut kültürel miras (maddi-mədəni irs), somut olmayan kültürel miras (mənəvi mədəni irs), tabiat varlıkları (təbii sərvətlər), taşınmaz kültür varlıkları (daşınmaz mədəni sərvətlər), taşınır kültür varlıkları (daşınan mədəni sərvətlər), turizm, yerli idarəçiliklər və s. kitabda ensiklopedik dəqiqliklə əks olunur. Yeri gəlmişkən, mənə təəccüblü gəldi ki, Azərbaycan türkcəsindəki "qoruq" sözü Türkiyə türkcəsində işlənmirmiş.
Batıxan Mumçunun "Türkiyədə mədəni irsin qorunması" kitabı istər aydınlaşdırdığlı anlayış-konseptlərə, istər mədəni irsin qorunması istiqamətində verdiyi tövsiyələrə, istər bu sahədəki idarəçilik texnologiyalarının uğur düsturlarını statistik dəqiqlikdə təqdiminə görə o dərəcədə dəyərli əsərdir ki, yalnız Türkiyə üçün deyil, bütün türk dünyasında öyrənilməyə, təbliğ və tətbiq olunmağa layiqdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!