Məlum olduğu kimi, bəşər mədəniyyətinin tarixi dünyanı rasional və emosional elementləri bir-birindən ayırmadan, sinkretik bir şəkildə qavramaqla başlayır. Elə bu səbəbdəndir ki, Riqvedanın kosmoqonik himnləri və ya Bibliya, Qurani-Kərim kimi səmavi kitabların hekayələri bu gün həm müasir elmi nəzəriyyələrin ilkin izlərini tanımağa çalışan alimləri, həm də qədim mətnlərin dilini müasir dilə yaxınlaşdırmaq istəyən şairləri cəlb edir.
"Zəka əsri" kimi özünü ifadə edən XVII əsrdə vəziyyət kəskin şəkildə dəyişdi. 1623-cü ildə müasir təbiət elmlərinin banisi Qalileo Qaliley "II Saggiatore" kitabında təbiət elmlərinin inkişaf proqramını əsasən formalaşdırdı: "Təbiət fəlsəfəsi ən böyük kitabda yazılmışdır - mən hər zaman gözümüzün önündə olan kainatı nəzərdə tuturam. Amma onu yalnız əvvəlcə dilini öyrənən və onunla yazılmış işarələri dərk edən şəxs anlaya bilər. Bu kitabın dili riyaziyyatdır, işarələri isə üçbucaqlar, dairələr və digər həndəsi fiqurlardır. Onlarsız insan bu kitabdan bircə sözü belə anlaya bilməz; onlarsız - zülmət labirintdə boş-boşuna dolaşmaqdır".
1687-ci ildə Nyuton özünün "Təbii fəlsəfənin riyazi başlanğıcları" əsərində yer və səma mexanikasının qanunlarını riyaziyyat dilinə tam şəkildə çevirdi. Təbiət elmləri riyaziyyat dilində danışmağa başladı və təbiət elmləri ilə humanitar elmlərin yolları ayrıldı. Hələlik elm yalnız tənhalıqda çalışan fədailərin sahəsi olduğu üçün bu tədqiqatçıların sənətə xidmət edən digər tənha insanlarla münasibətlərinə çox az diqqət yetirilirdi.
Elm və incəsənət arasındakı uçuruma ilk dəfə ictimai diqqəti cəlb edən şəxs Çarlz Snou oldu. Kembric Universitetinin məzunu, fizik, Rezefordun məşhur Kavendiş laboratoriyasının əməkdaşı və daha sonra "Çarələr və qardaşlar" adlı on bir cildlik epopeyanın müəllifi kimi məşhur yazıçı Snou həm elmi, həm də incəsənət mühitini yaxından tanıyırdı. 1959-cu ilin may ayında Snou Kembric Universitetində "İki mədəniyyət və elmi inqilab" adlı ictimai mühazirə ilə çıxış etdi və bu mühazirə qısa müddət sonra ayrıca bir kitabça şəklində nəşr olundu.
Snounun mühazirəsi sensasiya yaratdı və həm elmi, həm də incəsənət ictimaiyyətini təəccübləndirdi. Snounun əsas ideyası ondan ibarət idi ki, XX əsrin elmi inqilabı ilə sürətlənmiş elmi və incəsənət mühitlərinin ayrılması ümumi mədəniyyət səviyyəsinə çatıb və "iki mədəniyyət" - elmi və incəsənət mədəniyyəti arasında mövcud olan bir uçurumdan danışmağa imkan verir. Snounun fikrincə, bədii dəyərləri nəzərə almayan elmi-texniki mühit emosional aclıq və antihumanizm təhlükəsi ilə üzləşir. Eyni zamanda müasir elmi nailiyyətləri qəbul edə bilməyən ənənəvi mədəniyyət anti-elmi bir yola sürüklənir ... bir qütbdə ədəbi intellektual elitadır, digər qütbdə isə alimlər və bu qrupun ən parlaq nümayəndələri arasında fiziklər dayanır. Onları anlaşılmazlıq divarı ayırır və bəzən - xüsusilə, gənclər arasında, hətta antipatiya və düşmənçilik mövcuddur.
Amma əsas məsələ, əlbəttə, anlaşılmazlıqdır. Hər iki qrupun bir-biri haqqında qəribə, təhrif olunmuş təsəvvürü var. Onlar eyni şeylərə o qədər fərqli yanaşırlar ki, hətta emosiyalar səviyyəsində də ümumi dil tapa bilmirlər...
XXI əsrin müasir elmi və fəlsəfi düşüncəsində Lütfi Zadə tərəfindən əsası qoyulmuş qeyri-səlis məntiq anlayışı klassik Aristotel məntiqinin sərt sərhədlərini aşaraq düşüncə proseslərində qeyri-müəyyənlik, nisbi dəyərlər və situativ qərarların əhəmiyyətini təsbit etmişdir. Qeyri-səlis məntiq (fuzzy logic) qeyri-müəyyən və ya təyin olunmamış məna bölgələrini araşdırır, yəni "tamamilə doğru" və "tamamilə yalan" arasında mövcud olan halları nəzərə alır. Bu məntiq sistemi, həmçinin ənənəvi "doğru-yanlış" anlayışına meydan oxuyaraq "nisbilik" və "müxtəliflik" prinsiplərini vurğulayır, xüsusilə, sosial problemlərin həlli və qərar qəbuletmə zamanı çoxşaxəli yanaşma tələb edən vəziyyətlərdə önəm qazanır. Bu baxımdan Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi, hər şeyin dərəcələrlə mövcud olması ideyasına əsaslanır. Bu nəzəriyyəyə görə yalnız Tanrı mütləqdir, qalan hər şey isə nisbidir və dərəcəsi var. Məsələn, yaxşılıq və pislik, doğru və yanlış, güc və zəiflik - hər biri yalnız müəyyən bir dərəcədə mövcuddur.
Yalnız müxtəlif elm sahələrinin birləşməsi deyil, həm də müxtəlif yanaşma və düşüncə tərzinin harmoniyası olaraq iki fərqli elm sahəsinin görkəmli nümayəndələri dilçi-ədəbiyyatşünas Kamal Abdullanın və riyaziyyatçı Rafiq Əliyevin birgə yazdıqları "Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq" və onun davamı - "Qeyri-səlis məntiq və dil-nitq" adlı əsərləri bu müasir nəzəriyyənin humanitar elmlərə tətbiqinin ilk sistemli nümunələridir.
Təqdim olunmuş əsərlər müxtəlif elm sahələri arasında bir körpü yaratmaq nümunəsi kimi xüsusi əhəmiyyət kəsb edir. İki fərqli elm sahəsinin sinergetik birliyinin mümkün olduğunu göstərən bu əsərlər C.P.Snounun "iki mədəniyyət" konsepsiyasında vurğuladığı ədəbi və elmi intellektuallar arasında mövcud olan anlaşılmazlıq divarını qırmağa yönəlmiş fərqli düşüncə tərzləri və yanaşmalar qarşılıqlı əlaqəyə girərək, yaradıcı həll yolları tapmağa və yeni intellektual sintezlər yaratmağa qadirdir. Kamal Abdulla öz dilçilik və ədəbiyyatşünaslıq biliklərini ortaya qoyaraq "Kitabi-Dədə Qorqud"un zəngin mədəniyyətini və mənəvi dərinliyini açır, Rafiq Əliyev isə qeyri-səlis məntiqin riyazi metodlarını tətbiq edərək dilin və nitqin təhlilinə yeni yanaşma təqdim edir.
"Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq" əsərində müəlliflər qeyri-səlis məntiqin elementlərini və onun məntiqi prinsiplərini tətbiq edərək, "Şübhə daimisi", "Üçüncünün axtarışı", epistemoloji dərketmə və dastandakı demokratik düşüncə tərzi ilə bağlı məsələlərin həllini təqdim ediblər. Müəlliflərin qənaətinə görə, "Dədə Qorqud" dastanında klassik məntiqin çərçivələrinə sığmayan qeyri-səlis düşüncə tərzinin elementləri vardır, dastanın dili təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın kollektiv yaddaşının və dünyagörüşünün kodlarını daşıyan sistemdir.
Müəlliflər dastandakı ziddiyyətlərin, qütblərin və dialektik dinamikanın qeyri-səlis məntiq prinsiplərinə uyğun olduğunu vurğulayırlar. Onların fikrincə, yaxşı ilə pisin, müsbət ilə mənfinin sərhədlərinin qeyri-müəyyən olduğu situasiyalar dastanda özünü tez-tez göstərir. Bu, qeyri-səlis məntiqdəki "nisbi həqiqət" anlayışına uyğun gəlir.
Məsələn, Dəli Domrulun hekayəsi məhz belə qeyri-səlis məqamlarla zəngindir. Əzrayılın Dəli Domrula təqdim etdiyi seçimdə yalnız iki ünvan göstərilir: ata və ana. Bu seçim klassik məntiq baxımından sərt bir alternativdir. Ancaq hadisələrin gedişatı göstərir ki, Dəli Domrulun həyat yoldaşı üçüncü, gözlənilməz bir seçimi ortaya çıxarır. Bu vəziyyət K.Abdulla və R.Əliyev tərəfindən "üçüncünün istisnasının istisnası" kimi şərh edilir. Burada qərarların nisbi xarakteri, gözlənilməz ehtimalların mümkünlüyü və situativ davranışların təsiri ön plana çıxır.
Dəli Domrulun öz ata-anasından can əvəzinə can istəməsi də qeyri-səlis məntiqin başqa bir təzahürüdür. Klassik Oğuz epik ənənələrində ata və ana müqəddəs dəyərlər daşıyıcısıdır və onlar öz övladlarına dərin məhəbbət, şəfqət və fədakarlıqla yanaşırlar. "Dədə Qorqud" boylarında ana idealizə olunmuş bir simadır. Övladın uğur qazanmasında ananın duaları mühüm rol oynayır. Ana övladını ailə dəyərlərinə uyğun böyüdür və ona sosial normaları aşılamaqda ana əsas vasitəçidir. "Ana haqqı Tanrı haqqıdır" ifadəsi də ananın Oğuz mədəniyyətində necə bir statusa malik olduğunu göstərir. Lakin Dəli Domrul bu ənənəni pozaraq valideynlərindən öz canları hesabına onu xilas etmələrini xahiş edir. Bu xahiş dastan personajının həm bəşəri, həm də fərdi maraqlarını ön plana çəkir və bahadırlıq ənənələrinin nisbiliyə məruz qala bilməsi faktı özünü büruzə verir.
Hegel dialektikasında hər bir əkslik öz vəhdəti ilə birlikdə mövcuddur. "Dədə Qorqud" dastanında da Dəli Domrulun xarakterindəki bu iki qarşı tərəf - müsbət bahadırlıq xüsusiyyətləri və dəlilik - bir-birini tamamlayır.
Qeyri-səlis məntiq vasitəsilə dastanda dərin demokratik düşüncə tərzinin rüşeymlərinin ortaya çıxarılması "Dədə Qorqud" dastanını yalnız folklor və tarixin məhsulu kimi deyil, həm də müasir insanın intellektual problemlərinə işıq salan universal bir əsər kimi də dəyərləndirməyə imkan verir.
Müəlliflərin "Qeyri-səlis məntiq və dil-nitq" əsərində isə dilin dinamik və dəyişkən təbiəti qeyri-səlis məntiq müstəvisində sistemli araşdırmaya cəlb edilir. İnsanların ünsiyyətində dilin qeyri-müəyyən formaları, çoxmənalı sözlər və mədəni kontekstlər və s. kimi amillər qeyri-səlislik üçün heç də az material vermir. Kitabda haqlı olaraq qeyd edilir ki, sözün mənasının ön plana keçməsi və ya aktivləşməsi məhz konstituasiya (kontekst + situasiya) vasitəsilə baş verir. Bu, müəmmalı sözlərin mənalarının situasiya və kontekstə görə dəyişməsini və fərqli mənaları ön plana çıxarmasını təmin edir. Kontekst, sözün çevrəsindəki dil mühitini, situasiya isə onun istifadəsinin sosial, emosional və mədəni şərtlərini əhatə edir. Bu baxımdan qeyd etmək olar ki, "Kitabi-Dədə Qorqud" dastanında çoxsaylı söz və ifadələr məhz bu iki elementin vəhdətində mənalandırılır. Məsələn:
"Dədə Qorqud" adı, müəyyən bir məqamda fiziki bir şəxsi təmsil etsə də, başqa bir məqamda hikmət və müdrikliyin ümumi simvoluna çevrilir.
"Kitabi-Dədə Qorqud" dastanında əsərin təhkiyəsində konstituasiyanın oynadığı rol xüsusi əhəmiyyət daşıyır. Bu məqamları daha dərindən araşdıraraq, təhkiyənin ümumi strukturuna və mənalandırma mexanizmlərinə necə təsir etdiyini nəzərdən keçirmək olar.
Qeyri-səlis məntiq dastanın təhkiyəsində sərt kateqoriyaları aradan qaldıraraq çoxmənalılıq, emosional dəyişkənlik və qərar qəbuletmə kimi elementləri ön plana çıxarır. Dastanın hər bir epizodunda təhkiyənin istiqaməti, istifadə olunan sözlərin mənası və simvolizmin səviyyəsi konstituasiyadan, yəni mətnin kontekst və situasiyasından asılı olaraq dəyişir. Müəyyən ifadələr, situasiyanın yaratdığı şəraitdə müxtəlif mənalar qazanır: Məsələn, "at, oğul, ər" kimi sözlər bir ailə modelini ifadə etməklə yanaşı, sosial strukturlar və mənəvi əlaqələr barədə dərin məna qatlarını da əhatə edir. Yaxud da "dəmir qapılar" ifadəsi sadəcə, fiziki maneəni deyil, həm də qəhrəmanların daxili sınaqlarını və mənəvi keçidlərini simvollaşdırır.
Qeyri-səlis məntiq dastan qəhrəmanlarının qərar qəbuletmə proseslərini və bu qərarların təsirlərini təhlil etmək üçün geniş imkanlar yaradır. Məsələn, Baybörə oğlu Bamsı Beyrəyin nitqləri və hərəkətləri bir çox hallarda qeyri-müəyyənliklər və qarşıdurmalarla doludur. Bamsı Beyrək öz doğma yurdundan uzaq düşərək, düşmənləri tərəfindən hiylə ilə əsir alınır. Bir tərəfdən, qəhrəmanlıq kodeksinə görə əsarətdən qurtulmaq və şərəfini qorumaq üçün hərəkət etməlidir. Digər tərəfdən, əsarət şəraitində açıq bir çıxış yolu yoxdur və bu, onun qərarlarını qeyri-müəyyən edir. Onun təhkiyə içində verdiyi qərarlar, təhkiyəçinin yaratdığı konstituasiyadan asılı olaraq müxtəlif cür şərh edilə bilər. Beyrək situasiyanı dəyərləndirərək, yalnız doğru zamanı gözləməklə həlledici addım atır. O, açıq güc tətbiq etmək əvəzinə, vəziyyəti müşahidə edir, bu da onun qeyri-səlis qərar qəbul etdiyini göstərir. Beyrək həm fiziki azadlığını, həm də mənəvi şərəfini qorumağa çalışır. Burada təhkiyəçi həm vəziyyətin çıxılmazlığını, həm də ümidsizliyə boyun əyməyən bir iradəni əks etdirir. Təhkiyəçi bu situasiyanı təqdim edərkən konteksti elə qurur ki, oxucu Beyrəyin həm emosional durumunu, həm də məntiqi təfəkkürünü dərk edir.
Təhkiyəçi ozanın nitqi yalnız hadisələri danışmaqla kifayətlənmir, həm də simvolik və mənəvi mesajlarla zənginləşdirir. Nitqin qeyri-səlis strukturu oxucuda mətnə fərqli rakurslardan yanaşmaq imkanı yaradır. Təhkiyəçi oxucunu müəyyən mənalara yönəltmək əvəzinə, onları müxtəlif seçimlər arasında qərar verməyə dəvət edir. Məsələn, "qılıncın kəskinliyi" həm fiziki gücü, həm də ədaləti təmsil edir. Bu baxımdan dastanın təhkiyəsində qeyri-səlis məntiqin istifadəsi oxucu və dinləyiciyə azad interpretasiya imkanları verir. Bu yanaşma dastanın çoxşaxəli semantik qatlarını üzə çıxarır. Qəhrəmanlıqla bağlı təhkiyə situasiyanın yaratdığı emosional və mədəni şərtlərə görə müxtəlif cür dəyərləndirilir. Məsələn, Banuçiçəyin qəhrəmanlığı yalnız cəsarət deyil, həm də qadın azadlığının simvolu kimi şərh edilə bilər.
Qeyri-səlis məntiq bu prosesdə sözlərin sərt müəyyənliklərə malik olmadığını ortaya qoyur. Sözlər konstituasiya daxilində müxtəlif ehtimallarla fərqli mənalar aktivləşdirir. Bu xüsusiyyət "Dədə Qorqud" dastanında nitqin dinamikasını və çoxqatlı mənalarını izah etmək üçün çox önəmlidir. Məsələn, Bamsı Beyrəyin danışığında "düşmən" anlayışı həm fiziki təhdidi, həm də mənəvi sınaqları ifadə edir. Sözün hansı mənasının üstünlük təşkil etməsi, onun istifadə edildiyi kontekstdən və qəhrəmanın düşdüyü vəziyyətdən asılıdır.
Nitq fəaliyyəti zamanı insanlar konstituasiyanın yaratdığı şərtlərə uyğun olaraq sözləri seçir və mənaları strukturlaşdırır. "Dədə Qorqud" dastanındakı dialoqlar və monoloqlar bu cəhətdən diqqətçəkəndir. Qəhrəmanların nitqində istifadə edilən müəmmalı sözlər onların emosional vəziyyətini, sosial münasibətlərini və dünyagörüşünü aydınlaşdırır.
Bu baxımdan qeyd etmək olar ki, konstituasiya, dilin qeyri-səlis xüsusiyyətlərini və nitq fəaliyyətinin dinamikasını daha dəqiq anlamağa imkan verir. Beləliklə, müəmmalı sözlərin məna spektri və onların aktual mənalarının ortaya çıxması yalnız dilin strukturuna deyil, həm də mədəni və sosial şərtlərə bağlıdır.
K.Abdulla və R.Əliyevin qənaətinə görə, "Qeyri-səlis məntiqin başqa elmlərə tətbiqi bir daha onu göstərir ki, bu elmlərin alt qatında bizim görə bilmədiyimiz mətləblər gizlənmişdir. Onların yeni-yeni nüanslarının üzə çıxarılması həm o elmlərin hər birinin dərinlik səviyyəsinin artmasını, həm də bu elm sahələrinin bir-biri ilə qeyri-səlislik baxımından gözlənilməz əlaqə xətlərinin mövcudluğunu şərtləndirir".
Yarım əsr əvvəl Y.M.Lotman deyirdi: "Yeni tip ədəbiyyatşünas - bu, öz tədqiqatında geniş və müstəqil şəkildə əldə olunmuş empirik materialları dəqiq elmlərin inkişaf etdirdiyi deduktiv təfəkkür bacarıqları ilə birləşdirməyi bacaran tədqiqatçıdır. O, dilçi olmalıdır (çünki hazırda dilçilik humanitar elmlər arasında "irəli çıxaraq" çox vaxt ümumelmi xarakterli metodların hazırlandığı sahədir), digər modelləşdirici sistemlər ilə işləmə bacarığına malik olmalı, psixologiya elminin nailiyyətlərini bilməli, elmi metodunu davamlı olaraq təkmilləşdirməli və semiotika və kibernetika kimi ümumi problemlər üzərində düşünməlidir. O, özünü riyaziyyatçılarla əməkdaşlığa öyrətməli və idealda ədəbiyyatşünas, dilçi və riyaziyyatçını özündə birləşdirməlidir."
Humanitar elmlərin nümayəndələri hələ də öz böyük həmkarlarının bu tövsiyələrini həyata keçirmək üzrədirlər.
Mahiyyət etibarilə "Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq" və "Qeyri-səlis məntiq və dil-nitq" kitabları qədim ədəbiyyatın müasir elm və fəlsəfə ilə dialoqunun nümunəsidir. Bu baxımdan qeyd etmək olar ki, milli-mədəni irs yalnız keçmişin deyil, həm də gələcəyin intellektual problemlərinin həllində iştirak edə bilər. Kamal Abdulla və Rafiq Əliyev bu əsərləri ilə bir daha sübut edirlər ki, Azərbaycan mədəniyyəti dünya elminə və fəlsəfəsinə dəyərli töhfələr verə bilər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!