Dilqəm ƏHMƏD
"Atlas bayraqları hazırladıqdan sonra istədiyiniz qədər yollayacağam"
Ötən əsrin 80-ci illəri Azərbaycan xalqının taleyində qırılma nöqtəsi idi. Bir tərəfdən, Qərbi Azərbaycandan köçürülən üç yüz min soydaşımızın taleyi, digər tərəfdən, ermənilərin Qarabağdakı separatizmi Cənubi Qafqazda müharibə ocağının yaranacağını şərtləndirirdi. Həmin dövrdə Meydan hərəkatında iştirak edən Azərbaycan ziyalıları ilə mühacirətdə, xüsusilə, Türkiyədə fəaliyyət göstərən həmyerlilərimiz arasında rabitələr yaranmışdı. Ötən yazılarımızda da bəhs etdiyimiz kimi, hələ 70-ci illərdən etibarən bu fəaliyyətin içərisində olan mərhum diplomatımız Ramiz Abutalıbov bu işdə ən fəal şəxsiyyətlərimizdən biri idi, Qərbi Avropa ilə yanaşı, Türkiyədəki azərbaycanlı mühacirlərlə də sıx əlaqələri vardı. Türkiyədə isə əsasını 1927-ci ildə M.Ə.Rəsulzadənin qoyduğu Azərbaycan Milli Mərkəzi bu işdə ən aktiv təşəkküllərdən idi və Bakı ilə dərin bağları mövcuddu. Həmin dövrdə mərkəzin sədri II Dünya müharibəsindən sonra Türkiyəyə mühacirət etmiş Dr.Məhəmməd Kəngərli idi.
Məhəmməd Kəngərli (Quliyev) 1914-cü il avqust ayının 10-da Şuşada doğulub. 1928-ci ildə dayısı Hüseyn bəyin təşviqi ilə "Gənc Azər" təşkilatına qoşulub. Türkiyə arxivlərindəki məlumatlara görə, 15 iyul 1938-ci ildə Bakıdakı Tibb İnstitutunu bitirib, ardınca Sovet ordusuna yüzbaşı rütbəsi ilə hərbi həkim kimi daxil olub.
1939-cu ilin noyabr ayında başlayan SSRİ-Finlandiya müharibəsinə görə cəbhəyə göndərilib. 1940-cı il fevralın 19-da Kotka şəhəri ətrafında finlərə əsir düşüb. Həmin ilin mart ayında qarşılıqlı şəkildə əsirlərin dəyişdirilməsi nəticəsində SSRİ-yə təhvil verilib. SSRİ-nin Baltik ölkələrinə qarşı başlatdığı səfər zamanı Kəngərli 1940-cı ilin avqust ayının ilk həftəsində Tartu şəhərinə, ardınca Viljandiyə, Purnuya, sentyabr ayında isə Latviyanın Siqulda qəsəbəsinə göndərilib. Daha sonra Belarusun Qomel şəhərinə təyin edilib, lakin burada yerli xalqla təmasda olduğu üçün bölgədən uzaqlaşdırılıb. 1941-ci ildə Almaniya-SSRİ müharibəsi başladıqdan sonra Kəngərli avqust ayında İrana, daha sonra Krım cəbhəsinə göndərilib. 1942-ci ilin fevral ayında Feodosya yaxınlığındakı bir kənddə Stalinin Krıma fövqəladə səlahiyyətlə göndərdiyi şəxsin 15 krımlı mücahidi hər kəsin gözü önündə qətlə yetirməsi Məhəmməd bəyə ağır təsir edib, onda qarşı tərəfə keçmək arzusu yaranıb. Məhz bu zaman şiddətli alman hücumu nəticəsində Məhəmməd bəy Krımda almanlara əsir düşüb. 1942-ci ilin iyununda Kəngərli Berlin yaxınlığındakı Vustrauya aparılıb, burada müalicə olunub. Həmin dövrdə Almaniyada olan Məhəmməd Əmin Rəsulzadə onu çətinliklə xilas edib. O, 6-9 noyabr 1943-cü ildə Əbdürrəhman Fətəlibəylinin liderliyində baş tutan Milli Azərbaycan Qurultayında müşahidəçi qismində iştirak edib. Müharibə illərində Kəngərli Ukrayna şəhərlərində almanlar tərəfindən qurulan səhra xəstəxanalarında çalışıb, daha sonra Rumıniyanın Konstansa şəhərinə göndərilib. 1944-cü ildə Rumıniya kralının əleyhinə başlayan üsyandan sonra Kəngərli Macarıstana gedib, Balkardi bölgəsindəki bir hava hücumunda yaralanıb. Avstriyanın Qraz kəndində müalicə aldıqdan sonra may ayının ilk həftəsində Amerika ordusunun əlinə keçib. 1945-ci ilin avqust ayında Fulda şəhərində yaşaması şərti ilə azad edilib. Müharibə dövründə Almaniyada yaşayan Kəngərli sülhdən sonra müsəlman və türk əsirlərin xilası ilə bağlı fəaliyyət göstərib. O, Rəsulzadənin göstərişi ilə 1946-cı ildə yaradılan Azərbaycan Demokrat Birliyinin rəhbəri olub. 1947-ci ilin qışında Almaniyanın Mittenvald düşərgəsindəki 101 azərbaycanlının almanlar tərəfindən məcburi şəkildə Melrixştadtda SSRİ-yə təhvil verilməsinin qarşısını Kəngərli alıb. Amerika hərbçiləri ilə danışıqlar aparan Kəngərli onların Amerika işğal bölgəsində qalmasını təmin edib. Bu hadisə alman mətbuatında "101-lər edamdan döndü" başlığı ilə verilib. Məhəmməd bəy 1952-ci ildə Türkiyəyə gəlib, Ankarada Azərbaycan Milli Mərkəzində və Azərbaycan Kültür Dərnəyində çalışıb. 1966-cı ildə dərnəyin sədri seçilib.
1952-1979-cu illərdə Türkiyənin Səhiyyə və Sosial Yardım Nazirliyinin müxtəlif xəstəxanalarında baş həkim, səhiyyə müdiri, Qızılay Baş müdir müavini, Türkiyənin Bonndakı səfirliyində müşavir vəzifələrində çalışıb. 1963-cü ildə Kipr hadisələrində Lefortaya gedib, orada Qızılay xəstəxanasını qurub. Sonradan Türkiyədə Anıtlar Dərnəyinin sədri olaraq fəaliyyət göstərib. M.Kəngərli 17 avqust 2006-cı ildə tətildə olduğu Marmarisdə ard-arda keçirdiyi iki infarkt nəticəsində vəfat edib, 22 avqustda Ankarada Karşıyaka məzarlığında dəfn olunub.
Ramiz Abutalıbova məktublar
Görkəmli diplomat Ramiz Abutalıbov bir çox mühacir kimi, Məhəmməd Kəngərli ilə də məktublaşıb, ölkəmizin ən ağır günlərində fəaliyyətlərini əlaqələndirə biliblər. AR Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunan Ramiz Abutalıbova aid fondda M. Kəngərlinin ona göndərdiyi üç məktub mövcuddur. 1989-cu ilin son üç ayında göndərilən bu məktublarda soydaşlarımızın Qərbi Azərbaycandan köçürülmələri, Qarabağ hadisələri və digər milli maraqlarla bağlı məsələlər müzakirə edilib. Tariximiz üçün əhəmiyyətli olduğuna görə həmin məktublardakı maraqlı məqamları təqdim edirik:
Birinci məktubdan:
09.10.1989
"Hörmətli Ramiz bəy,
15.9.1989 tarixli məktubunuzu və göndərmək lütfündə bulunduğunuz "Histoire du Daglig Garabagh" adlı kitabı aldım. Diqqətinizə görə çox təşəkkür edirəm. Sizə gec cavab yazdığım üçün məni bağışlayın. Çünki sizin məktubunuzu aldığım gün Türkiyə xaricinə çıxmaq məcburiyyətində idim, ona görə də gec qaldım. Dünya İslam Birliyi ümumkatibi ilə Ermənistandan Azərbaycana zorla köç etdirilən azərbaycanlılara yardım etmələri üçün Ammanda görüşə getmişdim. Yeni qayıtdım, dünən də Ankarada "Dış türklər simpoziumunda" "Dağlıq Qarabağ hadisələri və sovetlərin mövqeyi" başlıqlı bir məruzəm vardı. Çox gözəl bir toplantı oldu... Hörmətli professor Əzizə Cəfərzadənin "Dünya analarına müraciəti"ni aldım, təxmin edirəm ki, siz göndəribsiniz. Çünki ünvan yox idi, onu dərhal bütün mətbuat və radiolara verdik və Ankaradakı "Dış türklər simpoziumunda" da rəyasət divanınca həmən təbliğ edildi..."
İkinci məktubdan:
06.11.1989
"Hörmətli Ramiz bəy,
Göndərmək lütfündə bulunduğunuz məktubu və üç paket içərisindəki material və qəzetləri aldım. Mənim arxivimdə olmayan bəlgələr mövcuddu. Diqqətinizə görə təşəkkür edirəm. Şərqə etdiyim səyahət yaxşı keçdi, fəqət, təəssüf ki, dəqiq bir nəticəyə vara bilmədik. Bilindiyi kimi, bizim ərəb "qardaşlarımız" bu məsələlərə çox biganədirlər. Daha öncə də ricamız üzərinə İslam Birliyi ümumkatibi hörmətli Abdullah Ömər Nasıf ilə Faisal bankının rəisi hörmətli Seyyid Saleh Özcan Azərbaycana getmiş, oradakı qaçqınların vəziyyətini görmüş, şeyxülislam hörmətli Allahşükür Paşazadə və digər önəmli kişilərlə görüşlər keçirərək qayıtmışdılar. Köməyə qərar vermişlər, amma hələ ki tətbiq edilmədi. Gözləyirik... Ziyalılarımız, tələbələrimiz və Xalq Cəbhəsi Azərbaycan Dövlət Universitetinə Azərbaycan milli istiqlal hərəkatının lideri, filosof və böyük mütəfəkkir, Müsavat partiyasının rəisi mərhum M.Ə.Rəsulzadənin adının verilməsinə çalışırlarmış. İnşallah, gerçəkləşər. Zira o böyük insan bütün həyatını Azərbaycan türkünün səadət və rifahına, Azərbaycanın da milli müstəqil bir dövlət olmasına həsr etmişdir. Şübhəsiz ki, bu, onun təbii haqqıdır... Mən çox əndişəliyəm, çünki Azərbaycanda çox cəmiyyətlər qurulmağa başlandı, bu bizim mücadilə və hədəfimizə zərər vura bilər, güclərimiz, qüvvətlərimiz və xalqımız parçalana bilər! Bu gün tək vücud olaraq birləşməyimiz lazımdır, bu kimi siyasi və sosial cəmiyyətlərin qurulmasının zamanı deyildir, daha erkəndir, inşallah, hədəfə çatdıqdan sonra demokratik azad iradənin təzahürü olaraq zatən bunlar özlüyündən ortaya çıxacaqdır... Milli bayrağımızı simvolizə edən 20 ədəd rozet göndərdim, oradakı dostlara verərsiniz".
Bu məktubunda Kəngərli vaxtilə Kerenskinin rəhbərliyində qurulan Rusiya Xalqlarını Qurtarma Şurasının yenidən aktiv fəaliyyətə keçdiyini, Kanadada gizli toplantı təşkil etdiyini, dağılmaqda olan SSRİ-nin mövcud sərhədlərində rus dövlətinin qurulmasını istədiklərini ifadə edib. Bunun isə Azərbaycana qarşı təhlükə olduğunu bildirib.
Üçüncü məktubdan:
24.12.1989
"Əzizim, Ramiz bəy.
12.11.1989 tarixli məktubunuzu, ondan əvvəl göndərdiyiniz paketləri aldım. Diqqətinizə görə çox təşəkkür edirəm. Ölkəmizin sizin kimi vətənpərvərlərə və şüurlu azərbaycanlılara bu gün çox ehtiyacı vardır. Ulu Tanrı Sizin kimilərin sayını Vətənimizdə çoxaltsın. Zira bizim 70 ildən bu yana mücadiləsini apardığımız milli istiqlal və qurtuluş hərəkatının istiqbaldakı sahibləri sizlərsiniz. Yurt dışında bizlər artıq son nəsillərik.
Azərbaycana xitabən etdiyim çağırışı oxuduğunuz zaman qəhərləndiyinizi yazırsınız. Onu "Azadlıq Radiosu"nda danışarkən mən də qəhərlənmişdim. Niyə bu çağırışı öz vətənimdə və qardaşlarımın arasında deyil, Azərbaycandan minlərlə kilometr uzaqdan edirəm, deyə çox üzülmüşdüm. Millətimizdə mövcud olan milli ruhun şahə qalxması milli himnimizin - marşımızın əbədiyyən söylənəcəyinə dəlalət edər...
Müsəlman ərəb qardaşlarımızdan müsbət bir cavab gözləmək əbəsdir. Professor İren Melikova həmvətənlimizdir, ondan çox şeylər gözləyirdim. Amma nədənsə bu erməni hadisələrində səsini pək duymadım. Hər yönü ilə təqdir etdiyim bir elm adamıdır. Ermənilərə elmi yollardan cavab verə bilərdi. Fəqət arzu etdiyimiz kimi bir Azərbaycan lobbisinin yaradılmasına çalışdıqlarını eşitdim deyə bilmərəm. Buna üzülürəm. Çünki ermənilərin ən qüvvətli lobbiləri bildiyimiz qədərilə Fransadadır.
Xaricdəki Azərbaycan cəmiyyətlərinin siyahılarını və adreslərini aldım. Çox təşəkkür edirəm, məndə də vardır. Xaricdə 35 cəmiyyətimiz var. Türkiyədəkilərlə birgə 38-dir. Onlara Milli Mərkəzdən bir məktub yazaram. Siz haqlısınız. Bəlkə də, onları yönləndirə bilərik, çünki çox dağınıqdırlar və nə etmək istədikləri də, təəssüf ki bəlli deyil... Əlimizdəki mövcud rozet və milli bayraqları Azərbaycana göndərdim. Fəqət bir neçə ədəd qumaş üzərinə yapılmış masa bayrağı vardır. Atlas bayraqdan mövcudu qalmadığı üçün sizə əlimizdəki mövcudlardan göndərirəm. Atlas bayraqları hazırladıqdan sonra istədiyiniz qədər yollayacağam..."
Göründüyü kimi, bu məktublar dövrün hadisələrini anlamaq, şəxslərin və təşəkküllərin fəaliyyətlərini öyrənmək baxımından olduqca əhəmiyyətlidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!