Topqapı sarayına hər gələndə ilk görmək istədiyim qiymətli əşya Nadir şahın taxtıdır. Nadir şahın 1739-cu ildə Hindistan yürüşü zamanı Babürlərin xəzinəsindən alaraq Kabilə apardığı və daha sonra Osmanlı Sultanı I Mahmuda hədiyyə olaraq İstanbula göndərdiyi "Tahtı-Tavus" kimi də tanınan taxt saraydakı ən nadir əsərlərdən biridir. Həmin taxt uzun illər ictimaiyyətə Şah İsmayılın taxtı kimi tanınırdı. Hər dəfə taxtı görəndə, ağlıma həm Babürlərin, həm də Nadir şahın şərəfli dövrləri haqqında məlumatlar gəlir. Osmanlı qaynaqlarında "Dövlət-i Nadiriyyə" kimi yazılan Əfşar İmperatorluğunun qurucusu Nadir şah xarici tarixçilər tərəfindən İkinci İskəndər və ya Şərqin Napoleonu kimi xatırlanır. Doğrudan da, sıfırdan dövlət qurmaq və bu dövləti 17-18 il ərzində imperiyaya çevirərək, Hindistandan Omana qədər genişləndirmək çox az hökmdarın qisməti olub.
Xüsusən də, xarici mənbələrdə rastlaşdığım zaman Nadir şah haqqında məlumat toplayırdım. Bir alman mənbəsi yazırdı ki, Nadir şah öldürüldükdən sonra onun oğlu və ya nəvələrindən biri Avropaya qaçaraq Habsburq imperatriçası Mariya Teresaya sığınmış və daha sonra vəftiz olunaraq Semlin baronu kimi Avstriya ordusunda xidmət etmişdir. Bu məlumat mənə mif kimi göründü. Amma son vaxtlar ustad yazıçı Eyvaz Zeynalovun "Nadir şah" romanını oxuyandan sonra bu məlumatı təsdiqləmək üçün daha çox araşdırmalara başladım.
Göründüyü kimi, yazıçı Eyvaz Zeynalov da romanını yazmazdan əvvəl müxtəlif mənbələrə müraciət etmiş və romanın Nadir şahın əsl tərcümeyi-halına əsaslanmasında böyük xidmətləri olmuşdur. O, romanın lap əvvəlində Nadir şahın Avstriyadakı nəsli haqqında çox ətraflı məlumat verərək oxucunu təəccübləndirir:
"Baron İohann Cozef fon Semlin (Əli Mirzə xan) 13 fevral 1824-cu ildə, təxminən, 90 yaşında Vyana yaxınlığındakı Modlinq şəhərciyində, Grosse Pfargasse kucəsindəki 19 nomrəli evdə dunyasını dəyişir. Öz malikanəsindəki bağında dəfn edilir. "Viener Zeitung" qəzetinin 18 fevral 1824-cü il tarixli sayında, 3-cu səhifədə nekroloq verilir. Rəsmi sənədlərə Əli Mirzə xan adı ilə imza atsa da, başdaşında İsfahanlı Baron fon Semlin yazılır." ("Nadir şah", s. 6)
Yazıçı, təfərrüatlı və səlis dili ilə roman oxucunu 1688-ci ildə Vyananın Pffarqasse məhəlləsindən Xorasandakı Dergez səhrasına aparır. Yayı Allahuəkbər dağlarının Kebgen yaylasında keçirən Əfşar tayfası vətənə qayıdarkən İmamqulunun arvadı Həcər "iki canlı"dır. Onun "iki canlı" olması o qədər poetik dillə təsvir olunur ki, oxuyarkən o cümləni bir neçə dəfə təkrarlamaq istəyir:
"İmamqulunun arvadı Həcər ikicanlı idi. Bugün-sabah doğmalıydı. İlk sancısı tutanda çox qorxdu, səngiyəndə sakitləşdi. Ağrısı artanda, arabanın yan dirəyindən yapışıb yerində birtəhər dikəldi. Sonu görünməyən köçdə, kişilərin arasında baxışları ilə ərini axtardı, gözünə dəymədi" ("Nadir şah", s.7).
Nadir şah Qırxlı tayfasında böyüyərkən, müəllif əlindəki lupa ilə dövrün Səfəvilər dövlətinə, Osmanlı imperiyasına və Rusiyasına uzanır. O, tarixi məlumatlarla oxucunu yormadan siyasi-ictimai mənzərəni məharətlə izah edir:
"I Pyotr bir əlində şərab piyaləsi, o biri əlində erməni İsrail Orinin xəritəsi kabinetinin baş tərəfində divardan asılmış dünya xəritəsinə yanaşdı. Diqqətlə gah ona, gah da əlindəkinə baxdı. Axtardığını tapmayanda geri qanrılıb ermənidən soruşdu" ("Nadir şah", s.24).
Hər fəsildə eyni həyəcanı, dil zənginliyini qoruyub saxlayan müəllif o dövrün insanlarının təbiətini, zövqünü canlı və rəngarəng təsvirlərlə gözlərimizin önünə gətirir:
"Şah Hüseynin bağındakı böyük, fəvvarəli hovuzda xeyli yaşılbaş ördək vardı. Şah cox vaxt istirahətini burda kecirirdi. Arabir ördəklərə ehtiyatla bir ox atır, quşlar havaya qalxır, göydə bir az ucduqdan sonra yenidən suya enir, nazlana-nazlana üzür, hovuzun dibinə baş vurur, orada nəsə tapıb təzədən üzə çıxırdılar" ("Nadir şah", s.42).
Böyük zəhmətin məhsulu kimi meydana çıxan 568 səhifəlik "Nadir şah" romanı XVIII əsri bütün çılpaqlığı ilə gözümüzün qabağında açır. Nadir şahın boya-başa çatdığı bölgələr, xalqları, mədəniyyətləri, düşüncə tərzi, ictimai quruluşu, siyasi dəyişiklikləri məharətlə təsvir edilmişdir.
Nadir şahı dünyaya gətirən şərait romanın axarını pozmadan realist şəkildə araşdırılır və nəql edilir. Nadir şahın Osmanlı dövləti ilə hesablaşması, bu iki müsəlman dövləti arasında sülh səyləri, ən əsası isə, Nadir şahın əsrlər boyu davam edən məzhəb qarşıdurmalarına son qoymaq istəyi kimi real tarixi məlumatlar romanda diqqətdən kənarda qalmır. Çoxyönlü hökmdar olan Nadir şah və onun sıfırdan yuxarıya doğru yürüşü ancaq çox zəhmətkeş və mahir yazıçının səyi nəticəsində bu qədər səlis və canlı yazıla bildi.
Əsərini yüzə yaxın tarixi-ədəbi mənbədən istifadə edərək qələmə alan Eyvaz Zeynalov romanda bu böyük hökmdarın zəif tərəflərini, hətta qəddarlıqlarını, yanlış davranışlarını göstərə bilmişdir. Belə bir mürəkkəb dövr yaşayan, ziddiyyətlərlə dolu ömür sürən Nadir şahı romanda təsvir etmək heç bir yazıçıya mümkün deyil. Bu baxımdan, müəllifi təbrik etmək lazımdır.
Uzun illərdir əsərlərini yaxından izlədiyim Eyvaz Zeynalov son dövrlər Azərbaycan ədəbiyyatının ən çox oxunan və məhsuldar yazıçılarındandır. Onun almanca nəşr olunan əsərlərinə görə Alman Kitab Sərgisində iştirak edərkən göstərdiyi zəhmət və canlılıq indi də gözümün önündədir. Onun dünyaya açılan bir yazıçı kimi uğurları ilə yanaşı, səmimiliyi, dostluğu, bir insan kimi insani həssaslığı çox diqqətəlayiqdir.
Eyvaz Zeynalovun Türkiyədə və Almaniyada nəşr olunan "Bələdçi", "Köhnə velosiped", "Ömrə atılan daş" romanları, "Qonşunun qonağı", "Borc dəftəri" kimi hekayələri, oxucular tərəfindən heyranlıqla qarşılandı.
Ümid edirəm ki, onun son əsəri olan "Nadir şah" da öz layiqli qiymətini tapacaq və xarici dillərə tərcümə olunmaqla Azərbaycan ədəbiyyatına mühüm töhfə verəcək.
Bu ay yetmiş beş yaşı tamam olacaq ustad yazıçımıza, köhnə dostumuza cansağlığı, uğurlar arzulayıram.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!