Elnarə QARAGÖZOVA
XVI əsr Qərb ədəbiyyatının istiqamətlərindən biri olan manyerizm təbiət və insan, daxili və zahiri, maddi və mənəvi arasındakı harmoniyanın itirilməsi ilə və birləşə bilməsi qeyri-mümkün olanların birləşdirilməsi ilə xarakterizə olunur. Postmodernist poeziya ilə bağlı maraqlı faktlardan biri, Rus ədəbiyyatının postmodernist fenomeni də, "Cəngavər manyerizm ordeni" də adlandırılan poetik məclisi öz postmodernist fəaliyyətini manyerizm adlandırır. Bu orden XX əsrin 80-ci illərində meydana çıxaraq günümüzə qədər fəaliyyət göstərməkdədir.
Rus ədəbiyyatının postmodernist
fenomeni adlandırılan
"Cəngavər manyerizm ordeni"
P.A.Kovalyovun fikrincə, "bu qızğın fəaliyyətin müvəffəqiyyətinin sirri müasir manyeristlərin öz oxucularına Rusiyada çoxdan unudulmuş təmiz incəsənət estetikasına əsaslanan ədəbiyyatın parodik versiyasını "ədəbiyyatı anlama"nın postmodernist tendensiyaları kontekstində təqdim etmələri ilə bağlıdır". XVI-XVII əsrə aid olan bir cərəyanla - manyerizmlə postmodernizmin nə əlaqəsi ola bilər? Maraqlıdır ki, Umberto Eko da manyerizmlə postmodernizmi paralelləşdirir: "Ümumən mənim fikrim budur ki, postmodernizm - heç bir ayrıca, müəyyən zaman kəsiyinə aid edilə bilməyən bir təmayüldür. Bu, necə deyim, daha çox mənəvi-ruhi bir kateqoriyadır, daha doğrusu, sənətə cəhdetmə, onun yolunda özünü fədaetmə üsuludur. Demək, mümkündür ki, hər bir dövrün özünəməxsus postmodernist ovqatı olur, necə ki, hər bir dövrün özünün manyerizmi mövcuddur (belə deyək, məncə, postmodernizm manyerizmin bir metatarixi kateqoriya kimi sadəcə addəyişməsidir)". D.Zatonski "Postmodernizm tarixi interyerdə" adlı məqaləsində postmodernizmin qlobal və tarixüstü anlayış olması fikrini araşdırır və bu fikri əsaslandırmağa çalışır. Lakin D.Zatonski adıçəkilən məqaləsində bir məqamı da xüsusi qeyd etməyi vacib sayır: "Beləliklə, Ekonun "hər epoxanın öz postmodernizmi var" - sözlərinə ehtiyatla yanaşaraq onları bu və ya digər dərəcədə təxmini, məcazi anlamda qəbul etmək lazımdır. Hər şeydən öncə ona görə ki, öncəki "postmodernizmlər" həmişə yetərincə lokal hadisə olmuşlar. Yeni postmodernizm isə ilk dəfədir ki, öz qloballığı ilə seçilir və buna görə də bu anlayışı dırnaqda yazmağa ehtiyac yoxdur Y.A.Yemelin isə postmodernizmə belə qlobal bir fenomen kimi yanaşılmasının səbəbini izah edərək yazır: "Bu cür qənaət əsasən, postmodernizmə yaradıcılığı zamanlarının hakim qaydalarına münasibətdə "marginal" xarakter daşıyan yazarların aid edilməsindən doğur".
Məsələ burasındadır ki, tədqiqatçıların bir çoxu tərəfindən manyerizm sabit bir dövrə aid ədəbi istiqamət və ya cərəyan kimi deyil, tarixin müxtəlif dövrlərində meydana çıxan dünyagörüşü kimi xarakterizə edilir. Qeyd edək ki, postmodernizmlə bağlı da belə bir fikir mövcuddur ki, postmodernizm qlobal bir anlayışdır və hər tarixi dövrün öz postmodernizmi var.
Postmodernizm və manyerizmin ortaq cəhətləri:
- Manyerizm klassik irsi imitasiya edir və onun təhrif edilmiş, istehza effektli yeni variantını təqdim edir.
- Postmodernizm də özündən öncəki irsə istinad edir, dekonstruksiya, oyun effektləri və ironiya ilə yanaşır.
- Hər iki cərəyan oxucunu qeyri-adi yanaşma, fərqli baxışla cəlb etməyə çalışır.
- Hər iki cərəyan özündən öncəki irsə istinad etməklə individual əsərlər təqdim edir.
Hörümçək torunda ədəbiyyat. Postmodernin mətn anlamı geniş, sonsuz, müxtəlif tellərlə bir-birinə birləşən, dolaşıq bir labirintdir. Postmodern estetikaya görə mətn ancaq hipertekst formasında mövcud ola bilər. Nədir bu hipertekst? "Hipermətn" (ingiliscə "hypertext") anlayışı elmə XX əsrin 60-80-ci illərində Teodor Nelson tərəfindən daxil edilmişdir. Onun fikrincə, "hipermətn"in əsas xüsusiyyəti ardıcıllığın olmaması və istifadəçinin mətndə gözlənilməz keçid etməsindən ibarətdir. Sonralar, 1981-ci ildə "Literary machine" kitabında o hipermətnə daha dəqiq tərif vermişdir: ""Hipermətn" deyəndə, mən budaqlanan və oxucuya seçim imkanı verən mətn başa düşürəm. Sadəcə olaraq bu linklərlə birləşmiş, oxucuya müxtəlif yollar təqdim edən mətn parçalarıdır." Nelsonun təklif etdiyi və hipertekst adlandırdığı informasiyanın təşkili forması əslində yeni bir şey deyildi. Qədim dövrlərdən qeyri-xətti yazı dini yazılar üçün olduqca xarkterik bir forma olmuşdur. Buna misal olaraq İncili göstərmək olar. İncil iki hissədən ibarətdir. Əhdi-cədid və əhdi-ətiq. Kitablar şeirlərdən ibarətdir və bu şeirlər hər kitabın tərkibində təkrara yol verilmədən nömrələnmişdir. Hər şeir hansısa bir mikrotemanın açılışına xidmət edir. Bir çox şeirlərdə digər şeirlərə və ya digər kitaba istinad verilir və beləliklə, oxucu istinadlara əsasən İncili qeyri-xətti oxuya bilir. XXI əsrin incəsənətinə, mədəniyyətinə və ədəbiyyatına "hipermətn" anlayışı aktiv surətdə daxil olub. Müasir elmi leksikaya "hipermətn" anlayışı kompüter - elektron incəsənətinin və eləcə də, kompüter kommunikasiyasının inkişafı ilə əlaqədar aktiv daxil olmuşdur. Hiperədəbiyyat postmodernizm üçün xarakterik olan yeni ədəbi mövcudluqdur və bu ədəbi mövcudluqda hipertekst elementləri - daxili istinadlar, qeyri-xətti nəqletmə, oyun effekti özünü bariz şəkildə göstərir. Artıq ədəbi postmodern "hipermətn"in inkişafı prosesində yalançı "hipermətn"lər də yaranmağa başlayıb. Yalançı "hipermətn"lərdə mətn mövcud olmayan altmətnlərə istinad edir. Məsələn, polyak fantastı Stanislav Lemin "Mütləq boşluq" toplusunda uydurma müəlliflərin mövcud olmayan kitablara rəyləri toplanıb.
Elektron kommunikasiya olan internet ən möhtəşəm "hipermətn"dir. O, hər zaman yenilənən və dəyişilən, saysız-hesabsız, ierarxik səhifələrdən ibarətdir. Həmçinin internet aktiv mətndir, hər bir istifadəçiyə onun inkişafında iştirak etməyə imkan verir və nəticədə gələcəyin ədəbi məkanı - hiperədəbiyyat yaranır, inkişaf edir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!