İkinci Dünya müharibəsində bir tarixçi - Dilqəm ƏHMƏD

Dilqəm ƏHMƏD

Bu il altı yüz min azərbaycanlının cəbhəyə göndərildiyi İkinci Dünya müharibəsinin başa çatmasından 80 il ötəcək. Azərbaycanlılar bu savaşda böyük rəşadət göstərib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən soydaşlarımız olub. Eyni zamanda taleyin hökmü ilə almanlara əsir düşüb, qarşı cəbhədə mübarizə aparan insanlar da vardı ki, "vətən xaini" kimi damğalanan bu insanların həyat hekayələri olduqca maraqlıdır. Şübhəsiz ki, rus bolşevizmi ilə alman faşizmi arasında qalan azərbaycanlıların könüllü seçim etmək imkanları olmadıqları üçün istər cəbhəyə göndərilənlər, istərsə də döyüşdə və ya könüllü şəkildə əsir düşən soydaşlarımızın hər birinə tərəfsiz yanaşaraq onların bioqrafiyalarını işıqlandırmaq gərəklidir. Bu şəxslərdən biri də tarixçi Məcid Musazadədir. 

Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində yerləşən mərhum diplomat, tarixçi Ramiz Abutalıbova aid fondda Məcid Musazadə barədə qiymətli materiallar mövcuddur. Həmin materiallar arasında Musazadəyə aid məqalələr, məktublar yer alıb, müxtəlif sənədlər toplanıb. 

27 iyun 1963-cü ildə Münxendə qələmə aldığı tərcümeyi-halında Məcid Musazadə bunları yazıb: "Mən 1914-cü ildə Bakı şəhərində anadan olmuşam. Yeddiillik məktəbi bitirdikdən sonra Bakı İqtisadi Texnikumuna daxil olmuş və 1933-cü ildə oranı bitirmişəm. Bundan sonra üç il yarım mühasib işləmişəm. 1936-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş və 1941-ci ildə oranı bitirmişəm. Hələ tələbə ikən, 1939-cu ildən 1941-ci ilə qədər Nizami adına muzeyin tarix və orta əsrlər tarixi şöbəsində elmi işçi vəzifəsində çalışmışam. İkinci Dünya müharibəsi illərində Berlində Azərbaycan dilində nəşr olunan "Azərbaycan" həftəlik qəzetinin redaktoru olmuşam. Müharibədən sonrakı illərdə Azərbaycan mühacirətinin publisistik fəaliyyətində fəal iştirak etmiş və təxminən, on il bundan əvvəl "Azadlıq radiosu"nun Azərbaycan şöbəsinə daxil olmuşam, hazırda burada redaktor vəzifəsində çalışıram. Mən çoxsaylı radio-ssenarilərin və bəzi nəşr olunmamış tədqiqat materiallarının müəllifiyəm". 

Azərbaycan legionunun həftəlik qəzetinin məsul redaktoru olan Məcid bəy mühacirətdə həm də "Qarsalani" soyadından istifadə edib. Onun müharibədən sonra Azərbaycan mühacirət mətbuatında da məqalələri işıq üzü görüb. 1963-cü ildə "Mücahid" dərgisində onun "Mərhum Ceyhun bəy Hacıbəyli" adlı məqaləsi dərc olunub. Musazadə C.Hacıbəylinin həyat və fəaliyyəti haqqında mühüm xülasə qələmə alıb.  O, Ceyhun bəylə həm də mütəmadi məktublaşıb. 

Ömrünün son illərində M.Musazadə 20 Yanvar qırğını, Qarabağ münaqişəsi ilə bağlı BMT-yə, digər qurumlara, Türkiyə prezidenti Turqut Özala məktublar göndərib. Təəssüf ki, Məcid Musazadə Azərbaycanın müstəqilliyini görə bilməyib. 1990-cı il iyulun 17-də Münxendə vəfat edib, 20 iyulda bu şəhərin Nordfriedhof ərazisində dəfn edilib. Dəfnində həyat yoldaşı İren, iki qızı, yüzə yaxın azərbaycanlı iştirak edib. Dostlarından biri məzarına Azərbaycandan gətirdiyi torpağı səpib. 

 

Bir daha "Əli və Nino" haqqında

 

Məktublardan və dövrün şahidlərinin verdiyi məlumatlardan açıq şəkildə aydın olur ki, Qurban Səidin məşhur əsərini Azərbaycan türkcəsinə ilk dəfə Məcid Musazadə çevirib. Məsələn, 1987-ci ildə Nyu-Yorkda Amerika-Azərbaycan "Vətən" Mədəniyyət Mərkəzini təsis edən Rufa Odyurdlu (Əzizova) mətbuata müsahibəsində bildirib: "Münxendə qeyrətli bir azərbaycanlı ziyalı yaşayırdı: Məcid Musazadə. Qarabağ məsələsi ilə bağlı çox işlər gördü. "Əli və Nino" romanını da o tərcümə etmişdi. Ancaq nədənsə "Azərbaycan" jurnalında Mirzə Xəzərin tərcüməsi adı altında nəşr edildi. Halbuki əsər Mirzə Xəzərin Amerikaya gəlişindən (1977-ci il) çox-çox əvvəl - 1972-ci ildə tərcümə edilmişdi. Əsərin tərcüməsindən bəzi parçalar o vaxt "Amerikanın səsi" radiosunda da verilib. Rəhmətə getməmişdən bir az əvvəl Məcid bəy mənə məktub da yazmışdı: "Hörmətli Rufa xanım! "Əli və Nino" romanının birinci və son iki səhifələrinin surətini çıxartdım. Tərcüməsi mənimdir (M.M. - Məcid Musazadə), buna şübhəniz ola bilməz. Allaha çox şükür olsun ki, hələlik bir neçə şahidim həyatdadır. Mən Mirzə Mixailidən doğrusu, belə bir hərəkəti və ədalətsizliyi gözləməzdim. Bunu da əlavə edim ki, Mirzə bəyin bura gəldiyi zaman (1997-ci ildə) alman dilindən, ümumiyyətlə, xəbəri yox idi. Və bu günün özündə də onun almancadan azərbaycancaya roman tərcümə edəcək qədər almancası yoxdur. Nə isə...""

Radionun əməkdaşı, Məcid bəylə eyni qədəri bölüşən Əli Həsənzadə digər legioner Qədir Süleymana yazdığı 30 yanvar 1989-cu il tarixli məktubunda bildirib: "Bu kitabı vaxtilə biz radioda Məcidin tərcüməsində azəricə yaydıq. Görünür, Qurban Səid İslamı qəbul etmiş yarım yəhudi, yarım almandır. Onun haqqında başqa fikirlər də var".

Göründüyü kimi, "Əli və Nino"nun ilk tərcüməçisi Məcid Musazadədir. 

 

Məcid Musazadənin müraciətləri

 

24 yanvar 1990-cı ildə Musazadə Azərbaycan Milli Birliyi təşkilatı adından Münxendən azərbaycanlılara müraciət edib. 20 Yanvar qırğınından sonra edilən bu müraciətdə o, birlik və diriliyə hər zamankından daha çox ehtiyac olduğunu bildirib. Qərb mətbuatının Cənubi Qafqazdakı hadisələrə təktərəfli yanaşdığını detallı izah edən Musazadənin təsbitləri o dövrdə ölkəmizin necə təkləndiyinin göstəricisidir: "Qərb məlumat vasitələrinin, müxtəlif istiqamətli təşkilat və cəmiyyətlərin, görünür, erməni lobbisinin təsiri altında vətənimizə münasibət sahəsində ögey yanaşma tərzi açıqca hiss olunmaqdadır. Onlar Qarabağ ixtilafında göz görə-görə təktərəfli, təəssübkar mövqe tuturlar".

O, daşnak mətbuatı ilə yanaşı sovet məlumat bürolarının da Azərbaycanın əleyhinə fəaliyyət göstərdiklərini qeyd edib, Qarabağ hadisələrinin Qərbdə dini amillə izah edilməsinə qarşı çıxıb: "Təəssüflə qeyd etməliyik ki, Qərbin məlumat vasitələri də Qarabağ və onun ətrafında cərəyan edən hadisələrə dini səciyyə verməyə meyil göstərməkdə davam edirlər. Onların elə bir şərhi olmur ki, azərbaycanlıların müsəlman (əksəriyyəti şiə), ermənilərin isə xristian olmasından bəhs edilməsin. Beləliklə, onlar ixtilafın məsuliyyətini, necə deyərlər, fundamentalistliyin boynuna yükləməyə çalışırlar. Axı kimsə xatırlamır ki, beş il bundan əvvələ qədər Sovet İttifaqındakı bütün xalqlar özlərinin ateist olduğunu əhəmiyyətlə qeyd edirdilər. Bildiyimiz kimi, Qarabağ ixtilafının dinlə hər hansı bir əlaqəsi yoxdur. Çünki ermənilərin davası dini deyil, torpaq, ərazi davasıdır". 

O, müraciətində Azərbaycan Cümhuriyyətini devirən gücləri açıq şəkildə xalqa bildirib: "1918-ci ilin mayında İslam ölkələri arasında ilk müstəqil cümhuriyyət quran, sərbəst seçkilər yolu ilə müsəlman məmləkətləri içərisində ilk dəfə parlament quran (onda müxtəlif partiya və qruplaşmaların, milli əqəliyyətlərin nümayəndələri də iştirak etmişdir) Azərbaycan xalqı elə yenə rusların və ermənilərin təhriki, düşmən münasibəti nəticəsində yalnız iki il müstəqil ömür sürə bilmişdir. Milli birliyin təmin edilməməsi, siyasi cərəyanlar arasında hakimiyyət uğrunda didişmələr, dartışmalar bu gənc cümhuriyyətin süqutuna aparıb çıxarmışdır". 

Buna görə də Məcid bəy bir tərəfdən, baş qaldıran erməni fitnəsinə, bir tərəfdən də, Qərbdəki anti-Azərbaycan cərəyanlara qarşı xalqı milli birliyə səsləyirdi. 

M.Musazadə Azərbaycan xalqına etdiyi digər müraciətində vaxtilə üçrəngli bayrağı Nyu-Yorkda necə dalğalandırmasından danışıb: "1956-cı ilin 23 oktyabrında macar xalqı Kreml rəhbərliyinin təzyiqinə qarşı ayağa qalxdığı zaman Nyu-Yorkda yaşayır, sovet özbaşınalığından cana doyan digər xalqların mühacir qrupları ilə əlaqə saxlayırdım. Təxminimə görə, noyabrın başlarında Macarıstandakı xalq üsyanının sovet tankları və süngüləri zoruna boğulmasına etiraz əlaməti olaraq şəhərin məşhur Ruzvelt hotelində kütləvi yığıncaq keçiriləcəyi xəbərini aldım. Təbii, bu toplantıda Azərbaycanın yerini boş qoymaq olmazdı. Dərhal bütün ölkələrin bayrağını satan bir dükana getdim. Fəqət, o zaman Amerika Birləşmiş Ştatlarında Azərbaycan adında bir məmləkətin mövcud olduğunu çox az adam bilirdi. Bu səbəbdən dükanda hazır Azərbaycan bayrağı yox idi. Sifariş vermək lazımdı. Fəqət, vaxt da çox dar idi. Dükan sahibinə dərdimi anlatdım, məsələni qavradıqdan sonra onu iki günə hazırlayacağına söz verdi. Üçüncü gün bayrağı alıb, oradan da toplantı yerinə getdim. Yığıncaqda məndən başqa 10-12 azərbaycanlı mühacir vardı. Beləliklə, toplantının rəyasət heyətində müxtəlif xalqların milli bayraqları ilə yanaşı bizim milli bayrağımız da asılmışdı".

Musazadə tikdirdiyi bu bayrağı 33 il ərzində Azərbaycanla bağlı müxtəlif yığıncaqlarda ucaldıb, nəhayət, Azərbaycan Xalq Cəbhəsinə hədiyyə edib. 

 

Ramiz Abutalıbova məktub

 

Qeyd edək ki, R.Abutalıbovun şəxsi fondunda Məcid Musazadə ilə yanaşı, Qədir Süleyman, Əli Həsənzadə kimi şəxslərə aid də materiallar mövcuddur. Ramiz bəyin bir müsahibəsində verdiyi məlumata görə, Musazadə 1942-ci ildə əsir düşüb, Fuad Əmircandan sonra "Azərbaycan" qəzetinə redaktor təyin olunub. Çünki Azərbaycan Cümhuriyyətinin maliyyə nazirinin oğlu olan F. Əmircan Türkiyədə yetişdiyi üçün Azərbaycan türkcəsində yaxşı bilmirdi, qəzeti Türkiyə türkcəsində nəşr edirdi. Bu isə legiondakı yeni nəsil azərbaycanlılar tərəfindən anlaşılmırdı. Ona görə də tarixçi olduğu üçün bu vəzifəyə Məcid bəy təyin edilib. Müharibənin getdiyi dövrdə baş tutan Azərbaycan Milli Qurultayında Musazadə də iştirak edib. Müharibədən sonra Amerikaya gedib, orada qədərdaşı Ənvər Sultanzadə ilə birlikdə "Amerika-Azərbaycan Cəmiyyəti"ni yaradıb. Ramiz Abutalıbovla Musazadəni Qədir Süleyman tanış edib. Sonuncu dəfə onlar Türkiyənin Kayseri şəhərində keçirilən 1-ci Millətlərarası Azərbaycan Konqresində görüşüblər. Məcid bəy 15 iyun 1990-cı ildə Münhendən Ramiz Abutalıbova göndərdiyi məktubunda bu konqresdəki xoşuna gəlməyən bəzi təəssüratlarını bölüşüb: "... Mənə elə gəlir ki, 1942-ci ildən bəri ziyalılarımız əməlli-başlı "ruslaşmışdır". Bir gün (siz Kayseridən getdikdən sonra) avtobusla şəhərə gedərkən bir dəstə nümayəndə - qadınlı-kişili bütün yolboyu aralarında rusca danışdılar. Axı bunun heç yeri deyildi". 

O, məktubunda həmin tədbirdə iştirak edən mərhum akademik, cəbhə yoldaşı sayılan Ziya Bünyadovun sinəsində bürünc ulduzla iştirak etməsini də qınayıb. 

Məcid Musazadənin həyatı və irsi ilə bağlı həm silahdaşları, həm ailə üzvləri, həm də tədqiqatçılar bir sıra yazılar qələmə alıblar. Azərbaycan Milli Mərkəzinin sədri Məhəmməd Kəngərli onun vəfatı münasibətilə geniş bir məqalə yazıb, Abbas Zamanov, Maarif Teymur kimi görkəmli alimlərimiz onunla bağlı mətbuatda çıxış ediblər. 

Düşünürük ki, onun bütün yazıları, çıxışları bir kitabda toplanılmalıdır və hazırda bu iş üzərində çalışırıq.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!