Bu il Cənubi Azərbaycanda M.C.Pişəvərinin rəhbərliyi ilə qurulan Milli Hökumətin 80 illiyi yamam olur. Bu münasibətlə AMEA Nizami adına Ədəbiyyat institutu hökumətin tarixini və əsas siyasi sənədləərini əks edən "Qızıl Səhifələr" kitabını yenidən çap edib gəncliyimizə, oxuculara təqim edir. Bu layıhənin rəhbəri, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri f. e.d. Rəhim Əliyevin kitaba yazdığı ön sözü dərc edirik.
Cənubda Milli-Muxtar Hökumət uğrunda mübarizə 1945-ci ilin sentyabrın əvvəlində başlandı və həmin il 12 dekabrda Cənub Milli Məclisinin - parlamentinin - yeni Milli Hökuməti təsdiq etməsi ilə başa çatdı. Bu günlərdə hərəkatın 79-cu ildönümüdür. Lakin o tayda xalqımızın azadlıq və tərəqqi arzuları böyük tarixi maneələrlə üzləşdi. 1946-cı il fevralın 17-də İranın baş naziri Əhməd Qəvvamın Moskvaya səfəri milli hökumət liderlərini çaşqın vəziyyətə saldı.
Sovinformbüro 17 mart 1946-cı ildə radio ilə bütün dünyaya bildirdi ki, İran və Sovet İttifaqı İranın şimal-qərbindəki neft yataqlarını birgə istismar etmək haqda razılığa gəliblər. - "İranın şimal-qərbi" elə Cənubi Azərbaycan ərazisi idi, amma iki ay əvvəl sovetlərin köməyi ilə yaradılmış Milli Hökumətin bu məsələlərdən rəsmən xəbəri yox idi... Amma onun rəhbərləri Mirzə İbrahimov və S.C.Pişəvəri hadisələrdən xəbərdar idi, onlar böyük hərəkata zərər verməmək, tərəfdarlarını ruhdan salmamaq üçün bu barədə açıq müzakirə açmadılar. Amma bu hadisə Milli Hökumətin rəhbəri S.C.Pişəvəri ilə Moskvanın münasibətlərində çat yaratdı. Qarşılıqlı etimadsızlıq o həddə çatdı ki, Pişəvəriyə yeni cangüdənlər təyin edildi. Formal olaraq bunu onunla bağladılar ki, Pişəvəri Üçlüyün iclasında xalq qoşunu ilə Tehran üzərinə getmək təklif etmişdi. Amma əslində bu rəhbərə qarşı Moskvanın təzyiq alətlərindən biri idi.
Təbrizdə, Bakıda, Ərdəbildə hərəkatın içində olan ayıq adamlara məlum oldu ki, Moskva Pişəvərinin qurduğu Milli Hökumətin arxasında Tehrandakı xain rejimlə gizli danışıqlar aparır və onların nəticəsində xalqın böyük ruh yüksəkliyi ilə qurduğu marksist Milli Hökumət gec-tez bada veriləçək. "Üçlüy"ün üzvü Həsən Həsənov yazırdı ki, Sovinformbüronun məlumatını eşidəndə ağladım. Buna görə ağlayıb göz yaşı tökənlər az olmadı.
Amma S.C.Pişəvəri dostu Mirzə İbrahimovla başqa bir yol tapdılar. Hərəkat Moskva və Tehran tərəfindən məhv edilməmiş, onun tarixini "Qızıl səhifələr" kitabında əks edib gələcək nəsillərə çatdırmaq. Kitaba hökumətin və Azərbaycan Demokrat Firqəsinin bütün əsas tarixi, müxtəlif sənədləri, parlament deputatlarının tərcümeyi-halı və şəkillərinə qədər yer tapdı. Bu gün Milli Hökumətin tarixi ilə maraqlananlar bu ensiklopedik kitabda axtardıqları hər şeyi tapa bilər. Kitabı hazırlayıb çap edənlərin niyyəti də elə bu idi.
Hərəkatın və hökumətin faciəli taleyini bilən və qabaqcadan görən S.C.Pişəvəri xalqın tarixində parlaq səhifə olan hadisələrin həqiqi və dəqiq ensiklopediyasını yaradıb gələcək nəsillərə yadigar qoymaq qərarına gəldi. Hadisələrdən səksən ildən çox vaxt keçəndən sonra da bu kitab Milli Hökumət dövrü baş verən hadisələrin ən dolğun materiallar toplusudur. S.C.Pişəvəri bu kitabı tərtib edəndə artıq onun tarixi əhəmiyyətini və yerini anlayırdı.
Kitabın ərsəyə gəlmə tarixi haqda o zaman S.C.Pişəvəri açıq danışa bilməzdi. Amma ona yazdığı "Qızıl səhifələr" kitabına ön söz" adlı yazıda (yazılma tarixi 3 fevral, 1946-cı il kimi qeyd edilir) deyilir: "Gündəlik ağır mübarizə vaxtında tarix yazmaq və ya ədəbi mövzular ilə məşğul olmaq müşkül bir işdir.Tarixi hadisələr barəsində açıq-aydın nəzəriyyə verib irəli sürülən fikirləri dəlil və sübutla əsaslandırmaq iş və vaxt istəyir. Bunu əli mübarizə dəryasında çırpınmaqda olan bir fədaidən gözləmək olmaz. Ona görə bu sətirləri oxuyanlardan xahiş edirəm, yazdıqlarım haqqında qəzavat edərkən bu vəziyyəti nəzərdə tutsunlar. Mən bu sətirləri şöhrət və təzəhürat üçün yazmıram. "Azərbaycan" qəzetinin gündəlik nömrələrini ürək döyüntüsü ilə təqib edib, ona böyük qiymət qail olan dostlardan birisi dedi: "Yaz!.." Mən də böyük işlərdən vaxt oğurlayıb yorğun və əzgin dəqiqələrdə onun arzusunu yerinə yetirdim. Məqsəd millətimizin azadlığı yolunda apardığım mübarizələrdən nümunə göstərməkdir. Onu olduğu kimi təsvir və şərh etməyi tarixçilərə, ədib və şairlərimizə tanıtdirmaq lazımdır: bu, onların milli və əxlaqi vəzifəsidir. Bizim firqəmiz dövlət vucuda gətirməklə məşğul olduğu üçün mən də başqa tarix yaratmaq işi ilə məşğulam. Qoy bizim vücuda gətirməkdə olduğumuz milli dövlətin tarixini tarixçilər yazıb kağız üzərinə gətirsinlər. Biz o tarixi yaratmağa daha artıq diqqət yetirməliyik." Qeyd edək ki, Pişəvəriyə "Yaz!.." deyən dost Mirzə İbrahimov idi.
Kitabın ərsəyə gəlmə tarixi baxımında Pişəvərinin aşağıdakı qeydləri də mühümdür: toplunun müqəddiməsində getmiş aşağıdaki abzasdan görünür ki, "Azərbaycan" qəzetində Pişəvərinin 3 fevral 1946-ci il tarixli məqaləsi həm də "Qızıl səhifələr" kitabı haqda bir anons, onun konsepsiyası və yazılma səbəbləri haqqında izahat idi.
"12 şəhrivər tarixli Firqə Bəyannaməsi, I Firqə Konqresinin təsvib etdiyi Məramnamə, Müəssislər Məclisinin qəbul etdiyi qərarlar və demokratik dövlətlərə göndərdiyi rəsmi Elamiyyə, nəhayət, məclisimizin Nizamnaməsi ilə onun vücuda gətirdiyi Milli Dövlət proqramı firqəmizin gördüyü işləri sistematik bir surətdə təsvir edən sənədlərdir. Bu sənədlərin hamısı qəzetimizin səhifələrində əks olunduğu üçün onları qiymətli bir kitab hesab etmək olar. Bu kitab gələcək nəsil üçün daha qiymətli olduğu üçün tez bir zamanda toplanıb yenidən çap edilməli və orada, əsasən, firqə tarixi ilə əlaqəli olanlar nəzərdə tutulmalıdır".
Burada Firqə tarixi xüsusi vurğulanır, çünki Pişəvəri artıq bilirdi ki, Milli Hökumət quruculuğu artıq Moskva üçün maraqlı deyil. Üstəlik, Əhməd Qəvvamın Moskvaya 17 fevralda başlanan səfərindən sonra Pişəvəriyə Moskva və onun adamları tərəfindən təzyiqlər güclənirdi: tələb olunurdu ki, Pişəvəri Tehrana getsin, Mərkəzi İran hökuməti ilə əlaqələr qursun, əməkdaşlıq etsin. O buna gedə bilməzdi, çünku cəmi dörd ay əvvəl Tehranla dil tapmağa məcbur edilən Şeyx Xiyabaninin Tehran tərəfindən xaincəsinə öldürülməsi, meyidinin ata bağlanıb Təbriz küçələrində sürütlənməsi barədə silsilə məqalələr yazmışdı və orada göstərmişdi: "biz bu səhvləri etməyəcəyik". İndi İ.Stalin Pişəvərini həmin ölümçül səhvlərə təhrik edirdi. Pişəvərinin bütün müqavimətinə baxmayaraq, İ.Stalinin iradəsi icra olundu, amma Pişəvəri də İran rejiminin qaniçən caynağına keçməkdən yayına bildi. Amma bolşevik rejimi istəyənlər oldu, Milli Hökumət aradan gedəndən sonra onun tarixinə SSRİ-də məxfilik qrifi qoyuldu, senzura Bakı mətbuatında Milli Hökumətin adını belə çəkməyi qadağan etdi. Amma Azərbaycan Demokrat Firqəsi Bakıda yarım-leqal şəkildə fəaliyyətini davam etdirdi. Yalnız SSRİ dağılandan sonra Milli Hökumətin taleyini Bakı mətbuatında ortaya gətirmək mümkün oldu.
2
Həm də nəzərə almalıyıq ki, Milli Hökumətin iflasının səbəbləri İkinci Dünya müharibəsi bitəndən sonra dünyada başlanan çoxplanlı ziddiyyətlər, soyuq müharibə başlaması ilə bağlı idi. SSRİ-nin İranı özünə tabe etməsi, orada rus çarları vaxtındakı hökmünü qaytarması imperiya generallarının və İ.Stalinin müharibədən əvvəlki planları idi. Müharibədən qabaq İran yarım müstəmləkə bir ölkə idi, üstəlik büsbütün Alman faşizminin və Adolf Hitlerin təsir dairəsində idi. Almaniya özünü arilərin varisi sayan talış Rza xan dövlətinin hər addımına nəzarət edirdi.
Bu vəziyyət həm SSRİ dövlətini, həm də ABŞ-İngiltərə cütlüyünü çox narahat edirdi. Bu əsasda SSRİ və anqlosaks cütlüyü Almaniyanın İrandan qovulmasında müvəqqəti əməkdaş və müttəfiq oldular. 1941-ci ilin avqustunda 1921-ci il Sovet-İran müqaviləsinə əsasən SSRİ şimaldan, İngiltərə və ABŞ cənubdan İrana girib onu ikiyə böldülər. Müttəfiqlərin alman casusu adlandırdığı Rza xan İrandan qaçdı. İranda formal bir hökumət, parlament və Rza xanın azyaşlı oğlu monarx rolunda qaldı.
Müharibə müttəfiqlərin qələbəsi ilə bitən kimi İranı bölmüş tərəflər arasında dəhşətli ziddiyyətlər meydana çıxdı. SSRİ ilə anqlosakslar arasında İrana nəzarət uğrunda rəqabət başladı. ABŞ-ın qalib əsgəri dollar idi: dollar ölkəyə girir, bank sistemini nəzarətə götürür, açıq qapılar rejiminə nail olub ölkənin bütün sərvətlərinin sahibi olurdu. Amma SSRİ ölkələrə nəzarət etmək ücün orada marksist partiyanı hakimiyyətə qoyur, ölkəyə çoxlu hərbi qüvvə yeridib hakimiyyəti saxlamağa çalışırdı. Bu, rus çarlarından qalmış ənənə idi. Bir ölkədə ağalıq etmək üçün ora hərbi qüvvə yeridilir və bu qüvvə hakimiyyətə nəzarət edirdi. Oktyabr inqilabına qədər çar rusiyası İranda böyük kazak diviziyaları saxlayırdı. İkinci Dünya müharibəsindən sona İrandakı SSRİ-ABŞ qarşıdurmasında İran burjuaziyası ABŞ-a meyl edirdi. Dollar və funt sterlinq hər şeydən başqa iranlı siyasətçilərə və iş adamlarına qarət olunan, oğurlanan, rüşvət kimi yığılan pulları xarici banklara yığmaqda ideal vasitə və alət idi.
SSRİ-nin İranda "Tudə" adlı kommunist partiyası və 1941-ci ildə ora girmiş ac-yalavac diviziyaları vardı. İranda kazak diviziyalarının zülm və özbaşınalığını xatırlayan İran əhalisi üstəlik ruslara nifrət edirdi. Amma XIX əsr boyu davam etmiş İran-Rusiya müharıbələri bu ölkədə daha bir sosial təbəqə yaratmışdı: Bu, hər İran-Rusiya müharibəsindən sonra İran ərazisində yerləşib qalan rus hərbi qarnizonlarında bu ya digər təsərrüfat vəzifələrində çalışan iranlılar idi. Yarımmüstəmləkə, müasir sənayesi olmayan ölkədə an aşağı məvaciblə daimi iş tapmaq yeni bir sosial təbəqəyə keçməyə bərabər idi. Bu adamlar rus hərbçiləri ilə insiyyət edir, rus dilini öyrənir, Rusiya ilə ticarət əlaqələri yaradırdılar. Başlıcası, bu adamlar nəslən rus çörəyinə öyrəşir, Bakıya, Dağıstana, Şimali Qafqaza ayaq açırdılar. Rza xanın özü belə ailələrdən idi, İranda onu bakılı adlandırırdılar. Marksizm Rusiyada yayılanda və Bakı vasitəsilə İrana ayaq açmağa başlayanda İranda qurulan ruspərəst partiyaların üzvləri həmin çar kazak diviziyalarının iranlı heyəti idi. İllər keçdikcə bu adamların içərisindən zabitlər, tərçüməçilər, mollalar, tacirlər, mətbuat və ədəbiyyat xadimləri çıxmağa başladı. Marksizmin nə olduğunu bilməsələr də, onlar siyasi partiya və hərəkatlara qoşulur, Bakı ilə əlaqə yaradıb bu taydakı mətbuatda iştirak edirdilər."Əkinçi" qəzeti yaranandan görünür ki, Bakı mətbuatının əsas fəal müəllifləri daha çox cənublu ziyalılar olur. Onların əksəriyyəti İranın şimal-qərbindən, yəni azərbaycanlıların yaşadıqları ərazilərdən, əsasən Ərdəbil ətraflarından idilər. Belə ailələr istər Məşrutə inqilabında, istər Xiyabaninin müxtariyyat uğrunda hərəkatında, istərsə də Pişəvərinin rəhbərlik etdiyi hərəkatda aparıcı qüvvə idilər. Hətta Pişəvərinin özünün nəzəri məqalələrinə nəzər salanda, məsələn, elə "Qızıl səhifələrə" yazdığı müqəddimədə, onun bir iranlı təfəkkürü daha qabarıq diqqəti çəkir. Xüsusilə, İranın tarixindən danışanda Rza şah dövründə yarımmolla ideoloqların İranın keçmişi barədə uydurmalarının ab-havası az da olsa hiss olunur. Qeyd etmək lazım gəlir ki, 1945-ci ilin yayına qədər Pişəvəri özünü bir ümumiran kommunisti sayırdı, hətta həmin ilin payızında Şeyx Xiyabaninin hərəkatı haqqında silsilə məqalələrdə belə müsavatçılıqla türkçülüyə fərq qoymur, "pantürkizm" haqda mənfi bir şey kimi danışır. Nəzərə almır ki, azərbaycançılıq düşüncəsi türkçü görüşlərin içində yaranıb formalaşıb.
Bu barədə biz ona görə yazırıq ki, İranda marksizmin nə olduğunu və hansı köklər üstə ərsəyə gəldiyini hamı təsəvvür edə bilsin. Pişəvərinin hərəkatı da qərbin saydığına görə marksist bir hərəkat idi, amma əslində bu hərəkatda əsl marksizm yox idi, və ya nazik bir üst təbəqə idi. Bunu hətta İ.Stalin də başa düşürdü və İranda - Cənubi Azərbaycanda - proletariatın hegemon olmadığı xırda burjua tipli Azərbycan Demokrat firqəsinin yaradılmasına razılaşmalı olmuşdu. Bu bəlkə də sovetlərin Şərqə, xüsusilə, İran və Türkiyəyə girmək planlarının bir tərkib ünsürü idi. Amma faşist almanıyası məğlub ediləndən sonra İ.Stalin bu planlardan imtina etməli oldu. Çünki İkinci Dünya müharibəsinin Şərqi Avropadakı nəticələri və yaranan yeni sərhədlər və siyasi rejimlər SSRİ-nin gələcəyi üçün daha həyati əhəmiyyət daşıyırdı. Ona görə İ.Stalin Tehran və Yalta konfranslarında Şərqə dair planları sonraya təxirə salıb Şərqi Avropada, xüsusilə antirus siyaçi qüvvələrin çox üstün olduğu Polşada kommunist rejimi yaratmaq fürsəti qazanmaq üçün Şərq planlarından, xüsusilə, Pişəvərinin qurduğu Milli Hökumətlə bağlı uzaqniyyətli hədəflərdən imtina etdi. Bu, cəmi yarım il əvvəl Pişəvəriyə verilmiş vədlərin, onunla razılaşmaların pozulması demək idi. Moskvanın Pişəvəri hökuməti yaradılmasına sərf etdiyi böyük vəsaitlərdən, hərbi yardımdan anlamaq olar ki, bu hərəkat İran və Türkiyəni, sonra isə bütün Şərqi sovetləşdirmək üçün bir dayaq nöqtəsi kimi düşünülmüşdü. Hərəkatı ləğv etməklə İngiltərə-ABŞ cütlüyünə edilən güzəştlər İ.Stalinə Avropanın göbəyindəki qalibiyyətli, amma müttəfiqlərlə şərik qələbənin siyasi nəticələrindən bu qitədə maksimum əraziləri nəzarətə götürmək üçün imkan yaratdı.
Bu, Pişəvəri və onun ətrafı ilə Moskva arasında çat yaranmasına səbəb olmalı idi və oldu. Bu çat nədə özünü göstərdi? Birinci növbədə, hərəkatın rəhbərləri olan Mirzə İbrahimov və Pişəvərinin beynəlmiləlçidən bir Azərbaycan millətçisinə çevrildi və bunun nəticəsi kimi Azərbaycan Demokrat firqəsi marksist partiyadan dönüb azərbaycançı partiya oldu. Pişəvərinin 1945-1946-cı illərdə yazdığı yazıların və gördüyü işlərin məğzi belə idi: İran dövləti tərkibində olmuş Azərbaycan xalqının bütün hallarda və mərhələlərdə nisbi müstəqilliyi olub və bunu daim qoruyub. Hərəkat dünyada, SSRİ-də və onların - Mirzə İbrahimovla Pişəvərinin - həyatında elə böyük hadisə oldu ki, onların əqidə inkişafına nöqtə qoydu.
Moskvaya belə partiya lazım deyildi, hətta təhlükəli idi. Ona görə Bakıya köçən firqə fəalları üçün partiya ləğv olunmadı. Lakin onun fəaliyyəti yarımleqal rejimə keçirildi, partiya özü isə SSRİ DTK-nın Birinci Kəşfiyyat idarəsinin kurasiyasına verildi, yəni əslində DTK-nın İran şöbəsinin yarımleqal qurumuna çevrildi. Hərəkatda inqilabi terrorla məşğul olmuş adamlardan operativ işdə istifadə olundu. Lakin onların heç birinə sovet pasportu verilmədi, çünki onlar iranlı inqilabçı statusunda daha çox fayda gətirirdilər və SSRİ-nin şah rejiminə təzyiqi üçün ideal alət idilər.
3
Milli Hökumətin iflasının beynəlxalq səbəbləri İranın daxili siyasi vəziyyətinə təsir göstərir və çox dramatik hadisələrlə müşayiət olunurdu. Yanvarın 3-də Milli Hökumətin təşkil etdiyi Hərbi Səhra Məhkəmələrinin qərarı ilə bir dəstə irticaçı və açıq cinayətkar İran feodalı Təbrizdə dar ağaclarından asıldılar. Bu hadisə İran mətbuatında işıqlandı, cəmiyyətə böyük təsir etdi və hakim sinifləri, şahın ətrafını qorxutdu. İranlılarda kim kücələrdə adam asdırırsa, hakimiyyət sahibi o sayılır. Edamlar Milli Hökumətin reytinqini yüksəltdı. Cavan şahın sarayı bundan qorxdu: hakim siniflər Pişəvəri hökumətinin tərəfinə keçə bilərdi. Şah hökumətu buraxıb Qəvvam əs Səltənəni növbəti dəfə baş nazir təyin etdi. Müxtəlif illərdə o İranın hərbi naziri, daxili işlər naziri, 30 yanvar 1946-ci ildə baş nazir, təyin olunmazdan əvvəl üç dəfə İranın baş naziri olmuşdu.
Bu tarixdə İran dövləti çox zəif idi, sovet qoşunları da hələ İranda idi. Şah sarayı Milli Hökuməti ləğv etmək barədə təklif olunan 3-4 plandan seçib Əhməd Qəvvamın planına üstünlük verdi. Nəyə görə? Ona görə ki, Əhməd Qəvvam Milli Hökuməti Moskvanın öz əli ilə ləğv etmək planını irəli sürdü. Bu, cavan və ehtiyatkar şahın və ailəsinin xoşuna gəldi, çünki İran daxilində hərbi-siyası gərginlik yaratmadan məsələni həll etməyi təklif edirdi.
Əhməd Qəvvam (1879-1955) Gilan vilayətində doğulmuş çox varlı feodal ailəsindən idi. Giləklər, bəlli olduğu kimi, Azərbaycan xalqının təşəkkülündə iştirak etmiş xalqlardan biridir. Müharibə illərində Moskvanın Xarici İşlər Nazirliyi və məxfi orqanları onu İ.Stalinə sovetlərə meylli olan bir adam kimi təqdim etmişdilər. Bu zaman İranda İngiltərə-ABŞ cütlüyü və Sovet tərəfdarı olan qüvvələr arasında qarşıdurma ən yüksək həddə çatmışdı.
Şah Əhməd Qəvvamı yanvarın 30-da baş nazir təyin etsə də, onun bu vəzifəyə İran Məclisində təsdiq olunması tələb olunurdu. Qəvvam artıq yanvarın 5-də Moskvaya səfər edəcəyi barədə rəsmi məlumat yaydı. Bu, Milli Hökumət məsələsini həll etmək barədə öz planını təbliq etmək, Məclisdə gözlənən səsvermədə özünə tərəfdarlar toplamaq və reklam cəhdi idi. Təsdiq olunmadan onun Moskvaya səfəri mümkün deyildi. Səsvermə zamanı Əhməd Qəvvam cəmi bir səs üstünlüyü ilə Baş Nazir postuna təsdiq edildi. Deyirlər ki, bu bir səs də İran kommunistləri tərəfindən verilmişdi. Təsdiq olunan kimi, fevralın 17də Qəvvam Moskvaya uçdu. Martın 4-də İrandakı neft yataqlarını birgə istismar etmək üçün Sovet-İran Birgə Müəssisəsinin yaradılması barədə müqavilə imzalandı. Martın 5-də bu müqaviləni İngiltərə-ABŞ cütlüyünə qələbə kimi anlayaraq İ.Stalin Kremldə Qəvvamın şərəfinə ziyafət verdi. Onda qənaət yarandı ki, Pişəvərinin separatçı hökumətinin tarixi rolu bitdi. Amma sonrakı hadisələr göstərdi ki, bu qənaət səhvdir. Bu ziyafət və İ.Stalinin 1943-cü ildə Tehran Konfransı zamanı gənc şahın İqamətgahına gedib onunla qeyri-rəsmi görüşməsi kimi faktlar Sovet rəhbərinin İranla bağlı ciddi planlarından xəbər verir. Lakin Sovetlərin 1945-1946-cı illərdə İranda uduzması və oradan əliboş çıxması həm də ingilis diplomatiyasının qabağlayıçı taktikasının nəticəsi idi, bunların hamısın Əhməd Qəvvamın ayağına yazmaq dəqiq olmazdı. Onun belə qüdrəti yox idi. İranı bölmək haqda 1941-cı il Sovet-İngiltərə müqaviləsi tələsik tərtib edilmişdi, SSRİ XİN müharibədən sonrakı bütün risk və zidiyyətləri nəzərə ala bilməmişdi. Ümumiyyətlə, bolşeviklər rus çarlarının İranda qazandıqları böyük mövqeləri itirdilər, çoxlu tələsik qərarlara görə SSRİ-nin Şərq siyasəti iflasa uğradı və sonralar Əfqanıstana girmə çəhdi də bunları islah edə bilmədi.
Razılaşmaya görə Sovet qoşunları İrandan çıxandan sonra İran Məclisi də Sovet-İran birgə neft müəssisəsi haqda müqaviləni təsdiq etməli idi. May ayında Sovet qoşunlarının İrandan çıxması başa çatdı. Amma Məclis müqaviləni təsdiq etməkdən imtina etdi, ingilispərəstlər bəhanə də tapdılar: Müqaviləni növbəti parlament təsdiq etməlidir, çünki o, İrandan xarici qoşunlar çıxandan sonra azad və demokratik şəraitdə seçiləcək və İran xalqının iradəsini tam əks etdirəcək.
Amma yeni məclis də müqaviləni təsdiq etmədi və Əhməd Qəvvam İranda İ.Stalini aldatdığına görə yeni bir "qoça tülkü" ləqəbi qazandı. M.İvanov kimi İran tarixçiləri İ.Stalinin aldadıldığı fikrindədilər. Sonrakı beşinci dəfə Baş nazir postuna gələndə (17 iyul, 1952) Əhməd Qəvvamı İran Neftinin milliləşdirilməsinə qarşı və Mosaddığa rəqib kimi görürük. Neft məsləsində Əhməd Qəvvam sıravi bir İranlı kapitalist kimi mövqe tuturdu. Milliləşdirmə yerli burjuaziyanın neft gəlirlərinə yolunu bağlırdı.
4
Sovet qoşunları 1946-cı ilin mayında İrandan çıxanda İ.Stalinlə S.C.Pişəvəri arasındakı konflikt o dərəcəyə çatdı ki, Moskva Milli Hökumətdən bütün sovet silahlarını qaytarmağı tələb etdi. Bu rus bolşevizminin terrorçu və hər hansı əxlaqdan uzaq təbiətini bir daha nümayış etdirdi. 1946-cı il martın 8-də Pişəvəri birinci bolşevik İ.Stalindən məktub aldı. Bu məktubda S.C.Pişəvəri solçuluqda suçlanırdı, guya İranda inqilabi situasiya olmaya-olmaya Pişəvəri yanlış inqilabi taktika aparırmış. Bu məktub Pişəvərini aldatmaq, onu Tehranın ayağına getməyə məcbur etmək cəhdi idi. Amma Pişəvəriyə gün kimi aydın idi ki, Tehran Şeyx Xiyabani kimi onu da öldürəcək.
Aprelin 28-də Təbrizdə məxfi olaraq Milli Hökumət quruculuğnu istiqamətləndirən "Üçlük" - Mirzə İbrahimov, Həsən Həsənov və general Atakişiyev - Bakıya qaytarıldılar. Bu tarixdən sonra Milli Hökumətin fəaliyyətində nisbi bir müstəqillik yarandığını güman etmək olar. İyun ayının 13-də Moskvanın ağlasığmaz təzyiqlərindən sonra Pişəvəri Tehranla müqaviləni imzaladı: Bu müqaviləyə görə Milli Məclis və Milli Hökumət əncümən adlanmalı idi. Hər iki tərəf bu müqaviləyə adi kağız kimi baxırdı. Həmin gün Pişəvəri Milli Hökumətin rəhbəri vəzifəsindən istefa verdi. Amma Azərbaycan Demokrat Firqəsinin sədri vəzifəsindən 6 ay sonra, dekabrın 12-də öz yaxın 168 silahdaşı ilə Bakıya yola düşməzdən bir saat əvvəl istefa verdi. Məhəmməd Biriya Təbrizdə onun yerinə ADF-nin sədri seçildi. Amma Bakıda ADF-nın sədri yenə Pişəvəri özü idi. Moskva hərəkatın başına belə oyunlar açdı. Eyni partiyanın Təbrizdə bir, Bakıda başqa sədri vardı.
S.C.Pişəvəri də bolşevik idi və bu yöndə böyük yol keçmişdi. 1921-ci ildə yalançı Gilan sovet respublikası layihəsində də xarici işlər komissarı kimi iştirak etmişdi. 1929-cu ildə İran Kommunist partiyasının birinci katibi seçilmişdi. O, Moskvanı yaxşı tanıyırdı, o qədər yaxşı yanıyırdı ki, 13 iyundan 4 ay əvvəl 1946-cı ilin baharında baş verəcək hadisələri görürdü və buna görə öz vəsiyyət kitabı "Qızıl səhifələr"in layıhəsini hazırladı və müqəddiməsini yazdı.
Bu müqəddimə "Azərbaycan" qəzetinin 3 fevral sayında "C.Pişəvəri" imzası ilə işıq üzü gördü. Lakin fevral-mart aylarında qəzetdə daha üç məqalə çıxdı "Qızıl səhifələr adı ilə. Bir kitab haqda 4 məqalə yazması C.Pişəvərinin bu kitabın kütləvi tirajla çap olunmasına nə qədər böyük əhəmiyyət verdiyini göstərir, bu həqiqətən onun vəsiyyət kitabı idi. Kitab haqda ikinci rəy "Azərbaycan" qəzetinin 14 fevral, 1946-cı il tarixli sayında "Möhsün" imzası ilə getmişdir. Üçüncü rəy 17 fevral 1946 tarixdə imzasız, lakin redaksiyadan verilmiş belə bir qeydlə getmişdir: "qəzetin 14.02.1946-cı il tarixli 126-cı sayında getmiş eyni adlı yazının davamı". Dördüncü yazı qəzetin 10 mart 1946 sayında "Novruz " imzası ilə getmişdir. Məqalələrin hamısının adı "Qızıl səhifələr" kimi yazılıb. Bilirik ki, Möhsün və Novruz C.Pişəvərinin gizli imzaları idi.
Sözü gedən dörd yazı hərəkat rəhbərinin bu kitaba necə qiymət verdiyini ortaya qoyur. Novruz imzalı məqalədə Pişəvəri kitaba ən dəqiq tarixi qiymətlər verərək yazır: "Bu kitabı nəşr edənlər Azərbaycan ədəbiyyatında ölməz bir əsər yaratmışlar. Azərbaycan yaşadıqca bu əsər də yaşayacaqdır".
Pişəvəri 1945-1946-cı illərin milli hərəkatını azərbaycanlıların qəhrəmanlıq dastanı adlandırır, "Şahnamə" ilə müqayisə edir. O açıq deyir ki, Mili Hökumətin tarixi ilə maraqlanan gələcək nəsillər, tarixçılər, gənclər üçün bu kitabda hərəkatla bağlı bütün mühüm sənəd və məlumatlar toplanmışdır. O yaxşı anlayırdı ki, hərəkat məhv ediləndən sonra bolşevik rejimi onun tarixini əks edən məlumatlara senzura qoyacaqdır. 470 səhifəlik bu kitabın kütləvi tirajı bu senzuranın kəsərini azaltmalı idi və azaltdı. Təsadüfi deyil ki, sovetlər ittifaqı dağılan kimi Azərbaycan gəncliyi Milli Hökumət dövrü haqda əsas məlumatları bu kitabın şəkli fondlarda qalmış nüsxələrindən alırdı. Cənubi Azərbaycanın müxtəlif milli qurum və təşkilatları bu gün də öz milli məfkurəsini yaymaq üçün bu kitabdakı qiymətsiz sənəd və məlumatlardan geniş istifadə edir. Xüsusilə, ABŞ-da yaşayıb çalışan cənublu mühacirlər Milli Hökumətin məfkurəvi irsini çap edib yaymaqda fəallıq göstərir. Onların qruplarından biri, özünü "Açıq Söz" adlandıran yarımleqal təşkilat hələ 2012-ci ildə "Qızıl Səhifələr"in tərkibindəki 186 yazıdan 130-dan çoxunu latın əlifbasına transliterasiya edib PDF formatında oz saytlarına qoymuşdular. Bu yazıları bu gün də www.achiq.info saytında oxumaq olar.
Sözü gedən dördüncü sonuncu yazının son abzasında M.C.Pişəvəri yazır:
"Adamlar öləcəklər, imarətlər viran olacaqdır, şəhərlər, kəndlər yenilənəcəkdir, amma "Qızıl səhifələr" həmən şəkildə əbədi qalıb hətta bir cümləsi belə dəyişilməyəcəkdir. Firdövsi ölüb ortadan getdi, Sultan Mahmud isə dünyanın keşməkeşində torpaq olub fəna oldu, lakin "Şahnamə" bu günə qədər yaşayıb, yenə də yaşayacaqdır. "Qızıl səhifələr" də "Şahnamə" və ona bənzər əsərlər kimi dünya durduqca yaşayıb, hərəkatımız haqqında gələnlərə danışacaqdır".
Peyğəmbərlərə yaraşan uzaqgörən və dəqiqi sözlərdir. Gələn il dekabrın 12-də Milli Hökumətin yardılmasının 80 illiyi tamam olur. Azərbaycan gəncliyinə, xaricdəki mühacir qurumlarına, tarixçi və jurnalıstlərə təqdim olunan "Qızıl səhifələr"in bu nəşri hərəkatla bağlı şəhid olan bütün həmvətənlərimizin xatirəsinə həsr olunur.
Sentyabr, 2024
Gürgən
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!