(Əvvəli ötən saylarımızda)
Nadir MƏMMƏDLİ
Parlamentdə dövlət dilinin lüğət tərkibində çox böyük rəngarənglik görür: Azərbaycan, osmanlı, ərəb, fars və rus sözləri. Azərbaycan və osmanlı sözləri arasında sərhəd qoymaq, bəziləri nəzərə alınmazsa, çətindir. Həmin fərqlərə, yuxarıda qeyd etdiyimiz kendi, şu, işbu işarə, hanki sual, şimdi və imdi zaman zərfləri, əvət, iştə ədatları və bir neçə termin səciyyəli (anarşi "anarxiya" mənasında, çete "ordu birliyindən olmayan silahlı kiçik dəstə" mənasında və s.) sözlər daxildir. Azərbaycan sözləri qrupu deyəndə, əsas etibarilə, leksik və semantik neologizmləri nəzərdə tutur: vergi, yer vergisi, gəlir, azadəlik, qardaşlıq, beynəlmiləllik, parlament nümayəndələri, qərar layihəsi sosialistlər fraksiyası, hökumət rəisi, sinif ayrılığı, sinif mübarizəsi, rəislik, daxiliyyə naziri, pulun qiyməti, məclis rəisi, məclis katibi, sədr müavini, baş nazir, alqış, sürəkli, millət, nümayəndələri, oxunmuş (birinci, ikinci), bağlıq yeri, əkin yeri, maliyyə nəzarəti, gömrük, inqilab bayrağı, seçki, seçki qanunu, bəyannamə, birər, ikişər müştərək müqavilə, ticarət nəzarəti, müsavat fraksiyası və s. Ərəb və fars sözləri qrupu müasir dilimiz üçün artıq arxaikləşmiş sözlər və izafətlərdir: məbus, məvad, vükəla, rəisivükəla, mənbər (xitabət kürsüsü mənasında), ricu, istizah, məclisi- məbusan, haiz, mövqeyi-sədarət, ittifaqi-ara, icab etmək, sui-tənhim, müstəhziyanə, məhfuz, ati, vüquat, istinkaf, məcib olmaq, layiheyi-qanuniyyə, mühəvvəl, bəratülqovl (protokol) və s. Rus sözləri qrupu dedikdə, əsasən, rus dili vasitəsi ilə Avropa dillərindən keçən sözləri hesab edir: doqovor, kollektivnıy doqovor, komissiya, inspektor, podatnı inspektor, ustav, universitet, desyatin, fraksiya, demokratiya, deklarasiya, proqram, smeta, büdcə, revolyusiya, uyezd, teleqram, teleqraf, ministr, sosialist, kapital, mandat, nadelni, sud, doklad, porom, zemlyaçestvo, zakon, akop, şkol və s. Bu sözlərdən bəzisinin qarşılığı yoxdur: inspektor, podatnı inspektor, desətin, demokratiya, smeta, büdcə, uyezd, teleqram, teleqraf, sosialist, nadelni, zemlyaçestvo və s.
Sonda qeyd edir ki, uzun zaman məsafəsində həmin dövr dil yaddaşımızın uca zirvələrindən biri olaraq qalır.
1926-cı il I Bakı Türkoloji qurultayında, XX əsrin 20-30-cu illərində
terminologiya və nitq normaları
N.Cəfərov XX əsrin 20-30-cu illərini Azərbaycanda həm şifahi, həm də yazılı nitq normalarının elmi-nəzəri baxımdan öyrənilməsi, ilk ciddi qərarların qəbul edilib həyata keçirilməsi ilə əlamətdar olmasını səciyyələndirir. Yazır: "XIX əsrin sonu - XX əsrin əvvəlləri Azərbaycan tarixinin həm ictimai-siyasi, həm də ədəbi-mədəni baxımdan elə bir zəngin dövrüdür ki, millətin sonrakı taleyini həll edəcək bütün ideyalar, həmin ideyalar ətrafındakı uzun sürən polemikalar öz geniş miqyası ilə məhz bu dövrdə meydana çıxmış, müxtəlif dünyagörüşlü ziyalıların şəxsində inkişaf etdirilərək xalq kütlələrinin müzakirəsinə verilmişdir (bax: N.Cəfərov və b. Azərbaycan nitq mədəniyyəti. Bakı, "Şərq-Qərb", 2018, s.143). V.Aslanov 1920-ci illərdən başlayaraq dilimizin lüğət tərkibinin inkişafı və dəyişməsini ən ziddiyyətli dövrlər kimi qiymətləndirir; əlifbamız və dilimizin orfoqrafiya qaydaları dəfələrlə yenilənmiş və bütün bunlar lüğət tərkibinə öz təsirini göstərmişdir. Xüsusilə, terminologiya sahəsi ideoloji mübarizə cəbhəsinə çevrilmişdi. Ona görə də terminologiya sistemlərində ərəb, fars, rus və Avropa dilləri sözlərinin sayı Azərbaycan dilinin keçdiyi mürəkkəb tarixi proseslə üzvi əlaqədə dəyişmişdir (Azərbaycan ədəbi dili tarixi (sovet dövrü), III c., Bakı, "Elm", 1982, s.107).
20-ci illərdə terminologiya sahəsində hərc-mərcliyi aradan qaldırmaq üçün Mərkəzi İcraiyyə Komitəsi yanında İstilah Komissiyası yaradılır. Alınma sözlərə münasibət bildirilir, milli mətbuat və elmi ictimaiyyət də bu məsələlərə biganə qalmır.
"Maarif və mədəniyyət" jurnalının 1923-cü il 3-cü sayında Ə.Cövdət ərəb və fars mənşəli terminləri dilimizdən tamamilə təmizləmək şüarı ilə çıxış edən İstilah Komissiyasının hazırladığı terminoloji lüğətlərə tənqidi münasibətini bildirən məqalə ilə çıxış edir. Həmin lüğətlərdən bəzi nümunələr gətirək:
qradus - dərəcə - bölki
zemlətresenie - zəlzələ - titrənmə
karta - xəritə - taslaq
kruq - dairə - girdola
materik - qitə - parçaquru
masştab - miqyas - özölçüm
naselenie - əhali - yaşaq
promıhlennostğ - sənaye - törədiş
port - liman - qapı
arteriə - şəryan - qızıl damar
vena - vərid - kök damar
vğöhiesə - sətləq - sarmaşanlar
dıxanie - tənəffüs - hək alma
priroda - təbiət - varış
koliçestvo - kəmiyyət - nancalıq
reşenie - həll - çürüş
summa - məcmu - tupal
uravnenie - moadelə - tartış
qeometriə - həndəsə - biçimbil
konus - məxrut - incik
mera - mizan - ölçək
oqraniçenie - məhdudiyyət - çitli
piramida - ehram - inciktay
koliçestvo - kəmiyyət - buyur köçür.
(Davamı olacaq)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!