Miryaqub Mirmehdizadə alim və mühərrir kimi - Dilqəm ƏHMƏD

Dilqəm ƏHMƏD

Azərbaycan Cümhuriyyətini Paris Sülh Konfransında de-fakto tanıdan heyətin üzvlərindən Miryaqub Mirmehdizadə siyasi kimliyi ilə yanaşı, alim və mühərrir kimliyi ilə də bilinməkdədir. Xüsusən də, mühacirət dövründə yazdığı kitablar, məqalələr, oxuduğu mühazirələr onun zəngin biliyə və dünyagörüşünə sahib olduğunu göstərməkdədir. 

 

Miryaqub bəyin diplomu

 

1891-ci ildə Bakının Xırdalan qəsəbəsində doğulan Miryaqub bəy 1 sentyabr 1908-ci ildən 1 iyun 1909-cu ilədək Aleksandropol Kommersiya Məktəbində oxuyaraq tam orta təhsilini başa vurub. Sankt-Peterburq Politexnik İnstitutunun İqtisad Fakültəsində ali təhsil alıb. 1913-cü ildə Kiyevdə gizli şəkildə fəaliyyət göstərən rusiyalı müsəlman tələbələrin toplantısında iştirak etdiyi üçün həbs olunub, buna görə də institutdan qeydiyyatı silinib. Qısa zaman sonra instituta bərpa edilib, 1915-ci ildə məzun olub. Ali məktəbi iqtisad elmləri namizədi dərəcəsi ilə bitirib. 

Cümhuriyyətin işğalından sonra digər heyət üzvləri kimi, Avropada yaşayan Mirmehdizadə Prometey təşkilatında təmsil olunub, eyni zamanda heyət üzvü kimi fəaliyyətini davam etdirib. M.Rəsulzadənin Avropada nəşr etdirdiyi jurnallara məqalələr yazan Miryaqub bəyin 90-a yaxın yazısı işıq üzü görüb. O, Parisdə olduğu müddətdə Montpellier Universitetində hüquq üzrə doktorluq işi də müdafiə edib. Həmin universitetdən Miryaqub bəyə verilən diplomun surətini əldə etmişik. Belə ki, türk mühacirətşünas Ömər Özcan Miryaqub bəyin Əhməd Cəfəroğlu ilə yaxın dostluğunun olduğunu, arxivinin bir qisminin onun ailəsində ola biləcəyini söyləmişdi. Türkiyədə elmi fəaliyyət göstərən həmyerlimiz Dos. Dr. Zaur Qasımovun vasitəsilə Cəfəroğlunun qızı Nazan Ölçer xanımın arxivindən həmin diplomun surətini ala bildik. Diplomdakı məlumatlara görə, Montpellier Universitetinin professorları 15 dekabr 1926-cı ildə verilən hüquq doktorluğu yetərlilik sənədini gördükdən sonra 1891-ci ildə Azərbaycanın Bakı şəhərində doğulan Miryaqub Mirəziz oğlu Mehdiyevə siyasi və iqtisadi elmlər üzrə hüquq doktoru ünvanı veriblər. Diplom 18 may 1928-ci ildə nazir Herriot tərəfindən imzalanıb, 7 iyun 1928-ci ildə universitetin rektorluğu tərəfindən təqdim olunub. Miryaqub bəy Türkiyəyə gəldikdən sonra diplomunun təsdiqlənməsi üçün Maarif Vəkalətinə müraciət edib, 27 dekabr 1946-cı ildə bu ölkədə elmi dərəcəsi qəbul edilib. 

 

Miryaqub bəyin əsərləri

 

Miryaqub bəy mühacirətdə 5 kitab qələmə alıb: "Sovet rejimi. Qaynaqlar və mahiyyəti" (Paris, 1926), "Beynəlmiləl siyasətdə petrol" (İstanbul, 1928), "Qafqaz problemi" (Paris, 1933), "Beynəlxalq vəziyyət və SSRİ-də milli problem" (Paris, 1934), "Avropa və Asiyada siyasi vəziyyət" (Paris, 1936). Kitablardan ilk üçü şəxsi arxivimizdə mövcuddur. 

Miryaqub bəyin "Beynəlmiləl siyasətdə petrol" əsəri əvvəlcə "Azəri Türk" jurnalında hissə-hissə dərc olunub, 1928-ci ildə isə Milli Azərbaycan Nəşriyyatının 9-cu kitabı olaraq işıq üzü görüb. Kitaba Məhəmməd Əmin Rəsulzadə müqəddimə yazıb və müəllifin uğurunu bu şəkildə dəyərləndirib: "Milli mücadiləmiz nöqteyi-nəzərindən təhlil və təmiqinə son dərəcədə möhtac olduğumuz bu məsələnin əhəmiyyəti üzərinə mətbuatımızda ilk dəfə nəzər-diqqət cəlb etmək şərəfi dostumuz Miryaqub bəyə nəsib olur". O, bu kitabın Türkiyə və İran mətbuatında da əks-səda doğurduğunu bildirib.

Kitab haqqında "Odlu yurd" jurnalında elan verilib. Yenə həmin jurnalda verilən məlumata görə, bu əsər N.Mahundao tərəfindən Çin dilinə tərcümə edilib, Nankində Çan-Kay Şekin baş redaktorluğu ilə çıxan "Santral" məcmuəsində işıq üzü görüb. 1994-cü ildə əsər Bakıda Səfər İbrahimli tərəfindən transliterasiya edilərək çap olunub. 

2024-cü ildə Murat Baz adlı türk tələbə "Mir Yakup Mehdiyev'in Beynelmilel Siyasette Petrol isimli kitabının tercümesi ve değerlendirilmesi" adlı magistr işi qələmə alıb. 

Miryaqub bəyin 1933-cü ildə Parisdə çap etdiyi "Qafqaz problemi" adlı əsərini Əhməd Cəfəroğlu "Azərbaycan yurd bilgisi" məcmuəsinin həmin il çıxan 23-cü sayında təhlil edib. Cəfəroğlu haqlı olaraq Miryaqub bəyin tədqiqatçılıq fəaliyyətini yüksək qiymətləndirib: "Rus, fransız, ingilis, İran lisanlarına aşinalığı, on beş ildən artıq Fransada yaşayaraq Qafqaz məsələlərini yaxından təqibə imkan tapan Dr. Miryaqub bəyin əsərləri, şübhəsiz ki, Paris kitabxanalarındakı araşdırmalardan əldə edilən nəticələri xülasə edən və bildiyimizi təkrar edən bir müəllifin əsərləri deyildir. Əksinə, özünün də iştirak etdiyi Qafqaz millətlərinin həyatında beynəlmiləl siyasətin yaratdığı vəziyyətləri tənvir və tədqiq edən siyasi bir Azərbaycan istiqlal mücahidinin araşdırmalarıdır". 

Göründüyü kimi, Cəfəroğlu Miryaqub bəyin həm dil, həm də Fransa kitabxanalarında tədqiqat aparmaq imkanları ilə yanaşı, tədqiq etdiyi mövzunun birbaşa iştirakçılarından biri olması nüansını qabardıb. Qeyd edək ki, bu əsərin bir nüsxəsini mərhum yazıçı Əzizə Cəfərzadə vaxtilə Nazan xanımdan almış və 1996-cı ildə Bakıda Əziz Gözəlsoyun tərcüməsində nəşr edilib. 

 

M.Ə.Rəsulzadə Berlində nəşr etdiyi "İstiqlal" qəzetinin 1933-cü ildə çıxan 44-cü sayında kitabla bağlı "Qafqaz məsələsi" adlı məqalə qələmə alıb. Rəsulzadəyə görə, bu əsərdə Qafqaz millətlərindəki milli intibah, siyasi fəaliyyət və istiqlal mücadilələri haqqında müxtəsər məlumatlar verilib, eləcə də Qafqaz cümhuriyyətləri arasındakı tarixi anlar təqdim edilib. 

Miryaqub bəyin digər əsərləri isə Parisdə rus dilində çap olunub.

Mirmehdizadənin "Azəri Türk", "Odlu yurd", "İstiqlal", "Qurtuluş", "Şimali Qafqaz", "Prometey", "Yaş Türküstan" kimi dərgi və qəzetlərdə məqalələri işıq üzü görüb. Onun yazılarının mövzusu daha çox Qafqaz və Rusiya məsələləri, eləcə də beynəlxalq siyasətlə bağlıdır. "Prometey" dərgisində Şah İsmayıl və Atatürk haqqında da yazı qələmə alıb. 

 

Miryaqub bəyin mühazirələri

 

1933-cü ildə Miryaqub bəy Parisdə "Prometey" məcmuəsinin idarəxanasında "Milli hərəkatlar və milliyyət məsələsi" mövzusunda mühazirə oxuyub. O, çıxışında milliyyət məsələsinin tarixi təkamülü və Sovet Rusiyasının işğalı altında yaşayan qeyri-rus millətlərin milli hərəkatları haqqında bəhs edib. Tədbirdə azərbaycanlılarla yanaşı türküstanlı, şimali qafqazlı və gürcü nümayəndələr iştirak ediblər. Bu mühazirənin mətni 1932-1933-cü illərdə "İstiqlal" qəzetində silsilə şəklində bir neçə sayda dərc olunub. 

1934-cü ildə Miryaqub bəy Parisdə Qafqazı Öyrənmə Cəmiyyəti tərəfindən tərtib olunan yığıncaqda "Klassik Azərbaycan ədəbiyyatı" adlı mühazirə oxuyub. O, çıxışında Şah İsmayıl Xətai, Həqiqi, Füzuli kimi şairlərin həyatı və əsərləri haqqında məlumat verib, onların irsindən bəzi hissələri tərcümə edərək xarici və qafqazlı qonaqları təsirləndirib. 

1935-ci il fevral ayının əvvəlində Mirmehdizadə Parisdə "Sosyete Savan" salonunda Qafqazı Öyrənmə Cəmiyyətinin təşəbbüsü ilə "Firdovsi və yaradıcılığı" mövzusunda mühazirə oxuyub. "Qurtuluş" jurnalı tədbirin əhəmiyyəti haqqında yazıb: "Salonu ağzına qədər dolduran dinləyicilər Miryaqub bəyin Şərqin bu böyük dahisi və İranın əzəmətli vətənçi şairi haqqında çox canlı olaraq verdiyi təfsilat və etdiyi təhlilləri böyük bir maraq və diqqətlə dinləyərək nəticədə dəqiqələrlə davam edən alqışlarla xətibə təşəkkürünü bildirdi". 

Bu tədbir Firdovsinin doğumunun mininci ildönümü münasibətilə baş tutub. 

1935-ci il may ayının 20-də Qafqaz, Türküstan və Ukrayna Dostları cəmiyyətinin salonunda Polşa lideri Jozef Pilsudskinin xatirəsinə ithaf edilən yığıncaq keçirilib. Tədbirdə Azərbaycan adına cəmiyyətin üzvü Miryaqub bəy iştirak edib, Lenin ilə Pilsudskini müqayisə edib. Mirmehdizadəyə görə, Lenin dağıdıcı, nifrətəlayiq biri olduğu halda, Pilsudski qurucu və sevgiyəlayiq bir şəxsiyyətdir. 

1936-cı ilin aprel ayında "Sosyete Savan" binasında yenə həmin cəmiyyətin təşəbbüsü ilə Miryaqub bəy "Asiya məsələləri" adlı sovetlərin beynəlmiləl vəziyyətinə dair bir mühazirə oxuyub. İki saat davam edən mühazirədə Mirmehdizadə Şərqdə inkişaf edən Yaponiya, Qərbdə isə Almaniya arasında qalan Rusiyanın bu prosesdən qorxduğunu bildirib, mövcud vəziyyəti geniş şəkildə təhlil edib. O, Şərqdən və Qərbdən qalxan bu tufanların qırmızı Rusiya imperiyasını devirəcəyini bildirib, ona görə də məhkum xalqların bu prosesə hazır olmasını qeyd edib. Tədbirdə cəmiyyətin sədri A.Şulgin, Ş.Balinov, J.Qvaza və azərbaycanlı Abbas bəy Atamalıbəyov da çıxış ediblər. 

İstanbulda rus dili müəllimi

 

Böyük ehtimalla Miryaqub bəy 1941-ci ildə Türkiyəyə gəlib. İstanbulda İdil-Ural türklərinin lideri Ayaz İshaqi ilə yaxın dostluq münasibətində olub. 1946-cı ildən etibarən o, İstanbul Hərb Akademiyasında rus dilindən dərslər deyib. Ömər Özcan A.İshaqinin məktublarına əsasən, Miryaqub bəyin fərdi şəkildə də rus dilindən dərslər verdiyini yazıb. Miryaqub bəyin son elmi fəaliyyəti haqqında "Hürriyet" qəzetində vəfatı ilə bağlı dərc edilən nekroloqda da bildirilib: "Milli Azərbaycan Cümhuriyyətinin Avropa nümayəndəsi, İstanbul Hərb Akademiyasının rus dili müəllimi, Heybəli Ali Dəniz Məktəbi İqtisad Professoru, Hüquq Doktoru Miryaqub Mehdier 7.11.1949 sabahı infarktdan vəfat etmişdir. Cənazəsi bu gün 8.11.1949 tarixində günorta namazı ərəfəsində Teşvikiyə məscidində cənazə namazı qılındıqdan sonra Fəriköy məzarlığında dəfn ediləcəkdir". 

Vəfatı ilə bağlı "Ulus" qəzetində də bir nekroloq verilib. Təəssüf ki, 1949-cu ildə Türkiyədə Azərbaycan mühacirlərinə aid mətbu orqan olmadığı üçün Miryaqub bəyin dəfnində kimlərin iştirak etdiyinə dair məlumatımız yoxdur. O, İstanbulda Feriköy İslam məzarlığında Əbdüləli bəy Əmircanın məzarının yanında dəfn edilib. Vəfat edərkən nişanlı olub. 

Türkiyə mətbuatından əldə etdiyimiz məlumata görə, 19 noyabr 1949-cu ildə Azərbaycan Kültür Dərnəyi Miryaqub bəyə anım mərasimi keçirib. Ehtimal ki, həmin mərasimdə M.Ə.Rəsulzadə silahdaşı haqqında geniş nitq söyləyib. Elanda Miryaqub bəy sabiq Azərbaycan Milli Şurasının üzvü, iqtisad doktoru və Azərbaycanın sabiq London təmsilçisi kimi təqdim olunub.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!