İstanbul Darülmüəllimindəki tələbəlik fotoşəkli
Dilqəm ƏHMƏD
XX əsrin əvvəllərindən etibarən Azərbaycan türklərinin təhsil üçün üz tutduğu ölkələr arasında Osmanlı dövləti də vardı. Əli bəy Hüseynzadə, Hüseyn Cavid, Abdulla Sur, Qantəmir, Məhəmməd Orxanbəyli, Əlabbas Qədimov, Mirəhməd Miryəhyayev, Əhməd Həmdi Qaraağazadə kimi şəxslər bu ölkədə təhsil alıb, İstanbulla Bakı arasındakı əlaqələrin güclənməsinə səbəb olublar. 1920-ci ildə Azərbaycan Cümhuriyyəti hökuməti xaricdə təhsil almaq üçün yüz tələbə göndərərkən, onlardan bu şəxslər Türkiyədə təhsil almağı seçiblər: Əlimuxtar Həsənov, Məhəmmədzəki Dursunzadə, Əliyusif Cəfərov, Məhəmmədhənəfi Zeynallı, Əbdül Əbdülzadə, Abdulla Tahirzadə, Mirzeynəlabdin Mirqasımov, Məhəmməd bəy Mahmudov, Əli Kərimov, Sadəddin Hacı Həsən oğlu.
Cümhuriyyətin işğalından sonra Türkiyəyə köçən mühacirlər və onların övladları da bu ölkədə təhsil alıblar. Əhməd Cəfəroğlu, Hüseyn Baykara, Məryəm Əmircan, Səlim Rəfiq Rəfioğlu, Sürəyya Ağaoğlu, Abidin İtil, Tezer Taşkıran, Səməd Ağaoğlu, Əli Gəncəli, Dilşad Talıbxan, Sürəyya Odoğlu kimi şəxslər İstanbulda oxuyublar.
Bu dövrdə Sovet Azərbaycanından da təhsil üçün İstanbula yola düşənlər olub. Onların başında Əmin Abid Əhmədov gəlməkdədir.
Gecikmiş ərizə
Əmin Abid Əhmədov 15 noyabr 1898-ci ildə Bakıda daş yonmaqla güzəranını keçirən Mütəllib kişinin ailəsində doğulub. Şəhərdəki III Aleksandr kişi gimnaziyasında təhsil alıb. Ədəbiyyata olan sevgisi onu Osmanlı paytaxtına aparıb. 1918-ci ilin sentyabrın əvvəllərində o, İstanbula yola düşüb, bu şəhərdəki darülmüəlliminə daxil olub.
Professor Ədalət Tahirzadənin yazdığına görə, 1920-ci ilin yanvarında Azərbaycan Cümhuriyyəti hökuməti xarici dövlətlərə ali təhsil almaq üçün tələbələr göndərdikdən sonra Əmin Abid də dövlət təqaüdçüləri sırasına salınması üçün İstanbuldakı Azərbaycan səfirliyinə ərizə ilə müraciət edib və səfirlik onun məktubunu Bakıya - Xariciyyə Nəzarətinə, XN isə, öz növbəsində, 3 aprel 1920-ci ildə Xalq Maarif Nəzarətinə göndərib. Özünün darülfünunda oxuduğunu göstərən Əmin Abid bu məktubunda yazırdı: "Bu vəqtə qədər kəndi məsarifimlə təhsilə davam etdim. Şimdi ehtiyac dolayısıyla istianəyə [yardıma] məcbur olduğumdan, bir Azərbaycan tələbəsi sifəti ilə zati-alinizə müraciətən təhsilimin sona kadar hökuməti-əliyyəmiz tərəfindən acizlərinə maddi müavinətdə bulunulmasını rica və istirham edirəm. Ol babda əmrü fərma əfəndim həzrətlərinindir.
İstanbul Darülfünunu müdavimlərindən Əmin Abid Mütəllibzadə. Səneyi-[1]336 mart [mart 1920]".
Səfirlik məktuba əlavə olaraq Əmin Abidlə bağlı aşağıdakı arayışı da əlavə edib: "Sahibi-istida Əmin Abid Mütəllibzadə bakılı şair Əliabbas Müznib əfəndinin bəradəridir. Kəndisi Bakıda Alekseyevski məktəbini bitirdikdən sonra İstanbula gələrək darülfünuna daxil olmuşdur. Birinci sinfə davam ediyor. İstanbula 27 kanuni-əvvəl [1]335 [27 dekabr 1919] tarixində gəlmişdir.
Bakıdakı adresi: Birinci Paralelni və Yuxarı Tazapir caddələrinin köşəsində 2 nömrülü çıkmaz sokakda bir nömrülü xanə. İstanbuldakı adresi: Dərsəadət, Cığaloğlunda, Darülmüəllimini-aliyyə birinci sinif tələbələrindən qafqasyalı Ə.Abid".
Müraciət tarixi gec olduğu üçün Abid Cümhuriyyət tələbələri siyahısına daxil ola bilməyib.
İstintaqa verdiyi ifadəsində də Əmin Abid bəzi faktları təsdiqləyib. Professor Bədirxan Əhmədov 2003-cü ildə nəşr etdirdiyi "Bir istiqlal yolçusu..." adlı əsərində Abidin istintaqdakı sorğulara verdiyi cavabları təqdim edib: "1918-ci ildən 21-ci ilə qədər öz hesabıma oxumuşam, bundan sonra mənə stipendiya təyin olunmuş, Azərbaycan hökuməti tərəfindən ayda 35 dollar almışam. 1918-ci il sentyabrın əvvəllərində Konstantinopolda Müəllimlər Seminariyasına daxil oldum. Azərbaycanın sovetləşməsindən sonra, 1921-ci ilin yayında Bakıya döndüm. Bakıda Narkompross ASSR mənə stipendiya təyin etdi, məni yenidən Konstantinopola təhsilimi davam etdirməyə göndərdi. Azərbaycan SSR-in stipendiantı kimi, Müəllimlər Seminariyasını qurtardıqdan sonra Konstantinopol Universitetinin ədəbiyyat şöbəsinə qəbul olundum və buranı 1926-cı ilin sonunda bitirdim. 1927-ci ilin əvvəlində Azərbaysana qayıtmışam".
Beləliklə, Abid 1922-ci ildə sovet hakimiyyətinin təqaüdü ilə yenidən İstanbula göndərilərək həm universitetin ədəbiyyat fakültəsində oxuyub, həm də burada Köprülüzadənin rəhbərliyi altında "Azərbaycan türklərinin ədəbiyyat tarixi" əsərini yazıb. Hazırda İstanbul Universitetinin arxivində saxlanılan bu əsər 21 sentyabr 1926-cı ildə Fuad Köprülüzadə, A.Fikrət və Fərid bəydən ibarət komissiya tərəfindən müdafiə üçün təsdiqlənib. Hətta əlyazmanın üzərində Abid tərəfindən belə bir qeyd yazılıb:
"Köprülüzade Mehmed Beyefendi'ye!
Muhterem Üstadım,
Bu gün kısmen takdim ettiğim ve Bakü'de neşrine ictisar edeceğim Azeri-Türk Edebiyatı Tarihi namındaki eser-i acizimi, Kafkas ve Azerbaycan gençliğinin kalbinde sevimli bir yer tutan mübeccel isminize ithaf etmekle bahtiyarım.
İstanbul-1924
Kafkasyalı Emin Abid".
Ə.Abid Sovet Azərbaycanının təqaüdü hesabına təhsil almasına baxmayaraq o, İstanbuldakı ikinci təhsili dövründə azərbaycanlı mühacirlərlə yaxın əlaqədə olub, Məhəmməd Əmin Rəsulzadənin nəşr etdiyi "Yeni Kafkasya" jurnalında "Gültəkin" ləqəbi ilə şeir və məqalələr qələmə alıb. Eləcə də "Türk yurdu" jurnalında da Azərbaycan ədəbiyyatı ilə bağlı yazıları dərc olunub. 1926-cı ildə "Sərvəti-fünun" məcmuəsində qələmə aldığı "Qafqaz türklərində fikri cərəyanlar" adlı məqaləsi olduqca dəyərlidir. "Yeni Kafkasya"da "İstiqlal şəhidləri" başlığı altında Gültəkin imzası ilə yazdığı "Müəllim Köçərli Firidun bəy", "Müəllim Qəbulzadə İslam bəy", "Mürsəlzadə Piri bəy" kimi yazıları Abidin bolşevik hökuməti ilə barışa bilmədiyini göstərməkdədir. Təəssüf ki, onun bu fəaliyyəti hələ Azərbaycana qayıtmazdan öncə bolşevik kəşfiyyatına məlumdu. Nəticədə o da repressiya dövründə istiqlal şəhidləri siyahısına daxil oldu.
1920-ci illərdə İstanbulda mücadilə apardığı istiqlal yoldaşları onun xatirəsini həmişə yaşatdılar. Kimliyini illər sonra açıqlasalar da, Gültəkin imzası ilə yazdığı şeirlər təkcə mühacirət mətbuatında deyil, Türkiyədəki bir çox millətçi məcmuələrdə dərc edildi. 1948-ci ildə Mirzəbala Məhəmmədzadə "Buzlu cəhənnəm" kitabını hazırladı, M.Ə. Rəsulzadə Azərbaycan xalqına onun misraları ilə xitab etdi. Mühacir şair Almas İldırım 1936-cı ildə İstanbulda çıxartdığı kitabının qapağına onun bir misrasını yazdı. Sonrakı illərdə isə Məhəmməd Altunbay, Lətif Elsevər, Əli Volkan kimi mühacirlər məqalə və müsahibələrində ondan bəhs etdilər.
İstintaq ifadələrində Əmin Abid İstanbulda M.Ə. Rəsulzadə ilə əlaqələrini və "Yeni Kafkasya" dərgisində məqalələr yazmasını etiraf edib. Şəxsi arxivimizdəki bir məktub da bunu isbat etməkdədir. Elmi araşdırma üçün Avropaya gedərkən, Buxarestdən M.Ə. Rəsulzadəyə göndərdiyi açıqcada Əmin Abid yazıb:
"Bükreş, 8 Teşrin-i evvel [Ekim] 1924
Muhterem Emin Bey
On gün Romanya'nın muhtelif şehirlerini gezdikten sonra Bükreş'e geldik. Burada hiç rahat ettiğimiz yoktur. Sabahtan akşama kadar muhtelif müessesatı geziniyoruz. İki gün sonra Silistre'ye hareket edeceğiz. Dobruca İslamları bir heyet göndererek bizi davet ettiler. Seyahatimize Romanya hük?meti çok ehemmiyet veriyor ve her yerde bizim seyahatimize siyasi bir elbise giydirmeye çalışıyor. Hatta siyasetimizi Peşte'ye kadar temdit etmekten vaz geçmemize çok ceht sarf ediyorlar. Mamafih, bizi her yerde fevkal?de bir surete istiskal ediyorlar.
Baki hürmetlerimi takdim eder, ...Ahmet ve Mustafa beylere selamımı tebliğ rica ederim.
E.Abid
Constantinople
Çarşıkapı'da Kandilli sokakta 5 numerolu hanede, "Yeni Kafkasya" idarehanesinde Resulzade Muhammed Emin Bey'e takdim olunsun.
İstanbul."
Fikrimizcə, Azərbaycan mühacirəti ilə bu qədər sıx əlaqələri olan Əmin Abidin Azərbaycana qayıtmasında hər hansı bir xüsusi vəzifə də ola bilərdi.
Əmin Abidin tələbəlik fotoşəkli
Bu yaxınlarda şəxsi arxivimizə İstanbul darülmüəllimində təhsil almış bir qrup tələbənin fotoşəkli daxil oldu. 1922-ci ilin fevral ayında çəkilmiş bu fotoşəkildə altısı ayaqda, üçü stulda əyləşməklə 9 tələbə təsvir olunub. Tələbələr Nuri adlı qrup yoldaşları üçün fotoşəklin arxasını imzalayaraq hədiyyə ediblər. İmzalardan birində də "Bakülü Əmin Abid" ifadəsi qeyd olunub. Bu tarixi fotoşəkil Əmin Abidin İstanbuldakı ilk təhsil dövrünə aiddir. Fotoşəklin arxasından bəzi tələbələrin adlarını oxumaq mümkün oldu: Edremitli Əhməd Atıf, buxaralı Tacirzadə Əhməd Naim, Əmin Saleh. Fotoşəkildə Ə.Abid oturanlar arasında sağdakı şəxsdir.
Əmin Abidin təhsil aldığı darülmüəllimin Tənzimat dövründə müəllim yetişdirmək üçün açılmış təhsil ocağıdır. 16 mart 1848-ci ildə İstanbulun Fatih səmtində rüşdiyyə məktəbləri üçün müəllim yetişdirmək məqsədilə darülmüəllimin açılıb. Üçillik olan bu məktəbin ilk müdiri Əhməd Cövdət paşa olub. 21 may 1852-ci ildə müəllim məktəbinin nizamnaməsi təsdiq edilib. 1869-cu ildə İstanbulda müxtəlif məktəblərə yüksək qabiliyyətli müəllimlər yetişdirmək üçün böyük bir darülmüəlliminin qurulmasına qərar verilib. Darülmüəllimini-kəbir adlanan bu qurum daha sonra Darülmüəllimini-əliyyə olaraq fəaliyyət göstərib. Beləliklə, Əmin Abid Osmanlı dövlətində 1848-1924-cü illərdə fəaliyyət göstərmiş kişi müəllim yetişdirmə məktəbi olan darülmüəllimini-əliyyədə təhsil alıb. Əldə etdiyimiz fotoşəkil də həmin dövrə aiddir.
Əmin Abid irsinin tədqiqatçısı Əli Şamil bəydən fotoşəkildəki tələbələri tanıyıb-tanımadığını soruşduğum zaman Əliabbas Müznibin fondunda qorunan bir qəbzdən bəhs etdi. Orada yazılıb: "Quruş 2000. Yalnız iki bin ğuruşdur. Bir vəche iki bin ğuruşu Buxaralı Əhməd Nəim bəgdən aldığım səbəbdən iş bu sənəddən sikkə obrazında məbləği-məzkurun ailəm tərəfindən kəndisinə etası zəhnində bali-tənəzzim əta qılındı. 18 mayıs İstanbul Darülmüəllimiyə tələbəsindən Bakulu Mütəlib oğlu Əmin Abid".
Şəxsi arxivimizdə Əmin Abidə göndərilmiş iki açıqca da mövcuddur. Bu açıqcalar Abidin yox edilmiş arxivindən xilas olanlardır. Hər iki açıqca onun Türkiyə həyatı ilə bağlıdır. Birinci açıqcada yazılıb: "İstanbul Darülfünün Edebiyat şübesinde Bakülü Emin Abid Bey'e takdim olunur. Sevgili kardeşim Emin Abid Bey'e. Ramazan bayramınızı tebrik ederim. Muhibbiniz İbrahim Rifat. Konya'dan".
Digər açıqca isə yaxın bir dostunun hisslərindən ibarətdir: "Kardeşim Abid Bey. Kartını aldım. Teşekkür ederim. Seni daima hatırlarım ve hakkında samimi hisler beslerem. Bayram münasebetiyle tebrikatına samimiyetle mukabele ederim. Hakikaten gurbette olduğumu burada bütün çıplaklığıyla hissediyorum. Bilhassa bu mübarek günlerinde etrafımda candan kimseyi görmedikçe meyus oluyorum. Zenginliğe gelince: Zenginlik yolundayım. Para ile uğraşıyorum. İşim para, sözüm para, yazdığım, çizdiğim hep para. Her halde parayı sevmediğim kadar sevmeğe başladım. Zengin olacağım, emin ol. Zaten eminsin, çünkü Eminsin... Gözlerinden öperim kardeşim Kerem".
Ümid edirik ki, Əmin Abidin Türkiyədəki təhsil həyatının öyrənilməsində faydalı olacaq bu tarixi fotoşəkil yeni tədqiqatlara cığır açacaqdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!