XIX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın həm ata, həm ana tərəfindən şair qohumları olmuşdur ki, biz bu yazıda onun şairlik istedadı olan anası, bibiləri və qızı haqqında məlumat verəcəyik.
Bədircahan Bəyim (?-1861): X.Natəvanın anası olan bu xanım 1785-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Əsli XVI əsrdən Gəncədə hökmranlıq edən Qızılbaş tayfalarının bir qolu olan Ziyadoğlular nəslindəndir. Atası 1804-cü ilin yanvar ayının 4-də general Pavel Sisiyanovun başçılığı altında Gəncəni mühasirədə saxlayan rus işğalçı qoşunları ilə döyüşlərdə qəhrəmancasına şəhid olmuş Gəncə hakimi Cavad xanın (1748-4 yanvar 1804) böyük oğlu, qeyri-adi cəsarəti və sərkərdəlik bacarığı ilə seçilən Uğurlu bəy, anası Cahan bəyim isə Gəncə xanlarından olan Məhəmməd xanın qızıdır. Bədircahan xanım Qarabağın sonuncu hakimi Mehdiqulu xanla (1763-15 may 1845) ailə qurmuşdur. Ailənin uzun müddət övladı olmamış, nəhayət 1832-ci ildə övladları dünyaya gəlmişdir. Mehdiqulu xan qızına anasının, Bədircahan bəyimin bibisi, Cavad xanın qızı Xurşidbanunun adını vermişdir. Çox xeyirxah, alicənab və mərdanəlikdə kişilərdən geri qalmayan Bədircahan xanım Mehdiqulu xanın ölümündən sonra qızı Xurşidbanu ilə birgə Qarabağ xanlığının mülklərinin idarə olunmasında yaxından iştirak etmişdir. Bədircahan bəyim 1861-ci ildə Şuşada vəfat etmişdir. Tədqiqatçılardan Bəylər Məmmədov və İslam Qəriblinin yazdıqlarından belə məlum olur ki, onun şairliyi də varmış. Əsərlərini hələlik əldə etmək mümkün olmasa da, aşağıdakı beytin ona məxsus olması bildirilir:
Görəsən, dilbərimin bunca təmənnası nədir,
Küsdürüb aşiqini könlünü alması nədir?
(Bəylər Məmmədov. Natəvanın şair qohumları. Bakı: "Yazıçı", 1989, s.26; İslam Qərinli. Xurşidbanu Natəvan: həyatı və yaradıcılığı. Bakı: "Elm və təhsil", 2022, s. 14)
Ağabəyim ağa Ağabacı (1782-1832): Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan Cavanşirin (1693-1763) oğlu İbrahimxəlil xanın (1732-12 iyun 1806) qızı, Əbülfət xan Tutinin bacısı (1766-1839), Xurşidbanu Natəvanın (1832-1 oktyabr 1897) bibisidir. Məhəmməd ağa Müctəhidzadə "Riyazül-Aşiqin" təzkirəsində onun haqqında yazır: "Mərhumeyi-müşarəleyha İbrahim Xəlil xan Cavanşirin kərimkeyi-iffət vəsiməsi və Əbülfəth xan Tuti təxəllüsün həmşireyi-fəximəsidir" (Məhəmməd ağa Müctəhidzadə.Riyazül-Aşiqin. Bakı: "Elm" nəşriyyatı, 2022, s. 14).
1782-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Ağa Məhəmməd şah Qacarın Şuşada öldürülməsindən sonra (1797) qardaşı Əbülfət xanla (1766-1839) Tehrana, Fətəli şahın sarayına göndərilmişdir. M.Müctəhidzadə yazır: "Bu banuyi-möhtərəmə və xatuni-müəzzəmə darülismətə varid olan kimi cəmi ağlının payəsi artıq olmaqlığa görə əhli-hərəm üçün böyük olub və banuyi-hərəmlik ləqəbilə müləqqəb oldu" (M.Müctəhidzadə. Göstərilən əsəri, s. 20-22).
Mənbələrin yazdığına görə, şah Ağabəyimin gözəlliyinə, zəkasına heyran olaraq onu şahbanu (baş xanım) təyin etmişdir.
Professor Əzizə Cəfərzadənin tərtib etdiyi "Azərbaycanın aşıq və şair qadınları", filologiya elmləri namizədi Bəylər Məmmədovun "Natəvanın şair qohumları", professor İslam Qəribli "Xurşidbanu Natəvan: həyat və yaradıcılığı" kitablarında Ağabəyim haqqında məlumat və əldə edilə bilən əsərlərindən nümunələr verilmişdir.
Cənubi Azərbaycan alimi Məhəmmədəli Tərbiyət "Danişməndani-Azərbaycan" əsərində onun haqqında yazır: "Ağabəyim "Tuti" təxəllüsü ilə məşhur olan Əbülfət xanın bacısı, İbrahim xan Cavanşirin qızıdır. Fətəli şah taxta çıxandan sonra Ağabəyimlə evlənmiş, onu özünə baş hərəm etmişdir. Hicri-qəməri 1226-cı ildə (M: 1811) İngiltərə kralı və kraliçası tərəfindən Sir Kor Uzli İrana fövqəladə səfir təyin edilmiş və o öz arvadı ilə birlikdə bir çox töhfələrlə İrana gəlmişdir. Sir Kor Uzli Fətəli şahın qəbuluna gəldikdə səfirlik məktubunu brilyant düyməli bir qutuda şaha və almazla toxunmuş bir kisəni şahın baş hərəmi olan Ağabəyimə təqdim etmişdir. Bu hadisə haqqında tarix kitablarında geniş məlumat vardır.
Ağabəyim hicri-qəməri XIII (M: XIX) əsrin şeir ustadlarından olmuş və hicri-qəməri 1248-ci ildə (M: 1832) Qum şəhərində vəfat etmişdir. Aşağıdakı iki beyt onundur:
Vüsalına çatanların başqa zövqü, səfası var,
Çünki gözəl yar kuyunun saf suyu, xoş havası var.
Səfər vaxtı zəng elədim ürəyimin dəvəsinə,
Bu, qaydadır hər dəvənin öz zəngi, öz nəvası var".
(Məhəmmədləli Tərbiyət. Göstərilən əsəri, s. 20-21 )
Ağabəyim ağa əsərlərini Azərbaycan və fars dillərində yazmışdır. Azərbaycan dilində yazdığı:
Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilmədim ömrüm necə gəldi, necə getdi,
- beyti:
Əzizinəm Qarabağ,
Şəki, Şirvan Qarabağ.
Aləm cənnətə dönsə
Yaddan çıxmaz Qarabağ,
- bayatısı, fars dilində yazdığı fəxriyyəsi və bir neçə beyti günümüzə qədər gəlib çatmışdır.
Ağabəyim ağanın farsca yazdığı bir fəxriyyəsi də elm aləminə məlumdur ki, bu fəxriyyə çox vaxt onun bacısı Gövhər ağaya aid edilir. X.Natəvan haqqında tədqiqatların müəllifi olan Bəylər Məmmədov altı beytlik bu şeiri Gövhər ağanın deyil, Ağabəyim ağanın əsəri hesab etmiş və Azərbaycan dilinə tərcümə edərək "indiyəcən bu fəxriyyəni Gövhər ağaya istinad edirdilər. Əslində isə bu şeir Ağabəyim ağanındır" qeydi ilə "Natəvanın şair qohumları" kitabına daxil etmişdir. Şeirin ilk və son beytlərini burada qeyd edirik:
Əgər küləyə versəm zülfi-ənbərəfşanı,
Salar toruna bir-bir səhra ahularını.
Yerişdə kəkliyəm mən, uçuşda da şahbazam,
Bir qırpımda ovlaram padişahi-ünqanı.
(B.Məmmədov. Natəvanın şair qohumları. Bakı: "Yazıçı", 1989, s. 17-18)
Gövhər ağa (1796-1888): X.Natəvanın bibisi olan bu xanım İbrahimxəlil xanın gürcü knyazlarından Abaşidzenin qızı Sofiyadan olan qızıdır. Mənbələrin verdikləri məlumata görə, 1896-cı ildə Şuşada anadan olmuşdur. Atasının sarayındakı müəllim və alimlərdən dərs almış, gənclik illərindən şeirə, musiqiyə maraq göstərmişdir. Şəkidə ərdə olan xalası Dariyanın təklifi ilə şəkili general-leytenant Cəfərqulu xanla ailə qurmuş, övladları olmamışdır. Ərinin ölümündən sonra "Şuşada çox az tanınan vəkil Xankişi bəylə ailə qurmağa razılıq vermiş və bu izdivac qarabağlıların ürəyincə olmadığından tənqidlə qarşılanmışdır" (Bəylər Məmmədov. Göstərilən kitabı, s. 21). Ona görə də Gövhər ağa Qarabağ əsilzadələriniun bir çoxunun tənələrinə tuş gəlmişdir.
"Azərbaycan aşıq və şair qadınları", "Natəvanın şair qohumları" və "Xurşidbanu Natəvan: həyatı və yaradıcılığı" kitablarında haqqında qısa məlumat və əsərlərindən nümunələr verilmişdir.
Gövhər ağa qardaşı qızı X.Natəvan kimi səxavətli və xeyirxah bir qadın olmuşdur. O, öz şəxsi vəsaiti hesabına 1883-cü ildə Şuşa meydanındakı köhnə məscidin yerində məscid tikdirmişdir ki, bu məscid sonralar "Gövhər ağa" məscidi adı ilə tanınmışdır.
Gövhər ağa 1888-ci ildə Şuşada vəfat etmişdir. O, ailə ənənəsinə görə Ağdam şəhəri yaxınlığındakı "İmarət" qəbiristanlığında dəfn olunmuşdur. Bir sıra mənbələrdə qəzəl və fəxriyyələrinin olduğu qeyd olunsa da, hələ ki onlardan yalnız Azərbaycan dilində yazdığı bir beyt və fars dilində yazdığı bir fərd əldə oluna bilmişdir:
Arizin görmək əgər müşkül olur dünyada,
Bir gədayəm ki, onu seyr edərəm röyada.
(Natəvanın şair qohumları. Bakı: "Yazıçı", 1989, s. 22)
Şoma dər xanemane xod bemanid,
Ke mabexaneman budim o rəftəm.
(Azərbaycanın aşıq və şair qadınları. Bakı: "Yazıçı", 1974 s.55)
Tərcüməsi:
Qalın evinizdə sağü salamat
Ki, biz evsiz-eşiksizdik də getdik.
M.Tərbiyət "Danişməndani-Azərbaycan" əsərində Əbülfət xan Tutidən danışarkən, Gövhər ağadan bəhs etmiş, haqqında aşağıdakıları qeyd etmişdir: "Gövhər xanım Azərbaycanın ədəbiyyatçı qadınlarındandır. Aşağıdakı şeir onundur:
Ənbər saçan saçları pərişan etsəm yellərdən,
Ahuları çəkərəm mən saçımla çöllərdən.
Kilsəyə getmək bir gün nəsibim olsa qəfildən,
Rahibə qızları mən çıxararam dinlərindən.
Baxışımla iki yüz ölü dirilər gözümdən,
İsaya xəbər verin mənim belə möcüzəmdən".
(M.Tərbiyət. Danişməndani-Azərbaycan. Bakı: Azərnəşr, 1987, s. 186.)
Xanbikə xanım (1856-1921): Xanbikə xanım Xurşidbanu Natəvanın qızıdır. O, 1856-cı ildə Şuşa şəhərində doğulmuş, saray mühitində tərbiyə almış, kiçik yaşlarından şair-həkim Mirzə Sadıq Sadiqin və şair Mirzə Rəhim Fənanın təsiri ilə şeir yazmağa başlamışdır.
F.Köçərli onun haqqında belə yazır: "X.Natəvanın Xasay xandan iki övladı olubdur: biri Mehdiqulu xan Sani və biri Xanbikə idi ki, Naxçıvan xanlarından İsmayıl xanın oğlu Aman xana verilmişdi" ( F.Köçərli. Göstərilən əsəri, s. 153).
Xanbikənin oğlu Əkbər xan Naxçıvanski xatirəsində ata və anası haqqında yazır: "Mənim atam Aman xan Naxçıvani Şuşaya gəlib Natəvanın qızı Xanbikəni alır. Bu əhvalat üstündə bu vaxt Qarabağ bəyləri arasında ziddiyyət düşür. Ancaq dayım Aman xanla dost olduğu üçün bu iş bir qədər yatırılır" (Ə.Naxçıvanskinin xatirəsi, s.21).
Bu xatirədən məlum olur ki, Əkbər xanın özündən böyük Bəhram xan və özündən kiçik Xaniman adlı qardaşları da olmuşdur. Yenə həmin xatirədə oxuyuruq: "Mən böyük qardaşım Bəhram xanla bir qədər Şuşada qaldıqdan sonra Natəvan bizi Ermənistana oxumağa göndərdi. Biz orda Lunyatin miravoy sudyanın evində qalırdıq. Nənəm bir kənddən gələn mədaxili qardaşım ilə mənə, həm də Lunyatinə verirdi. 15-16 yaşlarında biz məktəbi qurtardıq" (Yenə orada, s. 22).
Xatirə müəllifi bu sözləri yazarkən, çox təəssüf ki, heç bir tarix göstərmir.
Xatirənin başqa bir yerində oxuyuruq: "Nənəm mənə gözəl bir kitab - özünün əlyazmasını bağışlamışdı. Üstü bəzəkli, güllü tikməli idi. Ancaq kitab kiçik qardaşım Xaniman xanın əlinə keçdi. Sonradan kitab kimdə qaldı, məlum olmadı" (Yenə orada, s. 26).
Digər mənbələrdə verilən məlumatlardan belə aydın olur ki, Xanbikə xanım 1872-ci ildə Xok və Qıvraq kəndinin atamanı Əmanulla xanla ailə qurmuşdur. Ondan bir neçə övladı olmuşdur. Oğlu Əkbər xan Naxçıvanski 1960-cı illərə qədər yaşamışdır. Polkovnik Əmanulla xan (1845-1891) vəfat etdikdən sonra Xanbikə xanım 1891-ci ildən sonra Gəncədə yaşayan naxçıvanlı tacir, yazıçı Mirzə Cəlilin yaxın dostu Kərbəlayi Cabbar Hacı Ələsgərov ilə ailə qurmuşdur.
Ərinin qulluğu ilə əlaqədar olaraq Xanbikə xanım Naxçıvanda, Tiflisdə, Vladiqafqazda yaşasa da, tez-tez anası ilə məktublaşır, bəzən ailəsi ilə bərabər Qarabağa gəlirdi. Xanbikə xanım 1921-ci ildə Ağdamda vəfat etmiş, "İmarət"dəki ailə qəbiristanlığında dəfn olunmuşdur.
Xanbikə xanımın bizə gəlib çatan əsərləri Azərbaycan və fars dillərində yazdığı şeirlər, bir neçə nəzirədən, anası Xurşidbanunun və qızı Ənbərbikənin ayrılığına həsr edilmiş mənzum məktublardan ibarətdir. Onun bir-neçə qəzəli Vasif Quliyevin "Dünənə uzanan cığır" kitabında çap olunmuşdur. Bu kitabda göstərilir ki, Xanbikə xanım "Məclisi-üns"ün iştirakçılarından biri idi.
Xanbikə xanımın "Məni" qəzəli anası X.Natəvanın doqquz beytlik "Məni" rədifli qəzəlinə nəzirə kimi yazılmışdır. Qəzəlin bir neçə beytini burada veririk:
Salıbdır möhnəti-hicrin bir özgə halə məni,
Edibdir dərdü qəmü qüssəyə həvalə məni.
Sənin xəyalın ilə mən ki, bağrı qan oldum,
Tərəhhüm eylə, gətir sən də bir xəyalə məni.
Könül sərvəri, mahi-Ənbərim, gözüm nuru,
Təğafül etmə, yetir bir o məhcamalə məni.
Yetiş harayıma, qəmdən məni xilas eylə,
Yəqin ki, öldürər axır bu ahü nalə məni.
(Natəvanın şair qohumları. Bakı: "Yazıçı", 1989, s. 76-77)
Qeyd etdiklərimizi ümumiləşdirərək belə bir qənaətə gəlirik ki, şairlik Allah vergisi kimi Qarabağ xanlığının əsasını qoyan Cavanşirlər nəslinin kişilərində olduğu kimi (Qasım bəy Zakir, Cəfərqulu xan Nəva, Abdulla bəy Asi və s.), qadınlarında da olmuş, bu qadın şairlər X.Natəvan səviyyəsinə yüksələ bilməsələr də, hər halda XIX əsr Qarabağ ədəbi mühitinin formalaşmasına müəyyən töhfələr verə bilmişlər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!