Bir səyahətin tarixçəsi: türkoloq İ.N.Berezin Azərbaycanda - Vilayət QULİYEV

Vilayət QULİYEV

XIX əsrdə Şərq dillərinin tədris edildiyi rus universitetlərində diqqətəlayiq ənənə vardı - gələcəkdə elmlə məşğul olmaları nəzərdə tutulan, magistr dərəcəsinə yiyələnmiş hazırlıqlı məzunlar dil, ədəbiyyat, tarix və mədəniyyətini öyrəndikləri ölkəyə uzunmüddətli elmi səyahətə göndərilirdi. Ənənə Rusiyada özünəməxsus şərqşünaslıq mərkəzinə çevrilən Kazan Universitetindən də yan keçməmişdi. 1842-ci ildə Kazan təhsil dairəsinin hamisi qraf M.N.Musin-Puşkinin sərəncamına əsasən universiteti Şərq dilləri magistri dərəcəsi ilə bitirmiş gələcəyin məşhur türkoloqu İ.N.Berezin (1818-1896) və V.F.Dittel (1816-1848) Dağıstan, Cənubi Qafqaz, Ərəbistan yarımadası, Türkiyə, İran, Misir və Suriyaya üç il sürən elmi səyahətə göndərilmişdi. Marşrut eyni olsa da, təəssüratların bir-birini təkrarlaması, yanaşma və təsvirlərin müxtəlifliyi, fakt və hadisələri fərqli baxış bucaqları altından qiymətləndirə bilmək məqsədi ilə gənc alimlər ayrı-ayrılıqda yola çıxmışdılar.

Universitet professoru kürsüsü tutmağa hazırlaşan Berezin və Dittel bu müddət ərzində ilk növbədə, ərəb, fars, türk dilləri sahəsində praktiki biliklərini təkmilləşdirməli idilər. Eyni zamanda olduqları ölkələrin tarixi, coğrafiyası, ədəbiyyatı, mədəniyyəti, etnoqrafiyası, iqtisadi vəziyyəti, ictimai-siyasi quruluşu, elm adamları, mədəniyyət, din və ictimai xadimləri ilə tanışlıq və əlaqə də ümdə vəzifələri sırasına daxil idi. Nəhayət, günbəgün aparmaqla, mütəmadi şəkildə Kazana göndərməli olduqları yol qeydlərində bütün bu məsələləri fakt və sənədlər əsasında işıqlandırmalı idilər.

Əməkdaşların səfər proqramının tərtibi həmin dövrdə şərqşünas-alim kimi artıq ümumrusiya miqyasında tanınan professor Mirzə Kazımbəyə həvalə olunmuşdu. Onun hazırladığı sənəd universitet şurasında müzakirə olunub razılaşdırıldıqdan sonra yerli mətbəədə "Kazan Universitetinin magistrləri Dittel və Berezinin Şərqə səyahət planı" (1842) adı altında kitabça şəklində çap edilmişdi. Burada səyyahların Kazandan çıxandan vətənə dönəcəkləri günə qədər bütün səfər proqramı əksini tapmışdı.

Gənc alimlərin qarşısına həm də universitetin kitabxana və muzeyini yeni əlyazmaları, eksponatlar, nadir çap kitabları, sikkələr və s. ilə zənginləşdirmək vəzifəsi qoyulmuşdu. Onlar Rusiya tarixi üçün əhəmiyyətli olan Şərq mənbələrinin əslini, yaxud surətini əldə etməli, bu mümkün olmadığı təqdirdə isə üzünü köçürməyə çalışmalı idilər. Yolları Babilistan, Persepolis, Misir ehramlarının yerləşdiyi Qiza bölgəsi və s. qədim mədəniyyət mərkəzlərindən keçən Dittellə Berezinin tarixi abidələri, antik sivilizasiya nümunələrini və s. diqqətlə araşdırmaları, sxem və eskizlərini çəkmələri, hətta müəyyən ölçü işləri aparmaları da nəzərdə tutulmuşdu. Hər ikisi təfərrüatlı səfər gündəliyi tutmalı, Dərbənd, İstanbul və Qahirədə Kazan Universitetinin müxbirləri ilə görüşüb ətraflı fikir mübadiləsi aparmalı, lazımi məsləhətlər almalı idilər.

Beləliklə, gənc magistrlər üçillik səyahət zamanı yalnız canlı Şərq danışıq dilləri sahəsində bilik və vərdişlərini inkişaf etdirməklə kifayətlənməyəcəkdilər. Səyahət planı onlara gəzdikləri ölkələrin tarixinə, ədəbiyyatına, yerli sakinlərin həyat və məişətinə, yaşam şərtlərinə, siyasi və iqtisadi əlaqələrinə, şəhər mədəniyyətinə, memarlıq abidələrinə, müqəddəs yerlərə və s. dair kompleks tədqiqatlar aparmaq imkanı verirdi.

Planda səfər marşrutunun bütün məntəqələri dəqiq göstərilmişdi. Səyyahlar Kazandan Həştərxana gəlib buradan gəmi ilə Tarki üzərindən Dərbəndə yollanmalı, ardınca Quba, Bakı, Şəki və Qarabağ əyalətlərindən keçib Lənkəran vasitəsi ilə Təbrizə varid olmalı idilər. İki ay Azərbaycanın cənubundakı ən böyük şəhərdə qalıb Gilan və Mazandaran yolu ilə Tehrana getmələri nəzərdə tutulmuşdu. Səfər marşrutu bilərəkdən İranın şimalından - avropalıların az-az hallarda ayaq basa bildikləri Mazandaran və Gilan vilayətlərindən salınmışdı. Mirzə Kazımbəyin fikrincə, böyük yolların üzərində yerləşən yaşayış məntəqələrində orijinal və maraqlı məlumatlar əldə etmək elə də asan deyildi. Çünki hər şey az və ya çox dərəcədə öyrənilmişdi. Nisbətən az işlək marşrutlar isə, necə deyərlər, həm ölkənin "arxa həyəti"ni görmək, həm də yad təsirlərə uğramadan ilkinliyini qoruyub saxlayan mühit, dil və məişət, etnoqrafiya və s. tanış olmaq imkanı yaradırdı.

Mövcud plana uyğun şəkildə hərəkət edən Dittel və Berezin Tehran-İstəxr-Xazerun-Şapur-Xuzistan yolu ilə Dəclə sahillərinə çıxmalı, qədim Babilistan xarabalıqları ilə əhatəli tanışlıqdan sonra Bağdad, Mosul, Diyarbəkr, Semisat və İskəndərundan keçərək indiki Suriya ərazisinə çatmalı idilər.

Sonrakı tanışlıq məntəqələrinin sırasına Şərqin qədim yaşayış məskənləri -Hələb, Antioxiya, Palmira, Baalbek, Dəməşq, Akra, Yaffa, Yerusəlim və Qaza daxil idi. Dittel və Berezin nəzərdə tutulan zaman çərçivəsində həmin ərazilərlə tanış olub İskəndəriyyəyə gəlməli, buradan isə Nil çayı vasitəsi ilə Qahirəyə üz tutmalı idilər. Fiv xarabalıqlarını və məşhur ehramları ziyarət edəndən sonra Qahirə üzərindən İzmirə (Smirna) gəlmək planlaşdırılmışdı. Kiçik Asiyanı əhatə edən marşrutun sonuncu dayanacağı Osmanlı paytaxtı idi. Gənc alimlərin bir neçə ay İstanbulda qalıb Odessa-Krım yolu ilə çıxış məntəqəsinə - Kazana qayıtmaları nəzərdə tutulurdu.

Səyahət planı Mirzə Kazımbəyin Yaxın və Orta Şərqin tarix, coğrafiya, etnoqrafiya və etimologiyasına dərin bələdliyini nümayiş etdirir. Təsadüfi deyil ki, proqramda alimin vətəni Azərbaycana da xüsusi yer ayrılmışdı. Məsləhət görülürdü ki,  Qafqazda qaldıqları müddət ərzində Dittel və Berezin Osmanlıca və Volqaboyu tatarlarının dilindən müəyyən leksik-semantik xüsusiyyətləri ilə fərqlənən yerli türkcə ilə davamlı məşğul olsunlar. Mirzə Kazımbəy yetirmələrinin Bakıda, Şamaxıda, habelə Azərbaycanın digər bölgələrində tarixi abidələrlə maraqlanmalarını, xüsusən, "Bakının şimal-şərqində hind atəşpərəstlərinin məbədini - Atəşgahı, Qarabağ vilayətində isə Bərdə şəhərinin xarabalıqlarını ziyarət etmələri"ni zəruri sayırdı.

Alim yazırdı ki, "bəzi tədqiqatçıların fikrincə, Bərdə amazonkaların qədim paytaxtı, digərlərinin ehtimalına görə isə, Makedoniyalı İskəndərlə rusların döyüş meydanı olmuşdu. Onun xarabalıqları altında xəlifə Harun ər-Rəşidin adı ilə bağlı məscidin qalıqlarına da təsadüf edilə bilər. Deyilənə görə, xəlifə memarlıq baxımından bənzər olan məscidin birini Bağdadda, digərini isə Bərdədə tikdirmişdi".

Dittel və Berezin Mirzə Kazımbəyin səyahət planına uyğun şəkildə üzərlərinə qoyulan vəzifələrin öhdəsindən bacarıqla gəldilər. Üç ildən artıq çəkən səyahət ərzində nəzərdə tutulan bütün işləri görüb, 1845-ci ilin avqustunda Peterburqa qayıtdılar. Sankt-Peterburq EA-nın akademikləri - Fren, Dorn, Brosse və Betlinqdən ibarət nüfuzlu komissiya hesabatlarını dinləyib nəticələri yüksək qiymətləndirdi. Praktiki fəaliyyətlə daha da zənginləşən əsaslı bilikləri sayəsində V. Dittel Peterburq, İ. Berezin isə Kazan Universitetinə ekstraordinar professor vəzifəsinə təyin edildilər.

Şübhəsiz, istər Dittellə Berezinin, istərsə də sonrakı dövrlərdə Yaxın və Orta Şərq ölkələrinə uzunmüddətli elmi səyahətə, yaxud ezamiyyətə göndərilən digər gənc şərqşünasların yüksək səviyyəli mütəxəssis kimi yetişməsində Mirzə Kazımbəyin dərin məzmunlu universitet mühazirələri ilə bir sırada tərtib etdiyi səfər marşrutunun və onun lazımi şəkildə yerinə yetirilməsi ilə bağlı izahedici qeydlərin, aydın və ensiklopedik xarakterli izahatların da böyük əhəmiyyəti olmuşdu. Əslində Universitet Şurasının qərarı ilə elmi əsər kimi nəşr edilən planın əsas məziyyəti də elə bunda idi.

 

***

Səyahət iştirakçılarının taleləri fərqli oldu. Dittel səfərdən qayıdandan az sonra topladığı zəngin materialları sahmana salmağa imkan tapmadan tətil üçün gəldiyi Kazanda vəba xəstəliyindən öldü. Paytaxt universitetinin türk və ərəb dilləri, Şərq tarixi və coğrafiyası professoru vəzifəsində çalışdığı bir il ərzində yalnız iki məqalə çap etdirə bildi. Bunlar Rusiya Xalq Maarifi Nazirliyinin jurnalında çıxan "Səfər hesabatının konspekti" və populyar "Biblioteka dlya çteniya" dərgisində artıq ölümündən sonra çap olunan "Səyahət qeydləri" adlı iri həcmli yazılar idi. Təbii ki, elm aləmi İranda xalq dialektlərinin müxtəlifliyinə diqqət yetirən və rus şərqşünasları arasında ilk dəfə kürd dilini öyrənməyə başlayan, Təxti-Cəmşiddə (Persepolis) o dövrə qədər araşdırılmamış mixi yazıların üzünü köçürən, Nimrud dağında (Osmanlı imperiyası) arxeoloji qazıntı işləri aparan gənc, enerjili, tədqiq etdiyi mövzulara həqiqi alman prinsipiallığı və dəqiqliyi ilə yanaşan gənc şərqşünasdan daha çox şeylər gözləyirdi.

İlya Berezin isə Şərqə səyahətdən qayıdandan sonra uzun və məhsuldar alim ömrü yaşadı. Türkoloq, iranist və monqolşünas kimi adını şöhrətləndirən xeyli əsər çap etdirdi. Sankt-Peterburq Universitetinin ordinar və əməkdar professorluğuna yüksəldi, Mirzə Kazımbəyin ölümündən sonra Şərq dilləri fakültəsinin dekanı (1870-1873-cü illər) seçildi, yüksək mülki rütbə - gizli müşavir (1885) çini aldı. Hökumətin rəsmi Şərq siyasətinin ideoloqlarından biri kimi tanındı.

Onun elmi-publisistik üslubda yazılmış canlı və dinamik səfər qeydləri hələ səyahətin davam etdiyi 1844-1845-ci illərdə "Kazanskiy vestnik" jurnalında çıxmağa başlamışdı. Üç il ərzində metodiki dəqiqliklə toplayıb sistemə saldığı zəngin materiallar əsasında "Şərqə səyahət" (iki cilddə, 1849-1852), "Dağıstana və Zaqafqaziyaya səyahət" (1850), "Şimali İrana səyahət" (1852) kimi fundamental elmi-populyar əsərlər çap etdirdi.

Berezinin tərtib olunmuş plan üzrə Şərq səyahəti 1842-ci il iyulun 23-də başlamışdı. Volqa çayı ilə üzən kiçik "Astarabad" paraxodu onu Kazandan Həştərxana gətirmişdi. Burada isə "Kama" gəmisi ilə indiki Mahaçqala yaxınlığındakı Tarku şəhərinə yollanmışdı. İlk dəniz səyahəti boş keçməmişdi. Səfər gündəliyində Xəzərin keçmişi və indisi, müxtəlif dillərdəki adları, qidalandığı əsas su mənbələri, Xəzərətrafı xalqlar, rus silahının bu bölgədəki qələbəsi, dəniz ticarətinin vəziyyəti, qabarma və çəkilmələr haqda antik və şərq məxəzlərinə, Avropa və rus alimlərinin əsərlərinə əsaslanan mühüm xeyli qeydlər etmişdi.

Romantik rus yazıçısı A.Bestujev-Marlinskinin əsərlərində Amalat bəylə sevgilisi Səltənətin, döyüşkən müsəlman knyazlarının - şamxalların vətəni kimi təsvir olunan kiçik şəhər İ.N.Berezinə o qədər də maraqlı və cəlbedici görünməmişdi. Amma Rusiyanın Şərqə açılan qapısı, Qafqazın astanası kimi Tarkunun siyasi-coğrafi dəyərini, əhəmiyyətini dəqiq təyin edə bilmişdi.

Səyyah-alim olduğu bir sıra digər yerlər kimi, Dərbəndi də şəxsi müşahidə və araşdırmalardan əvvəl müxtəlif mənbələrdən aldığı tarixi məlumatların təqdimi ilə tanıdır. Sünni əhalinin üstünlük təşkil etdiyi Dağıstandan fərqli olaraq burada şiələrin yaşadığını, öz aralarında "Aderbidjan ləhcəsində" danışdıqlarını xüsusi vurğulayır. Müəllifin diqqətini çəkən toponimlər - "Xan bulağı", "Qırxlar qəbiristanlığı", Dərbəndin qədim qala divarındakı qapı adları - "Daş qapı", "Qırxlar qapısı", "Yeni qapı", "Carçı qapısı", "Bayat qapısı", "Orta qapı", "Türkmən qapısı" - hamısının türk mənşəliliyi də onun diqqətindən yayınmamışdı. Bu da ərazinin ən əski zamanlardan türk yurdu kimi tanındığını göstərən sübutlardan hesab oluna bilər.

Dərbəndin müəllimi və xeyirxahı Mirzə Kazımbəyin kiçik vətəni olduğunu unutmayan Berezin "Kazımbəy fenomeni"nə də aydınlıq gətirməyə çalışmışdı. Bu məqsədlə şəhərin elmi-mədəni mühiti, təhsil şəbəkəsi, din alimləri ilə də imkan daxilində yaxından maraqlanmışdı. Təbii ki, universitet elmi baxımından müşahidə etdiyi mənzərə onda xüsusi heyranlıq doğurmamışdı. Amma istənilən halda burada doğma şəhərin tarixini öyrənmək istiqamətində atılan addımlara təqdirlə yanaşmışdı:

"Yeri gəlmişkən, Dərbənd kimi qədim şəhər, hətta yerlilər arasında da maraq doğurmaya bilməz. Odur ki, burada müsəlman arxeoloqların olması qətiyyən qəribə görünməməlidir. Onlardan Kazan Universitetinin müxbiri Molla Tağını və Mirzə Heydəri ziyarət etdim. Dərbənd müdrikliyinin bu iki şamı bütün elmi məsələlərdə bir-biri ilə düşmənçilik aparır. Hərəsinin də ətrafında öz pərəstişkar dəstəsi var. Mən orada olanda Molla Tağı xəstə idi, çətinliklə danışırdı. Lakin onun Mirzə Heydərlə müqayisədə daha böyük və dərin tənqidi ağla malik olduğunu gördüm. Haqqında yuxarıda söz açdığım Arslan bəy adlı başqa bir müsəlman arxeoloq da var".

Dərbəndin sıravi insanları da ilk dəfə Şərq mühitinə düşən alimin diqqətini çəkmişdi. Onları təsəvvür etdiyindən daha canlı, maraqlı, fiziki baxımdan yaraşıqlı və cazibədar, nikbin və həyatsevər görmüşdü. Hətta şəriət qanunlarının sərt basqısı altında da həyatdan zövq almağa çalışdıqlarını müşahidə etmişdi. Və bütün bunları yumor qarışıq bir rəğbətlə işıqlandırmışdı: "Dərbəndin kişi və qadın sakinləri yaraşıqlıdır. Qadınlar burada örtülü gəzirlər. Dərbənd qadınının gözəlliyini mənim kimi öz gözü ilə görmək istəyənlər isə gərək, ya axşamlar dama dırmaşsınlar, ya da çeşmə başında otursunlar. Çünki samaryankalar (İakov bulağında İsa Məsihə su verən yəhudi qadınlar nəzərdə tutulur - V.Q.) kimi başlarında kuzə olan gənc qadın və qızlar bu çeşməyə gəlirlər. Ancaq bulaq başında saldıqları qara-qışqırıq, dava-dalaş qadın gözəlliyinin ən atəşin aşiqlərini də buradan qaçaq salmağa kifayətdir".

Ərəb istilası dövründə binası qoyulan Cümə məscidi, sünni məzhəb əhalinin müqəddəs saydığı Qırxlar qəbiristanlığı, Tuti Bikə xanımın məqbərəsi, dəniz kənarında yerləşən şəhərin kəskin su problemi, qədim Dərbənd məhəllələri, yəhudi, erməni və azsaylı rus icması haqqındakı kaleydoskopik məlumatlar da maraq doğurur və XIX əsrin 40-cı illərindəki şəhərin ümumi mənzərəsini göz önündə canlandırmağa yardımçı olur. Nəhayət, Berezin Mirzə Kazımbəyin müxtəlif əlyazma nüsxələri əsasında ingilis dilinə tərcüməsi ilə birlikdə elmi nəşrini hazırlamağa başladığı Məhəməd Əvvabinin Dərbənd tarixindən bəhs edən "Dərbəndnamə" əsərinin mükəmməl variantını tapmağa çalışsa da, istəyinə nail ola bilməmişdi.

Dərbənddən yolunu vaxtı ilə tarixi şəhərin də tərkibinə daxil olduğu Quba xanlığına salmışdı. Qubada bəxti gətirmişdi. Səfərə çıxdığı gündən bəri ilk dəfə axtardığı həqiqi "müsəlman intellektualı" - rus ordusunun zabiti, şair, yazıçı, tarixçi və filosof Abbasqulu Ağa Bakıxanovla görüşüb, uzun-uzadı, hər ikisini maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparmışdılar. Berezin bu haqda yazırdı: "Tezliklə yerli alim Abbas-Qulu Xanovu axtarıb tapdım. İki gün onunla çox xoş vaxt keçirdik. Ömrümdə ilk dəfə həqiqi Şərq qonaqlığının şahidi oldum. Allah elə eləsin ki, bütün başqa qonaqlıqlar da ona bənzəsin! Abbas-Qulu Xanov bu arada Şərq müəlliflərinin əsərləri əsasında Dağıstanın tam tarixini ("Gülüstani-İrəm" nəzərdə tutulur - V.Q.) tərtib edirdi. Çox ciddi bir maraq doğuran kitabdır. Amma təəssüf ki, müəllifin ölümü səbəbindən indiyə qədər çap edilməmiş qalıb".

Günümüzün saxtakar erməni "alimləri"ndən fərqli olaraq İ.N.Berezin Quba əhalisinin guya başdan-başa Dağıstan əsilli xalqlardan ibarət olduğunu görməmişdi. Əksinə, burada əhalinin yalnız türkcə danışdığının şahid olmuşdu: "Qubalılar türk dilinin ümumi Dağıstan ləhcəsində danışırlar. Amma möhkəm qala divarları ilə əhatə olunan Dərbənddən fərqli olaraq sözləri qısaltmaq əvəzinə daha da uzadır, feilin əmr şəklinə bir "ginən" hissəciyi artırırlar (məs. "gəl", "get" yerinə "gəlginən", "getginən" və s.). Dərbəndlə müqayisədə burada fars dilindən çox az istifadə edilir.

Quba səyyah alimə uzaqdan yaşıllıqlar içində itib-batmış gözəl şəhər kimi görünsə də, ilk təəssüratın aldadıcılığı tezliklə üzə çıxmışdı. Palçıqlı, əyri-üyrü küçələr, hər addımda diqqəti çəkən yoxsulluq və səfalət, adamların fəqir, çarəsiz görkəmi müəllifə Rusiyanın hər yerində olduğu kimi, Qafqazda da təbiət gözəlliyinin sosial dəhşətləri gizlətməyə qadir olmadığını anlamaq imkanı vermişdi.

Amma istənilən halda Berezinin təsviri XIX əsrin 30-40-cı illərində bir sıra rus şairlərinin, hərbçilərinin yolunun düşdüyü mühüm tarixi şəhəri, məşhur Quba üsyanının baş verdiyi yeri, sanki əyani şəkildə "görməyə" imkan yaradır: "Quba haqda daha nə demək olar? Yerlilər ona yaxınlıqdakı Qudyalçayın adı ilə Qudyalqala deyir. Şəhərdə hündür dördkünc damlı üç taxta cami, evlərdə fəaliyyət göstərən bir neçə məscid, bir pravoslav və bir erməni kilsəsi var. 600 ev, 2000 sakin, 160 dükan mövcuddur. Qubanın müxtəlif rənglərə çalan meşələrlə çevrələnmiş ətrafı çox mənzərəlidir. Quba bağları ləzzətli alması və iri armudları ilə hər yerdə şöhrət tapıb. Şəhərin iqlimi gəlmələr üçün zərərlidir. Yağış çox yağır, çayın suyu içməli deyil. Yayı isti yox, bəzən, hətta soyuq keçir, Hərdən zəlzələ də olur. Əslində bunlar hamısı məlum faktlardır. Elmi baxımdan xüsusi məlumat əldə edə bilmədiyimdən yalnız Qudyalçayın sahilindən şəhərin mənzərəsini çəkdim. Amma indiki halda onu oxucuya təqdim etməyə cürətim çatmır".

 

(Davamı olacaq)

 

Sarayevo, dekabr, 2024-cü il

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!