Dilçilik elmimizin ləyaqət nişanı - Qulu MƏHƏRRƏMLİ

Professor Sərdar Zeynalın "Akademik Tofiq Hacıyevin dilçilik görüşləri" kitabı haqqında

Azərbaycan dilçilik elmində adı elm və mədəniyyət tarixinə düşmüş parlaq simalar az deyil. Bu adlar sırasında görkəmli türkoloq-alim, ömrünü Azərbaycan dilçiliyinin və ümumən filologiya elmimizin inkişafı yolunda şam kimi əritmiş akademik Tofiq Hacıyevin xüsusi yeri vardır. Elmi-ədəbi mühitdə fitri istedadı, dərin elmi düşüncəsi və dil tarixi və dil nəzəriyyəsinə aid fundamental araşdırmaları ilə seçilmiş Tofiq müəllim təkcə türkologiya sahəsində deyil, ədəbiyyatşünaslıqda, xüsusən, ədəbiyyat tarixi və ədəbi tənqid sahəsində də öz tutarlı sözünü demişdir. Hələ sağlığında əbədiyyət qazanmış böyük alim tarixdən qaynaqlanan sağlam milli düşüncəsi, milli köklərə bağlılığı və türk kimliyi məsələsində dəyişməz mövqeyi ilə geniş ictimai nüfuz qazanmışdır.

Professor Tofiq Hacıyev təkcə Azərbaycanda və sovet türkologiyasında deyil, bütün türk dünyasında görkəmli tədqiqatçı alim kimi tanınırdı. Xüsusən, müstəqillik illərində onun xarici ölkə alimləri arasında yüksək nüfuzu var idi. Tofiq müəllim türkologiya problemləri ilə bağlı Avrasiya məkanında keçirilən ən mötəbər elmi məclislərin nüfuzlu qonağı idi. İlk növbədə, qardaş Türkiyə alimləri Tofiq müəllimin tədqiqatları ilə geniş şəkildə tanış ola bilir və onun əməyini yüksək qiymətləndirirdilər. Hələ 1995-ci ildə o, Türkiyə Cümhuriyyəti Atatürk Dil Tarix və Kültür Qurumunun fəxri üzvü seçilmişdi. 1998-ci ildə isə Türkiyə Cümhuriyyətinin "Ləyaqət nişanı" ilə təltif olunmuşdu.

Əməkdar elm xadimi, professor Tofiq Hacıyevin elmi yaradıcılıq diapozonu çoxşaxəli idi. O, bütün yaradıcılığı boyu həm ədəbiyyat, həm də dil tarixi ilə bağlı olan qaranlıq məsələlərin işıqlandırılmasına çalışmış, bu sahədə sistemli araşdırmalar aparmış, Ana dilinin bir çox praktik məsələlərinin həlli üçün çalışmış, tədrislə məşğul olmuş, həm də gələcək nəslin geniş elmi dünyagörüşə yiyələnib şəxsiyyət kimi yetişməsi üçün orta məktəb dərsliklərinin kamil nümunələrinin hazırlanması üçün öz səylərini əsirgəməmişdir. Özündən sonra zəngin elmi irs qoyub getmiş T.Hacıyevin ədəbi dil tarixi, ortaq türk dili, müasir dil siyasəti və milli platforma, elmi-bədii əsəri qiymətləndirmənin çağdaş meyarları barədə konseptual düşüncələri bu gün də aktualdır. Ona görə də görkəmli alimin faydalı elmi irsinin, o cümlədən, dilçilik görüşlərinin ayrıca araşdırılıb öyrənilməsi çox vacibdir.

 

Müəllimə tükənməz sevgi ilə

         

İstənilən yaradıcı adamın, o cümlədən, böyük alimlərin irsini öyrənmək və bu irsə maraq yaradıb ona sahib olmaq üçün mütləq bu mənəvi xəzinə tədqiq və təbliğ olunmalıdır. Bu baxımdan Tofiq müəllimin istedadlı yetirmələrindən biri olan, tanınmış alim, şair və publisist, filologiya elmləri doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının professoru Sərdar Zeynalın oxuculara təqdim etdiyi "Akademik Tofiq Hacıyevin dilçilik görüşləri" (Bakı, "Elm və təhsil", 2024) kitabı ciddi elmi əhəmiyyət daşıyır. Kitab-topluda verilmiş müxtəlif mövzulu məqalələrin vahid xətt üzrə birləşdirilməsi görkəmli alimin dilçilik görüşlərinin sistemli şəkildə nəzərdən keçirilməsinə imkan verir.

Kitabın girişində müəllifin verdiyi bu cümlələr məni çox tutdu: 70 il yaşadığım ömürdə nə qazanmışam, nə əldə etmişəmsə, hamısına görə üç nəfərə - atam Səyyad Səttar oğluna, anam Şəhrəbanu Babaxan qızına və həm namizədliyim, həm də doktorluğumda elmi rəhbərim - məsləhətçim olmuş akademik Tofiq Hacıyevə borcluyam. Atamdan düzlüyü, elmə marağı, əyilməzliyi, gözütoxluğu, insanlara qayğını, anamdan sözü üzə deməyi, heç kəsdən çəkinməməyi, Tofiq müəllimdən isə elmin dərinliklərinə varmağı, əsl tədqiqatçılığı, fərqli və dolğun fikirlərin olması üçün müxtəlif mənbələrə müraciəti, fikir bənzərsizliyini, elmdə heç kəsə güzəştə getməməyi öyrənmişəm.

Bəlkə də bu sözlərin təsirindəndir ki, kitabın hər səhifəsində müəllifin Tofiq Hacıyevə tükənməz sevgi və ehtiramı duyulur. Kitabı vərəqlədikcə gözümüz önündə Tofiq müəllimin klassik tarixi şəxsiyyətlərə məxsus olan müdrik və nurlu obrazı canlanır, çünki özü də bədii söz ustası olan professor Sərdar Zeynal görkəmli alimi Azərbaycan tarixinin və türk dünyasının ən işıqlı simaları ilə bir sırada görür. Onun fikrincə, mənsub olduğu xalqın övladlarının hərtərəfli yetişməsi və inkişafına öz fəaliyyəti də daxil olmaqla təşəbbüs göstərən ziyalılar - görkəmli şəxsiyyətlər keçmişdə də olub, bu gün də vardır. Tofiq Hacıyev məhz belə şəxsiyyətlərdəndir. Ona görə də bu böyük alimin adı Mirzə Kazım bəy, İsmayıl bəy Qaspıralı, Bəkir Çobanzadə, Ziya Göyalp və digər görkəmli tarixi şəxsiyyətlərlə bir sırada çəkilməyə layiqdir.

Professor T.Hacıyev elmi yaradıcılığının əsas hissəsini Azərbaycan ədəbi dili tarixi məsələlərinə həsr etmişdir. O, "Azərbaycan ədəbi dili tarixi, tarixi qrammatika, tarixi leksikologiya, üslublar tarixi ... ilə bağlı kitablar, dərsliklər yazmış, Azərbaycan dilinin tarixi sahəsində çoxsaylı alim yetişdirmiş, bu sahədə həm də məktəb yaratmış müəllim" (Sevil Mehdiyeva) və görkəmli tədqiqatçıdır.

Ədəbi dil tarixçisi və görkəmli türkoloq

 

Tofiq Hacıyev hələ 33 yaşında (1969) müdafiə etdiyi "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili" adlı doktorluq dissertasiyası ilə dilçilik elmində yeni bir istiqamətin əsasını qoymuşdur. Daha sonra ən mötəbər elmi jurnallarda nəşr olunmuş "Azərbaycan ədəbi dili üslublarının təşəkkülü və inkişafı", "Ədəbi dil məsələsi", "Azərbaycan ədəbi dil tarixində Füzuli", "Azərbaycan ədəbi dili tarixində "Dədə Qorqud kitabı", "Azərbaycan milli ədəbi dili məsələsinə bir baxış" və "Azərbaycan ədəbi dilinin dövrləri haqqında" silsilə məqalələri onu elmi ictimaiyyətə ciddi alim kimi tanıtmışdır. "Azərbaycan ədəbi dil tarixi" (1976), "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili" (1977), "Azərbaycan ədəbi dili tarixi" (1987), "Şeirimiz, nəsrimiz, ədəbi dilimiz" (1990), "Azərbaycan ədəbi dili tarixi" (1991) və "Azərbaycan ədəbi dilinin tarixi" (2012) kimi sanballı kitabların nəşri bu sahədə olan ciddi boşluqları doldura bilmişdi.

Yüksək elmi dəyəri olan bu əsərləri təhlil edən kitab müəllifi, professor T.Hacıyevin Azərbaycan ədəbi dili məsələləri ilə bağlı fikirlərinin maraqlı təsnifatını verir, bu fikirlərin hər şeydən əvvəl, praktik əhəmiyyət daşımasını önə çəkir və akademikin tarixi qrammatika ilə bağlı bu fikrini qabardır ki, "əslində tarixi qrammatika tarixin bütün təzahürlərini, yazılı nə varsa, hamısını bütöv halında alıb tədqiq etməli, ədəbi dil tarixi isə tarixi təzahürlərdən ancaq ədəbi normalı sayılanı öyrənməlidir..." Bu məqamda, müəllif böyük alimin ədəbi dilin dövrləşdirilməsində metodiki baxımdan "normanın dəyişməsi prinsipi"ni əsas götürməsini xüsusi vurğulayır. Doğru olaraq qeyd edir ki, Azərbaycan ədəbi dilinin təşəkkülü, formalaşması və dövrləşdirilməsi kimi vacib problemlər Tofiq Hacıyev yaradıcılığının əsasını təşkil edir.

Əlbəttə, sovet dövründə fərqli mənbələrə əsaslanaraq Türk konseptini araşdıranların, türkologiya və ədəbi dil tarixi ilə məşğul olanların başını sığallamırdılar. Bu məqamı vurğulayan professor Sərdar Zeynal göstərir ki, görkəmli türkoloq Tofiq Hacıyev türkologiyaya dair araşdırmalarının ilk mərhələsində Ana dilindəki prosesləri qədim dövrün ümumtürkoloji kontekstində təqdim edirdi. Təbii ki, sovet dövründəki antitürk ab-havasında, mürəkkəb ideoloji şəraitdə bunları etmək asan deyildi. Ona görə də hələ ötən əsrin 70-ci illərindən Tofiq müəllimin elmi metodoloji mövqeyini "pantürkçü" adı ilə damğalamağa çalışırdılar. Amma bütün bunlara baxmayaraq Tofiq Hacıyev dil tarixi ilə bağlı tədqiqatlarını xüsusi inam və şövqlə davam etdirirdi. Həmin dövrdə onun dil tarixi ilə bağlı araşdırmalarında "Kitabi-Dədə Qorqud" dastanı xüsusi yer tuturdu.

Akademik Tofiq Hacıyevə görə "Kitabi-Dədə Qorqud dastanı" təkcə Azərbaycan türklərinin deyil, bütün türkdilli xalqların keçmişini, ədəbi və bədii düşüncəsini əks etdirən bir ədəbi nümunədir ki, xüsusilikdən uzaqlaşaraq, ümumbəşəri dəyərlərə malik bir istinad nöqtəsinə çevrilməkdədir. Təbii ki, bu möhtəşəm abidə həm də Oğuz qrupu dillərini səciyyələndirən qədim yazılı mənbədir. Bu dastanla bağlı Tofiq müəllimin iki kitabı çap olunmuşdur. Bunlardan biri 1999-cu ildə "Elm" nəşriyyatı tərəfindən nəşr edilən "Dədə Qorqud": Dilimiz, düşüncəmiz", digəri isə 2014-cü ildə "Elm və təhsil" nəşriyyatında çap edilmiş "Dədə Qorqud kitabı": tariximizin ilk yazılı dərsliyi" kitabıdır. Müəllif yazılarında həmin kitablar haqqında böyük sevgi ilə danışır. Xüsusən, birinci kitabdaTofiq müəllimin giriş əvəzinə verilmiş "Türkün yeddi möcüzəsindən biri - "Dədə Qorqud" məqaləsini ətraflı təhlil edir.

Onun "ortaq türk dili" konsepsiyası

 

Təqdim olunan kitabdakı yazılarda araşdırılan daha iki problemin də oxucular üçün maraqlı olacağını düşünürəm. Bunlardan birincisi akademik T.Hacıyevin bütün türk dünyası üçün ünsiyyət vasitəsi anlamında "ortaq türk dili" konsepsiyası, ikincisi isə, görkəmli alimin tərcümə yaradıcılığıdır. Birinci məsələ görkəmli alimin son dövr yaradıcılığında xüsusi yer tutur. Onun son dövrdəki  məqalələrini nəzərdən keçirdikcə, aydın görünür ki, alimin hər çıxışı, hər məqaləsi, hər kitabı, hər tezisi onun doğma dilinin zənginləşməsi, inkişafı, bütün türkdilli xalqların ortaq ünsiyyət dilinin yaranması ideyasının üzərində köklənib.

Böyük alimin "türklər üçün ortaq ünsiyyət dili" ideyası onun 2013-cü ildə "Təhsil" nəşriyyatı tərəfindən çap edilən "Türklər üçün ortaq ünsiyyət dili" kitabında öz əksini tapmışdı. Kitabın ilk səhifəsində yazılır: "Türkcə otuza qədər xalqın ana dilidir. Bu gün qloballaşma dövründə siyasi-iqtisadi-mədəni əlaqələri sıxlaşdırmaq üçün bu xalqların bir ortaq ünsiyyət (ilətişim) dilinə ehtiyacı var. Bu təcrübə tarixən olub. Zamanında Altaydan Dunaya qədər coğrafiyada yaşayan türklərin yerli təzahürləri ilə yanaşı, bu gün Orxon kitabələrinin dili kimi götürdüyümüz vahid ədəbi dili ümumi ünsiyyət dili olub. Bu anlaşmanın bu gün də olması imkan verir ki, türkcələrdən birini ortaq ünsiyyət (ilətişim) dili kimi işlədək". Akademikin bu tezisindən çıxış edən professor Sərdar Zeynal ustadı saydığı Tofiq müəllimin "ortaq ünsiyyət dili" konsepsiyasının geniş şərhini verir və bu zaman hazırda türk dünyasında yaranmış geniş əməkdaşlıq amilinə istinadlar edir. Müəllif göstərir ki, akademik Tofiq Hacıyev dünyada yaşayan türkdilli xalqların bir bayraq altında - bir dil ətrafında birləşməsini arzu edirdi. O, "işdə, fikirdə, dildə bir" deyən İsmayıl bəy Qaspıralının mənəvi davamçısı idi. Bu səbəbdən də o, min illərin dolaylarından keçib gələn "türk birliyi" ideyasının həyata keçməsi üçün Mahmud Kaşğari uzaqgörənliyi, Mirzə Kazım bəy dünyagörüşü və İsmayıl bəy Qaspıralı yanğısı ilə mübarizə apardı. "Türklər üçün ortaq ünsiyyət dili" əsəri məhz bu mübarizənin məhsulu idi.

Görkəmli alim türklər üçün ortaq ünsiyyət dili məsələsini gündəmə gətirəndə o, bütün türkdilli xalqların dillərinin aradan çıxarılıb, ümumi dil yaratmaq ideyasını irəli sürmür, o, türkdilli xalqların hər birinə hörmətlə yanaşaraq onların da inkişafına şərait yaradılmasını əsas sayır, lakin bununla bərabər bütün türkdilli xalqların hamısının bir ortaq türk dilini əsas götürüb onunla anlaşmasını mümkün sayır və bununla bağlı yazır: "İmperiya yaradılması boş xəyal olduğu kimi, həmin yolla ümumi dil yaratmaq da bir heçdir. Heç bir türkcənin hüququna toxunmadan, hər birinin tarixi inkişaf yolunu davam etdirməsi şərti ilə elə bir məxrəcə gəlmək olar ki, bütün türklər bir dildə danışsınlar. Tofiq müəllim ortaq ünsiyyət dili məsələsini ortaya atmaqla təkcə müxtəlif türkdilli xalqların bir-birini tam anlama məsələsini qarşısına qoymurdu. O həm də göstərirdi ki, bu dil birliyi, vahid dil duyğusu məhəbbətdir, türk birliyinə olan sevgidir.

         

Tofiq Hacıyevin tərcümə yaradıcılığı haqqında

 

Professor Tofiq Hacıyevin yaradıcılığının əsas hissəsini elmi-dilçilik, türkologiya təşkil etsə də, onun yaradıcılığının zəngin bir qolunu da tərcümə yaradıcılığı təşkil edir. Bu baxımdan Sərdar Zeynalın professor Tofiq Hacıyevin tərcümə yaradıcılığını araşdırması ciddi maraq doğuran elmi istiqamətdir. Tərcümə fəaliyyətinə böyük ədəbiyyatşünas alim Əli Sultanlının rəhbərliyi altında başlayan T.Hacıyev hələ tələbə ikən Roma ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Mark Tulli Siseronun əsərlərinin bəzi bölmələrini çapa hazırlamışdır, tərcüməsini ona həvalə etmişlər. 1959-cu ildə Azərbaycan Dövlət Universiteti nəşriyyatında çapdan çıxmış 260 səhifədən ibarət "Roma ədəbiyyatı müntəxəbatı" antologiyasının geniş bir bölməsinin tərcüməsi hələ tələbəlik illərindən ayrılmamış bu gənc gələcək türkoloqa - dilçiyə tapşırılmışdır.

Böyük fasilədən sonra T.Hacıyev 1997-ci ildən tərcümə fəaliyyətini bərpa edərək, bir-birinin ardınca türklərin, o cümlədən, onların dillərinin tarixindən bəhs edən beş əsəri Murad Adcının "Qıpçaq çölünün yovşanı" (1997), B.A.Serebrennikov və N.Z. Hacıyevanın birlikdə yazdıqları "Türk dillərinin müqayisəli tarixi qrammatikası" (2002) , Mikayıl Baştunun "Şan qızı dastanı" ( 2005), yenə də Murad Adcının "Türk və dünya: munis tariximiz" (2006) və Seyid Əhməd Cəmaləddin Mühənnanın "Hilyətül-insan və həlbətül lisan" (2008) əsərlərini rus dilindən Azərbaycan türkcəsinə tərcümə etmişdir. Professor S.Zeynalın türkdilli xalqların tarixindən və taleyindən bəhs edən bu əsərlərin tərcüməsinin məziyyətləri haqqında söylədiklərinin mütəxəssislər və geniş oxucu auditoriyası üçün maraqlı olacağı fikrindəyəm.

Müəllifin məqalələr toplusunda T.Hacıyevin dərsliklərin yazılması sahəsindəki fəaliyyətini də işıqlandırması bir çox aspektdən maraqlıdır. Geniş auditoriyalarda xalqın gələcəyi olan tələbələr qarşısında mühazirələr oxuyan alim təcrübədən hiss edirmiş ki, kamil, məzmunlu, dərin elmi faktlarla zəngin orta məktəb dərslikləri olmadan, ali məktəblərdə savadlı kadrların yetişdirilməsi qeyri-mümkündür. Elə ona görə də, elmi yaradıcılığının ilk illərindən orta məktəblər üçün yazılan dərsliklərin dilinin sadə, məzmununun elmi, həcminin yığcam, orada özünə yer tutan fikirlərin daha konkret olması məsələləri onun diqqət mərkəzində olmuş və bu cür məsələlərə, öz məqalələrində və əsərlərində xeyli geniş yer ayırmışdır.

Alimin orta məktəb dərsliklərinin dili ilə bağlı irəli sürdüyü fikirlər bu gün də öz aktuallığını itirməmişdir. O, dərsliklərin dilinin iki cəhətinə diqqət yetirməyi tövsiyə edərək yazır: "...birinci növbədə, dəqiqliyə, sərrastlığa, səlisliyə və aydınlığa... Uşaqlar üçün ana dili dərsliklərində bu cəhətə də diqqət yetirmək lazımdır: unutmamalıyıq ki, uşaqlar dərsliyə ana laylasının birbaşa müşayiətindən gəlirlər.. Bu dərsliklərdə dilin emosionallığına təkcə şeir və hekayələrdə yox, müəllif mətnlərində də fikir vermək lazımdır". Professor dərsliklərin hazırlanmasında dərslik müəlliflərinin böyük məsuliyyət daşıdıqlarını diqqətə çatdırır və göstərir ki, dərsliklərə daxil edilən mətnlərin dili, elmi dəyəri, səviyyəsi dərsliyi tərtib edənin dilinə, onun fikirlərini ifadə edən cümlələrdəki məzmuna və ideyaya uyğun olmalıdır.

Təqdim olunan kitabda professor Tofiq Hacıyevin Ana dili, nitq mədəniyyəti, ədəbi dil normaları, düzgün tələffüz və dilçiliklə bağlı digər maraqlı fikirləri də geniş yer almışdır. Məhz bu fikirləri aydın təfəkkür süzgəcindən keçirərək oxuculara çatdırdığı üçün professor Sərdar Zeynal çox qiymətli iş görmüşdür. Bu mənada kitab ustada ehtiram nümunəsi kimi də çox dəyərlidir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!