Dilqəm ƏHMƏD
1920-ci ilin yanvar ayında hökumət və parlament üzvlərinin xeyir-duası ilə Bakı vağzalından təntənəli şəkildə yola salınan Azərbaycan Cümhuriyyəti tələbələrinin taleləri tariximizin ən faciəli tərəflərindən biridir. Hökumət təqaüdü hesabına oxuyacaq olan bu gənclər 4-5 il sonra Vətənlərinə qayıdacaq, yeni qurulan dövlətin inkişafı üçün çalışacaqdılar. Onsuz da yüksək keyfiyyətlərə malik olan bu gənclər Avropa mühitinə də bələd olduqdan sonra peşəkar kadrlar kimi ön sıralarda yer tutacaqdılar. Təəssüf ki, nə hökumətin, nə də onların planları baş tutdu. Cümhuriyyət tələbələrinin dönüşü yarımçıq qaldı. Onların bir qismi mühacirətdə yaşadı, bir qismi repressiyaya məruz qaldı, az bir qismi isə bolşeviklərin məngənəsindən xilas ola bildi.
Mühacirətdə qalanlardan biri də Türkiyədə Göygöl soyadı ilə məşhur olan Mirzə Hacızadə idi.
O, 17 sentyabr 1897-ci ildə Gəncədə doğulub. 1906-cı ildə Gəncə kişi gimnaziyasına daxil olub, 1915-ci ildə oranı bitirib. Ardınca Lüblin quberniyasında (Xarkovda) Novo-Aleksandr Kənd Təsərrüfatı və Meşəçilik İnstitutuna qəbul olaraq orada oxuyub. Lakin çar Rusiyasında baş verən inqilablar bir çox azərbaycanlı tələbə kimi, Hacızadənin də təhsilini tamamlamasına mane olub. Azərbaycana qayıdan Hacızadə bu dəfə milli hökumətin xaricə tələbə göndərməsi ilə bağlı elanı oxuyub, 16 avqust 1919-cu ildə maarif nazirinə ərizə ünvanlayıb. Onun müraciəti müsbət cavablandırılıb, 13 yanvar 1920-ci ildə Azərbaycan Cümhuriyyəti hökuməti dövlət hesabına ali təhsilini başa vurmaq üçün xaricə göndərilməsi haqqında vəsiqə verib. Hacızadə öncə İtaliyada oxuyub, ardınca Berlin Ali Ziraət Məktəbində təhsilini davam etdirib, 23 iyun 1924-cü ildə diplomunu alıb. 1926-cı ildə Berlin Yüksək Ziraət Məktəbində açılmış, dosent Elizabet Şimanın başçılıq etdiyi toxum islahçılığı müfəttişliyi kursunda da iştirak edərək uğurla islah müfəttişi diplomuna yiyələnib. 1926-cı il iyulun sonlarında Türkiyə ziraət vəkili Səbri Toprak və Halkalı Ali Ziraət Məktəbinin meyvəçilik professoru Həmdi Dikmənin dəvəti ilə Türkiyədə çalışmağa razı olub. Mirzə bəy əvvəlcə Ankaraya, 11 avqust 1926-cı ildə Halkalıya gəlib. Halkalıda Ali Ziraət Məktəbinə bağlı Toxum İslah Stansiyasını qurub, 1931-ci ildə həmin stansiyanı Yeşilköyə köçürüb. Türkiyə vətəndaşlığını qəbul edən Mirzə bəy 17 dekabr 1934-cü ildə özünə "Göygöl" soyadı götürüb. Yeşilköy Zirai Araşdırma İnstitutunda 35 il müdir işləyən Mirzə Göygöl 1961-ci ildə təqaüdə çıxıb. Onun Türkiyə və Almaniyada türk və alman dillərində nəşr olunmuş 36 monoqrafiyası (onların içində "Türkiyə buğdaları" adlı çoxcildliyi xüsusi yer tutur) və sanballı elmi məqalələri vardır. O, 21 aprel 1981-ci ildə İstanbulda vəfat edib, qayınanası Şəfiqə Qaspıralının yanında dəfn olunub.
Gecikmiş məzun
Mirzə Göygöl dirijor Niyazinin dəvəti ilə 18 aprel-13 iyun 1969-cu ildə həyat yoldaşı Zöhrə xanımla birlikdə Bakıya gəlib. O, alimlərin qarşısında mühazirələr oxuyub, Qubaya, Gəncəyə gedib. Gəncədə vaxtilə ata-baba mülkünün olduğu yerləri, qardaşı Aslanın məzarını ziyarət edib.
Professor Abbas Zamanovla mütəmadi məktublaşan Göygöl Bakı səfərində onunla birlikdə fotoşəkillər də çəkdirib. A.Zamanovun Göygölə göndərdiyi ilk məktubun tarixi 18 iyul 1969-cu ildir. Əski əlifbada olan bu məktubun mətnini sənədin surətindən oxumaq mümkün olmadı. Buna cavab olaraq 15 avqust 1969-cu ildə göndərdiyi məktubunda Mirzə bəy yazıb:
"...Biz də xeyli zamandır sizə yazmağı düşünürdük. Ancaq rəfiqəm Zöhrə göndərməyi vəd etdiyi kitabları təmin etməyə vaxt tapa bilmirdi. İndilik yalnız Rza Tofiq və Tofiq Fikrətin kitablarını hazırlamışdı ki, onları poçta veririk. Əvvəla, Bakıda bulunduğumuz sırada gərək mənə, gərəksə də, rəfiqəm Zöhrəyə göstərdiyiniz ilgi və müsafirpərvərliyə candan təşəkkür edir, gərək Sizi, gərəksə də, rəfiqəniz xanım əfəndini İstanbuldakı evimizdə salamlamaq və qarşılıq vermə imkanı fürsətini əldə etməyimizi təmənni edirəm. İstədiyiniz nəşriyyatı təmin etmək üçün gələr-gəlməz təşəbbüsə keçdim. Əhməd Cəfəroğlu bəy istədiyiniz nəşriyyatı göndərdiyini və sizdən də cavab aldığını dünən mənə xəbər verdi. Hüseyn Mirzəcamalov da bularsa, mənə verəcək, mən də göndərəcəyəm. Cəfər Seyid Əhməd mərhumun İsmayıl bəy Qaspıralı haqqında yazdığı əsəri piyasadan bulmağa imkan yoxdur. Ancaq Şəfiqə xanımda vardır. İçində bir yanlışlıq olduğunu, onu təshih edər bir yazı əlavə etdikdən sonra və o vaxta qədər indi göndərdiklərimizin əlinizə keçdikdən sonra verə biləcəyini söyləyir. Bundan başqa, bizdə bir də İsmayıl bəy Qaspıralının Hindistanda kəndisinə hədiyyə edilən bir Qurani-Kərim də vardır. Bunu da muzeyinizə hədiyyə etmək istəyirik. Ancaq qapağında altın və gümüşdən süslər də bulunduğundan etimad edilən birisi vasitəsiylə göndərmək istəyirik...".
Nəsib bəy Yusifbəyli ilə Şəfiqə xanım Qaspıralının qızı ilə evlənən Mirzə Göygölün bu ailə ilə bağlı xatirələrin Azərbaycana göndərilməsindəki təşəbbüskarlığı olduqca önəmli hadisədir.
23 sentyabr 1969-cu ildə Abbas Zamanov yenə əski əlifbada Mirzə bəyə məktub ünvanlayıb: "Hörmətli Mirzə Göygöl bəy əfəndiləri! Qiymətli məktubunuzu və muzeyimizə göndərdiyiniz kitabları aldım. Ürəkdən təşəkkür edirəm. Ümid edirəm ki, bundan sonra da bizləri unutmayıb məktub yazacaq və muzeyimizə yeni-yeni kitablar göndərəcəksiniz. Vaxtilə Hindistan müsəlmanlarının mərhum İsmayıl bəyə bağışladıqları Quranı muzeyimizə hədiyyə verməniz məni son dərəcə sevindirdi. Bu hədiyyəni poçta ilə göndərməyiniz, nə vasitə ilə göndərməyi sonra mən sizə yazaram. Mən inanıram ki, siz və Türkiyədə yaşayan başqa azərilər gələcəkdə çoxlu nadir kitablar, əlyazmaları və digər qiymətli şeyləri göndərməklə muzeyimizin zənginləşməsinə kömək edəcəksiniz. Bakıda "Qobustan" adlı yeni incəsənət toplusu nəşrə başlamışdır. Birinci sayını sizin üçün göndərdim. Gələcək saylarını da göndərəcəyəm. Azərbaycandan sizi hansı kitab maraqlandırırsa, yazınız, məmnuniyyətlə göndərərəm..."
İstanbuldan Göygöl ailəsindən Abbas Zamanova göndərilən 12 dekabr 1969-cu il tarixli açıqcada Yeni il təbriki qeyd olunub. Mirzə bəyin göndərdiyi 25 avqust 1970-ci il tarixli açıqcadan aydın olur ki, Abbas bəy ona Azərbaycanın təsvirlərindən ibarət kitab və Molla Pənah Vaqifin 250-ci ildönümü münasibətilə yazdığı məqaləni göndərib.
Mirzə bəy 20 iyul 1970-ci ildə göndərdiyi məktubda isə bir daha Azərbaycana gəlmək arzusunu ifadə edib: "Qismət olarsa, inşallah, gələn il təkrar sevgili ana vətənimizi bir daha ziyarətə gələcəyik. Çünki Zöhrə Azərbaycanın həsrətiylə alışır. Biz oradakı əqrəba və dostlarımızın buraya gəlmələrini dörd gözlə gözləyirik. Bir fürsət olsa, buraya gəlsəniz, çox sevinərəm..."
Göygöl 10 iyul 1971-ci ildə göndərdiyi digər bir məktubunda Azərbaycana gəlmək istəyindən yenidən bəhs edib: "Məsud bəy vasitəsiylə göndərmək lütfündə bulunduğunuz Nizami və Vaqif qravürləri ilə "Azərbaycan tarixi muzeyi" qılavuzu və Həmidə Məmmədquluzadənin Cəlil Məmmədquluzadəyə aid xatirələri haqqındakı əsərləri aldıq. Çox-çox təşəkkür edirik. Nə yazıq ki, bu sonuncu əsər rusca yazıldığından mənim kimi rus dilini bilməyənlər bu qiymətli əsərdən faydalana bilməyəcəkdir.
1969-cu ilin may və iyun aylarında Azərbaycanda bulunduğumuz sırada edindiyimiz başda Siz olmaq üzərə yeni dost və ahbabları sıx-sıx sevgi ilə anırıq və bir daha gəlib görüşməyi candan arzulayırıq. İndiyədək bu istəklərimizə qovuşa bilmədik. Çünki burada ildə ancaq bir dəfə dış məmləkətə gedilə bilinir və biz də bu haqqımızdan Avropaya getmək şəklində faydalandıq və niyyətimiz qismət olarsa, gələcək 1972-ci ildə təkrar Azərbaycana gəlməkdir..."
Məktubunun davamında Mirzə bəy yenidən Zamanovu İstanbula dəvət edib. Abbas Zamanov fondunda Göygöl ailəsindən gələn sonuncu məktubun tarixi 14 dekabr 1973-cü ilə aiddir. Ailə professoru Yeni il və Qurban Bayramı münasibətilə təbrik edib. Fondda Zamanovun əski əlifbada yazdığı üç səhifəlik məktubu da yer almaqdadır. Bu məktubda Azərbaycan ədəbiyyatının Türkiyə ilə bağlı hissələri, xüsusilə, Mirzə Fətəli Axundzadənin Osmanlıya səfəri ilə bağlı mövzulardan bəhs edilib. Arxivdə, həmçinin şəxsi mahiyyətli bir məktub da mövcuddur.
Ədəbiyyat muzeyində çəkilmiş xatirə fotoşəklin birində Mirzə Göygöl, Abbas Zamanov və Həmid Araslı təsvir olunub. Digər fotoşəklin arxasında isə yazılıb: "İ.Axundov, İstanbuldan gələn prof. Mirzə Göygöl, Rasimə xanım Məlikova, A.Zamanov, A.Zeynalov".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!