Türkiyə sevdalısı Əkbər Babayev - Tofiq MƏLİKLİ

Bu məqalə 10 il əvvəl, 2014-cü ildə, böyük türkoloq-alim Əkbər Babayevin 90 illik yubileyi ilə bağlı olaraq yazılmışdı. Bu il isə Nazim Hikmətin oğlum dediyi ünlü alim, gözəl insan Əkbər Babayevin 100 illiyini qeyd edirik. Yenə bu yazı ilə unudulmaz ustadın xatirəsini yad, ruhunu şad etmək istədik.

1924-cü ildə Gəncədə müəllim Ağarza Molla Ələkbər oğlunun ailəsində anadan olan Əkbər Babayev qısa ömür sürüb, 55 yaşında vəfat edib. Ömrü qısa olsa da o, həm ağır, həm də şərəfli həyat yolu keçib. Balaca Əkbər 5 yaşında məktəbə gedir, 15 yaşında bitirir, yaşı az olduğu üçün instituta sənəd verə bilmir, atası onun yaşını sənədlərdə bir il artırmalı olur və Əkbər 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə girir.

İkinci Dünya müharibəsi başlayan kimi Əkbər Babayev hərbi-tərcüməçilik məktəbinə, oranı bitirdikdən sonra da cəbhəyə göndərilir. 1942-ci ildə yaralanır, sağaldıqdan sonra Bakıya qayıdır və təhsilini davam etdirir. 1946-cı ildə Moskvaya gedir və Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olur. Akademik V.Qordlevskinin rəhbərliyi altında Nazim Hikmətin həyat və yaradıcılığına həsr olunmuş dissertasiya üzərində işləməyə başlayır. Ancaq 1947-ci ildə atasının "pantürkist" damğasıyla 25 il məhkum olması, "xalq düşməni"nin oğlu Əkbər Babayevin həyatına və elmi fəaliyyətinə ciddi şəkildə təsir edir. Nazim Hikmətin 1951-ci ildə Moskvaya gəlişi onun da həyatını dəyişdirir, hazır olan dissertasiyasının müdafiəsinə imkan verirlər, hətta Nazim Hikmətlə əlaqə yaratmağa izin verilir.

SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olmaq üçün 1965-ci ilin sonlarında Moskvaya getmişdim.

Mənim Əkbər Babayevlə tanışlığım da elə o vaxt olmuşdu. Həmin institutda işləyən professor Rüstəm Əliyev türk ədəbiyyatı üzərində çalışmaq istədiyimi öyrənincə, məni Əkbər müəllimin yanına apardı və tanış etdi. Onu da qeyd edim ki, o illər Moskvadakı Şərqşünaslıq İnstitutunda Rüstəm Əliyev, Qəzənfər Əliyev, Əkbər Babayev, Saleh Əliyev kimi görkəmli Azərbaycan alimləri işləyirdi.

Mən, əlbəttə, Əkbər Babayevi əsərlərindən, Nazim Hikmətin həyat və yaradıcılığına həsr etdiyi monoqrafiyası və bir çox yazılarından, tərcümələrindən tanıyırdım, Nazim Hikmətin yaxın dostu və sirdaşı olduğunu oxumuşdum. Hətta bir dəfə Nazimin ağzından onun adını eşitmişdim - 1962-ci ildə Bakıya gəldiyi zaman Nazim vağzalda onu qarşılayan qələbəliyi görüncə, "Ah Akper, Baku`ya geleceğimi yine bütün tanıdıklara bildirmişsin" deməsi, doğrusu, mənə bir az qəribə gəlmişdi.

1966-cı ilin martında aspiranturaya daxil olduqdan sonra Əkbər müəllim mənim elmi rəhbərim təyin edildi və bundan sonra biz tez-tez, ya institutda, ya da onun evində görüşər, mənim dissertasiyam ilə bağlı məsələlərdən, ədəbiyyatşünaslıq və türkologiyanın problemlərindən, günlük həyatımızda baş verənlərdən  danışardıq.

Əkbər Babayev ilk növbədə, Nazim Hikmət ədəbi irsinin tanınmış araşdırıcısı və təbliğatçısı kimi tanınmaqdadır. Onun hazırladığı və Bolqarıstanda çap etdirdiyi Nazim Hikmətin 8 cildlik külliyyatı Nazimşünaslığın baş əsəri olmuş və olmaqdadır. Nazimin əsərləri hər yerdə - Türkiyədə, Avropada, Rusiyada Babayev nəşri kimi bilinən bu fundamental topluya dayanaraq çap və tərcümə edilməkdədir.

Əkbər Babayev dövrünün sxolastik elmi səviyyəsini aşan, geniş bilgiyə, eridusiyaya, orijinal düşüncə tərzinə sahib bir elm adamı, yazar idi. Əkbər müəllim hər yönüylə - elitar həyatıyla, dünyaya və hadisələrə orijinal və bəzən paradoksal baxışıyla, geniş intellektiylə, dostlara, yaxınlarına olan münasibətiylə mənim o vaxta qədər tanıdığım insanlardan çox fərqlənirdi. Sosialist realizminin hökm sürdüyü, modernist, avanqard sənətin, ədəbiyyatın yasaq olduğu bir dövrdə "zərərli burjua mədəniyyəti"ni özünəməxsus bir şəkildə dəyərləndirməsi, avanqard "ikinci yeni" türk şeir cərəyanı üzərində apardığım araşdırmanı dissertasiyama salma fikrimi dəstəkləməsi, Əkbər müəllimin dar düşüncə çərçivələrindən çox uzaq olduğunu göstərirdi.

Əkbər müəllim sözün tam mənasında, Türkiyə sevdalısı idi. Bu sevgini ona Nazim Hikmət aşılamışdı. İstər Nazim Hikmətin əsərlərinin Sovetlər Birliyində tanınmasında, istər Türkiyə ədəbiyyatı və mədəniyyətinə həsr etdiyi elmi əsərlərində, türk yazarlarından gerçəkləşdirdiyi tərcümələrində onun bu sevgisi açıqca görünürdü. Əkbər müəllimin evinə gələn özünü Türkiyədə hiss edirdi. Qonaq otağının qapısını ünlü müğənni Əməl Sayının hədiyyə etdiyi imzalı böyük posteri, Nazim Hikmətlə çəkilmiş fotoşəkli, türk yazıçılarının saysız kitabları, hədiyyələri, İstanbulun xəritəsi süsləyirdi. Həyatın haqsızlıqlarından biri də budur ki, Əkbər müəllim çox sevdiyi Türkiyəni, bütün küçələrinin adını əzbər bildiyi İstanbulu görmədən dünyasını dəyişdi. Bunun da səbəbi bir vicdanlı ziyalı kimi Sovet qoşunlarının Çexoslovakiyaya girməsini protest edən məktubu imzalaması və saysız donoslar idi. Hər dəfə Türkiyəyə getdiyimdə, "İstanbula mənim də gözümlə bax!" deyərdi. Ünlü türk yazıçıları, 70-ci illərdə Türkiyə Yazarlar Sendikasının başqanı olan Əziz Nesin və Fazil Hüsnü Dağlarca Əkbər Babayevə rəsmi və özəl dəvətlər göndərsələr də, onu Türkiyəyə buraxmadılar. Axırıncı gəlişində SSRİ Yazıçılar Birliyinin katibi Verçenko ilə mənim də iştirak etdiyim görüşundə Dağlarca "Xahiş edirəm, Əkbər Babayevin mənim hesabıma bir həftəliyə Türkiyəyə getməsinə izn verin. Bu müddət ərzində mən Moskvada girov qalmağa hazıram", - desə də, heç nə dəyişməmişdi.

Hər dəfə Əkbər müəllim haqqında düşünəndə, yadıma böyük alim və insan, mənim də elmi oponentim olmuş Moskva Universitetinin professoru Əziz Şərifin "Əkbər başqa bir zamanədə dünyaya gəlməliydi, o bu dövrün adamı deyil" sözləri yadıma düşür.

Heç şübhəsiz, ağır bir zamanda dünyaya gəlsə də, Əkbər Babayev öz həyatıyla, yaradıcılığıyla, insanpərvərliyilə yaşadığı dövrə möhürünü vurmuş nadir insan, böyük alim kimi xatirələrdə yaşayacaqdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!