"Hərb və Sülh"dən başlayan yol - Nizami Məmmədov Tağısoy

Qazax Xalq yazıçısı Əbdicəmil Nurpeisovun 100 illik yubileyinə

Uzun bir tarixi mərhələ boyunca inkişaf edən qazax ədəbiyyatı XX əsrin ikinci yarısına qədər arxasında Abay və Torayqırov kimi sənətkarlardan başlayaraq, M.Auezov, S.Mukanov, Q.Musrepov, Q.Mustafin, İ.Esenberlin, T.Axtanov, S.Seyfullin, İ.Cansuqurov və başqa bu kimi ədiblər araya-ərsəyə gətirmişdir.

Qazax ədəbiyyatının adları çəkilən nümayəndələrinin hər birinin yaradıcılığı bizə yetərincə məlumdur. Lakin biz burada digər yazıçıların bədii irsinə toxunmadan XX əsrin ikinci yarısı və XXI əsrin ilk onilliklərinin qazax bədii təfəkküründə özünə mövqe qazanmış görkəmli yazıçılarından biri Əbdicəmil Nurpeisovun yaradıcılığından bəhs etmək istəyirik. Özünəməxsus bədii-formal, struktur-kompozisiya, motiv və məzmun, əzəmətli obraz və qəhrəmanları, milli koloriti ilə seçilən Ə.Nurpeisov nəsrinin timsalında XX əsrin ikinci yarısında qazax ədəbiyyatı xeyli nəzərəçarpacaq uğurlar əldə etmişdir. Məhz Ə.Nurpeisovun yazıçılıq məharəti sayəsində qazax ədəbiyyatı qlobal mədəniyyət və sənət tendensiyalarını özündə əks etdirməyə nail ola bilmişdir.

Böyük Vətən müharibəsinin od-alovundan salamat çıxıb, yazıçı karyerasına "Kurlandiya" romanı ilə başlayan Əbdicəmil Nurpeisovun özünün xatırlatdığı kimi, "tüstü iyi verən, bığ yeri tərləməmiş bir gənc ədəbiyyata gəlirdi". Bu roman Baltikyanı respublikaların ərazisini faşist işğalçılarından azad edən İkinci Baltik və Leninqrad cəbhələrinin əsgər və zabitlərinin hərbi qəhrəmanlığına həsr olunmuşdur. Ə.Nurpeisovun özü belə hesab edirdi ki, yazıçının yaradıcılığını doğma torpağından təcrid edib, onu ayrıca nəzərdən keçirmək düzgün olmazdı. Çünki yazıçının yaradıcılığı milli ədəbiyyatın özü ilə bərabər püxtələşir.

Ə.Nurpeisovun özünün də sonralar etiraf etdiyi kimi onun ədəbiyyata gəlişi Lev Tolstoyun "Hərb və Sülh" epopeyasından başlamışdır.

Ə.Nurpeisovun ilk romanı - "Kurlandiya" nəşr edildikdən sonra o, "Qan və tər" adlı həyat kitabı üzərində işləməyə başlayır və bu əsərlərin hər ikisi sonrakı "Sonuncu borc" romanı ilə birlikdə əslində bir bütöv təşkil etməklə, həm yazıçının özünün, həm də sovet xalqının XX əsrin sonlarına qədər birlikdə yaşadıqları həyat və sovet dövründən sonra yaşadıqları hadisələrdən bəhs edən yüksək əyarlı bədii  həyat lövhələrini özündə əks etdirirdi.

Bütün bunlarla yanaşı, bir məqamı qeyd edək ki, Əbdicəmil Nurpeisov çoxlarından fərqli olaraq özünün qeyri-adi yaradıcılıq qabiliyyətlərini nümayiş etdirməyi sevməyən yazıçılardan idi. O, özü bilərəkdən özünü ictimaiyyətdən, ekranlardan, efirlərdən kölgədə saxlayırdı. Buna baxmayaraq, qazax tənqidi onun yaradıcılıq qabiliyyətini öz vaxtında yaxşı görür, dəyərləndirirdi. Bunun nəticəsində "Qan və tər" trilogiyası doğma milli tarixin parlaq panoraması olaraq tezliklə qazax ədəbiyyatının klassikasına çevrilməklə, XX əsrin əvvəllərindən tutmuş, inqilabi dəyişikliklər dövrünə qədər olan hadisələri təsvir edirdi. Müəllif trilogiyada köklü dəyişikliklər ərəfəsində, feodal-patriarxal adət-ənənəsi, köçəri məişət tərzinin süqutu, qəbilə-tayfa əlaqələrinin dağılması dövründə qazax xalqının acınacaqlı və ağır taleyindən bəhs edirdi. Qeyd olunanlardan əlavə, bu əsər təkcə Qazax çölünün özünün, təbiətinin, həyatının deyil, həm də insanların oyanışından bəhs etməkdə idi. Romanda insanların içində gedən özünüdərk dəyişiklikləri və onların psixoloji baxışlarının dinamikası əks etdirilməkdədir. Trilogiyada xalqın gələcək ideallarının bərqərar olunması ilə bağlı mübarizədə bu hadisələrin qurbanlarını da aydın hiss etmək olur.

Romanın mərkəzi personajı yetimlik, yoxsulluq, rəzalət, təhqir, xəyanət, yaxınlarını itirmə və s. və i.a.-larla yanaşı, atası Abralı nəslindən olan ərazidə hər şeyə qadir olan bəy tərəfindən aradan götürüldüyündən Tanırbergenin atası, atasının qatili, bütün bu yaraşıqlı adamlar - atlılar, çöldəki çaparlar, tülkü və canavar ovu dalınca gedib, doyunca içki içib, meyxoş olan insanlar təsvir edilsə də, əsərin bədii-estetik qayəsi bundan daha çox ağrılı məsələləri özündə çevrələməkdədir.

Uzun, son dərəcə şərəfli ömür sürmüş Ə.Nurpeisovun yaradıcılığı əslində iki müxtəlif sosial-ictimai, mənəvi-mədəni formasiyalar şəraitində keçmişdir. Əgər bir tərəfdən onu Sovet Sosialist Respublikaları İttifaqının yaranmasının həmyaşıdı hesab etmək olarsa, digər tərəfdən o, doğma ədəbiyyat tarixində B.Amanşin, X.Adibayev, B.Sokpakbayev kimi zəngin fikir sahiblərinin həmyaşıdı idi. Eyni zamanda yeri gəlmişkən, qeyd edək ki, B.Sokpakbayev Ə.Nurpeisovdan  cəmi 7 gün böyük idi. Bütün bunlarla yanaşı, Ə.Nurpeisovun ədəbi yaradıcılığı həm ziddiyyətli, həm də birmənalı deyildi. Əgər o, ilk "Kurlandiya" romanında Baltikyanı ölkələrdə sovet əsgərlərinin quduz alman cəlladlarına qarşı göstərdiyi şücaətləri təsvir mərkəzinə gətirərək, həm də sosialist sistemini və dövlətini müdafiə edirdisə, ondan sonrakı "Qan və tər" trilogiyasında müəllif  belə yanaşmanı ifrat dərəcədə qatılaşdırır. Yazıçı əsərdə Sovet İttifaqında, daha doğrusu, Qazaxıstanda gedən proseslərə, qazaxların guya bu ittifaqa "könüllü inteqrasiyasını göstərirdi". Trilogiyadakı "Alatoran" (1961), "Qaranlıq" (1964), "Sərgərdanlıq" (1970) adlı üç romanda Ə.Nurpeisov həyatın realist təsvir elementlərinə əsaslanaraq Qazaxıstanın Aral bölgəsində baş verən hadisələri 1900-cu illərin əvvəlindən təsvirlərə cəlb edirdi. Bu trilogiya xalq, ölkə, onun sosial-mədəni taleyinin parlaq aynasıdır. Zaman, ictimai-siyasi formasiya və baxışlar dəyişsə də, bu əsər epoxal zərurət baxımından dəyişməyən unikal bir bədii nümunədir. Bununla belə, son yetmiş ilin "qızıl dövr" ədəbiyyatını "mis dövrü" ədəbiyyatı adlandırmağa çalışan bəzi neonihilistlər bu romanı Qazaxıstandakı ictimai mübarizəni mahiyyətincə təsvir etdiyi üçün köhnəlmiş hesab etmişdilər.

Qeyd etdiklərimizə baxmayaraq, "Qan və tər" trilogiyasını müasir müstəqillik dövrü, demokratik baxış nöqteyi-nəzərindən təhlil etsək, onda burada qazax xalqının həqiqi həyat lövhələrinə zidd olan heç bir şey tapa bilmərik. Əksinə, bu əsərdə kommunist ideologiyasına zidd olan fikirlər yetərincədir və Nurpeisov özü söyləyir ki, həmin dövrdə "sayıq senzura buna necə imkan verdi?" üzərində düşünməyə əsaslar verir.

Ə.Nurpeisovun əsərlərinin qeyd olunan çoxsaylı taleyüklü xüsusiyyətlərinə əlavə olaraq onu da deyək ki, romanboyu burada başqa bir motiv qırmızı xətt kimi bütün trilogiyanı öz ağuşuna almaqdadır. Bu, hər yerdə, hər şeydə, çölün və dənizin təsvirində, fərdin və bütövlükdə bütün xalqın taleyində mövcud olan işıq və qaranlıq motividir.

Qeyd edək ki, "Qan və tər" şəxsi və milli faciələrdən bəhs edən bir epopeyadır. Trilogiyadakı hər bir kitab kədərli və faciəli hadisələrlə başlayıb, elə kədərli və faciəvi notlarla da sona yetir.

Ə.Nurpeisov trilogiyadakı hadisələri təsvir edərkən, coşqun, qaynar təbiət rənglərinin büllurluğundan, xanın iqamətgahının möhtəşəm bər-bəzəyindən, onun həyat tərzindən, məstedici kumısın çay kimi axmasından, dəfn mərasimlərinin təsvirindən çox uzaqdır. Burada köçəri aul həyatının üsyankar idillik mənzərələri də yoxdur. Xoşbəxtlik və sevinc bütün küləklərin əsdiyi sıldırım yamaclarda, tər və balıq iyi verən qaranlıq anbarlarda, tapdalanmış qazmalardan sızan rütubətin təsvirində yurdda, Aral sahillərindəki daxmalarda, şəhər kənarında, yad bir ölkədə, çirkli xəndəklərdə, açıq dənizdə üzən bir buz parçasının üzərində və s. kimi lövhələrdə öz təsvirini tapır. Romanda həddən ziyadə acı səhifələr, bədbəxt talelər olmaqla yanaşı, demək olar ki, uğurlu sonluqla bitən hər hansı təhkiyə xətti yoxdur. Lakin buna baxmayaraq, əsər insana alovlu sevgi və rəğbətlə doludur. Yazıçı romanda təsvir etdiyi mühitin və xüsusi həyat tərzinin ümumiləşdirici obrazını ortaya qoymuşdur.

Məhz qeyd etdiyimiz bu canlı səhnə və mənzərələrə görə qazax alimləri A.Nurpeisovu "müasir qazax ədəbiyyatının patriarxı, dövrün siması" adlandırırdılar. Sənətkarın özü, şərəfinə hər hansı mərasimlərin keçirilməsini lüzumsuz hesab etdiyindən bu, qazax cəmiyyətini çox narahat edirdi. Dünya şöhrətli yazıçı 80 və 90 illik yubileylərinin qeyd olunmasının qəti əleyhinə olduğu üçün 85 illik yubileyinə qədər onun heç bir yubileyi keçirilməmişdi. Lakin onun belə fikri ilə razılaşmayan yaxın dostları və alimlər yazıçının 85 illik yubileyi şərəfinə bayram gecəsi təşkil edərək, artıq hər yerdən qonaqların gəldiyini ona çatdırıb tədbirin keçirilməsindən imtina etməməyi xahiş etmişdilər. Gecə "Abe dostları dəvət edir" adlanırdı. Bu, klassikin uzun ömrü dövründə qeyd etdiyi yeganə tarixi hadisə idi.

Əbdicəmil Nurpeisov son dərəcə təvazökar bir insan olmuşdur. O, Qazaxıstanın ölkə başçıları arasında böyük hörmətə malik olsa da, onlardan heç vaxt heç nə istəməmişdi. Belə ki, məsələn, ölkə prezidenti ilə son görüşlər zamanı ondan ənənəvi olaraq hansısa bir işdə köməkliyə ehtiyacı olub-olmadığını soruşduqda, o, belə cavab vermişdi: "...Başımın üstündə damım, qarşımda işim var. Mənə heç nə lazım deyil".

Sovet dövründə Qazaxıstanda iki yazıçı - Muxtar Auezov və Əbdicəmil Nurpeisov milyonçu yazıçı olmuşdu. Onlar öz gəlirlərini yalnız ədəbi əsərlərinin köməyi ilə qazanmışdılar. Ə.Nurpeisov bir dəfə necəsə demişdi ki, "bu gün "Qan və tər" trilogiyasının on milyondan artıq tirajla nəşr olunması mənə yuxu kimi görünür".

Qazaxıstan Respublikasının Prezidenti ilə söhbət zamanı Nurpeisov belə bir məsələni vurğulamışdı: "Mən varlı adamam, mənə heç nə lazım deyil. Və mən xalqımın arasındayam. Bir yazıçı kimi şirin müsbət şeyləri demək, onlardan yazmaq fikrində deyiləm, mənimçün yalnız acı olan həqiqətlər var. O da mənim xalqımın danışdıqları, dilə gətirdikləridir". Öz doğma ədəbiyyatının ağsaqqalı hesab edilən Əbdicəmil Nurpeisov xarakterinə və daxili meyillərinə görə müstəqil bir insan idi. O, hətta prezidentə öz iradlarını bildirib, tənqidi fikirlər söyləməkdən də çəkinməzdi. Eyni zamanda dövlət başçısı da bundan inciməzdi və xalq yazıçısını heç zaman diqqətdən kənarda qoymazdı.

Müasirliklə bağlı Ə.Nurpeisova nə düşündüklərini dedikdə, böyük sənətkar suala belə cavab vermişdi: "Mən peyğəmbər deyiləm, görücülüklə də məşğul olmuram. Amma çox qorxuram ki, indiki əsr bəşəriyyət üçün sonuncu olacaq".

M.S.Qorbaçovun yenidənqurma siyasətindən sonrakı dövrdə A.Nurpeisov Beynəlxalq Qazax PEN klubunu təşkil etmiş və onun prezidenti olmuşdur. 2000-ci ildən PEN-klubda "Tan-Şolpan" jurnalını nəşr etdirib, uzun illər bu ədəbi-ictimai nəşrin redaktorlar şurasının prezidenti kimi fəaliyyət göstərmişdir. Onun gedişindən sonra Bigeldi Qabdullin PEN-klubun prezidenti seçilmişdir. O, burada, sanki dünya ədəbi prosesində qazax ədəbi sözünün unikallığı ilə bağlı ideyaları həyata keçirmək üçün ABŞ və İngiltərədə qazax yazıçılarının silsilə kitablarını "Biz qazaxlarıq..." adı altında çap etdirib, canla-başla yaymağa çalışanlardandır.

A.Nurpeisov, sözün əsl mənasında, vətənində böyük yazıçı, orijinal lirik və misilsiz bədii ideyalar ustası adlandırılmaqdadır. Onun "Qan və tər" romanı qazax reallığının və qazax ruhunun "pəncərəsi" hesab edilməkdədir.

Uzun onilliklər ərzində köhnə sistemin məhvi, yeni sistemin doğulması mövzusunu inkişaf etdirən sovet yazıçıları əsasən iki rəngdən istifadə edirdilər: ağlarla əlaqəli hər şey qara, qırmızılarla əlaqəli olan hər şeyə isə parlaq deyilirdi. Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Çingiz Hüseynov vaxtilə demişdi: "Bunlar "Sakit Don" (ən parlaq antisosialist əsər) və "Qan və tər" romanlarında pozulmuşdu.

 

***

İndi də Ə.Nurpeisovun yaradıcılığı ilə Azərbaycan yazıçılarının əsərləri arasında gözə dəyən bəzi oxşarlıqlara baxaq. Qeyd edək ki, Ə.Nurpeisovun romanı, trilogiyası və dilogiyası bir çox xüsusiyyətlərinə görə görkəmli Azərbaycan romançısı Yusif Vəzir Çəmənzəminlinin epoxal "Qan içində" (1936-1937-ci illərdə yazılmış və yalnız 1960-cı ildə nəşr olunmuşdur) romanı ilə müqayisə oluna bilər. Repressiyaya məruz qalmış bu yazıçının "Qızlar bulağı" romanındakı Azərbaycan xalqının mənəvi kodeksi, etnopsixoloji və etnoqrafik xüsusiyyətləri isə müəllifin öz doğma tarixinə fərdi baxışını əks etdirən romandır. Eyni zamanda "Qızlar bulağı" romanının bəzi hissələri həm də qədim "Avesta"nın dini-fəlsəfi istiqamətləri ilə müəyyən paralelliklərə malikdir. "Qan içində" romanında kompozisiya və strukturun şaxələnmələri, orijinal yazı üslubu, tarixi detalların köməyi ilə reallığın təsviri baxımından hadisə və təfərrüatların üzə çıxarılması, insan həyatının ideallaşdırılmasında realizm mövqeyində dayanmışdır.

Ə.Nurpeisovun "Qan və tər" trilogiyası ilə oxşar paralelləri biz M.S.Ordubadinin "Dumanlı Təbriz" (1933-1948), "Gizli Bakı" (1938) və "Döyüşən şəhər" (1938) kimi tarixi romanları ilə də apara bilərik. Tarixilik və müasirlik prinsiplərini özündə üzvi şəkildə birləşdirən "Qılınc və Qələm" monumental romanı, məlum olduğu kimi, Azərbaycan  ədəbiyyatının klassiki Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuşdur (1939-1941).

A.Nurpeisovun "Kurlandiya", "Qan və tər" və "Sonuncu borc" romanlarını mövzu və problematika baxımından S.Rəhimovun "Mehman" (1949) və "Şamo" (1931-1964) kimi romanları ilə də müqayisə etmək mümkündür. Ən zəngin bədii lövhələrdə XX əsrin əvvəllərindən başlayaraq xalq tarixinin və onun dönüşlü hadisələrinin panoramını yaradan "Şamo" Azərbaycan kəndində müxtəlif insan xarakterlərinin, talelərinin və baş verən proseslərin təsviri, sosial-ideoloji təlatümlərlə yüklənmiş məqamları, qəhrəmanların şəxsi həyatına diqqətlə yanaşılma həmin əsrin ortalarına qədər epopeyadakı personajlar və obrazların işıqlandırılması fonunda da oxşarlıqlara malik olduğunu söyləmək olar.

Ə.Nurpeisovun "Kurlandiya", "Qan və tər" və "Sonuncu borc" romanlarını görkəmli nasir Əli Vəliyevin "Turaclıya gedən yol" (1961) romanı və Mir Cəlalın "Dirilən adam" (1934-1935), "Bir gəncin manifesti" (1939), "Açıq kitab" (1941), "Yolumuz hayanadır" (1958) və s. romanları ilə uyğun, maraqlı ortaq detallar birləşdirir. Yeri gəlmişkən, qeyd edək ki, Mir Cəlalın "Dağların ürəyi" ("Taulardın jureqi") adlı hekayələr məcmuəsi 2023-cü ildə Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru Canseyid Tüymebayevin "Türk aləminin ortaq qələmləri" adlı Ön sözü ilə qazax oxucularına təqdim olunmuşdur. Bu nümunələri bir-birinə, həm də 1900-cü illərin ilk dövrlərindən, XX əsrin ortalarına qədər xalq həyatındakı   parlaq realist rənglər yaxınlaşdırır.

Burada böyük yazıçı Əbülhəsənin "Qiyamət" (1930), "Dünya qopur" (1933) və "Dostluq qalası" (1984 - ilkin adı "Müharibə") kimi panoramlı romanlarının üstündən də sükutla keçmək düzgün olmazdı. Onlarda, bir tərəfdən, XX əsrin 20-ci illərində baş verən proseslər, parlaq, əlvan talelərin və personajların mövcud olduğu Azərbaycan kəndində kollektivləşmə problemləri, digər tərəfdən, obrazın mərkəzində yer almış müxtəlif növ ziddiyyətlərə səbəb olan mürəkkəb proseslər "Dostluq qalası" romanında müəllifin Böyük Vətən müharibəsinin çətin dövrlərini təsvir etməsi və digər məqamlar uyğunluqlar yaradır.

Əbdicəmil Nurpeisov və İsmayıl Şıxlının təsvir olunan mövzu, problem və personajları, obrazlar arasındakı yaxınlıqlar diqqəti xüsusilə cəlb edir. Burada "Kurlandiya", "Qan və tər",  "Sonuncu borc", eləcə də İ.Şıxlının "Ayrılan yollar" (1957) və "Dəli Kür" (1957) romanları arasında kifayət qədər uyğun məqamlar vardır. Eyni zamanda İ.Şıxlının bu romanlarından hər birində, həm də Azərbaycan tarixinin ən çətin mərhələlərinə həsr olunmuş "Ölən dünyam" (1998) arasında oxşarlıqlar vardır. Burada xüsusilə, rəngarəng xarakterlərə malik, zəngin obrazlı, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik "Ayrılan yollar" və "Dəli Kür" epik romanları arasında oxşar cəhətlər yetərincədir. İ.Şıxlının "Dəli Kür", M.Şoloxovun "Sakit Don" və A.Nurpeisovun "Qan və tər" romanlarında Cahandar ağa, Qriqori Melexov və Elaman obrazlarının təsvirində çoxlu parlaq, yaddaqalan detallarla rastlaşmaq mümkündür. Eyni zamanda Ə.Nurpeisovun romanları ilə İ.Şıxlının "Dəli Kür" və Yuri Bondarevin "Sahil" romanı arasında da çoxlu ümumi detallar tapa bilərik ki, bu isə tamamilə başqa bir yazının mövzusudur.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!