"Sən yaxşılıq eylədin, sənə xoş xəbərim var" - Esmira Fuad Məhəmməd Qəzayinin "Sözün qiyməti" pyesi barədə yazır

Azərbaycan və digər türk xalqlarının qeyri-maddi mədəni irs nümunələri olan dastan, nağıl, əfsanə və digər şifahi xalq ədəbiyyatı örnəklərindən təsirlənərək bu zəngin xəzinədən bir çox motivləri diqqətə alan və yüksək sənətkarlıqla onlardan bəhrələnən şair və yazıçılar həmin motivlər əsasında uşaqlar üçün də dərin məzmunlu əsərlər də qələmə alıblar. Bu motivlər içərisində ən işlək olanı atalar sözü və zərb-məsəllərdir. Elə bir yazar, qələm adamı yoxdur ki, əsərlərində, eləcə də bədii yaradıcılığında atalar sözü və zərb məsəllərdən yararlanmasın...

Azərbaycan xalqının hikmət boğçasından dürr çıxaran, onlardan yaradıcı şəkildə istifadə edərək mükəmməl şeir, poema, roman, hekayə və pyeslər qələmə alan yazarların sırasında çağdaş dövr Güney ədəbiyyatını yaradanlardan biri - Məhəmməd Qəzayi də yer alır.

Haşiyə: Məhəmməd Qəzayi 1980-ci ildə Təbriz şəhərində dünyaya göz açıb. 13 yaşından şeir və ədəbiyyat dünyasına meyillənib və Azərbaycan türkcəsində şeirlər oxuyub-yazmağa başlayıb. Oxuduğu şairlər içərisində ustad Şəhriyar, Məhəmməd Füzuli, Nəsimi, Əbulqasım Nəbati, Bəxtiyar Vahabzadə, Nüsrət Kəsəmənli, Bulud Qaraçurlu Səhənd, Məmməd Araz və Nəbi Xəzrinin əsərləri daha çox diqqətini çəkib. Özünün söylədiyinə görə, elə ilk oxuduğu əsərlər də bu yazarların yaradıcılığından örnəklər olub...

Məhəmməd Qəzayi 14 yaşından etibarən uşaq və yeniyetmələr üçün qələmə alınmış şeirlərlə, özəlliklə, böyük ədəbiyyatla maraqlanıb və uşaq şeirləri də qələmə almağa başlayıb. Şairin günümüzədək: "Hamı yatıb, cırtdan oyaq", "Tanı məni", "Bənövşə", "Qar adamı", "Qarhaqar", "Utanım yerinə, ay utanmayan (Şeir toplusu, köçürən-Şahmar Əkbərzadədir) və "Dənizə bir baxış (İran ədəbiyyat ulduzlarının ustad Şəhriyar haqda baxışları)" adlı yeddi kitabı çap olunub.

Şair hazırda Təbriz şəhərində yaşayır.

Güney Azərbaycanda uşaqların böyüməsində və inkişaf etməsində önəmli rol oynayan, xəyal, duyğu və düşüncələr aləminə, duyarlılıqlarına, zövqlərinə uyğun olan və onların əylənmələrinə qatılmaq amacı ilə reallaşdırılan çocuksu bir ədəbiyyata son dönəmlərdə maraq xeyli artıb.

Uşaq ədəbiyyatının gəlişməsinin təmin edilməsi ilə bağlı çalışmalar üzərinə Nadir Əzhərinin yürütdüyü fikirlər bu gerçəyi tamamilə təsdiqləyir: "İndiki vaxtda, gözəl bir kitabçı dükanına girən bir uşaq böyük bir ehtimalla istədiyi kitabı tapa bilər. Şəkilli, rəsmsiz macəra romanları, pəri nağılları və əfsanələr, fantastik, özyaşam əhvalatları, tarix kitabları, təbiətlə əlaqədar kitablar, şeirlər, qısaca, yer üzündə var olan hər şeylə əlaqədar düzinlərlə kitab rəflərini doldurar. Bu gün kitab oxuyan uşaq sayı köhnəsinə görə çox artdı. Kitab satın almağa gücü çatmayan uşaqlar üçün Xalq kitabxanalarının uşaq kitabları hissəsindən davamlı olaraq borc kitab alına bilər. Bir çox məktəbin də öz xüsusi kitabxanası var. İndiki vaxtda uşaq kitablarının həm təlimçi, həm də əyləndirici olmasına əhəmiyyət verilir. Amma köhnədən belə deyildi, üstəlik, uşaqların oxuyacaq kitab tapmaları asan olmurdu. XVIII əsrin əvvəlində yaşamış bir uşaqla bu mövzuda konuşa bilsəydiniz, oxumuş olduğu kitabların azlığına və bunların yalnız bir neçəsinin uşaqlar üçün yazılmış olmasına şaşardınız. Bundan 150 il əvvələ qədər kitab deyilincə, uşaqların ağlına, ilk başdan sona qədər yaxşı davranış qaydaları ilə dolu dərs kitabları gəlirdi. Təlimçi kitabların yanında uşaqlar üçün maraqlı, əyləndirici kitablar yazılmağa başlanalı çox olmadı..." 

Əminliklə deyə bilərik ki, məhz bu az vaxtda çocuksu ədəbiyyat xeyli gəlişdi. Körpə fidanları maraqlandıran, həvəslə oxuduğu önəmli konuları hədəfə alan, onların anasının özbəöz dilində - Azərbaycan türkcəsində əsərlər qələmə alındı, kitablar çap olundu. Belə bir mühüm sonuca varıldı ki, uşaqlar üçün nəzərdə tutulan maraqlı, əyləndirici kitablar, bədii əsərlər ana dilində qələmə alınmalı, azyaşlı və yeniyetmə oxucuların yaş səviyyələri, milli xüsusiyyətləri və anlama qabiliyyətləri nəzərə alınmalıdır. Çocuksu ədəbiyyatı oluşduran əsərlərin süjet xətti sadə olmalı, aydın və xəlqi dildə yazılmalıdır ki, bağça və məktəbyaşlı uşaqların dilinin, bədii zövqünün və dünyagörüşlərinin inkişafına, formalaşmasına yardımçı olsun...

Şair Məhəmməd Qəzayi də uşaqların zövqünə uyğun yaradılan, onlarda maraq oyadan ədəbiyyatın yazarıdır.

Tərbiyəvi-didaktik konuda qələmə aldığı "Sözün qiyməti" pyesini Məhəmməd Qəzayi məhz bu məsələləri nəzərə alaraq yazıb, desək, yanılmarıq. Şair xalqın hikmət xəzinəsindən, folklor boğçasından bəhrələnərək qələmə aldığı bu pyesi iki personajın - Quş və onu tələyə salan Ovçunun dialoqu üzərində qurub. Ovçu ilə onun tora saldığı quşun söhbəti həm kiçikyaşlı oxucuda, həm də böyüklərdə dərin maraq doğurur və əsəri sonadək oxumaq həvəsi oyadır. Sadə, axıcı türkcədə qurulmuş təhkiyə, nəql olunan olay, quşun atalar sözlərinə əsaslanaraq dilə gətirdiyi nəsihətlər çox düşündürücüdür.

Olay günəşli bir yaz səhəri bağçanı anladan yamyaşıl bir ağacın altında baş verir. Kiçik bir quş mavi göydə uçaraq xoş avazla mahnı oxuyur və ağacdan-ağaca, budaqdan-budağa qonduğu, ucsuz-bucaqsız göy üzündə eninə-boyuna qanad çalıb uça bildiyi üçün bu azadlığı ona bəxş edən uca Tanrıya dualar edir...

Ağacın bir budağında oturub mahnı oxuyarkən aşağıya baxan quş torpağın üstündə buğda görür. Buğdaları dənləyib çinədanını doyurmaq amacı ilə uçub yerə qonur. Nəfsinə uyan quş Ovçunun qurduğu tələyə düşür... Bu zaman ironiya ilə ilk ata sözünü: "Gül ağa gül idi (Gülağa çox gözəl idi), vurdu çiçək də çıxartdı!" söyləyir və göylərə üz tutub: "Məni qurtar İlahi... Göyə apar İlahi... İşim yaşdı (yəni şuluqdu), yəqin uzaqdan gələn Ovçu məni tutmağa gəlir. Gərək ağlımı işə salım. Fikirləşim, görüm neyləyə bilərəm?!" - deyir. Tələsinə düşən quşu görən Ovçu da yemək tapdığına sevinərək hisslərini ikinci atalar sözü ilə ifadə edir: "Hardasa bir canlı var, ağırlığın yer çəkər, ruzisin Allah verər..." Quşun da ağlına bu anda ataların miras qoyduğu bu kimi müdrik fikirlər gəlir. Ovçuya onu buraxması üçün yalvarır, acizanə şəkildə azadlığının əvəzində ona üç nəsihətamiz söz deyəcəyini və bu kəlamlardan böyük fayda görəcəyini ərz edir. Birinci atalar sözünü onu tələdən xilas edib əlində tutarkən, ikincini qonduğu ağacın budağında, üçüncünü isə budaqdan uça-uça gedərkən deyəcəyini bildirir. Ovçu: "Deyəsən, bu düz deyir, Ağıllı bir söz deyir. Bu heç bir tikə olmaz, Əti məni doyurmaz. Bəlkə dediyi sözlər, Özündən ağır gələr. Kim nə bilir, bəlkə də, Bir xeyir var bu işdə", - düşüncəsi ilə razılaşır. Quş ona vəd etdiyi üç atalar sözünü söyləyir:

 

Əldən gedən bir zada

Heç zaman olma peşman.

Axı, nə faydası var,

Sonradan peşman olsan?!

 

Mümkün olmayan sözü

Eşit, ancaq inanma!

Dünyada hər gələnin

Dediyinə aldanma...

 

Xalq hikmətinin üç ata sözündəki təzahürünü poetikləşdirərək quşun dili ilə diqqətə çatdıran M.Qəzayi sonrakı, pisliklə yaxşılıq barədəki öyüdündə - quşun növbəti - üçüncü uyarısında bu tendensiyanı daha ağırlıqlı davam etdirir. Beləliklə, müdrik kəlamlardakı didaktika, ehtiva etdiyi öyüd-nəsihət yaddaqalan olur, oxucunun gözünü açır, onu düşünməyə vadar edir:

 

Yaxşılığın cavabı yaxşılıqdır, ay kişi.

Bu varlığın qurğusu elə qurulubdur ki,

"Hər nə töksən aşına, o gələr qaşığına!"

Zərrəcə xeyir işin savabı var dünyada,

Zərrəcə pisliyin də cəzası var, ay kişi!

 

Quş söylədiyi: "Mümkün olmayan sözü eşit, ancaq inanma", "Hər gələnin dediyinə aldanma", "Sonrakı peşmançılıq fayda verməz", "Yaxşılığın cavabı yaxşılıqdır", "Xeyir iş görmək savabdır", "Heç bir pislik cəzasız qalmır", "Gül ağa gül idi, vurdu çiçək də çıxartdı", "Hardasa bir canlı var, ağırlığın yer çəkər, ruzisin Allah verər...", "Nə tökərsən aşına, o da çıxar qaşığına" və s. kəlamların insanın - Ovçunun yaddaşında, ruhunda nə dərəcədə iz qoyduğunu öyrənmək üçün kələk qurur. Ovçunu sınağa çəkmək istəyir və ona: "Mənim çinədanımda heç bilirsənmi nə var? Mən bir almaz udmuşam, Toyuq yumurtasından üç dəfə böyük olar!" - deyir...

Ovçu az öncə eşitdiyi öyüd-nəsihət, yönlü kəlamları unudaraq quşun yalanına-mümkün olmayana inanır və peşmançılıqdan az qalır ki, ürəyi dayansın. Hirsindən dil-dodağını gəmirir. Dayanmadan ağacın başına fırlanır, gah durub quşa baxır, gah əllərini başına çalıb sızıldayır, gah da qarşısında diz çöküb yalvarır ki, quşun mədəsindəki almazı ələ keçirsin. Budağın üstündən hələ uçmayan quş kişinin əhvalını görür və bəşər övladının unutqanlığına, yelbeyinliyinə və tamahkarlığına acıyaraq dilə gəlir:

Nə qədər yazıqsınız, siz, ay insan övladı!

Çox tez unudursunuz bu dünyada hər zadı.

Mən sənə demədimmi, heç zaman olma peşman!

Dedim?! Yoxsa, demədim?!

Mümkün olmayan işi eşit, ancaq inanma?!

Dedim?! Yoxsa, demədim?!

Dərs alıb əvəzində məni göyə buraxdın.

Peşman olub, o saat, niyə yandın, yaxıldın?

Bir az qayıt qabağa, verdiyim öyüdlərə.

Huş-baş ilə qulaq as, indi özün bir düşün:

Mənim çinədanıma yerləşərmi o almaz?!

 

Ancaq Ovçu ona yaxşılıq etmiş, tələdən açaraq azadlığına qovuşdurmuşdu. O da yaxşılığa yaxşılıqla cavab verməli idi. Bu məqamı özündə yansıdan bir atalar sözü duruma "əl sallayır": "Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir". Odur ki, Quş budağın üstündən pırlayaraq ovçunun başı üstə dolanır və etdiyi yaxşılığın əvəzini qaytarmaq amacı ilə deyir:

 

Sən yaxşılıq eylədin, sənə xoş xəbərim var,

Gördüyün bu ağacın kötüyünü qazarsan,

Orda bir küp dolu qızıl var!

O küpü çıxararsan, satarsan, varlanarsan.

Ancaq yadında olsun, Allahına inansan,

Ağlını işə salsan, bir ömür xoş yaşarsan...

 

Pyesdə baş verən olayların incələnməsindən də göründüyü kimi, "Türkün mənəvi-əxlaqi, dini-ruhani, elmi-irfani, ədəbi-ictimai, sosial-mədəni, mürəkkəb sintetik dəyərlərinin ən optimal reallaşma faktı" həm də atalar sözündə və zərb-məsəllərin içərisindədir. Şair göstərmək istəyir ki, "Söz konkret hərəkətə, əmələ söykənməlidir. Sözü təsdiq edən əməl varsa, o sözün qiyməti dünyalar qədər olur..."

Söz insanları bir-birinə dost, ya düşmən edər. Müdrik fikirlər - sözlər onları söyləyənə hörmət gətirər, əksi deyildikdə hörmətdən salar. Təbii, yerində, məqamında deyilən ağıllı fikir insanı ucaldır, əksi isə alçaldır. Faydalı məsləhət, düşünülüb, "yüz ölçülüb bir biçilərək" söylənən söz ümumən xeyir gətirir. Bu məntiq söz haqqında ata-babalarımızın ta əski çağlardan bəri söylədikləri və günümüzədək gəlib çatmış: "Söz odur ki, haqqa vara", "Çox bilib az danışmaq igidin ləngəridir", "Çox bilən quş, dimdiyindən cələyə düşər", "Şirin dil ilanı yuvasından çıxardar", "Sözün yalanı olmaz, yanlışı olar", "Sözün yaxşısı baldan şirin olar", "Söz həyatın bəzəyidir", "Söz çeynəyən çox, söz deyən az", "Söyləyəndən dinləyən arif gərək", "Söyləyən olma, dinləyən ol" və s. kimi kəlamlarda əks olunur. Deməli, dünyada sözün görə biləcəyi işləri görə bilən ikinci bir maddi və mənəvi dəyər tapmaq mümkünsüzdür. Müdriklik boğçasından aldığımız örnəklərdən də görünür ki, hər kəsin dəyəri elə sözünün dəyəri qədərdir. "Söz dediyin xeyir qapısıdır, insanlara yardımdır, haqqa çağırış, duadır..." "Sözün qiyməti" pyesi həm də böyüklərin oxumalı, ibrət götürməli olduğu dəyərli bir əsərdir.

Məhəmməd Qəzayi "Sözün qiyməti" əsərində müdrik kəlamların yaratdığı mənəvi dəyərlər məcmusuna diqqəti yönəltməklə bildirmək istəyir ki, elmi, fəlsəfi, mənəvi-əxlaqi, dini görüş və ideyaları bədii formalarda əks etdirən nəsihət, didaktik xarakterli ədəbiyyat da məhz atalar sözü, məsəl, dastan, rəvayət, əhvalat, bayatı düşüncəsindən, xalqın varlığından, məişətindən süzülüb gələn dəyərləri səciyyələndirir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!