Dilqəm ƏHMƏD
Stalinin ölümü qan üzərində qurulan imperiyanın təməllərini sarsıtmış, buxovlanmış insanların üzü gülməyə başlamışdı. Rəsmiyyətdə milyonlarla insanın ağladığı yazılsa da, qırmızı dünyaya inanan hər bir Sovet İttifaqı vətəndaşı başa düşmüşdü ki, artıq heç nə əvvəlki kimi olmayacaq. Lavrenti Beriyanın həbsi və güllələnməsi ilə bu inanc daha da güclənmiş, dəmir pərdənin bir az aralandığı hiss olunmuşdu. Vaxtilə "vətən xaini", "qatı düşmən" damğası ilə həbs olunan, sürgün edilən, qətlə yetirilən şəxsiyyətlərə bəraətlər verilmiş, bu işdə əli olan çekistlər bu dəfə müttəhim kürsüsündə əyləşmişdilər.
Dəmir pərdə, həqiqətən, bir az aralanmışdı. 1960-cı illər başladığı zaman isə mühacirlərin "azad dünya" adlandırdıqları Qərbə gedib-gəlmək mümkünləşmiş, sənətçilər vasitəsilə vətəndən ayrı düşən insanlar haqqında məlumatlar əldə edilmişdi.
Azərbaycanın 1960-1989-cu illərini həsrətin bitdiyi illərin başlanğıcı hesab etmək mümkündür. Dirijor Niyazi, böyük sənətkar Rəşid Behbudov və müğənni Zeynəb Xanlarova vasitəsilə Türkiyədə yaşayan mühacirlər Vətəndəki qohum-əqrəbaları ilə əlaqələr qura bilmişdilər. Eləcə də Sovet Azərbaycanının tanınmış diplomatları, elm xadimləri vasitəsilə Avropa və Amerikada yaşayan mühacirlərlə də əlaqələr yaranmışdı.
Bu yazı silsiləmizdə həmin şəxslərdən bir neçəsinin həyat hekayəsinə nəzər salacağıq.
Qəmərlidən Parisə
"Azərbaycan" qəzetinin 10 yanvar 1919-cu il tarixli 84-cü sayında dövrün tanınmış mühərriri Xəlil İbrahimin "Sülh konqresinə gedən heyəti-mürəxxəsənin əziməti" adlı məqaləsi dərc olunub. Yazıda Azərbaycanın taleyini dünya masasında həll etmək üçün yola düşən nümayəndə heyətimizdən bəhs edilib: "Azərbaycan Parlamanı tərəfindən Yevropaya və Azərbaycan tərəfindən ümumi Sülh Konfransına göndərilən heyəti-mürəxxəsə caharşənbə günü saat 7-də dəmiryolu təriqi ilə əzimət etdi [yola düşdü]. Heyət: dövlət müfəttişi "Müsavat" pişrovu [lideri] Məhəmmədhəsən Hacınski, Parlaman məbusu və məşhur camaat xadimi və mühərrir Əhməd bəy Ağayev, məşhur camaat xadimi Əlimərdan bəy Topçubaşov, Parlaman üzvü və sosialist "Hümmət" firqəsi rəisi Əkbər ağa Şeyxülislamov, qəzetəmizin müdir və baş mühərriri Ceyhun bəy Hacıbəyli, [Məhəmməd] Məhərrəmov (sosialist) və Miryaqub Mirmehdiyev ("İttihad") cənablarından ibarətdir. Heyəti-mürəxxəsəni təşyi [yola salmaq] üçün, başda Fətəli xan Xoyski həzrətləri olmaq üzrə, ümum nazirlər, Məclisi-Məbusan əzasının bir çoxu, xüsusən, fraksiya və firqə rəisləri və bir çox sair həzərat mövqifə [dəmiryolu stansiyasına] getmişlərdi. İstasyona fəxri qaraqol dəstəsi qonulmuşdu. Heyət yola düşmədən əvvəl "Müsavat" firqəsi rəisi Rəsulzadə Məhəmmədəmin bəy cənabları müxtəsər bir nitq irad edərək Yevropaya gedən məşhur, çalışqan rəislərimizə vəzifələri haqqında bir söz söyləməyi artıq hesab edib də ancaq vəkillərimizin millət hüzuruna istiqlal təmini kimi mübarək bəşarətlə [muştuluqla] ağ üz, açıq alınla qayıdacaqlarına əmin olduğunu bildirir".
Bu muştuluq bir il sonra - 1920-ci il yanvar ayında Azərbaycana çatmış, 14 yanvarda hökumət və parlament üzvləri tərəfindən rəsmi şəkildə qeyd edilmişdi. Bu tarixi zəfəri Azərbaycana qazandıranlardan biri də heyətin gənc üzvlərindən Məhəmməd Məhərrəmov idi.
Məhəmməd bəy 1895-ci ildə İrəvanın Gərnibasar mahalının Qəmərli kəndində doğulub. Atası tacir Hacı Bayram, anası Ruqiyyə bəyim Məhəmməd qızı Seyidzadədir. Atası və bacısı Xavər xanım 1918-ci ildə ermənilər tərəfindən öldürülüb. Məhərrəmov 1904-cü ildə İrəvan gimnaziyasına daxil olub, 1914-cü ildə oranı qızıl medalla bitirib. Bir müddət Sankt-Peterburq Universitetinin tibb fakültəsində oxuyub, daha sonra təhsilini Moskva Universitetində davam etdirib. 1917-ci il Fevral inqilabı ərəfəsində təhsilini yarımçıq qoyaraq ailəsinin yaşadığı Tiflis şəhərinə qayıdıb, "Hümmət" sosial-demokrat təşkilatına daxil olub.
1918-ci ildə Məhərrəmov Müsəlman sosialist blokundan Zaqafqaziya Seyminə seçilib, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan (26 may 1918) sonra Azərbaycan Milli Şurasının üzvü olub. İstiqlal Bəyannaməsinin qəbul olunmasında iştirak edib. Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu"na (19 noyabr 1918) əsasən, seçkisiz Azərbaycan Parlamentinin tərkibinə daxil edilib. Azərbaycan Hökumətinin Parlamentin Ağsaqqallar Şurası ilə birgə iclasında (28 dekabr 1918) Paris Sülh Konfransında iştirak edəcək Azərbaycan Nümayəndə Heyətinin müşaviri (Miryaqub Mehdizadə və Ceyhun bəy Hacıbəyli ilə birlikdə) təyin olunub.
Məhərrəmovla birgə yola düşən heyət İstanbulda sədr Əlimərdan bəy Topçubaşovla bir araya gəliblər və hərəkət planı üzərində müzakirələr aparıblar. Təəssüf ki, hələ gənclik illərindən ermənilərin hədəfində olan heyət üzvü Əhməd bəy Ağaoğlu nəinki Parisə gedə bilməyib, hətta ingilislər tərəfindən həbs olunaraq Malta adasına sürgün olunub. Fransa mühitini bilən, orada təhsil almış Əhməd bəyin yoxluğu heyət üçün ağır bir hadisə olsa da, tarix göstərdi ki, Avropanın böyük dövlətlərinin təmsilçiləri ilə görüşəcək Azərbaycan nümayəndələrinin hamısı təcrübə və bacarıqlarına görə bu işin öhdəsindən layiqincə gəlmişdi.
Necə ki heyətin hazırladığı bir çox protokolun altında imzası olan Məhərrəmov kimi.
ABŞ prezidenti Vudro Vilsonun da heyrətinə səbəb olan bu heyətin uğurlu fəaliyyəti nəticəsində 1920-ci ilin yanvar ayının 10-da Azərbaycanın müstəqilliyi de-fakto tanındı, 5 gün sonra Fransa Xarici İşlər Nazirliyinin Baş katibi Jül Kambon bu barədə Paris Sülh Konfransının rəsmi qərarını Topçubaşova təqdim etdi. Bundan bir gün öncə - yanvarın 14-də isə Azərbaycan Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəyli Azərbaycan vətəndaşlarına müraciət edərək tanınma haqqında məlumat verdi, bu münasibətlə 14 yanvar ölkədə qeyri-iş günü elan edildi.
Təəssüf ki, böyük bir sevinclə, ümidlə yola salınan heyətin Vətənə zəfər qayıdışı mümkün olmadı. 1920-ci ilin aprel işğalından sonra müstəqilliyi qəbul etdirən bütün heyət üzvləri kimi Məhəmməd Məhərrəmov da Parisdə mühacir həyatı yaşamalı oldu.
Siyasətdən ticarətə
Digər heyət üzvlərindən fərqli olaraq Məhəmməd Məhərrəmov mühacirətdə ön planda yer almayıb. Mühacirətin ilk illərində o, 1921-1924-cü illərdə Parisdə Gürcüstan elçiliyinin, Ermənistan, Azərbaycan və Şimali Qafqaz diplomatik heyətlərinin nümayəndələrindən ibarət Dördlər Şurasının işində, Genuya konfransında iştirak edib. 1928-ci ildə Azərbaycan Milli Mərkəzində, eləcə də Prometey hərəkatında təmsil olunub; Rəsulzadə ilə Topçubaşı arasındakı anlaşılmazlıqlar zamanı Məhəmməd Əmin bəyi dəstəkləyib. 14-16 yanvar və 23 fevral 1935-ci il tarixlərində Brüsseldə Prometey cəbhəsinin Qafqaz təşkilatlarının konfransında Azərbaycan təmsilçilərindən biri kimi yer alıb.
Məhərrəmov 1929-1939-cu illərdə Azərbaycan Milli Mərkəzinin üzvü olub, 1934-1939-cu illərdə bu qurumun xəzinədarı vəzifəsini yerinə yetirib. 1935-1939-cu illərdə Qafqaz Konfederasiyası Şurasının heyətinə daxil olub. 1939-1940-cı illərdə Parisdə "Prometey" klubunun xəzinədarı olub. Almanların Fransanı işğalı zamanı orada olan Məhərrəmov polyakların yardımı ilə Abbas bəy Atamalıbəyov, Ceyhun bəy Hacıbəyli, Ələkbər Topçubaşı ilə birlikdə ölkədən çıxa bilib.
Professor Vilayət Quliyevin yazdığına görə, Məhəmməd bəy II Dünya müharibəsi illərində Almaniyanın Şərq Nazirliyinin milli legionlarla münasibətlərini tənzimləyən Əlaqələndirmə Şurasının üzvü olub, digər siyasi mühacirlərlə birgə azərbaycanlı hərbi əsirlərə baş çəkib, onlara tibbi və ərzaq yardımı təşkil edib, Azərbaycan Cümhuriyyəti və onun qürbətdə yaşayan başçıları barədə məlumat verib.
Məhərrəmov 1924-cü ildə təhsilini davam etdirmək üçün Sorbon Universitetinin maliyyə-iqtisad fakültəsinə daxil olaraq 1927-ci ildə oranı bitirib, Parisin müxtəlif banklarında məsul vəzifələrdə çalışıb. Daha sonra Parisin mərkəzində "XVIII-XIX əsrlər qədim fransız ədəbiyyatı" adlı köhnə kitablar satılan bukinist mağaza açıb. İngilis yazıçısı Ceyms Oldric, islamşünas Anri Masse, rus bəstəkarı S.Prokofyev, yazıçı İ.Bunin və digərləri həmin mağazanın müştərilərindən olub.
Məhərrəmov 1948-ci ildə Fransa vətəndaşlığını qəbul edib.
Yazımızın başlanğıcında qeyd etdiyimiz mülayimləşmə dövrü Məhərrəmovun yarım əsr ayrılıqdan sonra Vətəni ilə yenidən əlaqə qurmasına zəmin yaradıb. Dirijor Niyazi 1969-cu ildə Parisdə onunla tanış olub. Həmçinin Parisdə diplomat kimi çalışan Ramiz Abutalıbov onunla görüşüb. Sonuncu bu barədə xatirələrində bildirib: "Bakıdan çıxanda maestro Niyazi mənə bir telefon nömrəsi vermişdi. Demişdi ki, əmim Ceyhun bəy Hacıbəylinin oğlu Timuçin bəy Parisdə yaşayır, ona zəng vurarsan. Professor Abbas Zamanov isə mənə Məhəmməd Məhərrəmovun telefon nömrəsini vermişdi. Demişdi ki, imkan olsa, əlaqə saxla. O vaxt sovet diplomatının antisovet fəaliyyətlə məşğul olmuş adamlarla görüşməsi təhlükəli idi. Buna görə də, sözün düzü, bir müddət kiməsə zəng vurmağa cürət eləmədim. Amma vaxtilə Paris Sülh Konfransına gedib qayıtmayan həmvətənlərimizin taleyi məni həmişə düşündürürdü.
1973-cu il martın 14-də nümayəndə heyətinin yeganə sağ qalan üzvü ilə - Məhəmməd Məhərrəmovla görüşdüm... Sonralar dostlaşdıq, aramızda səmimi münasibət yarandı. İlk dəfə onunla görüşməyə gedəndə, açığı, bir az çəkinirdim ki, məni izləyərlər. Sən demə, Məhəmməd Məhərrəmov da ehtiyat edirmiş. Sonralar danışırmış ki, həmin görüşdə hər ehtimala qarşı stolun siyirməsinə tapança qoymuşdum..."
Məhərrəmov özü isə 1970-ci il yanvarın 15-də qohumlarına göndərdiyi məktubunda yazırdı: "Bu günədək sağ qaldığıma görə taleyimə minnətdaram... Bakıya gəlmək arzusundayam... gələcəkdə buna imkan tapacağıma ümid edirəm..."
Gecikmiş zəfər qayıdışı
Şübhəsiz ki, Vətəni Azərbaycanın müstəqilliyini tanıdan heyətin üzvü kimi aprel işğalının nəticəsində yaranan Sovet Azərbaycanına qayıtmaq Məhərrəmov üçün izahı mümkünsüz bir hal olub. Doğrudur, aradan keçən 50 illik müddət gənclik ehtirasını, həyəcanını azaltsa da, Paris heyətinin çap etdiyi broşüralardan birini özü ilə Vətənə gətirməsi keçmişin xatirələrinin əzizliyindən xəbər verirdi. Məhərrəmov ilk dəfə 1972-ci ildə - 52 il sonra Azərbaycana gəlmişdi. Bu zaman isə 1919-cu ildə Parisin "Klaric" hotelində iş masası ətrafında çəkilən fotoşəkildəki bütün şəxslər, onları Bakıdan qatarla yola salanlar, bu hadisə haqqında məqalə yazan mühərrir də vəfat etmişdilər. On gün turist kimi Bakıda qalan Məhərrəmov üç il sonra - 1975-ci ildə ikinci dəfə Azərbaycana gəlib, amma bu dəfə bir ay ərzində qohumlarının yanında qalıb, dövrün ziyalıları ilə görüşüb. Məhəmməd bəy Parisdə onunla görüşmüş dirijor Niyazinin filarmoniyadakı simfonik konsertinə baxıb, Nizami adına Azərbaycan Ədəbiyyat Muzeyini ziyarət edib. Bu tarixi görüşə dair fotoşəkillər bu gün muzeyin direktoru olmuş professor Abbas Zamanovun arxivində qorunmaqdadır.
Fransanın tanınmış kitabçılarından olan Məhərrəmov Bakıya əlidolu gəlmişdi. O, Sədi Şirazinin XVI əsrdə üzü köçürülmüş divanını, Hafiz Şirazinin divanını, Əmir Xosrov Dəhləvinin "Xəmsə"sini (XVI yüzil) muzeyə hədiyyə etmişdi. Parisdəki Rusiya səfirliyinə isə Gertsenin xaricdəki ilk mətbu əsərini bağışlamışdı.
Qürbətdə bir məzar
Məhərrəmova Vətəndə dəfn olunmaq qismət olmadı. Bu gün onun doğulduğu yer kimi məzarı da Azərbaycandan ayrıdır. O, 1982-ci ildə Parisdə xəstəxanada vəfat edib, orada Monparnas məzarlığında dəfn edilib. Məhərrəmov vəfatından sonra da Azərbaycanı düşünüb. Vəsiyyətinə uyğun olaraq miniatürlərlə bəzədilmiş qədim Təbriz xalçası 1984-cü ildə Azərbaycan Dövlət Xalça Muzeyinə verilib.
Abbas Zamanov fondunda Məhəmməd Məhərrəmova aid bir neçə fotoşəkil qorunmaqdadır. Məhərrəmovun tək olduğu fotoşəklin birinin arxasında yazılıb: "Parisdə yaşayan azərbaycanlı Məhəmməd Məhərrəmov. 1970, Paris". Eyni dövrə aid olan digər bir fotoşəkildə Məhərrəmov qəzet üzərində qeyd apararkən təsvir olunub. 1972-ci ildə Bakıda azərbaycanlı alimlərlə görüşdən xatirə olan bir fotoşəklin arxasında isə yazılıb: "Sağdan H. Araslı, Əli Səbri və M. Məhərrəmov. May 1972". Həmin görüşdən olan digər bir fotoda isə bu qeyd verilib: "Soldan: M. Məhərrəmov, H. Məmmədov, A. Zamanov. May 1972". Abbas Zamanovla birlikdə olan başqa bir fotoşəklin arxasında isə təsvirin Nizami muzeyində çəkildiyi qeyd olunub. Həmin görüşə aid sonuncu fotoşəkildə isə yenə Abbas Zamanov və Parisdən gələn qonağa izahat verən Məhəbbət Mehdiyeva adlı muzey əməkdaşı yer alıb.
Qeyd edək ki, Albert Kan Muzeyi (Musee Albert-Kahn) kolleksiyasında Paris sülh konfransında iştirak etmiş Azərbaycan nümayəndələri və ailə üzvlərinin rəngli fotoşəkilləri qorunmaqdadır. Orada Məhərrəmovun da Parisdə gənc ikən çəkilmiş bir fotoşəkli mövcuddur...
Ankara, 05.12.2024
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!